SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Oktyabrın 9-da təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karolin Braun, “British Council”un ölkə üzrə direktoru Nikol lə Os de Lalüvye ilə görüşüb.
Oktyabrın 9-da təhsil naziri Misir Mərdanov Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karolin Braun, “British Council”un ölkə üzrə direktoru Nikol lə Os de Lalüvye ilə görüşüb. Misir Mərdanov səfir Karolin Braunun Təhsil Nazirliyində ilk dəfə olduğunu qeyd edərək fəaliyyətində uğurlar arzulayıb. Nazir dünyanın bir sıra ölkəsində ingilis dilinin aparıcı dil olduğunu qeyd edərək orta məktəblərdə bu sahənin tədrisini genişləndirmək üçün bir sıra tədbirlərin həyata keçirildiyini, bununla bağlı seçilmiş 7 məktəbin sayının gələcəkdə daha da artırılmasının zəruriliyini bildirib. Misir Mərdanov gələcəkdə ölkəmizin hər hansı universitetinin fakültələrindən birinin tədrisinin tam olaraq ingilis dilində keçirilməsi, eləcə də Böyük Britaniyanın nüfuzlu universitetlərinin himayəsi altında bu tip fakültələrin açılmasının reallaşmasına ümid etdiyini bildirib. Nazir eyni zamanda xaricdən gələn tələbələr üçün yataqxana şəraitinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Azərbaycanın inkişafı üçün yüksək biliyə malik kadrlara ehtiyac var və ona görə də yaxşı mütəxəssis hazırlamaq bizim üçün əsas amildir. Qonaqlar qeyd olunan fikirləri dəstəkləyərək bildiriblər ki, ingilis dilinin tədrisinin Azərbaycanda genişləndirilməsi üçün təşkilatlarımız daim yerlərdə iş aparır və gələcəkdə bu istiqamdə bir sıra layihələr həyata keçirməyə çalışacağıq. Eyni zamanda “British Council”un ölkə üzrə direktoru Nikol lə Os de Lalüvye nazirin ingilis dilli fakültələrin açılması fikrinə münasibət bildirərək məlumat verib ki, bir sıra ölkələrdə Böyük Britaniyanın universitetləri fəaliyyət göstərir ki, bu həmin dövlətlər üçün müsbət amildir və gələcək inkişafa doğru bir addımdır. Görüşdə tələbə mübadiləsi, bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün görüləcək işlər barədə də söhbət aparılıb.
08/07/2015 16:52
Oktyabrın 6-da İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin IV konfransı keçirilib.
Oktyabrın 6-da İslam ölkələri ali təhsil və elmi tədqiqat nazirlərinin IV konfransı keçirilib. İştirakçılar ilk əvvəl ümummilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edib, sonra “Gülüstan” sarayında konfrans başlayıb. Konfransı təhsil naziri Misir Mərdanov açıb.Üç gün davam edəcək konfransda dünyanın 41 ölkəsindən 200-dən çox nümayəndənin iştirak etdiyini qeyd edən nazir tədbirin Bakıda təşkilinə görə İSESKO-nun rəhbərliyinə təşəkkürünü bildirib. Misir Mərdanov konfransda islam ölkələri arasında elm, təhsil sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsinin aparılacağı, bu sahədəki problemlərin, əməkdaşlığın yeni yollarının müzakirə olunacağını vurğulayıb. Sonra Prezidentin İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxuyub. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ötən konfransın qərarlarının icrası istiqamətində əldə olunmuş nailiyyətlərdən danışaraq bildirib ki, bu konfransların keçirilməsində məqsəd islam ölkələrində davamlı inkişafa nail olmaqdır. Konfransda çıxış edənlər tədbirin islam ölkələrində elm və texnologiyaların inkişafına təkan verəcəyini qeyd edərək bildiriblər ki, islam dünyasında biliyə əsaslanan cəmiyyətlərin inkişafına nail olmaq üçün yeni texnologiyaların tətbiqi prioritet istiqamətdir. Tədbirdə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrdə biliyə, elmi texnologiyalara və innovasiyalara kifayət qədər diqqət verildiyi, iqtisadi və sosial inkişafın məhz elmi texnologiyaların həyata keçirilməsi nəticəsində mümkünlüyü də göstərilib. Tədbirin mövzusu ilə bağlı müxtəlif ölkələrin təcrübəsindən bəhrələnməyin, fikir mübadiləsi aparılmasının vacibliyi vurğulanıb. Konfransda tədqiqatlar sahəsində elmin müxtəlif sahələri üzrə qazanılmış uğurlara görə İSESKO- nun mükafatları da verilib.
08/07/2015 16:52
Oktyabrın 2-də “Avropa” otelində İTECA Caspian və İTE Qroup PLC şirkətlərinin təşkilatçılığı ilə 2-ci Azərbaycan beynəlxaql “Təhsil və karyera” sərgisi keçirilib.
Oktyabrın 2-də “Avropa” otelində İTECA Caspian və İTE Qroup PLC şirkətlərinin təşkilatçılığı ilə 2-ci Azərbaycan beynəlxaql “Təhsil və karyera” sərgisi keçirilib. Sərgini açıq elan edən təhsil naziri Misir Mərdanov bildirib ki, sərginin tədris ilinin əvvəlində keçirilməsində məqsəd - məktəb məzunlarına, tələbələrə müxtəlif istiqamətli tədris kurslarının fəaliyyətini təqdim etməklə kömək göstərməkdir ki, onlar yerli əmək bazarının tələbatına uyğun gələcək təhsil yolunu seçə bilsinlər. Sərgi eyni zamanda sahibkarlar ilə gələcək işçi heyəti arasında görüş imkanı yaradır ki, bu da işədüzəlmə probleminin həllini xeyli asanlaşdırır. “Təhsil və karyera” sərgisi “Təhsilini seç, gələcəyini təmin et!” şüarı altında keçirilir. Sərgi dünyanın 11 ölkəsindən 40 şirkət və təşkilatı qəbul edəcək, bu da ötən ilə nisbətən 25% çoxdur. Eksponentlər arasında Azərbaycanda çoxdan fəaliyyət göstərən tanınmış təhsil müəssisələri, eləcə də fərqli tədris sistemini təklif edən və burada öz biznesini inkişaf etdirmək istəyən yeni təşkilatlar var. Sərginin ekspozisiyası orta və ali təhsil, xaricdə təcrübə və iş imkanları, dil kursları, ixtisasartırma təlimləri, işədüzəlmə, tədris ədəbiyyatı, təhsil sahəsində informasiya texnologiyaları və digər xidmətləri təqdim edəcək. Qeyd olunub ki, “Təhsil və karyera” sərgisi təhsilə və ixtisasa malik olan, lakin bunları harada tətbiq edəcəyini bilməyən tələbələr, ali təhsil müəssisələrinin məzunları və gənc mütəxəssislər üçün, habelə öz peşəkar inkişafı ilə maraqlanan hər kəs üçün məlumat mənbəyidir. Məlumat üçün onu da qeyd edək ki, üç gün davam edəcək sərgi Təhsil Nazirliyi, Sənaye və Ticarət Palatasının birgə dəstəyi ilə keçirilir.
08/07/2015 16:52
Sentyabrın 24-də Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə üçün 25 milyon ABŞ dolları dəyərində Azərbaycan Hökuməti və Dünya Bankı arasında Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti üzrə Maliyyələşdirmə Sazişinin imzalanma mərasimi keçirilib.
Sentyabrın 24-də Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə üçün 25 milyon ABŞ dolları dəyərində Azərbaycan Hökuməti və Dünya Bankı arasında Beynəlxalq İnkişaf Assosiasiyasının güzəştli krediti üzrə Maliyyələşdirmə Sazişinin imzalanma mərasimi keçirilib. Sazişi təhsil naziri Misir Mərdanov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak imzalayıb. Bu layihə çox mərhələli proqramın ikinci mərhələsidir. Başa çatmaqda olan birinci mərhələ ibtidai və orta siniflər üçün yeni kurrikulumun hazırlanması, dərslik materiallarının, şagird nailiyyətlərinin yeni qiymətləndirmə metodlarının və müəllimlərin təlimi proqramlarının tərtibi yolu ilə Azərbaycanın təhsil sistemində islahatları dəstəkləyib. Proqramın ikinci mərhələsində birinci mərhələ ərzində hazırlanmış kurrikulumun, əlaqəli proqram və sistemlərin praktik tətbiqinə yardım göstəriləcək. Məqsəd təhsil sisteminin keyfiyyət və səmərəliliyinin yüksəldilməsindən ibarətdir. Layihəyə kurrikulum islahatının həyata keçirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsinə dair məlumatların keyfiyyətin yüksəldilməsində istifadəsi, təhsili idarəetmə orqanlarının idarəetmə imkanlarının gücləndirilməsi və məktəbəqədər təhsilin inkişafı kimi komponentlər daxildir. Altıncı komponent layihənin monitorinq və qiymətləndirilməsidir ki, burada məqsəd layihə ilə bağlı fəaliyyətin həyata keçirilməsi, idarə edilməsi və əlaqələndirilməsinə yardım göstərməkdir.
08/07/2015 16:52
Sentyabrın 24-də təhsil naziri Misir Mərdanov İKT sahəsində dünyanın nüfuzlu “CISCO Systems” şirkətinin Şərqi və Mərkəzi Avropa üzrə vitse-prezidenti Kaan Terzioğlu, Mərkəzi Asiya üzrə baş meneceri Ali Kuralkan və Azərbaycan üzrə satış meneceri Kamilla Şahbazova ilə görüşüb.
Sentyabrın 24-də təhsil naziri Misir Mərdanov İKT sahəsində dünyanın nüfuzlu “CISCO Systems” şirkətinin Şərqi və Mərkəzi Avropa üzrə vitse-prezidenti Kaan Terzioğlu, Mərkəzi Asiya üzrə baş meneceri Ali Kuralkan və Azərbaycan üzrə satış meneceri Kamilla Şahbazova ilə görüşüb. Misir Mərdanov qonaqları salamlayaraq bildirib ki, Azərbaycan məktəblərinin kompüterdən lazımınca istifadə edə bilməsi bu gün təhsil sisteminin qarşısında duran başlıca məsələlərdən biridir. Bunun üçün bu sahəni lazımınca bilən müəllimlərə ehtiyacımız var. Nazir bildirib ki, müəllimlərin kompüterdən istifadə etmək bacarıqlarını yaxşılaşdırmaq üçün ötən 3 ildə 20 minə yaxın pedaqoji işçi müvafiq kurslarda iştirak edib, sertifikat alıb. Bu işin davam etdirildiyini vurğulayan Misir Mərdanov qeyd edib ki, məktəblərdə kompüterdən, eləcə də İnternetdən düzgün və səmərəli istifadə olunması üçün inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə etməyə çalışırıq. Qonaqlar Türkiyə Təhsil Nazirliyinin nəzdində CISCO şirkəti tərəfindən “Təhsil Texnoloji Mərkəzi”nin yaradıldığını, burada müəllimlərin texnoloji biliklərini yüksəltməyə çalışdıqlarını, eyni zamanda valideynlərin öz uşaqlarının təhsillərinə birbaşa İnternet vasitəsilə nəzarət etmələri üçün şərait yaradıldığını da qeyd ediblər. Türkiyədə bu sahə üzrə “CISCO akademiyaları”nın fəaliyyətindən də danışan qonaqlar Azərbaycan və Orta Asiya ölkələrində də təhsil proyektləri hazırlamaq fikrində olduqlarını bildiriblər. Misir Mərdanov informasiya texnologiyalarının inkişaf etdiyi zamanda yeni proyektlərin Azərbaycanda da tətbiqinin yaxşı fikir olduğunu və təhsilin inkişafı üçün lazımlılığını qeyd edib. Görüşdə qərara alınıb ki, qonaqlar bir neçə təhsil müəssisəsində olub, məktəblərdə kompüterdən necə istifadə olunması ilə tanış olsunlar.
08/07/2015 16:52
Sentyabrın 23-də təhsil naziri Misir Mərdanov YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin müavini Cillian Uilkoks, Radoslav Rzehak, Munir Məmmədovla görüşüb.
Sentyabrın 23-də təhsil naziri Misir Mərdanov YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin müavini Cillian Uilkoks, Radoslav Rzehak, Munir Məmmədovla görüşüb. Görüş zamanı müəssisələrin transformasiyası üzrə Baş Planın layihəsi müzakirə olunub. Cillian Uilkoks Təhsil Nazirliyinin YUNİSEF-lə birgə respublikanın dövlət uşaq müəssisələrində həyata keçirdiyi sorğuları yüksək qiymətləndirib. Bildirilib ki, məhz bu qiymətləndirmənin nəticəsində YUNİSEF-in dəvət etdiyi 2 beynəlxalq ekspert və işçi qrupu qısa müddət ərzində müəssisələrin transformasiyası üzrə Baş Planın layihəsini hazirlayiblar. Görüşdə, həmçinin qərara alınıb ki, Baş Plana əsəslanaraq hər bir müəssisə üçün fərdi transformasiya planı hazırlansın. Tərəflər eyni zamanda yekun sənədin təsdiq üçün Azərbaycan hökumətinə təqdim edilməsini də planlaşdırıblar. YUNİSEF-in nümayəndəsi “Azərbaycan Respublikası dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De- institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006- 2015- ci illər)”nın icrası istiqamətində “Uşaq müdafiəsi” və “Sosial xidmətlər”in təşkili mexanizmlərinə Təhsil Nazirliyinin cəlb etdiyi ekspertlərin bu sahədə təcrübəli olduqlarını qeyd edərək, təklif olunan sistemin Azərbaycan üçün vacib olduğunu vurğulayıb. Sonda qeyd olunan məsələlərlə bağlı ilin sonunadək YUNİSEF- lə Təhsil Nazirliyinin birgə konfrans keçirməsi qərara alınıb.
08/07/2015 16:52
Sentyabrın 22-də Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib.
Sentyabrın 22-də Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib. İlk əvvəl qurultay iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin heykəlini ziyarət edib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən qurultayda 850 nümayəndə, eləcə də Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin məsul işçiləri, yaradıcı təşkilatların, ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib. Təhsil naziri Misir Mərdanov qurultayı açaraq təhsil işçilərini təbrik edib. Sonra məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Prezidentin İcra Aparatı Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultaya təbrik məktubunu oxuyub. Misir Mərdanov çıxış edərək bildirib ki, Azərbaycan müəllimlərinin XIII qurultayı müstəqil dövlətimizin beynəlxaql aləmdə nüfuzunun getdikcə artdığı iqtisadiyyat, təhsil, mədəniyyət və idman sahələrində böyük uğurların və qələbələrin əldə olunduğu tarixi bir dövrə təsadüf edir. Azərbaycanda təhsilə göstərilən qayğıdan, qazanılan nailiyyətlərdən danışan Misir Mərdanov qeyd edib ki, ulu öndərimiz, qüdrətli siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə başlanmış təhsil islahatları bu illər ərzində geniş vüsat alıb. Dövlət büdcəsindən təhsilə ayrılan məbləğin 5 dəfədən çox, təhsil işçilərinin əmək haqqının 6, tələbələrin 10, aspirantların təqaüdünün isə 4,5 dəfə artdığını, 14 inkişaf yönümlü Dövlət Proqramının təsdiq olunduğunu bildirən nazir təhsilin ayrı-ayrı pillələrinin inkişafı barədə də geniş məlumat verib. Türkiyənin Azərbaycandakı Səfirliyinin təhsil müşaviri Səlahəddin Dikmən Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın, milli təhsil naziri Hüseyn Çelikin və digər qurumların rəhbərlərinin qurultay iştirakçılarına təbriklərini oxuyub. Qurultayda Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın prezidenti Mahmud Kərimov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva çıxış edərək bu sahənin inkişafı ilə bağlı fikir və mülahizələrini bildirib, yeni dərs ilində təhsil işçilərinə uğurlar arzulayıblar. Daha sonra bir sıra təhsil müəssisələrinin rəhbərləri, müəllimlər Azərbaycanda təhsil sisteminin uğurları, qarşıda duran vəzifələr barədə danışıb, həmçinin qeyd olunan sahənin beynəlxalq standartlara uyğun inkişaf etdiyini, ölkədə bu sahəyə göstərilən diqqət və qayğını, qurultayın təhsil işçiləri qarşısında duran vəzifələrinin yerinə yetirilməsi istiqamətində əhəmiyyətini vurğulayıblar. Misir Mərdanov xarici ölkələrin müvafiq nazirliklərindən, müxtəlif beynəlxalq təşkilatlardan qurultayın ünvanına gələn təbrik məktublarını iştirakçıların diqqətinə çatdırıb. Sonda qurultayın qətnaməsı və Azərbaycan xalqına müraciət qəbul olunub.
08/07/2015 16:52
Sentyabrın 17-də təhsil naziri Misir Mərdanov Kembric Regional Kolleci beynəlxalq ofisinin rəhbəri Amina Uakefild, Böyük Britaniya “StudyGroup” təşkilatının xüsusi layihə rəhbəri Rocer Makmahon, Orta Şərq Assosiasiyasının baş direktoru Maykl Tomas, Dubaydakı London Biznes Məktəbinin direktoru Kevin Dansiz, Azərbaycan Beynəlxalq Bankı sədrinin müşaviri Lyundsey C.Houad ilə görüşüb.
Sentyabrın 17-də təhsil naziri Misir Mərdanov Kembric Regional Kolleci beynəlxalq ofisinin rəhbəri Amina Uakefild, Böyük Britaniya “StudyGroup” təşkilatının xüsusi layihə rəhbəri Rocer Makmahon, Orta Şərq Assosiasiyasının baş direktoru Maykl Tomas, Dubaydakı London Biznes Məktəbinin direktoru Kevin Dansiz, Azərbaycan Beynəlxalq Bankı sədrinin müşaviri Lyundsey C.Houad ilə görüşüb. Görüşdə qonaqlar London Biznes Məktəbi barədə məlumat verərək qeyd ediblər ki, məktəbdə müxtəlif ölkələrdən tələbələr təhsil alır, eyni zamanda bu təhsil müəssisəsi dunyanın bir sıra olkələri ilə əməkdaşlıq edir. Məktəb biznes idarəçiliyi üzrə Avropada I, dünyada isə II yeri tutur. London Biznes Məktəbinin hazırda Dubayda da fəaliyyət göstərdiyini qeyd edən qonaqlar bu məktəbdə 72 tələbənin təhsil aldığını bildiriblər. Orta Şərq Assosiasiyası barədə məlumat verən M. Thomas bu təşkilatın 50 ildir ki, fəaliyyət göstərdiyini, 1900 üzvü olduğunu bildirib. Bundan əlavə təhsil sahəsi üzrə Böyük Britaniyanın əsas universitetlərinin assosiasiyaya üzv olduğunu qeyd edən qonaq Azərbaycanla da əməkdaşlıq etmələrinə ümid bəslədiklərini vurğulayıb. Eyni zamanda Kembric Regional Kollecinin nümayəndəsi A. Uakefild bildirib ki, kollecimizə müxtəlif ölkələrdən tələbə cəlb etməklə təhsilimizi dünyaya yaymağa, proqramlarımızı bir çox ölkələrdə həyata keçirməyə çalışırıq. Misir Mərdanov qonaqları salamlayaraq onların təşəbbüsünü bəyəndiyini, Azərbaycanın bu gün dünyanın müxtəlif ölkələri ilə təhsil sahəsində əməkdaşlıq etdiyini, gənclərimizin bir sıra ölkələrdə təhsillərini davam etdirdiklərini vurğulayıb. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici ölkələrdə azərbaycanlı tələbələrin təhsilinə böyük önəm verdiyini bildirib. Görüşdə peşə təhsili ilə bağlı da söhbət aparılıb. Nazir peşə təhsilinin inkişafına dövlət tərəfindən diqqət yetirildiyini, ölkənin inkişafında bu sahənin rolunun artdığını, peşə təhsilinin hazırda ölkəmiz üçün prioritet sahələrdən biri olduğunu qeyd edib. Misir Mərdanov peşə təhsili ilə bağlı birgə görüşlərin keçirilməsi, yeni layihələrin hazırlanmasının labüd olduğunu da bildirib. Sonda müzakirə edilən mövzularla bağlı gələcəkdə əməkdaşlıq edilməsi qərara alınıb.
08/07/2015 16:52
Sentyabrın 11-dən 16-dək Təhsil Nazirliyi və Almaniya Əməkdaşlıq Cəmiyyəti “Almaniya Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” birgə layihəsi çərçivəsində Sumqayıt şəhərində valideynlər üçün “Güclü valideynlər- güclü uşaqlar” mövzusunda təlim kursları keçirib.
Sentyabrın 11-dən 16-dək Təhsil Nazirliyi və Almaniya Əməkdaşlıq Cəmiyyəti “Almaniya Qafqaz partnyor şəhərləri arasında əməkdaşlıq” birgə layihəsi çərçivəsində Sumqayıt şəhərində valideynlər üçün “Güclü valideynlər- güclü uşaqlar” mövzusunda təlim kursları keçirib. Məqsəd istiqamətləndirici tərbiyə modeli vasitəsi ilə valideynlərdə uşaqları tərbiyə etmək bacarığını gücləndirmək, onlara dəstək vermək və ailədə uşaq hüquqlarının öyrənilməsinin əhəmiyyətini artırmaqdan ibarət olub. Təlimlər Almaniyadan dəvət olunmuş beynəlxalq ekspert Anneta Ştokker və Sumqayıt şəhər 16 saylı məktəbin psixoloqu Samirə Əhmədli tərəfindən keçirilib. Təlim kurslarında Sumqayıt Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəb, lisey və bağça müəllimləri iştirak edib.
08/07/2015 16:52
11-12 sentyabr tarixlərində “British Council” təşkilatı Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarında çalışan İngilis dili Müəllimlərinin Təkmilləşdirilməsi layihəsinin (İNSETT) V - sonuncu seminarını keçirib.
11-12 sentyabr tarixlərində “British Council” təşkilatı Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarında çalışan İngilis dili Müəllimlərinin Təkmilləşdirilməsi layihəsinin (İNSETT) V - sonuncu seminarını keçirib. Iki illik layihə başa çatdırılıb. Layihənin məqsədi AMİ və onun 11 filialında çalışan ingilis dili metodist və müəllimlərinin bilik, bacarıqlarının artırılması, dərslik, eləcə də bu dilin tədrisindəki müasir təlim üsulları və istiqamətlərini nəzərə almaqla təkmilləşdirməkdən ibarət olub. Məlumat üçün qeyd edirik ki, “British Council” və Təhsil Nazirliyi arasında 5 fevral 2007- ci ildə imzalanmış Qarşılıqlı Anlaşma Memarandumuna əsasən İngilis dili Müəllimlərinin Təkmilləşdirilməsi layihəsi (İNSETT) həmin ilin yanvar ayından etibarən AMİ və onun filiallarını əhatə edib. Seçilmiş 22 nəfər ingilis dili üzrə metodist və müəllim mərhələlərlə keçirilən 5 seminarda iştirak edib. Sonuncu seminar AMİ- də ingilis dili müəllimlərinin yeni təlim üsulları üzrə təqdimatları əsasında keçirilib, 22 nəfər ingilis dili müəlliminə sertifikatlar təqdim olunub. Təqdimat mərasimində “British Council”in Azərbaycandakı direktoru Nikol lə Os de Laluvye, Təhsil Nazirliyinin əməkdaşı və AMİ-nin nümayəndələri iştirak edib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı