SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“SABAH-ın könüllüsü” “Bakı 2015” Birinci Avropa Oyunlarını dəstəkləyir, onun vacibliyini və tələbələrin inkişafına verdiyi faydanı təbliğ edir
Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının iştirakı ilə keçiriləcək “Bakı 2015” Birinci Avropa Oyunları Azərbaycan üçün əlamətdar imkanlar yaradır. Azərbaycanın qüdrəti və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməkdə təcrübəsini nümayiş etdirən Birinci Avropa Oyunlarında 20 idman növü üzrə 253 yarış keçirilməsi planlaşdırılır.
İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi dünyanın aparıcı mətbuat orqanları tərəfindən yarışların işıqlandırılmasına, eləcə də ölkəmizin beynəlxalq arenada tanınmasına imkan yaradır. Yeni infrastrukturun yaradılması və idman arenalarının tikilməsi gələcəkdə Azərbaycanın digər beynəlxalq yarışlara ev sahibliyi etməsini, gənclər arasında idmana marağın artmasını və sağlam həyat tərzinin formalaşmasını təmin edir. Oyunların ölkəmizdə keçirilməsinin əlamətdar xüsusiyyətlərindən biri də tədbirlərin böyük bir hissəsinin gənc kadrlar tərəfindən təşkili və bu prosesdə cəmiyyətin ən fəal təbəqələrindən olan tələbələrin iştirakıdır.
“Bakı 2015” Birinci Avropa Oyunlarının təşkilində böyük əksəriyyəti ölkənin ali təhsil müəssisələrində təhsil alan tələbələrdən ibarət 12 000 könüllünün iştirakı gözlənilir. Könüllü olaraq ilk Avropa Oyunlarının təşkilində iştirak etmək tələbələrə bu böyük tədbirin yüksək səviyyədə təşkilinə töhfə verməyə, vətəndaşlıq borcunu yerinə yetirməyə və peşəkar bacarıqlara yiyələnməyə imkan yaradır.
“Bakı 2015” Birinci Avropa Oyunları çərçivəsində aparılan hazırlıq prosesi ölkənin həyatının digər sahələrində olduğu kimi, ali təhsil müəsisələrini də əhatə edir. Oyunlar ərəfəsində ali təhsil müəsisələrində tələbələr tərəfindən bir sıra tədbirlər həyata keçirilir ki, bu tədbirlərdə iştirak etməklə tələbələr asudə vaxtlarını səmərəli dəyərləndirir, bilik və bacarıqlarını artırır, öz dostluq şəbəkələrini genişləndirirlər.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının tələbələrinin iştirakı ilə həyata keçirilən “SABAH-ın könüllüsü” proqramı tələbələrin akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və alınmış biliklərin praktikada tətbiq edilməsini, eləcə də tələbələrin idarəçilik bacarığının, liderlik potensialının inkişaf etdirilməsində əhəmiyyətli rola malikdir. “SABAH-ın könüllüsü” SABAH qruplarının yaradıldığı 7 baza ali təhsil müəsisəsində fəaliyyət göstərir. Proqram çərçivəsində könüllülər komandalar şəklində kreativ ideyalar verir, təşəbbüslərlə çıxış edir, bu təşəbbüslərin planlaşdırılması və icrasını həyata keçirir.
“SABAH-ın könüllüsü” “Bakı 2015” Birinci Avropa Oyunlarını dəstəkləyir, onun vacibliyini və tələbələrin inkişafına verdiyi faydanı təbliğ edir. Bunu nəzərə alaraq, “SABAH-ın könüllüsü” proqramı çərçivəsində Avropa Oyunlarına dəstək olmaq və SABAH tələbələrini bu prossesə cəlb etmək üçün tələbələrin iştirakı ilə bir sıra müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, SABAH qruplarında təhsil alan bütün tələbələr “SABAH-ın könüllüsü” ola, öz təşəbbüsünü irəli sürə, bu təşəbbüslərin reallaşdırılmasında təşkilatçı və iştirakçı kimi iştirak edə bilərlər. Bunun üçün www.sabah.edu.az/az/sabahinkonullusu ünvanında qeydiyyatdan keçmək lazımdır. Həmçinin, “SABAH-ın könüllüsü”nün fəaliyyətini SABAH qruplarının rəsmi saytı (www.sabah.edu.az) və Facebook sosial şəbəkəsində rəsmi səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az) izləmək mümkündür.
Məlumat üçün onu da qeyd edək ki, SABAH qrupları ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəsisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəsisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl