SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri Ceyhun Bayramov Finlandiya Respublikasında səfərdə olub
Təhsil naziri Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti Finlandiya Respublikasında səfərdə olub. Səfər çərçivəsində Finlandiya Respublikasının Təhsil və Mədəniyyət Nazirliyi, Dövlət Təhsil Agentliyi, Omnia Peşə Təhsil Mərkəzi və Helsinki Universitetində görüşlər keçirilib. Finlandiya Respublikasının təhsil və mədəniyyət naziri xanım Sanni Grahn-Laasonen ilə görüşdə Ceyhun Bayramov ölkəmizdə təhsil sahəsində son illərdə aparılan islahatlar haqqında məlumat verib, iki ölkə arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib. Xanım Sanni Grahn-Laasonen Finlandiya təhsilində görülən işlərdən danışıb, yeni qüvvəyə minmiş peşə təhsili haqqında qanunu və bu sahədə həyata keçirilən yenilik və islahatları vurğulayıb. Görüşdə həmçinin, müəllim hazırlığı, məktəblərin idarəedilməsi və məktəb rəhbərlərinin peşəkar inkişafı üzrə mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib. Omnia Peşə Təhsil Mərkəzində keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinə mərkəzin fəaliyyəti ilə bağlı məlumat verilib, peşə təhsil proqramları və yaşlıların təhsili ilə bağlı təqdimat keçirilib. Qeyd edilib ki, 38 000-dən artıq təhsilalanı əhatə edən Omnia Peşə Təhsil Mərkəzi Finlandiyanın qabaqcıl və innovasiyalar tətbiq edən təhsil müəssisələrindən biridir. Görüş zamanı peşə təhsili ixtisaslarının təsnifatı, təhsil proqramları, məzunların fərdi inkişaf proqramları və peşə təhsilinin maliyyələşmə mexanizmləri müzakirə edilib. Peşə ixtisas proqramlarının Azərbaycan təhsil sisteminə uyğunlaşdırılması və gələcəkdə tətbiqi əsas əməkdaşlıq istiqaməti kimi müəyyənləşdirilib. Dövlət Təhsil Agentliyində (DTA) keçirilmiş görüşdə əsasən ümumi təhsilin idarəedilməsi və məzmunu, bu istiqamətdə dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi və məktəblərin muxtariyyəti məsələləri ilə bağlı Finlandiya təcrübəsi müzakirə edilib. DTA əməkdaşlarına məktəbəqədər təhsil sahəsində həyata keçirilmiş islahatlarla bağlı məlumat verilib, məktəbəhazırlıq üzrə əhatəlilik səviyyəsinin qısa müddətdə artması nəzərə çatdırılıb. Helsinki Universitetində keçirilmiş görüşdə isə əsas müzakirə mövzusu müəllim hazırlığı olub. Təhsil və müəllim hazırlığı sahəsində dünyanın ən qabaqcıl ali təhsil müəssisələrindən biri olan Helsinki Universitetinin təcrübəsinin öyrənilməsi tədris proqramları, müəllim hazırlığına konseptual yanaşma, tədqiqatların aparılması baxımından faydalı olub.
10/10/2018 11:21
Müəllimlərin sertifikasiyası qaydası müzakirə olunur
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesini tənzimləyəcək qaydalar layihəsi müzakirə mərhələsindədir. Bildiririk ki, son vaxtlar ümumi təhsil müəssisələrində sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı sosial şəbəkələrdə və müxtəlif kütləvi informasiya vasitələrində qeyd olunan fikirlər rəsmi mənbələrə əsaslanmır. Belə mühüm əhəmiyyətli tədbirin həyata keçirilməsi barədə ictimaiyyət arasında yanlış rəy formalaşdırılmasının qarşısının alınması məqsədilə nəzərinizə çatdırırıq ki, hazırda “Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılma Qaydası” layihəsi mütəxəssislərin iştirakı ilə müzakirə olunur. Müzakirələr başa çatdıqdan sonra yekun sənəd təsdiq üçün hökumətə təqdim ediləcək. Sertifikatlaşdırma prosesinin aparılması qaydası təsdiq edildikdən sonra prosesin nə zaman və hansı formada keçiriləcəyi ilə bağlı rəsmi məlumat veriləcək.
09/10/2018 16:16
Kulinariya üzrə II respublika çempionatına start verilib
“Peşə təhsili müəssisələri tələbələrinin kulinariya üzrə II Respublika çempionatı” başlayıb. Müsabiqədə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Peşə Tədris Mərkəzi, Bakı Turizm Peşə Məktəbinin tələbə və təlim ustalarından ibarət 7 komanda iştirak edir. 5 gün davam edəcək yarışda gənc kulinarlar milli mətbəx nümunələri, şirniyyat hazırlanması və çay süfrəsinin tərtibi üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər. Qaliblərin mükafatlandırılması mərasimi oktyabrın 20-də - Beynəlxalq Kulinariya Günündə baş tutacaq. Qaliblər medal, sertifikat və kubokla təltif olunacaqlar. Yarış Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı, “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin dəstəyi ilə keçirilir.
09/10/2018 15:24
Basketbolçulardan ibarət komandalar arasında “Təhsil Liqaları”na start verilib
Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin İdman Kompleksində 2018-2019-cu il mövsümü üzrə “Təhsil Liqaları”na start verilib. 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında keçirilən “Təhsil Liqaları”nın məqsədi yaş qrupları üzrə perspektivli basketbolçuların aşkar edilməsi, onların oyun təcrübəsinin artırılması və yığma komandaların müəyyənləşdirilməsindən ibarətdir. Qeyd edək ki, hər iki yaş qrupu üzrə liqalarda idman məktəblərinin, müxtəlif idman təşkilatlarının 24 komandası mübarizə aparır. İki dövrədən ibarət olan liqaların oyunları 2019-ci il iyun ayında başa çatacaq. Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medallarla mükafatlandırılacaq, müxtəlif nominasiyalar üzrə seçiləcək basketbolçular xüsusi mükafatlarla təltif olunacaqlar.
09/10/2018 10:41
Peşə təhsili sahəsində Sloveniya təcrübəsi öyrənilib
“Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” Texniki Yardım layihəsinin 3-cü komponenti çərçivəsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları və dövlət peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti Sloveniya Respublikasında təlim səfərində olublar. Təlimin məqsədi Azərbaycanda səriştə əsaslı təlim proqramının inkişafına və həyata keçirilməsinə dəstək vermək üçün “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına əsasən, qeyri-formal və informal təhsil, yaşlıların təhsili, işəgötürənlərlə əməkdaşlıq, modul strukturlu səriştə əsaslı kurikulumların hazırlanması, iş yerində öyrənmə və digər istiqamətlərdə beynəlxalq təcrübələrin öyrənilməsi olub. Səfər zamanı iştirakçılar Sloveniyanın Peşə Təhsili və Təlimi İnstitutu, bir sıra peşə təhsili müəssisələrində olub, işəgötürənlərlə görüşlərdə iştirak ediblər. Peşə təhsili müəssiələrinə səfər zamanı iştirakçılar təhsil müəssisələrinin maddi- texniki bazası, tədris otaqları və emalatxanaları, nəzəri-praktiki təlim prosesinin birgə təşkili sistemi, təhsil proqramları ilə yaxından tanış olub, fikir mübadiləsi aparıblar.
09/10/2018 09:53
12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək
Oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək. “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil ediləcək sərgi dünyanın 12 ölkəsindən 100-dən çox iştirakçını bir araya gətirəcək. Sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunacaq. Azərbaycanın 14 ali təhsil müəssisəsinin qatıldığı sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz - Təhsil TV” və digər stendlər təqdim ediləcək. Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir. Üç gün davam edəcək sərgi barədə ətraflı məlumatı və elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür. Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir, təşkilatçı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.
09/10/2018 09:12
Təhsil naziri Tərtər şəhərində vətəndaşları qəbul edəcək
Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərinin nəzərinə! Təhsil naziri Ceyhun Bayramov 19 oktyabr 2018-ci il tarixində saat 10:00-da Tərtər şəhərindəki Gənclər Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərini qəbul edəcək. Qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 8-12 oktyabr 2018-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
08/10/2018 09:17
Dual peşə təhsili və təlimi pilotlarının yaradılması layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib
Oktyabrın 5-də İsmayıllı Peşə Tədris Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin İdarəetmə Komitəsinin 2-ci iclası keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd layihə çərçivəsində görülən işlər və növbəti dövr üçün həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin müzakirəsi olub. İclasda Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri, eləcə də peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti iştirak edib. Tədbirdə GİZ-in nümayəndələri tərəfindən layihənin gedişatı barədə ümumi məlumat verilib, görülən işlərə dair hesabatlar təqdim olunub. Qeyd edək ki, layihə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində GİZ tərəfindən icra olunur.
05/10/2018 17:44
Təhsil naziri Ceyhun Bayramov YUNESKO Baş katibinin təhsil məsələləri üzrə müavini ilə görüşüb
Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin Ümumdünya Sərgisində namizədliyinə dair “İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması” mövzusunda simpoziumda iştirak məqsədilə Fransaya səfəri çərçivəsində oktyabrın 5-də YUNESKO-nun Parisdəki Baş qərargahında bu qurumun Baş katibinin təhsil məsələləri üzrə müavini xanım Stefaniya Canini ilə görüşüb. Nazir görüşdə ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində son illərdə aparılan islahatlar haqqında məlumat verib, Azərbaycanla YUNESKO arasında dinamik əlaqələrin qurulmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolunu vurğulayıb. Görüşdə Azərbaycan ilə YUNESKO arasında təhsil sahəsində əlaqələrin inkişafı prosesi və gələcək perspektivləri müzakirə olunub. Azərbaycan Respublikasının YUNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov görüşdə iştirak edib.
05/10/2018 16:53
Beynəlxalq Elm Olimpiadasına şagird seçiminin nəticələri məlum olub
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (İJSO-2018) şagird seçiminin ilkin mərhələsinin nəticələri məlum olub. Belə ki, sentyabrın 30-da keçirilən I seçmə imtahanının nəticələrə əsasən 35 şagird növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Növbəti mərhələdə Bakı və Sumqayıt məktəbliləri ilə yanaşı, Bərdə, Lənkəran və Astara rayonlarından olan şagirdlər də iştirak etmək hüququ qazanıb. Oktyabrın 6-dan etibarən növbəti mərhələdə iştirak edəcək şagirdlərlə müntəzəm olaraq nəzəri dərslər, praktiki hazırlıqlar və xüsusi məşğələlər təşkil ediləcək. 28 oktyabr 2018-ci il tarixində keçiriləcək II seçmə imtahanın nəticələrinə əsasən ölkəni təmsil edəcək ən yaxşı 6 şagird müəyyən olunacaq. Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (İJSO) təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 16-dək olan şagirdlər arasında həm fərdi, həm də komanda formatında keçirilən elm yarışıdır. Hər il 50-dən çox ölkənin şagirdlərinin iştirak etdiyi bu olimpiadada Azərbaycan məktəbliləri də iştirak edirlər. Bu günədək məktəblilərimiz elm olimpiadasında 37 medal qazanıb. Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (İJSO2018) hazırlıq dərslərində iştirak edəcək şagirdlərin adlı siyahısı
05/10/2018 16:03
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı