SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 21-də Təhsil Nazirliyində “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsinin yekunlarına həsr olunmuş mərasim keçirilib.
Məlumat üçün qeyd edək ki, “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsi Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, uşaqların təhsil səviyyələrinin yüksəlməsi üçün həyata keçirilən çoxsaylı dövlət proqramı və layihələrin əhəmiyyətindən bəhs edib. Orta məktəblərdə uşaq hüquqlarına dair biliklərin şagirdlərə çatdırıldığını söyləyən E.Süleymanova bildirib ki, 2009-cu ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda “Uşaq ili” elan edilməsi respublikamızın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə zəmin yaradıb.
“Uşaq hüquqları üzrə pilləli tədris” layihəsinin həyata keçirilməsində verdiyi dəstəyə görə təhsil naziri Misir Mərdanova təşəkkürlərini bildirən Elmira Süleymanova nəzərə çatdırıb ki, layihə Bakı şəhərində pilot seçilmiş 3 orta ümumtəhsil məktəbini əhatə edib. İnsan Hüquqları üzrə Müvəkkil onu da vurğulayıb ki, layihə çərçivəsində şagirdlərə uşaq hüquqları tədris olunub, şagirdlər özlərindən aşağı siniflərdə təhsil alanlara öyrəndiklərini tədris ediblər. E.Süleymanova onu da deyib ki, tədris prosesində “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” və “Uşaq hüquqları hamı üçün” adlı tədris vəsaitlərindən istifadə olunub.
Qonaqları, müəllimləri və məktəbliləri salamlayan təhsil naziri Misir Mərdanov “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsinin uğurla yekunlaşdığını və şagirdlərin zəruri biliklərə yiyələndiklərini qeyd edib. Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə xüsusi önəm verməsinin nəticəsidir ki, son illərdə 2000-dən çox yeni məktəb və tədris ocaqları üçün əlavə korpuslar inşa olunub, şagirdlərin təhsil şəraiti yaxşılaşdırılıb, dərsliklər yenilənib, təhsil müəssisələrinin İKT ilə təminat səviyyəsi yüksəlib, yeni kurikulumların tətbiqinə başlanılıb. Ölkə təhsilinin qazandığı nailiyyətləri uğurla aparılan dövlət siyasətinin və Heydər Əliyev Fondunun davamlı olaraq həyata keçirdiyi layihələrin nəticəsi kimi səciyyələndirən təhsil naziri hazırda respublikamızda 20 şagirdə 1 kompüter düşdüyünü və bu göstəricinin yaxın gələcəkdə daha da yaxşılaşacağına əmin olduğunu söyləyib. Təhsil Nazirliyi tərəfindən layihədə iştirak edən hər məktəbdə 10 kompüterdən ibarət 1 sinif otağının yaradılmasının qərara alındığını vurğulayan Misir Mərdanov fərqlənən şagirdləri və məktəb kollektivlərini təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Yasamal rayonundakı 31 saylı məktəbin direktoru Şükufə Məmmədsalahova gələcəyimiz olan uşaqların belə bir layihədə fəal iştirakının onların hərtərəfli yetişməsinə müsbət təsir göstərəcəyinə inandıqlarını bildiriblər.
Mərasimin sonunda “Uşaq hüquqları üzrə pilləli tədris” layihəsi çərçivəsində fərqlənən şagirdlər, dərsin keçirilməsinə cəlb olunmuş müəllimlər, eləcə də təşkilati məsələlərin həllində yardımçı olmuş məktəb direktorları hədiyyə, diplom və sertifikatlarla təltif olunublar.
Mərasimdə təhsil nazirinin müavini Elmar Qasımov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva iştirak ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl