SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Avropalı ekspertlər Tvinninq layihəsi çərçivəsində Azərbaycana səfər edib
Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib. Tvinninq layihəsinin “Səriştəyə əsaslanan yanaşmanın əhatə olunması məqsədi ilə seçilmiş Milli Təhsil Standartlarının yenidən müəyyənləşdirilməsi” adlı birinci komponenti üzrə Azərbaycana gələn ekspert qrupuna Fransanın Lion Universitetinin professoru Didier Ronze, Litva prezidentinin təhsil məsələləri üzrə məsləhətçisi Saule Maçiiukaite-Jviniene və Latviyanın Akademik Məlumat Mərkəzinin Akkreditasiya Şöbəsinin müdir müavini Yolanta Silka daxildir. Səfərin məqsədi ali təhsil müəssisələrinin müvafiq nümayəndələrini əmək bazarının tələbinə dair toplanmış məlumatların seçilmiş ixtisaslar üzrə təhsil proqramlarında nəzərə alınması ilə bağlı məlumatlandırmaq, bu sahədə mövcud Avropa təcrübəsini bölüşmək, metodologiya və təlimatların işlənib hazırlanmasından ibarətdir. Missiya çərçivəsində Bakı Dövlət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Gəncə Dövlət Universitetində professor-müəllim heyəti üçün seminarlar keçirilib. Seminarlarda Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin də akademik və inzibati heyəti iştirak edib. “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin məqsədi ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. İki il ərzində həyata keçiriləcək layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Layihənin icrasına Fransa, Latviya və Litvanın müvafiq qurumları və ekspertləri cəlb olunub.
12/10/2018 16:06
12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi davam edir
Bakı Ekspo Mərkəzində təşkil edilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işini davam etdirir. “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgiyə 12 ölkədən 130-dan artıq iştirakçı qatılıb. Ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur. Sərgidə “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilir. Sərgidə Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), Lənkəran Dövlət Universiteti və digər təhsil müəssisələri birləşmiş stenddə iştirak edirlər. Tədbirdə, həmçinin “ADA” Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Universiteti öz stendləri ilə təmsil olunurlar. Sərginin “Xaricdə təhsil” sektorunda Gürcüstan, Latviya, Litva, Türkiyə və digər ölkələrin təmsilçiləri ümumi təhsil, orta ixtisas və ali təhsil müəssisələrinin imkanlarını təqdim edirlər. Beynəlxalq sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media-təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir. Qeyd edək ki, sərgi Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. “Kapital Bank”ın baş sponsor olduğu sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Oktyabrın 13-dək davam edəcək 12-ci Beynəlxalq Təhsil Sərgisinə giriş yuxarı sinif şagirdləri, valideynlər, müəllim və tələbələrə açıqdır.
12/10/2018 14:49
“Təhsil avtobusu” layihəsi üzrə mükafatlandırılma mərasimi
12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində "Təhsil avtobusu - 2018" yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Firudun Qurbanov, layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələri iştirak edib. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək “Azərbaycan üçün öyrət” təhsil proqramı üzrə artıq üçüncü dəfə həyata keçirilən yay məktəbinin şagirdlərin şəxsi inkişafına, dünyagörüşünə müsbət təsir etdiyini qeyd edib və bu istiqamətdə tərəfdaş qurumların verdiyi dəstəyin rolunun yüksək olduğunu vurğulayıb. Qeyd olunub ki, iyulun 17-dən start verilən layihə çərçivəsində Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edilib və 5 bölgənin 20 kənd, 17 şəhər məktəbindən ümumilikdə 140-a yaxın şagird layihəyə cəlb edilirb. Bu məktəblər sırasında ucqar kəndlərdə tikilən modul tipli məktəblər də olub. "Azərbaycan üçün öyrət" təhsil proqramı üzrə həyata keçirilən yay məktəbi müddətində şagirdlər "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş”, "Sığorta” adlı təlimlərdə iştirak ediblər, "Nə? Harada? Nə zaman?" intellektual oyunu, “Code Tusi" komanda oyununa qatılıblar. Həmçinin hər bir bölgədə şagirdlər üçün “Ekspo 2025 Bakı” layihəsinin təqdimatı keçirilib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. “Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” təhsil proqramının ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Ümumilikdə “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 16 gün ərzində 4000 km yol qət edilib, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən çox şagird və tələbəsi cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 150 akademik saatdan çox təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib. Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1News.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi” , “Edumap” Təhsil portalı, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilib.
12/10/2018 13:58
Təhsil nazirinin Tərtər şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib
Təhsil naziri Ceyhun Bayramovun 19 oktyabr 2018-ci il tarixinə nəzərdə tutulmuş Tərtər şəhərindəki Gənclər Mərkəzində öncə qəbula yazılmış Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərinin qəbulunun vaxtı 2 noyabr 2018-ci il tarixinə dəyişdirilmişdir.
12/10/2018 13:44
Azərbaycanlı istedadlar beynəlxalq festivalda uğur qazanıblar
Təhsil Nazirliyinin tabeliyində olan 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin istedadlı uşaqları İspaniya Krallığının Costa del Sol şəhərində keçirilən uşaq və gənclərin “Tu onda” adlı beynəlxalq festivalında iştirak ediblər. İncəsənətin müxtəlif növləri üzrə istedadlı uşaq və gənclərin aşkara çıxarılması, vokal, aktyor ustalığı, xoreoqrafiya sahələrində təcrübə mübadiləsinin yaradılması məqsədi ilə keçirilən festivala on beş ölkədən nümayəndələr qatılıb. Festivalda mərkəzin 4 istedadlı üzvü vokal, milli rəqs, müasir rəqs, bal rəqsi və moda mədəniyyəti nominasiyaları üzrə çıxışlarını nümayiş etdiriblər. Azərbaycanlı istedadların hər bir çıxışı münsiflər heyətinin və zala toplaşanların böyük marağına səbəb olub. Festivalda mərkəzin gənc vokalçısı Nigar Rəhimovanın ifa etdiyi “O mio babbino caro” italyan mahnısı akademik vokal nominasiyası üzrə, “Azərbaycan ritmləri” rəqsi milli rəqs nominasiyası üzrə, Qaflan Abbasov və Anastasiya Kşnyakinanın nümayiş etdirdiyi “Cayf” rəqsi bal rəqsləri nominasiyası üzrə I yerlərə layiq görülüb. Müasir rəqs nominasiyası üzrə uşaqlar II yeri, “Azərbaycan” mahnısının ifasına görə Nigar Rəhimova III yeri əldə edib. Moda mədəniyyəti nominasiyası üzrə Rüfət Məmmədovun podiumdakı çıxışı alqışlarla qarşılanıb. O, İspaniyanın məşhur və tanınmış modelyerinin hazırladığı geyimdə yüksək aktyor ustalığı və professionallıq nümayiş etdirərək qalib olub. Anastasiya Kşnyakina isə vokal nominasiyası üzrə “Bakının qızları” mahnısına görə festivalın laureatı adını qazanıb. Azərbaycanlı qaliblərin festivaldakı çıxışları münsiflər heyəti tərəfindən bəyənilib və gənc istedadlar Latviya, Litva, İsrail və Belarusda keçiriləcək festivallarda iştirak etmək üçün dəvət alıblar.
12/10/2018 12:28
“Uşaqların gələcəyinə sərmayə”
12-ci Beynəlxalq Təhsil Sərgisi dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirib Təhsil və karyera - müasir həyatımızın bu iki tərkib hissəsi daim kəsişir və qarşılıqlı surətdə əlaqədədir. Eyni istiqamətə yönəlmiş və eyni bir hədəfə can atan bu iki vektor həyatda və peşəkar fəaliyyətdə planların reallaşdırılması yolunda uğur qazanmağa fokuslanıb. Dünən Bakı Expo Mərkəzi də 12-ci Beynəlxalq Təhsil Sərgisinə ev sahibliyi etməklə təhsil sistemimizdə olan uğurların mənbəyinə və qarşıdakı hədəflərə işıq salırdı. Sərginin açılışı münasibətilə iştirakçıları salamlayan təhsil naziri Ceyhun Bayramov müasir dünyada insan kapitalının önəminin durmadan artdığını qeyd edib. Bu amilin ölkələrin inkişafı ilə yanaşı, beynəlxalq reytinqlərdəki göstəriclərinin yaxşılaşması baxımından da mühüm əhəmiyyət daşıdığını bildirib. Nazir xatırladıb ki, Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 140 ölkə arasında 35-ci yeri tutub. Dünyanın ən mötəbər reytinqində Azərbaycanın mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. Bu indikatorlardan ali təhsil və təlim üzrə ölkəmiz 10 pillə irəliləyərək 68-ci yerdə, innovasiya üzrə isə 11 pillə irəliləyərək 33-cü yerdə qərarlaşıb. Bu, həm də son illərdə təhsil sahəsində aparılan uğurlu islahatların göstəricisidir. “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərginin dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirdiyini qeyd edən Ceyhun Bayramov Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayaraq, sərginin ziyarətçilər üçün faydalı olacağını deyib. C.Bayramov qeyd edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Sərgidə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələrinin də iştirak etdiyini bildirən təhsil naziri diqqətə çatdırıb ki, son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, əvvəlki illərlə müqayisədə rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllimlik ixtisasını seçib: “Hesab edirik ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun tədbirlərin nəticələrinin bu istiqamətdə əldə olunan uğurlarda xüsusi çəkisi var”. Uğur rəqəmləri Təhsil naziri daha sonra ötən illər ərzində təhsil sahəsində əldə olunmuş bəzi nailiyyətləri sərgi iştirakçılarının diqqətinə çatdırıb. Əldə edilmiş ən mühüm nailiyyətlərdən biri məktəbəhazırlıq yaşlı uşaqların təhsilə cəlb edilməsi ilə bağlıdır. Beynəlxalq qiymətləndirmə tədqiqatları da göstərir ki, ən azı 1 il məktəbəqədər təhsilə cəlb edilmiş şagirdlər məktəbəqədər təhsilə heç cəlb edilməmiş şagirdlərdən daha yüksək nəticə göstərirlər. Cəmi 3-4 il bundan əvvəl I sinfə gedən şagirdlərin 20-25%-i məktəbəhazırlıq qruplarından gəlirdisə, bu il bu rəqəm 65% olub. Cari tədris ilində 75% uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib ki, bu da hər il təhsilin keyfiyyət göstəricisinə müsbət təsir edən amildir. Əlavə olaraq ötən ildən başlayaraq 50 müxtəlif kənddə 1000 nəfərə qədər 3-5 yaşlı uşaq üçün icma əsaslı məktəbəqədər təhsil qrupları təşkil edilib. Bu tədris ilində isə icmaların sayı 2 dəfə artırılaraq 100-ə, cəlb edilmiş uşaqların sayı isə 2000 nəfərə çatdırılacaq. Müasir dövrdə təhsilalanların inkişafına yalnız məktəb çərçivəsində nail olmaq çətindir. Şagirdlərin məktəbdənkənar təhsil üzrə müxtəlif fəaliyyətlərə cəlb edilməsinin onların istər fiziki və mənəvi cəhətdən sağlam insan, istər vətənini sevən və onun maraqlarını müdafiə edən vətəndaş, istərsə də innovativ düşüncə tərzinə malik peşəkar kimi formalaşmasında müstəsna əhəmiyyəti vardır. Ceyhun Bayramov qeyd edib ki, bu istiqamətdə də sərgi iştirakçılarına nümayiş etdiriləcək bir sıra nailiyyətlər mövcuddur: “Bu ildən başlayaraq Təhsil Nazirliyi məktəblərin keyfiyyət göstəriciləri əsasında reytinq siyahılarını müəyənləşdirdikdə akademik nailiyətlərlə yanaşı, idman və yaradıcılıq sahələri üzrə də nailiyyətləri nəzərə alacaq. İnanırıq ki, belə bir yanaşma gələcək nəslin hərtərəfli inkişafına töhfə verəcək”. Nazir təhsil sistemində əldə olunan uğur göstəriciləri ilə sərgidə nümayiş olunan stend və pavilyonlarda yaxından tanış olmağın mümkünlüyünü diqqətə çatdırıb. O, əmin olduğunu bildirib ki, böyük əhəmiyyətə malik “Təhsil və karyera” sərgisi gənclər, təhsil müəssisələri və biznes dünyası arasında səmərəli müzakirələrin aparılması və yeni layihələrin təqdim edilməsi təhsil sistemində baş verən dəyişikliklərə daha geniş nəzər salmağa imkan yaradacaq, həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları barədə dolğun məlumat verəcək: “Ümid edirəm ki, 12-ci Azərbaycan Beynəlxalq “Təhsil və karyera” sərgisi gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə və təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcək”. “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib. Edvard Stroun beynəlxalq sərginin yüksək səviyyədə təşkilində və keçirilməsində göstərdiyi dəstəyə görə Təhsil Nazirliyinə, nazirliyin peəkar komadasına minnətdarlığını çatdırıb. Qeyd edək ki, Azərbaycanın 18 ali təhsil müəssisəsinin qatıldığı sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil”, “Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi”, “Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim olunub. “Tədbir çox yüksək səviyyədə təşkil olunub” Sərgidə iştirak edən ölkələrin təhsil pavilyonlarına baş çəkdikcə stendlər qarşısında iştiraçıların aktivliyi ilə rastlaşdıq. Qonaq universitetlərin bəzilərinin nümayəndələri ilə söhbətləşməyə imkan tapdıq. Erika Laoberga, Liepaya Universiteti (Latviya): - Təmsil etdiyim ali məktəb Latviyanın ən gənc universitetlərindən biridir. Cəmi 6 yaşı var. Lakin ali məktəbin çox müasir bakalavr və magistr proqramları var. Artıq Daşkənd və Kiyev şəhərlərində keçirilən sərgilərdə iştirak etmişik. Universitetimiz ingilis və latış dillərində informasiya texnologiyaları, rəqəmsal tibbi istiqamətlər, media-kommunikasiya, kompüter elmləri, audio-vizual və rəqəmsal media sənəti, humanitar elmlər, eləcə də təhsil ixtisasları üzrə tələbə qəbulu xidmətləri həyata keçirir. Hazırda universitetin II kursunda Əminə adlı azərbaycanlı tələbə dil və mədəniyyət ixtisasında bakalavr təhsili alır. Universitetimizdə daha çox azərbaycanlı tələbə görmək istərdik. Sərgiyə gəlincə, deməliyəm ki, tədbir çox yüksək səviyyədə təşkil olunub. İştirakçı fəallığını da yaxşı qiymətləndirirəm. Bunu stendlərimizə yaxınlaşan ziyarətçilərin sayının çox olmasında da görmək olar. Miloş Jelezniy, Qərbi Çexiya Universiteti (Çexiya): - Ali məktəbimiz ölkənin ən nüfuzlu universitetlərindən biridir. 9 fakültəsi və 2 institutu var. Universitet bakalavr, magistr və doktorantura ixtisasları üzrə 12 mindən artıq tələbə qəbul edir. Çex dili üzrə proqramlarımızda 400-dən artıq əcnəbi tələbə təhsil alır. Ali məktəbdə tədris ingilis və çex dillərindədir. Çex dilini bilməyən əcnəbilər bu dil biliklərini təkmilləşdirirlər. Ali məktəb elmi tədqiqatlar sahəsində də tanınır. Əlbəttə, bu sərgidə iştirakımı çox yüksək qiymətləndirirəm. Azərbaycanlı gənclərin universitetimizdə təhsil almasını istərdik. Buna görə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə iştrak etməyə qərar verdik. Sərginin çox maraqlı və yüksək təşkilatçılıq səviyyəsini xüsusi qeyd etmək istərdim. Arzu edərdim ki, gənclər öz maraqlarına uyğun ixtisas seçə bilsinlər. “Azərbaycan müəllimi” qəzeti
12/10/2018 09:59
12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb
Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib. Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirib. Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayan nazir sərginin ziyarətçilər üçün faydalı olacağını deyib. Ceyhun Bayramov qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Sərgidə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələrinin də iştirak etdiyini bildirən təhsil naziri diqqətə çatdırıb ki, son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, əvvəlki illərlə müqayisədə rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllimlik ixtisasını seçib. “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib. Daha sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri çıxış edib, qonaqlar sərgi ilə tanış olublar. Ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur. Sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilir. Sərgi çərçivəsində işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr keçiriləcək. Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir, təşkilatçı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir. Üç gün davam edəcək 12-ci Beynəlxalq Təhsil Sərgisinə giriş yuxarı sinif şagirdləri, valideynlər, müəllim və tələbələrə açıq olacaq. 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisindən foto anlar
11/10/2018 16:31
Xəzəryanı ölkələrin məktəbliləri arasında mədəni-idman festivalı keçirilib
Türkmənistan Respublikasının Avaza Milli Turizm ərazisində Xəzəryanı ölkələrin məktəbliləri arasında II mədəni-idman festivalı keçirilib. Festivalda ölkəmiz "Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 34 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub. Azərbaycan, Türkmənistan, Qazaxıstan, Rusiya məktəblilərinin iştirak etdiyi festivalda ölkəmizi təmsil edən məktəblilər mini-futbol, basketbol, voleybol, şahmat və stolüstü tennis idman növləri üzrə yarışlarda mübarizə aparıblar. Yarışların nəticəsinə görə, Azərbaycan komandaları stolüstü tennis idman növündə I, şahmat (oğlan və qızlar) və basketbol üzrə II, voleybol üzrə (qızlar) III, mini-futbol üzrə IV yerə layiq görülüb. Həmçinin komandalar şəxsi yarışlarda stolüstü tennis idman növündə bir qızıl, iki gümüş, şahmatda isə bir bürünc medal qazanıb. İştirakçı ölkələr arasında Azərbaycan məktəbliləri qazanılmış medalların ümumi sayına görə 2-ci yeri tutub. Nümayəndə heyətinin üzvləri festivalda bədii proqramla çıxış edərək milli rəqslər nümayiş etdiriblər.
10/10/2018 14:47
12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
Oktyabrın 10-da 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında bildirilib ki, “Uşaqların gələcəyinə sərmayə” devizi altında oktyabrın 11-dən 13-dək Bakı Ekspo Mərkəzində təşkil ediləcək sərgi dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirəcək. Mətbuat konfransında Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov, “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun, “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə, “Kapital Bank”ın marketinq departamentinin direktoru Günel Fərzəliyeva və sərginin meneceri Alina Potokina çıxış ediblər. Mətbuat konfransında qeyd edilib ki, sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunacaq. Azərbaycanın əksər ali təhsil müəssisələrinin qatıldığı sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim ediləcək. Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar və ayrı-ayrı mövzulara dair mühazirələr daxildir. Təhsil sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək. Sərgi çərçivəsində iştirakçılarla xaricdə təhsil məsələləri ilə məşğul olan şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcək. Üç gün davam edəcək sərgi barədə ətraflı məlumatı və elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür. Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir, təşkilatçı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.
10/10/2018 14:16
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı