SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllimlər üçün təlimlər
Cari il ərzində 14 787 nəfər müəllim 11 proqram üzrə ixtisasartırma təlimlərində iştirak edib. Hazırda 7 min müəllim üçün “Uşaq psixologiyasının əsasları” və “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması” mövzusunda keçirilən təlimlər davam edir. 2019-2020-ci tədris ilinin sonunadək daha 26 min müəllimin ixtisasartırma proqramına cəlb olunması nəzərdə tutulur.
10/12/2019 12:12
“Kurikulum bələdçisi” kitabının təqdimat mərasimi
Dekabrın 9-da “Kurikulum bələdçisi” (izahlar və tətbiqlər) kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan BP-nin ünsiyyət və sosial sərmayələr üzrə meneceri Tamam Bayatlı layihənin əhəmiyyəti barədə fikirlərini bildirib. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək sosial sərmayə layihələrinə xüsusi önəm verdiklərini və Təhsil Nazirliyi ilə səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə edib. Bəxtiyar Aslanbəyli bundan sonra da təhsillə bağlı layihələrin reallaşdırılmasına dəstək olmağa maraqlı olduqlarını söyləyib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva öz növbəsində kurikulum anlayışından bəhs edən kitabın ərsəyə gəlməsini yüksək dəyərləndirib və bu işdə rolu olan hər kəsə təşəkkürünü bildirib. İlhamə Abdullayeva qeyd edib ki, “Kurikulum bələdçisi” (izahlar və tətbiqlər) kitabı müəllimlərin müstəqil olaraq yeni pedaqoji anlayışları öyrənə bilmələrinə mühüm dəstək olacaq. Təqdimat mərasimində çıxış edən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də hazırlanmış vəsaitin əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, kitabın nəşr edilərək dövlət ümumi təhsil müəssisələrinə, müəllimlik ixtisasını tədris edən ali təhsil ocaqlarına paylanılması təşəbbüsünün dəstəklənməsi vəsaitin faydalılığını göstərir. Kitabın hazırlanması ideyasını həssaslıqla qarşılayan və hərtərəfli köməyini əsirgəməyən Təhsil Nazirliyinə, BP-yə, vəsaitin müəlliflərinə minnətdarlığnı bildirən “Azedu.az” Təhsil Portalının baş direktoru Elşad Eyvazlı layihənin uğurla başa çatmasından məmnunluğunu ifadə edib. Tədbirdə çıxış edən kitabın müəlliflərindən Ənvər Abbasov “Kurikulum bələdçisi” (izahlar və tətbiqlər) vəsaiti barədə ətraflı məlumat verib. Ənvər Abbasov bildirib ki, kitab müəllimlərin müstəqil olaraq yeni pedaqoji anlayışları öyrənə bilmələrinə dəstək olaraq hazırlanıb. Kitabda təhsil islahatlarının tələbləri nəzərə alınıb, istər pedaqogikada, istərsə də psixologiyada bu gün üçün yeni olan ən zəruri anlayışlar əhatə edilib. Qeyd edək ki, kurikulum resursları barədə kitab və pedaqoji terminlərə dair qısa lüğət müəllimlərin və universitet tələbələrinin qabaqcıl tədris metodlarına dair biliklərinin artırılması məqsədilə sosial sərmayə layihəsi çərçivəsində hazırlanıb. Azərbaycanda Sosial Sərmayə Təşəbbüsləri çərçivəsində BP və tərəfdaşları tərəfindən maliyyələşdirilən və “Azedu.az” Azərbaycan Təhsil Portalının təşkilatçılığı ilə hazırlanan layihənin əsas məqsədi müəllimlərin və universitet tələbələrinin qabaqcıl tədris metodlarına dair biliklərini artırmaqdan ibarətdir.
09/12/2019 18:01
Şamaxıda 5 məktəbə “Merkur konstruktor dəstləri” təqdim edilib
Dekabrın 9-da Çex Respublikasının “İnkişafa yardım” layihəsi çərçivəsində Şamaxı rayonunda yerləşən Qaravəlli, Meysəri, Muğanlı, Qızmeydan, Əngəxaran kənd məktəblərinə “Merkur konstruktor dəstləri” təqdim edilib. Təqdimetmə mərasimində Çex Respublikasının ölkəmizdəki səfiri Milan Ekert, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov, Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Namiq Nağıyev və Respublika Uşaq və Gənclərin İnkişafı Mərkəzinin direktoru Firuzə Sultan-zadə iştirak edib. Qeyd edək ki, ümumi təhsil müəssisələrinə təqdim edilən konstruktor dəstlərindən fizika fənninin tədrisi zamanı, habelə məktəblilərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə istifadə olunacaq.
09/12/2019 17:44
“Kreativ Azərbaycan” portalının təqdimatı
Dekabrın 9-da Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsi keçirilib. Tədbiri Mədəniyyət naziri Əbülfəs Qarayev açaraq son illər ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlardan söz açıb. Qeyd edib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı və islahatların daha sürətlə davam etdirilməsinin zəruriliyini, eləcə də yaradıcı iqtisadiyyat kontekstində yaradıcı sənayelərin milli iqtisadiyyatda vacib rola malik olduğunu və perspektiv imkanlar açdığını nəzərə alaraq, bu sənaye sahələrinin inkişafı və yaradıcılıq proseslərinin iqtisadi və sosial təsirlərinin artırılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə müxtəlif layihələr həyata keçirilir. Bildirib ki, dünya miqyasında yaradıcı sənaye anlayışı son 10 il müddətində çox böyük kütləni birləşdirərək tamamilə yeni məkanlara, yeni düşüncələrə insanları dəvət edərək cəmiyyətin inkişafına dəyərli töhfə verilməsinə şərait yaradır. "Azərbaycanda hazırda yaradıcı sənaye vahid bir idarəetmə təsisatı kimi hələ də cəmiyyət tərəfindən düşünülmür. Bu işə yeni təfəkkür gətirmək, yeni təkan vermək bugünkü tədbirin əsas məqsədlərindəndir. İkinci amil ondan ibarətdir ki, 2021-ci il Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Yaradıcı sənayelər davamlı inkişaf naminə" ili kimi qəbul olunub. Üçüncü amil ondan ibarətdir ki, bu il Bakı səhəri UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə daxil edilib. Bakı şəhəri dizayn sahəsi üzrə yaradıcı şəhər adını uzun müddət daşıyaraq öz fəaliyyəti ilə dünya ictimaiyyətinə bu yüksək ada layiq olduğunu sübut etməlidir. Biz hamımız bunun üçün bərabər çalışmalıyıq”, - deyə nazir vurğulayıb. Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə "Yaradıcı sənayelər: qlobal trendlər və yerli imkanlar" mövzusunda çıxış edib. “Kreativ Azərbaycan” portalı haqqında məlumat verən Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov bildirib ki, “Kreativ Azərbaycan” portalı Mədəniyyət Nazirliyi tərəfindən sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat və maarifləndirmə işlərinin aparılması üçün yaradılıb. Portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və fərdlər haqqında məlumatlar əks olunub, həmçinin yaradıcı sənaye iştirakçılarının şəbəkələşməsinə dəstək göstərilib. Qeyd edib ki, portalın yaradılmasında məqsəd həmçinin Azərbaycanın yaradıcı məhsullarının “Kreativ Azərbaycan” brendi altında təşviqidir. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov da öz növbəsində müstəqil inkişaf yollarını daim arayan və buna nail olan Azərbaycanın bu gün ölkə rəhbərliyinin təşəbbüsü ilə başlanmış və müsbət inkişaf üçün bütün imkanları optimallaşdırmağa yönələn islahatların yeni mərhələsindən keçdiyini, cəmiyyətin həyatının bütün sahələrini əhatə etdiyini vurğulayıb. Təqdimat mərasiminin ardından müvafiq dövlət qurumlarının rəhbərləri və eləcə də kreativ sektorun təmsilçiləri olan ekspertlərin iştirakı ilə “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel sessiyası keçirilib. Panel sessiyada çıxış edən Təhsil naziri Ceyhun Bayramov təhsil sahəsində aparılan islahat və yeniliklərin ölkəmizdə yaradıcı sənayenin inkişafına verdiyi mühüm töhfələrdən danışıb. Təhsil naziri cari tədris ilindən ölkəmizin 42 ümumtəhsil məktəbində 6500 şagirdin cəlb olunduğu STEAM layihəsinin icrasına başlanıldığını, habelə növbəti ildən layihənin əhatə dairəsinin genişləndiriləcəyini və təhsilalanların sayının 20 minə çatdırılacağını diqqətə çatdırıb. Ceyhun Bayramov bu istiqamətdə həyata keçirilən tədbirləri qeyd edərək məktəblərə 3D formatlı printerlərin verildiyini, müəllimlərin İsraildə STEAM əsaslı təlimlərə qatıldığını bildirib. Nazir çıxışında yaradıcı potensialın inkişaf etdirilməsində xüsusi əhəmiyyəti olan "Rəqəmsal bacarıqlar" layihəsinin uğurla davam etdirildiyinə də toxunub. Təhsil naziri çıxışında yeni dövrün çağırışlarına müvafiq olaraq təhsilalanların yaradıcı qabiliyyətlərinin və səriştələrinin inkişafı, onların əmək bazarına hazırlanması baxımından son illər ali və peşə təhsili sahəsində bir sıra məqsədyönlü islərin aparıldığını da diqqətə çatdırıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev, "British Council" təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Samr Şah da çıxış edərək yaradıcı sənaye barədə fikirlərini bölüşüblər. Daha sonra interaktiv formada davam edən panel sessiyada tədbir iştirakçılarının sualları cavablandırılıb.
09/12/2019 15:14
Təhsil naziri payız semestrinin imtahan sessiyasının təşkili barədə əmr imzalayıb
Təhsil naziri Ceyhun Bayramov ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər. Şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələri və valideynlərin iştirakına şərait yaradılacaq, nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumat veriləcək. Qeyd edək ki, əmr imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması məqsədi daşıyır.
09/12/2019 12:37
“Məktəbimizdə” – fotorubrika
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Qubadlı rayonu Qaralar kənd tam orta məktəbindəndir. Təhsil ocağı 1986-cı ildə Qubadlı rayonunun Qaralar kəndində 8 illik məktəb kimi fəaliyyətə başlayıb. 1987-ci ildən isə tam orta məktəb statusu alan ümumi təhsil müəssisəsi 1993-cü ilin sentyabr ayından Sumqayıt şəhərində fəaliyyətini davam etdirib. 2001-2002-ci tədris ilindən isə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yeni tikilmiş binada fəaliyyət göstərir. İki korpusdan ibarət olan tədris binası hər cür şəraitlə təmin olunub. Hazırda məktəbdə təhsil alan 640 nəfər şagirdin təlim-tərbiyəsi ilə 41 nəfərdən ibarət pedaqoji işçi heyəti məşğul olur. Son illərdə məktəbi bitirən şagirdlərin 80-90 faizi ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər. 2018-2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən məzunların 16 nəfərindən 15-i tələbə adını qazanıb, bununla da məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəricisi 94 faiz olub. Dövlət İmtahan Mərkəzi tərəfindən məzunların ali təhsil müəssisələrinə qəbulu ilə bağlı aparılan təhlillərin nəticəsinə görə, qeyd olunan məktəb dəfələrlə respublikanın ən yaxşı məktəbləri sırasına daxil edilib. Məktəbin şagirdləri respublika səviyyəli layihələrdə iştirak etməklə bir çox uğurlar qazanıb, müxtəlif dərəcəli diplom və mükafatlara layiq görülüblər. "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.
09/12/2019 12:10
Təhsil naziri İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Dekabrın 6-da Təhsil naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Sami Abdullah Ğoşeh ilə görüşüb. Görüşdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
06/12/2019 16:59
“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şabran şəhəri 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Gülnar Mirzəyevaya həsr olunub. Gülnar Mirzəyeva 2013-cü ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək hazırda pedaqoji fəaliyyətini davam etdirdiyi məktəbdə biologiya fənnini tədris etməyə başlayıb. O, 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 56 bal toplayıb. Gülnar müəllim deyir ki, şagirdlərin hər birinə fərdi yanaşma çox önəmlidir. Müəllim əsasən onun qarşısında deyil, yanında olmalıdır: “Mən şagirdlərimə uğur qazanmaq üçün keçdiyim bütün çətinlikləri danışıram. İstəyirəm ki, qarşılaşdıqları çətinliklərə görə məqsədlərindən dönməsinlər. Özümü onlarla eyniləşdirirəm, onların indi keçdikləri yolları mənim də keçdiyimi xatırladıram. Onlar üçün çətinliklərlə mübarizədə uğurlu nümunə ola bilmək məni çox sevindirir”. Gülnar Mirzəyevanın sözlərinə görə, müəllim öyrədən kimi də şagirdin yanında olmalı, ona istiqamət verməlidir, bir dost kimi də onun üçün hər zaman problemini bölüşə biləcək qədər əlçatan olmalıdır. Təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlərinə görə Gülnar Mirzəyeva bu il Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. Gülnar müəllimin “Biologiya fənnindən olimpiadalara hazırlaşmaq istəyən şagirdlər üçün vəsait” layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olub. “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
06/12/2019 14:24
Filarmoniyada növbəti xeyriyyə konserti
Dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, Macarıstanlı musiqiçi Erdi Tamaş və Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin xeyriyyə konserti təşkil olunub. Konsert Macarıstanın ölkəmizdəki səfirliyi və “Nargis” Fondunun birgə təşkilatçılığı ilə reallaşıb. Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi çıxış edərək iki ölkə arasında mədəni əlaqələrdən danışıb. Bildirib ki, belə tədbirlər qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verir. Tədbirdə iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrindən söz açaraq bildirib ki, bu əlaqələr yüksək səviyyədə inkişaf edir, mövcud ikitərəfli əməkdaşlıq daha da genişləndirilib. Nazir müavini deyib ki, 600-dən çox Azərbaycan vətəndaşı Macarıstan hökumətinin təqaüdü ilə ali təhsilin müxtəlif səviyyələri üzrə həmin ölkədə təhsil almaq hüququ qazanıb. Firudin Qurbanov iki ölkənin ali təhsil müəssisələri arasında mövcud sıx əməkdaşlığa da diqqət çəkib. Nazir müavini ötən il də Macarıstan səfirliyinin təşkilatçılığı ilə eyni məzmunlu xeyriyyə konsertinin təşkil olunduğunu, tədbirdən toplanmış bütün vəsaitin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi üçün Brayl çap maşının əldə olunmasına yönəldiyini xatırladıb. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışının sonunda xeyriyyə məzmunlu tədbirin təşkilinə görə təşkilatçılara təşəkkür edib. Daha sonra Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edən, uşaq ikən görmə qabiliyyətini itirən Tamaş Erdi azərbaycanlı həmkarı Əyyub Quliyevlə səhnəni paylaşıb. Konsertin xeyriyyə məqsədinə dəstək olaraq tədbirin bədii hissəsindən sonra Dövlət Filarmoniyasının foyesində Macarıstan səfirliyi tərəfindən kiçik xeyriyyə yarmarkası təşkil olunub. Yarmarkada tədbirə özəl gətirilmiş qış mövsümünün başlanğıcını simvolizə edən Macarıstan təamları və şirniyyatları satışa çıxarılıb. Qeyd edək ki, konsertin bilet satışından əldə olunan gəlir Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin ehtiyaclarının qarşılanması və sağlamlıq imkanları məhdud olan uşaqlar və 5 nömrəli xüsusi internat məktəbinin şagirdləri üçün Brayl lövhələrinin alınmasına yönləndiriləcək.
06/12/2019 11:38
Müəllimlər İsraildə “STEAM” təlimində
Təhsil Nazirliyinin “ORT İsrael” məktəblər şəbəkəsi ilə əməkdaşlığı çərçivəsində 50 nəfər təhsil mütəxəssisinin İsrailə səfəri davam edir. Səfər çərçivəsində İsraildən olan mütəxəssislər tərəfindən STEAM mövzusundakı proqramın Azərbaycan kurikulumlarına uyğunlaşdırılması, bu məzmunun ölkəmizdən olan mütəxəssislərə çatdırılması və məktəblərdə tətbiqi ilə bağlı müəllimlərə metodik dəstək göstərilir. Müəllimlər PBL (Project Based Learning – Layihə Əsaslı Öyrənmə), Mobil Öyrənmə, Engineering Design Process (Mühəndisliyin Dizayn Prosesi), Nanotexnologiya, Neuroscience, Refleksiya, eləcə də digər öyrənmə metod və vasitələrdən istifadə etməyi öyrənirlər. 24 günlük təlim çərçivəsində ORT Tiv`, Kfar-Galim, ORT Kiryat Motzkin, ORT Achva Gilboa məktəblərinə infoturlar təşkil edilib. Məktəblərdə "High Tech" və "Low Tech" laboratoriyaları da fəaliyyət göstərir. Həmin məktəblərdə əsas fənlərdən əlavə elektronika, kompüter texnologiyaları, robotexnika və aqrotexnologiyalar tədris olunur. Həmçinin mütəxəssislər üçün Tel-Əviv elm muzeyinə də ekskursiya təşkil olunub. Muzeyin tərkibində olan Elektrik Mühəndislik Laboratoriyasında müəllimlər kiçik layihələr üzərində işləyiblər. Təlimə qatılan müəllimlər "Personal Practice" və "Escape Box" Kvest Texnologiyalar seminarlarında iştirak ediblər. Qeyd edək ki, STEAM (Science, Technology, Engineering, Art and Mathematics) təlimi dekabrın 10-na kimi davam edəcək.
06/12/2019 10:57
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı