SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Qeyd olunduğu kimi bu gün Respublika fənn olimpiadalarının final mərhələsi keçirilir.
Ölkəmizin müxtəlif bölgələrindən gələn olimpiada iştirakçılarının və onların valideynlərinin təəssüratlarını təqdim edirik. Həbibova Lamiyə, Gəncə şəhəri, 25 nömrəli məktəbin şagirdi, tarix fənni - İmtahanların keçirilməsi üçün çox yaxşı şərait yaradılıb. Dünəndən burdayıq. Yaxşı istirahət edib imtahana açıq zehinlə başladım. Əminəm ki, yaxşı yer tutacam. Dadaşov Taleh, Bakı şəhəri 271 nömrəli tam orta məktəbin şagirdi, Azərbaycan dili və ədəbiyyat - Suallar maraqlı idi, sakit şəraitdə hamısını həll elədim. İmtahandan bir gün qabaq burda olmağımız əməlli-başlı bizim üçün maraqlı günə çevrildi. Kərimova Türkan, Mingəçevir şəhəri 5 nömrəli orta məktəbin şagirdi, Azərbaycan dili və ədəbiyyat fənni - Mingəçevirdən bura gələndə çox həyəcanlı idim. Amma qarşılanma xoşuma gəldi. Bir gün qabaqdan burdayıq. Yaxşı dincəldim, yaxşı vaxt keçirdik, bu gün imtahana da həvəslə girdim. Yer tutacağımı gözləyirəm. Məmmədli İlhamə, Tovuz rayonu 1 nömrəli tam orta məktəbin şagirdi, tarix fənni - Təşkilatçıların bizə qayğısı xoşuma gəldi. Bura gələndə ancaq imtahanı fikirləşirdim və həyəcanlanırdım. Ancaq gəldik bura, bir gün qaldıq, əyləndik və imtahan həyəcanı demək olar ki yox oldu. Məmmədova Cəmilə, İsmayıllı rayonu Xankəndi məktəbin şagirdi, coğrafiya fənni - İmtahanda yaxşı iştirak etdim, düzdü, narahatam nəticəmdən. Burda elə gözəl gün keçiririk ki, gələndən həyəcanım yox olub. Şahverənova Simarə, Cəbrayıl rayonu Xanış Rüstəmov adına orta məktəbin şagirdi - İlk dəfə idi ki, imtahana həvəslə girirdim. Burda keçirdiyimiz anlar mənim xatirimdə həmişəlik qalacaq. Həsənov Muxtar, Astara rayonu 3 saylı tam orta məktəbin şagirdi, tarix fənni - Bu dəfəki olimpiada mənim üçün təkcə imtahandan ibarət olmadı. Burda mən müxtəlif rayonlardan yaşıdlarımla tanış oldum, birlikdə gəzdik, oyunlarda iştirak etdik. Çox maraqlıdı. Hüseynova Gülbəniz, Cəbrayıl rayonu 10 nömrəli tam orta məktəbin şagirdi, tarix fənni - Olimpiada sualarını hamısını yazmışam. Yer tutacağıma əminəm. Dünəndən burdayıq, xeyli dost qazandım bu dəfəki olimpiadada. Əmirov Ülvi, Göygöl rayonu 3 nömrəli tam orta məktəbin şagirdi, biologiya fənni - Birinci dəfədir ki, belə maraqlı bilik yarışında iştirak edirəm. Ümumilikdə, olimpiadanın belə təşkili çox xoşuma gəldi. Burda keçirdiyim günlər yadımdan çıxmaz. İsmayılova Sima, Bakı şəhəri - Bu olimpiadada mənim qızım Aygül iştirak edir. O 204 nömrəli məktəbdən bu yarışmaya qatılıbdır. Olimpiadanın təşkilatçılarına öz təşəkkürümü bildirmək istəyirəm. Qarşılanma və yerləşdirmə xoşuma gəldi. Hacıyeva Rəhimə, Yevlax rayonu - Nəvəmi olimpiadaya gətirmişəm. Uşaq artıq 2 gündü bu oteldə qalır. Xoşuna gəlib, biz də rahatıq ki, rayondan gələnlərə belə şərait yaradıblar. Musayeva Maral, Tovuz rayonu - Qızım Səidə Aşağı Quşçu kəndində oxuyur. Onu olimpiadaya gətirmişəm. Rayonda yüksək bal toplayıb finala çıxıb. Sevinirik ki, qızım finala düşüb, qızımın isə burdan xoşu gəlib.
08/07/2015 16:52
Təhsil Nazirliyinin Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məşğul olan sağlamlıq imkanları məhdud dərnək üzvlərinin “Abşeron” Rəsm Qalereyasında sərgisi keçirilib.
“Rənglərin dili ilə” adlı sərgidə Nərmin Hümbətzadə, Lalə Həsənova, Nigar Məmmədova, Əli İsgəndərli, Vüsal Salmanlı və Nihad Vəliyevin əsərləri nümayiş etdirilib. 3 gün davam edən sərginin təşkilində məqsəd xüsusi qayğıya ehtiyacı olan istedadlı uşaqların aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsindən ibarətdir. Sərginin açılış mərasimində Rəssamlar İttifaqının sədr müavini Ağaəli İbrahimov, Yaradıcılıq Mərkəzinin rəhbəri Lalə Qəti, “Abşeron” Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov, “Uluslararası Aktivist Sanatçılar Birliyi”nin Azərbaycan üzrə nümayəndəsi Nevai Metin, həmçinin müəllimlər və valideynlər iştirak ediblər. Sərgidə “Rəsm” studiyasının rəhbəri Nərmin Abdullayevanın yetirmələrinin 60-a yaxın rəsm işi – milli və müasir üslubda işlənmiş kompozisiyalar, portretlər, təbiət rəsmləri, dekorativ kompozisiyalar nümayiş olunub. Rəsm işləri rəngkarlıq və qrafika janrlarında işlənib. Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan bu uşaqlar müxtəlif rayon, şəhər, respublika, həmçinin beynəlxalq miqyaslı uşaq rəsm müsabiqə və sərgilərində iştirak edib, diplom və fəxri fərmanlar qazanıblar.
08/07/2015 16:52
Aprelin 20-də Respublika fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ali məktəb rektorları, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, təhsil ekspertləri, məktəb direktorları, qabaqcıl müəllimlər, valideynlər, şagirdlər və media nümayəndələri iştirak ediblər. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan təhsilinin hərtərəfli inkişafının daim dövlətin diqqət mərkəzində olduğunu söyləyərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Nazir, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi davamlı layihələrin müstəsna əhəmiyyət daşıdığını nəzərə çatdırıb. Nazir qeyd edib ki, fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər və rayon məktəblərindən 450 şagird iştirak edib. Bu il fənn olimpiadalarının keçirilməsi bir sıra yeniliklərlə müşayiət olunub. İlk dəfə olaraq üç mərhələdə keçirilmiş fənn olimpiadalarının I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq, keçirilmiş yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Final mərhələsində iştirak edən şagirdlərdən 240 nəfərin mükafatçılar sırasına daxil olduğunu nəzərə çatdıran nazir qaliblər arasından beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizədlərin seçiləcəyinə diqqət çəkib. Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu il ölkədə fənn olimpiadalarının keçirilməsi qaydalarına əsaslı dəyişikliklər edilib: “İnanırıq ki, iştirakçılar arasında sabahın dünya və beynəlxalq olimpiadasının qaliblərini görəcəyik”. Nazir qeyd edib ki, bu ilki olimpiadanı beynəlxalq analoji olimpiadanın qaydalarına uyğun keçirməklə müəyyən təcrübə qazanmaq məqsədi daşıyırdı. Onun fikrincə, Azərbaycanın təhsil sahəsində uğurları ilə fəxr etməyə bir çox səbəbləri var: “2013-14-cü tədris ilində beynəlxalq və dünya olimpiadalarında 18 qızıl medal qazanılıb. İnanırıq ki, bu ilki uşaqların nəticələri daha da yüksək olacaq. Olimpiadaya olan münasibətin ən yaxşı göstərici ora qatılan şagirdlərin sayıdır. Bu il olimpiadaya 22 min şagird qatılıb. Bu da ötən illə müqayisədə 4 dəfə çoxdur. Bu ilki qaliblər ölkənin 23 bölgəsindən gəlib və bu da müxtəlif bölgələrdə istedadlı gənclərin yetişməsi üçün lazımlı şəraitin olmasından irəli gəlir. Qızıl medal qazanan şagirdlər respublikanın 14 bölgəsini təmsil edib və bu da yüksək göstəricidir”. Təhsil naziri bu il Azərbaycan üçün böyük yarışlar və olimpiadalar ili olduğunu vurğulayıb: “Ən böyük yarış Avropa oyunlarıdır və iyunda bu yarışın ölkəmizdə keçirilməsi ilə dövlətimiz adını idman tarixinə yazır. Eyni zamanda ölkəmizdə beynəlxalq dünya kimya olimpiadası keçiriləcək. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi işlər görülür. Çıxışının sonunda təhsil naziri orta məktəb şagirdlərinin olimpiadalara xüsusi hazırlıq mərhələsindən keçməsinin vacibliyini nəzərə çatdırıb və belə möhtəşəm bilik yarışının təşkilində zəhməti olan hər kəsə təşəkkürünü bildirib. Tədbirdə çıxış edənlər belə bilik yarışlarının təhsilin inkişafına müsbət təsir etdiyini vurğulayıblar. Olimpiadaların sonuncu günündə qaliblərə medallar və Təhsil Nazirliyinin qiymətli hədiyyələri təqdim edilib. Xatırladaq ki, fənn olimpiadalarının keçirildiyi gün nəticələr elan olunub və Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) və “Facebook” səhifəsində (https://www.facebook.com/tehsil.gov.az) yerləşdirilib. Tədbirin media dəstəkçisi APA holdinqdir.
08/07/2015 16:52
Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi (RETTM) yeni təhsil proqramına start verir.
YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının muzey və təhsil proqramları layihəsi çərçivəsində realaşdırılacaq yeni proqram 18 may-Beynəlxalq Muzey Gününə həsr olunur. Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Respublika Turizm və Diyarşünaslıq Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçiriləcək “Məktəblilər üçün muzey həftəsi – muzeylər və ekologiya” proqramının məqsədi məktəblilərin Bakı şəhərində fəaliyyət göstərən muzeylərin tarixi, etnoqrafik-mədəni ekspozisiyası barədə maarifləndirilməsidir. Layihə üzrə mövzuya aid eksponatlar, artefaktlar, yaradıcılıq işləri haqqında məlumat toplayaraq xüsusi interaktiv metodiki – maarifləndirici marşrutlar müəyyən ediləcək və muzey proqramları təşkil olunacaq. Eyni zamanda məktəblilər ölkənin aparıcı muzeylərinin kolleksiya fondunun ekoloji və etnoqrafik aspektləri ilə tanış olacaqlar. Həmçinin, şagirdlərə insan, ətraf mühit və cəmiyyətin davamlı inkişaf konsepsiyası barədə məlumat veriləcək. Qeyd edək ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası (İKOM) tərəfindən 2015-ci il “Muzeylər və cəmiyyətin davamlı inkişafı” ili elan edib.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş məktəblilərarası respublika şahmat festivalı qaliblərinin mükafatlandırılması mərasimi olub.
4 yaş qrupu üzrə oğlan və qızlar arasında fərdi, eyni zamanda komanda hesabında 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərinə Təhsil Nazirliyi tərəfindən kubok, diplom və qiymətli hədiyyələr təqdim olunub. Komanda hesabında 1-ci yeri Sumqayıt şəhəri, 2-ci yeri Ucar rayonu, 3-cü yeri isə Mingəçevir şəhərinin komandaları tutub. Qeyd edək ki, yarışın I mərhələsi “Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəbləri arasında keçirilib və rayon (şəhər) üzrə qalib şagirdlərdən ibarət yığma komandalar yaradılıb. Yarışlarda “Şahmat” fənni tədris olunan 494 pilot məktəbdən 3 min nəfərdən çox şagird iştirak edib. Final yarışında isə 400-ə yaxın şagird mübarizə aparıb.
08/07/2015 16:52
Təhsil Nazirliyinin ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilən ifa üzrə Respublika müsabiqəsinin zona mərhələsinə yekun vurulub.
Müsabiqənin keçirilməsində əsas məqsəd ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin asudə vaxtlarını səmərəli təşkil etmək, xüsusi istedada malik gəncləri üzə çıxarmaq, gənclərin ifa mədəniyyətini yüksəltmək, onlarda musiqiyə, şeirə, rəqsə məhəbbət hissləri aşılamaq, Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və milli rəqslərin öyrənilməsi istiqamətində aparılan işləri daha da inkişaf etdirmək, gənc nəslin milli-mənəvi, estetik tərbiyəsini yüksəltməkdən ibarətdir. Müsabiqə Azərbaycan bəstəkarlarının estrada mahnıları, təsnif və xalq mahnıları, şeir, milli rəqs nominasiyaları üzrə keçirilib. Müsabiqənin zona mərhələsi martın 2-dən aprelin 16-dək Gəncə, Lənkəran, Qəbələ, Ağcabədi, Şamaxı, Sumqayıt, Şirvan və Bakıda keçirilib. Zona mərhələsində hər nominasiya üzrə I və II yerləri tutan şagirdlər və tələbələr aprelin 24-də Bakı Sosial Pedaqoji Kollecində keçiriləcək respublika mərhələsində iştirak etmək hüququ qazanıblar. Qeyd edək ki, Təhsilalan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin əməkdaşları yerlərdə yaradılmış münsiflər heyəti ilə birgə müsabiqənin obyektiv keçirilməsi və iştirakçılardan daha istedadlılarının Respublika mərhələsinə seçilməsinə köməklik göstəriblər.
08/07/2015 16:52
Prezident İlham Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkonu qəbul edib.
Pyotr Qlıboçko Bakıda gedən çox böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğuladı. O, ölkəmizin müvafiq strukturları iləəməkdaşlığa toxunaraq rəhbərlik etdiyi təhsil ocağında xeyli sayda azərbaycanlı tələbənin uğurla təhsil aldığını qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda təhsilə dövlət səviyyəsində böyük qayğının göstərildiyini qeyd edərək bu sahənin ölkəmizin inkişafının əsas prioritetlərindən biri olduğunu vurğuladı, gənc nəslin hərtərəfli inkişafı istiqamətində, o cümlədən peşəkar tibb kadrlarının yetişdirilməsi sahəsində ölkəmizdə genişmiqyaslı işlərin həyata keçirildiyini bildirdi. Görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. www.president.az
08/07/2015 16:52
Aprelin 30-da Azərbaycan Müəllimlər İnstitutunda «Müasir şəraitdə yaşlıların təhsili: problemlər və perspektivlər» mövzusunda respublika elmi konfransı keçirilib.
Plenar iclası Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı açaraq müasir şəraitdə təhsilin mühüm məsələlərindən birinə həsr olunmuş elmi konfransın «Yaşlıların təhsili XXI əsrin açarıdır» şüarı altında keçirildiyini bildirib. Mövzu ilə bağlı müəyyən fikirlərini söyləyən rektor çıxış üçün sözü təhsil naziri Misir Mərdanova verib. Təhsil naziri yaşlıların təhsili ilə bağlı respublika elmi konfransının keçirilməsini yüksək qiymətləndirərək bu məsələnin son dərəcə aktual olduğunu və hamı üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Nazir qeyd edib ki, yaşlıların təhsili ömür boyu təhsil sisteminin tərkib hissəsi olmaqla vətəndaşların cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin etmək məqsədilə çevik tədris proqramları əsasında həyata keçirilən təhsil prosesidir. Avropa ölkələrində yaşlıların təhsilinin insanların davamlı məşğulluğunu və fəal vətəndaş mövqeyini təmin edən təhsil sistemi və yaxud da təhsil sisteminin tərkib hissəsi kimi başa düşüldüyünü vurğulayan Misir Mərdanov bildirib ki, son 10 il ərzində yaşlıların təhsili beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Nazir qeyd edib ki, 2002-ci ildən başlayaraq Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu Azərbaycanda yaşlıların təhsili üzrə 30-a yaxın tədbir həyata keçirib. Təhsil naziri daha sonra yaşlıların təhsili və ənənəvi təhsil arasındakı fərqlərdən, yaşlıların təhsili kontingentinə aid olunan sosial-demoqrafik qruplardan söz açaraq deyib ki, müxtəlif ölkələrin bu sahədə təcrübəsinin təhlili cəmiyyət inkişaf etdikcə təhsilə tələbatın artmaqda olduğunu göstərir. Hər bir insanın cəmiyyətin iqtisadi, sosial, mədəni və siyasi həyatında fəal iştirak etməsi üçün öz peşə, bilik və bacarığını, şəxsi keyfiyyətlərini kəmiyyət və keyfiyyət baxımından daim yeniləşdirməsinin vacibliyini önə çəkən nazir yaşlıların təhsili ilə bağlı bir sıra digər mühüm məsələlərdən, bu istiqamətdə aparılan təhlillərin nəticələrindən, həmçinin əldə olunan nailiyyətlərdən bəhs edib. Nazir çıxışında ixtisasartırma və yenidənhazırlanma təhsilinə də xüsusi toxunub, bununla bağlı Təhsil Nazirliyində görülən işlərdən ətraflı söz açıb. Çıxışının sonunda ölkəmizdə yaşlıların təhsili sisteminin təkmilləşməsi üzrə bir sıra təkliflərini diqqətə çatdıran təhsil naziri Misir Mərdanov konfransın işinə uğurlar arzulayıb. Sonra Azərbaycan Müəllimlər İnstitutunun təhsilin idarəedilməsi kafedrasının müdiri Ramiz Məmmədzadə «Azərbaycanda yaşlıların təhsilinin müasir problemləri», ADPU-nun kompüter mərkəzinin direktoru İlham Əhmədov «Distant pedaqoji təhsilin konseptual və təşkilati problemləri» mövzularında məruzələr ediblər. Təhsil nazirinin müavini İsgəndər İsgəndərov yaşlıların təhsili, distant təhsillə bağlı öz fikir və mülahizələrini söyləyib və iştirakçılara konfransın işində fəal olmağı tövsiyə edib. Plenar iclasdan sonra respublika elmi konfransı öz işini bölmələrdə davam etdirib.
08/07/2015 16:52
Aprelin 21-də Təhsil Nazirliyi “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə (velosiped, voleybol, stolüstü tennis, taekvando, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, yüngül atletika, akrobatika və bədii gimnastika) məktəblilərarası zona yarışlarına start verib.
I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində təşkil olunan bu yarışlar mayın sonunadək davam edəcək. Yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı nəzərdə tutulub. Zona yarışlarının keçirilməsində məqsəd I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsinin və idmanın rolunu artırmaqdan ibarətdir. Zona yarışlarının qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı