• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 19-da Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının sınaq dərslərini qiymətləndirəcək ekspertlərlə görüş keçirilib.

Görüşdə təhsil naziri Misir Mərdanov bildirib ki, “Ən yaxşı müəllim”  müsabiqəsinin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, novatorluğu, uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək və cəmiyyətdə müəllimin nüfuzunun yüksəlməsinə nail olmaqdır. Nazir bu müsabiqədə iştirak etmək üçün sənəd verən müəllimlərin sayının ilbəil artdığını vurğulayıb. Sonra Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsi üzrə sınaq dərslərinin keçirilməsi üçün Bakı şəhərində 26 təhsil müəssisəsinin müəyyənləşdirildiyini, artıq bu istiqamətdə bir sıra işlərin reallaşdırıldığını diqqətə çatdırıb. İştirakçıların sayından asılı olaraq bəzi fənlər üzrə bir neçə ekspert komissiyası yaradıldığını qeyd edən nazir bu komissiyaların əksəriyyətinin tərkibinin 3 nəfərdən ibarət olduğunu bildirib. Nazir əlavə edib ki, sınaq dərsləri ötən il olduğu kimi, bu il də 12 meyarla və onların hər biri maksimim 10 balla qiymətləndiriləcək. Sınaq dərslərində iştirak edəcək ekspertlərə obyektivliyin təmin olunması, ədalətlilik prinsipinin qorunması və işə məsuliyyətlə yanaşılmasının mühüm şərt olduğunu xatırladan Misir Mərdanov, eyni zamanda, onlara öz tapşırıq və tövsiyələrini də verib.

Aprelin 20-də akademik Zərifə Əliyeva adına məktəbdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa müsabiqəsinin yekun mərhələsi keçirilib.

Müsabiqənin təntənəli açılış mərasimində təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev iştirak edib. Təhsil naziri Misir Mərdanov ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin keçirilməsinin artıq bir ənənəyə çevrildiyini qeyd edib. Nazir məktəblilərin bu müsabiqələrə böyük maraq və həvəs göstərməsini əlamətdar bir hal kimi dəyərləndirib və ilk mərhələdə yarım milyona yaxın şagirdin iştirakı, onlardan 97 nəfərin respublika mərhələsinə vəsiqə qazandığı barədə məlumat verib. Nazir bildirib ki, müsabiqədə ölkəmizin ayrı-ayrı rayon və şəhərlərinin, eləcə də Bakının ümumtəhsil məktəblərinin, Təhsil Nazirliyinin tabeliyində olan, ali məktəblərin nəzdində fəaliyyət göstərən lisey və gimnaziyaların, özəl orta məktəblərin və peşə liseylərinin yuxarı sinif şagirdləri iştirak edib.  Misir Mərdanov inşa yazmaq üçün iştirakçılara 3 saat vaxt verildiyini, yazıların bir neçə gün ərzində mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra qaliblərin müəyyənləşəcəyini bildirib. Nazir müsabiqəyə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində yekun vurulacağını, bu münasibətlə “Gülüstan” sarayında keçiriləcək təntənəli mərasimdə qaliblərə mükafat və hədiyyələrin təqdim olunacağını və ən yaxşı işlərin toplu şəklində nəşr ediləcəyini də diqqətə çatdırıb. Çıxışının sonunda Misir Mərdanov müsabiqə iştirakçılarına uğurlar arzulayıb. Sonra müsabiqənin respublika mərhələsinin mövzusu elan edilib və məktəblilər “Ulu öndər Heydər Əliyevi düşünərkən…” adlı inşa yazmağa başlayıblar.

Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan nazir Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, qarşılıqlı əlaqələrin inkişafından və təhsil sahəsində də geniş əməkdaşlığın yaradıldığından söz açıb. Nazir bu əlaqələr çərçivəsində tələbə mübadiləsinin də mühüm əhəmiyyət daşıdığını, azərbaycanlı gənclərin Türkiyə universitetlərində, türkiyəli vətəndaşların isə ölkəmizin ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil aldığını xüsusi qeyd edib. Okan Universitetinin rektoru Sadık Kırbaş bu görüşdən məmnunluğunu ifadə edib, ikitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsindən, mövcud sahədə müvafiq işlərin həyata keçirilməsindən danışıb. Qonaq, eyni zamanda, rəhbəri olduğu təhsil ocağı haqqında məlumat verib. Sonra qonaqlar Bakıdakı bir sıra liseylərdə olduqlarından, burada yaradılan şəraitdən danışıb, müəllimlərin fəaliyyətini yüksək qiymətləndiriblər. Görüşdə universitetlərarası əməkdaşlığın yaradılması, müəllim-tələbə mübadiləsinin aparılması və digər bu kimi məsələlər üzrə fikir mübadiləsi aparılıb. Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç və səfirliyin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu görüşdə iştirak ediblər.

Aprelin 21-də İ.Əfəndiyev adına Elitar Gimnaziyada Türkiyənin ən gənc ali məktəblərindən olan Okan Universitetinin tanıtma mərasimi keçirilib.

Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təşəbbüsü və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov, səfir Hulusi Kılıç, sözügedən universitetin ölkəmizdəki nümayəndə heyəti, Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyaların direktorları, müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbiri təhsil naziri Misir Mərdanov açaraq qardaş ölkə təmsilçilərini və mərasimin digər iştirakçılarını salamlayıb. Nazir Türkiyədə 7 il öncə qurulmuş Okan Universitetinin rektoru və onun rəhbərlik etdiyi çoxsaylı nümayəndə heyətinin ölkəmizdə səfərdə olduğunu qeyd edib. Səfərin əsas məqsədinin ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da möhkəmlətmək, Okan Universitetini Azərbaycanda tanıtmaq olduğunu vurğulayan Misir Mərdanov əlavə edib ki, qonaqlar ölkəmizdə olduqları iki gün ərzində Bakı şəhərinin bir neçə məktəbi ilə yaxından tanış olub və gördüklərindən razı qalıblar. Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən söz açan nazir iki ölkənin təhsil sahəsində əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etdiyini, hazırda Türkiyə universitetlərində ölkəmizdən 5 minədək gəncin təhsil aldığını diqqətə çatdırıb. Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç tədbirin təşkilindəki dəstəyinə görə təhsil naziri Misir Mərdanova minnətdarlıq edib. Səfir müasir dünyada təhsilin rolunun getdikcə artdığını qeyd edib, hər iki ölkədə bu sahənin inkişafına böyük önəm verildiyini bildirib. Sonra  tədbirdə çıxış edən Okan Universitetinin rektoru Sadık Kırbaş rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə səmimi qarşılandığına görə məmnunluq duyduğunu ifadə edib. Ölkəmizə ikinci dəfə səfər etdiyi qeyd edən rektor rəhbəri olduğu universitet haqqında məlumat verərək bildirib ki, burada 5 fakültədə müxtəlif ixtisaslar üzrə türk və ingilis dillərində yüksək səviyyədə təhsil verilir. Rektor, həmçinin, 2009-2010-cu tədris ilində Okan Universitetində 5 mindən artıq tələbənin təhsil aldığını nəzərə çatdırıb. Tədbirdə İstanbul və Okan Universiteti haqqında qısametrajlı filmlər nümayiş olunub. Daha sonra Okan Universitetinin ədəbiyyat fakültəsinin dekan yardımçısı Hülya Arslan bu ali təhsil ocağı barədə geniş təqdimatla çıxış edib. Sonda təhsil naziri Misir Mərdanov, Okan Universitetinin rektoru Sadık Kırbaş şagirdlərin çoxsaylı suallarını cavablandırıblar.

Fevralın 12-də Azərbaycan Müəllimlər İnstitutunda «Təhsilin əsasları» fənninin tədrisi üzrə müəllimlərin cəlb olunduğu treninqlərin II mərhələsinin başa çatmasına dair dəyirmi masa keçirilib.

Tədbirdə təhsil nazirliyinin nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun və onun filiallarının müəllimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektoru,  professor Aqiyə Naxçıvanlı hazırda üç ali məktəbdə tədris olunan «Təhsilin əsasları» fənninin tədrisi ilə əlaqədar məlumat verib və ali məktəblərdə bu fənni tədris edən müəllimlər üçün institutda təşkil olunan treninqlərdən danışıb. Təhsil naziri Misir Mərdanov Azərbaycan Müəllimlər İnstitutunda «Təhsilin əsasları» fənninin tədrisi ilə əlaqədar keçirilən treninqlərin yüksək səviyyədə təşkilindən razı qaldığını qeyd edib və  bu fənnin tədrisinə ayrılan saatlar barədə fikirlərini bildirib. Müvafiq tədris vəsaitinin çapa hazırlanmasını məqbul hesab edən nazir AMİ-də «Təhsilin əsasları» fənninin tədrisinə dair yeni bir mərkəzin yaradılması təklifini irəli sürüb və bu işlərin həyata keçirilməsində maddi-texniki cəhətdən çətinlik olarsa, Təhsil Nazirliyi tərəfindən köməklik göstəriləcəyini vurğulayıb. Misir Mərdanov müəllimlər tərəfindən «Təhsilin əsasları» fənninin tədrisi metodikasına dair məqalələrin hazırlanıb «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını da tövsiyə edib. Tədbirdə iştirak edən «Təhsilin əsasları» fənnini tədris edən müəllimlər müzakirə olunan məsələ ilə bağlı fikirlərini bildiriblər. Qeyd olunub ki, «Təhsilin əsasları» fənninin tədrisi əvvəlki dərs prosesindən xeyli fərqlidir. Belə ki, bu fənnin interaktiv tədrisində dərs prosesinin idarə edilməsi hər bir müəllimin özündən asılıdır.    Sonda təhsil naziri Misir Mərdanov tərəfindən «Təhsilin əsasları» fənninin tədrisinə dair təşkil olunmuş təlim kurslarının II mərhələsini başa vurmuş müəllimlərə sertifikatlar təqdim olunub.

Fevralın 29-da Təhsil Nazirliyində mətbuat konfransı keçirilib.

Fevralın 29-da Təhsil Nazirliyində mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə nazirliyin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə açaraq tədbirin bu günlərdə orta ümumtəhsil məktəblərinin buraxılış siniflərində keçirilən yoxlama test imtahanının nəticələrinə həsr olunduğunu qeyd edib. B.Hüseynzadə bu barədə ətraflı məlumat vermək üçün sözü nazirliyin Qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyevaya verib. T.Hacıyeva fevralın 24-də Bakının bütün rayonları, Sumqayıt, Gəncə, Mingəçevir, Əli Bayramlı şəhərləri, Ucar, İsmayıllı, İmişli, Abşeronun ümumtəhsil, məcburi köçkün məktəbləri və peşə liseylərində orta təhsil kursu üzrə növbəti yoxlama test imtahanı keçirildiyini qeyd edib. İmtahanda şagirdlərin 8 əsas fəndən 125 suala 7 variant üzrə cavab verdiyini diqqətə çatdıran T.Hacıyeva bildirib ki, yoxlama imtahanlarına 51 727 şagird cəlb edilsə də, onlardan 50 128-i iştirak edib. Şöbə müdiri onu da vurğulayıb ki, Bakının 11, ölkəmizin isə 8 bölgəsini əhatə edən bu imtahan paytaxtda 53, Sumqayıtda 10, Gəncədə 5, Mingəçevirdə 4, Abşeronda 2, Əli Bayramlıda 2, Ucarda 4, İmişlidə 5, İsmayıllıda 4, ümumilikdə isə 89 mərkəzdə keçirilib. Hər mərkəzdə 500-1000 şagird imtahan verib, yalnız 2 mərkəzdə 1100-1150 şagird yerləşdirilib. Mərkəzlərdə müəyyənləşdirilmiş hər otaqda isə şagirdlərin sayı 30-dan keçməyib. T.Hacıyeva tədbirdə şagirdlərin müvəffəqiyyət göstəricisinin 61% olduğunu da açıqlayıb. Sonda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

Fevralın 13-də Təhsil Nazirliyində Monitorinq və qiymətləndirmə şöbəsinin 5 illik fəaliyyəti ilə bağlı təqdimat dinlənilib.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov Monitorinq və qiymətləndirmə şöbəsinin işinin bütün təhsil ictimaiyyəti üçün maraqlı olduğunu qeyd edib və ayrı-ayrı şöbələrin fəaliyyəti barədə vaxtaşırı dolğun məlumatlar verilməsinin zəruriliyini diqqətə çatdırıb. Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva şöbənin 5 illik fəaliyyəti ilə bağlı hesabat-təqdimatla çıxış edib. 2004-cü ildən fəaliyyətə başlamış Monitorinq və qiymətləndirmə şöbəsinin əsas məqsədinin yeni qiymətləndirmə sisteminin işlənib hazırlanması olduğunu nəzərə çatdıran Təranə Hacıyeva yeni qiymətləndirmə sistemini həyata keçirmək üçün normativ-hüquqi sənədlərin hazırlanması, ölkədə şagird nailiyyətlərinin beynəlxalq təcrübəyə uyğun qiymətləndirilməsinin təmin olunması, qiymətləndirmə və təhsil siyasətində müasir yanaşmaların tətbiqi və inkişaf etdirilməsi, qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsi və digər mühüm məsələlərdən söz açıb. Şöbənin fəaliyyət planında nəzərdə tutulmuş əsas müddəalardan bəhs edən T.Hacıyeva 2004-2005-ci tədris ilində beynəlxalq qiymətləndirmə sahəsində görülən işlər barədə fikirlərini bildirib. Şöbə müdiri ilk dəfə 2005-2006-cı dərs ilində Xətai və İmişli rayonlarının məktəblərində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının keçirilməsi, 172 məktəbin 5011 şagirdinin iştirak etdiyi beynəlxalq qiymətləndirmənin aparılması məsələlərinə toxunub. 2006-2007-ci dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının Bakı şəhərinin Xətai, Səbail rayonlarını, Təhsil Nazirliyinə tabe olan məktəbləri, Sumqayıt şəhərini və İmişli rayonunu əhatə etdiyini söyləyən Təranə Hacıyeva imtahanlarda iştirak edən 11866 şagirddən 10865-nin, yəni 91,56 faizinin müsbət qiymət aldığını vurğulayıb. Ötən il respublikanın bütün ümumtəhsil məktəblərinin (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərinin şagirdləri, o cümlədən, əvvəlki dərs illərində buraxılış imtahanlarında qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət etmiş şəxslər də əhatə olunmaqla, orta təhsil kursu üzrə buraxılış imtahanlarının mərkəzləş­dirilmiş qaydada  keçirildiyini diqqətə çatdıran Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri onu da bildirib ki, qazanılan təcrübə bu istiqamətdəki işlərin gələcəkdə daha yaxşı təşkilinə yol açır. Milli və beynəlxalq qiymətləndirmə sahəsində həyata keçirilən tədbirlərin ilkin nəticələrindən söz açan Təranə Hacıyeva onu da qeyd edib ki, bütün bunların əsas qayəsi ölkənin təhsil sisteminin səviyyəsini öyrənmək və nəticələrdən asılı olaraq təhsildə planlaşdırma və proqnozlaşdırmanı  müəyyənləşdirməkdən ibarətdir. Azərbaycanda təhsil islahatlarının uğurla nəticələnməsi üçün mütərəqqi yeniliklərin tətbiqinin əhəmiyyətinə toxunan təhsil naziri Misir Mərdanov bu baxımdan beynəlxalq və milli qiymətləndirmə sistemlərinin səmərəli tətbiqinə diqqətin artırılmasını gərəkli hesab etdiyini bildirib. Nazir onu da qeyd edib ki, bu barədə ölkənin təhsil ictimaiyyətində daha aydın təsəvvürlər yaradılması üçün müvafiq tədbirlərə diqqət artırılmalı, bu istiqamətdə zəruri tədqiqatların aparılması təmin olunmalıdır. Sonda tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib və müvafiq təkliflər səsləndirilib.

Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurası fəaliyyətə başlayıb.

“2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılan Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasının əsas məqsədi elektron tədris resurslarının beynəlxalq standartlara əsaslanaraq qiymətləndirilməsi, onların təhsil portalında yerləşdirilməsi və daha effektiv formada tətbiqidir. Şuranın fəaliyyətini Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsilin informasiyalaşdırılması idarəsi əlaqələndirəcəkdir. Təhsil Sistemində Elektron Tədris Resurslarının Qiymətləndirilməsi Şurasının tərkibinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AMEA-nın İnformasiya Texnologiyaları və Kibernetika institutları, “Mədəd” humanitar təşkilatı, Microsoft Azərbaycan şirkəti, Azedunet təşkilatı, müəllimlər və qeyri-hökumət təşkilatları daxildir. Şuranın əsas vəzifələri sırasına bütün orta məktəb kurikulumlarına aid fənlər üzrə müasir elektron elmi-metodiki vəsaitlərin işlənməsi və yayımı üzrə tövsiyələrin hazırlanması, elektron tədris və metodiki resurslar kataloqunun yaradılması, təhsil portalında yerləşdirilməsi üzə tövsiyələrin verilməsi, beynəlxalq standartlara uyğun elektron təhsil resurslar bazasının yaradılması, təhsil müəssisələrinin elektron resurs standartlarının və normativlərinin hazırlanmasına dair təkliflərin irəli sürülməsi və digər məsələlər daxildir.

Fevralın 18-də “Uşaq Qaynar Xətt” xidmətinin (telefonlar (012) 480-22-80; 050-680-22-80; e-mail ünvanı: yardim@qaynarxett.az; yardim@usaqxett.az) açılış mərasimi keçirilib.

Mərasimdə təhsil naziri Misir Mərdanov, “Azercell Telekom”  MMC-nin prezidenti Ali Ağan, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər. Təhsil naziri Misir Mərdanov rəmzi açılışı bildirən qırmızı lenti kəsərək xidmətin işinə uğurlar arzulayıb. Sonra QHT Alyansının milli əlaqələndiricisi Nabil Seyidov xidmətin yaranma zərurəti və bu istiqamətdə görülən işlərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, “Uşaq Qaynar Xətt” xidmətinin yaradılmasında əsas məqsəd uşağa ilkin psixoloji yardım və dəstəyin göstərilməsi, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə, eləcə də təxirəsalınmaz köməyin göstərilməsidir. Bu xidmətdən dövlət uşaq müəssisələrində olan, küçədə  yaşayan, işləyən, istismara, zorakılığa məruz qalan, psixoloji problemlərlə üzləşən, fiziki və əqli cəhətdən qüsurlu, qaçqın və məcburi köçkün, habelə böhranlı ailələrdən olan, hüquqları pozulmuş, xüsusi qayğıya, müdafiəyə ehtiyacı olan uşaqlar istifadə edə bilərlər. Verilən məlumata görə ötən il QHT Alyansı və bu qurumun üzvü olan “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən “Azercell Telekom”-un maliyyə dəstəyi ilə “Uşaq Qaynar Xətt” xidmətinin yaradılması ilə bağlı təşəbbüs göstərilib. «Uşaqların Xilası» və «Dünyaya Baxış» beynəlxalq təşkilatları da xidmətin fəaliyyətə başlaması üçün köməklərini əsirgəməyiblər. Bundan sonra xidmətdə çalışacaq əməkdaşlar üçün təlim kursları təşkil edilib, müvafiq beynəlxalq təcrübə öyrənilib və sayt (www.childhelpline.az) hazırlanıb. Həyata keçirilən tədbirlərin əhəmiyyətinə daim xüsusi önəm verən Təhsil Nazirliyi “Uşaq Qaynar Xətt” xidməti üçün yer ayırıb və lazımi texniki dəstək göstərib. “Uşaq Qaynar Xətt” xidmətinin açılmasının əhəmiyyətini qeyd edən təhsil naziri Misir Mərdanov bu işdə xidməti olan, zəruri maddi və texniki dəstəyi göstərən bütün ictimai qurumlara, təşkilat və şirkətlərə minnətdarlığını bildirib. Belə bir xidmətin yaradılmasının xeyli müddətdir ki, gözlənildiyini vurğulayan nazir bu gün Azərbaycanın müasir dünya və Avropa ölkələrinə inteqrasiyası istiqamətində növbəti addımın atıldığını nəzərə çatdırıb. Tədbir iştirakçılarına “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində görülmüş işlərlə bağlı məlumat verən nazir sosial cəhətdən çətin vəziyyətdə olan ailələrin, sağlamlıq imkanları məhdud uşaqların rifahının yaxşılaşdırılması məqsədilə günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzlərinin açıldığını, Proqramın icrası vəziyyəti ilə əlaqədar beynəlxalq konfransın keçirildiyini, bu yaxınlarda Nazirlər Kabinetinin qərarı ilə Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradıldığını söyləyib. Misir Mərdanov hələlik ancaq Bakı şəhərini əhatə edən xidmətin gələcəkdə bölgələrdə, xüsusilə daha çox problemləri olan rayonlarda da təşkil olunacağına inamını ifadə edib və mərkəzin əməkdaşlarına uğurlar arzulayıb. “Azercell Telekom”  MMC-nin prezidenti Ali Ağan, YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard öz çıxışlarında uşaqların rifahı üçün nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirdiklərini və bundan böyük məmnunluq hissi duyduqlarını vurğulayıblar. Onu da qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinə müraciət edən uşaqların anonimliyi qorunacaq və yalnız uşağın özünün arzusu əsasında problemin həlli ilə bağlı müvafiq qurumlar qarşısında vəsatət qaldırılacaq. Fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də “Azercell”  nömrələrindən edilən zənglər ödənişsizdir.

Fevralın 22-dən 25-dək Slovakiyanın Bratislava şəhərində “Həmkara dəstək” mövzusunda beynəlxalq seminar keçiriləcək.

Fevralın 22-dən 25-dək Slovakiyanın Bratislava şəhərində “Həmkara dəstək” mövzusunda beynəlxalq seminar keçiriləcək. “Microsoft” şirkətinin təşkilatçılığı ilə keçiriləcək seminarın əsas məqsədi müxtəlif ölkələrdən olan nümayəndələrə peşəkarlıq səviyyələrinin artırılması üçün “Həmkara dəstək” adlı tədris proqramı haqqında ətraflı məlumat verməkdir. Seminarda “Tədrisin informasiya kommunikasiya texnologiyaları vasitəsilə keyfiyyətli təşkili”, “XXI əsr bacarıqları”, “Öyrətmə və öyrənmə prosesində İKT-nin rolu”, “Tədris bacarıqlarının artırılmasında kompüter texnologiyalarının rolu”, “Tədrisyönümlü layihələr və onların qiymətləndirilməsi” mövzuları barədə də danışılacaq.  “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin “Microsoft Azərbaycan” şirkəti ilə imzaladığı “Təhsildə Əməkdaşlıq” Anlaşma Memorandumuna uyğun olaraq Azərbaycan nümayəndə heyəti də bu seminarda iştirak edəcək. Ölkəmizi seminarda Təhsil Nazirliyinin nəzdindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşı Ayaz Abuşov, “Təhsildə Əməkdaşlıq” proqramı üzrə “Microsoft Azərbaycan” şirkətinin meneceri Emin Axundov və “Mədəd” təşkilatından Teymur Məmmədov təmsil edəcəklər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı