SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində təlim
“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində Qubada respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən təhsil menecerləri üçün 4 günlük təlim təşkil edilib. Təlim proqramı zamanı iştirakçılara Təhsil Nazirliyi və Təhsil İnstitutunun əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər və icra olunan layihələr haqqında seminarlar keçirilib. Eyni zamanda təhsil menecerlərinin gələcək fəaliyyət planı üzərində müzakirələr aparılıb. İştirakçılar həmçinin Quba rayonunda fəaliyyət göstərən bir neçə ümumi təhsil müəssisəsinə səfər ediblər.
05/10/2019 12:40
Təhsil naziri Ceyhun Bayramovun 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki
Əziz müəllimlər! Müəllim elə bir addır ki, hər zaman böyük hörmət və yüksək ehtiramla çəkilir. Müəllim əməyi bilikli, müasir dünyagörüşlü, nümunəvi əxlaqa sahib cəmiyyətin yetişməsinə xidmət edir. Gündəlik həyatımızda hər bir uğurun, inkişafın təməlində məhz müəllim dayanır. Bu gün bütün dünyada qeyd olunan 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü cəmiyyətin memarları olan insanların böyük zəhmətini və dəyərli fəaliyyətini vurğulamaq üçün bir imkandır. Son illərdə ölkəmizdə təhsil sahəsində həyata keçirilən davamlı tədbirlər bu peşəyə marağın əhəmiyyətli şəkildə artmasına, müəllim nüfuzunun yüksəlməsinə səbəb olub. Sevindirici haldır ki, pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərimizin sayı ildən-ilə artır. Müəllim daim öyrənməli, yeniliklərə açıq olmalı, bilik və bacarıqlarını təkmilləşdirməlidir. Bu yolda bizi irəli aparan Sizlərə bilikli və milli-mənəvi dəyərlərə sahib olan vətəndaş yetişdirmək kimi şərəfli işinizdə uğurlar arzulayıram! Peşə bayramınız mübarək!
05/10/2019 04:30
Təhsil naziri ölkəmizə yeni təyin olunmuş səfir ilə görüşüb
Oktyabrın 4-də Təhsil naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Ceyms Şarp ilə görüşüb. Görüşdə Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə həmçinin Britaniya Şurasının Azərbaycan üzrə rəhbəri Samr Şah iştirak edib.
04/10/2019 17:50
Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir
Beynəlxalq Ahıllar Günü münasibətilə Bakının Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüş keçirilib. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə keçirilən görüşdə Mərkəzin dərnək üzvləri, 1 saylı uşaq evinin sakinləri, təşkilatın könüllüləri iştirak edib. Tədbirdə əyləncəli proqram, müsabiqə və yarışlar keçirilib, qaliblər mükafatlandırılıb. Uşaqların ifasında səhnəcik, rəqs və bədii qiraət nümunələri görüşə xüsusi rəng qatıb. Sonda dərnək üzvləri öz əl işləri olan hədiyyə və açıqcaları, yazdıqları məktubları ahıllara təqdim edib. Görüşün keçirilməsində məqsəd əlamətdar gündə pansionatın sakinlərinə xoş ovqat bəxş etmək, valideyn himayəsindən məhrum olmuş uşaqlarla ahıl və tənha insanları bir araya gətirmək, onlar arasında səmimi ünsiyyətin qurulmasına zəmin yaratmaq, kiçik yaşlı uşaqlarda yaşlılara hörmət və mərhəmət hisslərini daha da artırmaq, onlara diqqət və qayğı göstərmək kimi müsbət keyfiyyətləri aşılamaqdan ibarət olub.
04/10/2019 16:43
Təhsil xərclərinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibləri ilə görüş
Oktyabrın 4-də Bakı Konqres Mərkəzində sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsinə dair ölkə Prezidenti İlham Əliyevin göstərişinə əsasən Gənclər Fondu tərəfindən təşkil edilən müsabiqənin qalibləri ilə görüş keçirilib. Görüşdə Təhsil naziri Ceyhun Bayramov, dövlət rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müsabiqənin qalibi olan gənclər və onların valideynləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək bildirib ki, keyfiyyətli təhsilin gənclər üçün əlçatanlığının artırılması və savadlı, milli-mənəvi dəyərlərə bağlı gəncliyin yetişdirilməsi, gənclərə dövlət qayğısı ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əsas sütununu təşkil edir. Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov da dövlət başçısının gənclərə xüsusi diqqət və qayğısından danışıb. Ceyhun Bayramov insan kapitalının inkişafı konsepsiyasına uyğun olaraq gənclər üçün təkcə son bir ildə yaradılan çoxsaylı imkanlar haqqında ətraflı məlumat verib. Nazir qeyd edib ki, səriştəli mütəxəssislərin yetişdirilməsində ali təhsil sisteminin xüsusi rolu mövcuddur. Təhsil naziri ali təhsilin daha əlçatan olması üçün davamlı tədbirlərin həyata keçirildiyini bir daha xatırladıb. Dövlət vəsaiti hesabına təhsil alan tələbələrin sayının artdığını deyən Ceyhun Bayramov qeyd edib ki, cari ildə bu göstərici 66 faiz artırılaraq 12300-dən 20500-ə çatdırılıb. Cari tədris ilində tələbələrə verilən təqaüdlərin məbləği orta hesabla 20 faiz artırılıb, bu tədbirlər 110 mindən çox tələbəni və doktorantı əhatə edib. Həssas sosial qruplardan olan tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan 100-dən çox tələbəyə Prezident təqaüdünün verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi “hər bir gəncin təhsil ala bilməsi” konseptinin reallaşdırılmasına şərait yaradıb. Gənclər Fondu tərəfindən keçirilən müsabiqənin də məhz təhsilin hər kəs üçün əlçatanlılığının təmin olunmasına xidmət etdiyini deyən Nazir fondun təhsil məsələlərinə xüsusi diqqət yetirdiyini sözlərinə əlavə edib. Müsabiqədə qalib olan tələbələri təbrik edən Təhsil naziri onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb. Çıxışının sonunda nazir 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib, onlara şərəfli, müqəddəs işlərində uğurlar diləyib. Görüşdə çıxış edən Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev də gəncləri təbrik edib, onlara yaradılan bu şəraitdən maksimum istifadə edərək, dövlətə yararlı vətəndaş, həmçinin səriştəli mütəxəssis olmalarını arzulayıb. Müsabiqənin qalibləri çıxışlarında təhsilin inkişafına, onlara göstərilən hərtərəfli dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Tədbirdə qalib olan gənclərin uğur hekayələrindən bəhs edən videoçarxlar nümayiş olunub. Daha sonra müsabiqənin qalibləri ilə təhsil xərclərinin ödənilməsinə dair müqavilələr imzalanıb. Xatırladaq ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə 2018-ci ildə keçirilmiş müsabiqə nəticəsində 237, builki müsabiqə nəticəsində isə 425 gəncin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi qərara alınıb.
04/10/2019 14:58
“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şəki şəhəri 3 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi Gülbəniz İsrafilovaya həsr olunub. Bu peşəni seçdiyi üçün özünü xoşbəxt sayan Gülbəniz İsrafilova deyir ki, müəllimin savadı, qabiliyyəti, davranışı və sagirdlərinə olan sevgisi cəmiyyəti qane edirsə, o müəllim heç vaxt seçimindən narazı qala bilməz. Gülbəniz İsrafilova müəllim kimi həmişə el-oba içərisində böyük hörmət, rəğbətlə qarşılandığını deyir. Gülbəniz müəllim pedaqoji fəaliyyəti dövründə bir neçə nominasiya və təltiflərə layiq görülüb. Belə ki, 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsində “Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasiyası üzrə I yerə layiq görülüb. Gülbəniz müəllim 2017-ci ildə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində riyaziyyat müəllimləri arasında rayon birincisi olub. Çalışdığı məktəbdə informatika fənnini də tədris etmək üçün bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatılıb və yüksək nəticə göstərib. Gülbəniz İsrafilova “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
04/10/2019 12:34
Peşəsinin vurğunu olanlar
Onlar müəllimlərin işə qəbul imtahanında yüksək bal toplayıblar Ölkəmizdə müəllim peşəsinə maraq ildən-ilə artır. Bunun nəticəsidir ki, son illər həyatını müəllimliyə bağlayan gənclərin sayında da artım müşahidə olunur. Budəfəki müsahiblərimiz də cəmiyyətimizdə nüfuzu artan müəllim peşəsinin vurğunu olan gənc müəllimlərdir. Müəllimlərin işə qəbul imtahanında yüksək bal toplayaraq yeni dərs ilindən pedaqoji fəaliyyətə başlayan bu gənclərin 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində deyiləcək sözləri var. Onların uğur hekayələrini oxucularımızla bölüşürük: “Neçə illərdir arzusunda olduğum məqsədimə çatdım” Süsən Məmmədova, Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin müəllimi: - 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbi bitirib. 2006-2010-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunda təhsil alıb, təhsilini fərqlənmə diplomu ilə bitirib. - Bu il 4-cü dəfə müəllimlərin işə qəbulu imtahanında (MİQ) iştirak etdim. İlk dəfə 2015-ci ildə 38, 2017-ci ildə 45, 2018-ci ildə isə 46 bal toplamışdım. Bu il öz üzərimdə daha yaxşı işlədim və sistemli oxuyaraq istədiyim nəticəni əldə etdim. Azərbaycan dili və ədəbiyyat fənni üzrə 60 bal topladım. İmtahanda dəfələrlə iştirak etdiyim üçün deyə bilərəm ki, imtahan şəffaf və obyektiv keçirildi. İnsan Resursları Mərkəzi imtahandan sonra da bizə qayğı ilə yanaşır. Bu da biz gənclər üçün daha çox stimul oldu. İmtahanların nəticəsi olaraq Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olundum. Məktəbdə də yaxşı qarşılandım. Direktor Xanım Əhmədova məni gülərüz və xoş qarşıladı. Mehriban kollektivimiz var. İlk dərsim çox maraqlı və yaddaqalan keçdi. Neçə illərdir arzusunda olduğum məqsədimə çatdım. Müəllimlik ən şərəfli peşədir. Müəllimlərim mənə işıq olub yol göstəriblər, bu günüm üçün onlara minnətdaram. Mənim üçün müəllimlik gələcəyin cəmiyyətə, dövlətə xeyirli vətəndaşlarını yetişdirmək yolunda bir vasitədir. “Müəllimlik mənim üçün bir dəyərdir” Nəvai Qənbərov, Astara rayon Telman kənd P.Həsənov adına tam orta məktəbin coğrafiya müəllimi: - 1995- ci ildə Astara rayonunun Maşxan kəndində anadan olub. 2012- ci ildə kənd məktəbindən məzun olub. Elə həmin il Lənkəran Dövlət Universitetinin tarix-coğrafiya müəllimliyi ixtisasına qəbul olub. - 2018-ci ildə coğrafiya fənni üzrə müəllimlərin işə qəbul imtahanında iştirak edərək 46 bal topladım və Ağdam 40 nömrəli köçkün ümumi orta məktəbinə müəllim təyin olundum. Müəllimlik sənətinə olan sevgim məni evdən 300 km. uzağa getməyə vadar etdi. 2019-cu ildə isə müəllimlərin işə qəbul imtahanında 58 bal toplayaraq Astara rayon Telman kənd P.Həsənov adına tam orta məktəbə coğrafiya müəllimi təyin olundum. İmtahanda uğur qazanan bir gənc kimi deyə bilərəm ki, müəllimlərin işə qəbulu son dərəcə şəffaf və obyektiv həyata keçirilir. Layiq olan uğur qazanır. Müəllim kimi işə başladığım məktəbin kollektivi məni çox gözəl qarşıladı. Şagirdlərimin dəhlizdə bir-birinə pıçıldayaraq “Təzə müəllim nə yaxşı dərs keçir” dediyini eşidirəm. Bu sözləri eşitmək dünyaları verir mənə. İlk dərsim VI sinifdə çox gözəl keçdi, coğrafiya ilə ilk tanışlıqları idi. İndi dərsə girəndə onların gözlərindəki parıltını görürəm. Coğrafiyanı ilk gündən onlara sevdirdim. Müəllimlik mənim üçün təkcə iş deyil. Bəzi işlər var ki, onu qazanc məqsədi ilə görmürsən. Mən öyrətməyi sevirəm. Müəllimlik mənim üçün bir dəyərdir. Mənim həyatda tək məqsədim vətənimə, millətimə layiqli bir müəllim olmaqdır. “Müəllim üçün ən böyük sevinc şagirdlərinin uğurunu görməkdir” Aidə Sadıqova, 16 nömrəli Texniki Humanitar Liseyin müəllimi: - 12 avqust 1991-ci ildə Gürcüstanın Dmanisi şəhərində anadan olub. 2009-2013-cü illərdə BDU-da kimya müəllimliyi ixtisası üzrə bakalavr, 2014-2016-cı illərdə isə magistr təhsili alıb. - 2015-ci ildə MİQ imtahanında iştirak edərək 54 balla 185 nömrəli məktəbə qəbul olundum. 2017-ci ildə MİQ imtahanında yenidən iştirak edərək 55 balla Kəlbəcər rayon 19 nömrəli məktəbdə fəaliyyətə başladım. Uzaq ərazidə yerləşdiyi üçün 2018-ci ildə eyni balla Laçın rayon Pircahan kənd məktəbinə yerdəyişmə etdim. 2019-cu ildə MİQ imtahanında iştirak etdim və 60 bal toplayaraq Bakı şəhər 16 nömrəli Texniki Humanitar Liseyə qəbul olundum. Müəllimlərin işə qəbulu imtahanı biz gənclər üçün mühüm əhəmiyyət daşıyır, bu imtahan sayəsində öz bilik və bacarıqları ilə uğur qazanan müəllimlər işlə təmin olunur. Qəbul olduğum 16 nömrəli Texniki Humanitar Liseyin kollektivi, şagirdlər, bir sözlə, ünsiyyətdə olacağım insanlar məni səmimi qarşıladı. Sentyabrın 16-da ilk dərsim X a sinfində Nazirliyin müvafiq əmrinə uyğun olaraq “Azərbaycan inkişaf yollarında” mövzusuna həsr olunmuşdu. Dialoq zamanı şagirdlərin azad düşüncəli olduqlarını, öz düşüncələrini aydın şəkildə ifadə etmələrinin şahidi oldum və onların müxtəlif sahələrdə ölkəmizin inkişafı ilə bağlı təkliflərini eşitdim. İnsan həyatında vacib amillərdən biri ona güvən verəcək, onu dəyərli hiss etdirəcək, hər zaman yanında olub, sadəcə onu dinləyərək, danlamadan ona doğrunu anladacaq, stimul verərək onun potensialını üzə çıxara biləcək, özünü anlamağını və kəşfinə yardımçı ola biləcək, bir sözlə, həyatında, inkişafında, formalaşmasında rolu olacaq insanların olmasıdır. Kiminsə həyatında bu rolu oynaya bilirsənsə, deməli, sən o insan üçün artıq müəllimsən. Müəllimlik istiqamət verməkdir. Tədris etdiyi fəndən asılı olmayaraq müəllimin əsas məsuliyyəti mükəmməl insan formalaşdırmaq, şagirdlərinin potensialını üzə çıxarmaq və motivə etməkdir. Müəllim üçün ən böyük sevinc şagirdlərinin uğurunu görməkdir. "Azərbaycan müəllimi" qəzeti
04/10/2019 11:16
Prezident təhsil işçilərini mükafatlandırdı
126 təhsil işçisi təltif olundu Prezident İlham Əliyev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində təhsil işçilərinin təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Belə ki, sərəncamlara əsasən, ümumilikdə 126 nəfər təhsil işçisi təltif olunub. Dövlət başçısının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncamına uyğun olaraq, 64 nəfər bu medala layiq görülüb. Prezident İlham Əliyevin digər Sərəncamına əsasən, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 62 nəfər təhsil işçisinə “Əməkdar müəllim” fəxri adı verilib. Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı "Azərbaycan müəllimi" qəzeti
04/10/2019 10:04
Yüksək balla Qubanı seçən müəllimlərlə görüş üçün mediatur
Oktyabrın 3-də Quba rayonuna mediatur təşkil edilib. Mediaturun məqsədi yeni tədris ilində Quba rayonunda pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüşmək və onların dərs prosesini izləməkdir. Mediaturda KİV nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak ediblər. Mediatur iştirakçıları əvvəlcə Quba rayonu Əsparasti kənd Nurəddin Rzayev adına tam orta məktəbində olublar. Qeyd olunub ki, bu il Əspərasti kənd məktəbinə yüksək bal toplayan 4 yeni müəllim işə qəbul olunub. Mediatur çərçivəsində ingilis dili müəllimi Aysel Fərəcova, riyaziyyat müəllimi Aygün Məhərrəmova, informatika müəllimi Samirə Məmmədli və tarix müəllimi Orxan Cəfərovun dərs prosesi izlənilib. Bildirilib ki, Əsparasti kənd Nurəddin Rzayev adına tam orta məktəb 2016-cı ildə tikilib istifadəyə verilib. Məktəbdə 164 şagirdin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. Daha sonra mediatur iştirakçıları bu il yeni istifadəyə verilən Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəblə tanış olublar. Bildirilib ki, yeni inşa edilən məktəb bu tədris ilində istifadəyə verilib. 960 şagird yerlik məktəb rayon mərkəzindən 2 km məsafədə yerləşir. Hazırda məktəbdə 955 şagird təhsil alır, 76 müəllim pedaqoji fəaliyyətlə məşğul olur. Mediatur iştirakçıları sinif otaqlarında dərslərin gedişini də izləyiblər. Qonaqlar 2019-2020-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq bu məktəbdə işə qəbul olunan biologiya müəllimi Günel Cəfərova və fransız dili müəllimi Şövkət Orucovanın dərs prosesi ilə tanış olublar. Daha sonra mediatur iştirakçıları bu il yüksək balla Qəçrəş kənd İbrahim Şahmərdanov adına tam orta məktəbinə işə qəbul olunan gənc müəllimlərlə görüşüblər. Mediatur zamanı ingilis dili müəllimi Fərəh Şərifova, Azərbaycan dili və ədəbiyyat müəllimi Fidan Ələsgərova, təsviri incəsənət müəllimi Aynur Abasovanın tədris prosesi izlənilib. Məlumat verilib ki, məktəb 2006-cı ildə tikilib. 240 şagird yerlik məktəb rayon mərkəzindən 12 km məsafədə yerləşir. Hazırda məktəbdə 405 şagirdin təlim-tərbiyəsi ilə 32 müəllim çalışır. Qeyd edək ki, cari tədris ilində 145 nəfər müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Qubada pedaqoji fəaliyyətə başlayıb. Onlardan 85 nəfər müddətsiz müqavilə, 60 nəfər isə müddətli müqavilə ilə işə düzəlib. 2019-ci ildə Quba rayonu üzrə 600-dən yuxarı bal toplayan 4 məzun müəllim peşəsini seçib. Ümumilikdə isə cari ildə ali təhsil müəssisələrinə qəbul olunan 197 nəfər müəllimlik peşəsini seçib. Xatırladaq ki, 2019-2020-ci tədris ili üzrə 7 mindən çox müəllim işə qəbul olunub. Ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min olub. Bu il ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların hər 4 nəfərindən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib.
03/10/2019 16:55
“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzi istifadəyə verilib
Oktyabrın 3-də “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzinin əsaslı təmirdən sonra açılışı olub. bu münasibətlə keçirilən mərasimdə Təhsil naziri Ceyhun Bayramov, ali təhsil ocaqlarının rəhbər nümayəndələri, “Azərbaycan Dəmir Yolları” QSC-nin aidiyyəti sahə üzrə rəhbər və mütəxəssis heyəti, “Bakı Metropoliteni” QSC-nin əməkdaşlıq etdiyi təşkilat və müəssisələrin rəhbərləri, o cümlədən Fransanın “Thales” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Mehmet Şahan, texniki direktoru Mixail Malinovski, “Siemens Azerbaijan”ın rəhbəri Azər Quliyev və digər rəsmi şəxslər iştirak ediblər. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov binada böyük təmir və yenidənqurma işləri aparıldığını, burada texniki kabinet, auditoriyalar, ən əsası tədris guşələrinin yaradıldığını deyib. O, mərkəzin giriş və dəhlizlərində xronoloji ardıcıllıqla metro tarixinin əks olunduğunu, stendlərin ümummilli lider Heydər Əliyev və Prezidenti İlham Əliyevin metropolitenin inkişaf tarixindəki missiyalarını əyani şəkildə nümayiş etdirdiyini diqqətə çatdırıb. Z.Hüseynov metropolitendə tətbiq edilən texnoloji yeniliklərin mənimsənilməsində, yeni sahələr üzrə kadrların hazırlanmasında mərkəzə tələbatın artdığını və bu səbəbdən yeniliklərin zəruri tələbə çevrildiyini də vurğulayıb. O, “Thales” şirkətinin “Bənövşəyi xətt”də tətbiq etməyə başladığı SCADA və CBTC, TETRA rabitə sistemlərinin öyrənilməsi və bu xüsusda yeni kadrlara böyük ehtiyac olduğunu buna nümunə kimi göstərib. Hazırda Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin praktiki məşğələləri də məhz metropoliteninin istismar sahələri və tədris mərkəzində keçirilir. Sədr metropolitendə elektrik yarımstansiyalarının yenidən qurulmasında “Siemens”, eskalatorların dəyişdirilməsində “Thyssen Krupp” şirkətləri ilə əməkdaşlıq perspektivlərinə toxunaraq mərkəzdə bu müəssisələrin vəsait və stendlərinin də əhəmiyyətli əyani tədris vəsaiti olduğunu bildirib. QSC sədri Bakı Metropolitendə yeni tipli qatar tərkiblərinin sayının 11-ə çatdığını qeyd edərək maşinistlərin də yenidən ixtisaslaşdırılması, yeni nəsil maşinistlərin hazırlığına başlanıldığını deyib, Rusiyanın “Loqos” şirkətinin mərkəzdə “81-765” tipli baş vaqonun bazasında quraşdırdığı trenajorun əhəmiyyətindən bəhs edib. O, metro inşaatında tətbiq edilən “Herrenknecht” tunelqazma kompleksinin, həmçinin metropolitenin istehsalat sahəsində Almaniyanın “Vollert” şirkətinin texnologiyaları əsasında qurulmuş sexdə Azərbaycanda ilk dəfə ağac şpalları əvəz edən dəmir-beton blokların istehsalının təşkilini, yolun yeni tipli üstquruluşu elementlərinin tətbiqini qeyd edərək mərkəzin bu texnoloji yeniliklərin tələblərinə uyğun kadrları bundan sonra daha müasir qaydada hazırlayacağını deyib. 2014-cü ildən metropoliten üçün zəruri olan peşələr üzrə ixtisasartırma və yeni peşələrə yiyələnmə kurslarına hər il orta hesabla 800-900 işçinin cəlb edildiyini, imtahanların test üsulu ilə elektron qaydada aparıldığını diqqətə çatdıran Z.Hüseynov UFAZ ilə yanaşı, Dövlət Neft və Sənaye, Memarlıq və İnşaat, Texniki universitetlərlə, həmçinin Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə səmərəli və sıx əməkdaşlığın bundan sonra daha intensiv və qarşılıqlı faydalı şəkildə aparılacağına əminliyini ifadə edib. Sonra metro tarixi, tətbiq edilən yeniliklərə həsr olunmuş qısametrajlı filmin təqdimatı olub. Təhsil naziri Ceyhun Bayramov həm ölkə, həm də metropoliten tarixində tədris prosesinin yeni innovasiyalarla müşayiət olunması baxımından belə bir mərkəzin açılmasını təqdirəlayiq addım kimi qiymətləndirib. O, bu xüsusda “Bakı Metropoliteni” QSC-nin müvafiq ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivlərinin daha da genişlənəcəyini, tələbələrin müxtəlif sahələr üzrə yeni interaktiv təlimlərlə kursların məhz bu tədris ocağında keçirilməsinin gələcək peşəkar kadrların yetişidirlməsində böyük rol oynayacağına əmin olduğunu bildirib və mərkəzə yeni nailiyyətlər arzulayıb. Mərasim iştirakçıları mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olublar. Hər guşədə mütəxəssislər müvafiq sahələrdəki yeniliklər və təlim-tədris prosesinin təşkilində diqqət yönəldiləcək məqamlar barədə ətraflı məlumat veriblər. Qeyd edək ki, metropolitenin təlim-tədris mərkəzinin binası 1926-ci ilin sentyabrın 24-də SSRİ-nin ilk elektrik dəmiryolu nəqliyyatı olan Sabunçu vağzalının elektrik deposu kimi istismara verilib. 1966-cı ildə Bakı Şəhəri Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sərəncamı ilə tikili Bakı Metropoliteninin balansına keçib və burada qatarların hərəkətinin təşkili və idarə edilməsi üzrə ən mühüm xidmətlərin dispetçer mərkəzləri fəaliyyət göstərib. 2014-cü ildə dispetçer mərkəzləri yeni inşa edilmiş texnoloji korpusa köçürülək həmin il sentyabrın 16-da burada təlim-tədris mərkəzi fəaliyyətə başlayıb. AZƏRTAC
03/10/2019 15:22
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı