• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir müavini Şamaxıda vətəndaşları qəbul edir

Sentyabrın 20-də Təhsil nazirinin müavini Firudin Qurbanov Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayon sakinlərini qəbul edir. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər. Qəbul 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir.

Peşə sahibi olmaq istəyirsənsə...

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əvəzsiz təhsil və təcrübə ocağıdır Avropa çempionu Rəsul Səfərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. İndiyədək həm də məşqçi kimi fəaliyyət göstərib. Ancaq zamanın tələbi başqadır, təbii. Pəhləvanlıq da müəyyən bir vaxta, yaşa qədər insanı ayaqda tutur. Bəs, ondan sonra? Sonrası üçün Rəsulun başqa planları var və həmin planların icrasına başlayıb belə. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almağa qərar verməklə. Qarşıdakı bir il boyunca təhsil alıb elektrotexnika üzrə mütəxəssis olacaq. “Pəhləvanlıq hara, elektrotexnika hara?” - deməyin. Peşə seçmək, peşəni dəyişmək heç vaxt gec deyil. Rəsulu da özünün marağı, zamanın tələbi bu ixtisasa gətirib çıxarıb: “Ətrafımız elektrotexnikadan ibarətdir. Hər addımbaşı bu sahədə bilik lazım olur. İnkişaf o həddə çatıb ki, zamanla ayaqlaşmaq üçün əlavə bilik və bacarıqlar tələb olunur”. İndiyədək evdə kommunikasiya ilə bağlı yaranan istənilən məsələdə “Rəsul!” deyə çağıran ailə üzvləri bundan sonra işi ustasına gördürəcəklər. Bacarıqlı pəhləvan Rəsul bir usta toxunuşu ilə telləri, tellərlə insanları biri-birinə bağlayacaq: “Biri var görüb-götürmək, bir də var ki, bir işi elmi əsasları ilə bilmək. Gördüyün işin mahiyyətini bilirsən. Bu baxımdan buradakı təhsilim mənim üçün çox önəmlidir. Burda aldığım təhsili, əldə etdiyim bilik və bacarıqları ölkəmizdəki şirkətlərdən birində tətbiq edə biləcəyimi düşünürəm”. Rəsul peşə təhsili almaq üçün Bakı Dövlət Peşə Təhsil Mərkəzini seçməyinin səbəblərini belə izah edib: “Bu Mərkəzə maraq həm də onun Koreya təhsil standartları əsasında olmasından doğdu. Elanlarını oxuyanda məhz  bu, məndə maraq oyandırdı. Atam da  peşə təhsili alıb və illərdir həmin təhsili əsasında əldə etdiyi bilik və bacarıqlar əsasında fəaliyyət göstərir. Dünyada peşə təhsilinə çox ciddi baxılır və mən də peşə təhsilinin üstünlüyünü ailədən bilən bir adamam. Onu da bilirəm ki, mənim də, təhsil alacağım bu mərkəzdəki texnikanı quraşdırmağa gələnlər də bəlkə öz ölkəsində heç bir təhsili olmayan, ancaq işini yaxşı bilən mütəxəssislərdir. Məncə, peşə təhsili ilə bağlı yanlış təsəvvürü artıq dağıtmaq lazımdır. Ali təhsili aşağılamaq istəmirəm, ancaq 4 il məqsədsiz, hədəfsiz təhsil almaqdansa, bir -iki ilə öz peşənə yiyələnmək daha doğrudur”. Burdakı təhsilinin idman karyerasına da mane olmayacağını düşünən Peşə Təhsil Mərkəzinin tələbəsi gələn il Portuqaliyada keçiriləcək dünya çempionatına hazırlaşır.   Mərkəzin 44 yaşlı tələbəsi “Mövcud ixtisaslar üzrə bu cür hazırlıq səviyyəsi məni təəccübləndirdi. Sevinirəm ki, ölkəmizdə belə bir mərkəz fəaliyyətə başlayıb. Çox xoşuma gəldi. Burda oxumağa qərar verdiyimə çox sevinirəm. Ancaq düşünürəm ki, bu mərkəzi inkişaf etdirmək lazımdır. Texniki sahə üzrə çoxlu ixtisaslar var”, - deyən də Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsidir. Özü də ən təcrübəli, vəzifəli, hətta yaşlı tələbəsi. 44 yaşlı Rüfət Əliyev sənaye quraşdırma ixtisası üzrə təhsil alır: “Hazırda Azərbaycanda əyləncə mərkəzlərindən birinin texniki müdiriyəm. Heç bir təhsilim olmayıb indiyə qədər. Sovet vaxtı işə götürürdülər. İstehsalatda təcrübə qazandıqca dərəcə verirdilər. Mən də bu cür dərəcə qazanmışam. Ancaq artıq dövr fərqlənir. Yiyələndiyin peşə üzrə sənədə ehtiyac yaranır”. Elə bu ehtiyac mexanik kimi yetişmiş R.Əliyevi  əlindəki peşəni daha da inkişaf etdirmək, bu peşə üzrə təhsil də almaq niyyətinə düşürüb: “Təhsil Mərkəzinin fəaliyyəti barədə xəbər proqramlarından məlumatlandım. Qərar verdim ki, burada təhsil alım. Həm təhsilim olsun, həm də təcrübəmi artırım”. Özü kifayət qədər təcrübəli olan tələbə təhsil aldığı Mərkəzdə nə öyrənəcək?  Onun sözlərinə görə, burada paylaşacağı və öyrənəcəyi çox şey var: “Kifayət qədər təcrübəliyəm. Hətta  müəllimlərlə ixtisasım üzrə bir çox məsələlər ətrafında fikir mübadiləsi apara, biliyimizi paylaşa bilirik. Yeri düşəndə, tələbə yoldaşlarıma da kömək edirəm. Ancaq mənim də burada öyrənə biləcəklərim çoxdur. Məsələn, burada ixtisasım üzrə qaynaq üsulları var ki, mən onları indiyəcən görməmişəm. Burada onları öyrənəcəyəm ”.   Həm tələbə yoldaşlarından, həm də müəllimlərindən öyrənir Vaqif Niftəliyevin isə nəinki iş təcrübəsi, həyat təcrübəsi də azdır. 2018-ci ildə Qaraçuxur qəsəbəsindəki 318 nömrəli tam orta məktəbi yaxşı qiymətlərlə başa vursa da, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğursuz nəticə göstərib. O da bu il peşə təhsili almağa qərar verib. Elektrik olmaq istəyib. Bu peşəyə yiyələnməsinə vasitə olacaq ixtisaslardan seçib və Bakı Dövlət Peşə Təhsil Mərkəzini qazanıb. Mühit, müasir avadanlıqlar, maraqlı dərs prosesi onu cəlb edir: “Mənim üçün xoşdur ki, tələbə yoldaşlarım arasında təcrübəlilər də var.  Qaranlıq qalan məsələlər olanda dərsdən sonra onlardan kömək ala bilirəm. Nəticədə həm müəllimlərdən, həm də tələbə yoldaşlarımdan öyrənmək imkanım olur”.     “Peşə Təhsil Mərkəzində texniki ingilis dili də tədris olunacaq” Beləliklə, Vaqif Niftəliyev, Rüfət Əliyev və Rəsul Səfərov Bakıda bu tədris ilindən fəaliyyətə başlayan və sentyabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələridir. Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində Koreya ekspertləri tərəfindən hazırlanan və  milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları ilə təhsil alan 200-ə yaxın tələbənin sırasında yer alıblar. Bəs, bu proqramı kim tətbiq edir? Həmin proqram nəyə əsaslanır? Artıq məlum olduğu kimi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında  təşkil edilən bu təhsildə praktik məşğələlərə əsaslanan metoda xüsusi yer ayrılıb. Mərkəzdə tədris prosesinə cəlb olunan ixtisaslı mütəxəssislər üçün 3 ay müddətində Koreyada təlimlər keçirilib. Həmin mütəxəssislərdən biri Ramil Abdullayev Azərbaycan Dövlət Neft Akademiyasının beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib. Ayrı-ayrı şirkətlərdə mühəndis olaraq fəaliyyət göstərib. Artıq pedaqoji fəaliyyətlə də məşğuldur. Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 26 nəfərlik mühəndis-pedaqoji heyətində o da yer alıb. Sərt seçim mərhələsindən  uğurla keçərək Koreyada ingilis dilində 3 ay təlimə göndərilən müəllimlərdən biridir. “Hyundai” Gəmiqayırma və avtomobil istehsalı zavodlarında təlimlərdə iştirak edib: “Koreyada 3 aylıq təlimlər dünyagörüşümüzdə böyük rol oynadı. Oradakı inkişaf səviyyəsi məni valeh etdi. İnsan əməyinə verilən qiymət, peşə təhsilinə olan diqqət mənim üçün çox təsirli oldu”. Ramil Abdullayev müəllimi olduğu Bakı Dövlət Peşə Təhsil Mərkəzində dərslərin Azərbaycan dilində keçirildiyini deyir. Ancaq bəzən istisnalar da olur: “Sənayedə elə terminlər var ki, ingilis dilində olduğu kimi istifadə edilir. Burada biz bəzən uşaqları ingilis və rus dillərində də başa salırıq. Məsələn, maşınqayırma, tikinti və digər mühəndislik layihələrinin işlənməsində tətbiq olunan “AutoCAD” proqramını ingilis dilində keçirik. Ümumiyyətlə, nəzərdə tutulub ki, tezliklə  Peşə Təhsil Mərkəzində texniki ingilis dili də tədris olunacaq”.   “Hamımız istəyirik ki, Peşə Təhsil Mərkəzində yaxşı ustalar yetişsin”        Asif Bağırov Azərbaycanda ən sürətli motosikiletin sahibidir. 260 At gücündə olan mühərrikə sahib motosikleti saatda 400 km sürətlə hərəkət edir. Əsas hissələri Yaponiya istehasalı olsa da, sözügedən motosiklet Asif Bağırovun özünün əl işidir. 18 ildir təkərli texnika ilə işləyə-işləyə püxtələşib. Özünü 2, 3, 4 təkərli bütün elektrotexnika məhsulları üzrə mütəxəssis sayır. Bakı Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis-pedaqoji heyətinin əksər nümayəndələri kimi, işinin mütəxəssisidir. Üstəlik, heç yerdə təhsil almamış bir mütəxəssis. Dediyinə görə, 9 yaşından motosiklet sürür. Maşın söküb -yığmağa da elə bu ikitəkərlilərdən başlayıb. Öz motosikletinin üzərində öyrənib. Sonra bir ustanın şagirdi, köməkçisi olub. Artıq özü ustadır. O qədər yaxşı ustadır ki, onu tanıyanlar Peşə Təhsil Mərkəzi barədə eşidən kimi, onu xatırlayıblar: “Məni tanıyanlar dedilər ki, burada müəllimlər tələb olunur. Mən də gəldim. Əvvəlcə təlimlərdən keçdim. Doğrusu, maşınla əlaqəm olmasını istəmirdim. Mən motosikletlərlə maraqlanıram. Öz qarajım da var”. Təhsili olmasa da, təcrübəsi və bu təcrübəni paylaşmaq üçün geniş ürəyi olan 36 yaşlı müəllim tələbələrini necə öyrədəcəyini yaxşı bilir: “Bu qədər avadanlıqlar, texnika qurulub. Hamımız istəyirik ki, Peşə Təhsil Mərkəzində yaxşı ustalar yetişsin. Bunun üçün əlimizdən gələni də edirik. Həm öyrədirik, hələ üstəlik işlə də təmin ediləcəkləri də deyilir. Mən də, buradakı başqa mütəxəssislər də bildiyimizi öyrətməyə gəlmişik. Peşə Təhsil Mərkəzində müəllimliyə başlayana qədər də yetirmələrim olub. Necə öyrətmək lazım olduğunu bilirəm. Maşın üzərində hər hansı əməliyyatı başa salmaq mənim üçün 2 vur 2-dir. Danışmaqdan göstərmək daha rahatdır. Uşaqlar da elədir. Danışanda hamısı yuxulayır. Amma maşının yanında fərqli olurlar. Hamısı maşının başına yığışıb suallar verir, həvəslə öyrənməyə çalışırlar”. Asif Bağırov kimi təcrübəli və məşhur mütəxəssislə işləmək Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün çox maraqlı olacaq. Bu, şübhəsizdir. Maşınqayırma üzrə mütəxəssis olacaq 60 tələbənin ixtiyarında sadəcə mükəmməl mütəxəssislər yox, həm də 10 avtomobil, əla iş şəraiti var. Belə ki, onlar maşınları hissə-hissə görə, sonra söküb-yığa, axırda da rəngləyə bilərlər.   Tələbələr tapşırıqları sərbəst həll edəcəklər Kabı Əliyev torna və frezer dəzgahları üzrə müəllimdir. İndiyədək maşınqayırma sənayesində çalışıb. Mühəndisdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində enerji  maşınqayırması mühəndisliyi ixtisası üzrə bakalavr,  mexanika mühəndisliyi üzrə isə magistr təhsili alıb. 3 illik iş təcrübəsindən sonra  Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pedaqoji heyətinə qatılmaq qərarına gəlib. 3 aylıq təlimlərə qatılıb və artıq dərs deyir: “Təhsil müəssisələrində ancaq nəzəriyyə tədris olunur. Amma burda nəzəriyyə cəmi 30 faiz təşkil edir. Proqramın 60-70 faizi praktikadır. Odur ki, bizim sənaye müəssisələrindən elə bir fərqimiz olmayacaq. Burada tələbələr onlara verilən tapşırıqları sərbəst həll edəcəklər”. Kabı müəllim deyir ki, sadəcə nəzəriyyənin tədrisi mütəxəssis kimi yetişməyə kifayət etmədiyi kimi, yalnız təcrübə ilə qazanılanların da nəzəri əsası olmadan   yarımçıq sayılır. Odur ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi kadr kimi yetişmək üçün əvəzsiz bir təhsil və təcrübə ocağıdır.   Bakı Dövlət Peşə Təhsil Mərkəzində plan yerləri dolub Beləliklə, 1000 nəfər tələbəyə təhsil vermək imkanına malik Sənaye və İnnovasilar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 200 tələbə təhsil alır. Bu rəqəmin fəaliyyətə yenicə başlayan təhsil müəssisəsi üçün nəzərdə tutulan plan yerinə uyğun olduğunu bildirən Mərkəzin direktoru Rəşad Xanlarov deyib ki, hazırda 12 qrupda dərslər təşkil edilir. Tələbələr həm ödənişli, həm də dövlət sifarişli yerlərdə təhsil alırlar. Qruplardan 4-ü öz hesabına, 8-i isə dövlət hesabına təhsil alır. Təhsil müəssisəsində İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat istiqamətləri üzrə 1 və 3 illik təhsil imkanları yaradılıb. Onun sözlərinə görə,  növbəti - 2020-2021-ci tədris ilindən etibarən Mərkəzdə 3 illik təhsil mümkün olacaq və bu təhsili tamamlayanlar subbakalavr diplomu alacaqlar. Məşğulluğun artırılması məqsədilə Bakı Dövlət Peşə Təhsili Mərkəzində qısamüddətli ixtisasartırma kurslarının da təşkil olunması nəzərdə tutulub. Beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəz artıq Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies”, “Baku Roofing Company” və “Cahan Motors” kimi qabaqcıl müəssisələrlə əməkdaşlığa başlayıb. Mərkəzdə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə qeyd olunan şirkətlər tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur. Peşə Təhsil Mərkəzi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturdan ibarət təhsil kompleksidir. Artıq ikinci yataqxananın da əsası qoyulub və hər birində 90 tələbənin yaşaması üçün bütün lazımi şərait olacaq.   "Azərbaycan müəllimi" qəzeti

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infoturdan fotolar

.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur

Sentyabrın 19-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil edilib. İnfoturda media nümayəndələri və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri iştirak edib. Mediaturun məqsədi Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə yaradılan yeni Peşə Təhsil Mərkəzi barədə media nümayəndələrinə məlumat vermək və onları mərkəzlə tanış etmək olub. Əvvəlcə mərkəzin direktoru Rəşad Xanlarov media nümayəndələrinə məlumat verib ki, yeni Peşə Təhsil Mərkəzi ən müasir maddi-texniki avadanlıqlarla təchiz olunub. Təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Mərkəzdə fəaliyyət göstərəcək 2 yataqxananın hər birində 90 tələbənin yaşaması üçün bütün lazımi şərait yaradılıb. Rəşad Xanlarov qeyd edib ki, mərkəzdə İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat istiqamətləri üzrə kadrların hazırlanması nəzərdə tutulur. Tələbələrin bu ixtisaslar üzrə 1 və 3 illik təhsil alması üçün bütün lazımi imkanlar yaradılıb. Məşğulluğun artırılması məqsədilə qısa müddətli ixtisasartırma kurslarının da təşkil olunması gözlənilir. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində Koreya ekspertləri tərəfindən hazırlanan və  milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. Proqramda 60-70 faiz praktik məşğələlərə əsaslanan metoda xüsusi yer ayrılıb. Bildirilib ki, mərkəzdə tədris prosesinə cəlb olunan ixtisaslı mütəxəssislər üçün 3 ay müddətində Koreyada təlimlər keçirilib. Mərkəzin başlıca məqsədi sənaye ehtiyaclarına tabe olan rəqabətli kadr hazırlamaqdır. Daha sonra media nümayəndələri mərkəzin dərs otaqları, emalatxanalar ilə tanış olublar. Qeyd edək ki, beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəz artıq Sumqayıt Texnologiyalar Parkı, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies”, “Baku Roofing Company” və “Cahan Motors” kimi qabaqcıl müəssisələrlə əməkdaşlığa başlayıb. Mərkəzdə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə qeyd olunan şirkətlər tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.

"Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində ixtisasartırma təlimləri

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika müəlimləri üçün ixtisasartırma təlimlərinin birinci mərhələsi keçirilib. Təlimlərdə 600-dən çox 4-7-ci sinif müəllimləri iştirak edib.  Təlim çərçivəsində müəllimlər pilot layihənin yenilikləri barədə məlumat əldə edib. Təlimlərin nəticələrinə əsasən, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda layihənin bütün müəllimlərinin bilikləri sınaqdan keçiriləcək. Təlimlərin keçirilməsində əsas məqsəd müəllimlərin proqramlaşdırma sahəsində praktik biliklərini artırmaqdır. Qeyd edək ki, yeni tədris ilindən "Rəqəmsal bacarıqlar" layihəsinin məktəb daxilində koordinasiya işini təşkil etmək üçün metodist, texniki mütəxəssis və idarəçi vəzifələri müəyyənləşdirilib. Hər üç vəzifəyə təyin olunan 175 metodist, 175 texniki mütəxəssis və 200 idarəçi üçün təlimlər təşkil edilib. Layihə ilə bağlı edilən yeniliklərdən biri də genişmiqyaslı qarışıq təhsil formatına (blended learning) keçiddir. Təhsil Nazirliyinin Beynəlxalq Alqoritmika şirkəti ilə birlikdə həyata keçirdiyi “Rəqəmsal bacarıqlar» pilot layihəsinə bu tədris ilindən etibarən daha 50 ümumi təhsil müəssisəsi cəlb edilib. Bunlardan 23-ü Bakıda, 10-u Sumqayıtda, 7-si Mingəçevirdə, 5-i Şamaxıda və 5-i isə Gəncədə yerləşir. Beləliklə, layihə 123 məktəb üzrə təxminən 70 min şagirdi əhatə etmiş olub.

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib

Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatdırılıb. Layihə üzrə hazırda 300 əməkdaş çalışır. Bakı şəhərində “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 64-ə çatıb. Onlardan 58-i Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisəsi, 2 gimnaziya, 2 internat, 2 idman məktəbidir. Eləcə də, Sumqayıtda 4, Abşeronda 2 məktəbdə “Məktəblinin dostu” fəaliyyət göstərir. Qeyd edək ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. 2016-cı ilin dekabr ayından fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər. “Məktəblinin dostu” layihəsi çərçivəsində "Fövqəladə hallarda davranış qaydaları", “Gələcəyini qur: Məktəblərdə Karyeranın planlaşdırılması və İnkişafı", "Sosial şəbəkələrdən faydalı istifadə", “Məktəb, ailə, cəmiyyət arasında səmərəli əməkdaşlıq”, “Valideyndən öyrənək”, “Pirotexniki vasitələr və onların zərərləri”, “Özünümüdafiə və şəxsi təhlükəsizlik” kimi müxtəlif mövzularda təlimlər təşkil olunur. Bundan başqa, istedadlı şagirdləri üzə çıxarmaq,  şagirdlərin asudə vaxtlarının səmərəli təşkil etmək məqsədilə bilik yarışları, intellektual oyunlar, viktorinalar, “Dəyirmi masa”lar, rəsm müsabiqələri, ekskursiyalar, “Açıq qapı” günləri, fotomüsabiqə və videomüsabiqələr keçirilir. Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə "Yay məktəbi" də təşkil edilir. Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur.    

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsinə başlanılıb. Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizədin iştirakı nəzərdə tutulur. Sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edəcək. Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə namizədlərə məlumat veriləcək. Qeyd edək ki, cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273-nün elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1 643 nəfər iştirak edib. 21-23 avqust tarixlərində Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları üzrə, 28-30 avqust tarixlərində Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib.

Təhsil naziri İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək

İsmayıllı və Ağsu rayon sakinlərinin nəzərinə!   Təhsil naziri Ceyhun Bayramov 27 sentyabr 2019-cu il tarixində saat 10:00-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, İsmayıllı və Ağsu rayon sakinlərini qəbul edəcək. Qəbulda İsmayıllı və Ağsu rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 18-24 sentyabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

250 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb

2019-cu ilin oktyabr ayından 32 bölgədə daha 250 icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyətə başlayacaq. 2019-2020-ci tədris ili üzrə icma əsaslı məktəbəqədər təhsil qruplarında 6400 uşağın təlimə cəlbi nəzərdə tutulur. 20 nəfər üçün nəzərdə tutulan qruplarda məşğələlər həftədə 4 dəfə, 2-2.5 saat olmaqla keçirilir. Qruplarda tədrisi aparan təlimçilər artıq müəyyənləşdirilib, 3-4 yaşlı erkən uşaq inkişafı ilə bağlı kurikulum və iş dəftərləri hazırlanıb. Bundan başqa, uşaqların inkişaf dinamikasını ölçmək üçün qiymətləndirmə alətləri də müəyyənləşdirilib. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir. İcma əsaslı uşaq tədris mərkəzlərinin yaradıldığı ümumi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarları ilə təmin edilib. Növbəti ildən isə əlavə olaraq 250 icma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılması planlaşdırılır. Bununla da, məktəbəqədər təhsilə cəlb olunan 3-4 yaşlı uşaqların sayı ümumilikdə 12400 nəfərə çatdırılacaq. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 2017-ci ilin oktyabr ayından etibarən UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “İcma əsaslı məktəbəqədər təhsil” pilot layihəsi əsasında ilk olaraq 14 bölgədə yerləşən ümumi təhsil müəssisələrinin bazasında 95 icma əsaslı məktəbəqədər təhsil qrupları yaradılıb. İcma əsaslı məktəbəqədər təhsil qruplarının yaradılmasında əsas məqsəd məktəbəqədər təhsil müəssisələri ilə əhatə olunmayan yerlərdə 3-4 yaşlı uşaqlara məktəbəqədər təhsil imkanı qazandırmaq, eyni zamanda məktəbəqədər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında vətəndaş cəmiyyəti nümayəndələri və icma əsaslı qrupların, o cümlədən valideynlərin rolunu artırmaqdır.

Peşə təhsili müəssisələrində işləmək istəyənlərin nəzərinə

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsinə sənəd qəbulu sentyabrın 20-dək davam edəcək. Ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki il ərzində Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər müraciət edə bilərlər. İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ali və ya orta ixtisas təhsili müəssisələrini müvafiq ixtisaslar üzrə bitirən təcrübəli mütəxəssislər arasında müsahibə yolu ilə aparılacaq. Namizədlər tələb olunan sənədləri (müraciət forması, şəxsiyyət vəsiqəsi və təhsil sənədi) qeyd edilən müddətədək office@vet.edu.gov.az elektron ünvanına göndərməlidirlər.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı