SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Lənkəranda yeni məktəb binası, Lənkəran Dövlət Universitetinin yeni tədris korpusları və tələbə yataqxanasının açılışı
Sentyabrın 16-da Lənkəran rayonu N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov, şagird və müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış mərasimindən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib. Açılışda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov yeni məktəb binasının istifadəyə verilməsi və tədris ilinin başlanması münasibəti ilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb. Firudin Qurbanov ölkənin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. Nazir müavini ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, təhsil sahəsində qazanılan uğurlardan söz açıb və yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb. Açılış mərasimində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov öz növbəsində məktəbin müəllim və şagird kollektivini təbrik edib, son illərdə rayonda təhsil sahəsində əldə edilən nailiyyətlərdən danışıb. Daha sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, 432 şagird yerlik Lənkəran rayonu N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbində 384 şagirdin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur. Yeni açılan məktəb binasında müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana yerləşir. *** Sentyabrın 16-da Lənkəran Dövlət Universitetinin yeni tələbə yataqxanasının və 2 yeni tədris binasının da açılış mərasimi keçirilib. Açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, universitetin professor-müəllim-tələbə heyəti, rayon ictimaiyyətinin nümayəndələri və valideynlər iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycanda təhsil sahəsi daim dövlətin diqqətindədir, ölkə Prezidenti cənab İlham Əliyev təhsilin inkişafına qayğısını əsirgəmir. Nazir müavininin sözlərinə görə, son 15 il ərzində 3 200 yeni məktəb binasının inşa olunması, ali təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, təhsilə maliyyə dəstəyinin gücləndirilməsi bu qayğının bariz nümunəsidir. Firudin Qurbanov tələbə yataqxanasının istifadəyə verilməsini yüksək dəyərləndirərək, bunun tələbələrin yaşayış şəraitinin yaxşılaşmasına müsbət təsir göstərəcəyini deyib. Yeni tədris korpuslarının inşa olunmasının müəllimlərin iş, tələbələrin təhsil almaq şəraitinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Firudin Qurbanov ölkədə təhsilin inkişafı istiqamətində aparılan işlər barədə də ətraflı danışıb. Firudin Qurbanov çıxışının sonunda yeni tədris ilinin başlanması, yeni tədris korpuslarının və tələbə yataqxanasının istifadəyə verilməsi münasibəti ilə hər kəsi təbrik edib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov da çıxışında 2 yeni tədris binasının və 160 yerlik tələbə yataqxanasının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirərək bildirib ki, bu, tədrisin keyfiyyətinin yüksəlməsinə, kadr hazırlığına müsbət təsir göstərəcək, digər regionlardan gələn tələbələrin yaşayış probleminin həllinə yardımçı olacaq. Natiq İbrahimov Lənkəran Dövlət Universitetində son illərdə aparılan işlərdən söz açıb. Mərasimdə Lənkəran Şəhər icra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər qonaqlar da çıxış edərək tələbə yataqxanası və yeni tədris korpuslarının inşasının əhəmiyyətini qeyd ediblər. Daha sonra tədbir iştirakçıları tələbə yataqxanasında və tədris korpuslarında yaradılmış şəraitlə tanış olublar. Açılış mərasimlərindən sonra Firudin Qurbanov Lənkəran Dövlət Universitetinin professor-müəllim kollektivi ilə görüş keçirib. Görüşdə təhsillə bağlı məsələlər müzakirə edilib. Qeyd edək ki, 160 yerlik tələbə yataqxanasında hər cür şərait yaradılıb, otaqlar zəruri məişət avadanlıqları, fasiləsiz internetlə təmin olunub. Yataqxanada idman zalı, kitabxana və oxu zalı, informatika otağı, istirahət guşəsi tələbələrin ixtiyarında olacaq. Yataqxana binasında videomüşahidə,yanğın əleyhinə siqnalizasiya sistemləri,internet və telefon xətləri çəkilib. Tədris korpusları da müasir tədris avadanlıqları, laboratoriyalarla təmin olunub,informatika kabinetləri ,kitabxana ,oxu və idman zalları yaradılıb. 2019-2020-ci tədris ilində Lənkəran Dövlət Universitetinə 1200-ə qədər bakalavr və 67 magistr qəbul olunub.
16/09/2019 15:24
Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 16-da Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirak ediblər. Təhsil müəssisəsinin direktoru İradə Xəlilova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, məktəbin yeni tədris kompleksində ən müasir şərait yaradılıb. Burada şagirdlər müxtəlif laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artıra, idman zalında idmanın müxtəlif növləri ilə məşğul ola biləcəklər. Bu təhsil ocağının binası 1932-ci ildə tikilib. O zaman məktəb 400 şagird yerlik olub. Hazırda isə burada yeni istifadəyə verilən tədris kompleksi ilə birlikdə ümumilikdə 1944 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 138 müəllim heyəti məşğul olur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tədris kompleksinin idman zalında, hərbi otaqda, ekosinifdə, informatika otağında, kimya kabinetində, ayrı-ayrı sinif otaqlarında və yeməkxanada yaradılan şəraitlə tanış oldular, müəllimlər və şagirdlərlə söhbət etdilər, onlara yeni tədris ilində uğurlar arzuladılar. Məlumat verildi ki, ötən tədris ilində bu təhsil müəssisəsini bitirən məzunların 77 faizi ali məktəblərə qəbul olub. Ümumilikdə, hər il bu məktəbin məzunlarının arasında 600-dan çox bal toplayan və ölkəmizin ali təhsil ocaqları ilə yanaşı, xarici dövlətlərin nüfuzlu universitetlərinə də qəbul olan məzunlar var. Məktəbin şagirdləri bir çox bilik, idman yarışlarında, olimpiadalarda müxtəlif medallar qazanaraq, təhsil ocağını layiqincə təmsil ediblər. Yeni təhsil kompleksi bu uğurların daha da artmasına imkan verəcək. Çünki burada şagirdlər geniş, işıqlı, hər cür zəruri tədris avadanlığı ilə təchiz olunan otaqlarda elmin sirlərinə yiyələnə, müəllimlər isə müasir şəraitdə şagirdlərə dərs deyə biləcəklər. Hər bir dövlətin inkişafı və gələcəyi onun təhsil səviyyəsi ilə bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Azərbaycan bu baxımdan hazırda dünyada lider ölkələrdəndir. Heç bir ölkədə bu cür qısa müddət ərzində bu sayda məktəb tikilməyib. Bu istiqamətdə atılan addımlara Heydər Əliyev Fondunun töhfələri də olduqca mühümdür. Fondun bu sahədə həyata keçirdiyi layihələrin coğrafiyası və miqyası ilbəil daha da genişlənir. Məktəbdə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva müəllimlər və valideynlərlə görüşüb onları təbrik etdilər. Birinci sinif şagirdinin nənəsi Fəridə Hüseynova: Əziz Prezidentimiz, hörmətli Mehriban xanım, sizi burada görməyimizə çox şadıq. Mənim nəvəm də bu məktəbin birinci sinfinə qəbul olub. Mən öz adımdan, valideynlər adından Sizə təşəkkür edirəm ki, övladlarımıza bu cür gözəl şərait yaratmısınız. Allah Sizin canınızı sağ, ömrünüzü uzun eləsin. Prezident İlham Əliyev: Çox sağ olun. Mən də çox şadam ki, uşaqlar yeni dərs ilini yeni məktəbdə başlayırlar. Müəllimlərin də iş yeridir. Valideynlər də, uşaqlar da, müəllimlər də razıdırlar. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, xalqımız razı olsun, xalqımızın yaşayış səviyyəsi gündən-günə qalxsın, uşaqlar gözəl məktəblərdə oxusunlar. Son illərdə məktəb tikintisi istiqamətində çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, son illərdə həm Bakı şəhərində, həm bütün bölgələrdə 3200-dən çox məktəb tikilib və ya təmir olunub. Bu il 80-dən çox məktəb yenidən tikiləcək və hələ də təmirsiz olan məktəblərdə gələcək illərdə mütləq təmir işləri aparılacaq. Bu məktəb doğrudan da göz oxşayır. Bütün lazımi şərait yaradılıb, avadanlıqlarla təchiz edilib. Mənə verilən məlumata görə, məktəbin əvvəlki vəziyyəti çox acınacaqlı idi. Yəni, burada müəllimlər üçün də böyük çətinliklər var idi, uşaqlar da təmirsiz, yararsız vəziyyətdə olan məktəbdə oxuyurdular. İndi bu şərait yaradıldı. Amma bu, işin bir hissəsidir. Əlbəttə, əsas məsələ odur ki, gözəl şəraitlə bərabər, təhsilin səviyyəsi yüksək olsun və burada oxuyan uşaqlar gələcəkdə həyatda layiqli yer tuta bilsinlər. Ona görə təhsilin səviyyəsinin qaldırılması bu gün gündəlikdə duran vacib məsələlərdəndir və bu istiqamətdə də nəticələr var. Onu da bildirməliyəm ki, son illərdə müəllim peşəsini seçənlərin sayı artır. Müəllim Azərbaycanda həmişə çox hörmətli peşə olub. Həmişə müəllimə böyük hörmət olub. Bu gün isə bu, daha da yüksək səviyyədədir. Müəllimlərin əməkhaqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması bu nəticəyə gətirib çıxarır ki, müəllim olmaq istəyənlərin sayı əvvəlki illərlə müqayisədə böyük dərəcədə artıb. Bir daha uşaqları, valideynləri, müəllimləri yeni məktəbin tikintisi ilə əlaqədar təbrik edirəm. Məktəbin kimya müəllimi Yaqut Mönsümova: Möhtərəm Prezident, icazə verin, mən də kollektivimiz adından Sizə minnətdarlığımızı çatdırım. Sözün düzü, minnətdarlığımızı çatdırmaq üçün söz tapa bilmirik. Cənab Prezident, yeni məktəblər tikirsiniz, təmir etdirirsiniz. Bu, təhsilə olan münasibətdir. Bu, dövlətə olan münasibətdir. Sizin tapşırığınıza əsasən tikilmiş bu yeni məktəb binası “Bilik günü”ndə bizə ən gözəl hədiyyədir. Biz hər zaman Sizin qayğınızı hiss edirik. Belə gözəl, möhtəşəm məktəb binasının istifadəyə verilməsi biz müəllimləri ürəkdən sevindirir, daha yaxşı işləməyə həvəsləndirir, məsuliyyətimizi daha da artırır. Mən məktəbimizdəki kimya laboratoriyasını, kabinetləri gördüm. Düzü əvvəllər belə laboratoriyaları, kabinetləri biz ancaq filmlərdə görürdük. İndi bu, Azərbaycanın reallığıdır. Bilirik, dünyada bir çox münaqişələr, problemlər baş verir. Azərbaycanımızda Sizin sayənizdə sabitlikdir, əmin-amanlıqdır. Bu, Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Əldə olunan uğurlarda əzizimiz, çox hörmətli Mehriban xanımın da böyük xidmətləri var. Mehriban xanım, biz Sizi dünyalar qədər sevirik, sevgimizi çatdırmaq üçün sözlər acizdir. Bir daha çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb bizimlə görüşə gəlmisiniz. Cənab Prezident, bu gözəl məktəbə, ümumiyyətlə, gördüyünüz bütün işlərə görə Sizə kollektivimiz adından minnətdarlığımızı bildiririk. Allah Sizi, əzizimiz Mehriban xanımı, bütün ailənizi qorusun. Prezident İlham Əliyev: Çox sağ olun. Xoş sözlərə görə təşəkkür edirəm. Sizə bir daha uğurlar arzulayıram, sizi bir daha təbrik edirəm. Əminəm ki, burada oxuyan uşaqlar gələcəkdə həyatda layiqli yer tutacaqlar və dövlətimiz, xalqımız üçün böyük işlər görəcəklər, bizim ümumi inkişafımıza öz töhfələrini verəcəklər. Sonda xatirə şəkli çəkdirildi. www.president.az
16/09/2019 13:21
Təhsil naziri Qubanın Alekseyevka kənd tam orta məktəbinin açılışında
Sentyabrın 16-da Təhsil naziri Ceyhun Bayramov Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin açılış mərasimində iştirak edib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev, məktəb kollektivi və yerli sakinlər də iştirak ediblər. Əvvəlcə Təhsil naziri Ceyhun Bayramov və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Təhsil naziri Ceyhun Bayramov tədris ilinin başlanması və yeni məktəb binasının açılışı münasibətilə iştirakçıları təbrik edib. Təhsilin infrastrukturunun, təlim şəraitinin yaxşılaşdırılmasına dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilməsindən danışan Ceyhun Bayramov bu il ərzində Azərbaycanın müxtəlif bölgələrində 84 məktəb binasının inşasının planlaşdırıldığını, onlardan 43-nün bu gün istifadəyə verildiyini, digər 41 məktəbin isə ilin sonunadək təhvil verilməsinin nəzərdə tutulduğunu bildirib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində görülmüş işlərə və bununla bağlı təhsildə müşahidə edilən müsbət irəliləyişlərə diqqət çəkən Təhsil naziri müəllim peşəsinin nüfuzunun, bu sahəyə marağın artırılması ilə bağlı atılan addımlardan danışıb. Ceyhun Bayramov ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, 1 sentyabr 2019-cu il tarixindən növbəti dəfə müəllimlərin əməkhaqqının artırıldığını diqqətə çatdırıb. Təhsil naziri bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib, müəllimlərin öz vəzifələrini layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib. Təhsil naziri çıxışının sonunda məktəbliləri onlar üçün yaradılan şəraitdən maksimum faydalanmağa, layiqli vətəndaş olmağa çağıraraq bir daha onlara yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb. Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev də öz növbəsində rayonun təhsil uğurlarından söz açıb və yeni tədris ilində hər kəsə uğurlar arzulayıb. Daha sonra Təhsil naziri Ceyhun Bayramov məktəbdə yaradılmış şəraitilə tanış olub, şagird və müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb. Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Quba rayonu Alekseyevka kəndində yeni tikilən məktəb 960 şagird yerlikdir. 3 mərtəbədən ibarət olan məktəb binasının birinci mərtəbəsində qarderob, 10 sinif otağı, müəllimlər otağı, 2 fizika laboratoriyası,120 nəfərlik yeməkxana, idman zalı, tibb otağı, 2 əmək təlimi otağı, ikinci mərtəbəsində 13 sinif otağı, kitabxana və oxu zalı, 2 kimya laboratoriyası, 450 yerlik akt zalı, informatika və hesablanma texnikası kabineti, linqafon otağı, üçüncü mərtəbəsində isə 15 sinif otağı, arxiv, 2 biologiya laboratoriyası və hərbi hazırlıq otaqları yerləşir. Məktəb binasında videomüşahidə, yanğın əlehinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.
16/09/2019 12:53
Təhsil naziri Ceyhun Bayramovun “Real” TV-ə müsahibəsi
16/09/2019 10:45
164 mindən çox şagird I sinfə gedir
2019-2020-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Hazırda respublikada 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir. Yeni tədris ilində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur. 2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5668865 nüsxə dərslik və metodik vəsait çap edilib. Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.
16/09/2019 09:14
Sabah məktəblərdə ilk zəng çalınacaq
Yeni tədris ilində respublikanın ümumtəhsil müəssisələrində 1525016 şagird təhsil alacaq Sabah Azərbaycanda yeni dərs ili başlayır. 2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq. Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. Ümumtəhsil məktəblərinin birinci sinfində 164 234, IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird oxuyacaq. Bilikli, savadlı, təhsilli cəmiyyətə malik dövlət də qüdrətli olur. Elə buna görədir ki, ölkəmizdə də təhsil sahəsində ardıcıl uğurlu islahatlar, dövlət proqramları həyata keçirilir. Xüsusilə son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin xüsusi diqqəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində həyata keçirilən proqramlar, layihələr təhsildə əldə edilən uğurların sayını artırır. Elə təkcə bu il Prezidentin iki böyük sosial paketi çərçivəsində təhsil işçilərinin əməkhaqlarının artırılması Azərbaycanda müəllimlərə hər zaman göstərilən yüksək qayğı və diqqətin bariz nümunələrindən biridir. 260 minə yaxın təhsil işçisini əhatə edəcək artımda ödəniş sistemi iki qrupa bölünür: diaqnostik qiymətləndirmədən keçənlər və vahid tarif cədvəli ilə əməkhaqqı alanlar. Pedaqoji işçilərin 150 min nəfərini diaqnostik qiymətləndirmədən keçənlər, 100 min nəfərini vahid tarif cədvəli ilə əməkhaqqı alanlar təşkil edir. Birinci qrup üzrə orta aylıq əməkhaqqı 20, ikinci qrup üzrə 40 faiz artırılıb. Əməkhaqqı artımları təhsil işçilərinin sosial müdafiəsini gücləndirməklə yanaşı, eyni zamanda, təhsilin keyfiyyətinə də müsbət təsir göstərəcək. Bu günlərdə isə 2019-2020-ci tədris ilində yüksək balla ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Prezidentin sərəncamı təhsil ictimaiyyətinin daha bir sevincinə səbəb oldu və 102 gənc tələbə bu təqaüdə layiq görüldü. Heydər Əliyev Fondu bu il də birinciləri sevindirdi Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlara əsasən, regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, respublika üzrə təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 8.7 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək. Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb”, "İnternat məktəblərinin inkişaf proqramı”, "Təhsilə dəstək” kimi layihələri də uğurla davam etdirir. Elə bu il də fondun təşəbbüsü ilə aztəminatlı ailələrin 2019-2020-ci tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib. Hədiyyələr ünvanlı sosial yardım alan ailələrin birinci sinif şagirdləri üçün nəzərdə tutulub. Fondun sifarişi ilə 17 min aztəminatlı ailələrin övladlarına, uşaq evləri və internat məktəblərində məskunlaşan şagirdlərə çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə verilib. Qeyd edək ki, fond tərəfindən "Təhsilə dəstək” layihəsi çərçivəsində hər il aztəminatlı ailələrin birinci sinif şagirdlərinə çanta və müxtəlif məktəb ləvazimatları verilir. Hazırda respublikada ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir Respublikada ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir. Onlardan 322-si ibtidai, 3 307-si tam orta, 795-i isə ümumi orta məktəbdir. 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya var. Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılaraq 43 məktəb binası şagirdlərin istifadəsinə verilib. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur. 2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5668865 nüsxə dərslik və metodik vəsait çap edilib. 2019-2020-ci tədris ilində 108074 uşağın ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır. Dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qrupları üçün 3 adda 168148 dərslik və metodik vəsait çap edilib. 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün imkan yaradılıb Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümum-təhsil müəssisələrində ümumilikdə 414 844 şagird təhsil alacaq. Qurumun tabeliyində 279-u tam orta məktəb olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir. Bakıdakı 271 ümumtəhsil müəssisəsində 962 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. 2019-2020-ci tədris ilində bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb. Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri davam etdirilir. Sabunçu rayonu ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur. 39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 97, 101, 155 və 300 nömrəli tam orta məktəblərin köhnə korpuslarının sökülərək yenidən tikintisi davam etdirilir. 154, 205 və 208 nömrəli tam orta məktəblərin isə bütövlükdə binalarının sökülərək yenidən tikintisi həyata keçirilir. Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb. Həmçinin 90 nömrəli tam orta məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, yeni korpusun əsaslı təmiri, 251 nömrəli tam orta məktəb üçün isə əlavə korpusun tikintisi planlaşdırılır. Ümumtəhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi "İdman və sağlamlıq”, V-IX siniflərdə "Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə "Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq. Təhsil nazirinin müvafiq əmrinə əsasən, yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrinə həmin dərslərdə ictimaiyyət nümayəndələrinin, müharibə iştirakçılarının, əmək veteranları və sabiq məzunların iştirakının təmin edilməsi tapşırılıb. "Azərbaycan" qəzeti
15/09/2019 21:29
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışında iştirak edib
Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Şamaxı və İsmayıllı rayonlarında səfərdə olub. Ölkənin bütün regionları kimi Şamaxı rayonunda da abadlıq, quruculuq və yenidənqurma işləri uğurla davam edir. Rayonda bir-birinin ardınca mühüm əhəmiyyətli iqtisadi və sosial obyektlər istifadəyə verilir. Onlardan biri də Şamaxının Məlikçobanlı kəndində yeni tikilmiş Gülağa Ağayev adına tam orta məktəbin binasıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva məktəbin açılışında iştirak ediblər. Birinci vitse-prezident Mehriban Əliyeva məktəbdə yaradılan şəraitlə tanış oldu. Mehriban Əliyeva: Məlikçobanlı kəndində bir məktəb var? Direktor Səftər Heydərov: Bəli, bir məktəb var. Mehriban Əliyeva: Neçə şagird yerlik? Səftər Heydərov: 360 şagird yerlik. 1976-cı ildə tikilmiş məktəb idi. İstismara tam yararsız idi. Mehriban Əliyeva: Zəlzələ nəticəsində bir az da yararsız vəziyyətə düşdü. Səftər Heydərov: Bəli. Mehriban Əliyeva: Sakinlər tərəfindən müraciət olundu. Səftər Heydərov: Çox sağ olun, Sizə müraciət etdik. Sizin tapşırığınız əsasında 3 mərtəbədən ibarət 460 şagird yerlik bina tikilib, bütün inventar və avadanlıqlarla təchiz edilib. Ərazi yaşıllaşdırılıb. Mehriban Əliyeva: Yəqin şagirdlərin sayı da artıb. Səftər Heydərov: Bəli. Başqa məktəbdə oxuyan şagirdlərimiz var idi. Yeni vəziyyəti görüb çoxu qayıdıb gəlib. Mehriban Əliyeva: Yeni tədris ilinin başlanması və əlbəttə, yeni gözəl məktəbin açılması münasibətilə valideynləri və şagirdləri mənim adımdan təbrik edin. Mənim böyük hörmətimi və salamlarımı onlara çatdırın. Səftər Heydərov: Çox sağ olun. Qeyd edək ki, Heydər Əliyev Fondu təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələrini həyata keçirir. Bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasətinin həyata keçirilməsinə dəstək göstərməkdir. Hazırda respublikada 4447 məktəb fəaliyyət göstərir. Bu il ümumilikdə ölkə üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur. Bu müasir təhsil müəssisəsinin istifadəyə verilməsi yeni dərs ili ərəfəsində Məlikçobanlı kəndinin sakinlərinə ən gözəl hədiyyədir. www.president.az
15/09/2019 01:21
İmişlidə yeni məktəb binalarının açılışı olub
Sentyabrın 14-də İmişli rayonunda H.Hüseynov adına Qızılkənd və Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəblərin açılış mərasimi keçirilib. İmişli rayonu H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbin açılış mərasimində Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev, şagird və müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov çıxışında ölkənin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. Aydın Əhmədov bildirib ki, məktəblər müasir standartlara uyğun inşa olunur və ilin sonunadək daha bir neçə bölgədə yeni məktəblər istifadəyə veriləcək. Açılış mərasimində çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev qeyd edib ki, açılış mərasimi keçirilən məktəblər təhsil göstəricilərinin yüksək olması ilə fərqlənir. Tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, 624 şagird yerlik İmişli rayonu H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəbdə 560 şagirdin təlim-tərbiyəsi ilə 37 müəllim məşğul olur. Daha sonra Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. Bildirilib ki, məktəb binası 132 şagird yerlikdir. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. Yeni açılan hər iki məktəb binasında müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana var.
14/09/2019 15:59
Ağstafa və Tovuzda məktəb açılışları
Senytabrın 14-də Ağstafa rayonunda Böyük Kəsik kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib. Mərasimdə Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Ağstafa Rayon İcra Hakimiyyətin başçısı Nizaməddin Quliyev, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov, məktəb rəhbərliyi və pedaqoji kollektivi, şagird və ictimaiyyət nümayəndələri iştirak ediblər. Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov məktəbin açılışı və yeni tədris ilinin başlaması münasibəti ilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb. Muxtar Məmmədov ölkənin hər bir bölgəsində müasir standartlara cavab verən təhsil ocaqlarının tikildiyini, bunun gənc nəslin savadlı və vətənpərvər ruhda formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. Aparat rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, təhsil sahəsində qazanılan uğurlardan söz açıb və yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb. Ağstafa Rayon İcra Hakimiyyətin başçısı Nizaməddin Quliyev də çıxışında məktəbin pedaqoji kollektivini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, 2 mərtəbəli məktəb binasında sinif otaqları, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə 264 şagird təhsil alacaq. *** Sentyabrın 14-də Tovuz rayonu N.Sadıqov adına Alakol kənd 1 nömrəli tam orta məktəbin yeni tədris binasının da açılış mərasimi keçirilib. Məktəbin açılışında Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz Rayon Təhsil Şöbəsinin müdir əvəzi Məhəbbət Hüseynova, məktəbin pedaqoji kollektivi, şagirdlər və yerli sakinlər iştirak ediblər. Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov yeni tədris ilinin əvvəlində bir neçə müasir standartlara cavab verən təhsil ocaqlarının istifadəyə verildiyini bildirib, təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olaraq tədrisin keyfiyyətinin yüksəldiyini vurğulayıb. Pedaqoji kollektivi tədrisin keyfiyyətini daha da yaxşılaşdırmağa, gəncləri milli ruhda tərbiyə etməyə səsləyən Muxtar Məmmədov şagird və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzulayıb. Çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonun təhsil uğurlarından söz açıb. Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, yeni tikilən məktəb binası 624 şagird yerlikdir. Məktəb kimya, fizika və biologiya daxil olmaqla 6 laboratoriya otağı, 1 kompüter otağı, 1 linqafon otağı, tibb otağı, yeməkxana, kitabxana, akt zalı, idman zalı, ərazisində geniş idman meydançası, sanitar qovşağı və qazanxana ilə təchiz olunub.
14/09/2019 15:37
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı