SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
SABAH tələbələri “Azercell” Tələbə Təqaüd Proqramının qalibi olub
“Azercell” Tələbə Təqaüdü Proqramınında qalib gələn tələbələrin mükafatlandırma mərasimini keçirilib. Görüşdə “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, “Azercell”in İnsan kapitalının idarə edilməsi departamentinin direktoru Ziba Mustafayeva və SABAH İcra Komitəsinin tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova qalibləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Bu il “Azercell” təqaüdçüsü adına layiq görülmüş 28 tələbədən 9-u SABAH qruplarının tələbələridir. Qaliblər ali təhsillərinin sonunadək “Azercell” şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək imkanı əldə edirlər. Qeyd edək ki, Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində 2017-ci ildən etibarən 31 SABAH tələbəsi Azercell Tələbə Təqaüd Proqramının qalibləri olub. Eyni zamanda SABAH Karyera Akademiyası çərçivəsində keçirilən SABAH Karyera Qış Məktəbində “Azercell” şirkətinin peşəkarları təlimçi qismində iştirak etməklə tələbələrin şəxsi və peşəkar inkişafına dəstək olurlar. Bu il Tələbə Təqaüd Proqramına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat” ixtisası üzrə tələbəsi İzzət Quliyev, “Mühasibat uçotu və audit” ixtisası üzrə tələbələri Elşad Əliyev, Fəridə Səfiyeva, Kamran Vəzirov, “Biznesin idarə edilməsi” ixtisası üzrə tələbəsi Yavər İsrafilov, “Maliyyə” ixtisası üzrə tələbəsi Günel Xosrovlu, Bakı Dövlət Unversitetinin “Hüquqşünaslıq” ixtisası üzrə tələbələri Töhfə Abdullayeva, Babək Hüseynov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kompüter mühəndisliyi” ixtisası üzrə tələbəsi Həsənxan Məmmədov təqaüdə layiq görülüblər.
31/01/2020 12:28
ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı imzalanıb
Yanvarın 31-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə sazişin imzalanma mərasimi keçirilib. Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer, ADPU-nun rektoru Cəfər Cəfərov, ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer və digər rəsmi qonaqlar iştirak ediblər. Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə imzalanmış “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək ikili diplom proqramı təhsilin idarəolunması üzrə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. ABŞ tərəfi ilə aparılan danışıqlara əsasən, proqram çərçivəsində 2020-2021-ci tədris ilindən etibarən ADPU-da magistratura pilləsinə qəbul aparılacaq. Magistratura pilləsində təhsilin 2 il müddətinə ingilis dilində aparılması nəzərdə tutulur. Abituriyentlər qəbul üçün ilk olaraq Dövlət İmtahan Mərkəzi (DİM), daha sonra Corc Vaşinqton Universiteti tərəfindən təşkil edilən imtahanlarda iştirak etməlidirlər. Tədris Corc Vaşinqton Universitetindən dəvət olunan və eyni zamanda yerli müəllimlər tərəfindən aparılacaq. Sonda məzunlara həm Azərbaycan Dövlət Pedaqoji Universiteti, həm də Corc Vaşinqton Universitetinin diplomları veriləcək.
31/01/2020 11:56
Nazir müavini STEAM layihəsinin tətbiq olunduğu məktəblərdə
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “STEAM Azerbaijan” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq üçün Bakı şəhəri 220, 245 və 114 nömrəli tam orta məktəblərdə olub. Nazir müavini STEAM dərslərini tədris edən müəllimlərlə görüşüb, STEAM məzmununun mənimsənilmə səviyyəsi, yeni metodologiya, konsepsiya və yanaşmaların müəllimlər tərəfindən tətbiqi ilə maraqlanıb. Həmçinin təhsilalanların dərs prosesi zamanı hazırladıqları əl işləri və kiçik layihələrlə tanış olub. Daha sonra STEAM dərslərinin tədrisi və gözləntilərə dair geniş müzakirələr aparılıb. Qeyd edək ki, 2019-2020-ci tədris ilindən etibarən 42 ümumtəhsil məktəbində “STEAM Azerbaijan” layihəsinin tətbiqinə başlanılıb.
30/01/2020 16:56
Bakı Dövlət Universitetində “Abay İli”nin açılışına həsr olunmuş tədbir
Görkəmli qazax şairi, türk dünyasının mütəfəkkiri Abay Kunanbayevin anadan olmasının 175 illiyi münasibətilə Bakı Dövlət Universitetində (BDU) “Abay İli”nin açılışına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, BDU-nun rektoru Elçin Babayev, Xalq yazıçısı Anar Rzayev, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, Qazaxıstan və Qırğız respublikalarının Təhsil nazirinin müavinləri, Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Təlim və Təhsil İdarəsinin rəhbəri Burhanettin Dönməz və Ali Təhsil Şurasının sədr müavini Mehmet Şişman, həmçinin Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Özbəkistanın ölkəmizdə akkreditə olunmuş səfirliklərinin nümayəndələri iştirak edib. Tədbirdə qonaqlar “Abay Mərkəzi”ni ziyarət edib, Mərkəzdə “Abay İli”nin açılışını bildirən lent kəsilib, Beynəlxalq Türk Akademiyası tərəfindən Mərkəzə 50 kitab hədiyyə olunub. Tədbir “Abay İli”nə həsr olunmuş mədəni proqram ilə yekunlaşıb.
30/01/2020 16:30
Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib
Yanvarın 30-da Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilib. İclasda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev, Təhsil naziri Ceyhun Bayramov, Qazaxıstan Respublikasının Təhsil nazirinin müavini Kanat Sarsembayev, Qırğızıstan Respublikasının Təhsil nazirinin müavini Japarkul Taşiyev, Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Təlim və Təhsil İdarəsinin rəhbəri Burhanettin Dönməz, Türkiyə Respublikası Ali Təhsil Şurasının sədr müavini Mehmet Şişman, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Özbəkistanın ölkəmizdə akkreditə olunmuş səfir və diplomatları iştirak ediblər. Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının III iclasında 2020-ci il üzrə Elmi Şuraya sədrliyin Azərbaycan Respublikası Təhsil Nazirliyinə keçdiyini bildirən lövhə Təhsil naziri Ceyhun Bayramova təqdim edilib. İclasda təşkilatın 2020-ci il üçün əsas elmi istiqamətləri, fəaliyyət prioritetləri və keçirilməsi planlaşdırılan türk dünyasının önəmli yubiley tədbirlərinin siyahısı, o cümlədən təhsil və elm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilərək təsdiqlənib. İclas Beynəlxalq Türk Akademiyası tərəfindən “Abay-175” lövhəsinin Təhsil naziri Ceyhun Bayramova təqdim olunması ilə yekunlaşıb. Qeyd edək ki, 15 oktyabr 2019-cu il tarixində Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşü ilə təşkilata sədrlik Azərbaycan Respublikasına və müvafiq olaraq Beynəlxalq Türk Akademiyası Elmi Şurasının sədrliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinə keçib.
30/01/2020 15:21
Məktəblilər "NBA" Azərbaycan Yeniyetmələr Liqasında
Amerika Milli Basketbol Assosiasiyasının (NBA) və Azərbaycan Basketbol Federasiyasının (ABF) təşkilatçılığı ilə Azərbaycanda 12-14 yaşlı məktəbli oğlan və qızların iştirakı ilə keçiriləcək NBA Azərbaycan Yeniyetmələr Liqasının təqdimat mərasimi keçirilib. Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, NBA-nın Avropa, Afrika və Yaxın Şərq ölkələri üzrə vitse-prezidenti Xesus Bueno Paskual, ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberg, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov iştirak edib. Mərasimdə çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov dövlətimizin idmana diqqət və qayğısından danışıb. Azad Rəhimov bildirib ki, Azərbaycan idmanı gündən-günə inkişaf edir və idmanın mövcud maddi-texniki bazası basketbolun da tərəqqisinə imkan verir. Azad Rəhimov idmançılarımızın ötən il ərzində əldə etdiyi nailiyyətlərə də toxunub. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında ölkəmizdə keçiriləcək NBA Azərbaycan Yeniyetmələr Liqasının əhəmiyyətindən danışıb, bu layihənin məktəblilərin sağlam həyat tərzinə istiqamətləndirilməsində, eyni zamanda istedadlı idmançıların üzə çıxarılmasında müsbət rol oynacağını qeyd edib. Firudin Qurbanov bildirib ki, bu addım gələcəkdə Azərbaycan məktəblərinin hər birində basketbol komandalarının yaranmasına səbəb olacaq. Yeniyetmələr liqasının yaradılması sayəsində yaxın bir il ərzində regionlarda da bu idman növünün kütləviləşməsinin artacağını qeyd edən Firudin Qurbanov bu işdə əməyi keçən hər bir şəxsə öz təşəkkürünü bildirib. Çıxış edən digər qonaqlar layihə barədə öz fikirlərini bildirib, təşkilatçılara uğurlar arzu ediblər. Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb, rəsmi qonağa xatirə hədiyyəsi təqdim olunub. Qeyd edək ki, liqanın oyunları cari ilin mart-may aylarında NBA sistemi və struktur quruluşuna uyğun müəyyən edilmiş qaydalar əsasında keçiriləcək. Layihə çərçivəsində ölkə üzrə oğlan və qızlardan təşkil edilmiş 30 komanda müəyyən ediləcək.
30/01/2020 14:15
Pedaqoji mühazirə qalibləri mükafatlandırılıb
Yanvarın 30-da ötən dərs ilində keçirilən respublika pedaqoji mühazirə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu pedaqoji mühazirələrin əhəmiyyətindən danışıb. Vəfa Yaqublu bildirib ki, mühazirələrin keçirilməsində məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdir. Eyni zamanda yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq da bu sıraya daxildir. Vəfa Yaqublu keçirilən mühazirələrin pedaqoji ictimaiyyət tərəfindən maraq və rəğbətlə qarşılandığını da xüsusi vurğulayıb. Çıxışının sonunda Vəfa Yaqublu qalibləri təbrik edib, onlara uğurlar arzulayıb. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, pedaqoji mühazirələr rayon (şəhər) və respublika olmaqla 2 mərhələdə keçirilib. Rayon (şəhər) mərhələsində 3642 pedaqoji mühazirə dinlənilib, onlardan 182-si seçilərək respublika mərhələsinə təqdim olunub. Respublika mərhələsinə təqdim olunan mühazirələr Təhsil Nazirliyinin İşçi qrupu tərəfindən oxunub, 155 pedaqoji mühazirə respublika mərhələsində iştirak üçün proqrama daxil edilib. Tədbirin sonunda qaliblər təltif olunublar. Qiymətləndirmənin nəticələrinə əsasən, 107 müəllim diplom və tərifnamələrə layiq görülüb.
30/01/2020 13:09
Yeni Peşə Təhsil Mərkəzi “Şərq Motors” MMC ilə əməkdaşlığa başlayıb
Koreya peşə təhsili standartları əsasında yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Şərq Motors” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun imzalanmasında başlıca məqsəd peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir. Əməkdaşlıq çərçivəsində mərkəzdə avtomobil sahəsində təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “Şərq Motors” tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur. Xatırladaq ki, 2019-cu il sentyabrın 13-də fəaliyyətə başlayan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2019-2020-ci tədris ilində beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığına istiqamətlənən mərkəzdir. Sumqayıt Texnologiyalar Parkı, “Cisco”, “Huawei”, “Mitsubishi”, “EduMedia”, “Subaru”, “Optimal Electronics”, “Tech Academy”, “Honda”, “Helind”, “Mazda”, “Azedunet”, “Toyota Azərbaycan”, “Mars Academy”, “Turox Aero Technologies”, “Baku Roofing Company”, “Cahan Motors”, “Sigma Tecnical Services”, “Suez”, “Alstom”, “İKMA”, “Cahan Motors”, “Sumqayıt Texnologiya Data Mərkəzi” kimi qabaqcıl müəssisələr mərkəzlə əməkdaşlığa başlayıb.
30/01/2020 12:25
Qubadlı rayonu Çaytumas kənd məktəb-liseyi – fotorubrika
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Qubadlı rayonu Çaytumas kənd məktəb-liseyindəndir. Məktəb 1930-cu ildən ibtidai, 1970-ci ildən isə tam orta məktəb olaraq fəaliyyət göstərib.1993-cü ildən 2004-cü ilə qədər fəaliyyətini Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin nəzdində davam etdirib. 2004-cü ildə yeni inşa olunan tədris binasına köçürülən məktəb Təhsil Nazirliyinin müvafiq əmri ilə həmin ildən texniki fənlər təmayüllü məktəb-lisey adı ilə fəaliyyətini davam etdirir. Məktəb-liseydə tədris resursları ilə zəngin fənn kabinetləri, geniş stadion, idman, akt zalları, kompüter kabineti var. Hazırda məktəb-liseydə 581 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 40-a yaxın müəllim məşğul olur. Ali məktəblərə qəbul göstəricilərinə əsasən, təhsil müəssisəsi respublikanın ən yaxşı məktəbləri sırasına daxil edilib. 2018-2019-cu tədris ilində məktəb-liseyi bitirən 34 məzunun hər biri tələbə adını qazanıb. Təhsil ocağının şagirdləri hər il respublika səviyyəli layihələrdə yaxından iştirak edərək uğur əldə edirlər. Təhsil müəssisəsinin müxtəlif illərdə respublikanın ictimai-siyasi həyatında, eləcə də elm sahəsində, əmək cəbhəsində çalışaraq yüksək səviyyəli orden və medallarla təltif olunan məzunları var. Qeyd edək ki, "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.
30/01/2020 09:17
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı