SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllim peşəsi -2019
Son illərdə müəllimlərin aylıq vəzifə maaşı 2 dəfə, cari ilin sentyabrın 1-dən isə əlavə olaraq orta hesabla 20 faiz artırılıb. Aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfərə çatıb. 2019-2020-ci tədris ili üzrə daha 30 min müəllimin müasir elmi-metodik məzmunlu və praktik ixtisasartırma proqramlarına cəlbi nəzərdə tutulur. Cari ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak üçün müraciət edənlərin sayı əvvəlki illərlə müqayisədə 3 dəfədən çox artaraq təqribən 55 min olub. Ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib.
03/10/2019 14:03
Quba rayonuna mediatur keçirilir
Oktyabrın 3-də Quba rayonuna mediatur təşkil edilib. Mediaturun məqsədi yeni tədris ilində Quba rayonunda pedaqoji fəaliyyətə başlayan gənc müəllimlərlə görüşmək və onların dərs prosesini izləməkdir. Mediaturda KİV nümayəndələri ilə yanaşı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri də iştirak edirlər. Mediatur iştirakçıları əvvəlcə Quba rayonu Əspərasti kənd Nurəddin Rzayev adına tam orta məktəbində olublar. Qeyd olunub ki, bu il Əspərasti kənd məktəbinə yüksək bal toplayan 4 yeni müəllim işə qəbul olunub. Sonra ingilis dili müəllimi Aysel Fərəcova, riyaziyyat müəllimi Aygün Məhərrəmova , informatika müəllimi Samirə Məmmədli və tarix müəllimi Orxan Cəfərovun dərs prosesi izlənilib. Bildirilib ki, Əsparəsti kənd Nurəddin Rzayev adına tam orta məktəbi 2016-cı ildə tikilib istifadəyə verilib. 180 şagird yerlik məktəbdə 164 şagirdin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. Mediatur Qəçrəş kənd İbrahim Şahmərdanov adına və bu il yeni istifadəyə verilən Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbləri ilə tanışlıqla davam edir.
03/10/2019 11:45
AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 90 illik yubileyi keçirilib
Oktyabrın 2-də AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Əvvəlcə tədbir iştirakçıları I Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Yusif Məmmədəliyevin məzarlarını ziyarət edib, məzarları üzərinə əklil və gül dəstələri qoyublar. Yığıncağı giriş sözü ilə açan AMEA-nın prezidenti Akif Əlizadə Neft-Kimya Prosesləri İnstitutunun 90 ildə şərəfli yol keçdiyini, ölkəmizdə neft kimyası və kimya elminin inkişafında mühüm rola malik olduğunu bildirib. Akif Əlizadə qeyd edib ki, bu illər ərzində institutun alimlərinin elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksək keyfiyyətli yanacaq və yağların alınması məqsədi ilə effektiv emalın elmi əsaslarının işlənilməsinə və digər məsələlərə həsr olunub. Sonra akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov "Elmin zirvələrinə aparan 90 illik yol" adlı məruzə ilə çıxış edib. Tədbirdə iştirak edən Təhsil naziri Ceyhun Bayramov yubiley münasibətilə institutun rəhbərlik və kollektivini, burada təhsil alan magistrant və doktorantları, məzunları təbrik edərək onlara elmi-pedaqoji fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Ceyhun Bayramov qeyd edib ki, institut ölkəmizdə neft sənayesinin inkişafında mühüm rol oynayıb və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının davam etdirilməsində bu institutun alimlərinin böyük xidmətləri olub. Nazir institutun elm-təhsilin inteqrasiyası baxımından əhəmiyyətli fəaliyyətini qeyd edib. Ceyhun Bayramov neft-kimya sənayesi sahəsinin aktuallığı, inkişaf perspektivləri və bu sahədə qeyd edilən trendlər barədə də danışıb. Nazirin sözlərinə görə, Azərbaycan təhsilinin və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri müasir inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı, peşəkar, rəqabətqabiliyyətli kadrların, o cümlədən elmi kadrların hazırlanmasından ibarətdir. Təhsil Nazirliyi tərəfindən istedadlı uşaqlarla bağlı ardıcıl və sistemli tədbirlər həyata keçirildiyini vurğulayan Təhsil naziri əlavə edib ki, bu sahədə institut alimlərinin çox xidmətləri olub və işlər davam etdirilir. Ceyhun Bayramov ölkəmizin təhsil sistemində aparılan işlərdən danışarkən ali təhsillin əlçatanlığının təmin olunması sahəsində müsbət tendensiyanı da qeyd edib. Daha sonra Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev, akademik N.D.Zelinski adına Noosfera Mühafizə Mərkəzinin və Muzeyinin direktoru Andrey Nikolayeviç Zelinski, İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı çıxış edərək institutun yaranma tarixindən, fəaliyyət istiqamətlərindən, həyata keçirilən layihə və tədqiqatlardan, uğurlu nəticələrdən danışıb, qurumun neft emalı və neft kimyası sahəsinə böyük töhfə verdiyini bildiriblər. Çıxış edənlər elmi müəssisənin kollektivini 90 illik yubiley münasibətilə təbrik edib, gələcək tədqiqatlarda onlara uğurlar arzulayıblar.
02/10/2019 16:08
“İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimatı
Oktyabrın 2-də Avropa İttifaqının maliyyələşdirdiyi və YUNİSEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra olunan “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirin keçirilməsində məqsəd məktəbəqədər təhsilin əhəmiyyətini və bu sahədə ötən 1 il ərzində görülən işləri ictimaiyyətin diqqətinə çatdırmaq olub. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin müavini Min Yuan, millət vəkilləri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə layihənin təqdimat videosu nümayiş edilib. Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biri olan məktəbəqədər təhsilin əhəmiyyətindən və bu sahədə əldə edilmiş nailiyyətlərdən danışıb. Təhsil nazirinin müavini erkən yaş dövründə öyrənilən hər bir bacarıq və vərdişin uşağın məktəbdə oxumasına, eləcə də sonrakı həyatı boyu necə öyrənməsinə böyük təsir göstərdiyini vurğulayıb. Nazir müavini qeyd edib ki, Azərbaycanda məktəbəqədər təhsil səviyyəsinin inkişafı istiqamətində mühüm addımlar atılır və son üç ildə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb göstəricisi 24 faizdən 75 faizə kimi artırılıb. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev çıxış edərək layihə ilə bağlı ətraflı məlumat verib. Emin Əmrullayev bildirib ki, layihə çərçivəsində 10 rayonda 50 icma seçilib, hər icmada orta hesabla 20 nəfər 3 və 4 yaşlı uşaq layihəyə cəlb olunub. YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin müavini Min Yuan icrasına başlanılan bu yeni təşəbbüs sayəsində ölkədə uşaqların məktəbəqədər təhsilə cəlbinin əhəmiyyətini vurğulayıb. Min Yuan əlavə edib ki, YUNİSEF hər zaman məktəb yaşına çatmamış uşaqlar üçün yeni kurikulum və tədris materiallarının işlənib hazırlanmasında, yeni metodologiyalar üzrə təlimlər keçirilməsində Təhsil Nazirliyinə dəstək göstərib. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə öz növbəsində deyib ki, Azərbaycanda uşaqların məktəbəqədər təhsildən yararlana bilməsi üçün imkanlar yaradır və bunun üçün Avropa ölkələrinin ən yaxşı modelləri axtarılır. Daha sonra layihə ilə bağlı təqdimatlar olub, digər çıxışlar dinlənilib. Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakını təmin etmək, şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır. 2018-2019-cu tədris ilində icma əsaslı məktəbəqədər təhsil qrupları Bakı şəhəri və 10 rayonda 100 icmada 2 mindən çox uşağı əhatə etməklə fəaliyyətə başlayıb. Cari tədris ilində isə bu qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur.
02/10/2019 15:36
4 nəfər Qazaxıstanda təhsil almaq hüququ qazanıb
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, 4 nəfər Azərbaycan vətəndaşı 2019-2020-ci tədris ili üzrə Qazaxıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Müvafiq sazişə əsasən, seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində təqaüdə layiq görülənlər “Al-Farabi Kazakh National University”, “Karaganda State University named after Buketov” və “Kazakh National Research Technical University named after K.I.Satpayev” ali təhsil müəssisələrində iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik və yüksək texnologiyalar, eləcə də humanitar və sosial elmlər ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb. Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 18 mart tarixində verilib.
02/10/2019 10:05
Futbolçulardan ibarət komandalar arasında “Təhsil Liqası”na start verilib
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2019-2020-ci il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Təhsil Liqası”nın oyunlarına başlanılıb. Yarışlara idman məktəblərindən və futbol klublarından U-8 liqası üzrə 10, U-9 liqası üzrə 12 komanda qatılıb. FİFA-nın mövcud qaydaları əsasında keçirilən yarışlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq. Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medal, qiymətli hədiyyələrlə mükafatlandırılacaq, 5 nominasya üzrə seçiləcək futbolçular xüsusi mükafatlarla təltif olunacaqlar. Liqanın keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.
01/10/2019 16:02
"Mən müəlliməm" kampaniyasına qoşulun!
Təhsil Nazirliyi tərəfindən "Mən müəlliməm" sosial kampaniyasına başlanılır. Kampaniya oktyabrın sonunadək davam edəcək. Kampaniyaya qoşulmaq istəyən müəllimlər sosial şəbəkələrdə şagirdləri ilə birgə çəkdirdiyi şəkli paylaşmalı, #TəhsilNazirliyi və #MənMüəlliməm həştəqlərini yazmalı, eləcə də digər həmkarlarını kampaniyaya qoşulmağa dəvət etməlidir. 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən #MənMüəlliməm kampaniyası müəllim əməyinə hörmət və ehtiramın ifadəsinə xidmət edir.
01/10/2019 14:24
Vətəndaşlarla iş bölməsinə 29 809 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu ilin sentyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 29 809 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 24 292 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 5 517 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 855 sənəd (1 067 ərizə, 788 məktub) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox I sinfə, məktəbəhazırlıq qruplarına qəbul, şagirdlərin elektron yerdəyişməsi, tələbələrin köçürülməsi, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu və digər məsələləri əhatə edib.
01/10/2019 10:12
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir
Oktyabrın 1-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir. 2019-2020-ci dərs ili üzrə dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarının sayı 5900-dən çox, qeydiyyatdan keçənlərin sayı isə 100 mindən artıqdır. Hazırda qeydiyyat prosesi davam edir. Respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir. Bu il ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına ərizələrin qeydiyyatı bütün respublika üzrə elektron qaydada həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumtəhsil məktəbləri, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Bu qruplarda həftədə 4 gün olmaqla, 12 məşğələ keçirilir. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.
01/10/2019 09:33
“Kod saatı”nın ikinci mərhələsi keçirilib
Şamaxı şəhər 10 nömrəli tam orta məktəbdə "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma dünyasında genişmiqyaslı tədbir olan "Kod saatı"nın ikinci mərhələsi keçirilib. Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə 206 məktəbli iştirak edib. Tədbir zamanı şagirdlərə və onların valideynlərinə “Rəqəmsal bacarıqlar” layihəsi haqqında ətraflı məlumat verilib. Şagirdlər "Scratch"- uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə ediblər. Qeyd edək ki, “Kod saatı”nın növbəti mərhələsi oktyabrın 5-də Mingəçevir şəhər 15 nömrəli Humanitar Liseydə keçiriləcək. "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal təşəbbüsdür. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək, insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı" dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə və şagirdi əhatə edir. "Kod saatı" təşəbbüsünün əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini yüksək informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.
30/09/2019 17:06
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı