SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyunun 3-də Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində “Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda regional konfrans keçirilib.
Konfrans “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsi tərəfindən təşkil olunub. Konfransda Ağstafa, Tovuz, Qazax rayonlarının məktəb direktorları, təhsil şöbələrinin işçiləri, müəllimlər, habelə, Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin bu sahə üzrə tərəfdaş təşkilatları, Bakı şəhərindəki orta məktəblərdən İKT-nin tətbiqi üzrə aparıcı müəllimlər iştirak ediblər. Konfransda çıxış edən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Lalə Eyyubova informasiya texnologiyaları vasitəsilə tədrisin daha yüksək səviyyədə qurulmasının vacibliyini vurğulayıb və Ağstafa rayonunda təhsilin informasiyalaşdırılmasına xüsusi diqqət yetirildiyini qeyd edib. Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov öz çıxışında Dövlət Proqramı çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verib. Təhsil sisteminin informasiyalaşdırılmasının xüsusi diqqət mərkəzində saxlanıldığını nəzərə çatdıran S.Məmmədov Azərbaycanın digər regionlarında da belə konfransların keçiriləcəyini bildirib. Konfransda “Mədəd” təşkilatının icraçı direktoru Elbrus Zərbəliyev “Tədrisdə yeni imkanlar, dünya təcrübəsindən istifadə” mövzusunda təqdimatla çıxış edərək diqqətə çatdırıb ki, bugünədək “Mədəd” təşkilatı 2 mindən çox orta məktəbdə çalışan 40 mindən artıq pedaqoji işçi və inzibati idarəetmə heyətinə treninqlər keçib. AZEDUNET təşkilatının direktoru Səməd Abbasov Azərbaycan təhsil şəbəkəsi haqqında geniş məlumat verərək vurğulayıb ki, vahid təhsil şəbəkəsinin mövcudluğu təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan verir. Hazırda 500 təhsil müəssisəsinin Azərbaycan təhsil şəbəkəsinə qoşulduğunu qeyd edən təşkilat direktoru cari ildə daha 500 təhsil müəssisəsinin bu şəbəkəyə qoşulacağının nəzərdə tutulduğunu açıqlayıb. Konfrans çərçivəsində “Elektron təhsil resursların yaradılması”, “İnternet tədris vasitəsi kimi”, “Elektron məktəb”, “İntel-Gələcək üçün təhsil” layihələri və “İnnovativ müəllim” müsabiqəsi mövzularında dəyirmi masalar keçirilib.
08/07/2015 16:52
Bu gün Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib.
XI siniflər üzrə 54 imtahan mərkəzində 16681 şagird imtahan verib. İmtahan ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılıb. İyunun 4-də isə həmin rayonların ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan 25586 şagird 57 imtahan mərkəzində ana dili və riyaziyyat fənlərindən imtahan verəcək. Qeyd olunan bölgələr üzrə ötən tədris illərində attestat ala bilməyən 1874 nəfər XI sinif məzunu da bu gün 18 imtahan mərkəzində imtahan verib. Məlumat üçün bildiririk ki, XI siniflər üzrə buraxılış imtahanlarının aparılmasına 3 saat, IX siniflər üzrə isə 1 saat 30 dəqiqə vaxt ayrılır.
08/07/2015 16:52
Bu günlərdə respublikada fəaliyyət göstərən peşə liseylərində ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarının nəticələrinə dair iclas keçirilib.
İclası giriş sözü ilə açan təhsil nazirinin müavini İsgəndər İsgəndərov ümumtəhsil fənlərindən keçirilən mərkəzləşdirilmiş test imtahanlarının nəticələrinin müzakirəsinin, buraxılan nöqsanların araşdırılmasının vacibliyini qeyd edib. Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov mövcud problemlərin həllinə dair təkliflərlə çıxış edib, ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarının nəticələri barədə məlumat verib. Nəzərə çatdırılıb ki, 2007-ci ildə respublikanın peşə liseylərinin son kursunda oxuyan 4191 şagirddən 4088 nəfəri, 2008-ci ildə 4244 şagirddən 3451 nəfəri təhsillərini müvəffəqiyyətlə başa vursalar da, bu il peşə liseylərində təhsil alan 4479 şagirddən mərkəzləşdirilmiş sınaq test imtahanlarında 4073-ü (90.94%) iştirak edib və onlardan yalnız 163 (4%) nəfəri müvəffəq qiymət alıb. Mərkəzləşdirilmiş sınaq test imtahanlarına qatılan şagirdlərdən 334 nəfəri (8.2%) 1 fəndən, 432 (10.61%) nəfəri 2 fəndən, 3144 (77.19%) nəfəri isə 3 və daha çox fəndən qeyri-müvəffəq qiymət alıblar. Lakin görülmüş əməli tədbirlər nəticəsində yekun mərkəzləşdirilmiş test imtahanlarında iştirak edən 4052 nəfərdən 1730-u (42,7%) müvəffəq, 2322-i (57,3%) isə qeyri-müvəffəq qiymət alıblar. Aparılmış təhlil nəticəsində ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş test imtahanlarında iştirak etmiş şagirdlərin ayrı-ayrı fənlərdən nəticələri iclas iştirakçılarının diqqətinə çatdırılıb. Qeyd olunub ki, 6, 11, 12, 16 saylı Bakı peşə liseyləri, eləcə də Şirvan, Gəncə 1 və 3 saylı, Saatlı, Biləsuvar, Qazax, Bərdə, Binə peşə liseylərində ümumtəhsil fənlərinin tədrisinin gücləndirilməsinə ehtiyac var. Əvvəlki illərdə ümumtəhsil fənlərindən şagirdlərin böyük əksəriyyətinin qiymətləri yüksək olduğu halda, cari ildə keçirilmış mərkəzləşdirilmiş test imtahanında ana dilindən 13, riyaziyyatdan 1, Azərbaycan tarixindən 16, fizikadan 16, kimyadan 11, biologiyadan 14, coğrafiyadan 8, xarici dildən isə cəmi 18 nəfər əla qiymətlər alıblar. İclasda mövcud problemlərin həlli məqsədilə fənn müəllimlərinin ixtisasartırma kurslarına cəlb olunması, peşə liseylərinə qəbulun aparılmasında dəyişikliklərin edilməsi, müsabiqə yolu ilə qəbul qaydalarının işlənilməsi, mühəndis-pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi üçün mexanizmin hazırlanması, zəif nəticə göstərən müəssisələrə şagird qəbulunun azaldılması və digər təkliflər irəli sürülüb.
08/07/2015 16:52
İyunun 5-də Təhsil Nazirliyində 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili vəziyyəti ilə bağlı iclas keçirilib.
İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov bildirib ki, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində 2009-2014-cü illər ərzində təhsilin bir sıra mühüm sahələrini əhatə edən 6 komponent üzrə islahatların davam etdirilməsi nəzərdə tutulub. Bu komponentlər arasında müəyyən bağlılıq, sistemli əlaqələr olduğunu nəzərə çatdıran nazir yeni kurikulumu, təlim strategiyalarını və yeni qiymətləndirmə üsullarını uğurla həyata keçirmək üçün müəllimlərin pedaqoji bacarıqlarını, fənn üzrə biliklərini artırmağın, yeniləşdirməyin zəruriliyi məsələlərinə toxunub. Tədrisin və təlimin keyfiyyətinin yeni kurikulumu tədris edəcək, yeni qiymətləndirmə üsullarını tətbiq edəcək müəllimlərin hazırlığından asılı olduğunu vurğulayan Misir Mərdanov müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün müasir modellər tətbiq etməyin səmərəli olacağına inamını ifadə edib. Müəllimlərin yeni kurikulumun tətbiqi üzrə təlim kurslarından keçirilməsi sahəsində son iki il ərzində qazanılan təcrübədən söz açan təhsil naziri I siniflər üçün yeni kurikulumun geniş miqyaslı tətbiqinə 2008-ci ilin sentyabrından başlanıldığı haqda məlumat verib. Nazir 2008-ci ildə Azərbaycanın bütün rayonları əhatə olunmaqla 9000 və 2009-cu ildə daha 9000 nəfər I sinif müəlliminin təlimdən keçdiyini qeyd edib. Misir Mərdanov Təhsil Nazirliyi ilə əldə edilən razılaşma əsasında YUNİSEF-in kurikulumun tətbiqinə kömək etmək üçün fəal təlim mövzusunda keçirdiyi kurslar barədə məlumat verib. Nazir TSİİL çərçivəsində ikinci komponent üzrə icra planında müəyyənləşdirilmiş vəzifələrdən birinin də müəllimlərin ixtisasartırması üzrə xidmətlərin təşkili sahəsində rəqabət mühitinin yaradılması olduğuna diqqət çəkib. Bu istiqamətdə görülmüş işlərə toxunan Misir Mərdanov Təhsil Nazirliyi tərəfindən 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kursları keçəcək müəssisələrin tender yolu ilə müəyyənləşdirildiyini bildirib. Tender komissiyalarının qərarı əsasında Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” Elmi Mərkəzi, Azad Müəllimlər Birliyi, Şəxsiyyətin İnkişafı və Yeni Pedaqoji Texnologiyalar üzrə İctimai Birliyinin qalib gəldiyini qeyd edən təhsil naziri ümumilikdə, 12 lot üzrə 127 təlim mərkəzində 109 təlimçi tərəfindən 8277 müəllimin kurslardan keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Nazir bildirib ki, təlim kurslarının 6 günlük, 36 saatlıq tədris planı və proqramı təsdiq edilib, 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimlərinin yüksək səviyyədə hazırlanması üçün müəyyənləşdirilmiş öhdəliklərin Təhsil Nazirliyinin bu işə cavadeh olan əlaqələndiriciləri, rayon təhsil şöbələri, məktəb direktorları ilə sıx əməkdaşlıq şəraitində yerinə yetirilməsi qərara alınıb. Təhsil naziri təlim kurslarının səmərəli keçirilməsi üçün bir sıra təkliflərini nəzərə çatdırıb və kurslarda iştirak edən müəllimlərə veriləcək sertifikatların dərəcələr üzrə bölünməsinin ümumi işin xeyrinə olacağı barədə fikirlərini bildirib. Daha sonra çıxış edən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü, Şəxsiyyətin İnkişafı və Yeni Pedaqoji Texnologiyalar üzrə İctimai Birliyin sədri Elxan Əmirbəyov və başqaları layihənin əhəmiyyətindən söz açıb, müəllimlərin təlimlərə cəlb olunması və uğurlu nəticələrin alınması baxımından Təhsil Nazirliyinin göstərdiyi hərtərəfli köməkliklərdən məmnun olduqlarını bildiriblər. Sonda Təhsil Nazirliyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” Elmi Mərkəzi, Azad Müəllimlər Birliyi, Şəxsiyyətin İnkişafı və Yeni Pedaqoji Texnologiyalar üzrə İctimai Birliyi arasında 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili üzrə müqavilələr imzalanıb.
08/07/2015 16:52
İyunun 7-də Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonlarının ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanları keçirilib.
Qərb bölgəsi üzrə keçirilən bu imtahanlarda 21975 şagird 75 imtahan mərkəzində imtahan verib. İyunun 8-də isə həmin rayonların ümumtəhsil məktəblərinin IX siniflərində təhsil alan 30160 şagird 75 imtahan mərkəzində imtahan verəcək. Məlumat üçün bildiririk ki, bu gün qeyd olunan şəhər və rayonlar üzrə ötən tədris illərində attestat ala bilməyən 2405 nəfər XI sinif məzunu da 19 imtahan mərkəzində imtahan verib.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2010-cu ilin may ayında 958 müraciət daxil olub.
Müraciətlərin 845-i telefonla, 113-ü elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər qeydə alınıb, aidiyyəti qurumlara göndərilib və müvafiq qaydada araşdırılıb. Qeyd edək ki, may ayında anonim və sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. “Qaynar xətt” xidmətinə daxil olmuş sorğular ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların təşkili, bununla əlaqədar sorğu, rəy və təkliflər, müəllimlərin işə qəbulu, Respublika fənn olimpiadalarının, beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələri, xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, xaricdə təhsil alan tələbələrin ölkəmizin təhsil müəssisələrinə köçürülməsi qaydaları ilə əlaqədardır. Həmin müraciətlər ümumi sorğuların 80 faizindən çoxunu təşkil edir. Digər sorğular isə ümumtəhsil məktəbi şagirdlərinin məktəbli geyimi ilə təmin olunması, müəllimlərin əmək haqqının hesablanması qaydaları, təhsil sənədlərinin alınması və s. məsələlərlə bağlı olub. Məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs edən müraciətlər əsasında araşdırmalar aparılıb, onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı müraciətlərin böyük əksəriyyəti Bakı şəhərindəndir. Bu sahə üzrə Bakıdan 83, Lənkərandan 6, Sumqayıtdan 5, Abşerondan 4, Gəncə, Mingəçevir şəhərləri və Xaçmaz rayonunun hər birindən 3, Şirvandan isə 1 müraciət daxil olub. Eyni zamanda Ağdaş, Şamaxı, Cəlilabad, Kəlbəcər, Qazax rayonları üzrə müraciətlər qeydə alınıb. Müraciətlərdə ümumtəhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində çatışmazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər öz əksini tapıb. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər ciddi şəkildə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilib. Belə ki, Gəncə 1 saylı Peşə Liseyindən daxil olan müraciət əsasında aparılmış araşdırma nəticəsində işdə yol verdiyi ciddi nöqsanlara görə liseyin direktoru R.Orucovla bağlanmış əmək müqaviləsinə xitam verilib. Xaçmaz rayon Muxtadır qəsəbə məktəbinin direktoru N.Mədətxanov isə tutduğu vəzifəsindən azad edilib. Bakı şəhərinin 18, 45, 113, 143, 179, 267 saylı məktəbləri ilə bağlı müraciətlər də araşdırılıb və müvafiq olaraq pedaqoji prosesdə, əmək intizamının yerinə yetirilməsində yol verdikləri nöqsanlara və s. görə 18 saylı məktəbin müəllimi M.Abdullayevaya, 45 saylı məktəbin laborantı P.Abdullayevaya şiddətli töhmət, 143 saylı məktəbin 6-cı siniflərinin rəhbərlərinə töhmət verilib. 113 saylı məktəbin rəhbərliyinə və 179 saylı məktəbin 5d sinif rəhbərinə xəbərdarlıq edilib. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında 146 saylı məktəbin direktoruna işdə yol verdiyi nöqsanlara görə töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavini isə ciddi nöqsanlara görə işdən azad edilib.
08/07/2015 16:52
İyunun 8-də Təhsil Nazirliyində “Qlobal minillik prizi” beynəlxalq inşa müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq öncə tədbirin təşkilatçıları barədə məlumat verib. Nazir bildirib ki, mərasim Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Minilliyin Layihəsinin Azərbaycan bölməsi olan Azərbaycan Futuroloqlar Cəmiyyəti tərəfindən təşkil olunub. Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğını xüsusi vurğulayıb, son illərdə Azərbaycan məktəbliləri, tələbələri və müəllimlərinin bir çox beynəlxalq, dünya səviyyəli olimpiada, müsabiqə və digər bilik yarışlarında ölkəmizi layiqincə təmsil etdiklərindən, yüksək nailiyyətlər qazandıqlarından söz açıb. Nazir əlavə edib ki, dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 28 gümüş, 60 bürünc olmaqla ümumilikdə 99 medal qazanıblar. Əhalisinin sayının az olmasına baxmayaraq qazandığı medalların sayına görə Azərbaycanın dünya ölkələri sırasında ilk onluqda olduğunu diqqətə çatdıran təhsil naziri hazırda bir sıra ölkələrin aparıcı universitetlərində müxtəlif mənbələr hesabına 10 mindən çox azərbaycanlı gəncin təhsil aldığını bildirib. Sonra Misir Mərdanov Minilliyin 15 Qlobal Çağırışları üzrə “Qlobal minillik prizi” beynəlxalq müsabiqəsinin milli mərhələsi olan “Gələcək nəsillərlə üz-üzə” inşa müsabiqəsinin məqsədi barədə məlumat verib, bu müsabiqədə ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri və universitet tələbələrinin iştirak etdiyini açıqlayıb. “Qlobal minillik prizi” beynəlxalq müsabiqəsində ötən illərdə qazanılmış uğurlarla yanaşı 2009-cu ildə əldə olunan nailiyyətlərdən söz açan təhsil naziri müsabiqə qaliblərinin adlarını iştirakçıların nəzərinə çatdırıb. Qeyd olunub ki, “Qlobal minillik prizi” beynəlxalq müsabiqəsinin 10 nəfər qalibindən 4-ü Azərbaycandan, 5-i Meksikadan, 1-i isə Cənubi Afrikadandır. Ölkəmizi təmsil edən Ayan Əliyeva (“Qadınların statusu” çağırışı üzrə), Aydan Xələfova (“Sülh və münaqişə” çağırışı üzrə), Şərqiyyə Məmmədova (“Dayanıqlı inkişaf” çağırışı üzrə), Lalə Həsənova (“İnformasiya və kommunikasiya” çağırışı üzrə) beynəlxalq münsiflər heyəti tərəfindən “Qlobal Minillik Prizi” müsabiqəsində I yerə layiq görülüblər. Çıxışının sonunda nazir ölkəmizin Meksikadakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarova göstərdiyi dəstəyə görə təşəkkür edib, eləcə də qalibləri Azərbaycanı layiqincə təmsil etdikləri üçün təbrik edib və onlara yeni-yeni uğurlar arzulayıb. Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova çıxış edərək ölkəmizdən olan nümayəndələrin son üç ildə bu müsabiqədə qaliblər sırasında olduğunu qeyd edib, eyni zamanda cari ilin mayında Mexiko şəhərinin məşhur Dieqo Rivera muzeyində keçirilən “Qlobal minillik prizi” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimindən söz açıb və qazanılan uğurun ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Sonra azərbaycanlı qaliblərin mükafatlandırılma mərasimi ilə bağlı süjet nümayiş olunub. Mərasimdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkə Prezidentinin təhsil sahəsinə göstərdiyi xüsusi diqqəti qeyd edərək Azərbaycan təhsilinin inkişafından söz açıblar. Çıxış edənlər Azərbaycan gənclərinin bilik yarışlarında mühüm yerlər tutmasını müsbət qiymətləndirib, gənclərimizin bilikli, yüksək intellektli yetişməsində belə müsabiqələrin xüsusi rolu olduğunu vurğulayıb və gələcəkdə də müvafiq istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər. Tədbirdə “Qlobal minillik prizi” müsabiqəsinin qalibləri çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür edib, Azərbaycanı hər zaman lazımi səviyyədə təmsil etməyə hazır olduqlarını bildiriblər. Sonda müsabiqə qaliblərinə sertifikat və hədiyyələr təqdim olunub.
08/07/2015 16:52
İyunun 9-da Cənc Tamaşaçılar Teatrında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) yaradılmasının 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaranma tarixi və onun fəaliyyəti barədə məlumat verib. S.Mehbalıyev qeyd edib ki, bu təşkilat 1999-cu ildən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı adlanıb və yarandığı vaxtdan bu günə kimi öz üzvlərinin əmək, sosial-iqtisadi hüquqları və qanuni mənafelərini müdafiə edir. Təşkilatın öz sıralarında 5810 tədris müəssisəsində çalışan, oxuyan 384480 nəfər təhsil işçisi və tələbəni birləşdirdiyini vurğulayan S.Mehbalıyev həmkarlar ittifaqı üzvlərinin 251299 nəfərinin qadınlar, 133181 nəfərinin kişilər, 76514 nəfərinin isə gənclər olduğunu diqqətə çatdırıb. Daha sonra S.Mehbalıyev bu təşkilatın beynəlxalq əlaqələrinin genişləndiyindən, 2000-ci ildən ştab-qərargahı Brüssel şəhərində yerləşən və öz sıralarında 149 ölkədən 30 milyon təhsil işçisini birləşdirən “Beynəlxalq Təhsil Birliyi”nin üzvü olduğundan söz açıb. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı bu gün özünün 90 illik yubileyini dünyaya inteqrasiya şəraitində, ölkədə aparılan uğurlu təhsil strategiyasına hər zaman yardım və dəstək, Təhsil Nazirliyi ilə işgüzar tərəfdaşlıq və səmərəli əməkdaşlıq mühitində fəaliyyət göstərməklə qeyd edir. Nazir bu təşkilatın kollektivinin ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın davamlı inkişaf strategiyasının həyata keçirilməsinə, təhsil sahəsində beynəlxalq standartlara uyğun islahatların gerçəkləşməsinə, milli təhsil quruculuğunun uğurla başa çatdırılmasına öz layiqli töhfələrini bundan sonra da verəcəyinə inandığını qeyd edib. Misir Mərdanov çıxışında həmkarlar təşkilatı ilə birgə gələcəkdə həyata keçirilməsi vacib olan məsələlərə aid təkliflərini nəzərə çatdırıb və 90 illik yubiley münasibətilə bu təşkilatın bütün kollektivini təbrik edib. Sonra yubileylə əlaqədar ölkə başçısı tərəfindən imzalanmış sərəncama əsasən həmkarlar təşkilatının əməkdaşlarından 11 nəfərinə “Tərəqqi” medalı, digər 11 nəfərinə isə “Əməkdar mədəniyyət işçisi” fəxri adının döş nişanı və vəsiqələri təqdim olunub. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən həmkarlar təşkilatının 24 fəal üzvü “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və 22 həmkarlar ittifaqı fəalı isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi tərəfindən “Həmkarlar ittifaqında xidmətə görə” medalı ilə təltif edilib.
08/07/2015 16:52
İyunun 10-da təhsil naziri Misir Mərdanov Cənubi Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Li Ci Ha ilə görüşüb.
Qonağı səmimi salamlayan təhsil naziri Misir Mərdanov öncə son illər Azərbaycanla Koreya arasında əlaqələrin inkişafından və təhsil sahəsi üzrə əməkdaşlığın istiqamətlərindən söz açıb, iki ölkə arasında bu sahə üzrə müxtəlif sənədlər imzalandığını qeyd edib. Azərbaycanla Koreya arasında tələbə mübadiləsinin aparıldığına diqqət çəkən Misir Mərdanov əlavə edib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 22, ümumilikdə isə 70-dən artıq azərbaycanlı gənc hazırda Cənubi Koreya universitetlərində təhsil alır. Eyni zamanda nazir dövlət xətti ilə Koreya təqaüdləri hesabına 8 azərbaycanlı gəncin bu ölkədə oxuduğunu qeyd edib. Sonra Misir Mərdanov peşə təhsili sahəsi üzrə Koreya təcrübəsindən bəhrələnməyin əhəmiyyətini nəzərə çatdırıb və bu istiqamətdə müvafiq əməkdaşlığın yaradılmasının zəruriliyini vurğulayıb. Daha sonra təhsil naziri Azərbaycanda Peşə Təlimi Mərkəzinin yaradılması istiqamətində Cənubi Koreyanın “DAEWOO” şirkəti ilə birgə görülən işlərdən söz açaraq bu işin yaxın zamanlarda reallaşacağına inamını ifadə edib. İki ölkənin təhsil sahəsində əməkdaşlığının inkişafına xüsusi önəm verdiyini açıqlayan Misir Mərdanov bununla bağlı həyata keçirilməsi nəzərdə tutulan məsələlərdə səfirə uğurlar arzulayıb. Səfir Li Ci Ha səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlıq edib. ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafını, təhsil sahəsinin isə bu əlaqələrdə mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran səfir Azərbaycanı Koreyaya yaxın bir ölkə kimi dəyərləndirdiklərini qeyd edib. Səfir Li Ci Ha ölkəmizlə müxtəlif layihələr çərçivəsində yaradılmış əlaqələrdən və təhsil sahəsində nəzərdə tutulan fəaliyyət istiqamətlərindən söz açıb. Daha sonra səfir Azərbaycanla Koreya arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində universitetlərarası əlaqələrin və tələbə mübadiləsinin mühüm rolunu nəzərə çatdırıb. Görüşdə təhsildə “Elektron hökumət” layihəsinin və İKT-nin tətbiqi üzrə Koreya təcrübəsinin öyrənilməsi, təhsil sahəsi üzrə əməkdaşlığa dair konkret təkliflər hazırlanması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.
08/07/2015 16:52
IX SİNİFLƏR ÜZRƏ BURAXILIŞ İMTAHANLARININ VAXTI DƏYİŞDİRİLDİ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yeri dəyişdirilib. Bununla əlaqədar Bakı və Sumqayıt şəhərlərinin və həmin ərazilərdə məskunlaşmış köçkün məktəblərinin IX sinifləri üzrə buraxılış imtahanları 14 iyun 2010-cu il tarixindən 18 iyun 2010-cu il tarixinə keçirilib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı