SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 21-də Təhsil Nazirliyində “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsinin yekunlarına həsr olunmuş mərasim keçirilib.
Məlumat üçün qeyd edək ki, “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsi Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, uşaqların təhsil səviyyələrinin yüksəlməsi üçün həyata keçirilən çoxsaylı dövlət proqramı və layihələrin əhəmiyyətindən bəhs edib. Orta məktəblərdə uşaq hüquqlarına dair biliklərin şagirdlərə çatdırıldığını söyləyən E.Süleymanova bildirib ki, 2009-cu ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda “Uşaq ili” elan edilməsi respublikamızın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə zəmin yaradıb. “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsinin həyata keçirilməsində verdiyi dəstəyə görə təhsil naziri Misir Mərdanova təşəkkürlərini bildirən Elmira Süleymanova nəzərə çatdırıb ki, layihə Bakı şəhərində pilot seçilmiş 3 orta ümumtəhsil məktəbini əhatə edib. İnsan Hüquqları üzrə Müvəkkil onu da vurğulayıb ki, layihə çərçivəsində şagirdlərə uşaq hüquqları tədris olunub, şagirdlər özlərindən aşağı siniflərdə təhsil alanlara öyrəndiklərini tədris ediblər. E.Süleymanova onu da deyib ki, tədris prosesində “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” və “Uşaq hüquqları hamı üçün” adlı tədris vəsaitlərindən istifadə olunub. Qonaqları, müəllimləri və məktəbliləri salamlayan təhsil naziri Misir Mərdanov “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsinin uğurla yekunlaşdığını və şagirdlərin zəruri biliklərə yiyələndiklərini qeyd edib. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə xüsusi önəm verməsinin nəticəsidir ki, son illərdə 2000-dən çox yeni məktəb və tədris ocaqları üçün əlavə korpuslar inşa olunub, şagirdlərin təhsil şəraiti yaxşılaşdırılıb, dərsliklər yenilənib, təhsil müəssisələrinin İKT ilə təminat səviyyəsi yüksəlib, yeni kurikulumların tətbiqinə başlanılıb. Ölkə təhsilinin qazandığı nailiyyətləri uğurla aparılan dövlət siyasətinin və Heydər Əliyev Fondunun davamlı olaraq həyata keçirdiyi layihələrin nəticəsi kimi səciyyələndirən təhsil naziri hazırda respublikamızda 20 şagirdə 1 kompüter düşdüyünü və bu göstəricinin yaxın gələcəkdə daha da yaxşılaşacağına əmin olduğunu söyləyib. Təhsil Nazirliyi tərəfindən layihədə iştirak edən hər məktəbdə 10 kompüterdən ibarət 1 sinif otağının yaradılmasının qərara alındığını vurğulayan Misir Mərdanov fərqlənən şagirdləri və məktəb kollektivlərini təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Yasamal rayonundakı 31 saylı məktəbin direktoru Şükufə Məmmədsalahova gələcəyimiz olan uşaqların belə bir layihədə fəal iştirakının onların hərtərəfli yetişməsinə müsbət təsir göstərəcəyinə inandıqlarını bildiriblər. Mərasimin sonunda “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsi çərçivəsində fərqlənən şagirdlər, dərsin keçirilməsinə cəlb olunmuş müəllimlər, eləcə də təşkilati məsələlərin həllində yardımçı olmuş məktəb direktorları hədiyyə, diplom və sertifikatlarla təltif olunublar. Mərasimdə təhsil nazirinin müavini Elmar Qasımov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva iştirak ediblər.
08/07/2015 16:52
Mayın 24-də Bakı Dövlət Universitetində Azərbaycan-Latviya Təhsil Forumu işə başlayıb.
Öncə forum iştirakçıları Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan həmvətənlərimizin xatirəsi anılıb. Azərbaycan-Latviya Təhsil Forumunun iştirakçıları Latviya ali təhsil müəssisələrinin informasiya stendi ilə tanış olublar. Forum iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycan-Latviya əlaqələrindən, xüsusilə təhsil sahəsindəki münasibətlərdən bəhs edib, ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu nəzərə çatdırıb. Ali təhsil, tələbə, müəllim mübadiləsi istiqamətində əlaqələrin səmərəli olacağına diqqət çəkən nazir Azərbaycanın təhsil sistemi, həyata keçirilən davamlı islahatlar, əldə olunan zəngin nailiyyətlər barədə təqdimat-məruzə ilə çıxış edib. Təqdimatda Azərbaycanda təhsilin müxtəlif pillələri haqqında dolğun məlumatlar verilib, gələcək perspektivlərdən bəhs olunub. Azərbaycan-Latviya təhsil əlaqələrinin inkişafına dərin inamını ifadə edən təhsil naziri forumun işinə uğurlar arzulayıb. Ölkələrimizin təhsil sistemlərindəki oxşar cəhətlərdən söz açan xanım Tatyana Koke Latviyanın Azərbaycanla təhsil və elm sahəsində qarşılıqlı əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdyini bildirib. Qonaq ali məktəblər arasında birbaşa əlaqələrin yaradılmasının üstün cəhətlərinə toxunub, hazırda 13 azərbaycanlı tələbənin Latviya universitetlərində təhsil aldığını nəzərə çatdırıb. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Riqa Texniki Universitetinin rektoru İvars Knets, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı çıxış edib, Azərbaycanla Latviya təhsil əlaqələrinin hər iki ölkənin ali təhsil sisteminin inkişafına mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər. Sonra Bakı Dövlət Universiteti ilə Riqa Texniki Universiteti arasında protokol imzalanıb. Azərbaycan-Latviya Təhsil Forumu mayın 26-da başa çatacaq.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) cari ilin iyununda 46 müraciət daxil olub.
Onlardan 7-si sorğu xarakterlidir. Qeyd edək ki, müraciətlərin əksəriyyəti ümumtəhsil məktəbləri ilə bağlıdır. Bakı şəhər ümumtəhsil məktəblərindən 12, Abşeron rayon ümumtəhsil məktəblərindən 3, Zaqataladan 2, Gəncə, Sumqayıt şəhərləri, Yardımlı, Tərtər, Tovuz, Salyan, Qobustan, Ağstafa və Laçın rayonlarının ümumtəhsil məktəblərinin hər birindən 1, ümumilikdə 26 müraciət qəbul olunub. Müraciətlərdə əsasən ümumtəhsil məktəblərində buraxılış imtahanlarının təşkili, keçirilməsi və nəticələri, eləcə də təhsil sənədlərinin verilməsi məsələsindən bəhs edilir. Ötən ay məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədar Bakıdan 2, Sumqayıtdan 1 müraciət olmaqla 3 zəng edilib. “Qaynar xətt” xidmətinə Laçın rayon ümumtəhsil məktəbləri ilə əlaqədar daxil olan müraciətlərdən 1-i Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin araşdırılması nəticəsində 2 (Bakı şəhəri və Abşeron rayonu üzrə) orta məktəb direktoru vəzifəsindən kənarlaşdırılıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin hər biri üzrə 2, Bakı Slavyan Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı və Azərbaycan Beynəlxalq Universitetinin hər biri üzrə isə 1 müraciət daxil olub. Ali təhsillə bağlı olan bu 7 müraciətdə tələbələrin semestr imtahanlarına buraxılması, qeyri-müvəffəq qiymət alanlar üçün yenidən imtahan təşkil edilməsi və digər məsələlərdən bəhs edilir. Eyni məzmunlu daha 3 müraciət orta ixtisas məktəblərindən qəbul olunub (Bakı Məktəbəqədər Pedaqoji Texnikumu, Azərbaycan Dövlət Pedaqoji Kolleci və Şəki Pedaqoji Texnikumu). Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib. Eyni zamanda cari ilin iyul ayının birinci yarısında “Qaynar xətt” xidmətinə daxil olan çoxsaylı sorğular nazirliyin əməkdaşları tərəfindən cavablandırılıb və 3 müraciət qeydə alınaraq araşdırılıb.
08/07/2015 16:52
Mayın 26-da “Ankara məktəbi” məktəb-liseyində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”na uyğun olaraq ölkəmizin şəhər və rayonları üzrə orta məktəblərin VIII-X siniflərində təhsil alan istedadlı şagirdlərdən ən istedadlılarının riyaziyyat fənnindən son seçim turu aparılıb.
Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək öncə qeyd olunan Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərdən, xüsusi istedada malik uşaqların aşkarlanması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb. Ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısını önə çəkən nazir onu da əlavə edib ki, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilib. Misir Mərdanov xüsusi istedadlıların seçim turunun aparılmasının da məhz bu plan əsasında həyata keçirildiyini vurğulayıb. Daha sonra nazir qeyd edib ki, seçim turu iki gün ərzində riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə aparılacaq, riyaziyyat üzrə son seçim turunda VIII-X siniflərdə təhsil alan 353 şagird iştirak edir. Bu tədbirin üç ildir həyata keçirildiyini bildirən Misir Mərdanov şagirdlərin 3 saat ərzində 50 tapşırıq həll edəcəklərini, cavabların Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcəyini açıqlayıb. Təhsil naziri maraqlı fakt kimi onu da qeyd edib ki, iştirakçılar arasında 4-cü sinifdə təhsil alan şagird də var. Digər əsas bir məqamı da diqqətə çatdıran Misir Mərdanov hər il iştirakçıların sayının artdığını, builki iştirakçıların sayının əvvəlki 2 ildəki iştirakçıların birgə sayına bərabər olduğunu xüsusilə vurğulayıb. Çıxışının sonunda nazir xüsusi istedada malik uşaqlar üçün nəzərdə tutulan digər tədbirlərdən də söz açıb və seçim turunun iştirakçılarına qarşıdakı yarışda uğurlar arzulayıb. Sonra seçim turu öz işinə başlayıb.
08/07/2015 16:52
Mayın 26-da Azərbaycan Texniki Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə reallaşdırılan ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turuna həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini İradə Hüseynova olimpiadanın yekun turunda tələbələrin 11 fənn üzrə (riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dili, alman dili və rus dili) biliklərini sınayacaqlarını bildirib. 2009-cu ildə keçirilmiş XIV olimpiadanın yekun turuna 28 ali məktəbdən 544 tələbənin vəsiqə qazandığını söyləyən nazir müavini XV fənn olimpiadasının yekun turunda 34 ali məktəbdən 630 tələbənin iştirak edəcəyini nəzərə çatdırıb. İradə Hüseynova olimpiadanın yekun turuna Bakı şəhərindəki ali təhsil müəssisələri ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt və Mingəçevir şəhərlərində yerləşən ali məktəblərin də qatıldığını bildirib. Təhsil nazirinin müavini olimpiada iştirakçısı olan qeyri-dövlət ali məktəblərinin də sayının artdığını qeyd edib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov Təhsil Nazirliyi ilə birgə keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Ş.Əsgərov ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Daha sonra ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasında müxtəlif fənlər üzrə I (11 nəfər), II (22 nəfər), III (33 nəfər) yerlərə layiq görülmüş tələbələrə, qalibləri hazırlaşdıran müəllimlərə və münsiflər heyətinin sədrlərinə Təhsil Nazirliyinin hədiyyələri və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin pul mükafatları təqdim edilib. Eləcə də ötən il bu olimpiadada fərqlənmiş daha 30 nəfər həvəsləndirici mükafatlara layiq görülüb.
08/07/2015 16:52
2009-2010-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 104037 şagird bitirəcək.
Müqayisə üçün qeyd edək ki, bu göstərici 2007-ci ildə 116812, 2008-ci ildə 117535, ötən il isə 113186 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2007-ci ildə 524, 2008-ci ildə 311, 2009-cu ildə 637 nəfər olduğu halda, bu il onların sayı 720 nəfər təşkil edir. Bu il Bakı şəhərindəki 324 orta ümumtəhsil məktəbini 23 minə yaxın XI sinif, 37 minə yaxın isə IX sinif şagirdi bitirəcək. 2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayı 118581 nəfər olub. Bu göstərici 2007-ci ildə 117921, 2008-ci ildə isə 119600 nəfər təşkil edib. 2010-2011-ci tədris ilində isə ümumtəhsil məktəblərinin I sinfinə 123844 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Bu il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 95145 tələbə təhsil alır. Onlardan 88023 nəfər bakalavr, 7122 nəfər magistr pilləsində oxuyur. Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 22814 nəfər tələbə təhsil alır ki, onların da 20062 nəfərini bakalavriatlar, 2752 nəfərini isə magistrlər təşkil edir. Özəl ali təhsil müəssisələrində oxuyan 21878 tələbədən 21260-ı bakalavriat, 618-i isə magistrdir. Onlardan son kurslarda 6297 nəfər bakalavriat, 269 nəfər magistr təhsil alır.
08/07/2015 16:52
Mayın 31-də Gənc Tamaşaçılar Teatrında Təhsil Nazirliyi və “Uşaqların xoşbəxt gələcəyi” İctimai Birliyi tərəfindən “Sülh göyərçiniyik biz” adlı 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbir iştirakçılarını və qonaqları salamlayan təhsil naziri Misir Mərdanov gələcəyimiz olan uşaqları 1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə səmimi qəlbdən təbrik edib, onlara sağlam və firavan həyat arzulayıb, təhsildə qazandıqları uğurların sırasını daha da genişləndirməyi, vətənpərvər olmağı tövsiyə edib. Misir Mərdanov müstəqillik illərində ölkəmizdə uşaqlara xüsusi diqqət yetirildiyini, ulu öndər Heydər Əliyevin onlara daim qayğı ilə yanaşdığını nəzərə çatdırıb. Son illərdə Azərbaycanda uşaqların problemlərinin həlli baxımından atılan uğurlu addımlardan bəhs edən təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq dövlət proqramlarının əhəmiyyəti barədə ətraflı söhbət açıb. Uşaq evlərində və internat məktəblərdə yaşayan uşaqlara Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən göstərilən qayğının həmin müəssisələrdə əsaslı dəyişikliklərə səbəb olduğunu bildirən nazir son illərdə respublikamızda 2000-dən çox məktəbin və tədris ocaqları üçün əlavə korpusların inşa edilməsini Azərbaycanda təhsil sahəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul olunması ilə əlaqələndirib. “Uşaqların xoşbəxt gələcəyi” İctimai Birliyinin sədri Nərgiz Kazımova hər zaman uşaqlara qayğının vacibliyini vurğulayıb, bu baxımdan ölkəmizdə dövlətin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin səmərəli nəticələr verəcəyinə inandığını bildirib. Bayram tədbirində uşaq evlərinin və internat məktəblərinin yetirmələri musiqi və rəqs nömrələri ilə çıxış edib, “Aqlamur” modalar evi tərəfindən 10 nəfər uşaq üçün son dəblə tikilmiş paltarlar nümayiş olunub, uşaqlara bayram hədiyyələri paylanılıb.
08/07/2015 16:52
İyunun 1-də Təhsil Nazirliyində ölkəmizin ümumtəhsil məktəblərində buraxılış imtahanlarına hazırlıqla bağlı iclas keçirilib.
Təhsil naziri Misir Mərdanov çıxış edərək bildirib ki, iyunun 3-dən etibarən ölkəmizin ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanları başlayır. Nazir qeyd edib ki, əvvəlki illərdə olduğu kimi XI sinif şagirdləri 8, IX sinif şagirdləri isə 2 fənn üzrə imtahan verəcəklər. Təhsil naziri cari dərs ilində ümumtəhsil məktəblərinin və peşə liseylərinin 90134 nəfər şagirdinin orta təhsil, 127796 şagirdin isə əsas təhsil səviyyəsi üzrə yoxlama imtahanları verdiyini nəzərə çatdırıb. Yoxlama imtahanlarının cari ilin fevral, mart və aprel aylarında 4 bölgə üzrə 294 imtahan mərkəzində keçirildiyini bildirən nazir əlavə edib ki, aprelin 25-də ölkəmizdəki peşə liseylərinin 4437 nəfər şagirdi buraxılış imtahanları verib. Misir Mərdanov yoxlama imtahanında iştirak edən IX sinif şagirdlərinin 64,71, XI sinif şagirdlərinin isə 41,25 faizinin müvəffəq qiymətlər aldığını bildirib, əvvəlki illərlə müqayisədə imtahan prosesinin aparılma mexanizminin təkmilləşdiyini, şagird və valideynlərin buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasına münasibətlərinin müsbət mənada dəyişdiyini, imtahan nəticələrinin müvəffəqiyyət və keyfiyyət faizi baxımından yüksəldiyini vurğulayıb. Nazir ölkə üzrə bu artımın 10 faizdən bir qədər çox olduğunu qeyd edib. Misir Mərdanov ölkəmizin 4 bölgəsində əsas və orta təhsil kursu üzrə buraxılış imtahanlarının keçirilmə tarixlərini nəzərə çatdırıb, XI sinif şagirdlərinin 3, IX sinif şagirdlərinin isə 1 saat 30 dəqiqə ərzində imtahan verəcəklərini bildirib. Daha sonra nazir Respublika fənn olimpiadalarında I yer tutmuş, həmçinin müxtəlif beynəlxalq səviyyəli olimpiadalarda, bilik və idman yarışlarında müvəffəqiyyət əldə etmiş buraxılış siniflərinin şagirdlərinin imtahanlardan azad olunduqlarını açıqlayıb. İclasda iştirak edən imtahan rəhbərlərinə bu mühüm işə məsuliyyətlə yanaşmağın vacib olduğunu xatırladan təhsil naziri imtahanların uğurla keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü söyləyib. Nazir imtahan rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib, onları üzərlərinə düşən vəzifələri daha yaxşı həyata keçirmək üçün fəal olmağa səsləyib.
08/07/2015 16:52
İyunun 1-də Təhsil Nazirliyində Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş tədbir keçirilib.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq öncə bu günün tarixi barədə məlumat verərək qeyd edib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı səslənən təkliflərə əsasən 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Sonra nazir ölkəmizdə uşaqların rifahının yüksəldilməsi məsələlərinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu xüsusi qeyd edib. Nazir bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində qoyduğu ənənələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Təhsil naziri daha sonra “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, proqramdan irəli gələn vəzifələrin bir sıra dövlət və beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirildiyini xüsusi qeyd edib. Misir Mərdanov cari ilin fevralında yaradılmış “Uşaq Qaynar Xətt Xidməti”nin fəaliyyətə başlamasını Azərbaycanda uşaqların müdafiəsinin daha etibarlı təminatına doğru atılan addım kimi dəyərləndirib və bu işə dəstək göstərənlərə təşəkkürünü bildirib. Tədbirdə YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin müavini Rəşid Mustafa təmsil etdiyi qurumla Təhsil Nazirliyi arasında yaradılan sıx əməkdaşlıqdan danışıb və birgə həyata keçirilən layihələr nəticəsində əldə olunan irəliləyişləri nəzərə çatdırıb. R.Mustafa de-institutlaşma sahəsində görülən işləri təqdirəlayiq hal kimi qiymətləndirib, Təhsil Nazirliyi nəzdində De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin yaradılmasını bu sahəyə olan diqqətin bariz nümunəsi olduğunu qeyd edib. “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin rəhbəri Cəmilə Tağıyeva tədbirdə xidmətin gördüyü işlərə dair təqdimat-məruzə ilə çıxış edib. C.Tağıyeva xidmətin yaradılmasının əsas məqsədi, fəaliyyəti, onun vəzifələri və bu işə dəstək göstərən təşkilatlar barədə məlumat verib. Xidmətin rəhbəri cari ilin fevralından ötən müddətdə 265 müraciət qəbul etdiklərini və bu müraciətlərin psixoloji, sosial, təhsil, hüquq və səhiyyə sahələrinə aid olduğunu bildirib. Sonda “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin səmərəliliyinin artırılması ilə bağlı rəy və təkliflər verilib.
08/07/2015 16:52
İyunun 2-də təhsil naziri Misir Mərdanovun iştirakı ilə Şirvan şəhərində müşavirə keçirilib.
Müşavirədə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Təhsil Nazirliyinin müvafiq şöbələrinin rəhbərləri, Şirvan şəhər, Sabirabad, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Zərdab, İmişli rayonları təhsil şöbələrinin müdirləri iştirak ediblər. Müşavirədə adları qeyd olunan rayonların ümumtəhsil məktəblərində keçiriləcək buraxılış imtahanlarına hazırlıqla bağlı məsələlər müzakirə olunub. Təhsil naziri Misir Mərdanov müşavirənin dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Kür çayı ətrafındakı rayonlarda təhsilin vəziyyətinin araşdırılıb təhlil olunması məqsədilə keçirildiyini bildirib. Sonra yaranmış vəziyyətlə bağlı ayrı-ayrı rayon təhsil şöbə müdirlərinin məlumatları, habelə buraxılış imtahanlarının keçirilməsi barədə təklifləri dinlənilib. Müşavirədə belə bir yekdil rəyə gəlinib ki, təbii fəlakət nəticəsində əhali tərəfindən tərk edilmiş yaşayış məntəqələrindəki ümumtəhsil məktəblərinin şagirdləri psixoloji sarsıntıya məruz qaldıqlarına, imtahanlara hazırlaşmaq imkanından məhrum olduqlarına görə buraxılış imtahanlarından azad edilsinlər və onlara müvafiq təhsil sənədi illik qiymətlər əsasında verilsin. Həmin bölgələrin digər məktəblərində isə imtahanların Təhsil Nazirliyinin xətti ilə mərkəzləşdirilmiş qaydada aparılacağı diqqətə çatdırılıb.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı