SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 20-də Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtın orta ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətinə dair monitorinq keçirilib.
Monitorinqdə kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edib. Mətbuat işçilərinin seçimi əsasında Bakının Nərimanov rayonundakı 177, 47 və 258 nömrəli orta məktəblərdə şagirdlərin dərsə davamiyyətinin monitorinqi aparılıb. Reyd zamanı həm ibtidai, həm də yuxarı siniflərdə şagirdlərin davamiyyət faizinin yüksək olduğu (95 faizdən yuxarı) müşahidə edilib. Monitorinq qrupu, həmçinin məktəblərdə tədrisin təşkilinin bir sıra digər məsələləri ilə maraqlanıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Onu da qeyd edək ki, orta ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti ilə bağlı hər həftə paytaxtın bir rayonu üzrə monitorinq keçirilməsi nəzərdə tutulub.
08/07/2015 16:52
Ötən tədris ilində Təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS) şöbəsi tərəfindən respublikanın bütün ümumtəhsil məktəblərini əhatə edən informasiya bazası (Təhsilin idarəolunmasının məlumat bazası) yaradılıb.
Hazırda TİMS bazasında 1 milyon 400 mindən çox şagird və 200 mindən çox müəllim və digər işçilər haqqında məlumat yerləşdirilib. Təqdirəlayiq haldır ki, bazaya məlumatların daxil olunması məhz məktəblərin (Təhsil şöbələrinin) özləri tərəfindən aparılıb və həmin məlumatlar dərs ili ərzində daim yenilənib. Ötən dərs ilində buraxılış sinifləri üçün sınaq və yekun imtahanlar TİMS bazasının məlumatları əsasında aparılıb. İmtahanların nəticələrinə görə şagirdlərə verilən şəhadətnamə, yaxud attestatların nömrələri məlumat bazasına daxil edilib. Görülmüş işlərin nəticəsi olaraq yeni dərs ilindən statistik hesabatların proqram təminatı tərəfindən formalaşdırılması və həmin hesabatların məlumat bazası şəklində qəbul olunması imkanı yaranıb. Hazırda bazada olan məlumatların yeni dərs ilinə uyğunlaşdırılması (şagirdlərin növbəti sinfə keçirilməsi və 11-ci sinif şagirdlərinin yeni bazadan silinməsi), eləcə də məktəbəqədər tədris müəssisələri və ali məktəblər üçün proqram təminatının hazırlanması üzərində işlər gedir.
08/07/2015 16:52
Oktyabrın 21-də Təhsil Nazirliyində ölkəmizin ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələsinin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, şahmat üzrə tanınmış mütəxəssislər və ixtisaslaşmış şahmat məktəblərinin rəhbərləri iştirak ediblər. İştirakçıları salamlayan təhsil naziri Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nı ölkəmizdə bu sahəyə olan diqqət və qayğının əyani təzahürü kimi səciyyələndirib. Respublikamızda şahmatın inkişafı ilə bağlı ulu öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində həyata keçirdiyi möhtəşəm tədbirlərə toxunan nazir ölkə şahmatçılarının qazandığı nailiyyətlər barədə məlumat verib. Təhsil Nazirliyi sistemində 66 uşaq-gənclər şahmat məktəbinin fəaliyyət göstərdiyini qeyd edən nazir bu məktəblərdə 2648 qrupda 36 mindən çox məktəblinin şahmatın sirlərini öyrəndiyini nəzərə çatdırıb. Misir Mərdanov şahmat məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir inventar, avadanlıq, kompüter, dərslik və dərs vəsaitləri ilə tam təmin olunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, son illər bir çox rayonlarda yeni Uşaq-Gənclər Şahmat Məktəblərinin tikilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Respublikamızın ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələsinin aktuallığını diqqətə çatdıran təhsil naziri Dövlət Proqramına uyğun olaraq nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması üçün görüləcək işlərin müəyyənləşdirilməsi məsələlərinə toxunub. Bu məqsədlə müvafiq tədris proqramının hazırlanmasının, məktəblərdə həmin fənni tədris edəcək müəllimlərin seçilməsinin zəruriliyini vurğulayan təhsil naziri, həmçinin dünya təcrübəsinin dərindən öyrənilməsinin gərəkli olduğunu bildirib. Nazir, ilk növbədə bu yeniliyin tətbiq olunacağı məktəblərin seçilməsi və qazanılmış təcrübə əsasında digər ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisi məsələlərinə baxılmasının daha səmərəli nəticələr verəcəyinə inamını ifadə edib. Misir Mərdanov qeyd olunan məsələlərlə bağlı Azərbaycan Şahmat Federasiyasının Təhsil Nazirliyinə göndərdiyi təklifləri diqqətə çatdırıb, qarşıda duran müvafiq vəzifələrin həlli üçün tapşırıq və tövsiyələrini verib. Belə bir tədbirin keçirilməsinə görə təhsil naziri Misir Mərdanova təşəkkürünü bildirən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov şahmatın inkişafına verilən dövlət dəstəyinə görə beynəlxalq aləmdə Azərbaycan təcrübəsinin yaxşı bir nümunə kimi qəbul olunduğunu qeyd edib. Bu baxımdan əldə edilmiş uğurlarda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər şahmat məktəblərinin layiqli yer tutduğunu bildirən F.Həsənov artıq dünyanın qabaqcıl ölkələrinin orta məktəblərində şahmatın müstəqil fənn kimi tədris olunduğunu nəzərə çatdırıb. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti ümumi təhsil müəssisələrində şahmatın müstəqil fənn kimi tədrisinin xalqın intellektual potensialının inkişafı və istedadlı gənclərin üzə çıxarılması baxımından əhəmiyyətindən bəhs edib, bu işin şagirdlərin asudə vaxtının səmərəli təşkilinə əlverişli zəmin yaradacağını vurğulayıb. Daha sonra orta məktəblərdə şahmatın tədris olunmasına dair fikir mübadiləsi aparılıb, bu məsələnin həlli ilə bağlı bir sıra təkliflər səsləndirilib.
08/07/2015 16:52
Oktyabrın 21-də Təhsil Nazirliyində nazirliyin sifarişi əsasında Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş növbəti iclas keçirilib.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq Təhsil Problemləri İnstitutunda müvafiq mövzular əhatə olunmaqla aparılacaq tədqiqat işlərinin mühüm əhəmiyyəti olacağını qeyd edib. Bugünkü iclasda seçilmiş mövzuların rəhbərlərinin iştirak etdiyini bildirən təhsil naziri onların həmin tədqiqat sahəsi üzrə fikirlərinin dinlənilməsinin məqsədəuyğunluğunu vurğulayıb. Nazir ötən iclasda müzakirə edilən mövzulara yenidən baxıldığını diqqətə çatdıraraq bu barədə ətraflı məlumat vermək üçün sözü Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabova verib. A.Mehrabov yerinə yetiriləcək tədqiqat mövzuları ilə bağlı müvafiq təkmilləşdirilmə işlərinin aparıldığını və yekun olaraq on səkkiz mövzunun müəyyənləşdirildiyini açıqlayıb. İnstitut direktoru qeyd olunan mövzuların ibtidai siniflərdə fənn kurikulumlarının tətbiqi nəticələrinin, həmin siniflərdə dərsin bir müəllim və ya fənlər üzrə ayrı-ayrı müəllimlər tərəfindən aparılmasının müqayisəli təhlili, beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin təşkili, təlim prosesində yeni pedaqoji texnologiyalardan, İKT-dən istifadənin elmi əsasları və təlimin keyfiyyətinə təsiri, ümumi təhsildə şagird nailiyyətlərinin qiymətləndirilməsi, qiymətləndirmə standartlarının təkmilləşdirilməsi və qiymətləndirmə vasitələrinin tədqiqi, habelə təhsilin digər sahələrini əhatə etdiyini bildirib. A.Mehrabov eyni zamanda nəzərdə tutulan tədqiqat mövzularında toxunulacaq məsələlər və onların mahiyyəti ilə iştirakçıları tanış edib. Sonra tədqiqat mövzuları üzrə icraçılar − Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin İbtidai təhsilin kurikulumu şöbəsinin müdiri Bibixanım İbadova, Tətbiqi Tədqiqatlar, Monitorinq və Qiymətləndirmə Mərkəzinin Qiymətləndirmənin məzmunu və vasitələri şöbəsinin müdiri Elxan Bəylərov rəhbəri olduqları tədqiqat mövzuları barədə məlumat verib və gözlənilən nəticələri diqqətə çatdırıblar. Eyni zamanda icraçılar onlara ünvanlanan sualları cavablandırıblar. Təhsil naziri Misir Mərdanov Təhsil Problemləri İnstitutunda yerinə yetirilməsi nəzərdə tutulan mövzularla bağlı tövsiyə və tapşırıqlarını verib, həmin mövzuların adlarında müəyyən dəyişiklik aparıldıqdan və Təhsil Nazirliyinin aidiyyəti şöbələri ilə müzakirə edildikdən sonra qəbul edilməsinin məqsədəuyğunluğunu qeyd edib. Nazir, həmçinin aparılan tədqiqatların müxtəlif mənbələr hesabına stimullaşdırılması məsələsinə toxunub. İclasda tədqiqat mövzuları ilə bağlı rəy və təkliflər səsləndirilib, həmin təkliflərin nəzərə alınması qeyd olunub.
08/07/2015 16:52
Oktyabrın 27-də təhsil naziri Misir Mərdanov Avstraliya İttifaqının Azərbaycanda akkreditə olunmuş səfiri Yan Biqqslə görüşüb.
Misir Mərdanov qonağı səmimi salamlayaraq onu Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə edib. Avstraliya ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən söz açan nazir təhsil sahəsində ölkələrarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb. Müstəqilliyimizin bərpasının 20-ci ildönümünün qeyd edildiyi ərəfədə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin ölkəmiz üçün əlamətdar hadisə olduğunu vurğulayan Misir Mərdanov son illər respublikamızda aparılan quruculuq işləri, xüsusilə təhsil sahəsində qazanılmış uğurlar barədə də məlumat verib. Nazir ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil aldığını bildirib. Təhsil naziri həmin proqrama uyğun olaraq təsdiq olunmuş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na 21 Avstraliya universitetinin daxil edildiyini vurğulayıb və hazırda azərbaycanlı gənclərin Avstraliyanın bir neçə universitetində təhsil aldığını qeyd edib. Misir Mərdanov, həmçinin Avstraliya universitetlərinin ölkəmizdə daha yaxından tanıdılması imkanlarından söz açıb və bu işin Avstraliyanın ali məktəblərində təhsil alacaq azərbaycanlı gənclərin sayının artmasına müsbət təsir edəcəyini söyləyib. Nazir iki ölkə arasında təhsilin müxtəlif pillə və sahələri üzrə əməkdaşlıq edilməsinin, qarşılıqlı səfərlərin təşkilinin münasibətlərə töhfələr verəcəyinə, eyni zamanda bu görüşün yüksək əhəmiyyəti olacağına inamını ifadə edib. Avstraliya İttifaqının Azərbaycanda akkreditə olunmuş səfiri Yan Biqqs səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Səfir Avstraliya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin və bu sahədə səmərəliliyin daha da artırılmasının əhəmiyyətindən danışıb. Azərbaycanlı gənclərin müvafiq Dövlət Proqramı çərçivəsində Avstraliya universitetlərində təhsil almasını yüksək dəyərləndirən Yan Biqqs bunun ikitərəfli təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayacağını qeyd edib. Qonaq universitetlərarası əməkdaşlığa, mütəxəssislərin qarşılıqlı səfərlərinə xüsusilə üstünlük verdiyini açıqlayıb. Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlığın digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Oktyabrın 28-də təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen, “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Pol Klementson və bu təşkilatın proqramlar üzrə meneceri Gülşən Hüseynova ilə görüşüb.
Misir Mərdanov qonaqları səmimi salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu bildirib. Azərbaycana yeni təyin olunan səfiri bu münasibətlə təbrik edən nazir ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir Böyük Britaniya ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən danışıb, bu ölkə ilə təhsil sahəsindəki əməkdaşlığın inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Azərbaycanın orta məktəblərində ingilis dilinin öyrənilməsinə böyük maraq olduğunu deyən Misir Mərdanov eyni zamanda bildirib ki, hər iki ölkə arasında faydalı və səmərəli təhsil əlaqələrinin yaradılmasında “British Council” təşkilatının mühüm rolu vardır. “British Council”ın ölkəmizdə reallaşdırdığı çoxsaylı və uğurlu layihələrdən söz açan təhsil naziri bu təşkilatın işini yüksək dəyərləndirib. Misir Mərdanov Təhsil Nazirliyi ilə “British Council”ın birgə işinin müsbət nəticələrini, müvafiq layihələrin reallaşdırılmasında proqramlar üzrə menecer Gülşən Hüseynovanın yaxından iştirakını xüsusi qeyd edib. Nazir, həmçinin Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin (AzETA) bu əlaqələrin inkişafına xidmət edən layihələrini və birliyin regionlarda fəaliyyətinin genişləndirilməsinin məqsədəuyğunluğunu vurğulayıb. Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Piter Beytmen səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edib. Səfir Azərbaycanla Böyük Britaniya arasındakı əlaqələrdən söz açıb, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərin uğurla davam etdiriləcəyini qeyd edib. Piter Beytmen gələn ilin yanvarında Böyük Britaniyada keçirilməsi nəzərdə tutulan Dünya Təhsil Forumu və onun əhəmiyyəti barədə də məlumat verib. Sonra çıxış edən “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Pol Klementson nazirə ölkəmizdə həyata keçirdikləri layihələrdə dəstək göstərdiyi üçün təşəkkürünü bildirib. Pol Klementson rəhbəri olduğu təşkilatla Təhsil Nazirliyi arasında mövcud olan əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən söz açıb və ölkəmizdə yeni layihələr həyata keçirmək niyyətində olduqlarını qeyd edib. “British Council” təşkilatının Azərbaycan üzrə direktoru onu da əlavə edib ki, bu layihələr ingilis dili müəllimlərinin işinin təkmilləşdirilməsinə xidmət edəcək. Görüşdə qarşılıqlı təhsil əlaqələrinin inkişafı ilə bağlı digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Oktyabrın 28-də Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtın orta ümumi təhsil müəssisələrində növbəti monitorinq keçirilib.
Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi monitorinqin əsas məqsədi şagirdlərin dərsə davamiyyətini müəyyənləşdirmək olub. Media nümayəndələrinin seçimi əsasında monitorinq Bakının Suraxanı rayonunun 278 və 285 nömrəli orta məktəblərində aparılıb. Monitorinq zamanı qeyd olunan təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətinin yüksək olduğu məlum olub, eyni zamanda jurnalistləri maraqlandıran məsələlər cavablandırılıb. Qeyd edək ki, monitorinq bu ilin sonunadək davam etdiriləcək.
08/07/2015 16:52
Oktyabrın 28-də Azərbaycan Müəllimlər İnstitutunda “Müəllim hazırlığının müasir problemləri” mövzusunda ikigünlük beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Konfransda Türkiyə, Rusiya, Fransa, Ukrayna və Gürcüstandan gəlmiş nümayəndələr, respublikamızın ali məktəblərinin təmsilçiləri iştirak ediblər. Tədbirdən öncə iştirakçılar institutda yaradılmış Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Konfransı giriş sözü ilə Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı açaraq iştirakçıları salamlayıb. A.Naxçıvanlı rəhbərlik etdiyi təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyəti haqqında məlumat verib, mövcud problemlərdən söz açıb və bu tədbirin yüksək əhəmiyyətindən bəhs edib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov belə bir beynəlxalq konfransın Azərbaycan Müəllimlər İnstitutunda keçirilməsinin önəmini vurğulayıb. Konfransın müəllim hazırlığının müasir problemlərinə həsr olunduğundan söz açan nazir bildirib ki, hər bir ölkənin gələcəyi məktəbin və müəllimin bugünkü qlobal çağırışlara necə cavab verməsindən asılıdır. Misir Mərdanov hazırda ali məktəblərin qarşısında yeni nəsil müəllimlərin hazırlanmasının, pedaqoji kadrların ixtisasartırmasının müasir və daha səmərəli modelinin yaradılması kimi mühüm vəzifələrin dayandığını qeyd edib. Nazir bunun üçün elmin müasir nailiyyətlərindən və informasiya texnologiyalarından istifadə etməklə müəllim kadrlarının hazırlanması sahəsində yeni innovasiyaların işlənilməsinə yönəlmiş ciddi tədqiqatların aparılmasının vacibliyini diqqətə çatdırıb. Ölkəmizdə təhsilə və müəllimlərə göstərilən dövlət qayğısından söz açan Misir Mərdanov müəllimlərin əməyinin stimullaşdırılması istiqamətində atılan addımları, habelə onların innovasiya fəaliyyətini inkişaf etdirmək məqsədilə 2008-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölkəmizdə “Ən yaxşı müəllim” və “Ən yaxşı məktəb” müsabiqələri keçirildiyini qeyd edib. Təhsil naziri, həmçinin son illər müəllim hazırlığı ilə bağlı həyata keçirilən tədbirlərdən və bu sahədə mövcud olan problemlərdən danışıb. Konfransda Moskva Açıq Avrasiya İnstitutunun professoru, Psixologiya Elmləri Beynəlxalq Akademiyasının akademiki Aleksandr Morozov “Yeni tip müəllimin formalaşması müasir təhsilin inkişafının əsas faktoru kimi” mövzusunda təqdimat-məruzə edib. Tədbirdə Ukrayna Milli Bioresurslar və Təbiətdənistifadə Universitetinin yaranma tarixi və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. Fasilədən sonra konfrans sessiyalarda işini davam etdirib.
08/07/2015 16:52
Oktyabrın 29-da Təhsil Nazirliyində Akkreditasiya Şurasının növbəti iclası keçirilib.
İclasda Astara Pedaqoji Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci və Mingəçevir Turizm Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub. İclasda həmçinin “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar”a baxılıb. Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə açaraq ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyadan keçirilməsi sahəsində görülmüş işlərin əhəmiyyətini qeyd edib. Nazir Astara Pedaqoji Kollecində aparılmış akkreditasiyanın nəticələri barədə məlumat vermək üçün sözü həmin müəssisə üzrə komissiyanın sədri, Bakı Humanitar Kollecinin Xarici dil fənn komissiyasının sədri Sədaqət Qafarovaya verib. S.Qafarova Astara Pedaqoji Kollecinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə və statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar barədə danışıb. Komissiya sədri təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlardan müəssisənin idarə olunması, təhsil proqramları üzrə hazırlığın məzmunu və strukturu, tədris prosesinin təşkili, statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar üzrə isə bu müəssisədə çalışan ali təhsilli, elmi dərəcəsi və elmi adı olan müəllimlərin sayı, məzunların ixtisasları üzrə işlə təmin olunması və digər göstəricilərlə bağlı nəticələrdən söz açıb. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin akkreditasiyasını keçirmiş komissiyanın sədri, Azərbaycan Texniki Universitetinin Kommutasiya sistemləri və poçt rabitəsi kafedrasının müdiri Elçin Gözəlov akkreditasiyaya təqdim edilmiş ixtisaslar üzrə təhsil proqramlarının məzmununun müvafiq göstəricilərə uyğun olduğunu bildirib və qeyd olunan müəssisədə aparılmış araşdırma barədə geniş məlumatı şura üzvlərinin diqqətinə çatdırıb. E.Gözəlov təqdimat məruzəsində bu təhsil müəssisəsində çalışan müəllim heyəti, son beş ildə müəllimlərin hər on nəfərinə düşən qriflə nəşr olunmuş tədris vəsaitləri, kollecin internetlə təminatı və digər məsələlərə də toxunub. Mingəçevir Turizm Kolleci üzrə keçirilmiş akkreditasiyanın nəticələri barədə Akkreditasiya Komissiyasının sədri, Azərbaycan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsinin dekanı Razim Məmmədov çıxış edərək kollecin ümumi fəaliyyəti və komissiyanın bununla bağlı gəldiyi qənaətlə iştirakçıları tanış edib. Sonra hər üç kollec üzrə iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra rəy və təkliflər səsləndirilib. İclasda Akkreditasiya Şurası kollec statusu üçün müəyyənləşdirilmiş meyarın müvafiq göstəriciləri üzrə tələb olunan 100 baldan Astara Pedaqoji Kollecinin 70, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin 61, Mingəçevir Turizm Kollecinin 65 bal topladığını nəzərə alaraq, onların hər üçünün fəaliyyətini “kafi” qiymətləndirib və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edib. Akkreditasiya Şurasının iclasında “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” əsasən bəyənilib və bir sıra təkliflərin nəzərə alınması qeyd olunub.
08/07/2015 16:52
Noyabrın 2-də «Hyatt Regency» otelində Azərbaycan Respublikası Dövlət Neft Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş «Milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolu» mövzusunda konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının hökumət nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların, neft-qaz hasilatı sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin, qeyri-hökumət təşkilatlarının əməkdaşları, xarici ekspertlər iştirak ediblər. Konfransı Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov açaraq Azərbaycanın milli sərvəti olan qara qızıldan əldə olunan gəlirlərin toplanması, idarə edilməsi və bu vəsaitlərin gələcək nəsillərə çatdırılması məqsədilə xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik qərarı ilə təsis edilmiş Dövlət Neft Fondunun fəaliyyəti barədə geniş məlumat verib. Dövlət Neft Fondunda toplanan vəsaitin ildən-ilə artdığını deyən icraçı direktor bunun Azərbaycanın maliyyə potensialının və bütövlükdə ölkənin iqtisadi qüdrətinin təzahürü olduğunu bildirib. Şahmar Mövsumov daha sonra Neft Fondu tərəfindən həyata keçirilən tədbirlərdən, reallaşdırılan layihələrdən ətraflı bəhs edib. Sonra konfrans öz işini «Dövlət Neft Fondu milli neft strategiyasının ayrılmaz hissəsi kimi», «Neft Fondunun investisiya siyasəti: əsas prinsiplər, mövcud istiqamətlər və gələcək prioritetlər», «Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr: məqsəd və nəticələr», «Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi: nailiyyətlər və gələcəyə baxış» mövzuları üzrə 4 sessiyada davam etdirib. Sessiyalarda müxtəlif məsələləri əhatə edən çoxsaylı məruzələr dinlənilib. 3-cü sessiyada Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov «Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı–qara qızılın insan kapitalına çevrilməsi mexanizmi kimi» mövzusunda məruzə edib. Misir Mərdanov ulu öndər Heydər Əliyevin azərbaycanlı gənclərin xaricdə təhsil almalarına hər zaman xüsusi önəm verməsindən danışaraq bu işin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Nazir qeyd edib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının ilahi sərvəti olan «qara qızılının insan kapitalına çevrilməsi» siyasəti uğurla reallaşdırılır və azərbaycanlı gənclərin ölkəmiz üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil alır və ölkənin inkişafının mühüm amilinə çevrilmiş Dövlət Proqramı Təhsil Nazirliyi tərəfindən icra olunur. Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı» çərçivəsində 1200-ə yaxın gəncin ölkəmizin ehtiyac duyduğu sahələr üzrə 24 ölkənin 160-dək nüfuzlu ali məktəbinə göndərildiyini vurğulayan təhsil naziri bununla bağlı statistik rəqəmləri konfrans iştirakçılarının diqqətinə çatdırıb. Nazir xaricə göndərilmiş gənclərin bir qisminin təhsilini növbəti səviyyədə davam etdirdiyini, digərlərinin isə ölkəmizdə müxtəlif dövlət qurumlarında və özəl sektorda uğurla çalışdıqlarını söyləyib. Xaricdə təhsil alan gənclərimizin illər və təhsil səviyyələri üzrə statistik təhlilini aparan Misir Mərdanov bu məsələyə olduqca ciddi yanaşıldığını, xarici ölkələrdə təhsil almaq istəyən gənclərin sayının ildən-ilə artdığını bildirib. Nazir Təhsil Nazirliyi ilə Dövlət Neft Fondu arasında yaranmış əməkdaşlıqdan məmnunluğunu ifadə edib, birgə fəaliyyətin uğurlu nəticələrindən söz açıb. Təhsil naziri çıxışının sonunda əhalinin sosial rifahının yaxşılaşdırılmasında, mədəniyyətimizin təbliğində, iqtisadiyyatımızın bütün sahələrinin inkişafında neft strategiyasının müstəsna rolunun olduğunu vurğulayıb. Sonra «Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr: məqsəd və nəticələr» mövzusundakı sessiyada Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun icraçı direktoru Ayaz Orucov, Azərbaycan Dövlət İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev, Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Cavid Nəcəfov məruzələrlə çıxış ediblər. Sessiyada geniş fikir mübadiləsi aparılıb, məruzəçilər konfrans iştirakçılarının suallarını cavablandırıb.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı