• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

İKT üzrə təlimlər keçirilib

Təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə İKT-nin təhsildə tətbiqi üzrə təlimlər keçirilib. 7 ay ərzində davam edən təlimlərdə 3780 nəfər pedaqoji və inzibati-idarəetmə heyəti iştirak edib. Təlimlər ölkəmizin ümumilikdə 21 şəhər və rayonunu əhatə edib. Təlim proqramları iştirakçıların nəzəri və praktik bacarıqlarının artırılmasına və İKT-nin tədris prosesində tətbiqi üzrə vərdişlərin formalaşmasına yönəldilib. Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi arasında imzalanmış müqaviləyə əsasən keçirilən təlimlər İKT üzrə savadlılığın artırılması, tədris prosesində interaktiv texnologiyalar, elektron məzmun, layihə metodikası və müasir tədris strategiyalarından istifadə istiqamətləri üzrə təşkil olunub. Təlimlərin nəticəsi olaraq Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən iştirakçıların yekun qiymətləndirilməsi aparılacaq və təhsil işçilərinə sertifikatlar təqdim olunacaq.

Azərbaycanda ilk dəfə keçirilən festivala tələbə-könüllülər dəstək verib

27-30 sentyabr tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı keçirilib. Şərqin dahi şair və mütəfəkkirlərindən olan İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan festivala Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 80-dən çox tələbə-könüllüsü dəstək olub. Sentyabrın 30-da keçirilən festivalın bağlanış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib. Tədbirin sonunda tələbə-könüllülər Leyla Əliyeva  və Arzu Əliyeva ilə xatirə şəkli çəkdiriblər. Festival çərçivəsində Bakı şəhərində, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunub. Tələbə-könüllülər xarici və yerli qonaqların qarşılanması, müşayiət olunması, məkanlara aparılması, tədbir proqramı barədə məlumatlandırılması, yönləndirilməsi işlərində yaxından iştirak ediblər. Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarını qazanmasında, dərsdən kənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 17000-dən artıq könüllü bazasına malikdir.

174 nəfər azərbaycanlı gənc Macarıstanda təhsil alacaq

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstan təhsil təqaüd proqramına seçimlər yekunlaşıb. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 174 nəfər Azərbaycan vətəndaşı 2018-2019-cu tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində qeyd olunan saziş üzrə  174 nəfər, o cümlədən 18 nəfər doktorantura (PhD), 134 nəfər magistratura, 22 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar. Təqaüdə layiq görülən tələbələr əsasən, “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” və digərlər ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar. Qedy edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 1 fevral tarixində verilib.

Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlərin I seçim turu keçirilib

Sentyabrın 30-da Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlərin müəyyən edilməsi məqsədi ilə I seçim turu  keçirilib. Fizika, kimya və biologiya fənləri üzrə biliklərini nümayiş etdirən şagirdlər 3 saat ərzində 45 tapşırığa cavab veriblər. Ölkənin hər bir bölgəsindən  təxminən 1200  şagirdin iştirak etdiyi I seçmə imtahanının nəticəsinə əsasən, 20 ən yaxşı şagird seçilərək hazırlıq prosesinə cəlb ediləcək. Oktyabrın sonunda isə 20 şagird arasında keçiriləcək II seçmə turun nəticəsinə görə ölkəni təmsil edəcək 6 şagird müəyyən olunacaq. Qeyd edək ki, yeniyetmələr arasında 15-ci Beynəlxalq Elm Olimpiadası (İJSO 2018) 2-11 dekabr 2018-ci il tarixlərində Botsvana Respublikasında keçiriləcək. Beynəlxalq Olimpiadalara Hazırlıq mərkəzlərinə şagirdlərin seçimi isə sentyabrın 29-da keçirilib. Fizika, kimya, biologiya və riyaziyyat fənləri üzrə keçirilən seçmə imtahanlarında ölkənin bütün bölgələrindən ümumilikdə 1600 şagird iştirak edib. İnformatika fənni üzrə seçim imtahanı oktyabrın birinci yarısında təşkil ediləcək. 

Məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb

Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır. Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil olunub. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir  və dərs ili iki yarım ilə bölünür. Məşğələlər isə mayın 31-də başa çatır. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qeyd edək ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu tədris ilində 5 yaşlıların 75 faizinə qədərinin məktəbəhazırlığa cəlb edilməsi nəzərdə tutulur.

Nazir müavini IX Azərbaycan-Rusiya regionlararası forumunda iştirak edib

Sentyabrın 27-də Bakıda IX Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. Dövlət rəsmiləri, siyasi, iqtisadi və humanitar dairələrin nümayəndələrinin qatıldığı Forum çərçivəsində “Humanitar sahədə əməkdaşlığın gücləndirilməsi” adlı dəyirmi masa təşkil olunub. Sözügedən dəyirmi masanın moderatoru qismində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, habelə Rusiya Federasiyası ilə təhsil sahəsində əməkdaşlıq haqqında tədbir iştirakçılarına məlumat verib. Nazir müavini ölkəmizdə dövlət səviyyəsində rus dilinə göstərilən qayğını xüsusi qeyd edib. Daha sonra çıxış edən Orlov İqor Anatolyeviç, Rusetskaya Marqarita Nikolayevna, Malqin Artyom Vladimiroviç, Fariz İsmayılzadə, Rafiq Bayramov, İbrahim Quliyev, Ədalət Muradov təhsil, mədəniyyət, elm, gənclər siyasəti sahələrində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri haqqında fikirlərini bölüşüblər. Dəyirmi masanın iştirakçıları iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıblar. Günün ikinci yarısında forumun plenar iclası keçirilib. Plenar iclasda, ilk öncə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin çıxış ediblər. Daha sonra  Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin, hər iki ölkənin digər rəsmi şəxsləri Azərbaycan ilə Rusiya arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın cari vəziyyəti ilə əlaqədar məruzələr ediblər. Plenar iclasda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov “Humanitar sahədə əməkdaşlığın gücləndirilməsi” adlı dəyirmi masa çərçivəsində aparılmış müzakirəyə toxunub və dəyirmi masanın yekunları ilə bağlı hesabat verib.

Təhsil naziri Gəncə şəhərində vətəndaşları qəbul edib

Sentyabrın 28-də təhsil naziri Ceyhun Bayramov Gəncə Dövlət Universitetində Göygöl, Samux, Daşkəsən, Goranboy rayon və Naftalan, Gəncə şəhər sakinlərini  qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Göygöl, Samux, Daşkəsən, Goranboy rayonlarında və Naftalan, Gəncə şəhərlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, tələbələrin ali və orta ixtisas təhsili müəssisələrinə köçürülməsi və bərpası, diplomların verilməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.

Təhsil naziri “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində keçirilən dərslərlə tanış olub

Sentyabrın 28-də Gəncədə səfərdə olan təhsil naziri Ceyhun Bayramov şəhər 4 nömrəli tam orta məktəbdə “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində V-VI siniflərdə keçirilən dərslərlə tanış olub. Layihənin rəhbəri Fəxri Qurbanov təhsil nazirinə yeni tədris ilinə hazırlıq çərçivəsində Gəncə şəhərindəki 6 məktəbdə bu istiqamətdə görülmuş işlər barədə məlumat verib. Bildirilib ki, cari tədris ilində Gəncə şəhərində 76 sinif üzrə 2200 şagirdə 24 informatika müəllimi tərəfindən yeni məzmun üzrə dərs keçirilir. Sözügedən müəllimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində təşkil edilən ixtisasartırma təlimlərinə cəlb olunublar. Rəqəmsal sistemin uğurlu tətbiqi üçün məktəblərdə İKT infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilib. 21 yeni kompüter otağı istifadəyə verilib, həmin otaqlar 300 ədəd noutbuk, proyektor, elektron lövhə və yüksəksürətli internet bağlantısı ilə təmin olunub. Təhsil naziri Ceyhun Bayramov “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Nazir qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır. Ötən tədris ilində icra olunan layihələr, həyata keçirilən islahatlar və əldə olunan uğurlu nəticələr barədə geniş məlumat verən Ceyhun Bayramov daha sonra layihənin tətbiq edildiyi siniflərdə olub, dərs prosesinin gedişini izləyib, müəllim və şagirdlərlə söhbət edib. “Rəqəmsal bacarıqlar” pilot layihəsi informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan “Alqoritmika” beynəlxalq təhsil şirkəti ilə birgə keçirilir. Dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram müvafiq sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. Layihə çərçivəsində informatika fənninin tədrisinin təkmilləşdirilməsi yolu ilə şagirdlərin kompüter savadlılığının yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur. 2017-2018-ci tədris ilində layihə Bakı şəhərində 45 məktəb üzrə 6500 şagirdi əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb və 26 000 şagird bu layihəyə cəlb olunub.

Təlimlərdə iştirak üçün müsabiqənin ikinci mərhələsinə başlanılır

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan  (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini, müəllimlərini əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin ikinci mərhələsinə başlanılır. İkinci mərhələ oktyabrın 13-də saat 12:00-da S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında (ünvan: Bakı şəhəri, Faiq Yusifov küçəsi 39) həyata keçiriləcək. Namizədlərin saat 10:30-dan etibarən imtahan məkanında olması vacibdir. Müsabiqənin ikinci mərhələsi ilə bağlı əlavə məlumatlar bu mərhələyə keçən namizədlərin elektron poçt ünvanlarına göndəriləcək, eyni zamanda telefon vasitəsi ilə məlumat veriləcək. İkinci mərhələdə namizədlərə 1 saat ərzində kağız formatda 30 test tapşırığı təqdim olunmaqla, onların məntiqi dünyagörüşü qiymətləndiriləcək (sual nümunələri əlavə olunur). Təlimlərin keçirilməsinin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, təhsildə statistika və təhlil, təhsildə maliyyənin idarəolunması və digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər. Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.   Sual nümunələri

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı