SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İyulun 7-də Bakının 23 saylı məktəbində Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə həyata keçirdiyi “İngilis dilinin intensiv tədrisi layihəsi" üzrə təlim-seminarın açılışı keçirilib. Açılışda “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov iştirak edib.
İyulun 7-də Bakının 23 saylı məktəbində Təhsil Nazirliyi ilə “British Council” təşkilatının birgə həyata keçirdiyi “İngilis dilinin intensiv tədrisi üzrə layihənin tətbiqi”nə dair təlim-seminarın açılışı keçirilib. Açılışda “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Nikol lə Os de Lalüvye, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov iştirak edib. Layihənin əsas məqsədi müəyyənləşdirilmiş pilot məktəblərində ingilis dilinin intensiv tədrisinə başlanması, layihəyə cəlb olunmuş müəllimlərin bacarıqlarının artırılması, tədris sahəsində müasir metodika və metodologiyalara yiyələnməsi, şagirdlərə ingilis dili üzrə zəruri kompetensiyaların aşılanmasıdır. Onu da qeyd edək ki, ölkəmizin dünya birliyinə inteqrasiya olunması, beynəlxalq əməkdaşlığın genişlənməsi təhsil sisteminin qarşısında da mühüm vəzifələr qoyur, xarici dillərin tədrisinin təkmilləşdirilməsini, dünyada uğurla tətbiq edilən metodikaların Azərbaycanda da həyata keçirilməsini aktuallaşdırır. Məhz bu zərurət nəzərə alınaraq layihə 2008-2009-cu dərs ilindən Bakı şəhərinin 7, 23, 27 saylı məktəbləri, “İntellekt” liseyi, S.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, Ankara liseyi, Beynəlxalq Təhsil Kompleksinin I və V siniflərində həyata keçiriləcək. Qeyd olunan sənədə əsasən ingilis dili intensiv tədris edilən siniflərin tədris plan və proqramlarının qısa müddətdə hazırlanması, milli dərsliklərlə yanaşı, istifadə ediləcək dərslik komplektləri barədə təkliflərin verilməsi nəzərdə tutulur. Eyni zamanda layihədə müvafiq siniflərdə dərs deyəcək müəllimlər üçün treninqlər keçirilməsi, bununla bağlı proqramların işlənilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi də öz əksini tapıb. Treninqlərə cəlb olunan müəllimlərin ilk qrupu iyulun 7-dən 11-dək, II qrup isə 14-dən 18-dək təlim keçəcək. Sonda həmin müəllimlərə sertifikatlar təqdim olunacaq.
08/07/2015 16:52
İyulun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin kompüter mərkəzində filologiya fakültəsi IV kurs tələbələri İKT-nin tətbiqi ilə dövlət imtahanı verib.
İyulun 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin kompüter mərkəzində filologiya fakültəsi IV kurs tələbələri İKT-nin tətbiqi ilə dövlət imtahanı verib. İmtahanda təhsil naziri Misir Mərdanov iştirak edib. Məlumat üçün bildirək ki, bu ali təhsil ocağında ötən semestrdən etibarən kompüter mərkəzi fəaliyyətə başlayıb. Yay sessiyasında 2 mindən artıq tələbə bir fəndən imtahanı bu üsulla verib. Cari ildə ADPU-da Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq bütün ixtisaslar üzrə dövlət imtahanları İKT- nin tətbiqi ilə aparılır. Misir Mərdanov universitetin rektoru Yusif Məmmədovla birgə otaqları gəzərək imtahanların gedişini izləyib. Nazir imtahan komissiyalarının üzvləri və tələbələrlə bu mühüm addımla bağlı söhbət aparıb. ADPU-da həyata keçirilən müvafiq işi yüksək dəyərləndirdiyini diqqətə çatdıran Misir Mərdanov tezliklə digər ali məktəblərin də bu üsulu tətbiq edəcəyinə ümidvar olduğunu bildirib. Nazir həmçinin biliyin əsas meyar olduğunu sübut etmək üçün tələbələrə hər cür şərait yaradılmasının vacibliyini qeyd edib. Sonda nazir tələbələrə bilik sınağında uğurlar arzulayıb.
08/07/2015 16:52
İyulun 1-də Təhsil Nazirliyində YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Hanaa Singerin 4 illik fəaliyyətinin başa çatması ilə əlaqədar mərasim keçirilib.
Nazir bildirib ki, YUNİSEF təşkilatı ötən müddətdə öz missiyasını uğurla yerinə yetirib, uşaq hüquqlarının qorunması, sağlamlığı və inkişafı sahəsində əhəmiyyətli layihələr reallaşdırıb. Misir Mərdanov bu uğurların əldə edilməsində xanım Hanaa Singerin və proqramlar üzrə rəhbər Gülanə Hüseynovanın xidmətlərinin danılmaz olduğunu diqqətə çatdırıb, onları Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edib. Eyni zamanda nazir mövcud əməkdaşlığın davamlılığına əminliyini də vurğulayıb. Sonra Misir Mərdanov xanım Hanaa Singerə ölkəmizdə aparılan təhsil islahatlarına göstərdiyi dəstəyə görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Tədbirdə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov “Təhsil Nazirliyi və YUNİSEF: birgə uğurlu əməkdaşlıq” mövzusunda təqdimat edib. F.Qədirov təqdimatında YUNİSEF-lə birgə həyata keçirilən layihələrin məqsədini açıqlayaraq qeyd edib ki, bu layihələr ümumilikdə 200-dən çox məktəbəqədər tərbiyə, ümumtəhsil, ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma müəssisələrini, 20000-ə yaxın uşaq və şagirdi, 5000-ə qədər valideyni, 2500-dək müəllim və tərbiyəçini, 1000-dək mütəxəssisi əhatə edib. F.Qədirov həmçinin birgə reallaşdırılan “Erkən yaş dövründə uşaqların inkişafı”, “Fəal təlim siyasəti”, “Məktəb uşağın dostudur”, “Valideyn-Müəllim Assosiasiyalarının yaradılması” və s. layihələr, eləcə də qarşıda duran perspektivlər barədə iştirakçılara geniş məlumat verib. YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Hanaa Singer ona göstərilən bu yüksək diqqətə görə təşəkkürünü bildirib, habelə Azərbaycanda çalışmaqdan, həyata keçirilən layihələrə göstərilən dəstəkdən razılığını ifadə edib. Mərasimdə millət vəkilləri, bir sıra dövlət qurumları, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri, rayon təhsil şöbələrinin müdirləri, təhsil müəssisələrinin rəhbərləri iştirak edib.
08/07/2015 16:52
Bu günlərdə Təhsil Nazirliyi və YUNİSEF–in 2008-ci il üçün birgə fəaliyyət planına əsasən “Məktəb uşağın dostudur” layihəsi çərçivəsində məktəblər üçün keyfiyyət standartlarının hazırlanması məqsədilə üç günlük seminar keçirilib.
YUNİSEF-in beynəlxalq məsləhətçisi İrina Nizovskayanın apardığı seminarda Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Problemləri İnstitutunun əməkdaşları, bir neçə məktəb və liseyin direktor müavinləri, eləcə də qabaqcıl müəllimlər iştirak ediblər.
08/07/2015 16:52
İyunun 27-də Yaponiyanın ölkəmizdəki səfirliyində “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı Proqramı çərçivəsində həyata keçiriləcək 4 layihə üzrə müqavilənin imzalanma mərasimi olub.
İyunun 27-də Yaponiyanın ölkəmizdəki səfirliyində “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı Proqramı çərçivəsində həyata keçiriləcək 4 layihə üzrə müqavilənin imzalanma mərasimi olub. Mərasimdə təhsil naziri Misir Mərdanov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki və müqavilələri imzalayacaq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Qonaqları salamlayan cənab Masamitsu Oki Yaponiya Hökumətinin öz yardımını Azərbaycandan əsirgəmədiyini qeyd edib və həyata keçiriləcək layihələrin uğurlu töhfələr verəcəyinə əmin olduğunu bildirib. Səfir qeyd olunan qrant proqram üzrə ölkəmizdə ayrı-ayrı sahələr üzrə ümumi məbləği 7 327 691 ABŞ dolları olan 106 layihənin həyata keçirildiyini diqqətə çatdırıb, eləcə də imzalanacaq müqavilə haqqında da məlumat verib. Təhsil naziri Misir Mərdanov Yaponiyanın ölkəmizdə təhsil sahəsi üzrə görülən işlərə dəstək göstərdiyini xüsusi qeyd edib, eyni zamanda “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı Proqramı çərçivəsində əhəmiyyətli tədbirlərin həyata keçirildiyini bildirib. Ölkəmizin ucqar kəndlərində Yaponiyanın maliyyə vəsaiti hesabına məktəblərin tikilməsini təqdirəlayiq hal kimi dəyərləndirən Misir Mərdanov görülən işlərə görə səfirə təşəkkür edib. Səhiyyə nazirinin müavini Elsevər Ağayev bu proqram çərçivəsində həyata keçirilən tədbirlərin ilkin tibbi yardımın səviyyəsinin yüksəlməsində böyük əhəmiyyətindən danışıb. Sonra ümumi dəyəri 351 289 ABŞ dolları olan Ağcabədinin Taxtakörpü kəndində köçkün məktəbi və Şəkinin Dərəcənnət kəndində məktəb tikintisi, habelə Zaqatalanın Faldarlı, İmişlinin Xalaflı kəndlərində isə ilkin təcili yardım məntəqəsinin tikintisi layihələri üzrə qrant müqavilələri imzalanıb. Müqavilələri Yaponiya tərəfdən cənab Masamitsu Oki, Azərbaycan tərəfindən isə icraçı qeyri-hökumət təşkilatlarının nümayəndələri imzalayıblar.
08/07/2015 16:52
İyunun 24-də “Kresent Biç” otelində “Məktəblərin maliyyə formulası: ehtiyaclara görə maliyyələşmə, ədalətlilik, şəffaflıq və cavabdehlik” mövzusunda seminar öz işinə başlayıb.
İyunun 24-də “Kresent Biç” otelində “Məktəblərin maliyyə formulası: ehtiyaclara görə maliyyələşmə, ədalətlilik, şəffaflıq və cavabdehlik” mövzusunda seminar öz işinə başlayıb. Təhsil Nazirliyi, YUNESKO və bu qurumun Təhsilin Planlaşdırılması üzrə Beynəlxalq İnstitutu, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminar üç gün davam edəcək. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin rəhbəri Elmina Kazımzadə tədbiri açdıqdan sonra sözü təhsil naziri Misir Mərdanova verib. Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə daim xüsusi diqqət və qayğı göstərdiyini deyən nazir son dövrlər bu sahədə keçirilən tədbirlərdən söz açıb. Misir Mərdanov şagirdbaşına maliyyələşmənin də təhsilin keyfiyyətinin yüksəlməsinə təsir edən ən əsas amillərdən biri olduğunu vurğulayıb, bununla bağlı 3 pilot rayonunda aparılan işləri diqqətə çatdırıb. Nazir iştirakçılara mövzu ilə bağlı beynəlxalq təcrübəni dərindən öyrənməyi tövsiyə edib və əmin olduğunu bildirib ki, seminarın keçirilməsi ölkəmizdə müvafiq istiqamətdə işlək mexanizmin yaradılmasında böyük rol oynayacaq. Sonra “Maliyyə formulası nədir?” mövzusunda mühazirələr dinlənilib və müzakirələr aparılıb. Tədbirdə YUNESKO-nun təmsilçisi Muriel Puasso “Maliyyə formulasına dair ümumi təqdimat: beynəlxalq təcrübə”, Litva Təhsil və Elm Nazirliyi Ümumtəhsil departamentinin direktoru Arunas Plikşnys “Litvada təhsilin maliyyələşmə islahatları” və digər şəxslər çıxış ediblər. Mərasimdə Maliyyə Nazirliyi, qeyri-hökumət təşkilatları, şagirdbaşına maliyyələşmə üzrə 3 pilot rayonun nümayəndələri, təhsil və maliyyə üzrə ekspertlər iştirak edib. Seminar öz işini davam etdirir.
08/07/2015 16:52
İyunun 23-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nın icrasına həsr olunmuş müşavirə keçirilib.
İyunun 23-də Təhsil Nazirliyində “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nın icrasına həsr olunmuş müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qeyd olunan Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlərin reallaşdırılmasından, bu sahənin əhəmiyyətindən danışıb. Misir Mərdanov bildirib ki, son illərdə məktəbəqədər təhsilin inkişafında müsbət addımlar atılıb, beynəlxalq təşkilatlarla birgə yeni təhsil texnologiyalarının tətbiqi, təlim və inkişaf mühitinin yaradılması istiqamətində müəyyən uğurlar əldə edilib. Nazir məktəbəqədər təhsilə olan dövlət qayğısını xüsusi vurğulayıb, müvafiq proqramın icrası ilə bağlı görülən işləri, mövcud binaların əsaslı təmiri, yeni məktəbəqədər təhsil müəssisəsi binalarının inşası, zəruri avadanlıqlarla təchizatı üzrə nəzərdə tutulan tədbirləri iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda Misir Mərdanov hazırda 21 uşaq bağçasında əsaslı təmir işlərinin aparıldığını bildirib. Müşavirədə nazir məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramının həyata keçirilməsi üçün sektorlararası fəaliyyət planının hazırlanması, bu planda müvafiq strukturların rolunun müəyyənləşdirilməsi, əlaqələndirici Şuranın təsis edilməsi və s. tədbirlərin təxirəsalınmadan həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Misir Mərdanov cari ilin aprelində Londonda “Erkən yaş dövründə uşaqların inkişafı” mövzusunda keçirilən təlim kursunda Təhsil Nazirliyi əməkdaşlarının da iştirak etdiyini qeyd edib. Təhsil Nazirliyi Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov təqdimatında keçirilən təlim kursu barədə məlumat verib, müzakirə olunan problemlər, əsas tendensiyalardan söz açıb. F.Qədirov həmçinin erkən yaş dövründə uşaqların inkişafı ilə bağlı London təcrübəsi haqqında danışaraq yerli orqanların, valideynlərin və icmanın bu sahədə rolunu, beynəlxalq təcrübədən yararlanaraq gələcək perspektivlərin müəyyənləşdirilməsinin əhəmiyyətini qeyd edib. Sonra Şəhərlər üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə şöbəsinin böyük məsləhətçisi Nərminə Alnağıyeva “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)”nın həyata keçirilməsi üzrə 2008-ci ilə dair tədbirlər planında nəzərdə tutulan məsələlərdən söz açıb. N.Alnağıyeva bu sahə üzrə mövcud normativlərin, məktəbəqədər təhsil proqramlarına uyğun təlim vəsaitlərinin hazırlanması, 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb edilməsi istiqamətində görülən işlər, valideynlərin maarifləndirilməsi məqsədilə treninqlər, seminarların keçirilməsi və s. barədə ətraflı məruzə edib. Müşavirədə iştirak edən YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Hanaa Singer hər iki təqdimat üzrə verilən məlumatlardan razılığını ifadə edib, eyni zamanda müzakirə olunan məsələlərlə bağlı fikirlərini açıqlayıb.
08/07/2015 16:52
İyunun 19-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
İyunun 19-da Təhsil Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov ABŞ Dövlət Katibinin Təhsil və Mədəniyyət məsələləri üzrə müavini xanım Qoli Amerini səmimi salamlayaraq onun ölkəmizə gəlişini, iki ölkə arasında təhsil sahəsində rəsmi sənədə imza atılmasını yüksək dəyərləndirib. Azərbaycan-ABŞ əlaqələrinin son illər daha da inkişaf etdiyini qeyd edən nazir ölkəmiz müstəqillik qazandıqdan sonra azərbaycanlı gənclərin müvafiq ölkənin tanınmış universitetlərində təhsil almasına böyük önəm verdiyini alqışlayıb. Misir Mərdanov imzalanacaq sazişi ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın tərkib hissəsi olduğunu açıqlayıb. Nazir həmçinin müvafiq sənəd imzalandıqdan sonra azərbaycanlı gənclərin ABŞ-ın nüfuzlu universitetlərində təhsil alması üçün daha əlverişli şərait yaradılacağını, bu sahədə yüksək addımlar atılacağını inamla vurğulayıb, eyni zamanda qısa müddət ərzində bu sənədi hazırlayanlara təşəkkürünü bildirib. Xanım Qoli Ameri Azərbaycana gəlişindən məmnunluq duyduğunu ifadə edib. Təhsil sahəsində sənədin imzalanmasına xüsusi önəm verdiyini qeyd edən xanım Ameri ABŞ-la Azərbaycan arasında mövcud olan təhsil əlaqələrindən, Fulbrayt mübadilə proqramı çərçivəsində görülən işlərdən və müvafiq proqramların uğurlu nəticələrindən söz açıb. Qonaq bu sazişin ölkələr arasında təhsil sahəsində əlaqələrin, mübadilə proqramlarının genişləndirilməsinə təkan verəcəyinə ümid bəslədiyini qeyd edib. Sonra Azərbaycan Respublikası Hökuməti adından təhsil naziri Misir Mərdanov, Amerika Birləşmiş Ştatları Hökuməti adından isə ABŞ Dövlət Katibinin Təhsil və Mədəniyyət məsələləri üzrə müavini xanım Qoli Ameri təhsil sahəsində əməkdaşlıq haqqında sazişi imzalayıblar. ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Enn Dersi və səfirliyin məsul əməkdaşları mərasimdə iştirak edib.
08/07/2015 16:52
İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində (QU) olmuşdur.
İyunun 18-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyəti Qafqaz Universitetində (QU) olmuşdur. Milli Məclis deputatlarının, tanınmış alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri görüşdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən çıxış edərək Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq münasibətlərindən danışmışlar. “Çağ” Öyrətim İşlətmələri Şirkətinin ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin, o cümlədən Qafqaz Universitetinin fəaliyyəti barədə ətraflı məlumatlar verən natiqlər müasir avadanlıq və texnologiyalar ilə təchiz edilmiş bu ali məktəbdə qazanılan nailiyyətləri diqqətə çatdırmış, onun beynəlxalq əlaqələrinin ildən-ilə genişləndiyini bildirmişlər. Sonra Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında səmərəli xidmətlərinə görə Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptana Qafqaz Universitetinin fəxri doktoru adının verildiyi bildirildi. Təhsil naziri Misir Mərdanov müstəqil dövlətimizin memarı və yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin elm və təhsilimizin inkişafına daim böyük əhəmiyyət verdiyini, ulu öndərimizin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamışdır. Azərbaycan ilə Türkiyənin təhsil əlaqələrindən bəhs edən nazir bu sahədə əməkdaşlığın genişlənməsində Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın mühüm rolu olduğunu bildirmişdir. Türkiyə Böyük Millət Məclisinin sədrinə Qafqaz Universitetinin fəxri doktoru mantiyası, diplom və hədiyyələr təqdim edilmişdir. Öz ölkəsi ilə Azərbaycanın tarixi birliyi və geniş əlaqələri olduğunu qeyd edən Köksal Toptan bu əlaqələrin inkişafında görkəmli dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətlərini vurğulamış, ulu öndərin “Biz bir millət, iki dövlətik” kəlamını xatırlatmışdır. O, ölkələrimiz arasında təhsil sahəsində genişlənən əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırmışdır. Türkiyə Böyük Millət Məclisinin sədri yüksək ada – Qafqaz Universitetinin fəxri doktoru adına layiq görüldüyü üçün məmnun olduğunu qeyd etmiş, təşəkkürünü bildirmişdir. Bu il Türkiyədə keçirilmiş VI Beynəlxalq Türkcə Olimpiadasının qalibi olan və medallara layiq görülən azərbaycanlı tələbə və şagirdlərə mükafatlar təqdim edilmiş, xatirə şəkilləri çəkdirilmişdir. Nümayəndə heyəti universitetin tədris şəraiti ilə də tanış olmuşdur. AzərTAc
08/07/2015 16:52
Çöl Ağammədli kəndində yeni məktəb binası istifadəyə veriləcəkdir
Artıq bu obyektdə layihədə nəzərdə tutulan işlərin 90 faizi yerinə yetirilmişdir. 9 sinif otağı və kompyuter kabinetindən ibarət olacaq təhsil ocağı təzə avadanlıqla təmin ediləcəkdir. Məktəbin əvvəlki binası şagirdlərin sayının xeyli artması ilə əlaqədar təhsilin müasir inkişaf tələblərinə cavab vermirdi. AzərTAc
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı