SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 20-də Xırdalan şəhər mədəniyyət evində Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olunub.
Yubiley mərasimində bir sıra dövlət qurumlarının rəhbərləri, millət vəkilləri ziyalılar, məktəbin məzunları və pedaqoji kollektivi, KİV nümayəndələri iştirak ediblər. Öncə 120 yaşlı məktəbin fəaliyyətindən bəhs edən film nümayiş olunub. «Butafilm» studiyasının hazırladığı «Dağların ziyalı yaddaşı» filmində Minkənd məktəbinin təşəkkülü və inkişaf yolundan, tədris ocağının təhsilin inkişafında, ziyalıların yetişməsindəki rolundan söhbət açılıb. Mərasimi giriş sözü ilə açan Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tədbir iştirakçılarını salamlayıb məktəbin yubileyinin keçirilməsi təşəbbüslərinə dəstək vermiş müvafiq dövlət qurumlarının rəhbərlərinə, Abşeron Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə təhsilin inkişafına böyük diqqət və qayğı ilə yanaşdığını qeyd edən R.Cəbrayılov yubiley ərəfəsində Minkənd kənd orta məktəbinin iki müəlliminin «Tərəqqi» medalı ilə təltif olunmasını, bir müəllimin isə «Əməkdar müəllim» fəxri adına layiq görünməsini nəinki yubilyar məktəbin pedaqoji kollektivinin, bütövlükdə Laçının təhsil ictimaiyyətinin, rayon ziyalılarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib. İcra başçısı Minkənd məktəbinin məzunları arasında 10 elmlər doktoru, 22 elmlər namizədi olduğunu vurğulayıb. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlət başçısının qaçqın və köçkünlərə göstərdiyi qayğıdan, onların sosial problemlərinin həlli, o cümlədən də təhsil şəraitlərinin yaxşılaşdırılması istiqamətində son illər atılmış addımlardan bəhs edib. Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Minkənd kənd məktəbinin yubileyinin yüksək təntənə ilə keçirilməsini, bu münasibətlə düzənlənən mərasimdə dövlət rəsmilərinin, milli məclis üzvülərinin, ölkənin tanınmış ziyalılarının iştirakını təhsilə, məktəbə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndirib. Müvafiq təşəbbüslə çıxış etmiş Laçın və mərasimin təşkilinə kömək göstərmiş Abşeron rayonlarının icra başçılarına təşəkkür edən nazir belə bir yubileyin keçirilməsinin Azərbaycan mədəniyyətinin, təhsil tarixinin zənginliyini dünyaya göstərmək baxımından da əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Misir Mərdanov Minkənd məktəbinin təhsilimizin inkişafı tarixindəki rolunu xüsusi vurğulayaraq qeyd edib ki, vaxtilə Azərbaycan Demokratik Cümhuriyyətinin xaricdə təhsil almağa göndərdiyi 100 nəfər azərbaycanlı gəncin 2-si məhz bu məktəbin məzunu olub. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində görülmüş böyük işlərə toxunaraq ölkəmizdə son illər ərzində 2000-dən çox yeni məktəb binasının və əlavə korpusun tikildiyini, 5 il öncə 1063 şagirdə bir kompüter düşən məktəblərdə indi 20 şagirdin 1 kompüterlə təmin olunduğunu, təhsilin inkişafı ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş işlərin uğurla davam etdirildiyini, təhsilin, elmin müasir texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində məqsədyönlu addımlar atıldığını nəzərə çatdırıb. Təhsil naziri çıxışının sonunda 120 yaşlı Minkənd məktəbinin bir qrup müəlliminin Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» döş nişanı və Fəxri fərmanları ilə təltif olunduğunu bildirib, mükafatları sahiblərinə təqdim edib. Daha sonra yubilyar məktəbin məzunu, BDU-nun professoru Maarif Cəfərov çıxış edib, təhsil ocağının inkişaf yolu barədə söz açıb. Tədbirdə bir sıra rayonların icra hakimiyyətləri tərəfindən yubilyar məktəbə kompüter dəstləri hədiyyə edildiyi bildirilib, tədris ocağının bir qrup müəlliminə Laçın rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olunub. Yubiley tədbiri incəsənət ustalarının ifasında bədii proqramla davam etdirilib.
08/07/2015 16:52
Bülbül adına orta ixtisas musiqi məktəbində muğam ustaları Əlibaba Məmmədovun 80, Ağaxan Abdullayevin isə 60 illik yubileyləri münasibətilə tədbir keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin komissiya sədri, professor Ziyad Səmədzadə, respublikanın görkəmli ziyalıları, muğam ustadları, xalq artistləri, bəstəkarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə məktəbin direktoru Nigar Əskərova açaraq qonaqları salamladıqdan sonra sözü akademik Vasim Məmmədəliyevə verib. Akademik hər iki sənətkarın yaradıcılıq məziyyətləri barədə söz açaraq bildirib ki, böyük bir dühanın adını daşıyan bu məktəbdə çox mahir musiqiçilər, bəstəkar, xanəndələr yetişib. Hər iki yubliyarın Azərbaycanın muğam sənətinin inkişafı, xalq musiqisinin zənginləşməsi, muğamın tədrisi sahəsində misilsiz xidmətlər göstərdiyini vurğulayan Vasim Məmmədəliyev onlarin əməyinin dövlət rəhbərliyi tərəfindən də yüksək qiymətləndirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə xalq artisti Əlibaba Məmmədovun «İstiqlal», Ağaxan Abdullayevin isə «Şöhrət» ordenləri ilə təltif edilməsini musiqi sənətinə, Azərbaycan muğam ifaçılığına verilən mükafat kimi səciyyələndirib. Muğamlarımızın artıq beynəlxalq status qazandığını söyləyən akademik bu işdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın böyük zəhmət çəkdiyini, onun təşəbbüsü ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşa olunduğunu, muğamlarımızın YUNESKO-nun qeyri-maddi mədəni irsi kimi qəbul edildiyini nəzərə çatdırıb. İlk öncə qonaqları salamlayan təhsil naziri Misir Mərdanov bu tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib. Nazir qeyd edib ki, yubileyləri qeyd olunan Əlibaba Məmmədov və Ağaxan Abdullayev müəllim kimi də olduqca uğurla fəaliyyət göstərirlər. Odur ki, onların həm yaxşı sənətkar, həm də professional müəllim kimi sevildiklərini vurğulayan Misir Mərdanov Azərbaycanda, Şərqdə və müsəlman aləmində tanınan ustad xanəndələrimizin yüksək insani keyfiyyətlərindən söz açıb. Daha sonra xalq artisti Əlibaba Məmmədovu 30 ildən çoxdur ki, tanıdığını bildirən nazir qeyd edib ki, görkəmli sənətkarla bu gün də sıx əlaqə saxlayır, onu daim izləyir. Azərbaycanda insanların əməyinin vaxtında dəyərləndirilməsi və layiqincə qiymətləndirilməsi ənənəsinin formalaşmasının rəğbvətlə qarşılaqndığını bidirən təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindan hər iki sənətkarın təltif olunmasını bütövlükdə Azərbaycan musiqisinə verilən qiymət kimi qəbul edildiyini bildirib. Çıxışının sonunda nazir hər iki yubilyarı ürəkdən təbrik edərək onlara hədiyyələr təqdim edib. Tədbirdə bəstəkar Azər Rzayev, xalq artisti Arif Babayev, əməkdar incəsənət xadimi Arif Qazıyev, Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin direktoru, professor Nazim Kazımov, millət vəkili Ziyad Səmədzadə, «Xəzər» Universitetinin rektoru, professor Hamlet İsaxanlı, BDU-nun müəllimi Əsmətxanım Məmmədova və başqaları çıxış edərək yubilyar haqqında ürək sözlərini söyləyiblər. Sonda gənc muğam ifaçılarının çıxışları məclisi daha da rövnəqləndirib.
08/07/2015 16:52
Fevralın 25-də Bakıdakı M.Müşfiq adına 18 nömrəli orta məktəbdə ibtidai siniflərdə kurikulumların tətbiqi ilə əlaqədar “Açıq qapı” günü keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, Azərbaycan Müəllimlər İnstitutunun nümayəndələri, məktəb direktorları və fənn müəllimləri iştirak ediblər. Qonaqları salamlayan məktəbin direktoru Vaqif Hüseynov keçirilən tədbirin əhəmiyyəti haqqında məlumat verib. Qonaqlar məktəbin təlim-tərbiyə işləri ilə yaxından tanış olub, Ia sinfində Nazirə Hümbətovanın Ana dili, Ic sinfində Rəna Ağazadənin Riyaziyyat, Iç sinfində Mehriban Qarayevanın Həyat bilgisi, IIa sinfində Mehriban Qocayevanın Təsviri incəsənət, rus bölməsinin Ia sinfində Afaq Axundovanın Texnologiya və IIb sinfində Səbinə Musazadənin Musiqi dərslərində iştirak ediblər. Sonra «Dəyirmi masa» arxasında dinlənilən dərslər təhlil olunub. Ic sinfində Rəna Ağazadənin “Həndəsi fiqurların qruplaşdırılması” mövzusunda riyaziyyat dərsini dinləyən təhsil naziri Misir Mərdanov bildirib ki, müəllimin dərsə olduqca yaradıcı yanaşması və milli kurikulumun tələb etdiyi standartlara əməl etməsi sayəsində dərs yüksək səviyyədə başa çatıb. Dərsdə əyani vəsaitlərdən və digər zəruri vasitələrdən lazımınca istifadə olunmasını və fənlərarası inteqrasiya yaradılmasını yüksək dəyərləndirən nazir qeyd edib ki, müəllim şagirdləri qruplarla çalışdırmağa, qruplar arasında düzgün qiymətləndirmə aparmağa nail olub və bununla da müasir dərsə verilən tələbləri keyfiyyətlə yerinə yetirib. Təhsil Nazirliyindən A.Əhmədov, Azərbaycan Müəllimlər İnstitutundan R.Məmmədzadə, Təhsil Problemləri İnstitutundan Y.Kərimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri N.Rzaquliyeva və başqaları dinlənən ayrı-ayrı dərslər barədə öz fikirlərini söyləyib və müəllimlərin fəaliyyətindən razı qaldıqlarını bildiriblər. Sonda məktəbdə tədris prosesinin daha səmərəli təşkil olunması baxımından belə tədbirlərin əhəmiyyətindən söz açılıb və təhsil müəssisəsində aparılan pedaqoji işin keyfiyyətindən razılıq ifadə olunub.
08/07/2015 16:52
Martın 2-də təhsil naziri Misir Mərdanov Almaniyanın “Winter” Şirkətinin rəhbəri Volfqan Vinterlə görüşüb.
Qonağı səmimi salamlayan nazir son illər Azərbaycanla Almaniya arasındakı mövcud əlaqələrin daha da inkişaf etdiyini diqqətə çatdırıb. İki ölkə arasında təhsil sahəsində yaradılan əməkdaşlığın nəticəsi olaraq bir sıra uğurların əldə edildiyini bildirən Misir Mərdanov peşə təhsili üzrə Almaniya təcrübəsindən bəhrələnməyin əhəmiyyətindən bəhs edib. Nazir həmçinin, Azərbaycanda peşə təhsilinə marağın artmasından söz açaraq bu məsələnin ölkə Prezidentinin diqqət mərkəzində olduğunu vurğulayıb və mövcud istiqamətdə həyata keçirilən tədbirlər barədə qonağa məlumat verib. Təhsil naziri Misir Mərdanov Almaniya ilə Azərbaycan arasında təhsil sahəsində mövcud olan əməkdaşlıqdan məmnunluğunu bildirib və qonaqların Bakı şəhərində fəaliyyət göstərən bir sıra peşə təhsili müəssisələrində olmasının əhəmiyyətini qeyd edib. Nazir eyni zamanda bu əməkdaşlığın inkişafı baxımından müvafiq təklifləri dinləməyə və qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin lazımi dəstək göstərməyə hazır olduğunu bildirib. Səmimi qəbul üçün Misir Mərdanova təşəkkürünü bildirən qonaq ölkələrimiz arasındakı mövcud əlaqələrdən, Almaniyada peşə təhsilinə xüsusi əhəmiyyət verilməsindən söz açıb. Volfqan Vinter həmçinin, birgə əməkdaşlığın səmərəli nəticələr verəcəyinə ümid bəslədiyini vurğulayıb. Görüşdə iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq layihə sənədinin hazırlanması, gələcək perspektivlər və digər məsələlər barədə müzakirələr aparılıb.
08/07/2015 16:52
Martın 2-də Təhsil Nazirliyində 2010-2011-ci tədris ili üçün dərsliklərin nəşri və çapa hazırlanması ilə bağlı müşavirə keçirilib.
Təhsil naziri Misir Mərdanov müşavirəni giriş sözü ilə açaraq məlumat verib ki, 2010-2011-ci tədris ilinə 111 adda dərslik və müəllim üçün metodik vəsaitin çapı nəzərdə tutulur, onlardan 71-i I, VI və VIII-XI siniflər, 40-ı isə III siniflər üçündür. Nazir III siniflər üçün dərslik komplektlərinin çapının tender yolu ilə müəyyənləşdiriləcəyini də diqqətə çatdırıb. Sonra Misir Mərdanov ölkəmizdə dərslik siyasətinin uğurla aparıldığını və bu sahədə müsbət nəticələrin əldə olunduğunu qeyd edib. Nazir son illər dərsliklərimizin məzmunu və poliqrafik keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldüyünü bildirib. Dərsliklərin hazırlanması və çapı ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı söz açan Misir Mərdanov daha sonra çap olunacaq dərsliklərimizdə diqqət artırılması vacib olan bir sıra məqamlara toxunub. Nazir dərsliklərin hazırlanması işində orta məktəb müəllimlərinin sayının daha da artırılmasının olduqca zəruriliyini vurğulayıb və bildirib ki, orta məktəb müəllimlərinin dərslik müəllifi olması, dərsliklərin redaktə və metodik cəhətdən işlənilməsinə cəlb edilməsi bu sahədəki nöqsanların azaldılmasına gətirib çıxarır. Misir Mərdanov xüsusi qeyd edib ki, dərsliklər hazırlanarkən şagirdlərin yaşı və qavrama səviyyəsi nəzərə alınmalı, onların elmi yükü və dili bir qədər yüngülləşdirilməlidir. Nazir həmçinin, ayrı-ayrı fənlər üzrə ekspert müəllimlərdən onlara təqdim olunan dərslikləri oxuyarkən bu və digər məqamlara diqqəti artırmalarını, ümumiyyətlə dərslik hazırlığı ilə məşğul olan hər bir kəsə bu işə daha məsuliyyətlə yanaşmağı tövsiyə edib. Müşavirədə dərsliklər, onların nəşri və çapa hazırlıq məsələləri barədə geniş fikir mübadiləsi aparılıb, tanınmış alimlər, ayrı-ayrı fənləri tədris edən müəllimlər rəy və təkliflərini bildiriblər.
08/07/2015 16:52
21-28 fevral tarixlərində ABŞ-ın Cənubi Konnektikut Dövlət Universiteti və Nyu-Yorkdakı Kolumbiya Universitetində məktəb liderliyi təcrübəsinin öyrənilməsi, idarəetmənin təkmilləşdirilməsi istiqamətində müvafiq biliklərin əldə edilməsi, çevik və müasir idarəetmə bacarıqlarına yiyələnmək məqsədi ilə təlimlər keçirilib.
“Məktəb liderliyi” layihəsi üzrə keçirilən təlimlərdə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əbdülrəhimov, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin təhsil siyasəti üzrə proqram rəhbəri Nailə İsmayılova, Bakı və Sumqayıtdakı bir neçə orta məktəbin direktoru, direktor müavini və müəllimləri iştirak edib. Səfər müddətində ölkəmizi təmsil edən iştirakçılar Cənubi Konnektikut ştatındakı bir neçə ibtidai, əsas, orta məktəblərin rəhbərləri ilə görüşlər keçirib, məktəblərin idarə olunması, fəaliyyətləri və müəyyən lazımi sənədləri ilə tanış olub, dərs proseslərini müşahidə edərək müəyyən tədqiqatlar aparıblar. Eyni zamanda nümayəndə heyəti Cənubi Konnektikut Dövlət Universitetində liderliyə dair seminarlarda iştirak edərək bir sıra təqdimatlar dinləyib, müzakirələr aparıb. Sonra həmin təhsil müəssisəsində ölkəmizin təhsil sistemi, həyata keçirilən islahatlar və dövlət proqramları, beynəlxalq əlaqələr, “Məktəb liderliyi” layihəsi çərçivəsində görülən işlər barədə ümumi məlumat verilib, məktəbəqədər, orta ümumtəhsil, peşə və ali məktəblərin foto şəkilləri nümayiş etdirilib, həmçinin, universitetin professor-müəllim heyəti və tələbələri tərəfindən verilən suallar cavablandırılıb. Nümayəndə heyəti Konnektikut Dövlət Təhsil Departamentində “Liderlik standartları və onların məktəblərdə tətbiqi”, “Təhsildə bərabərlik” mövzuları üzrə təqdimatları dinləyib və həmin mövzular ətrafında fikir mübadiləsi aparıb. Səfər çərçivəsində Nyu-Yorkdakı Kolumbiya Universitetinin Müəllimlər Kollecində professor-müəllim heyəti və tələbələr ilə görüşən nümayəndə heyəti ölkəmizdə pedaqoji kadrların fəaliyyəti, müəllimlərin dərs yükü, eyni zamanda, Azərbaycan təhsilində aparılan islahatlar və yeni mexanizmlərin tətbiqinə dair verilən tədqiqat xarakterli sualları cavablandırıblar. Səfərin sonunda ölkəmizi təmsil edən iştirakçılara Cənubi Konnektikut Dövlət Universiteti tərəfindən sertifikatlar təqdim edilib.
08/07/2015 16:52
Martın 3-də təhsil naziri Misir Mərdanov Gürcüstan Respublikasının Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayaraq onların Azərbaycana səfərindən məmnun olduğunu bildirib. Nazir ölkələrimiz arasında təhsil sahəsində mövcud olan əlaqələrdən söz açıb, Azərbaycanda gürcülərə xüsusi diqqətdən, Qax, Balakən, Zaqatala rayonlarında yerləşən gürcü məktəblərinin fəaliyyətindən bəhs edib, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinə toxunub. Gürcüstan Respublikasının Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirərək ilk xarici səfərini məhz Azərbaycan Respublikasına etdiyini vurğulayıb. İki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətindən söz açan qonaq Gürcüstanda azərbaycanlılar üçün yaradılmış şəraitdən, Azərbaycan məktəblərindən, bu məktəblərin təmiri və inkişafı üçün Gürcüstan dövlətinin ayırdığı vəsaitdən bəhs edib. Gürcüstanın təhsil sistemi haqqında məlumat verən David Kirkitadze təhsil sahəsində qarşıda duran məsələlərin həlli, yeni qəbul edilmiş konsepsiya haqqında danışıb. Görüş zamanı Gürcüstanda yerləşən Azərbaycan məktəblərində pedaqoji kadrların, xüsusilə Azərbaycan dili müəllimlərinin çatışmaması nəzərə çatdırılıb. Gələcəkdə Tiflisdə Azərbaycan universitetlərinin filiallarını yaratmaq təklifi irəli sürülüb, eləcə də Azərbaycanda gürcü dilinin tədrisi və digər məsələlər ətrafında müzakirələr aparılıb.
08/07/2015 16:52
Martın 4-də təhsil naziri Misir Mərdanov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorellə görüşüb.
Öncə nazir qonağı səmimi salamlayıb və bu görüşdən məmnun olduğunu diqqətə çatdırıb. Görüşdə müzakirə olunacaq məsələlərdən danışan ATƏT-in Bakı ofisinin rəhbəri Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihələrdən söz açıb və mövcud əməkdaşlığın daha səmərəli təşkili üçün müvafiq təkliflərlə çıxış edib. Qonaq Azərbaycanda jurnalistika ixtisası üzrə tədrisin səviyyəsinin artırılması, bu istiqamətdə mövcud kurikulumun birgə nəzərdən keçirilməsi ilə bağlı məsələlərə toxunub. Ölkəmizin jurnalistika ixtisası tədris edilən bir neçə ali təhsil müəssisəsində müvafiq iş aparıldığını qeyd edən qonaq bununla bağlı işçi qrupun yaradılmasını, Təhsil Nazirliyi əməkdaşının da burada təmsil olunmasını təklif edib. Sonra Əli Bilgə Cankorel uşaq hüquqlarının qorunması, uşaqların müdafiəsinin təşkilindən də bəhs edərək Təhsil Nazirliyinin nəzdində Təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılmasını dəstəklədiyini qeyd edib. Qonaq Uşaq Hüquqları Klinikası və QHT Alyansı ilə yeni fəaliyyətə başlayan idarənin sıx əlaqə yaratmasından məmnunluğunu bildirib, bu sahədə birgə iş aparılmasına lazımi kömək göstərməyə hazır olduğunu vurğulayıb. ATƏT-in Bakı ofisinin Təhsil Nazirliyi ilə ekoloji təhsil sahəsində olan əməkdaşlığını yüksək qiymətləndirən Əli Bilgə Cankorel həyata keçirilmiş Yaşıl paket çərçivəsində aparılan işlərin uğurla nəticələndiyini diqqətə çatdırıb, habelə rəhbərlik etdiyi ofisin ölkəmizdə reallaşdırdığı digər layihələrdən də söz açıb. Təhsil naziri Misir Mərdanov ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorelin irəli sürdüyü təklifləri müsbət qiymətləndirib. Nazir bildirib ki, ölkəmizin bir neçə ali təhsil müəssisəsində tələbələr jurnalistika ixtisasına yiyələnir. Bu ixtisas üzrə kurikulum çərçivəsində birgə iş aparılması təklifini dəstəklədiyini qeyd edən təhsil naziri müvafiq istiqamətdə həyata keçiriləcək tədbirlərin əhəmiyyətini vurğulayıb. “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində görülən işlərdən danışan təhsil naziri bu sahədə bir sıra təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, reallaşdırılan layihələrlə bağlı qonağa ətraflı məlumat verib. Misir Mərdanov qeyd olunan məsələlər üzrə nazirlik tərəfindən lazımi dəstək göstəriləcəyini bildirib. Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə təhsil sahəsi ilə bağlı bir sıra digər məsələlər barədə də söhbət aparılıb.
08/07/2015 16:52
Martın 9-da Təhsil Nazirliyində Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (YUNİSEF) arasında “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNİCEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard iştirak edib. Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın digər dövlət və beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində uğurla həyata keçirildiyindən danışıb. Nazir bildirib ki, bu məqsədlə “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsi hazırlanıb, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YUNİSEF tərəfindən layihənin birgə həyata keçirilməsi üçün razılaşma əldə olunub. Qeyd edilən qurumlarla “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması üzrə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı olduğunu vurğulayan Misir Mərdanov həmin sənədi dövlətin uşaqların müdafiəsi sahəsində atdığı uğurlu addım kimi yüksək qiymətləndirib. Nazir layihənin əsas məqsədinin pilot seçilmiş Əzizbəyov və Suraxanı rayonlarında uşaqların bioloji və ya alternativ ailələrə verilməsi, alternativ qayğıya cəlb edilməsi, risk qrupuna daxil olan uşaqların müəssisəyə düşməsinin qarşısının alınması üçün onların müdafiəsinin təmin edilməsi olduğunu diqqətə çatdırıb. Sonra nazir bildirib ki, Anlaşma Memorandumunun əsas prinsipi uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması istiqamətində Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF arasında müvafiq öhdəliklər əsasında əməkdaşlığın qurulmasıdır. Ölkə prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə olan xüsusi diqqətini vurğulayan Misir Mərdanov Heydər Əliyev Fondunun uşaq evləri və internat məktəblərinin əsaslı təmir olunması, yenidən qurulması istiqamətində gördüyü mühüm işləri iştirakçıların nəzərinə çatdırıb. Nazir həmçinin, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin tabeliyində olan dövlət uşaq müəssisələri barədə də məlumat verib. Tədbirdə layihənin həyata keçirilməsi nəticəsində uşaqların müəssisələrə düşməsinin qarşısının alınacağı, etibarlı müdafiə sisteminin yaradılacağı, alternativ ailə qayğı sistemi və icma əsaslı sosial xidmətlərin təşkil ediləcəyi, övladlığa, qəyyumluğa və himayəyə veriləcək uşaqlar, namizəd ailələr üzrə məlumat bankının hazırlanacağı qeyd olunub. Mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNİCEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard çıxış edərək Anlaşma Memorandumunu uşaq hüquqlarının qorunması üzrə mühüm sənəd kimi dəyərləndirib və onun uşaqların müdafiəsi istiqamətində xüsusi əhəmiyyəti olacağını qeyd ediblər. Sonra təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (YUNİCEF) Azərbaycandakı nümayəndəsi Mark Herevard “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar. Mərasimin sonunda müvafiq qurumların rəhbərləri media nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2010-cu ilin yanvar-fevral ayları ərzində 143 müraciət daxil olub.
Qəbul edilən müraciətlərin 36-sı telefonla, 107-si elektron poçtla göndərilib. Müraciətlərin 55 faizi sorğu və məlumat xarakterlidir. Ümumtəhsil məktəblərində IX və XI siniflərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili, müəllimlərin işə qəbulu üzrə yeni mexanizmin tətbiqi ilə əlaqədar “Qaynar xətt” xidmətinə daxil olan sorğuların sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu mövzuda müraciətlər ümumi sorğuların 43 faizini təşkil edir. Digər sorğular xaricdə təhsil, müəllimlərin əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması, tanınması və sair məsələlərlə bağlı olub. Müraciətlərin 45 faizi məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərlə bağlıdır. Məktəbəqədər təhsil müəssisələri ilə əlaqədar müraciətlərdə Bakı şəhəri və Abşeron rayonunda yerləşən bəzi müəssisələrə uşaqların qəbulu, binaların istilik təchizatı, sanitar-gigiyenik baxımdan yol verilmiş nöqsanlardan bəhs olunur. Bu müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. “Qaynar xətt” xidmətinə ümumtəhsil məktəbləri ilə əlaqədar 46 müraciət daxil olub. Bu müraciətlər Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərindən, Şəki, Abşeron, Tərtər, Xaçmaz, Qazax, Şamaxı, Gədəbəy, İsmayıllı, Saatlı, Beyləqan, Bərdə, Goranboy, Yevlax, Balakən, Ağdam rayonlarından qeydə alınıb. Müraciətlərdə məktəblərin istiliklə təminatı, bir sıra müəllimlərin tədris prosesində, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər əksini tapıb. Təhsil Nazirliyinin “Qaynar xətt”inə edilən bütün müraciətlər ciddi araşdırılıb və aparılmış ümumi monitorinqlər nəticəsində yol verdikləri nöqsanlara görə Bakı şəhərində 10 məktəbin (37, 228, 192, 141, 110, 321, 208, 26, 79 və 61 nömrəli məktəblər) direktoru vəzifəsindən azad edilib, 5 məktəb direktoruna isə (38, 151, 139, 94 və 270 nömrəli məktəblər) töhmət verilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” 18 dekabr 2009-cu il tarixli, 1387 saylı əmrinə uyğun olaraq qış imtahan sessiyası müddətində ali və orta ixtisas təhsili müəssisələri ilə əlaqədar “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər operativ şəkildə araşdırmaya yönəldilib. 2010-cu ilin yanvar-fevral ayları ərzində nazirliyin “Qaynar xətt” xidmətinə ali təhsil müəssisələri ilə bağlı 38 müraciət daxil olub ki, bu da ümumi müraciətlərin 26,6 faizini təşkil edir. Müraciətlərin 14-ü imtahanların gedişində baş verənlər, 5-i diplomların verilməsində ləngimə, 3-ü ödəniş haqqı, 3-ü kredit sistemi ilə qiymətləndirmə, 3-ü özəl ali məktəblərdə diplom üçün ödəniş tələb edilməsi barədə, digərləri isə sorğu xarakterli olub. Onu da qeyd edək ki, 2010-cu ilin mart ayının ilk 5 günü ərzində Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 200-dək müraciət daxil olub. Onlardan 100-ü anonimdir. Bununla əlaqədar Təhsil Nazirliyində yaradılmış Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupun martın 3-də iclası keçirilib, bu müraciətlərin ən qısa müddətdə araşdırılması üçün tədbirlər görülüb. Anonim olmasına baxmayaraq müraciətlərdə göstərilən məktəblərdə monitorinqlər təşkil olunub, şagird və müəllimlər arasında maarifləndirmə işi aparılıb.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı