• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Prezident İlham Əliyev Türkiyənin Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Türkiyə Respublikasının Təhsil naziri Ziya Selçukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi: -Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz uğurlu olacaq və təhsil sektorundakı əməkdaşlığımız davam edəcək. Bildiyiniz kimi, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə ən yüksək zirvədədir. Elə bir sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. O cümlədən sizin rəhbərlik etdiyiniz sahə də həm bu gün üçün, həm də gələcək üçün çox önəmlidir ki, gələcək nəsillərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsınlar, bilikli savadlı olsunlar və gələcəkdə ölkələrimizin inkişafında fəal olsunlar. Sizi səmimiyyətlə salamlayıram. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi sarsılmazdır. Biz bütün sahələrdə - həm siyasi sahədə, həm də iqtisadi, nəqliyyat, enerji, mədəniyyət, təhsil sahələrində gözəl nəticələri görürük. Bildiyiniz kimi, bir neçə gündən sonra Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçiriləcək. Biz bu görüşə ciddi hazırlaşırıq və əminəm ki, qəbul ediləcək qərarlar türkdilli dövlətlərin birliyini daha da möhkəmləndirəcək. Sizi bir daha salamlayıram. Xoş gəlmisiniz.   x x x   Türkiyənin Təhsil naziri Ziya SELÇUK dedi: -Təşəkkür edirəm. Zati-alinizin bizi qəbul etməsindən böyük məmnunluq duyuruq. Çox minnətdaram, sağ olun. Cənab Prezidentimizin salamlarını çatdırmaq istərdim. Prezident İlham Əliyev: Sağ olun. Mənim də salamlarımı çatdırın. Ziya Selçuk: Prezidentimiz Sizə olan dost münasibətini hər zaman ifadə edir. “Bir millət, iki dövlət” şüarının daim vurğulandığı və bu məsələnin əhəmiyyəti barədə danışıldığı da Sizə məlumdur. Zati-alinizin Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi barədə qərarı Türkiyədə böyük bir sevinc hissi yaradıb. Bunu, cənab Prezident, Sizə çatdırmaq istəyirəm. Mükəmməl səviyyədə olan əməkdaşlığımız hamımızı sevindirir. Həm vətəndaşlarımızın ünsiyyətinin artması, həm tələbələrin Türkiyəyə təhsil almağa gəlmələri, həm də Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın genişlənməsi hamımızı çox məmnun edir.   x x x   Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla onu qardaşlıq münasibətlərinin bağladığını dedi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında böyük sərvətimiz olan dostluq və qardaşlığımızı möhkəm iş birliyinə çevirməyə nail olmuşuq. Prezident İlham Əliyev bildirdi ki, dünya miqyasında Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur. Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçən il Bakıda hərbi paradın keçirildiyini, Azərbaycan və Türkiyə hərbçilərinin çiyin-çiyinə Bakının mərkəzində təntənəli keçid etdiklərini xatırladaraq, xalqlarımızın bunu böyük fəxr hissi ilə izlədiyini bildirdi. Görüşdə ali və peşə təhsili sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.     www.president.az

Təhsil naziri Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Oktyabrın 9-da Təhsil naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Volfqanq Maniq ilə görüşüb. Görüşdə Azərbaycan və Almaniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. 

XIII Beynəlxalq Təhsil Sərgisi ilə bağlı mətbuat konfransı

Oktyabrın 9-da XIII Beynəlxalq Təhsil Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında iştirak edən Təhsil nazirinin müşaviri Elnur Məmmədov bildirib ki, ötən illə müqayisədə bu il sərgi iştirakçılarının 45 faizi tədbirə ilk dəfə qatılır. Sərginin rəsmi tərəfdaşı olan Təhsil Nazirliyi hər il olduğu kimi bu il də sərgidə həm təhsilin məzmunu, həm də müasir təhsil texnologiyalarını əhatə edən stendlərlə geniş pavilyonda təmsil olunacaq. Elnur Məmmədov əlavə edib ki, sərgidə “Rəqəmsal bacarıqlar” layihəsi, “Univerium” yataqxanası, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyaları Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir tələbə-könüllü proqramı”, “SABAH” qrupları ilə bağlı stendlər, eləcə də təhsil sisteminin bütün səviyyələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və vahid təhsil informasiya mühitinin yaradılması məqsədini daşıyan “Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsi”, habelə təhsil prosesinin bütün iştirakçılarını bir arada toplayan Təhsil Nazirliyinin “Təhsil TV” onlayn telekanalı kimi layihələri nümayiş olunacaq. Sərgidə həmçinin, Peşə Təhsili üzrə Dövlət Agentliyi iştirak edəcək.  Elnur Məmmədov diqqətə çatdırıb ki, “Eduexpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunur.  “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə də öz növbəsində vurğulayıb ki, builki sərginin fərqləndirici xüsusiyyəti texnoloji istiqamətli olmasıdır. Sərgidə “Rusiyada təhsil” layihəsi çərçivəsində təhsil sahəsində “VR” texnologiyaları təqdim ediləcək və “Laboratoriya işinin virtual reallıq formatında nümayişi (VR)” adlı təqdimatda məhsullar əyani şəkildə nümayiş olunacaq. Sərgidə debüt edən “leXsolar GmbH” şirkəti bərpa olunan enerji mənbələri ilə işləyən trenajor sistemlərini nümayiş etdirəcək. Bəhruz Hidayətzadə bildirib ki, bu il sərgidə Almaniya, Belarus, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini təqdim edəcəklər. Eyni zamanda Avropa İttifaqının birləşmiş stendi debüt edəcək. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Türkiyə builki sərgi çərçivəsində milli stend ilə çıxış edir. Rusiyanın regional qrupları Moskva və Novosibirsk şəhərlərinin təhsil müəssisələri ilə təmsil olunur. Lodzi İqtisadi-Humanitar Akademiyası, Moskva Fasiləsiz Təhsil İnstitutu (FTİ), Lüblin Mariya Küri-Sklodovskaya Universiteti, Daşkənddə yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutu, Novosibirsk diyarının universitetləri, eləcə də Azərbaycanın bir sıra təhsil müəssisə və strukturu sərgidə debüt edir. Konfransda qeyd edilib ki, sərginin ilk günündə “Universitetlərə səyahət” adlı layihə keçiriləcək və bu layihə əsnasında “Eduexpo” sərgisinin iştirakçıları, hər biri 15 dəqiqə olmaqla, öz təqdimatları çərçivəsində sərginin qonaqlarını təmsil etdikləri təhsil müəssisələrinin imkanları ilə tanış edərək xidmətlər barədə ətraflı məlumat verəcək və valideynləri maraqlandıran sualları cavablandıracaqlar. Sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək. Məlumat verilib ki, oktyabrın 12-də sərgi çərçivəsində ilk dəfə olaraq Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşariki” layihəsinin həmmüəllifi və “Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İ.M.Şevçuk ilə görüş keçiriləcək. Sərginin sonuncu iş günündə məktəblilər üçün “Fibonaççi”, “Babil qüllələri” və “Octopus” kimi bir sıra intellektual oyunlar keçiriləcək. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlara dəstək məqsədilə sərgidə öz stendi ilə iştirak edəcək. Bir sıra yerli və xarici şirkətlərin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində həyata keçirilən ali təhsil və sosial inteqrasiya vasitəsilə Azərbaycan gəncliyinin dayanıqlı inkişafına yönəlmiş “Gələcəyini qur!” Gəncliyə Dəstək layihəsi də sərgidə iştirak edir. Sərgi əlavə tədbirlər proqramı ilə müşahidə olunacaq. Əlavə tədbirlər “Təqdimat zona”sında keçiriləcək. Qeyd olunub ki, sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. “Caspian Event Organisers” şirkəti sərginin təşkilatçısıdır. 2019-cu ildə sərgilərin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, eləcə də “Greenwich Travel Club” turoperatoru yer alır. “Təhsil” sərgisinə giriş 9-11-ci sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.

Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib

Oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Kompleksin ərazisində inşa olunan məktəb binası ilə tanışlıq zamanı qeyd olunub ki, təhsil ocağı 780 şagird yerlikdir. Bütün zəruri avadanlıqla təchiz edilən binada şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hərtərəfli şərait yaradılıb. Ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə təhsilin inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından didərgin düşən soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər. İndiyədək istifadəyə verilən bu cür şəhərciklərdə məcburi köçkün uşaqların təhsilini normal təmin etmək üçün müasir məktəblər yaradılıb. Bütün bunlar, ümumilikdə, ölkədə təhsilin yüksək səviyyədə olmasına xidmət edir, bu sahənin maddi-texniki bazasını möhkəmləndirir.   www.president.az

Elektron dərslik portalı ölkənin ən çox izlənən saytları sırasında

  Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalı  (www.e-derslik.edu.az)  ölkə üzrə saytların reytinq cədvəlində son bir ay ərzində 80 pillə yüksələrək 51-ci olub. Belə ki, sentyabr ayı ərzində portala giriş sayı 332 130-a, səhifələrə ümumi baxış sayı isə 2 748 408-ə çatıb.   Xatırladaq ki, cari ilin ilk 9 ayı ərzində e-derslik portalına giriş sayı 1 754 280, səhifələrə ümumi baxış sayı isə 14 625 792 olub. 2018-ci ilin göstəricilərinə görə isə bu rəqəmlər müvafiq olaraq 1 037 849 və 8 163 538 təşkil edib. Hazırda məzmun və dizayn baxımından təkmilləşdirilmiş dərsliklərin elektron formatda hazırlanıb portalda yerləşdirilməsi prosesi davam etdirilir. Artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 7-si olmaqla ümumilikdə 22 dərslik yeniləri ilə əvəzlənib. Qeyd edək ki, portalda 231 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 255 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 27-yə çatdırılıb. 2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.

Tvinninq layihəsi çərçivəsində ekspertlərin səfəri

Tvinninq layihəsinin “AzMKÇ nəzərə alınmaqla kompetensiya və bacarıqlara əsaslanan nailiyyətlərin təsvir edilməsi məqsədi ilə prioritet sahələrdəki proqramların təhsil standartlarının təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi” adlı 1.5 nömrəli fəaliyyəti çərçivəsində altıncı missiya həyata keçirilib.   Missiya çərçivəsində Fransanın Burqundiya Universitetinin professoru Mişel Narke və Litvanın Avropa Sosial Fond Agentliyinin biologiya üzrə təhsil proqramları sahəsində ixtisaslaşmış eksperti Trine Meza Johansen ölkəmizə səfər edib. Missiyanın məqsədi biologiya ixtisası üzrə dövlət standartının yenilənməsi və bu sahədəki ixtisasların milli təsnifatının yaxşılaşdırılması üzrə tövsiyələrin verilməsindən ibarət olub. Missiya çərçivəsində ekspertlər Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin professor-müəllim heyəti ilə görüşüb, sözügedən standartın yenilənməsi ilə bağlı onların rəy və təkliflərini öyrənib, eləcə də fakültənin maddi-texniki bazası ilə tanış olublar. Missiya nəticəsində ekspertlər biologiya ixtisası üzrə dövlət standartında əksini tapmış peşə kompetensiyalarını yeniləyib, burada maddi-texniki baza üzrə minimal tələbər və məzunlar üçün potensial məşğulluq sahələrini müəyyən ediblər. Ekspertlər həmçinin biologiya sahəsi üzrə ixtisasların təsnifatının yaxşılaşdırılması istiqamətində tövsiyələr də veriblər. Qeyd edək ki, dövlət standartının yenilənməsi zamanı ekspertlər dövlət standartlarının Tvinninq layihəsinin ekspertləri tərəfindən kompetensiya əsaslı yanaşmaya uyğun olaraq işlənib hazırlanmış yeni formatından istifadə ediblər.

Təhsil Nazirliyində kollegiya iclası

Oktyabrın 7-də Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, kollegiya üzvləri, nazirliyin müvafiq struktur bölmə rəhbərləri və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər. Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasını giriş sözü ilə açaraq təhsil sahəsində aparılan islahatlar nəticəsində əldə olunan uğurlar və qarşıya qoyulan vəzifələr barədə məlumat verib. Kollegiya iclasında Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev 2019-2020-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri barədə məruzə edib. Yaqub Piriyev bildirib ki, cari ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu proqnozu ötən ilə nisbətən ümumilikdə 6 faiz, dövlət sifarişi ilə qəbul planı isə ötən illə müqayisədə 66,1 faiz artıb (dövlət sifarişi 8 150 yer artaraq 20 474 yer olub). Tələbə qəbulunda proqnoz yerlərinin 84,6 faizi dövlət, 15,4 faizi isə qeyri-dövlət ali təhsil müəssisələrinin qəbul planında nəzərdə tutulmuşdur. Ötən il bu nisbət müvafiq olaraq 85,4 faiz və 14,6 faiz olub. Aparat rəhbəri müavininin sözlərinə görə, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının ilkin nəticələrinin statistik təhlili göstərir ki, son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə proqnoz yerlərinin sayı 28 faiz, dövlət sifarişli yerlərin sayı isə 78,5 faiz artıb. 2014-2015-ci tədris ilində dövlət sifarişli yerlərin sayı qəbul planının 30,4 faiz təşkil etdiyi halda cari ildə bu rəqəm 42,4 faizdir. Cari ildə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna toxunan Yaqub Piriyev əlavə edib ki, qəbul planı ötən ilə nisbətən ümumilikdə 8,2 faiz artıb. 56 orta ixtisas təhsili müəssisəsindən Təhsil Nazirliyinin tabeliyində olan 37 kollecə cari ildə tələbə qəbulu göstəricisi ötən illə müqayisədə 6,6 faiz çox olub. Ölkə üzrə dövlət hesabına qəbul planı isə ötən ilə nisbətən 4,6 faiz artıb. İclasda  Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 3 oktyabr 2019-cu il tarixli 428 nömrəli Qərarına dair məruzə ilə çıxış edib. Rauf Orucov bildirib ki, Qərara əsasən dövlət sifarişi əsasında kadr hazırlığı üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb. Şöbə müdiri qeyd edib ki, bu məqsədlə dövlət büdcəsindən ayrılacaq əlavə vəsaitin məbləği cari ildə 14 milyon, növbəti ildə isə 42 milyon manat təşkil edir. Rauf Orucovun sözlərinə görə, bununla da dövlət sifarişi əsasında kadr hazırlığını həyata keçirən müəssisələrin maliyyə imkanlarının yaxşılaşması, işçilərin əməkhaqlarının artırılması, dövlət sifarişi əsasında kadr hazırlığı üzrə ali təhsil müəssisələri arasında rəqabət mühitinin güclənməsi və ali təhsil müəssisələrinin inkişafı üçün imkanların artması gözlənilən nəticələr sırasındadır. Təhsil naziri Ceyhun Bayramov kollegiya iclasında çıxış edərək məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Kollegiya iclasında gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

“Məktəbimizdə” – fotorubrika

Təhsil Nazirliyinin ötən tədris ilində start verdiyi “Məktəbimizdə” fotorubrikası davam edir. "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır. Budəfəki görüntülər Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdən çəkilib. 1950-60-cı illərdə sözügedən məktəb respublikamızda qabaqcıl maarif ocağı kimi tanınırdı. 1992-ci ildən Azərbaycanın maarifpərvər ziyalısı, yazıçı, dramaturq Rəşid bəy Əfəndiyevin adını daşıyan tədris ocağı bu gün də öz ənənələrini davam etdirir. Məktəbin kollektivi arasında “Əməkdar müəllim” fəxri adına layiq görülmüş müəllimlər də var. Təhsil müəssisəsi 2012-ci ildə “İlin ən yaxşı ümumtəhsil məktəbi” mükafatına layiq görülüb. 2018-2019-cu tədris ilində məktəbin IX sinfini 72 şagird bitirib. Onlardan 8 nəfər ümumi orta təhsil haqqında fərqlənmə attestatı alıb. Həmin tədris ilində məzun olan 41 nəfərdən ikisi fərqlənmə attestatı ilə məktəbi bitirib. 2018-2019-cu dərs ili üzrə məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəricisi 85 faiz olub.

“Kod saatı”nın növbəti mərhələsi keçirilib

Mingəçevir şəhər 15 nömrəli Humanitar Liseydə "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma dünyasında genişmiqyaslı tədbir olan "Kod saatı"nın növbəti mərhələsi keçirilib. Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə 520 məktəbli iştirak edib. Tədbir zamanı şagirdlərə və onların valideynlərinə “Rəqəmsal bacarıqlar” layihəsi haqqında ətraflı məlumat verilib.  Şagirdlər "Scratch"-uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə ediblər. Qeyd edək ki,  "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal təşəbbüsdür. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək, insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı" dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə  və şagirdi əhatə edir. "Kod saatı" təşəbbüsünün əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini yüksək informasiya texnologiyaları ilə bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.

13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

10-12 oktyabr 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək. Sərgiyə dünyanın 22 ölkəsindən 150-dək iştirakçı qatılacaq. Sərgidə Təhsil Nazirliyi geniş pavilyonda təmsil olunacaq.  İştirakçılara "Rəqəmsal bacarıqlar", “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Univerium” yataqxanası, “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi”, “Escape room”, “Məktəbdənkənar fəaliyyət”, “Təhsil Texnologiyalar Mərkəzi”, “Gənc Müəllimlər Assosiasiyası”, “Bir Tələbə-Könüllü proqramı”, SABAH qrupları ilə bağlı stendlər  və “Təhsil TV”  Media Mərkəzi təqdim olunacaq. Sərgidə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və digər ali təhsil müəssisələri iştirak edəcək. Sərginin gündəliyinə işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar, intellektual oyunlar və  ayrı-ayrı mövzulara dair mühazirələr daxildir. Üç gün davam edəcək sərgi barədə ətraflı məlumatı və elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür. Sərgiyə giriş 9-11-ci sinif şagirdləri, abituriyentlər, tələbələr və onların valideynləri, eləcə də təhsil sektorunun peşəkarları üçün açıqdır. Qeyd edək ki, təhsil sərgisi ölkədə və regionda təhsil sahəsinə həsr olunan və aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə məsləhətçi şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq tədbirdir.  Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Təhsil Nazirliyi, eləcə də  Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı