SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyi 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Gələcək - müəllimin əsəridir” mövzusunda ən yaxşı telesüjet müsabiqəsini elan edir.
Müsabiqənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunduğu kimi, - təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi; - “peşəkar müəllim” obrazının yaradılması; - müəllim peşəsinin nüfuzunun artırılması; - ucqar kənd məktəblərində çalışan gənc müəllimlərin peşə fəaliyyəti ilə bağlı pozitiv ictimai rəyin formalaşdırılması; - peşə fəaliyyətinə yeni başlayan müəllimlərin müsbət təcrübəsinin yayılması; - gənc müəllimlərin kənd məktəblərində işləməyə həvəsləndirilməsidir. Müsabiqəyə kənd yerlərində fəaliyyət göstərən gənc müəllimlərin nümunəvi peşə fəaliyyətini əks etdirən, müəllim nüfuzunun yüksəldilməsinə xidmət edən videosüjetlər təqdim olunmalıdır. Müsabiqə elanına yüksək bal toplayan və ucqar kənd məktəblərində yeni fəaliyyətə başlayan müəllimlərin siyahısı əlavə edilib. Süjetlərin qəhrəmanları siyahıda göstərilən müəllimlər olmalıdır. Müsabiqəyə təqdim edilən süjetlərin xronometrajı ən azı 2 dəqiqə olmalıdır. Süjetlər oktyabrın 1-dən 20-dək respublika ərazisində yayımlanan telekanallarda nümayiş etdirilməlidir. Müəllif efir materialının televiziyada nümayiş olunmuş variantını DVD diskə köçürərək Təhsil Nazirliyinə təqdim etməlidir. Müsabiqə ilə bağlı yaranan suallara tvmusabiqe@edu.gov.az elektron poçt ünvanına sorğu göndərməklə və ya 4969490 nömrəli telefona zəng etməklə cavab almaq mümkündür. Müsabiqənin nəticələri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunduğu gündə - oktyabrın 24-də açıqlanacaq və qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Yüksək bal toplayan və hazırda ucqar kənd məktəblərində çalışan müəllimlərin siyahısı
08/07/2015 16:52
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil işçilərinə fəxri adların verilməsi və təhsil işçilərinin təltif edilməsi haqqında sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Azərbaycan təhsilinin inkişafı sahəsindəki xidmətlərinə görə bir sıra təhsil işçiləri “Əməkdar Müəllim”, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarına və “Tərəqqi” medalına layiq görülüb. Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
08/07/2015 16:52
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 8010 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox) və Kommutator Xidmətinə 3700-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 8122 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 1610 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1725 sənəd (1116 ərizə, 452 məktub, 157 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu, diplomların tanınması, təhsil sənədlərinin alınması, uşaqların vaxtından əvvəl I sinifə qəbulu, şagirdlərin ümumi təhsil müəssisələrinə yerdəyişməsi və ali təhsil ilə bağlı məsələlər əksini tapıb. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2256 zəng) və çərşənbə axşamı (1846 zəng) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:30-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (2221 müraciət) və çərşənbə axşamı (1857 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
08/07/2015 16:52
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yeni www.e-derslik.edu.az elektron dərslik portalı istifadəyə verilib.
Təhsil sisteminin tam şəkildə informasiyalaşdırılması Təhsil Nazirliyinin prioritet məsələlərindən biridir. Portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artıracaqdır. Məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə biləcəklər. İstifadəçilər onlayn formada və ya planşetlərdə yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanacaqlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə psosesinin fərdiləşməsinə şərait yaradacaq. Elektron dərsliklərin digər üstünlükləri də mövcuddur: - Əyani vəsaitlərin mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri; - Böyük həcmli məlumatların saxlanması; - Mətnlər üzərində qeydlərin aparılmasının mümkünlüyü; - Rahat istifadə - axtarış sisteminin mövcudluğu. Nəzərinizə çatdıraq ki, hazırda VI sinif üzrə 10 dərslik elektron formatda e-dərslik elektron kitab rəfində yerləşdirilib. Bu ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə 5 dərslik də elektron formatda istifadəçilərə təqdim olunacaqdır.
08/07/2015 16:52
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında” sərəncama əsasən, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına layiq görülənlər arasında iki qardaş – Habil və Şamil İsmayılovlar da vardır.
Əkiz qardaş olan İsmayılovlar Cəlilabad rayonunun müxtəlif ümumi təhsil müəssisələrində, pedaqoji fəaliyyətlərinin son 10 ilində isə Ocaqlı kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyiblər. Orta məsafəyə (1000 metr) qaçış üzrə keçmiş SSRİ çempionatının finalçısı olmuş İsmayılov qardaşları dəfələrlə Azərbaycanda keçirilən yarışlarda da yüksək nailiyyətlər qazanıblar. Onların idmana olan sonsuz məhəbbətinin nəticəsidir ki, yetirmələri arasında da idmanla məşğul olanlar az deyil. Ümumilikdə, 50 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olmuş Habil və Şamil İsmayılovlar tanınmış müəllim olmaqla yanaşı, eyni zamanda nümunəvi ailə başçılarıdır. Sevindirici haldır ki, onların övladları və nəvələri də idmana maraq göstərir və sağlam həyat tərzinə üstünlük verirlər. Təhsil Nazirliyi təltif olunmuş bütün təhsil işçilərini, o cümlədən də Habil və Şamil İsmayılovları təbrik edir, uzun ömür, möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayır!
08/07/2015 16:52
Tətbiqi təhsil karyera inkişafının əsasıdır - "Uğur formulu”
08/07/2015 16:52
Bu il Xaricdə təhsil üzrə Dövlət Proqramına sənəd verən iddiaçılar yüksək rəqabət şəraitində seçiliblər.
Belə ki, Dövlət Proqramı üzrə sənəd verənlər arasında fərqləndirici xüsusiyyətlərə malik tələbələrin sayı daha çox olub. Həmin tələbələrin istər xarici dil bilikləri, istərsə də digər akademik göstəricilərində əvvəlki illərə nisbətdə əhəmiyyətli artım müşahidə olunub. Aparıcı universitetlərin QS Reytinqinin top 10-luğunda yerləşən ali məktəblərdə təhsil almaq üçün 17 nəfər azərbaycanlı gənc Dövlət Proqramı təqaüdünü qazanıb. Həmin tələbələr xüsusi qabiliyyət və potensial imkanları ilə seçilir. Belə tələbələrdən Fuad Hüseynov ABŞ-ın Harvard Universitetinə, Fərman Fərmanov, Məsmə Nəcəfzadə, Cahangir Məmmədov Böyük Britaniyanın Oksford Universitetinə qəbul olunublar. Bu il dünya universitetlərinin QS Reytinqi üzrə ilk 20-likdə yer tutan ali məktəblərə 58 azərbaycanlı təqaüdçü qəbul olunub. Top 30-dakı universitetlərdə Dövlət Proqramını qazanmış gənclərimizin sayı isə 110 nəfərdir. Hazırda Dövlət Proqramı üzrə xaricdə təhsil almaq üçün sənədləri təsdiq olunan təqaüdçülərin sayı 494 nəfərdir. Yekun rəqəmlər yaxın günlərdə məlum olacaq. Dövlət Proqramı çərçivəsində 319 nəfər magistratura, 45 nəfər doktorantura, digərləri isə bakalavriat və rezidentura üzrə xaricdə təhsil almaq hüququ qazanıb. Bu il Türkiyədə tibbdə uzmanlıq imtahanından keçən tələbələr 66-68 bal toplayaraq yerli tələbələr arasında ən yüksək nəticə göstərənlər sırasında olublar. İlk dəfə bir ildə 9 nəfər Almaniyada kənd təsərrüfatı üzrə təhsil almaq üçün Dövlət Proqramı qazanıb. Avropa musiqisi üzrə 2 nəfər bakalavr səviyyəsi üzrə təhsil almaq üçün göndərilib. Almaniyada baza tibb təhsili almaq üçün 650-dən artıq bal toplayan tələbələrin sayı 4 nəfərdir. İlk dəfə nanotexnologiya üzrə 10 nəfər tələbə magistr xaricə göndəriləcək.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik kuboku” uğrunda breyn-rinq intellektual yarışının sentyabr ayı üzrə qalibi müəyyənləşib.
“Baku Crystal Hall”da keçirilən və AzTV kanalı ilə yayımlanan oyunda əvvəlcə sentyabr ayında keçirilmiş 3 oyunun qaliblərinə – “Kapital bank”, “Norm sement” və “Ağdaş”a rəqib olacaq komanda seçilib. Bu məqsədlə finala çıxmamış komandalar arasında şans oyunu keçirilib və “Romantik” bu oyunda qalib gəlib. Beləliklə, 4 komanda sentyabr ayının finalçısı olmaq uğrunda mübarizəyə başlayıblar. İlk görüş “Romantik”lə “Kapital bank” arasında baş tutub. Gərgin mübarizə 5:4 hesabı ilə “Kapital bank”ın xeyrinə başa çatıb. İkinci seçim görüşündə isə “Norm sement” “Ağdaş”ı böyük xal fərqi ilə məğlubiyyətə uğradıb. Final görüşü çərçivəsində keçirilən 2 oyunda “Kapital bank” və “Norm sement” birincilik uğrunda mübarizə aparıblar. Hər iki oyunda “Kapital bank” üstünlüyünü qoruyub və sentyabr ayının finalçısı adını qazanıb. Bununla, “Bilik kuboku” yarışı üzrə mövsümün finalında oynayacaq ilk komanda müəyyənləşib. Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəklədiyi bu intellektual yarışın mövsüm finalı dekabrda baş tutacaq və burada sentyabr, oktyabr, noyabr və dekabr ayının qalibləri qarşılaşacaqlar. Yarışın qalibi “Bilik kuboku”nu əldə edəcək və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
08/07/2015 16:52
Təhsil naziri Mikayıl Cabbarov “Pedaqoji kadr hazırlığı aparılan alı təhsil müəssisələrinin müəllimlik ixtisaslarına yüksək balla qəbul olunmuş tələbələr üçün Təhsil Nazirliyinin məqsədli təqaüdünün təsis edilməsi barədə” əmr imzalayıb.
“Gələcəyin müəllimi təqaüdü”nün təsis edilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq peşəkar bilik və kompetensiyalara malik pedaqoji kadrların hazırlanmasına xidmət edir. Təqaüd 100 manat məbləğində olmaqla Azərbaycanda pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə şamil olunur. 2014-2015-ci tədris ili üçün məqsədli aylıq “Gələcəyin müəllimi təqaüdü” almaq hüququ qazanmış tələbələrin siyahısı
08/07/2015 16:52
Ən yüksək nəticə göstərmiş müəllimlər
Ramiz KAZIMOV, "Zəngi" liseyinin riyaziyyat müəllimi 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. 1982-ci ildə Sumqayıt şəhəri 13 nömrəli tam orta məktəbi qızıl medalla bitirib. Elə həmin ildə Moskva Dövlət Universitetinə daxil olub və 1987-ci ildə universitetin mexanika-riyaziyyat fakültəsini bitirib. R.Kazımov 1987-ci ildən 1992-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda fəaliyyət göstərib. 1993-cü ildə Moskvada fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 1992-ci ildə "Zəngi" liseyinin yaradıcılarından biri olub. Hazırda bu liseydə riyaziyyat müəllimi işləyir. Təhsil Nazirliyi tərəfindən keçirilən kurikulumla iş üzrə təlim kurslarında iştirak edib. Şagirdləri hər il qəbul imtahanlarında yüksək nəticələr əldə edərək Azərbaycanın və xarici ölkələrin aparıcı ali təhsil müəssisələrinə daxil olurlar. Dərs dediyi şagirdlərinin bir çoxu fənn olimpiadalarında və müsabiqələrdə uğurlu nəticələr qazanır. Müəllimlərin sınaq qiymətləndirilməsində 100% nəticə göstərib. * * * Südabə MURADOVA, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin kimya müəllimi 1972-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1989-cu ildə Bakıdakı 270 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub. 1994-cü ildə universiteti bitirib. 1994-1995-ci illərdə təyinatla Qobustan rayonu Dərəkənd orta məktəbində, 1995-1996-cı illərdə isə Hövsan qəsəbəsindəki 270 nömrəli tam orta məktəbdə kimya müəllimi kimi fəaliyyət göstərib. 1997-1998-ci illərdə Rusiya Federasiyası Komi Muxtar Respublikasının İnta şəhərində yerləşən Akademik Gimnaziyada kimya fənnini tədris edib. 2002-ci ildən Bakıdakı Ə.Mahmudov adına 220 nömrəli məktəb-liseydə çalışır. 2002-2004-cü illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib. Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədəd -Azərbaycan" MMC, İntel təşkilatı tərəfindən təşkil edilmiş təlim kurslarında iştirak edib. Yetirmələri fənn olimpiadalarında, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərib. Sınaq qiymətləndirilməsində 95% nəticə göstərib. * * * Sevil MUSAYEVA, Bakı şəhəri 53 nömrəli tam orta məktəbin ingilis dili müəllimi 1977-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. Orta məktəb illərində ingilis dili olimpiadalarında iştirak edərək müxtəlif dərəcəli diplomlarla təltif olunub. 225 nömrəli məktəbi 1994-cü ildə bitirib və həmin il Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis-fransız bölməsinin filologiya fakültəsinə daxil olub. İnstitutu 1998-ci ildə bitirib. 2000-ci ildən Bakıdakı 53 nömrəli tam orta məktəbdə çalışır. Azərbaycan Respublikası Təhsil Nazirliyi və "Mədəd-Azərbaycan" MMC, "İntel" təşkilatı tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi kurslarında, Britaniya səfirliyi tərəfindən ingilis dili müəllimləri üçün keçirilən təlimlərdə iştirak edib. O, habelə 2012-ci ilin dekabrında Bakı "Dünya" məktəbində ingilis treyner Deyvid Ritsonın apardığı treyninqin, kurikulumun tətbiqi üzrə kursların dinləyicisi olub. Şagirdlərinin çoxu ali məktəblərə qəbul imtahanlarında ingilis dilindən yüksək nəticələr əldə edir. Hazırda məktəbin xarici dil kafedrasının metodbirləşmə rəhbəridir. Sınaq qiymətləndirilməsində 98,33% nəticə göstərib. * * * Gülşən MƏMMƏDOVA, Bakı şəhəri 291 nömrəli "Araz" ekologiya liseyinin fizika müəllimi 1974-cü il iyunun 9-da Qərbi Azərbaycanın Kalinin rayonunda anadan olub. 1991-ci ildə Gürcüstan Respublikası Rustavi şəhərinin 20 nömrəli orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1996-cı ildə universiteti bitirib. 1997-ci ilin fevralından Bakı şəhərindəki 291 nömrəli "Araz" ekologiya liseyində fizika və astronomiya müəllimi vəzifəsində çalışır. Liseydə işlədiyi müddətdə üç dəfə ixtisasartırma kurslarından keçib. "Mədəd-Azərbaycan", "İntel" - "Gələcək üçün Təhsil", "MİMİO XI İnteraktiv lövhə ilə tədris", "Microsoft Partners in Learning", kurikulum, yeni təlim texnologiyalarına əsaslanan innovativ təlim kurslarında iştirak edib. Onun dərs dediyi şagirdlər hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərirlər. 2012-ci ilin aprel ayında G.Məmmədovanın rəhbərliyi ilə hazırlanmış "Günəş su qızdırıcısı" layihəsi 6-cı beynəlxalq İNEPO EUROASİYA layihə Olimpiadasında qalib gəlib və qızıl medala layiq görülüb. Sınaq qiymətləndirməsində 98,33% nəticə göstərib. * * * Afət AXUNDOVA, Bakı şəhəri 60 nömrəli tam orta məktəbin coğrafiya müəllimi 1964-cü il martın 12-də Qazax rayonunda anadan olub. 1971-1981-ci illərdə orta təhsilini Bakı şəhərindəki 109 nömrəli tam orta məktəbdə alıb. 1987-ci ildə Bakı Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsini bitirib. 1987-1995-ci illərdə Bakı şəhəri Təbiəti Mühafizə Cəmiyyətində lektor-metodist vəzifəsində işləyib. Pedaqoji fəaliyyətə 2001-ci ildə başlayıb. Hazırda Bakı şəhəri Yasamal rayonu Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi vəzifəsində çalışır. Yeni təlim metodları ilə işləyir, dərslərdə İKT-dən yaradıcı şəkildə istifadə edir. İxtisas bilik və bacarıqlarını daim artırmaq qayğısına qalan A.Axundova son illər kurikulum üzrə, İKT-nin tətbiqi ilə bağlı, eləcə də "İntel" - "Gələcək üçün təhsil" kurslarında iştirak edib və müvafiq sertifikatlar alıb. Sınaq qiymətləndirilməsində 98,33% nəticə göstərib. * * * Gülbəniz ƏLİYEVA, "Zəngi" liseyinin biologiya müəllimi 1974-cü il fevralın 22-də Naxçıvan şəhərində anadan olub. Orta məktəbi gümüş medalla bitirib. 1992-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. Sonra Naxçıvan Dövlət Universitetinə köçürülərək 1997-ci ildə universiteti bitirib. 2007-ci ildən "Zəngi" liseyində işləyir. Liseydəki "Kiçik Akademiya"nın fəaliyyətində yaxından iştirak edir. Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi, elektron jurnal, təhsil portalından istifadə, kurikulum kurslarında iştirak edərək I dərəcəli sertifikatlara layiq görülüb. Dərslərində şagirdlərin tədqiqatçılıq, intellektual və yaradıcılıq qabiliyyətlərinin inkişafına xüsusi diqqət yetirir. Yetirmələri respublika fənn olimpiadalarında uğurla iştirak edir və qalib yerlər tutur. Sınaq qiymətləndirilməsində 100% nəticə göstərib. * * * Lalə ALIYEVA, Bakı şəhəri 261 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi 1976-cı il martın 6-da Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri məktəb-lisey kompleksini əla qiymətlərlə bitirib. 2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsindən məzun olub. Elə həmin ildən Bakıdakı 261 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi vəzifəsində çalışır. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif layihələrdə, təkmilləşdirmə, interaktiv təlim metodları və onların tətbiqi, İKT-nin təhsildə tətbiqi üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunmuş təlim kurslarında iştirak edib. Daim öz üzərində çalışaraq bilik və səriştəsini təkmilləşdirir, tez-tez "açıq dərs"lər verir. Sınaq qiymətləndirilməsində 98,33% nəticə göstərib. * * * Mətanət EMİNOVA, Bakı şəhəri 26 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 1961-ci il sentyabrın 3-də Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə Şərur rayonu Aşağı Yaycı kənd orta məktəbini bitirib.1980-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olub və 1984-cü ildə institutu bitirib. 1984-1993-cü illərdə Şərur rayonu Yuxarı Yaycı kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib. 1993-cü ildən Bakının Buzovna qəsəbəsindəki İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbdə çalışır. Şagirdləri dəfələrlə bilik yarışlarında yüksək nəticələr əldə edib, fənn olimpiadalarının respublika turunda 1 və 2-ci yerlərə layiq görülüb, yüksək ballarla ali məktəblərə qəbul olurlar. İxtisasartırma, kurikulum, İKT, "Elektron jurnal" kurslarında olub. Sınaq qiymətləndirilməsində 96,66% nəticə göstərib. * * * Zümrüd QULİYEVA, Bakı şəhəri 188 nömrəli tam orta məktəbin tarix müəllimi 1987-ci il yanvarın 13-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində anadan olub. 1993-2004-cü illərdə Kürdəxanı qəsəbəsindəki H.Ağaverdiyev adına 113 nömrəli məktəbdə orta təhsil alıb. 2004-cü ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirərək Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 2008-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub. 2009-2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura pilləsində təhsil alıb. 2011-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək Bakıdakı 188 nömrəli tam orta məktəbdə işləmək hüququ qazanıb. 2014-cü ildə kurikulum kursunda iştirak edib. Sınaq qiymətləndirilməsində 98,33% nəticə göstərib. "Azərbaycan müəllimi" qəzeti
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı