SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Bir əsrlik ömrün hekayəsi
Kəlbəcər rayonundan olan 88 yaşlı müəllim Şəmşir Şəldiyevdən bəhs olunur Onunla görüşə gedəndə əlimdə yalnız quru faktlar vardı. Hətta bu faktlar belə onun haqqında məlumat verirdi. Bir ömrün hekayəsini danışırdı mənə. Kəlbəcər və 88 yaş şifrələri qarşılaşacağım həyat səhifələrini artıq gözümün önündə yarıbayarı canlandırırdı. Bir də Dövlət İdarəçilik Akademiyasının yataqxanasının pilləkənləri ilə qalxanda sanki addım-addım o dərdli həyatın zirvəsinə doğru yaxınlaşırdım. Sanki Dəlidağ adlanan ən yüksək zirvəsinə qalxırdım Kəlbəcərin... Qocaman tarix müəlliminin həyatı Şəldiyev Şəmşir Mikayıl oğlu 1925-ci ildə Kəlbəcər rayonunun Quzey Çiskin kəndində anadan olub.1941-ci ildə Qılınclı kənd orta məktəbini bitirib. 1942-ci ildə müəllim çatmadığına görə Ağqaya kəndində ibtidai məktəbə müəllim və müdir təyin edilib. 1942-ci ilin noyabr ayında əsgərliyə çağırılıb, komsomol təşkilat katibi olduğu üçün özünə borc bilərək könüllü müharibəyə gedib. Sevastopolun qəhrəman müdafiəsində, Stalinqradın birinci, ikinci açılışında iştirak edib. 9 may qələbə gününü hospitalda keçirib. Müharibədə aldığı zərbədən I qrup əlil olub. Sol əlinin iki barmağını itirib. Müharibədən sonra Laçındakı pedaqoji məktəbdə bir il təhsil alaraq Kəlbəcərin Keçili kəndinə ibtidai məktəbə müdir və müəllim göndərilib. 1947-ci ildə V.İ.Lenin adına Pedaqoji İnstitutun hüquq və tarix müəllimliyi fakültəsinin qiyabi şöbəsinə qəbul olunub. 1951-ci ildə institutu bitirib və Sınıq Kilsə kənd məktəbinə tarix müəllimi və direktor təyin edilib. Şəmşir müəllim gözəl ailə başçısıdır. 1956-cı ildə ailə qurub, həyat yoldaşı Ziniş xanım öz şagirdi olub, özündən on üç yaş kiçikdir. Yeddi övladı və on üç nəvəsi var. Bir ömrün yurd nisgili Şəmşir müəllim həyatı yalnız doğma yurdunda dolu-dolu yaşaya bilib. Məktəb direktoru işləyən bu zəhmətkeş müəllim ailəsilə bərabər böyük təsərrüfat idarə edib. Mal-qara saxlayıb, arıçılıqla və kənd təsərrüfatı ilə məşğul olub. 1993-cü il aprelin 2-də Kəlbəcəri tərk etmək məcburiyyətində qalan ailə yalnız öz canlarını qurtara bilib. Bütün var-dövlətini itirən kənd adamı müflis vəziyyətdə şəhərin quru daş-divarına necə sığıb, bunu yalnız yaşayan bilər. "Qazandığını, varını, qoyub gələsən... Qapını bağlayıb, mal-qaranı tövlədə, arını, toyuğunu, cücəni həyətində qoyub gələsən..." - deyə acı təəssüflə dolu həyatı yazmağa qələmin də mürəkkəbi axmır. Yəni həyatını qoyub gələsən... Burada söz tükənir artıq. Deyirlər, keçmişinə güllə atanı gələcək topa tutar. Bəs keçmişini itirən adamın gələcəyini haradan tapmaq olar?! Çətin oldu. Şəmşir müəllimin Kəlbəcərdə qalan həyatının Bakıdakı davamını cansız bir cəsəd kimi acı-acı seyr etməkdən başqa əlimizdən heç nə gəlmədi. Kəlbəcərin işğalı zamanı ölənlərdən çox əsir düşənlərin taleyi Şəmşir müəllimin yaddaşının ən ağrılı səhifələridir. Əsirlikdən qayıdan üç nəfərlə söhbəti zamanı az qala infarkt keçirəcəyini deyir. Bunları danışa bilmədi Şəmşir müəllim. Ailənin didərginlik sıxıntıları övladlarından da yan keçməyib. Üç oğlu ailəsi ilə Dövlət İdarəçilik Akademiyasının yataqxanasında yaşamaq məcburiyyətindədir. Həyat yoldaşı "qızsan,otur evdə, deyib, vaxtında məni oxumağa qoymadılar" deyə peşimançılıq çəkir. Haqlı da deyilmi, məgər? İyirmi il yataqxananın divarlarından kənara çıxmağa bir bəhanəsi olmayan insan bu sıxıntılara necə sakit qatlana bilər?! 50 ilin məktəb direktoru 1941-ci ildə ilk dəfə ibtidai məktəbə direktor təyin edilən Şəmşir müəllim bu işdə böyük səriştə və təcrübəsi, dürüstlüyü, zəhmətkeşliyi ilə cəmiyyətdə böyük nüfuz qazanmışdır. Buna görə də direktorluq vəzifəsi tarix müəlliminin ömür yoldaşına çevrilib. Kəlbəcərin Kilsəli, Milli, İstisu kimi kəndlərində də direktor işləyib. Kəlbəcər rayonunda altı məktəbin tikintisinə rəhbərlik edib. Milli kəndində çox əziyyət çəkdiyini deyir. Öz təşəbbüsü ilə doğulduğu kənddə məktəb binası tikdirib və ora direktor təyin edilib. 1993-cü ilə qədər orada direktor vəzifəsində çalışıb. 1993-cü ildən didərgin düşdükdən sonra Suraxanı rayonunda Kəlbəcər qaçqın məktəbində tarix müəllimi vəzifəsində çalışıb. 50 illik məktəb direktorluğu təcrübəsi, 72 il pedaqoji stajı var. Sadəcə qocaman tarix müəllimi Şəmşir müəllimin fəaliyyətinin Bakı dönəmində Suraxanı rayonundakı qaçqın məktəbində tarix müəllimi vəzifəsində çalışıb. 2010-cu ildə səhhəti ilə bağlı olaraq vəzifəsindən azad olunub. Müəllim kimi yaşının bu çağında, səhhətinin bu durumunda da təsirini itirməyib qocaman insan. Əgər gözləri görsəydi yenə də işləməyə ruhunun gücü çatardı, duyduq. Amma nə etməli ki, ömür də bitməz-tükənməz deyil. Günlərini dua ilə keçirə bilmək də bir təsəllidirsə, xoşbəxtlikdir. Tarix müəllimi olan Şəldiyev Şəmşir özü də canlı bir tarixdir günümüz üçün. Şəldiyev Şəmşir Mikayıl oğlunu redaksiyamız adından Beynəlxalq Müəllim Günü münasibətilə təbrik edirik, uzun ömür, cansağlığı, tezliklə doğma yurda dönməyini arzulayırıq. "Azərbaycan müəllimi" qəzeti
08/07/2015 16:52
Gəncə Dövlət Universitetinin komandası “Nə? Harada? Nə zaman?” oyunu üzrə Regionlar Kubokunu qazanıb.
Qeyd edək ki, 21 sentyabr 2014-cü il tarixində Gəncədə gənclər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə Regionlar Kubokunun final mərhələsi keçirilib. Regionlar Kuboku Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil edilib. Gəncə Dövlət Universitetinin “Eidon” komandası 21 xalla birinci yerə layiq görülüb və Regionlar Kubokuna sahib olub. Gənclərə göstərdiyi qayğıya görə universitetin rektoru Yusif Yusibov təşkilatçılar tərəfindən fəxri diplomla təltif edilib.
08/07/2015 16:52
Əziz müəllimlər! Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, can sağlığı, uzun ömür arzulayıram.
Müəllim, ulu öndərimizin söylədiyi kimi, bizi həyata hazırlayan və bu günlərə gətirib çıxaran insandır. Əgər həyat yolumuza nəzər salsaq, yaşından, vəzifəsindən, mövqeyindən asılı olmayaraq hər birimizin valideynlərimizlə bərabər müəllimlərə borclu olduğumuzu görərik. Biz hər birimiz müəllimlərimizin göstərdiyi yolla hədəflərə doğru getmişik. Bu bir missiyadır. Müdriklər deyir ki, müəllim o deyil ki, öyrədir, o şəxsdir ki, ondan öyrənirlər. Azərbaycanda bizim öyrənməyi öyrəndiyimiz böyük müəllimlərimiz olub: Üzeyir Hacıbəyov, Firudin Köçərli, Mehdi Mehdizadə, Mir Cəlal, Abbas Zamanov və adları bu şərəfli siyahını davam etdirən onlarla digər müəllimlər. Onlar dünən də olub, bu gün də var, gələcəkdə də olacaqlar. Azərbaycanın yeni təhsil fəlsəfəsinin də əsas sütunlarından biri müəllim şəxsiyyəti üzərində qurulub. Müəllim peşəsinin ictimai nüfuzunun artırılması, onun yüksək maddi və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması - bunlar ölkəmizdə təhsil islahatlarının uğurla həyata keçirilməsi üçün ən vacib amillərdir. Dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək tutub. Bu günlərdə cənab Prezidentin sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir. Həmçinin ölkəmizin ali məktəblərinin pedaqoji ixtisaslarına qəbul imtahanlarında 500 və daha artıq bal toplayan 300 nəfər tələbə Təhsil Nazirliyinin aylıq təqaüdünə layiq görülüb. Biz bütün müəllimlərimizi, eləcə də yeni təltif olunan və aylıq təqaüdə layiq görülmüş gələcək müəllimlərimizi bir daha təbrik edirik. P.S. Biz yazmağı, öyrənməyi, düşünməyi müəllimlərimizdən öyrənmişik. Keçmişimizi müəllimlərimizlə xatırlamışıq, bu günümüzü onlarla paylaşmışıq. Ancaq müəllimlərin ən böyük missiyası həm də gələcəklə bağlıdır. Necə deyərlər, gələcək müəllimlərin əsəridir.
08/07/2015 16:52
Oktyabrın 3-də IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçiriləcək “dəyirmi masa” rəhbərlərinin çıxışları dinlənilib.
İclasa sədrlik edən təhsil naziri Mikayıl Cabbarov qonaqları salamlayıb və Bakıda artıq dördüncü dəfə keçirilən Forumun əhəmiyyətindən danışıb. Nazir bildirib ki, Forumun rəsmi hissəsində və plenar iclasında səslənən fikirlər oktyabrın 3-də keçiriləcək “dəyirmi masa”ların əsasını təşkil edir. Son illərdə ölkəmizdə elm və təhsil sahəsində mühüm işlərin görüldüyünü qeyd edən nazir M.Cabbarov Azərbaycanda bu istiqamətdə vacib islahatların həyata keçirildiyini, ötən il təhsilin inkişafı ilə bağlı dövlət strategiyasının təsdiq olunduğunu vurğulayıb. X X X ABŞ-ın Kaliforniya ştatı Məclisinin sabiq spikeri, Los-Anceles şəhərinin sabiq meri Antonio Villereyqosa rəhbərlik edəcəyi “Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru” adlı “dəyirmi masa”da müzakirə olunacaq məsələlərdən danışıb. O, multikulturalizmin həyatda əksər proseslərə təsir etdiyini, bu sahədə yaranan böhranın isə son dərəcə mürəkkəb problemlərə səbəb olduğunu vurğulayıb. A.Villereyqosa bildirib ki, humanitar, xüsusilə multikulturalizmə aid məsələlər dövrümüzün aktual məsələləridir. Azərbaycan çoxmillətli, çoxmədəniyyətli ölkədir. Buradakı müsbət ab-hava dünyanın bir çox yerlərində arzulanır. X X X “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri” adlı “dəyirmi masa”ya sədrlik edəcək Rusiyanın İTAR-TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini Mixail Qusman çıxış edərək bildirib ki, Azərbaycan mənim doğma vətənimdir və bu gün burada olduğum üçün çox xoşbəxtəm. Mən birinci Forumda da iştirak etmişəm. Həmin vaxtdan Forumun xeyli inkişaf etdiyi, zənginləşdiyi göz qabağındadır. Əminəm ki, Bakı Beynəlxalq Humanitar Forumu əhəmiyyətinə görə gələcəkdə Davos İqtisadi Forumunu geridə qoyacaq. M.Qusman “dəyirmi masa”da müasir mediasferanın problemləri, rəqəmsal dövrdə KİV-lərin rolu və digər bir sıra aktual məsələlərin müzakirə ediləcəyini diqqətə çatdırıb. X X X Rumıniyadakı Qara Dəniz Universitetlər Şəbəkəsinin baş katibi Eden Mamut “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu” adlı “dəyirmi masa”ya sədrlik edəcəkdir. O, müasir dövrdə elmin inkişafı ilə bağlı görülən işlərin diqqəti cəlb etdiyini, dünyanın hər yerində təhsil imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. E.Mamut bildirib ki, “dəyirmi masa”da müxtəlif ölkələrdən olan mütəxəssislərin 21 məruzəsi dinləniləcək, mövzuya dair bir çox məsələlərə aydınlıq gətiriləcək. X X X ABŞ-ın Kolumbiya Universitetinin professoru Con Lourens rəhbərlik edəcəyi “Davamlı inkişaf və ekoloji sivilizasiya” adlı “dəyirmi masa”da müzakirə olunacaq məsələlər barəsində məlumat verib. Ekoloji sivilizasiyanın əhəmiyyətindən danışan amerikalı alim deyib ki, müasir dövrdə insan inkişafı indeksi olduqca vacib göstəricidir. Bu indeks əslində çox sadə hesab olunur. Onun əsasında müəyyən ölkələr, o cümlədən Azərbaycan öz standartlarını dəyişib. X X X Türkiyənin Atatürk Universitetinin rektoru, professor Hikmət Koçak bildirib ki, rəhbərlik edəcəyi “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında” adlı “dəyirmi masa”da daha çox fəlsəfi və fərqli yöndə müzakirələr aparılacaq. Alim deyib ki, qloballaşma prosesində insan və cəmiyyət modeli ortaya çıxır və hər bir fərd cəmiyyətin inkişafına töhfə verməlidir. X X X Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xərçəng xəstəliyi üzrə müalicə mərkəzinin rəhbəri Karol Sikora “Molekulyar biologiya və biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə və perspektivlər” adlı “dəyirmi masa”da tibb elminin son illərdəki nailiyyətlərindən, gələcəyindən və problemlərindən söz açılacağını vurğulayıb. O bildirib ki, hazırda texnologiyada inqilabi sıçrayış baş verib. Xərçəngə səbəb olan molekulların hərəkət istiqamətini araşdırmaq mümkün olsa, ilkin mərhələdə diaqnozun qoyulmasına nail olacağıq. X X X “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları” adlı “dəyirmi masa”ya rəhbərlik edəcək Avstriyanın Beynəlxalq Atom Enerjisi Agentliyinin Texniki Əməkdaşlıq Departamentinin proqram rəhbəri İvan Videnoviç bildirib ki, təhsil sektorunun inkişafı rabitə və yüksək texnologiyaların inkişafı ilə birbaşa bağlıdır. Bizim “dəyirmi masa”mızda 19 ölkədən 60-dək nümayəndə, o cümlədən üç Nobel mükafatı laureatı iştirak edəcək. Azərbaycan nüvə enerjisindən dinc məqsədlər üçün istifadədə maraqlı olan ölkələrdəndir. Azərbaycanlı alimlər çıxışlarında məhz bu məsələlərdən söz açacaqlar. X X X Avropa Şurasının sadiq baş katibi Valter Şvimmer rəhbərlik edəcəyi “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” adlı “dəyirmi masa”nın olduqca vacib və aktual məsələyə həsr olunduğunu vurğulayıb. O bildirib ki, “dəyirmi masa”da postmodern erasında dəyərlərin dəyişməsinə daha çox ehtiyac olduğu nəzərdən keçiriləcək. Azərbaycan da uzunsürən münaqişədən əziyyət çəkir. Qafqazda sülhün bərqərar olması hazırda bu region üçün çox vacib məsələdir. X X X Sonda nazir M.Cabbarov tədbirin iştirakçılarına təşəkkürünü bildirib, onlara uğurlar arzulayıb. AzərTAc.
08/07/2015 16:52
Təhsil nazirinin müavini Firudin Qurbanov Belarusun paytaxtı Minsk şəhərində MDB dövlətlərinin müəllim və təhsil işçilərinin üçüncü qurultayında iştirak edib.
500-dək nümayəndənin iştirak etdiyi qurultayda Belarusun dövlət başçısı adından Belarus Respublikası Prezidenti Administrasiyası rəhbərinin birinci müavini A.Radkov iştirakçıları salamlayıb. Təhsil nazirinin müavini F.Qurbanov, həmçinin qurultay çərçivəsində MDB-nin üzvü olan dövlətlərin təhsil sahəsində əməkdaşlıq üzrə Şurasının iclasında müşahidəçi qismində iştirak edib. İclasda 2016-cı ilin “Təhsil ili” elan olunmasının MDB məkanında təhsilin inkişafı və bu sahədə əməkdaşlığın genişləndirilməsində xüsusi əhəmiyyəti vurğulanıb, habelə növbəti iclasın keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Səfər çərçivəsində F.Qurbanov Belarusun təhsil naziri S.Maskeviç, habelə bir sıra aparıcı ali təhsil müəssisələrinin rəhbərləri, o cümlədən Belarus Dövlət Universitetinin rektoru S.Ablameyko, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin rektoru A.Juk və Peşə Təhsili üzrə İnstitutun rektoru A.Şklyar ilə görüşüb və səmərəli fikir mübadiləsi aparıb. F.Qurbanov Peşə Təhsili üzrə İnstitutun rektoru A.Şklyar ilə görüşdən sonra bu təhsil müəssisəsinin tikinti, maşınqayırma və avtomobil təmiri resurs mərkəzlərində olub. Burada iki ölkə arasında bu sahədə gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Bununla yanaşı, nazir müavini F.Qurbanov Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində də olub və universitetin tələbə və müəllimləri ilə görüşüb. Həmin görüşdə, həmçinin Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə də iştirak edib. Nazir müavini F.Qurbanovun və səfir İ.Vahabzadənin həmin tədbirdə geniş məzmunlu çıxışları görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb. F.Qurbanov həmin universitetin önündə qoyulmuş “Mənim birinci müəlliməm” abidəsinin açılışında iştirak edib. Abidənin açılışına Belarus Respublikası Baş nazirinin müavini A.Tozik də qatılıb.
08/07/2015 16:52
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin musiqi sahəsində xüsusi istedadı olan şagirdlərinin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onların xüsusi aylıq təqaüdə layiq görülməsi qərara alınıb. Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
08/07/2015 16:52
Təhsil Nazirliyinin təsis etdiyi “Bilik Kuboku” uğrunda breyn-rinq yarışlarının oktyabr ayı üzrə seçim oyunları başlayıb.
“AzTV” telekanalı ilə yayımlanan yarışlarda ölkəmizin 15 bölgəsini təmsil edən 30 komanda iştirak edir. Oktyabr ayının 4 finalçısından birini müəyyənləşdirmək üçün keçirilən oyunda iki seçim və iki final görüşü olub. İlk seçim görüşündə “Şabran” və “Azərbaycan klubu” komandaları qarşılaşıblar. “Azərbaycan klubu” 5-2 hesabı ilə qələbə qazanıb. İkinci seçim görüşü “Nar Mobile” və “Bərdə” komandaları arasında olub və “Nar Mobile” rəqibinə 1 xal fərqi ilə üstün gəlib. Final görüşlərində “Azərbaycan klubu” və “Nar Mobile” mübarizə aparıblar. Hər iki görüş “Nar Mobile” komandasının qələbəsi ilə başa çatıb. Beləliklə, “Nar Mobile” oktyabr ayının final görüşündə iştirak hüququ qazanıb. “Bilik Kuboku” uğrunda breyn-rinq yarışları ilin sonunadək davam edəcək və 15-ci oyunda Təhsil Nazirliyi tərəfindən təsis olunmuş “Bilik kuboku”nun sahiblərinin adları məlum olacaq. Həmin oyunda sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcək. Xatırladaq ki, sentyabr ayının qalibi “Kapital bank” olub. “Bilik kuboku”nun qalibi Təhsil Nazirliyi tərəfindən elekton kitab oxuyucusu ilə mükafatlandırılacaq. Eyni zamanda qalib komandaya sponsorlar planşetlər və hesabında 3 min AZN olan plastik kart təqdim edəcəklər.
08/07/2015 16:52
Oktyabrın 10-da Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” sərgiləri öz işinə başlayıb.
Dünyanın 20 ölkəsindən 122 iştirakçının qoşulduğu sərgiyə Təhsil Nazirliyi SABAH qruplarına aid materialların nümayiş olunduğu pavilyonla qatılıb. Ölkəmizin 10 ali təhsil müəssisəsi də sərgidə iştirak edir. Açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, bu gün Azərbaycanda insan kapitalının inkişafı üçün dövlət, özəl sektor və təhsil ocaqları bərabər çalışır, əməkdaşlıq imkanlarını artırırlar. Bu baxımdan beynəlxalq “Təhsil” və “Karyera” sərgiləri təhsil müəssisələri, biznes dünyası və gənclər arasında dialoqun yaradılması, yeni ideya və layihələrin təqdim edilməsi, səmərəli müzakirələr aparılması üçün geniş imkanlar açır. Ceyhun Bayramov sərgi çərçivəsində təhsil sahəsində reallaşdırılan müxtəlif layihələrin təqdimatlarının keçiriləcəyini də bildirib. Bunlardan biri SABAH qrupları ilə bağlıdır. Savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunan SABAH qruplarının yaradılmasının qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurətindən irəli gəldiyini vurğulayan nazir müavini qeyd edib ki, bu qruplarda təmsil olunan tələbələr inkişafın Azərbaycan modelinin tətbiq imkanlarını yeni universitet alqoritmi ilə sabaha daşımalıdırlar. Bu il “Karyera” sərgisi müstəqil layihə kimi və yeni brend altında təşkil olunur. Burada 22 şirkət bank işi, neft-qaz, telekommunikasiya, maliyyə, hüquq xidmətləri, energetika, satış və marketinq, su resursları, qida və kənd təsərrüfatı sektorlarında iş vakansiyalarını təklif edir. İştirakçılar sırasında olan “Bakı 2015” Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən də böyük idman bayramı çərçivəsində həyata keçiriləcək işlərlə bağlı vakansiyalar təqdim olunub. Sərgi iki gün davam edəcək.
08/07/2015 16:52
Oktyabrın 10-da Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq Bakıda 1-ci SABAH Forumu öz işinə başlayıb.
2 günlük forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbəsi iştirak edir. Forumun keçirilməsində əsas məqsəd ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumatların verilməsi, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolunun müəyyənləşdirilməsi, tələbələr arasında dialoqun yaradılmasından ibarətdir. Tədbirin açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Bu baxımdan ölkə təhsilinin strateji hədəflərindən biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, gənclərin potensialının inkişaf etdirilməsidir. SABAH qrupları layihəsi də bu istiqamətdə həyata keçirilən tədbirlərdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan vətəndaşları müasir dövrdə yüksək keyfiyyətli təhsili xarici ölkələrlə yanaşı öz ali təhsil müəssisələrimizdə də ala bilər. Bu gün müasir təhsili qloballaşan dünyaya uyğun çeviklik, peşəkarlıq, yeni texnologiyalar olmadan, xarici dillərin öyrənilməsindən kənar təsəvvür etmək çox çətindir. Bu proseslərin hər biri yeni yaradılan SABAH qruplarında özünü əks etdirir. Qeyd edək ki, SABAH qrupları 33 ixtisas üzrə elmi-pedaqoji potensialı, tədris laboratoriya və maddi-texniki bazası yüksək olan 7 ali məktəbdə yaradılıb. 688 tələbənin təhsil aldığı bu qruplarda 158 müəllim dərs deyir. SABAH qruplarında tədris fərqli proqram əsasında keçirilir və tələbələrə xüsusi təqaüd verilir, eyni zamanda aztəminatlı ailələrdən olanlar yataqxana ilə təmin olunur.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı