SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
15-16 fevral tarixlərində Ağcabədidəki 8 nömrəli məktəbdə «British Council» beynəlxalq təşkilatı Təhsil Nazirliyinin dəstəyi ilə rayonun müxtəlif təhsil müəssisələrindən olan 25 müəllim və 27 şagird üçün ingilis dili üzrə təlimlər keçirib.
Təlimlərin açılışına həsr olunmuş tədbirdə «British Council» təşkilatının nümayəndələri, Ağcabədi rayon Təhsil Şöbəsinin rəhbərliyi, 8 nömrəli məktəbin direktoru və digər təhsil işçiləri iştirak ediblər. Təlimin məqsədi müəllim və şagirdlərə «British Council» təşkilatının ingilis dilinin təlimi və tədrisi üzrə www.teachingenglish.org.uk, www.learnenglish.org.uk internet səhifələrindən istifadə bacarıqlarının aşılanması və bunun nümunələr tətbiq etməklə öyrədilməsindən ibarət olub. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən göndərilmiş ingilis dilində oxu kitabları təlimlər zamanı müəllimlərə təqdim edilib. Müəllimlər əldə etdikləri təlim materiallarından istifadə edərək, bu vəsaitdən və müvafiq internet resurslarından digər müəllimlərin də bəhrələnməsinə yardımçı olacaqlar. Daha sonra müəllimlər interaktiv dərs nümunələri hazırlayacaqlar. Təqdim edilmiş sorğu vərəqlərinin nəticələrinə əsasən iştirakçılar tərəfindən təlim yüksək qiymətləndirilib və belə təlimlərin mütəmadi olaraq keçirilməsi arzu edilib. Sonda təlimlərdə iştirak etmiş müəllim və şagirdlərə sertifikatlar təqdim olunub.
08/07/2015 16:52
Fevralın 17-də Təhsil Nazirliyində Bakı Biznes Universitetində, Azərbaycan Milli Konservatoriyasında və Şəki Pedaqoji Kollecində 2010-cu ilin noyabr və dekabr aylarında aparılmış akkreditasiyanın nəticələrinə dair iclas keçirilib.
İclasda çıxış edən komissiya sədrləri - Bakı Biznes Universiteti üzrə Ə.Babayev, Azərbaycan Milli Konservatoriyası üzrə E.Hüseynova, Şəki Pedaqoji Kolleci üzrə B.Nəsirov bildiriblər ki, təhsil müəssisələrində tədrisin təhsil proqramları əsasında təşkilinin vəziyyəti və Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğu təhlil olunub, mütəxəssis hazırlığının keyfiyyətini öyrənmək məqsədilə sonuncu kurs tələbələrinin bilik səviyyəsi yoxlanılıb. Komissiya sədrləri özünütəhlil hesabatlarının nəticələri və tələbələrin müvəffəqiyyət göstəriciləri, professor-müəllim heyətinin sayı, yaş tərkibi haqqında da məlumat veriblər. Bunlarla yanaşı, tədris ocaqlarında ixtisaslar üzrə ən yüksək və ən aşağı keyfiyyət göstəriciləri qeyd edilib, komissiyanın tövsiyə və təklifləri nəzərə çatdırılıb. İclasda Akkreditasiya Şurası tərəfindən Bakı Biznes Universitetində 6, Azərbaycan Milli Konservatoriyasında 7, Şəki Pedaqoji Kollecində isə 3 ixtisasın akkreditə edilməsinə dair qərar qəbul olunub. Sonra müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
08/07/2015 16:52
Fevralın 21-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Heydər Əliyev Fondunun, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə keçirilən II Respublika muğam müsabiqəsinin açılış mərasimi olub.
Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi Respublika muğam müsabiqəsinin ilk dəfə 2009-cu ildə keçirildiyini bildirib. S.Kərimi qeyd edib ki, bu ilki müsabiqəyə 18-35 yaşlı 40 nəfər ifaçı sənəd versə də, onlardan 18 nəfər II Respublika muğam müsabiqəsində iştirak etmək hüququ qazanıb. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva respublikamızda muğam sənətinin inkişafı istiqamətində görülmüş işlər, həyata keçirilmiş layihələr haqda fikirlərini bildirib. S.Məmmədəliyeva Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətinin xüsusi rol oynadığını nəzərə çatdırıb. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə ölkəmizdə keçirilən II Respublika muğam müsabiqəsinə olan böyük marağı Azərbaycanda muğamın təbliğinə göstərilən dövlət qayğısının təzahürü kimi səciyyələndirib. Nazir müavini bu müsabiqədə də istedadlı gənclərin üzə çıxacağına əminliyini ifadə edib. Son illər ərzində həyata keçirilən müvafiq layihələr çərçivəsində Azərbaycan muğamının dünya arenasında daha yaxşı tanındığını söyləyən Elmar Qasımov bildirib ki, bu müsabiqə xalqın əsrlər boyu yaşadaraq bu günə gətirdiyi muğamın gələcək nəsillərə ötürülməsi işinə layiqli bir töhfədir. Sonra II Respublika muğam müsabiqəsi iştirakçılarının çıxışları dinlənilib. Qeyd olunub ki, tanınmış musiqiçilər və ustad sənətkarlardan ibarət olan münsiflər heyəti tərəfindən ilk üçlüyə layiq görülən ifaçılar II Beynəlxalq muğam festivalında ölkəmizi təmsil edəcəklər.
08/07/2015 16:52
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniya Federativ Respublikasının ali məktəblərində təhsil almaq məqsədilə elan olunmuş müsabiqə üzrə sənəd qəbulu başa çatıb.
Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında imzalanmış sazişə əsasən həyata keçirilir. İnformasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya, kimya, ekologiya və kənd təsərrüfatı ixtisasları üzrə aparılacaq bu müsabiqədə iştirak üçün 100-ə yaxın sənəd təqdim olunub. Qeyd edək ki, 10, 11 və 12 mart tarixlərində DAAD-nin Almaniyadan gəlmiş ekspertləri tərəfindən namizədlərlə müsahibə keçiriləcək.
08/07/2015 16:52
Fevralın 22-də təhsil naziri Misir Mərdanov Dünya Bankının ölkəmizdə səfərdə olan missiyası ilə görüşüb.
Qonaqları səmimi salamlayan nazir Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən layihələrin uğurla davam etdiyini bildirib. Birgə görülən işlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün müvafiq mütəxəssislər qrupunun formalaşdırıldığını qeyd edən Misir Mərdanov Azərbaycan təhsilində baş verən yeniliklər haqda beynəlxalq ekspertlərin də müsbət fikirlər səsləndirdiyini nəzərə çatdırıb. Təhsil naziri son illərdə təhsil sahəsində həyata keçirilən islahatların nəticələrindən bəhs edib və bu baxımdan Dünya Bankı ilə əməkdaşlığın üstün cəhətlərinə toxunub. Nazir Dünya Bankı ilə qarşılıqlı əlaqələr sayəsində təhsilin bütün pillələrində müsbət irəliləyişə nail olunduğunu və bir sıra istiqamətlər üzrə nəzərdə tutulan layihələrin icrasının intensivləşdirilməsinin zəruriliyini qeyd edib. Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərdən biri olduğunu, ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə daim qayğı ilə yanaşdığını bildirən Misir Mərdanov son illərdə 2000-dən çox yeni məktəb binasının tikildiyini və əsaslı təmir edildiyini, tədris ocaqlarının maddi-texniki təchizatının nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını vurğulayıb. Nazir təhsilin inkişafı ilə bağlı dövlət başçısının imzaladığı sərəncam və proqramlar çərçivəsində olduqca əhəmiyyətli işlərin görüldüyünü nəzərə çatdırıb. Təhsil naziri həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələrin reallaşdırılmasında da Dünya Bankı ilə əməkdaşlığın mühüm nəticələr verəcəyinə ümidvar olduğunu bildirib. Missiyanın rəhbəri, Dünya Bankının məsləhətçisi Mark Blank təhsil sahəsində görülən işlərlə bağlı ətraflı məlumat verdiyi üçün nazirə təşəkkür edib. Təhsil Nazirliyi ilə Dünya Bankı arasında səmərəli əlaqələrin mövcud olduğunu vurğulayan qonaq təhsil sektorunda həyata keçirilən bütün layihələrin uğurla nəticələndiyini bildirib. Yaxın zamanlarda nəzərdə tutulmuş digər layihələrin də reallaşdırılacağına inamını ifadə edən M.Blank Dünya Bankının bundan sonra da birgə əməkdaşlıq çərçivəsində Azərbaycana hər cür kömək etməyə hazır olduğunu nəzərə çatdırıb. Daha sonra Təhsil Nazirliyi ilə Dünya Bankı arasında gələcək əməkdaşlığın istiqamətləri və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.
08/07/2015 16:52
Fevralın 23-də təhsil naziri Misir Mərdanov Estoniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aivo Oravla görüşüb.
Təhsil naziri Misir Mərdanov qonağı səmimi salamlayaraq Estoniya ilə əlaqələrin hələ keçmiş Sovetlər Birliyi dönəmində mövcudluğunu və bu əlaqələrdə təhsil sahəsinin də xüsusi yeri olduğunu qeyd edib. Nazir ötən il Azərbaycanın Estoniya Respublikasında yeni səfirliyinin açılmasının iki ölkə arasında təhsil sahəsində də səmərəli əməkdaşlığın qurulmasına əlverişli imkan yaradacağını diqqətə çatdırıb. Təhsil naziri, eyni zamanda Azərbaycanla Estoniyanın Təhsil nazirlikləri arasında ötən il imzalanmış əməkdaşlıq haqqında sazişin bu istiqamətdə ikitərəfli əlaqələr üçün hüquqi baxımdan geniş imkanlar açdığını vurğulayıb. Mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin məqsədəuyğunluğundan söz açan nazir, istər universitetlərarası, istərsə də alim və tələbələrin mübadiləsinin qarşılıqlı münasibətlərin inkişafına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib. Sonra Misir Mərdanov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin Estoniyanın ali təhsil müəssisələrində təhsil alması məsələsinə toxunub və bu məqsədlə qeyd olunan ölkənin seçilmiş universitetlərinin müvafiq siyahıya əlavə edilməsi üzrə iş aparıldığını qonağın diqqətinə çatdırıb. İki ölkənin orta təhsil müəssisələri arasında əlaqələrin qurulmasının müsbət əhəmiyyətindən danışan təhsil naziri birgə olimpiada və yarışların keçirilməsinin önəmli olduğunu bildirib. Nazir, həmçinin alim və tələbələrin qarşılıqlı səfərlərinin, birgə elmi simpozium və konfransların təşkil olunması təklifini irəli sürüb. Təhsil naziri Misir Mərdanov bu günlərdə Estoniyadakı uşaq bağçalarının birində baş verən yanğın zamanı 10 nəfər uşağın həlak olması ilə əlaqədar səfirə başsağlığı verib. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirən səfir Aivo Orav Azərbaycanda Estoniya Respublikasının səfirliyi olmadığından Bakıya tez-tez gələcəyini vurğulayıb. Hələ Sovet dövründə çoxlu sayda azərbaycanlı gənclərin Estoniyanın universitetlərində təhsil aldığını qeyd edən səfir bu ənənənin davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Aivo Orav Estoniyanın XVII əsrdə formalaşmış mükəmməl universitet sisteminə malik olduğunu, hazırda bu ali məktəblərin informasiya texnologiyaları, mühəndislik, eləcə də tibb sahəsində kadr hazırlığı baxımından zəngin təcrübə qazandığını qeyd edib. Səfir, eyni zamanda Estoniyada informasiya texnologiyalarının təhsildə tətbiqi üzrə yüksək nəticələr əldə edildiyi nəzərə çatdıraraq, bu sahədə əməkdaşlığın məqsədəuyğunluğunu önə çəkib. Səfir təhsil nazirinin iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində irəli sürdüyü təkliflərlə həmrəy olduğunu da açıqlayıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə səfirə ölkəmizin təhsil sistemi, son dövrlərdə bu sahədə aparılan islahatlar, Dünya Bankı ilə birgə görülən işlər, ali təhsil müəssisələrinin adambaşına maliyyələşdirmə sisteminə keçməsi və digər bu kimi məsələlər barədə məlumat verilib.
08/07/2015 16:52
Fevralın 24-də Təhsil Nazirliyində müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov cari ilin yanvarında nazirliyin bütün struktur bölmələrinin 2010-cu ildə gördüyü işlərə dair hesabatlarının dinlənildiyini və bu tədbirlərin qarşıda duran vəzifələrin yerinə yetirilməsində mühüm əhəmiyyəti olacağını bildirib. Sonra Misir Mərdanov “Təhsil Nazirliyinin struktur bölmələrinin 2010-cu ildə görülmüş işlərlə bağlı hesabatlarının yekunlarına dair ” təqdimat-məruzə ilə çıxış edib. Öncə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı ötən il 37 sənədin hazırlandığını və onlardan 32-nin Nazirlər Kabineti tərəfindən təsdiq olunduğunu bildirən nazir onu da əlavə edib ki, həmin sənədlərdən 3-ü təsdiqolunma, 2-si isə hazırlanma mərhələsindədir. Daha sonra təhsil naziri müvafiq sənədlərin toplu şəklində çap olunaraq yerlərə göndərilməsinin məqsədəuyğunluğunu qeyd edib. Təqdimat-məruzəsində 2010-cu ildə keçirilmiş kollegiya və müşavirələr barədə məlumat verən Misir Mərdanov hər bir struktur bölmənin il ərzində gördüyü işlərə dair kollegiya və ya digər tədbirin keçirməsinin labüdlüyünü vurğulayıb. Nazir ötən il bir sıra Dövlət proqramları, Fəaliyyət planları və müsabiqələr üzrə görülmüş işlərə dair hesabatların hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunduğu haqda məlumat verib. Təhsil sahəsindəki Dövlət proqramları və layihələr çərçivəsində müvafiq işlərin həyata keçirildiyinə diqqət çəkən təhsil naziri, eyni zamanda Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihədə nazirliyin struktur bölmələrinin komponent və alt komponentlər üzrə əsas vəzifələrini qeyd edib. Misir Mərdanov, həmçinin Dünya Bankı ilə birgə təhsil sahəsində görülən işlərdən bank əməkdaşlarının razı qaldığını müşavirə iştirakçılarının nəzərinə çatdırıb. Nazir öz təqdimatında Təhsil Nazirliyinin bir neçə elektron məlumat mənbələrinin fəaliyyət göstərdiyini qeyd edib və onların işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib. Ötən il Təhsil Nazirliyinə daxil olan ərizə və məktublar barədə məlumatları diqqətə çatdıran Misir Mərdanov bu işin səmərəli təşkili, həmin sənədlərin vaxtında cavablandırılması, hər bir müraciətin ciddi araşdırılması, qaldırılan məsələlərin qanunauyğun şəkildə həll olunması və vətəndaşların qəbulu məsələsinə diqqətin artırılması ilə əlaqədar nazirliyin struktur bölmə rəhbərlərinə konkret tapşırıqlar verib. Təhsil naziri nazirlik əməkdaşlarının işə davamiyyətinin, iş vaxtından səmərəli istifadə olunmasının, hər bir işçi üçün vəzifə bölgüsünə uyğun tapşırıqların müəyyənləşdirilməsinin və icraya nəzarətin təmin edilməsinin vacibliyini xüsusi qeyd edib. Sonra nazir ayrı-ayrı struktur bölmələrə verilən tapşırıqları, qarşıda duran vəzifələri sadalayıb və onların icra vəziyyəti ilə maraqlanıb. Müşavirədə təhsil naziri Misir Mərdanov ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş medalların verilməsi mexanizminin işlənib hazırlanması, təhsil sənədlərinin tanınması ilə əlaqədar ictimaiyyətin məlumatlandırılması, 5 yaşlıların məktəbə hazırlığının təmin olunması üçün zəruri tədbirlərin həyata keçirilməsi və digər mühüm məsələlərlə bağlı fikirlərini bildirib, struktur bölmə rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.
08/07/2015 16:52
Fevralın 24-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında II Respublika muğam müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev iştirak ediblər. Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov fevralın 20-dən 24-dək keçirilən II Respublika muğam müsabiqəsinin əhəmiyyəti barədə fikirlərini bildirib. Ümummilli liderimiz Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə xüsusi önəm verdiyini söyləyən təhsil naziri ulu öndərin ideyalarının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini nəzərə çatdırıb. Nazir muğamın təkcə Azərbaycanda deyil, artıq bütün dünyada məşhur olduğunu bildirib, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsindəki xidmətlərinin əvəzsiz olduğunu vurğulayıb. Belə tədbirlərin istedadlı gənclərin üzə çıxarılmasında əhəmiyyətli rol oynadığını qeyd edən nazir II Respublika muğam müsabiqəsinin bütün təşkilatçılarına, müsabiqənin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirib. Misir Mərdanov müsabiqədə yer tutan qalibləri təbrik edərək, onlara pul mükafatlarının veriləcəyini nəzərə çatdırıb. Sonra müsabiqədə I, II, III yerlərə layiq görülmüş ifaçıların adları açıqlanıb. Qeyd olunub ki, II Respublika muğam müsabiqəsində Aytən Məhərrəmova I, Ehtiram Hüseynov II, Nişanə Baxışova III yerə layiq görülüblər. Onu da qeyd edək ki, müsabiqədə ilk 3 yeri tutan ifaçılar II Beynəlxalq muğam festivalında ölkəmizi təmsil edəcəklər. İştirakçılardan Arzu Əliyeva, Vüsalə Musayeva, Fərhad Allahverdiyev isə müsabiqənin diplomantları elan olunublar. Tədbirdə qonaqlar qaliblərə diplomları təqdim edib və onlara xoş arzularını çatdırıblar. Müsabiqənin qalibi Aytən Məhərrəmova çıxış edərək bütün gənclər adından tədbirin təşkilatçılarına, münsiflər heyətinə minnətdarlığını bildirib. Mərasimin sonunda müsabiqə qaliblərinin ifasında muğam nümunələri dinlənilib.
08/07/2015 16:52
Fevralın 28-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.
Kollegiya iclasında “Orta ixtisas təhsili müəssisələrində monitorinqin nəticələri” mövzusunda təqdimat-məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov qeyd edib ki, təhsilin bu pilləsi iqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Nazir bildirib ki, orta ixtisas təhsili ölkəmizdə milli təhsil sisteminin nüfuzunun yüksəlməsində və intellektual potensialın formalaşmasında böyük əhəmiyyətə malikdir. Orta ixtisas təhsilinin cəmiyyətdə yeri və rolundan bəhs edən Misir Mərdanov son illər müvafiq sahə üzrə görülən işləri də nəzərə çatdırıb. Nazir təhsilin bu pilləsi üzrə aparılan dəyişiklərin, qəbul olunan normativ hüquqi sənədlərin əhəmiyyətini vurğulayıb və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq sənədlərin hazırlandığını deyib. Sonra Misir Mərdanov Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı”nda nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsinin vacib məsələlərdən olduğunu qeyd edib. Nazir bildirib ki, bu məqsədlə orta ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin öyrənilməsi, statistik məlumatların təhlili və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi üçün ötən ilin sonlarında monitorinq keçirilib. Dövlət orta ixtisas təhsili müəssisələrinin ixtisas profilləri üzrə təsnifatı haqqında danışan nazir, eyni zamanda son illər bir sıra kolleclərin müvafiq nazirlik, şirkət və konsernlər, işəgötürənlərlə sıx əlaqələr yaradaraq, onların köməyi ilə maddi-texniki bazanın möhkəmləndirilməsində, dərs və dərs vəsaitlərinin hazırlanmasında müsbət nəticələr əldə etdiyini vurğulayıb. Daha sonra təhsil naziri son 5 ildə orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin, ştatda olan müəllimlərin sayı, müəllim-tələbə nisbəti, bu müəssisələrə tələbə qəbulu barədə ətraflı məlumat verib. Nazir 2005-2010-cu illərdə kolleclərdə təhsil almaq üçün ərizə verənlərin sayının artdığını bildirərək əlavə edib ki, 2005-ci ildə 1 yerə ərizə verənlərin sayı 2,1, 2010-cu ildə isə 3,1 nəfər olub. Kollegiya iclasında Misir Mərdanov hər bir orta ixtisas təhsili müəssisəsi üzrə məzunların işlə təmin olunması və onların təhsillərini davam etdirməsinə dair rəqəmləri nəzərə çatdırıb, həmçinin kolleclərin fəaliyyətində aşkar edilmiş müəyyən nöqsanları da qeyd edib. Monitorinqin ümumi nəticələri ilə iclas iştirakçılarını tanış edən təhsil naziri Misir Mərdanov orta ixtisas təhsili müəssisələrinin istilik sistemi ilə təchizatı, onların informasiya-kommunikasiya texnologiyaları ilə təminatı, təmirə ehtiyacı olan kolleclərin müəyyənləşdirilməsi, bu sahə üzrə dərs vəsaitlərinin hazırlanması və digər mühüm məsələlərlə əlaqədar müvafiq şəxslərə tapşırıqlar verib. Sonda müzakirə olunan mövzu ilə bağlı rəy və təkliflər dinlənilib.
08/07/2015 16:52
Fevralın 27-də respublikamızın peşə liseylərində tam orta təhsil səviyyəsi üzrə mərkəzləşdirilmiş yoxlama imtahanı keçirilib.
29 mərkəzdə keçirilmiş yoxlama imtahanına 23 şəhər və rayonda yerləşən peşə liseylərinin 4770 şagirdi cəlb edilib. Onu da qeyd edək ki, martın 13-də Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları keçiriləcəkdir.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı