SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2015-cü ilin mart ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 5340 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 12 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 2,4 dəfə çox) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 2884 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 337 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 897 sənəd (256 ərizə, 504 məktub, 137 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin (diplomların) tanınması, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul, ümumtəhsil müəssisələrində şagirdlərin yerdəyişməsi, ali təhsil müəssisələrinə bərpası və köçürülməsi, müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı (1375 zəng) və bazar ertəsi (1183 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 15:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (827 müraciət) və bazar ertəsi (612 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
08/07/2015 16:52
“SABAH-ın könüllüsü” birinci Avropa Oyunlarını dəstəkləyir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının könüllüləri tərəfindən “Bakı 2015” 1-ci Avropa Oyunları ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Tədbirlər “SABAH-ın könüllüsü” proqramı çərçivəsində SABAH qruplarının fəaliyyət göstərdiyi 7 baza ali təhsil müəsisəsini əhatə edəcək. “SABAH-ın könüllüsü” proqramı SABAH qruplarının tələbələrinin, akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsini, eləcə də tələbələrin idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədi ilə fəaliyyət göstərir. “SABAH-ın könüllüsü” olan tələbələr könüllü komandalar şəklində layihə, proqram və tədbirlərin təşkilində iştirak edir, müxtəlif aksiyalar həyata keçirirlər. Bununla da onlar tədris prossesində əldə etdikləri bilik və bacarıqları tətbiq edərək tələbəlik dövründən peşəkar bacarıqlara yiyələnmək imkanı əldə edirlər. SABAH İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev qeyd edib ki, “SABAH-ın könüllüsü” olmaq tələbələrə asudə vaxtlarını səmərəli dəyərləndirməyə, komandalar şəklində fəaliyyət göstərərək, həm mövcud bilik və bacarıqlarını inkişaf etdirməyə, həm də yeni bacarıqlara yiyələnməyə və real təcrübə qazanmağa imkan verir. O, həmçinin qeyd edib ki, artıq “SABAH-ın könüllüsü” proqramı çərçivəsində könüllülərlə bir sıra görüşlər keçirilib. Həmçinin, könüllülər tərəfindən təşəbbüslərinin reallaşdırılması istiqamətində planlaşdırma həyata keçirilib. SABAH qruplarında təhsil alan bütün tələbələr “SABAH-ın könüllüsü” ola, öz təşəbbüsünü irəli sürə, bu təşəbbüslərin reallaşdırılmasında təşkilatçı və iştirakçı kimi iştirak edə bilərlər. “SABAH-ın könüllüsü” olmaq üçün SABAH qruplarında təhsil alan tələbələr konullu.sabah@edu.gov.az ünvanına müraciət edə bilər. “SABAH-ın könüllüsü”nün fəaliyyətini SABAH qruplarının rəsmi saytı (www.sabah.edu.az) və “facebook” sosial şəbəkəsində rəsmi səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az) izləmək mümkündür. Məlumat üçün qeyd edək ki, SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələbələrə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədi ilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 33 ixtisas üzrə 755 tələbəni əhatə edir.
08/07/2015 16:52
Aprelin 2-də Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyində xidmət sahələrinə kadr hazırlığı layihələrinin təqdimat mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov və nazirliyin digər rəhbər şəxsləri, xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Layihələrin təqdimatı zamanı məlumat verilib ki, Təhsil Nazirliyi ilə “Abşeron Hotel Group” MMC arasında razılaşmaya əsasən, 5 nömrəli Bakı Peşə Liseyində ekspertlər tərəfindən 430 şagirdə beynəlxalq standartlara uyğun təlimlər keçiriləcək. Bu təlimlərin məqsədi I Avropa Oyunlarının keçirilməsi ərəfəsində Bakıda istifadəyə veriləcək yeni beş ulduzlu “Bulvar Hotel” və “İnturist Hotel” mehmanxanaları üçün kadr ehtiyatı yaratmaqdır. Layihələrlə tanışlıq mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov peşə təhsili sahəsində belə miqyasda təlim layihəsinin ilk dəfə həyata keçirildiyini bildirib. Nazir bu layihənin turizm-xidmət sahəsinin kadrlarla təmin olunmasına böyük töhfə verəcəyini vurğulayıb. Təlimlərdən keçən gənclər Avropa Oyunları ərəfəsində istifadəyə veriləcək mehmanxanalarda və “Absheron Hotel Group” MMC-nin tərkibinə daxil olan digər restoranlar şəbəkəsində işlə təmin olunmaq şansı qazanacaqlar. “Absheron Hotel Group” MMC-nin direktoru Mark Harald Ehler çıxışında 2015-ci ilin iyununda keçiriləcək Avropa Oyunları ilə əlaqədar ölkəmizə idmançılarla birgə çoxsaylı qonaqların gələcəyini xatırladıb. Bunun üçün xidmət sahələrinin beynəlxalq stantdartlara uyğunlaşdırılması ilə yanaşı kadrların peşəkarlıq səviyyəsinin artırılması da əsas məsələlərdəndir. Rəsmi hissədən sonra qonaqlar liseydə layihə çərçivəsində keçirilən təlim prosesini izləyiblər. Daha sonra, tədbir iştirakçıları “Müasir Azərbaycan Peşəkarları” layihəsi çərçivəsində yeni yaradılmış mühafizəçi kurslarının təlim otaqları eləcə də hərbi kabinet ilə tanış olub, “Eldar studio” şirkəti ilə birgə tədris olunan bərbərlik ixtisası üzrə təlim prosesini izləyiblər.
08/07/2015 16:52
İctimaiyyətin diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqı artımı ilə bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq, əmək haqqı artımı cədvəlini faiz göztəriciləri ilə təqdim edirik.
Beləliklə, hesablamalara əsasən,diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin 43,3 faizinin əmək haqqısı 30-40 faiz, 32,7 faizinin əmək haqqısı 20-30 faiz, 7,1 faizinin əmək haqqısı 15-20 faiz həcmində artıb.
08/07/2015 16:52
“Bakı-2015” I Avropa Oyunları ərəfəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Azərbaycan musiqisinin təbliği istiqamətində yeniliyə imza atıb.
Bu yenilik dünya musiqi xəzinəsində özünə layiqli yer tutmuş klassik musiqi irsimizi, muğam sənətinin incilərini şəhərimizin qonaqlarına tanıtmaqla bərabər, onların diqqətini Bakı Musiqi Akademiyasının memarlıq nümunəsi olan binasına cəlb edəcək. Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova bildirib ki, tədris ocağının binası üzərində quraşdırılan xüsusi avadanlıqlar vasitəsilə səsləndirilən klassik və milli musiqi nümunələri növbəti aylarda I Avropa Oyunları ilə əlaqədar paytaxtımıza gələcək çoxsaylı qonaqların, şəhər sakinlərinin ovqatını oxşayacaq, onlarda xoş təəssürat və məmnunluq hissi yaradacaqdır.
08/07/2015 16:52
Sentyabrın 11-də Bakı şəhərinin Biləcəri qəsəbəsində yeni inşa olunmuş 327 və Lökbatan qəsəbəsindəki 333 nömrəli körpələr evi-uşaq bağçalarının açılışı olub.
Açılış mərasimində təhsil naziri Misir Mərdanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərləri, Qaradağ və Binəqədi rayonlarının icra hakimiyyətlərinin başçıları, YUNİSEF-in Bakı ofisinin rəhbəri və digər rəsmi şəxslər iştirak edib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov sakinləri yeni uşaq bağçalarının fəaliyyətə başlanması münasibətilə təbrik edib. Prezident İlham Əliyevin 10 sentyabr 2009-cu il tarixli «Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə» Sərəncamının əhəmiyyətindən söz açan nazir dövlətin məktəbəqədər təhsil müəssisələrinə daim diqqət və qayğı göstərdiyini nəzərə çatdırıb. Nazir vurğulayıb ki, ilin sonunadək 6 dövlət məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir olunacaq və 3 özəl bağça körpələrin ixtiyarına veriləcəkdir. Heydər Əliyev Fondunun vəsaiti hesabına yaxın vaxtlarda regionlarda daha bir neçə məktəbəqədər təhsil müəssisəsinin tikilərək uşaqlara hədiyyə ediləcəyini söyləyən Misir Mərdanov göstərilən yüksək diqqət sayəsində yaxın illərdə məktəbəqədər təhsil müəssisələrinin problemlərinin aradan qaldırılacağına əminliyini ifadə edib. Sonda nazir və digər qonaqlar uşaq bağçalarında balacalar üçün yaradılmış şəraitlə tanış olublar. Onu da qeyd edək ki, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən müasir avadanlıq və əyani vəsaitlərlə təmin edilib.
08/07/2015 16:52
Aprelin 3-də Azərbaycan Dövlət İqtsadi Univeristeti (ADİU) ilə Oxbridge Educational Services (OES) təşkilatı arasında razılaşma memorandumunun imzalanması mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, ADİU-nun rektoru Ədalət Muradov və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. ADİU dünyanın qabaqcıl univeristeti hesab olunan London İqtisadiyyat Məktəbi (LSE) ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq tədris və təlim xidmətləri sahəsində dünyanın ən nüfuzlu təşkilatlarından biri olan “Pearson” şirkətinin Oxbridge Educational Services (OES) təşkilatının dəstəyi ilə həyata keçiriləcək. Əməkdaşlıq çərçivəsində ADİU-da London İqtisadiyyat Məktəbinin bakalavr dərəcə proqramının təşkili, eləcə də Universitet Hazırlıq Proqramı (University Foundation Program) və Pearson Beynəlxalq Kvalifikasiya proqramlarından olan LCCI təlimləri həyata keçiriləcək. Mərasimdə çıxış edən ADİU-nun rektoru Ədalət Muradov layihənin tələbələrimizin dünya əmək bazarında rəqabətqabiliyyətli kadr kimi hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan universitetlərinin qabaqcıl dünya təhsilinə inteqrasiyası və standartların adaptasiyası istiqamətində atdığı addımları yüksək qiymətləndirdiyini vurğulayıb. O, bu istiqamətdə həyata keçirilən layihələrin Təhsil Nazirliyi tərəfindən dəstəkləndiyi bildirilib. OES təşkilatının rəhbəri Keyt Şarp məruzəsində London İqtisadiyyat Məktəbindəki tədris prosesi və gələcək perspektivlər barədə danışıb. Keyt Şarp razılaşmanın təfərrüatlarını da açıqlayıb. Memoranduma əsasən, 3 illik proqrama qoşulacaq azərbaycanlı tələbələr ADİU-da təhsil alaraq, London İqtisadiyyat Məktəbinin Humanitar və Sosial Elmlər sahəsi üzrə bakalavr dərəcəsini əldə etmək imkanı qazanacaq. Proqram çərçivəsində Mühasibat və Maliyyə (BSc Accounting and Finance), Biznes və Menecment (BSc Business and Management), İqtisadiyyat (BSc Economics), İqtisadiyyat və Maliyyə (BSc Economics and Finance), İqtisadiyyat və Menecment (BSc Economics and Management) ixtisasları üzrə bakalavr dərəcəsi verilməsi nəzərdə tutulub. LSE-nin mövcud kurikulumuna uyğun olaraq, ADİU-da hər il 4 fənn olmaqla 3 il ərzində 12 əsas fənn tədris olunacaq. Sonda Memorandum sənədi ADİU-nun rektoru Ədalət Muradov və Oxbridge Educational Services təşkilatının rəhbəri Keyt Şarp tərəfindən imzalanıb.
08/07/2015 16:52
“SABAH-ın könüllüsü” “Bakı 2015” Birinci Avropa Oyunlarını dəstəkləyir, onun vacibliyini və tələbələrin inkişafına verdiyi faydanı təbliğ edir
Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının iştirakı ilə keçiriləcək “Bakı 2015” Birinci Avropa Oyunları Azərbaycan üçün əlamətdar imkanlar yaradır. Azərbaycanın qüdrəti və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməkdə təcrübəsini nümayiş etdirən Birinci Avropa Oyunlarında 20 idman növü üzrə 253 yarış keçirilməsi planlaşdırılır. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dünyanın aparıcı mətbuat orqanları tərəfindən yarışların işıqlandırılmasına, eləcə də ölkəmizin beynəlxalq arenada tanınmasına imkan yaradır. Yeni infrastrukturun yaradılması və idman arenalarının tikilməsi gələcəkdə Azərbaycanın digər beynəlxalq yarışlara ev sahibliyi etməsini, gənclər arasında idmana marağın artmasını və sağlam həyat tərzinin formalaşmasını təmin edir. Oyunların ölkəmizdə keçirilməsinin əlamətdar xüsusiyyətlərindən biri də tədbirlərin böyük bir hissəsinin gənc kadrlar tərəfindən təşkili və bu prosesdə cəmiyyətin ən fəal təbəqələrindən olan tələbələrin iştirakıdır. “Bakı 2015” Birinci Avropa Oyunlarının təşkilində böyük əksəriyyəti ölkənin ali təhsil müəssisələrində təhsil alan tələbələrdən ibarət 12 000 könüllünün iştirakı gözlənilir. Könüllü olaraq ilk Avropa Oyunlarının təşkilində iştirak etmək tələbələrə bu böyük tədbirin yüksək səviyyədə təşkilinə töhfə verməyə, vətəndaşlıq borcunu yerinə yetirməyə və peşəkar bacarıqlara yiyələnməyə imkan yaradır. “Bakı 2015” Birinci Avropa Oyunları çərçivəsində aparılan hazırlıq prosesi ölkənin həyatının digər sahələrində olduğu kimi, ali təhsil müəsisələrini də əhatə edir. Oyunlar ərəfəsində ali təhsil müəsisələrində tələbələr tərəfindən bir sıra tədbirlər həyata keçirilir ki, bu tədbirlərdə iştirak etməklə tələbələr asudə vaxtlarını səmərəli dəyərləndirir, bilik və bacarıqlarını artırır, öz dostluq şəbəkələrini genişləndirirlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının tələbələrinin iştirakı ilə həyata keçirilən “SABAH-ın könüllüsü” proqramı tələbələrin akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsini, eləcə də tələbələrin idarəçilik bacarığının, liderlik potensialının inkişaf etdirilməsində əhəmiyyətli rola malikdir. “SABAH-ın könüllüsü” SABAH qruplarının yaradıldığı 7 baza ali təhsil müəsisəsində fəaliyyət göstərir. Proqram çərçivəsində könüllülər komandalar şəklində kreativ ideyalar verir, təşəbbüslərlə çıxış edir, bu təşəbbüslərin planlaşdırılması və icrasını həyata keçirir. “SABAH-ın könüllüsü” “Bakı 2015” Birinci Avropa Oyunlarını dəstəkləyir, onun vacibliyini və tələbələrin inkişafına verdiyi faydanı təbliğ edir. Bunu nəzərə alaraq, “SABAH-ın könüllüsü” proqramı çərçivəsində Avropa Oyunlarına dəstək olmaq və SABAH tələbələrini bu prossesə cəlb etmək üçün tələbələrin iştirakı ilə bir sıra müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, SABAH qruplarında təhsil alan bütün tələbələr “SABAH-ın könüllüsü” ola, öz təşəbbüsünü irəli sürə, bu təşəbbüslərin reallaşdırılmasında təşkilatçı və iştirakçı kimi iştirak edə bilərlər. Bunun üçün www.sabah.edu.az/az/sabahinkonullusu ünvanında qeydiyyatdan keçmək lazımdır. Həmçinin, “SABAH-ın könüllüsü”nün fəaliyyətini SABAH qruplarının rəsmi saytı (www.sabah.edu.az) və Facebook sosial şəbəkəsində rəsmi səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az) izləmək mümkündür. Məlumat üçün onu da qeyd edək ki, SABAH qrupları ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəsisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəsisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
08/07/2015 16:52
Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında yaşayan vətəndaşların nəzərinə!
Təhsil naziri Mikayıl Cabbarov 13 aprel 2015-ci il tarixində saat 11:00-da Şəmkir şəhərindəki Gənclər Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 7, 8, 9 və 10 aprel 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
08/07/2015 16:52
Aprelin 6-da Bakı Musiqi Akademiyasında (BMA) “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” mövzusunda I Respublika Festivalının açılış mərasimi olub.
Festival dahi bəstəkarın anadan olmasının 130, BMA-nın 95 və akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 35 illiyinə həsr edilib. Əvvəlcə BMA nəzdindəki məktəb-studiyanın şagirdlərinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndi. BMA-nın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək xatırladıb ki, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə dahi Azərbaycan bəstəkarı, milli professional musiqimizin banisi Üzeyir Hacıbəylinin doğum günü – 18 sentyabr Azərbaycan Musiqisi Günü elan edilib. F.Bədəlbəyli milli musiqimizin və onun əsasını təşkil edən muğamın qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb, milli lad sisteminin öyrənilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Milli Məclis sədrinin müavini Bahar Muradova açılış mərasimində çıxış edərək dedi ki, biz bu gün Azərbaycanın ən gözəl musiqi məbədindəyik. Bu məbəddə dahilərimizin, milli musiqimizi dünyaya tanıdan müdriklərimizin ruhları, Üzeyir Hacıbəylinin ruhu var. Festivalın əlamətdar hadisələrə həsr edildiyini söyləyən təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb. Nazir müavini bildirib ki, festival musiqimizə, mədəni irsimizə olduqca böyük töhfədir. Azərbaycan xalqı özünü xoşbəxt hiss etməlidir ki, onun belə bir dərin və mənalı mədəni irsi var. Bu irsin nümunəsi bizim musiqimizdir. Ölkəmizdə mədəni irsin qorunması istiqamətində görülən işlərdən söz açan nazir müavini deyib ki, bu gün Azərbaycanda milli musiqimizin inkişafı və təbliği istiqamətində Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə, eləcə də Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr reallaşdırılır. Təsadüfi deyil ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin musiqi inciləri UNESCO-nun dünya irs siyahısına daxil edilib. Firudin Qurbanov qeyd edib ki, belə festivallar istedadlı gənclərin üzə çıxmasına təkan verir, onların geniş auditoriyada tanınmasına yardımçı olur. Məhz buna görə də Təhsil Nazirliyi hər zaman belə tədbirləri dəstəkləyir və biz bu işi davam etdirəcəyik. İnanıram ki, bu festival yeni istedadlı musiqiçilərin gələcək inkişafına böyük dəstək olacaq. Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, xalq artisti Ramiz Quliyev musiqi sənətinin inkişafında elmi-tədqiqat işlərinin və musiqi nəzəriyyəsinin böyük rolundan danışıblar. Festival münasibətilə “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişaf proqramı” nəşr edilib. Bu nəşrin müəllifləri Fərhad Bədəlbəyli və Tərlan Seyidovdur. Sonra “Xor” nominasiyasında kollektivlərin çıxışları olub. Festivalın münsiflər heyətinə xalq artistləri Arif Məlikov, Fidan və Xuraman Qasımovalar, Ramiz Quliyev, digər tanınmış musiqiçi və ifaçılar daxildir. Onlar festival iştirakçılarının bəstəkarlıq, xor, fortepiano, vokal, xalq instrumental musiqi ifaçılığı və başqa nominasiyalar üzrə çıxışlarını qiymətləndirəcəklər. Festivalda iştirak etmək üçün Gəncə, Ağdaş, Ağsu, Ağdam, Bərdə, Neftçala və digər regionlardan 200-dən çox gənc musiqiçi və ifaçı paytaxta gəlib. Bu festivalın keçirilməsindən məqsəd ənənəvi major-minor sistemi ilə yanaşı, Azərbaycan milli lad sisteminin daha dərindən mənimsənilməsinə kömək etməkdir. Aprelin 10-da festivala yekun vurulacaq, qaliblərə mükafatlar təqdim ediləcək.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı