• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Şagirdlərin yerdəyişməsi ilə bağlı 56 462 müraciət daxil olub

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 56 462 müraciət daxil olub. Onlardan 53 595 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 2 086 sorğu hazırda icra edilir, 781 sorğuya isə dil və təmayül uyğunsuzluğu səbəbindən imtina verilib. Qeyd edək ki, yeni tədris ilinin başlanması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar olaraq şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sorğuların qəbulu sentyabrın 15-dən oktyabrın 15-dək müvəqqəti dayandırılıb. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Qeyd edək ki, şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və Alternativ Qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.  

42 ümumi təhsil müəssisəsində STEAM layihəsi

Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb. Layihə çərçivəsində müəyyən edilmiş məktəblər üzrə tədrisə ümumilikdə 6000-dən çox 6-cı sinif şagirdi cəlb edilir. Layihənin tətbiq edildiyi ümumi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarlar ilə təmin edilib. STEAM təhsilinin tədrisi məqsədi ilə 34 məktəbdən 104 müəllim 2-14 sentyabr tarixlərində peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak ediblər. Eyni zamanda layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdiriləcək. STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır. Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilməyə başlanılan təhsil yeniliklərinin ölkəmizdə tətbiq edilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir.

Təhsil naziri İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılışında

Sentyabrın 17-də İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, məktəb kollektivi, valideynlər və yerli sakinlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Təhsil naziri Ceyhun Bayramov ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, təsdiq edilən proqramların reallaşdırılması nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən əhəmiyyətli işlərdən danışıb. Təhsil naziri bildirib ki, 2003-2018-ci illər ərzində 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə bir milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Ceyhun Bayramov təhsil sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Nazir çıxışında təhsil sisteminin aparıcı qüvvəsi olan müəllim əməyinin stimullaşdırılması, bu peşənin nüfuzunun artırılması istiqamətində görülən işləri xüsusi vurğulayıb və son illər bu yöndə çox böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Nazir çıxışının sonunda yeni tədris binasının açılışı və dərs ilinin başlanması münasibətilə hər kəsi təbrik edib, uğurlar arzulayıb. Çıxış edən  İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayon üzrə təhsil sahəsində görülən işlər, nailiyyətlərdən söz açıb və təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.  Daha sonra Təhsil naziri Ceyhun Bayramov məktəbdə yaradılmış şəraitlə tanış olub, şagird və müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb. Qeyd edək ki, Ismayıllı rayonu Basqal qəsəbə tam orta məktəb 432 şagird yerlikdir.  Məktəb binasında 1 fizika, 1 kimya, 1 biologiya laboratoriyası, 18 sinif otağı, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, 190 yerlik akt zalı, idman zalı yerləşir. 

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Kod saatı" keçiriləcək

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində sentyabr-oktyabr aylarında "Kod saatı" tədbirləri keçiriləcək. "Kod saatı" tədbirləri sentyabrın 21-də Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə, sentyabrın 28-də Şamaxı şəhər 10 nömrəli tam orta məktəbdə, oktyabrın 5-də isə Mingəçevir şəhər 15 nömrəli Humanitar Liseydə keçiriləcək. Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirlərdə 7 yaşdan yuxarı məktəblilər iştirak edə bilərlər. "Kod saatı" çərçivəsində iştirakçılar oyun formatında, "Scratch" mühitində məsələləri həll etmək imkanı əldə edəcəklər. "Scratch" – uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitidir. "Kod saatı" hərəkatının əsas məqsədi proqramçı peşəsini məktəblilər  arasında  populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini informasiya texnologiyaları ilə bağlı peşələrə  cəlb etmək,  həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır. “Kod saatı” hərəkatında iştirak ödənişsizdir. Qeyd edək ki, "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal hərəkatdır. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı"  dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə  və şagirdi əhatə edir. 2019-2020-ci tədris ilində Bakıda 23, Sumqayıtda 10, Mingəçevirdə 7, Şamaxıda 5, Gəncədə də 5 məktəbin “Rəqəmsal bacarıqlar” layihəsinə cəlbi nəzərdə tutulur. Beləliklə, layihə yeni tədris ilində təxminən 120 məktəb üzrə 70 000 şagirdi əhatə edəcək.

Təhsil naziri Ceyhun Bayramovun AzTV-nin “Günün nəbzi” verilişinə müsahibəsi

Təhsil naziri Ceyhun Bayramov AzTV-nin “Günün nəbzi” verilişinin qonağı olub. Təhsil naziri Ceyhun Bayramov verilişdə təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, peşə təhsilinin inkişafı, yeni tədris ilinin yenilikləri, nazirlik tərəfindən həyata keçirilən layihələr və digər mövzular ətrafında danışıb.  

Müəllim nüfuzunun yüksəldilməsi ən böyük uğurdur

Son illər müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində nailiyyətlər əldə edilib   Hər bir ölkənin inkişafında, vətənə layiqli və savadlı kadrların, mütəxəssislərin yetişdirilməsində müəllimlərin xüsusi rolu var. Təhsil islahatının uğurla aparıldığı ölkələrdə müəllim fəaliyyətinin stimullaşdırılması və peşəkarlığının inkişafına xüsusi diqqət yetirilir. Təsadüfi deyil ki, ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün müəllim peşəsinin nüfuzunun artırılmasının zəruriliyi xüsusi vurğulanıb. 5 strateji istiqamətdən biri kimi "Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması” müəyyənləşdirilib. Son illərdə təhsil sahəsində əldə edilən ən böyük uğurlar müəllim nüfuzunun yüksəldilməsi ilə bağlı olub, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, istedadlı insanların bu peşəyə cəlb edilməsi istiqamətində nailiyyətlər əldə edilib. Ötən tədris ilində ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatdırılıb, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Müəllimlərin fəaliyyətinin stimullaşdırılması tədbirləri davamlı xarakter alıb, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb və beləliklə, orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu dəyişiklikdən sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib.   Ucqar kənd məktəblərinin kadr təminatı problemi həll edilib   Ötən tədris ilində 10 minədək müəllim işə qəbul olunub, vakant yerlərin 100 faiz tutulması təmin edilib, uzun illər ərzində ixtisaslı kadrlara ehtiyacı yaranan ucqar kənd məktəblərinin kadr təminatı problemi, demək olar ki, həll edilib. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Hökumətin qərarına əsasən, kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilib, ümumilikdə 10 mindən çox müəllim bu tədbirlərdən faydalanıb. Bütün bu tədbirlər cəmiyyətdə işə qəbulun şəffaflığına və obyektivliyinə inam formalaşdırıb, cari ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min olub. İlkin mərhələdə 3260 müəllim işə qəbul olunub. Növbəti mərhələdə daha 4500 vakant yerə qəbulla bağlı tədbirlər həyata keçirilməkdədir. Müsabiqədə iştirak edən gənc müəllimlər Təhsil Nazirliyi tərəfindən təşkil edilən işə qəbul sistemini yüksək qiymətləndirirlər. Belə ki, cari ildə ən yüksək nəticə göstərərək 60 bal toplayan Gülnar Hümbətova və Süsən Məmmədova müsabiqənin çox şəffaf keçirildiyini, iştirakçıların maksimum nəticə əldə etmələri üçün bütün lazımi şəraitin yaradıldığını, 58 bal toplayan Sara Xəlilova müəllimlərin bu formada işə qəbulunun çox əhəmiyyətli olduğunu, 55 bal toplayan Turanə Kərimova müsabiqədə Azərbaycan məktəblərinə ən yaxşı müəllimlərin seçildiyini qeyd edib.   Cari ildə 500-dən çox bal toplayanlardan 25 faizi müəllimlik ixtisasını seçib   Həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilib, ən yüksək nəticə göstərən abituriyentlər arasında bu ixtisası seçənlərin sayı dəfələrlə artıb. 2018-ci ildə 500-dən yuxarı bal toplayan abituriyentlər arasında müəllimlik ixtisasını seçənlərin sayı strategiyanın icrasına başlanılan ilin eyni göstəricisindən 2,3 dəfə çox olub. Xüsusi qeyd edilməlidir ki, cari ildə 500-dən çox bal toplayanlardan hər 4 nəfərdən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib. Yüksək bal toplayanların seçdikləri ixtisaslar üzrə təhlil göstərir ki, ötən ilə nisbətən Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə artım 43 faiz, xarici dil müəllimliyi üzrə 20 faiz, tarix müəllimliyi üzrə 14 faiz artım olub. Bu il 500-dən çox bal toplayanlardan 547 nəfər Azərbaycan Dillər Universitetinə, 513 nəfər Bakı Dövlət Universitetinə, 363 nəfər Azərbaycan Dövlət Pedaqoji Universitetinə, 95 nəfər Gəncə Dövlət Universitetinə, 79 nəfər Naxçıvan Dövlət Universitetinə qəbul olunub. Bu amil müəllim hazırlığı sistemində əsaslı dönüşün yaradılmasına, yüksək peşəkarlığa malik müəllimlərin hazırlanmasına və məktəblərə cəlbinə imkan verəcək. Son illərdə müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində sistemli tədbirlər həyata keçirilib. Beynəlxalq təcrübə nəzərə alınmaqla, ümumtəhsil müəssisələrinin pedaqoji heyəti üçün modul-kredit və rəqabətəsaslı təlimlər sistemi tətbiq edilib, 2015-2018-ci illərdə ümumilikdə 55 min nəfər müəllim modul-kredit sisteminə əsaslanan təlimlərə cəlb edilib ki, onların 25 mini 2018-2019-cu tədris ilinin payına düşür. Cari tədris ilində daha 30 min müəllimin təlimlərə cəlb edilməsi planlaşdırılır.   "Azərbaycan" qəzeti

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

Sentyabrın 16-da Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində yeni tədris ilinin başlanması münasibətilə “Bilik günü” tədbiri keçirilib. Tədbirdə Təhsil nazirinin müşaviri Nigar Bağırlı, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xalid Kərimov, Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri müavini, İdarə Heyətinin üzvü Azər Süleymanov, layihənin əməkdaşları və şagirdlər iştirak ediblər. Tədbirdə qeyd edilib ki, “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsinin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli ümumi təhsil almaq hüququnu təmin etməkdir. Həmçinin, layihə uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların İKT savadlarının artırılmasına nail olmaq və öz potensiallarını nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır. Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbusü, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Nobel-T” şirkəti tərəfindən icra olunan layihə çərçivəsində uşaqlar müalicə dövründə maraqlı və yaradıcı təhsil imkanlarından bəhrələnib və onların virtual mühitdə sosial həyata adaptasiyasına şərait yaradılıb.  Layihəni müsbət qiymətləndirən qonaqlar uşaqları yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlu tədris ili arzulayıblar.  Tədbirin sonunda uşaqlara tərifnamələr və müxtəlif hədiyyələr təqdim olunub.

Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri açılıb

Sentyabrın 16-da Şəki şəhərində Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin siniflərinin açılışı olub. Tədbirdə Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev, Şəki şəhər Təhsil şöbəsinin müdiri Südabər İsmayılova, təhsil işçiləri, ictimaiyyət nümayəndələri, lisey siniflərinin müəllim və şagirdləri, valideynlər iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.           Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova lisey siniflərinin fəaliyyətə başlamasının rayonun təhsil həyatı üçün əhəmiyyətini vurğulayıb, kollektivə uğurlar arzulayıb. Tədbirdə çıxış edən Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib ki, bu il ilk dəfə olaraq, Şəki, Gəncə, Quba və Şirvan şəhərlərində lisey sinifləri təşkil edilib. Fuad Qarayev deyib ki, lisey siniflərinə qəbul iki mərhələdə aparılıb. İlkin mərhələdə fənn müsabiqəsi qalibləri birbaşa lisey siniflərdə oxumaq şansı qazanıblar. İkinci mərhələdə keçirilmiş imtahanlarında Şəki şəhəri üzrə 197 şagird iştirak edib. Fuad Qarayev qeyd edib ki, lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda, diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçilib. Fuad Qarayev təhsilin hər bir şagird üçün əlçatan olması üçün nazirlik tərəfindən mütəmadi olaraq həyata keçirilən layihələrdən də danışıb.  Lisey siniflərinin direktoru Ariz Abdullayev çıxışında deyib ki, bu tədris ilində 6 lisey sinifi fəaliyyət göstərəcək. Ariz Abdullayevin sözlərinə görə, lisey siniflərində ümumilikdə 144 şagird təhsil alacaq, şagirdlərdən 26-sı fizika-riyaziyyat təmayüllü liseydən gəlib, 27-si isə fənn müsabiqələrinin qalibi kimi liseydə oxumaq şansı qazanıb. Ariz Abdulllayev əlavə edib ki, şagird kontingentin qalan hissəsi isə sentyabrın 10-da keçirilən imtahanda yaxşı nəticə göstərənlər arasından seçilib. Tədbirdə iştirak edən digər qonaqlar da lisey siniflərinin əhəmiyyətinə toxunub, yeni tədris ilində hər kəsə  uğurlar arzulayıblar. Sonra tədbir iştirakçıları lisey siniflərində yaradılan şəraitlə tanış olublar.   *** Sentyabrın 16-da Şirvanda Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin siniflərinin də açılış mərasimi keçirilib. Açılışda Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin sektor müdiri  Xamis Seyranov, lisey siniflərinin rəhbəri Hüseyn Mirzəyev, Şirvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, müəllim-şagird kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Təhsil Nazirliyinin sektor müdiri Xamis Seyranov bildirib ki, lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasından ibarətdir. Xamis Seyranov qeyd edib ki, bu il Şirvanda yeni açılan lisey siniflərində VI, VII, VIII və IX sinif şagirdləri olmaqla, ümumilikdə 120 uşaq təhsil alacaq. Mərasimdə çıxış edən valideynlər ölkəmizdə təhsilin inkişafına göstərilən hərtərəfli qayğıya görə dövlət başçısına təşəkkür ediblər. Bu gün həmçinin, Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin siniflərinin də açılış mərasimi keçirilib.

Masallıda məktəb binalarının açılışı

Sentyabrın 16-da Masallı rayonu Gəyəçöl kənd N.Həsənov adına tam orta məktəbin yeni binasının açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, millət vəkili Elmira Axundova, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, məktəbin pedaqoji kollektivi, şagird və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edən nazirliyin Aparat rəhbərinin müavini Fərzəli Qədirov yeni tədris ilinin başlanması münasibətilə müəllim, şagird və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb. Fərzəli Qədirov son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü bildirib. Eyni zamanda 2003-2018-ci illərdə 3 200-dən çox məktəbin tikildiyini və ya əsaslı təmir edildiyini, 1 milyondan çox şagirdin təlim şəraitinin yaxşılaşdırıldığını diqqətə çatdırıb. Fərzəli Qədirov eyni zamanda cari ildə Təhsil Nazirliyi tərəfindən 20 yeni məktəb binasının inşa edildiyini, 8 məktəbin əsaslı təmir olunduğunu, 15 modul tipli məktəbin quraşdırıldığını, 43 təhsil müəssisəsinin yeni tədris ilinin ilk günündə istifadəyə verildiyini vurğulayıb. Aparat rəhbərinin müavini təhsil sahəsində qazanılan uğurlardan, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb və yeni dərs ilinin qarşıda duran vəzifələrindən danışıb. Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, yeni məktəb binası 264 şagird yerlikdir. Binada 11 sinif otağı, fizika, kimya, biologiya, informatika, hərbi hazırlıq kabinetləri, kitabxana, idman ve akt zallari mövcuddur. Məktəbdə 31 müəllim tədris fəaliyyəti göstərir. Bununla yanaşı, bu gün Masallı rayonunda Bala Təklə kənd Y.Ağayev adına ümumi orta məktəb üçün inşa edilmiş 96 yerlik, Şıxlar kənd 2 nömrəli ümumi orta məktəb üçün inşa edilmiş 56 yerlik modul tipli məktəblərin də açılışı olub.

Şirvanda yeni məktəb binasının açılışı

Sentyabrın 16-da Şirvan şəhər 5 nömrəli ümumi orta məktəbin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev, məktəbin müəllim-şagird kollektivi, valideynlər iştirak ediblər. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə görülmüş əhəmiyyətli işlər barədə ətraflı məlumat verib. Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrdən danışan nazir müavini müəllimlik peşəsinin marağının artırılması istiqamətində atılan addımlardan danışıb. Nazir müavini bilidirib ki, yeni tədris ilinin əvvəlinə bir neçə bölgədə yeni məktəb binaları istifadəyə verilib və bu, tədris keyfiyyətin yaxşılaşdırılmasına öz töhfəsini vermiş olacaq. Məhəbbət Vəliyeva çıxışının sonunda məktəbin pedaqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, 2019-2020-ci tədris ilinin prioritetlərini, qarşıda duran vəzifələri diqqətə çatdırıb. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov təbrik nitqi ilə çıxış edərək rəhbərlik etdiyi bölgə üzrə təhsil nailiyyətlərindən danışıb. Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar. Qeyd edək ki, məktəb binası 432 şagird yerlikdir. Məktəbdə 23 sinif otağı, fizika, kimya laboratoriyaları, idman zalı, akt zalı və həyətyanı stadion yerləşir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı