SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib. Tədbirdə YAP Nərimanov rayon təşkilatı idarə heyətinin üzvü, təhsil nazirinin müavini Firudin Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Təhsil Nazirliyi ərazi ilk partiya təşkilatının sədri, nazirliyin Maliyyə şöbəsinin müdiri Rauf Orucov və nazirliyin əməkdaşları iştirak edib. Ziyarət zamanı əməkdaşlar Heydər Əliyev Mərkəzinin Muzeyi ilə tanış olublar. Muzeydə ziyarətçilərə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında məlumat verilib, maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlar təqdim olunub. Ziyarət çərçivəsində keçirilən tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, siyasi sabitliyin təmin edilməsi, ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsi, təhsil, səhiyyə və mədəniyyətin inkişafı, azərbaycançılıq məfkurəsinin formalaşması, milli dövlətçilik arzularının reallaşması baxımından müstəsna xidmətləri barədə danışıb. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son illərdə təhsil sahəsində əldə edilmiş nailiyyətlər və nəzərdə tutulan tədbirlər Azərbaycan təhsilinin bundan sonra da davamlı şəkildə inkişaf edəcəyinə zəmin yaradır. Sonra Təhsil Nazirliyinin YAP-a üzv olmaq üçün ərizə vermiş 13 əməkdaşının ərizələrinə baxılıb və onların müraciəti müsbət cavablandırılıb.
10/05/2016 18:14
SES Proqramı ekspertinin iştirakı ilə seminarlar keçirilib
Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının SES Proqramının eksperti Yoahim Fantkullerin iştirakı ilə Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzində seminarlar keçirilib. Seminarların keçirilməsində məqsəd uşaq və yeniyetmələr üçün “Ailə turizmi”, “Yaşıl turizm” və “Aqrar turizm” üzrə təhsil proqramlarının hazırlanması, pedaqoji heyətin işinin təkmilləşdirilməsi, yeni kadrların hazırlanmasıdır. Ekspert səfər zamanı Bakı şəhərində fəaliyyət göstərən “Ekoklub”ların, ekoloji və turizm mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olub, əməkdaşlarla birlikdə Qala Tarixi-Etnoqrafik Muzeyində, Qobustan Mədəni-Tarixi Milli Parkında uşaq qrupları üçün maarifləndirmə proqramlarının təşkili ilə maraqlanıb. Səfər çərçivəsində Y.Fantkuller Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədovla görüşüb. Görüşdə perspektiv əməkdaşlıq məsələləri müzakirə edilib. SES Proqramının eksperti həmçinin, “Ekoklub”ların I Ekoloji Forumunda iştirak edib, gənc ekoloqların təqdimatları üzrə müzakirələrə qatılıb. Eləcə də Azərbaycan Turizm və Menecment Universitetində tələbələrlə görüş keçirilib. Almaniyalı ekspertin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin əməkdaşlarının iştirakı ilə Sumqayıt Şəhər Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin pedaqoji heyətinin, xüsusən gənc kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi məqsədilə təlim seminarı da təşkil olunub.
10/05/2016 17:53
Azərbaycan məktəblisi Dünya Çempionatında qalib gəlib
Bakı şəhəri 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi dünya birincisi olub. Türkiyənin İstanbul şəhərində 2002-2009-cu il təvəllüdlü idmançılar arasında karate üzrə Uşaqların I Dünya Çempionatında 2003-cü il təvəllüdlü Hüseyn Məmmədli öz çəki dərəcəsində 15 idmançı arasında bütün rəqiblərini məğlub edərək dünya birincisi adına layiq görülüb. Yarışda Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İran, Suriya, Misir, Ukrayna, İraq və Əlcəzairdən olan idmançılar iştirak ediblər.
10/05/2016 17:04
Növbəti “Yaşıl dağ” aksiyası
Mayın 14-də IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində növbəti “Yaşıl dağ” aksiyası keçiriləcək. Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir. Ənənəvi olaraq, hər il keçirilən “Yaşıl dağ” sosial aksiyası Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində reallaşdırılıb və ictimaiyyətin geniş marağına səbəb olub. Regionlarda başlayan “Yaşıl dağ” aksiyası bu dəfə Bakı şəhərində dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələrini, eləcə də vətəndaşları ətraf mühitin mühafizəsi naminə bir yerə toplayacaq. Aksiya 5 saylı Bakı "ASAN xidmət" Mərkəzində (Nizami rayonu, Heydər Əliyev prospekti 115) baş tutacaq. Təbiətin qorunmasına və ekoloji balansın bərpasına öz töhfəsini vermək istəyən şəxslər kağız tullantısı gətirərək aksiyaya qoşula bilərlər!
10/05/2016 16:54
Mikayıl Cabbarov “Bakı Marafonu 2016”da yüksək nəticə göstərmiş təhsil işçiləri ilə görüşüb
Mayın 7-də təhsil naziri Mikayıl Cabbarov “Bakı Marafonu 2016”da yüksək nəticə göstərmiş təhsil müəssisələrinin əməkdaşları ilə görüşüb. Görüş iştirakçılarını salamlayan təhsil naziri bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2016” Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, geniş ictimaiyyət və xüsusilə gənclər arasında sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah addımlar atmaq naminə bir araya gətirmək məqsədi ilə təşkil olunub. Nazir qeyd edib ki, "Bakı Marafonu 2016" Azərbaycanın sülhsevər və tolerant missiyasına uyğun olaraq, müxtəlif millətlərin nümayəndələrinin vahid məqsəd ətrafında birləşdirməsi ilə ən yüksək ehtirama layiqdir. Mikayıl Cabbarov bu tədbirin gözəl bir ənənəyə çevriləcəyinə və gələcəkdə Bakı marafonuna marağın daha da artacağına ümidvar olduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, "Bakı Marafonu 2016"da təhsil müəssisələrinin əməkdaşları və idmançıları Namiq Əsədov, Tural Sadıqlı, Elman Abışov, Raidə Aslanova, Rəqsanə Rəcəbli, Lalə Pirumova yüksək nəticə göstərib. Görüşün sonunda təhsil naziri marafon iştirakçılarına təşəkkürnamə və hədiyyələr təqdim edib.
07/05/2016 20:12
Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalına yekun vurulub. Bu münasibətlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında konsert proqramı keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, ali təhsil müəssisələrinin rəhbərləri və tələbələr iştirak edib. Hər il ənənəvi olaraq təşkil edilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirməkdən ibarətdir. Konsertdə incəsənətin müvafiq janrları üzrə özfəaliyyət kollektivləri, dərnək və yaradıcılıq studiyalarında fəaliyyət göstərən ifaçılar, müğənnilər, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər çıxış ediblər. İki mərhələdə keçirilən festivalda 24 ali məktəbdən 1000-dən çox tələbə iştirak edib. Qaliblər xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən seçilib. Münsiflər heyətinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə rəhbərlik edib. Münsiflər heyətinin tərkibində Təranə Muradova, Baba Vəziroğlu, Nailə Mirməmmədli, Hafiz Quliyev və Samir Cəfərov təmsil olunub. Müxtəlif nominasiyalar üzrə keçirilən festivalın qalibləri təşkilatçılar tərəfindən qiymətli hədiyyə və diplomla təltif ediləcəkdir.
07/05/2016 19:37
Təhsil naziri BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisini qəbul edib
Mayın 6-da təhsil naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycanda yeni təyin olunmuş Rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib. Görüş zamanı BMT və onun ixtisaslaşmış qurumları ilə Təhsil Nazirliyi arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib. Müzakirələr zamanı BMT və Təhsil Nazirliyi arasında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, xüsusilə peşə təhsili sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
06/05/2016 17:42
Təhsil nazirinin müavini Firudin Qurbanov BMT-nin sessiyasında iştirak edib
3-4 may 2016-cı il tarixlərində Cenevrə şəhərində keçirilən BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 89-cu sessiyasında ölkəmiz Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müəyyən edilmiş, xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Sessiya çərçivəsində irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Beynəlxalq Konvensiyasının həyata keçirilməsinə dair Azərbaycan Respublikasının yeddinci, səkkizinci və doqquzuncu dövri məruzəsinə baxılıb. Xarici işlər nazirinin müavini X.Xələfov açılış nitqi ilə dövri hesabatımızı təqdim edib. O, çıxışı zamanı irqi ayrı-seçkiliyin ləğv edilməsinin milli qanunvericilikdə təsbit edilməsi, Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının, insan alveri ilə mübarizə üzrə Fəaliyyət Planının qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı məlumatları diqqətə çatdırıb. X.Xələfov həmçinin, ölkəmizdə dini tolerantlıq və millətlərarası münasibətlərin daha da inkişafı məqsədilə Azərbaycanın həm milli, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Nazir müavini Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması və geniş təbliği məqsədilə 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını qeyd edib. Sessiya çərçivəsində interaktiv dialoq zamanı komitə üzvləri öz növbələrində nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunmasını, Azərbaycanın BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi ilə əməkdaşlığını, konvensiyanın həyata keçirilməsi sahəsində əldə olunmuş nailiyyətləri, bu sahədə qanunvericilik tədbirlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş məlumatları, ölkədə milli birliyin mövcudluğunu, qadın hüquqları sahəsində görülmüş işləri, əfv fərmanlarını, eləcə də irimiqyaslı beynəlxalq idman və mədəni tədbirlərə ev sahibliyi edərək irqçiliyə qarşı mübarizə, multikulturalizmin inkişafı və mədəni müxtəlifliyə töhfə verməsini təqdir ediblər. Azərbaycan Respublikası Hökumətinin yeddinci, səkkizinci və doqquzuncu dövri məruzələrinə baxılması ilə əlaqədar iclas zamanı Azərbaycan nümayəndə heyətinə Komitə üzvləri tərəfindən təhsil sahəsi ilə bağlı təqdim edilən sualları nazir müavini Firudin Qurbanov cavablandırıb. Bundan əlavə, F.Qurbanov qaçqın və məcburi köçkünlərin təhsil vəziyyəti, təhsil sistemində qadınların təmsil olunması və digər müvafiq məsələlərlə bağlı sullara ətraflı cavab verib. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında təhsil sahəsində irqi ayrı-seçkiliyin qarşısının alınması üzrə görülən işlər, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət, bununla bağlı mövcud qanunvericiliyin, Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının Təhsil haqqında Qanunun müvafiq maddələrində hər bir vətəndaşın təhsil almaq, ana dilindən istifadə etmək hüquqların təsbit olunması, ümumi təhsil sahəsində milli (etnik) azlıqların məktəblərinin fəaliyyət göstərməsi, onların tədris vasitələrinin hazırlanması ilə bağlı ətraflı məlumat verib. Nazir müavini həmçinin, Azərbaycanın talerantlıq və multikulturalizm məkanı olduğunu, “Multikulturalizim ili” çərçivəsində təsdiq olunmuş tədbirlər planına əsasən, ölkə məktəbliləri arasında multikulturalizm mövzusunda rəsm müsabiqəsinin keçirilməsi, orta ümumi təhsil və orta ixtisas təhsili müəssisələrində mədəniyyətlərarası kommunikasiya bacarıqları və bilgilərinə həsr olunmuş seminarların və “Azərbaycan multikulturalizmi” mövzusunda kütləvi mühazirələrin təşkili, məktəblilər arasında intellektual oyun üzrə regional çempionatın keçirilməsi haqqında fikirlərini bildirib.
06/05/2016 17:20
Qanvermə aksiyası keçirilib
8 may–Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən Bakı şəhərindəki 202 nömrəli tam orta məktəbdə qanvermə aksiyası keçirilib. Artıq 3-cü ildir ki, təşkil edilən xeyriyyə aksiyasında Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, müəllimlər fəal iştirak ediblər. Aksiyada B.Eyvazov adına Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankında toplanacaq. Qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub.
06/05/2016 14:57
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Mayın 5-də “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub. Tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər. Öncə Bülbül adına orta ixtisas musiqi məktəbinin uşaq xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan son döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təhsil naziri Mikayıl Cabbarov “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərini təbrik edib, müsabiqənin ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək baxımından mühüm rol oynadığını bildirib. Nazir qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində təhsilin hərtərəfli inkişafı üçün müxtəlif proqram və layihələr uğurla həyata keçirilməkdədir. Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi ərəfəsində olduğunu nəzərə çatdıran M.Cabbarov bu dövrdə ölkə təhsilinin keçdiyi müasirləşmə və islahatlar prosesindən bəhs edib, son illərdə təhsil islahatlarının məzmunca daha praktik və səmərəli xarakter aldığını söyləyib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təsbit olunan strateji istiqamət və hədəflər Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına uyğun inkişaf meyillərini müəyyənləşdirir. Azərbaycanda təhsilin infrastrukturunun əsaslı şəkildə yenilənməsinə diqqət çəkən nazir tədris ocaqlarının maddi-texniki bazasının müasir tələblər səviyyəsinə qaldırıldığını bildirib. Həmçinin, müəllim peşəsinin nüfuzunu artırmaq üçün təsirli tədbirlər görülür, müəllimlərin bilik və bacarıqlarını təkmilləşdirməyə, zəruri inkişafyönümlü metodikaları çatdırmağa imkan verən mexanizmlər tətbiq olunur. Ümumi təhsil müəssisələri rəhbərlərinin peşəkar meyarlar əsasında müəyyənləşdirilməsi istiqamətində atılan addımların əhəmiyyətinə toxunan M.Cabbarov, həmçinin yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi, xaricdə təhsil üzrə qarşıda duran hədəflər və digər aktual məsələlərə dair fikirlərini bildirib. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov müsabiqənin əhəmiyyəti haqqında fikirlərini söyləyib. Ümummilli lider Heydər Əliyevin zəngin irsinin gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini vurğulayan Baş nazirin müavini belə tədbirlərin şagirdlərin dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini nəzərə çatdırıb. Sonra çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev müsabiqə qaliblərini təbrik ediblər. Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla, 18 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə müxtəlif qiymətli hədiyyələr təqdim edilib.
05/05/2016 16:13
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı