SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov 20-26 oktyabr tarixlərində keçiriləcək “Rəhbərlər və təlimçilər üçün texniki və peşə təhsili və tədris proqramı” adlı təlim kursunda iştirak etmək üçün Sinqapura gedib.
Təlim kursu inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə texniki peşə təhsilinin rolu və gələcək perspektivləri məsələlərini əhatə edir. Qeyd edək ki, Sinqapur Əməkdaşlıq Proqramının Təlim Təqaüdü (SCPTA) tərəfindən təşkil edilən təlim kursunda dünyanın bir çox ölkələrindən peşə təhsili sahəsinin rəhbər işçiləri iştirak edəcək.
08/07/2015 16:52
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov “Azərbaycan” Universitetində olub.
Universitetin rəhbərliyi, müəllim-tələbə heyəti tərəfindən səmimi qarşılanan nazir öncə ümummilli lider Heydər Əliyevin binanın foyesindəki büstü önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla yad edib. Universitetin müəllim və tələbələri ilə görüşən təhsil naziri Misir Mərdanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafına böyük önəm verdiyini vurğulayıb. Müasir şəraitdə təhsilin mühüm rolunu xatırladan təhsil naziri ölkəmizdə bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan söz açıb. “Azərbaycan” Universiteti barədə fikirlərini açıqlayan nazir bu təhsil müəssisəsində bacarıqlı mütəxəssislər hazırlanacağına əminliyini ifadə edib. Son illər “Azərbaycan” Universitetində təhsilin təşkili, tədris keyfiyyətinin yüksəldilməsi, digər ölkələrin ali məktəbləri ilə ikitərəfli əlaqələrin qurulması istiqamətlərində mühüm işlər görüldüyünü, uğurlar qazanıldığını vurğulayan Misir Mərdanov bütün bunların universitetin nüfuzunun artması ilə nəticələndiyini deyib. Nazir qeyd edib ki, ötən illərdəkindən fərqli olaraq 2010-2011-ci dərs ilində 300 tələbənin daha yüksək ballarla “Azərbaycan” Universitetini seçməsi də məhz bu amillə bağlıdır. Rəhbərlik etdiyi ali məktəb barədə ətraflı məlumat verən “Azərbaycan” Universitetinin rektoru, professor Akif Musayev bildirib ki, təhsil müəssisəsində Azərbaycan dili və ədəbiyyat, ingilis dili, riyaziyyat və informatika, mühasibat uçotu və audit, menecment, tarix müəllimi, jurnalistika, dövlət və bələdiyyə idarəçiliyi, sosial iş və digər ixtisaslar üzrə bakalavr, 12 ixtisas üzrə magistr, həmçinin ABŞ-ın Corciya Dövlət Universiteti və Gürcüstanın Qafqaz Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində biznes inzibatçılığı sahəsi üzrə bakalavr və magistr hazırlanır. Universitetin beynəlxalq əlaqələrinə toxunan rektor bildirib ki, təhsil müəssisəsi 6 beynəlxalq təşkilatın üzvüdür və dünyanın 19-dan çox nüfuzlu ali məktəbi ilə əməkdaşlıq edir. Ali məktəbdə sürətli kabel internet şəbəkəsi və Wi-Fi sisteminin mövcud olduğunu vurğulayan Akif Musayev bütün auditoriyalarda kompüter və müasir proyektorların quraşdırıldığını diqqətə çatdırıb. Misir Mərdanov təhsil müəssisəsinin müəllimlərinə, tələbələrinə tövsiyələrini verib, onlara gələcək işlərində uğurlar arzulayıb və universitetin tədris şəraiti ilə tanış olub.
08/07/2015 16:52
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb.
Qonağı səmimi salamlayan Misir Mərdanov onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycanın Misir Ərəb Respublikası ilə əlaqələrindən, ölkələrarası səmimi münasibətlərdən söz açan nazir təhsil sahəsində də ikitərəfli əməkdaşlığın inkişafına xüsusi önəm verildiyini bildirib. Nazir azərbaycanlı tələbələrin Misirin müxtəlif nüfuzlu universitetlərində, Misir Ərəb Respublikasından olan tələbələrin isə ölkəmizin ali məktəblərində təhsil aldıqlarını nəzərə çatdırıb. Səmimi qəbul üçün təhsil nazirinə minnətdarlığını bildirən Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansur ölkələrimiz arasındakı qarşılıqlı tələbə mübadiləsi məsələsinə toxunub, Misirdə Azərbaycanın ali məktəblərində təhsil almağa böyük maraq olduğunu vurğulayıb. Səfir ölkəsinin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrə hər cür şərait yaradıldığını deyib və Azərbaycan-Misir təhsil əlaqələrinin daha da dərinləşəcəyinə əminliyini ifadə edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq müzakirələrin təhsil sahəsindəki əməkdaşlığa yeni töhfələr verəcəyi nəzərə çatdırılıb.
08/07/2015 16:52
Oktyabrın 22-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov, ali məktəb rektorları və aidiyyatı nazirliklərin məsul işçiləri iştirak ediblər. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov kollegiya iclasında ”Ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağli mövcud vəziyyət və təkliflər” mövzusunda məruzə-təqdimatla çıxış edib. Təqdimatda yeni maliyyələşdirmə mexanizminin tətbiqi baxımından 2010-2011-ci tədris ilində ali təhsil müəssisələrinə aparılmış qəbulun nəticələrinin ilkin təhlili, qarşıya çıxan problemlər, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin müəyyənləşdirilməsi məsələlərindən söz açılıb. Mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmək imkanının verildiyini nəzərə çatdıran Misir Mərdanov ali təhsildə keyfiyyəti təmin etmək, bütün ali təhsil müəssisələri arasında sağlam rəqabət mühiti formalaşdırmaq, dövlət ali təhsil müəssisələrinin əldə etdikləri maliyyə vəsaitlərindən səmərəli istifadəsinə şərait yaratmaq və şəffaflığı təmin etmək, vəsaitlərin ayrılması prosesində subyektiv amilləri aradan qaldırmaq, tələbələrə ali məktəbləri azad seçmək imkanı vermək, dövlət ali təhsil müəssisələrinin maliyyə müstəqilliyini artırmaq baxımından yeni mexanizmin üstün cəhətləri haqqında fikirlərini bildirib. Ali məktəbləri yeni maliyyələşdirmə mexanizminin tətbiqində uğur qazanmaq üçün daha fəal olmağa səsləyən nazir 2010-2011-ci tədris ilində ali təhsil müəssisələrinə aparılmış qəbulun nəticələrinin proqnozlaşdırılan rəqəmlərə uyğun olduğunu, müvafiq göstəricilərin növbəti illərdə yaxşılaşacağına ümid etdiyini vurğulayıb. Təhsil naziri ali məktəblər tərəfindən dövlət sifarişi əsasında təhsil alanlar üçün müəyyənləşdirilmiş məbləğin artırılması, paytaxtdan kənarda yerləşən ali məktəblər üçün dövlət sifarişi ilə müsabiqə balının ayrıca müəyyənləşdirilməsi, dövlət əhəmiyyətli ixtisaslara dövlət sifarişi ilə qəbul zamanı müsabiqə balları müəyyənləşdirilməsinə fərdi yanaşılması, ödənişli əsaslarla qəbul olan məcburi köçkünlərin təhsil haqlarının müvafiq komitə tərəfindən ödənilməsi və digər məsələlərin həllini tapmasının yeni maliyyələşdirmə mexanizminin uğurla həyata keçirilməsinə əlavə təkan verəcəyinə əminliyini ifadə edib. Mövzu ətrafında çıxış edən maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov 2010-2011-ci tədris ilində ali təhsil müəssisələrinə aparılmış qəbulun nəticələrinin yeni maliyyələşdirmə mexanizminin tətbiqi baxımından müzakirə edilməsinin mühüm əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, ayrı-ayrı ixtisaslar üzrə vəsaitlərin müəyyənləşdirilməsi qaydası təkmilləşdirilsin, ali məktəblərə vəsaitlərin səmərəli xərclənməsi baxımından zəruri köməklik göstərilsin, abituriyentlər və tələbələr arasında müvafiq maarifləndirmə işlərinə diqqət artırılsın. Daha sonra mövzu üzrə müzakirələrə başlanıb. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev və başqaları yeni maliyyələşdirmə mexanizminin tətbiqi vəziyyəti barədə fikirlərini bildirib, bir sıra təkliflərlə çıxış ediblər.
08/07/2015 16:52
Oktyabrın 23-də təhsil naziri Misir Mərdanov “Məktəb uşağın dostudur” layihəsi üzrə keçirilmiş təlim kurslarını uğurla başa vuran təlimçilərlə görüşüb.
Təhsil Nazirliyi və YUNİSEF-in birgə dəstəyi ilə reallaşdırılan “Məktəb uşağın dostudur” layihəsi haqqında məlumat verən Bakı Avropa liseyinin direktoru, “İnkişaf” Tədqiqat Mərkəzinin rəhbəri Zülfiyyə Veysova bildirib ki, 2010-cu ilin iyul ayında Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərindən, Quba, Lənkəran, Füzuli, İmişli, Qusar və Masallı rayonlarından olan 100 nəfər məktəb direktoru üçün ”ümumtəhsil məktəblərinin səmərəli idarəolunması” mövzusunda təlim kursu keçirilib. Təlimlərdə yüksək nəticə göstərmiş 15 nəfər məktəb direktorunun cari ilin oktyabr ayında təlimlərin II mərhələsində də müvəffəqiyyətlə iştirak etdiyini və onların təlimçi kimi müvafiq sertifikatlara layiq görüldüyünü vurğulayan Z.Veysova tədris ocaqlarının idarə olunması işinin təkmilləşdirilməsində, məktəb rəhbərlərinin təşəbbüskarlıqlarının artırılmasında layihənin müstəsna əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb. Görüş iştirakçılarını səmimi salamlayan təhsil naziri Misir Mərdanov “Məktəb uşağın dostudur” layihəsinin şagirdlərə bərabər imkanların yaradılması, səmərəli idarəetmə, interaktiv təlim texnologiyalarının tətbiqi, təlim nəticələrinin düzgün qiymətləndirilməsi, məktəblə valideyn və ictimaiyyət arasında sıx əməkdaşlıq münasibətlərinin təmin edilməsi, əlverişli, cəlbedici, maraqlı tədris mühitinin yaradılması baxımından rolundan söz açıb, bütün bunların keyfiyyətli təhsil, keyfiyyətli tədris prosesini təmin etməklə yanaşı, həm də cəmiyyətdə məktəbə, müəllimə olan etimadı möhkəmləndirən başlıca amil olduğunu bildirib. Bu layihənin əslində ümumu təhsil islahatlarının bir hissəsi olduğunu qeyd edən nazir təlimlərə Bakı şəhəri ilə yanaşı, müxtəlif bölgələrdən olan məktəb direktorlarının cəlb olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib və gələcəkdə də təlimlərdə iştirak edəcək şəxslərin seçimində bu amilə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. “Məktəb uşağın dostudur” layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsinə verdiyi dəstəyə görə təhsil nazirinə təşəkkürünü bildirən YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin əvəzi Rəşid Mustafa Təhsil Nazirliyi ilə birgə əməkdaşlığın bundan sonra da uğurla nəticələnəcəyinə əminliyini ifadə edib. Lənkəran rayonu Haftoni kənd orta məktəbinin direktoru Akif Xalıqov və Bakı şəhərindəki 79 saylı məktəbin direktoru Sevinc Hacızadə təlim kurslarında iştirak etməkdən məmnun olduqlarını bildirib, birgə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi, təhsil müəssisələrində daha əlverişli təlim və inkişaf mühitinin yaradılması baxımından layihənin əhəmiyyətli olduğunu diqqətə çatdırıblar. Görüşün sonunda təlim kurslarında yüksək nəticə göstərərək təlimçi kimi seçilmiş 15 nəfər məktəb direktoruna sertifikatlar təqdim olunub.
08/07/2015 16:52
Oktyabrın 26-da təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşüb.
Təhsil naziri Misir Mərdanov öncə qonağı səmimi salamlayaraq bu görüşdən məmnunluğunu ifadə edib. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında təhsil sahəsində mövcud olan əlaqələrdən söz açan nazir ikitərəfli əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib. Nazir Amerika hökumətinin, eləcə də ABŞ-ın ölkəmizdəki səfirliyinin təhsil sahəsinə olan diqqətini, ölkəmizdə ali və orta təhsil sahəsi üzrə müxtəlif proqramların həyata keçirildiyini və həmin proqramlara müvafiq dəstək verildiyini nəzərə çatdırıb. Təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafına təkan verən bu proqramların əhəmiyyətini vurğulayan Misir Mərdanov onu da əlavə edib ki, bu il “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 6 Azərbaycan vətəndaşı ABŞ universitetlərində təhsil almaq üçün göndərilib. Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq iki ölkənin təhsil sahəsində əlaqələrinin inkişaf etdirilməsindən danışıb və azərbaycanlı gənclərin ABŞ universitetlərində müvafiq proqramlar üzrə təhsili məsələsinə toxunub. Qonaq Fulbrayt proqramı çərçivəsində görülən işlərdən, mövcud vəziyyətdən, eyni zamanda, təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafı baxımından atılan digər addımlardan söz açıb. Misir Mərdanov öz növbəsində qeyd olunan məsələlərə münasibətini açıqlayıb və Fulbrayt proqramı çərçivəsində namizədlər seçilərkən Azərbaycan üçün lazım olan ixtisaslara üstünlük verilməsini önə çəkib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
“Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “Düşüncələrin, prinsiplərin, həyat tərzinin dəyişdirilməsi” adlı 3 cildlik kitab nəşr olunub.
Kitab Şərqi Avropa və Mərkəzi Asiyada keçid dövrünü yaşayan ölkələrdə ailə və uşaqların sosial müdafiəsi sahəsində yaranan problemlərin aradan qaldırılması ilə məşğul olan məsul şəxslərə və mütəxəssislərə vacib məlumatların çatdırılmasına xidmət edir. Uşaqların müdafiəsinin gücləndirilməsi sahəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar və ailələr üçün “Qeytkipinq” xidmətləri, uşaqların müdafiəsi xidmətləri üzrə standartların təkmilləşdirilməsi və De-institutlaşma, uşaqlar üçün xidmətlərin transformasiyası məqsədilə qabaqcıl təcrübənin öyrənilməsi üzrə təlimatlar da kitabda yer alıb. Hər üç cild Dövlət Proqramına ayrılan vəsait hesabına ingilis dilindən tərcümə olunub. Kitab əlaqədar dövlət qurumlarına, bu sahədə çalışan QHT-lərə, 55 dövlət uşaq müəssisəsinə paylanılıb.
08/07/2015 16:52
2010-cu il 19-26 oktyabr tarixlərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış siniflərində təhsil alan şagirdlər, onların valideynləri və imtahan aparılacaq fənlərdən dərs deyən müəllimlərlə təlimatı iş aparılıb.
Şagirdlər, valideynlər və onların fənn müəllimləri arasında maarifləndirmə işinin mütəmadi aparılması ilə əlaqədar müvafiq rayon Təhsil şöbələrinin müəyyən etdiyi metodistlər təlimatlandırılıb və onlara zəruri tapşırıqlar verilib. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması işinin təkmilləşdirilməsi və daha səmərəli təşkili barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri Ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması işinin təkmilləşdirilməsi və daha səmərəli təşkili məqsədilə ƏMR EDİRƏM: 2010/11-ci dərs ilində Respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, o cümlədən, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi işinin təşkili məqsədilə yerlərdə təlimati iş aparmaq üçün adları aşağıda qeyd olunanlar göstərilən şəhər və rayonlara 19.10.2010-cu il tarixdən ezam olunsunlar: 1. Nəbi Mahmudov Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi 19-23 oktyabr - Ağsu, Şamaxı, Qobustan 2. Nadir Məmmədov Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi 19-23 oktyabr - Gəncə, Şəmkir 3. Ceyhun Məmmədov Təhsil Nazirliyi Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi 19-23 oktyabr Qazax, Ağstafa, Tovuz 4. Azər İsmayılov Təhsil Nazirliyi Ümumi şöbəsinin kompüter üzrə mütəxəssisi 19-23 oktyabr - Göyçay, Oğuz, Qəbələ, İsmayıllı 5. Azər Nəbiyev Təhsil Nazirliyi Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin böyük məsləhətçisi 19-23 oktyabr - Hacıqabul, Şirvan, Sabirabad, Saatlı 6. Xəyyam Fərəcov Təhsil Nazirliyi Strateji təhili, planlaşdırma və kadrların idarəolunması şöbəsinin baş məsləhətçisi 19-23 oktyabr - Balakən, Zaqatala, Qax, Şəki 7. Araz Şamilov Bakı şəhəri üzrə 313 nömrəli məktəbin müəllimi 19-23 oktyabr - Astara, Lənkəran 8. Alı Məmmədov Bakı şəhəri üzrə Təhsil İdarəsi Metodik Mərkəzinin Sabunçu-Xəzər bölməsinin müdiri 19-26 oktyabr Ağdam, Füzuli, Xocavənd, İmişli, Cəbrayıl, Laçın, Ağcabədi, Beyləqan 9. Novruz Dəmirov Təhsil Nazirliyi S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının direktoru 19-26 oktyabr - Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz 10. Mirhəsən Cavadov Təhsil Nazirliyi Kimya-biologiya təmayüllü liseyin direktoru 19-23 oktyabr - Ucar, Zərdab, Kürdəmir 11. Rəşad Səmədov Təhsil Nazirliyi Məktəbdaxili qiymətləndirmə üzrə milli məsləhətçi 19-23 oktyabr - Lerik, Yardımlı, Masallı, Salyan 12. Yaşar Zeynalov Təhsil Nazirliyi PISA-nın məlumat üzrə meneceri 19-26 oktyabr - Göygöl, Samux, Naftalan,Daşkəsən 13. Piralı Əliyev ARTPİ-nin şöbə müdiri 19-23 oktyabr - Mingəçevir,Ağdaş, Gədəbəy Ezamiyyə xərcləri əsas iş yerləri hesabına ödənilsin. ƏSAS: “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar”ın 24-cü bəndi Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri 18 oktyabr 2010-cu il
08/07/2015 16:52
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının aparılması barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Son illər respublikanın (Naxçıvan MR istisna olmaqla) bütün ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılması təhsilin keyfiyyətinə müsbət təsir etmiş və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Buraxılış imtahanlarının yeni qaydada aparılmasının son nəticədə təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edən amillərdən biri olduğunu nəzərə alaraq ƏMR EDİRƏM: 1. 2010/11-ci dərs ilində respublikanın bütün ümumtəhsil məktəblərində (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərində, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də əhatə olunmaqla, ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılsın. 2. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili və riyaziyyat, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən keçirilsin. 3. Ümumtəhsil məktəblərində və peşə liseylərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları 2011-ci ilin 13 fevral – 17 aprel tarixlərində keçirilsin. 3.1. 3.1. ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçirilsin: - Bakı şəhərində 13 fevral 2011-ci il tarixində; - Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 20 fevral 2011-ci il tarixində; - Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 13 mart 2011-ci il tarixində; - Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 27 mart 2011-ci il tarixində; - Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 03 aprel 2011-ci il tarixində; - Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 10 aprel 2011-ci il tarixində; - Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 17 aprel 2011-ci il tarixində; - peşə liseylərində 27 fevral 2011-ci il tarixində; Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümumtəhsil məktəblərində yoxlama imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçirilsin. 3.2. 3.2. yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılsın və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılsın. 4. ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağıdakı şəhər və rayonlarda göstərilən tarixlərdə keçirilsin: - Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarında 02 iyun 2011-ci il tarixində; - Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarında 04 iyun 2011-ci il tarixində; - Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonlarında 07 iyun 2011-ci il tarixində; - Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonlarında 10 iyun 2011-ci il tarixində; - Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonlarında 13 iyun 2011-ci il tarixində; - Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonlarında 16 iyun 2011-ci il tarixində; - Bakı şəhərində 17 iyun 2011-ci il tarixində; - peşə liseylərində 24 aprel 2011-ci il tarixində; Məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümumtəhsil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün bu əmrlə müəyyənləşdirilmiş tarixdə keçirilsin. 5. Tam orta təhsil səviyyəsi üzrə təkrar imtahanlar müvafiq şəhər və rayonlarda göstərilən tarixlərdə keçirilsin. 6. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə eksternat imtahanları 2011-ci ilin 23 iyun tarixində Bakı şəhərində keçirilsin. 7. Təlim gürcü dilində olan məktəblərin IX (X) və XI (XII) siniflərində buraxılış imtahanlarının aparılması Təhsil Nazirliyi tərəfindən hazırlanmış imtahan materialları gürcü dilinə tərcümə edilməklə, müvafiq rayon təhsil şöbələrinə tapşırılsın. 8. Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablansın. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablansın. 9. Buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar peşə liseyləri və ümumtəhsil məktəblərinin şagirdləri, müəllim və valideynləri arasında 2010-cu ilin oktyabr-noyabr aylarında təlimati işlər aparılsın. 10. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov) ümumi orta və tam orta təhsil səviyyələri üzrə imtahan verən şagirdlər haqqında müvafiq baza məlumatlarının toplanmasını həyata keçirsin. 11. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) imtahan nəticələrinin təhlili əsasında zəruri təşkilati mexanizmlərin qurulması, onların koordinasiya olunması ilə bağlı təkliflər hazırlasın. 12. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi (M.Əliyev), bütün şəhər (rayon) təhsil şöbələri, bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin və peşə liseylərinin direktorları: 12.1. ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar olaraq məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynlərin mütəmadi olaraq maarifləndirilməsi işini təşkil etsinlər; 12.2. imtahan mərkəzlərini müəyyənləşdirərkən Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsi ilə razılaşdırsınlar; 12.3. buraxılış sinif şagirdlərinin yoxlama və buraxılış imtahanlarında iştirakını təmin etsinlər; 12.4. ümumi orta təhsil səviyyəsi üzrə şagirdlərin eksternat və payız imtahanlarında maksimum iştirakını təmin etsinlər; 12.5. tam orta təhsil səviyyəsi üzrə şagirdlərin təkrar və eksternat imtahanlarında maksimum iştirakını təmin etsinlər. 13. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Texniki-peşə təhsili şöbəsi (N.Məmmədov) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı şəhər (rayon) təhsil şöbələrinə və peşə liseylərinə lazımi köməklik göstərsinlər. 14. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) imtahan materiallarının çap olunması ilə bağlı smeta sənədlərinin hazırlanmasını təmin etsin. 15. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını, yoxlama və buraxılış imtahanlarının nəticələrinin ictimaiyyətə çatdırılmasını həyata keçirsin. 16. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram. Əsas: “Ümumtəhsil məktəblərində, peşə liseylərində buraxılış imtahanları və şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında Qaydalar” Misir MƏRDANOV, Azərbaycan Respublikasının təhsil naziri 18 oktyabr 2010-cu il.
08/07/2015 16:52
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında imzalanmış təhsil sahəsində əməkdaşlığa dair müqaviləyə uyğun olaraq 2009-2010-cu tədris ilində Azərbaycan vətəndaşlarının Türkiyənin ali məktəblərinin bakalavr pilləsində dövlət xətti ilə təhsil alması məqsədilə 48 yer ayrılıb.
Türkiyə tərəfi Təhsil Nazirliyinin sifarişini qəbul edərək Azərbaycan gənclərinin təhsil almaları üçün 24 prioritet ixtisas üzrə (tibb, təyyarə mühəndisliyi, kompüter mühəndisliyi, beynəlxalq əlaqələr, turizm və otelçilik, ispan dili, italyan dili, yapon dili, maliyyə, molekulyar biologiya, genetika və s.) Türkiyənin 12 ən nüfuzlu universitetində yer ayırıb. Bu ali məktəblər arasında Ankara, İstanbul, Boğaziçi, Orta Doğu Texniki, Hacəttəpə, Qazi, İstanbul Texniki, Mərmərə kimi universitetlərin adlarını xüsusi qeyd etmək olar. Eyni zamanda iki ölkənin müvafiq qurumları arasında mövcud olan razılaşmaya əsasən Türkiyənin ali məktəblərinin magistratura pilləsində Azərbaycan Respublikası üçün müvafiq prioritet ixtisaslar üzrə yüksək səviyyəli kadrların hazırlanması məqsədilə Türkiyə tərəfi 12 təqaüd ayırıb. Bakalavr pilləsini Azərbaycanda bitirən və təhsillərini Türkiyədə davam etdirmək arzusunda olan gənclər də müvafiq qaydalara uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi imtahanlarda iştirak etməlidirlər. Türkiyə ali məktəbələrində təhsil almaq hüququ qazanmış Azərbaycan vətəndaşlarının təhsili, qeydiyyatı və yataqxana ilə təmin olunması pulsuzdur. Bununla yanaşı, həmin tələbələrə həm Türkiyə, həm də Azərbaycan hökuməti tərəfindən aylıq təqaüd verilir və ildə bir dəfə yay tətili müddətində təyyarə ilə gediş-gəliş xərcləri Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ödənilir.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı