SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin nəzdindəki Fizika-riyaziyyat və informatika təmayüllü və Kimya-biologiya təmayüllü liseylərə qəbul imtahanlarının nəticələri açıqlanıb.
İki mərhələli imtahanların birinci mərhələsində namizədlərin məntiqi düşüncə qabiliyyətini və intellektual potensialını müəyyən etmək üçün test imtahanı təşkil olunub. İkinci mərhələdə isə liseylərin profilinə uyğun olaraq, VII sinif şagirdləri Azərbaycan dili və riyaziyyat, VIII və IX sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən imtahan veriblər. Qəbul imtahanında VII sinif üzrə 170, VIII sinif üzrə 151, IX sinif üzrə 84 şagird olmaqla, ümumilikdə 405 şagird iştirak edib. Onlardan 152 nəfər Fizika-riyaziyyat və informatika təmayüllü liseyə, 87 nəfər isə Kimya-biologiya təmayüllü liseyə qəbul olunub. Qeyd edək ki, bu liseylərdə təhsilalanlar üçün fərqli proqram tətbiq olunacaq, istedadı ilə seçilən şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlanması məqsədilə müvafiq şərait yaradılacaqdır. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik hər iki lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz ediləcəkdir. Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunacaqlar. Qəbul imtahanlarının nəticələrini şagirdlərin imtahan verdikləri liseylərdən öyrənmək mümkündür. İmtahanlardan uğurla keçmiş şagirdlər 21-29 avqust 2014-cü il tarixlərində qeyd olunan təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər.
08/07/2015 16:52
Müəllimlik bir missiyadır
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovla müsahibə (Əvvəli "Azərbaycan müəllimi" qəzetinin 15 avqust 2014-cü il tarixli sayında dərc olunub) Əvvəli: http://www.edu.gov.az/view.php?lang=az&menu=9&id=8975 - Akademik göstəricilərlə olan vəziyyət necədir? Çoxları səviyyənin aşağı düşməsindən şikayətlənir. - Problemlərlə tanış olan və rəqəmləri bilən bir insan olmasaydım, mən də belə şübhəylə yanaşardım. Son 3 il ərzində ana dili və riyaziyyat üzrə keçirilmiş və Təhsil Nazirliyinin təsiretmə imkanı olmayan buraxılış imtahanının nəticələrini əks etdirən cədvələ baxın. Markerlə işarələnmış hissələr müvəffəq qiymət alanların sayını əks etdirir. Aydın görünür ki, keyfiyyət getdikcə artır... 2012-ci il 2013-cü il 2014-cü il 9-cu siniflər üzrə 11-ci siniflər üzrə 9-cu siniflər üzrə 11-ci siniflər üzrə 9-cu siniflər üzrə 11-ci siniflər üzrə İmtahanda iştirak edənlərin sayı 117,363 78,539 117,275 86,632 111,868 83,093 Hər iki fənn üzrə müvəffəq qiymət alanların sayı (faizi) 59,000 (50.27%) 54,114 (68.90%) 68,497 (58.41%) 62,494 (72.14%) 69,400 (62.04%) 61,579 (74.11%) Ana dili fənni üzrə müvəffəq qiymət alanların sayı (faizi) 84,217 (71.76%) 64,891 (82.62%) 79,583 (67.96%) 69,230 (80.10%) 84,007 (75.22%) 69,016 (83.33%) Riyaziyyat fənni üzrə müvəffəq qiymət alanların sayı (faizi) 68,461 (58.33%) 58,350 (74.29%) 81,970 (69.90%) 69,315 (80.01%) 78,324 (70.01%) 66,681 (81.25%) Təəssüf ki, təhsili ictimai müzakirələrin mövsuzuna çeviriblər və hər kəsin bir resepti var... - Əlbəttə ki, hamının siyasətdən, futboldan və uşaqların tərbiyəsindən başı çıxır. - Lakin bir çox hallarda faktlara əsaslanmayanların səsi daha çox eşidilir. Mən isə fakt və rəqəmlər əsasında danışmağa üstünlük verirəm. Bəli, bizim problemlərimiz yetərincədir, biz onları cəmiyyətdən gizlətməyə deyil, həll etməyə çalışırıq. Sözün həqiqi mənasında bu problemləri qabardırıq. Bu islahatların əsas şərtlərindəndir. Çünki məsələni düzgün müəyyənləşdirməsək, onu həll edə bilmərik. Biz tez-tez təhsilin bizdə pis olması və heç yerdə belə vəziyyət olmaması kimi ittihamlarla qarşılaşırıq. Şagirdləri orta məktəbi bitirə bilməyən ölkələrin siyahısına baxın: İƏİT - İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının saytından götürülmüş bu məlumatlara biz təsir edə bilmirik. Tez-tez problemlərdən danışmağı sevənlər iki fənn üzrə əla qiymət alanların sayının qeyri-kafi qiymət alanlardan çox olmasını qeyd etmirlər. Bu obyektiv statistikadır. Yaxşı xəbər o qədər maraqlı olmadığından, bu barədə heç kim yazmağa tələsmir. Baxın, artıq qəbul imtahanları bitib. Əvvəl ötən illərdə tələbə ola bilməyən abituriyentlər üçün qəbul imtahanları keçirildi. Və dərhal KİV-də əvvəlki illərin məzunlarının pis nəticə göstərmələri barədə "xəbər" verildi. Mən sual verirəm: onlar məgər yüksək nəticə göstərməli idilər? Əgər yüksək nəticə göstərə bilsəydilər, onlar çoxdan tələbə adını qazanmış olardılar.. Məncə, onların ikinci və ya üçüncü dəfədən olsa belə, qəbul ola bilməsinə təəccüblənmək lazım idi. Axı illər ötdükcə məktəb proqramı üzrə baza biliyimiz zəifləyir. Demək istəyirəm ki, cəmiyyətdən kənarda problemləri həll etmək mümkün deyil. Deyə bilmərik ki: " Bizə vaxt verin, 5 ildən sonra biz sizə yaxşı nəticə göstərəcəyik". - Tənqid sizə kömək edir? - Problemin həllinə yönəlmiş sağlam tənqid, sözsüz ki, kömək edir. Faktlara, təhlillərə əsaslanan tənqid dəyərli bir işdir. Qərəzli tənqid isə başqa bir məsələdir. Amma bunu da anlamaq olar. Gizlətmədiyimiz və həll etməyə çalışdığımız problemlərlə yanaşı, demək istəyirəm ki, təhsilalanlarımız beynəlxalq müsabiqələrdə qalib gəlirlər, Yel, Berkli və Oksford kimi ali təhsil ocaqlarına qəbul olunurlar. - Proqram məsələsinə gəldikdə isə mənə görə, birinci sinfə gələn uşağa eyni zamanda 3 dil, məsələn, Azərbaycan, rus və ingilis dillərini öyrətmək çox çətin məsələdir. O vaxt biz oxuyanda Azərbaycan dilini (təhsil rus dilində olan məktəblərdə) ikinci sinifdən, ingilis dilini isə dördüncü sinifdən keçməyə başlayırdıq. Amma indi hamısı eyni zamanda olur. Bu nə qədər məqsədəuyğundur? - Çox yaxşı sualdır. Burada söhbət təhsilin standartlarından gedir. Biz dilemma qarşısındayıq: bir tərəfdən, biz hər şeyi bilən, bilməli olan fövqəlinsan yetişdirmək istəyirik. Lakin, burada təhsil sisteminin vəziyyəti və sosial-iqtisadi şərait qətiyyən nəzərə alınmır. Standart minimum, yoxsa maksimum biliyi ifadə edir? Mən sizinlə getdikcə təcrübədə özünü təsdiq edən intuitiv nəticəmi bölüşəcəyəm. Və hələ heç kim bunu təkzib edə bilməyib. Son 20 ildə standartın minimal deyil, ideal bilik səviyyəsi sayılması böyük səhv olmuşdur. Sözsüz ki, iki və ya beş dil öyrətmək mümkün olan uşaqlar var, lakin digərləri üçün bu elə də asan deyildir. Biz də bu barədə düşünmüşük. Bilirsiz, nədən başladıq? O suala cavab axtarmağa başladıq ki, nəyə görə bəzi məktəblərə uşaqlar həvəslə, digər məktəblərə isə güclə gedirlər? İş orasındadır ki, harada bilik maraqlı və anlaşıqlı öyrədilir, orada uşaqlar həvəsli olurlar. Digər halda isə uşaq nəsə başa düşməyən kimi özünə qapanır... Təlim materillarının qavranılmasının əlçatan olması və müəllimin peşəkar hazırlığının artırılması ilə yanaşı, tətbiq etdiyimiz yerdən asılı olaraq biz məktəb proqramını da nəzərdən keçirməliyik. Mənə görə, kənd məktəbləri üçün fənlərin seçimi şəhər məktəbləri üçün fənlərin seçimindən fərqlənməlidir. Çünki məktəb bizə müstəqil yaşamaq üçün bacarıqlar aşılayır. Və insanın seçdiyi sahədən asılı olaraq bu bacarıqlar fərqlənməlidir. Əgər insan zehni əməklə məşğul olmaq istəyirsə, onun üçün bir, kənd təsərrüfatı ilə məşğul olmaq istəyirsə, başqa bacarığı olmalıdır. Məzmundan asılı olmadan orta bilik səviyyəli insan yetişdirməyə çalışmaq düzgün deyil. Proqrama gəldikdə isə, o cümlədən 3 xarici dil ilə bağlı burada dəyişikliklərin aparılacağı mexanizminə baxmaq lazımdır. Birdən-birə proqramdan bir fənni kənarlaşdırmaq da asan məsələ deyil. Nəzərə almaq lazımdır ki, kimsə üç dil öyrənmək istəyir... Mənə görə, bir insanın bir dili əla bilməsi, üç dili yarımçıq bilməsindən yaxşıdır. Kurikulum misalında biz görürük ki, yeni metodikanın və yanaşmaların tətbiqi heç də problemsiz ötüşmür. - Gəlin keçmiş və müasir sistemləri müqayisə edək... Mənə görə, müasir sistem, hətta hamının öyrəşdiyi testlər belə yenilikdir. - İstəməzdim indi deyəcəyim yalnız Azərbaycan reallığı üçün qəbul edilsin, amma test üsulu ilə biliklərin yoxlanılması birtərəfli təsir göstərmir. Keçən il biz xaricdə təhsil üzrə Dövlət Proqramı, bu il isə SABAH qrupları üçün seçdiyimiz tələbələr test üsulu ilə imtahanlarda yüksək bal toplayaraq "Beynəlxalq münasibətlər", "Hüquq" kimi ixtisaslara qəbul olublar. Amma nə olsun?! Onların bir çoxu Kissinceri fransız, Lenini isə Rusiyanın prezidenti kimi tanıyır və belə hesab edirlər ki, vəkil müttəhimin maraqlarını müdafiə etmək naminə yalan danışmalıdır... Belə nümunələri çox gətirə bilərəm... Ümumi dünyagörüşü ilə bağlı problemlər var. Bu, o deməkdir ki, qiymətləndirmə vasitəsi kimi test üsulundan əl çəkməliyik? Xeyr. Çünki bu üsul bizə bərabər şərtlərdə bilikləri ölçməyə imkan verir. Bəs bu vasitə yeganə ölçmə üsulu olmalıdır? Mənə görə, belə olmalı deyil. Test üsulu, sadəcə, ən yüksək nisbi çəkiyə malik qiymətləndirmə vasitələrindən biri olmalıdır. Beynəlxalq təcrübə bu barədə nə deyir?! Dünyada heç bir ən yaxşı ali təhsil müəssisəsi fikir formalaşdırma və esse yaza bilmək qabiliyyətinizi yoxlamadan, müsahibə aparmadan, təkcə IELTS və GMAT kimi standart imtahanlar əsasında sizi istədiyiniz ixtisasa qəbul etməyəcək. Bəs, bu, o demək deyil ki, qəbul imtahanlarında mərkəzləşmiş sistemin ləğvini təklif edirəm? Xeyr, hesab edirəm ki, mənfi hallarla mübarizədə bu sistem böyük rol oynamışdır. Hesab edirəmmi ki, bu sistemə yuxarıda qeyd etdiklərim də əlavə olunmalıdır?! Sözsüz. Ali təhsil müəssisələrinin tələbələrini seçmək imkanı olmasa, onların beynəlxalq standartlara cavab verəcəklərindən danışa bilmərik. Bəs ali təhsil müəssisələri bu sistemə hazırdırlarmı? Baxmayaraq ki, bəziləri buna hamıdan çox hazırdır, amma ümumilikdə, xeyr! Mən bunu ona görə deyirəm ki, təhsil sistemində verilən istənilən qərara dəyişən sosial-iqtisadi şərtlərə uyğun şəkildə mütəmadi olaraq yenidən baxılmalıdır. Hər uşağın şəxsi bacarıqlarını nəzərə almaq və ömür boyu bilik əldə etmək vərdişləri formalaşdırmaq müasir təhsilə yanaşmanın əsas prinsipləridir. - Təhsil sistemində ənənəvi metodika və prinsiplərdən yeni sistemə keçid prosesi mümkün oldumu? Mən yeni kurikulumu, onunla əlaqədar başqa tədbirləri nəzərdə tuturam. - Bizim istədiyimiz səviyyədə olmadı. Səbəblər çoxdur: müəllimlər lazımi səviyyədə hazırlanmadı, yeni müəllimlərin hazırlığında və dərsliklərin məzmununda müvafiq dəyişikliklər edilmədi və s. Bəs, buna görə prinsiplər günahkar sayılmalıdır?! Əsla belə deyil. Prinsiplərdə heç bir problem yoxdur. Müasir təhsil sistemi artıq "informasiyanı öyrəndin, soruşdular, qiymətləndirdilər" üsulundan çoxdan uzaqlaşmışdır. İnformasiya əldə etmək üçün "Google", "Wikipedia" var. Bu o deməkdir ki, uşaqlarda "yadda saxlamaq" bacarığı inkişaf etdirilməsin? Sözsüz, bu belə deyil. - Proqramın dəyişilməsi üçün tədbirlər görülürmü? - Bəli, biz artıq bu istiqamətdə çalışırıq. - Yeni proqrama təkamül yolu ilə keçid uzun çəkəcək? - Qarşıdan gələn dərs ilində biz artıq müəyyən məsələlərlə bağlı fikirimizi bildirəcəyik. Növbəti ildən isə yeniliklərin tətbiqinə başlayacağıq. - Və dərsliklərlə bağlı... dərsliklərin yenilənmə prosesi nə qədər vaxt aparacaq? - İcazə verin, dərsliklərin hazırlanma texnologiyasından danışım. Keçən ilin aprelində nazir vəzifəsini icra etməyə başlayanda aydınlaşdırdım ki, 15 sentyabrda 6-cı sinfə gedəcək şagirdlər üçün heç bir dərslik yoxdur. Onlar nəinki çap olunmayıb, heç yazılmayıb da. Kitablar yoxdur!!! - Sözünüzü kəsdiyim üçün bağışlayın... Bəs onlardan əvvəlki 6-cı siniflər nəyin əsasında dərs keçdilər? - Əgər yadınızdadırsa, 7 il əvvəl yeni kurikuluma keçid başladı. Onu 1-ci sinifdən tətbiq etməyə başladılar. Bu zaman yuxarı siniflərə hələ də köhnə sistemlə təlim keçilirdi. Kurikulum - təhsilə yeni yanaşma, yeni forma, məsələlərin yenidən qoyulması, təhsilin yeni məzmunudur. Köhnə dərsliklərlə şagirdlərə yeni məzmunu öyrətmək mümkün deyil! - Deməli, 6 il ərzində mərhələ-mərhələ dərsliklərin yenilənməsi baş verib? - Bəli, Təhsil Nazirliyi hər il yalnız bir sinif üçün dərslik hazırlayırdı. Birinci il 1-ci, ikinci il 2-ci sinif üçün və s. Yeni kitablar kurikulum əsaslı idilər. Dərslik - məzmun və metodikanın vəhdətidir. Yeni məzmunda və metodikada kitab hazırlamaq üçün onları bilmək lazımdır. Yeni sistem tətbiq edəndə sənin lazımi sayda yeni məzmunlu dərsliyi yazmağı bacaran mütəxəssisin olmayacaq. Ən böyük səhv odur ki, 7 il bundan qabaq birdən-birə yeni kurikulumu tətbiq etdilər. Adətən, ilk olaraq kurikulumu pilot kimi xüsusi hazırlanmış müəllimlərin olduğu məhdud sayda məktəblərdə tətbiq edirlər. Bu bir il ərzində müəllimlərin fikirləri nəzərə alınır. Nəticələr təhlil olunduqdan, proqramda düzəlişlər edildikdən sonra yeni kurikulum bütün ölkə ərazisində tətbiq olunur. Eyni vaxtda 1-ci, 5-ci və 8-ci sinifdə. Bu yolla yeni kurikuluma keçid 4 ilə baş verir. Bizdə isə bu proses uzadılıb. Pilot dövrünün olmaması isə çox ciddi səhvdir. İkinci səhv odur ki, yeni dərslikləri yazmaq əvvəlki, yeni məzmun və metodikanı bilməyən müəlliflərə tapşırıldı: "Bu da yeni standartlar, gedin yeni dərslik yazın". Onlar bacardıqları kimi də yazıblar. Və bu uzun müddət belə davam edib. Hər il yayda qanunvericiliyə uyğun olaraq tender keçirilib. Tenderin nə qədər obyektiv keçirilməsi başqa mövzunun söhbətidir. Tenderdə hər arzu edən iştirak edə bilirdi. Təsəvvür edin, bizdə hər birinə dərslik lazım olan 27 fənn var. Beləliklə, bir fənn üçün bir neçə, digər fənn üçün 1-2 dərslik təklif olunurdu, bəzi fənlər üçün isə heç bir dərslik təklif olunmurdu. Daha doğrusu, proqramda həmin fənn var, sadəcə, heç kim dərslik yazmaq istəmir. Aydın məsələdir ki, tenderdə kitablar arasında yüksək bal toplayan dərslik nəşr olunurdu. Sual olunur, bir fənn üzrə keyfiyyəti bizi qane etməyən iki və ya daha artıq dərslik təklif olunanda nə etməliyik?! - Yəqin ki, aşağı keyfiyyətlilər arasından nisbətən yaxşısı seçilirdi... - İkinci sual: bəlkə, fənn üzrə heç bir dərslik təklifi yoxdur? Belə olan halda tenderdə başqa dərslik üzrə qalib gələn şəxsə: "Uşaqlar məktəbə gedəcək, amma fransız dili üzrə kitabları yoxdur. Gəl, o kitabı yaz" deyilirdi. Prosesi təsəvvür edin: yayda tender keçirilir, ekspertlər ən yaxşını seçir və nəhayət, dərslik çap olunaraq sentyabrda məktəbə gəlir. Deməli, müəllim və şagird kitabı ancaq yeni dərs ilinin birinci günü görə bilir! Bu il hansı inqilabi dəyişikliklər edə bildik? Biz 7-ci, 8-ci siniflər üçün dərslikləri bir ildə hazırlamışıq. 8-ci siniflər üçün dərslikləri pilot kimi az tirajla nəşr etdirdik. Bunları müəllimlərə paylayaraq, onların bu kitablar barədə fikirlərini öyrənəcəyik. Biz bu kitabları saytda yerləşdirərək, valideynlərə göstərəcəyik: "Sizin qeyd və şərhləriniz üçün bir iliniz var". Bundan sonra müvafiq dəyişikliklər edərək, monitorinq üçün TQDK-ya göndərəcəyik. - Dərsliklərin müəllifləri kimlərdir? - Hal-hazırki qanunvericiliyə əsasən müəllifləri mən təyin etmirəm. Heç kimi dərslik yazmağa da məcbur edə bilmirəm. SSRİ-nin Təhsil Nazirliyindən fərqli olaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi özü kitab hazırlamır. Mən hətta Təhsil Nazirliyində işləyənləri DQMK (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya) vasitəsilə işə qəbul edirəm. Çünki Təhsil Nazirliyində fizika, kimya, rəsmxət üzrə mütəxəssislər deyil, dövlət qulluqçuları - məmurlar çalışır. Bu, tamam başqa peşədir. Bizdə dərslik hazırlanması könüllüdür. Bəli, mən ali təhsil müəssisələrini bu işə cəlb etməyə çalışıram, rektorları tənqid edirəm ki, "Sizdə yaxşı baza varsa, niyə ali təhsil müəssisəsi dərslik hazırlamaqda bizə yardım etmir?". Amma fakt budur ki, biz heç kimi dərslik yazmağa məcbur edə bilmərik. Düzgün seçimin aparılmasını təmin etmək, təklif olunmuşların arasından ən yaxşısının seçilməsinə nail olmaq bu il edə bildiyimiz işdir. Ekspert qrupu öz seçimini etdikdən sonra biz üç qrupda: TQDK-ya, ali təhsil müəssisələrinin nümayəndələrinə və ən yaxşı məktəb müəllimlərinə yolladıq. Müxtəlif mütəxəssislərdən müstəqil şəkildə qiymətləri aldıqdan sonra mənzərə aydın oldu: bütün qruplardan yüksək bal almış dərsliklər şübhə yaratmır, müxtəliflik olduğu halda xüsusi işçi qrupu ekspertlərin nə qədər düzgün qiymətləndirmə apardıqlarını aydınlaşdırdı. Bu yolla dərsliklərin seçimi çox diqqətlə aparılmışdır. Heç bir halda demək olmaz ki, Təhsil Nazirliyi dərsliklərin üzərində işləmir. Təklif olunanlar arasından ən yaxşı dərsliyi seçdikdən sonra biz yenə öz metodiki məsləhətlərimizi veririk, dərsliyin daha da təkmilləşməsi üçün qısa müddətdə əlimizdən gələni edirik. Hər halda, sentyabrın 15-nə çatdırmaq lazımdır... Dediyim kimi, pilot kimi 8-ci siniflər üçün dərslikləri artıq hazırlamışıq. - Bu sistemi dəyişdirməyi planlaşdırmısınız? - Bəli, dərsliklərin hazırlanması ilə bağlı dəyişikliklər edilməsi üçün hökumətə müraciət etmişik. Gənc ölkə üçün yeni dərslik hazırlamaq heç də hər zaman asan məsələ deyil. Əlbəttə, mən tez bir zamanda dəyişikliyi görmək istərdim, amma bu mümkün deyil. Bu illər ərzində müsbət təcrübə toplanıb, hansısa mərkəzlər yaradılıb, müəlliflər yetişib. Bir dərsliyi dördüncü dəfə yazan müəllif həmin dərsliyi birinci dəfədən fərqli olaraq daha yaxşı yazır... Biz bütün bunları dağıtmaq istəmirik. Əldə olanların ən yaxşılarını saxlamaq və gücləndirmək lazımdır. - Necə gücləndirmək? - Biz "ehtiyat dərsliyin" hazırlanması üçün xüsusi mərkəz yaradırıq. "Ehtiyat dərslik" nə deməkdir? Bu dərslik dövlətin sifarişi ilə mütəxəssislər qrupu tərəfindən və əgər tenderdə müvafiq fənn üzrə heç bir dərslik kriteriyalara cavab verməsə, tətbiq olunacaq. Bu mexanizmdən bir sıra ölkələrdə istifadə olunur. - Yəni, bundan yaxşısını edə bilirsinizsə, buyurun. - Bəli. Eyni zamanda, istənilən halda, minimal standart da tərəfimizdən təmin olunacaqdır. - Müəlliflərlə niyə bu qədər problem var? İnana bilmirəm ki, bizdə fənlər üzrə savadlı peşəkar müəlliflər yoxdur. - Çünki müəlliflər üçün həvəsləndirmə sistemi yaradılmamışdı. Müəllif üçün kitab yazmaq maraqlı deyildi. Ağır işin müqabilində, demək olar ki, qəpik-quruş alırdılar. Mən hələ reputasiya məsələsini demirəm: az miqdarda pulun müqabilində tənqid olunma riski. Ona görə də biz bu sistemi dəyişdik. İndi müəllif dərsliyin istifadə olunduğu dövr ərzində rəğbətləndiriləcək, dərslik hər dəfə çap olunduqda qonorar alacaq. Əvvəllər dərsliklər, bilirsiniz, necə qiymətləndirilirdi? Məzmununa görə deyil, bütövlükdə. Tenderdə nəşriyyatlar iştirak edirdi. Hər dərslik komplektinin konkret qiyməti var idi. Mən ayrıca olaraq məzmunu, bədii tərtibatı və çapın keyfiyyətini seçə bilməzdim. Hamısını bir yerdə qəbul etməli idim. Fil, üstündə bülbül. Biz indi müstəqil olaraq, məzmuna görə seçim aparır, daha sonra kimin və necə çap edəcəyini seçirik. Mənə bir müəlliflər qrupu göstərin ki, 15 aya, lap qoy olsun 3 ilə, on bir sinif üçün 15-20 fənn üzrə bütün dərslikləri yeniləyə bilsin. - Ümumilikdə nə qədər dərsliyə ehtiyac vardır? - Azərbaycan və rus bölməsini nəzərə almaqla, 200 dərslik. Əlbəttə, yeni dərsliklərdə də problem ola bilər. Amma mümkün səhvləri dərsliyin sınaq dövründə aşkar eləmək şansı, dərs ilinin başlamasına iki həftə qalmış aşkar eləmək şansından daha çoxdur. Bu günə qədər bu belə idi. Bir sözlə, iş çətin də olsa, davam edir. Bütün çətinliklərə baxmayaraq, yaxın zamanlarda müsbət nəticəni görəcəyimizə inanıram. Biz insanlara deyə bilmərik ki, gələn aydan ölkədə bütün dərsliklər yenidən hazırlanacaq. Müxtəlif yanaşmalar vardır. Bir yanaşma dərsliklərin Oksford və Kembricdə hazırlanmış dərsliklərə uyğunlaşdırılmasıdır. Bu istiqamətin müsbət, eyni zamanda mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, bu kitablar ən yaxşı müəlliflər tərəfindən sınanılmış metodika əsasında hazırlanıb. Amma bizdə milli dəyərlərimizə söykənən və şəxsiyyətin formalaşmasına təsir edən fənlərimiz var ki, bu da məsələnin mənfi tərəfini səciyyələndirir. Biz azərbaycanlı uşaqlara Oksford dərslikləri əsasında tarixi, ədəbiyyatı və hətta coğrafiyanı tədris edə bilmərik. - Azərbaycanda inklüziv təhsilin perspektivləri necədir? - Bu, çox vacib məsələdir. İnklüziv təhsil Təhsil Nazirliyinin fəaliyyətində prioritet məsələlərdən biridir. İnklüziv təhsillə bağlı bir neçə məsələ mövcuddur: müəllimlərin hazırlığı, maddi-texniki bazanın yaradılması və təkmilləşdirilməsi. Bizim strategiyamıza əsasən mərhələ-mərhələ bu məsələlərin həllinə çalışacağıq. İlk olaraq, pilot məktəblər seçiləcək. Belə şagirdləri sosial həyata inteqrasiya etmək məqsədilə lazımi maddi-texniki baza ilə təmin olunmuş pilot siniflərdən başlayacağıq. Pilot siniflərdən danışarkən əsas məqsədi uşaqların sağlamlığının müdafiəsinə yönəlmiş "Sağlam təhsil" layihəsinin adını çəkməyə bilmərəm. Çünki bir neçə müasir tendensiyalar bizi narahat edir: yüklənmiş dərs proqramları, məktəbli çantasının ağırlığı, uşaqların uzun müddət parta arxasında hərəkətsiz əyləşməsi və s. Sentyabrın 15-dən başlayaraq Bakı şəhərinin 6 məktəbində ibtidai siniflərin şagirdləri "Sağlam təhsil" layihəsi üzrə təhsil alacaqlar. - Söhbət Vladimir Bazarnıyın metodikasından gedir? - O, məsləhətçilərdən biridir. Biz bu layihədə təkcə Vladimir Bazarnıyın deyil, ABŞ, Kanada və Avropa ölkələrinin təcrübəsindən də istifadə edirik. Uşaqların sağlam təhsil alması layihənin əsas məqsədidir. Sağlamlığın müdafiəsi və təhsilin keyfiyyəti birlikdə olmalıdır. - Siz müəllimlik missiyasından danışdınız. Təəssüf, amma qəbul etməliyik ki, son illərdə bu peşənin nüfuzu ciddi şəkildə aşağı düşüb. Qürurlu "müəllim" adını necə qaytarmaq olar? Nə etmək lazımdır? Biz nə etməliyik? - Gəlin, sualı iki hissəyə ayıraq: cəmiyyət nə edə bilər? Və Təhsil Nazirliyi nə etməlidir? Cəmiyyət çoxlu mütaliə etməli, uşaqlara oxumağı öyrətməlidir. Təhsilə, tərbiyəyə, böyüklərə və müəllimlərə hörmətə xüsusi yer verilən milli dəyərlərimizi qorumalıyıq. "Müəllim" adını çəkərkən həmişə fikirləşməliyik. Bəs, Təhsil Nazirliyi nə etməlidir? Biz gənclərdə bu peşəyə maraq yaratmağa çalışırıq. Bu istiqamətdə dövlət başçısının xeyir-duası ilə və şəxsi nəzarəti altında pedaqoji universitetin kampusunun layihəsi hazırlanır. Orada gələcək müəllimlərin dünyagörüşünün formalaşdırılması və keyfiyyətli təhsil almaları üçün mühit yaradılacaq. Paralel olaraq, bu ildən müəllimlik ixtisasları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrin həvəsləndirmə proqramına başlamışıq. Qarşıdan gələn dərs ilindən qəbul imtahanlarında yüksək nəticə göstərən 300 tələbəyə, əlavə olaraq, 100 manat xüsusi təqaüd veriləcək. Biz hesab edirik ki, bu tədbir gənc müəllimlər üçün əlavə stimul rolunu oynayacaq. Biz müəllimlərin karyera inkişafı üçün də real addımlar atmışıq. Yaxın vaxtlarda biz bunu elan edəcəyik. Azərbaycan Respublikası Baş nazirinin göstərişi ilə bölgələrdə - kənd məktəblərində işləyən müəllimlərin iş şəratinin yaxşılaşdırılması üçün təkliflər paketi hazırlayırıq... ...Bilirsiniz, məni nə narahat edir? Hər şeyin maddi dəyərlərlə ölçüldüyü bir zamandayıq. Yəni, hər kəs pulun axdığı kranı açmaq istəyir. Məni düz anlayın, demirəm ki, bu vacib deyil. Amma maddiyat bütün dəyərləri əvəz edə bilməz axı. Uşaqlar, hər halda, bilavasitə pul qazanmaqla bağlı olmayan kosmonavt, səyyah, memar və ya digər ixtisaslara yiyələnməyi də arzulamalıdırlar. Baxın, bunu reallaşdıra bilməsək, şüurda dönüş edə bilməyəcəyik... Aydındır, kapitalizmdir... Amma cəmiyyət təkcə maddi tələbatdan irəli gələn qərarların verildiyi mühitdə yaşamamalıdır. Mənəvi dəyərlər də mövcud olmalıdır. Bəli, bu qeyri-populyar səslənir. Amma bu sahədə çalışmaq lazımdır. Bu məsələ ilə bağlı fikirlərim var, amma bu barədə növbəti müsahibədə danışaram. Vyaçeslav Sapunov ("Azərbaycan müəllimi" qəzetinin 22 avqust 2014-cü il tarixli sayında dərc olunub)
08/07/2015 16:52
Prezident İlham Əliyev Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbin yeni korpusunun əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub
Prezident İlham Əliyev Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki 121 nömrəli orta məktəbin yeni korpusunun əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri hər il olduğu kimi bu il də davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 121 nömrəli məktəbdə görülən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı Prezident İlham Əliyevə məlumat verdi. 1934-cü ildə istifadəyə verilən məktəbdə 2006-2007-ci illərdə əlavə korpus inşa edilib. Məktəbin köhnə korpusu yararsız vəziyyətdə olduğuna görə 2012-ci ildə sökülərək müasir standartlara uyğun yeni korpus inşa olunub. Qeyd edək ki, ötən il Prezident İlham Əliyev bu korpusun açılışında iştirak edərkən ikinci korpusun da əsaslı şəkildə yenidən qurulmasına ehtiyac olduğu dövlətimizin başçısının diqqətinə çatdırılmışdı. Prezident İlham Əliyev ikinci korpusun əsaslı şəkildə yenidən qurulması ilə bağlı yerindəcə göstərişlər vermişdi. Şəhid Əmirəhməd Quliyevin adını daşıyan məktəbin 3 mərtəbədən, 35 sinif otağından ibarət 780 şagird yerlik yeni korpusu dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq bu il əsaslı şəkildə yenidən quruldu. Prezident İlham Əliyev korpusda yaradılan şəraitlə yaxından tanış oldu. Buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri ən müasir standartlar səviyyəsindədir. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Bu təhsil ocağında müasir istilik və işıqlandırma sistemləri qurulub, 1 hektarlıq həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb. www.president.az
08/07/2015 16:52
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıdakı 23 nömrəli orta məktəbin yenidən tikilmiş binasının açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonundakı 23 nömrəli tam orta məktəbin binasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak ediblər. Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı göstərilir. Bu sahələrin tərəqqisi isə öz növbəsində ölkəmizin sürətli inkişafına töhfəsini verir. Azərbaycan dövlətinin reallaşdırdığı siyasətin əsasında duran prioritetlərdən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir. Təhsilin yeni mərhələyə qədəm qoyması, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır. Beləliklə, son illərdə ölkədə yüzlərlə məktəb binası və əlavə korpuslar tikilib, minlərlə məktəb binası əsaslı təmir edilib. 23 nömrəli tam orta məktəbin binasının əsaslı surətdə yenidən qurulması bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bu işlər həm də onu göstərir ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri hər il olduğu kimi, bu il də davam etdirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır. Eyni zamanda, burada müəllim kollektivinin yüksək səviyyədə çalışması üçün bütün imkanlar var. Hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illər təhsilin inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi, müxtəlif proqramların icrası bu sahənin maddi-texniki bazasının müasirləşməsinə geniş imkanlar açıb. 23 nömrəli tam orta məktəb, ilk növbədə, peşəsinə vurğun pedaqoji kollektiv və böyük uğurlar qazanmış məzunları ilə seçilib. Məhz bu amil məktəbin təhsil konsepsiyasında uğura nail olmasına imkan yaradıb. Təsadüfi deyil ki, bu məktəb təlim-tərbiyə prosesində həmişə qabaqcıllar sırasında olub, kreativ ideyaların və təşəbbüslərin reallaşmasında hər zaman mühüm rol oynayıb. Dünya Təhsil İttifaqının Azərbaycanın Təhsil Nazirliyi ilə birgə beynəlxalq aləmdə savadsızlığın ləğvinə həsr edilmiş “Kitabların açılması qapıların açılması deməkdir” devizi altında keçirdiyi tədbir də məhz 23 nömrəli məktəbdə reallaşıb. Məktəb 1899-cu ildən fəaliyyət göstərir. Həmin il ibtidai məktəbdə 42 oğlan, 8 qız olmaqla cəmi 50 şagird təhsil almışdır. Dövlət başçısı və xanımı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdilər. Təhsil naziri Mikayıl Cabbarov məktəbdə görülən əsaslı yenidənqurma işləri ilə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bu təhsil ocağının yenidən qurulmasına dövlətimizin başçısının Sərəncamı ilə 2012-ci ildən başlanılıb. Məktəbin binası tamamilə sökülərək yerində müasir və memarlıq baxımından zövq oxşayan altımərtəbəli bina inşa olunub. Foyedə ulu öndər Heydər Əliyevin büstü və Azərbaycan bayrağı qoyulub. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin təhsilə qayğılarını əks etdirən fotostendlər yaradılıb. Məktəbdəki Heydər Əliyev Muzeyi də eksponatlarının zənginliyi ilə seçilir. Burada Ulu Öndərin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı fotolar, sənədlər və kitablar toplanıb. Təhsil ocağında, həmçinin məktəbəqədər hazırlıq kursları da nəzərdə tutulur. Hazırda məktəb 2163 şagird yerlikdir. Yenidənqurmadan əvvəl isə bu təhsil ocağı cəmi 500 yerlik olub. Burada 80 sinif otağı və 11 fənn kabineti var. Məktəb ingilis dili təmayüllüdür. Burada iki xarici dil tədris olunur. Rus bölməsində alman, Azərbaycan bölməsində isə rus dili tədris ediləcək. Hazırda məktəbdə 64 sinif var. Azərbaycanda təhsil sisteminin inkişafına mühüm töhfələr verən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu məktəbin yenidən qurulması prosesini daim diqqətdə saxlayıb. Ötən il iyunun 11-də Azərbaycanın birinci xanımı burada aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub, tövsiyə və təkliflərini verib. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsili üçün hər cür şərait yaradılıb. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Bu təhsil ocağında müasir havalandırma və işıqlandırma sistemləri qurulub. Burada məktəbin muzeyi də yaradılıb. Muzeydə məktəbin direktorları, məzunları və bu təhsil ocağının əldə etdiyi nailiyyətlərlə bağlı maraqlı məlumatlar var. 23 nömrəli məktəb həmişə öz məzunları ilə fəxr edib. Məzunlar arasında bu gün təhsil konsepsiyasının reallaşmasına önəmli töhfə verən, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da var. 1982-ci ildə bu təhsil ocağını qızıl medalla bitirən Mehriban Əliyeva 2002-ci ildə ona doğma olan pedaqoji kollektivi xoş əməli ilə sevindirib. Təhsil ocağının müasir standartlara uyğun yenidən qurulmasına kömək göstərib. 23 nömrəli məktəb 2003-2004-cü təhsil ilində təlim-tərbiyə prosesində yüksək göstəricilərə görə Bakı şəhəri üzrə ən yaxşı təhsil müəssisəsi adına layiq görülüb. Uzun müddət bu təhsil ocağı ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda şəhid olmuş Milli Qəhrəman Tahir Həsənovun adını daşıyıb. Buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn kabinetləri ən müasir standartlar səviyyəsindədir. Hazırda məktəbdə 1 növbədə həm Azərbaycan, həm rus bölməsi fəaliyyət göstərir. Yenidənqurma işləri çərçivəsində məktəbin sahəsi 7 min kvadratmetrdən 22 min kvadratmetrə çatdırılıb. Məktəbdə Mehriban Əliyevanın təşəbbüsü ilə şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq üçün rəsm, musiqi və heykəltəraşlıq otaqları yaradılıb. Məktəbdəki ibtidai hərbi hazırlıq dərsləri üçün xüsusi kabinet də ən yüksək standartlara cavab verir. Burada, həmçinin milli qəhrəmanların fotolarından ibarət stend də yaradılıb. Təhsil ocağının gimnastika və idman zalları, kitabxanası, linqafon və kompyuter otaqları, tibb məntəqəsi var. 314 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar yaradılıb. Dövlət başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyaya tamaşa etdilər. Sonra məktəbin şagirdləri Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya ad günü münasibətilə təbriklərini çatdırdılar. Beləliklə, məktəbdə yaradılan şərait bir daha sübut edir ki, bu təhsil ocağı bundan sonra da özünün yüksək göstəriciləri ilə milli təhsil sisteminə töhfəsini verərək tarixi şöhrətini qoruyub saxlayacaq. Təhsilin modernləşdirilməsi və bu sahədə mühüm keyfiyyət dəyişikliyinə nail olunması isə Azərbaycanın inkişafının uzunmüddətli olmasına möhkəm zəmin yaradır. www.president.az
08/07/2015 16:52
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva pensiya yaşının çatması ilə əlaqədar öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.
1974-cü ildə Azərbaycan Dillər Universitetini ingilis dili müəllimi ixtisası üzrə bitirən Nailə Rzaquliyeva əmək fəaliyyətinə 23 nömrəli məktəbdə başlayıb. Burada ingilis dili müəllimi işləyən Nailə xanım bir müddət həmin təhsil müəssisəsinin direktoru vəzifəsində çalışıb. 2006-cı ildə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunan Nailə Rzaquliyeva ötən 8 il ərzində bu vəzifədə fəaliyyət göstərib. Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2004-cü il tarixli 422 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə, təhsil nazirinin 22 mart 2005-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. İşlədiyi müddətdə təhsil ictimaiyyəti arasında dərin hörmət, yüksək nüfuz qazanıb. Nailə xanıma uzun ömür, can sağlığı və uğurlar arzulayırıq.
08/07/2015 16:52
Prezident İlham Əliyev Bakıdakı 46 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub
Prezident İlham Əliyev Bakının Nəsimi rayonundakı 46 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq həyata keçirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq orta məktəblərin, ayrı-ayrı təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ən müasir infrastruktur yaradılır. Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımı avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, 46 nömrəli tam orta məktəbin binası 1969-cu ildə inşa olunub. Dörd mərtəbədən, 65 sinif otağından ibarət məktəb 1560 şagird yerlikdir. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımı avadanlıq və ləvazimatla təchiz olunub. Məktəbdə vergilər mövzusunda dərslərin keçirilməsi üçün xüsusi kabinetlər də yaradılıb. Məktəbdə ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Ətraf ərazilərdə abadlıq və quruculuq işləri həyata keçirilib. Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarını gəzdi, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış oldu. www.president.az
08/07/2015 16:52
Prezident İlham Əliyev Bakının Nəsimi rayonundakı 54 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər hər il olduğu kimi, bu il də davamlı olaraq həyata keçirilir. Təhsil, səhiyyə, mədəniyyət müəssisələri əsaslı şəkildə yenidən qurulur, yeni-yeni məktəb binalarının və uşaq bağçalarının inşası uğurla həyata keçirilir. Bakı Şəhər İcra Hakimiyyətin başçısı Hacıbala Abutalıbov 54 nömrəli tam orta məktəbdə görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Qeyd edildi ki, bu məktəbin binası 1976-cı ildə inşa olunub. Üçmərtəbəli bina iki korpusdan ibarətdir. 56 sinif otağı olan məktəb 1076 şagird yerlikdir. Yeni dərs ili ərəfəsində 54 nömrəli tam orta məktəbin binası əsaslı şəkildə yenidən qurulub. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində təmir edilib. Məktəb yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Məktəbin 1 hektar yarım həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb. Dövlət başçısı sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış oldu. www.president.az
08/07/2015 16:52
Təhsil naziri Mikayıl Cabbarov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş tələbələrin növbəti qrupu ilə görüşüb.
Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş tələbələrin növbəti qrupu təhsilini Böyük Britaniya, ABŞ və İspaniyada bakalavriat və magistratura səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Corc Vaşinqton, Edinqburq, Empreza, Qlazqo, Kinqs Kollec, London İqtisadiyyat Məktəbi kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır.
08/07/2015 16:52
Təhsil Nazirliyinin təşkilatçılığı ilə 132-134 nömrəli təhsil kompleksində “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində 106 məktəbin direktoru üçün seminar keçirilib.
Seminarda Təhsil Nazirliyinin sektor müdiri Rüfət Əliyev, Milli Təhsil Texnologiyaları Mərkəzinin rəhbəri Şamil Süleymanlı və layihənin sınaqdan keçirildiyi müddətdə konsaltinq xidməti göstərən Rusiya Yaradıcı Pedaqogika Akademiyasının həqiqi üzvü, “Uşaqların Sağlamlığı Naminə Rusiya İttifaqı” ictimai hərəkatının rəhbəri akademik Vladimir Filipoviç Bazarnıy “Sağlam təhsil sinifi” layihəsinin təqdimatını keçiriblər. “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində hazırlanan “Sağlam təhsil-sağlam millət” layihəsi ötən ildən həyata keçirilməyə başlanılıb. Layihə çərçivəsində müxtəlif məktəblərdə ayrı-ayrı yaş qrupları üzrə 10 000 şagird arasında davamlı tibbi-gigiyenik gender, psixoloji-pedoqoji monitorinqlərin keçirilməsi və mərhələlər üzrə hesabatların hazırlanması nəzərdə tutulur. Ekspertlər ötən müddət ərzində 2500 şagird arasında monitorinqi başa çatdıraraq ilkin məlumatları təqdim ediblər. Araşdırmalar əsasında Təhsil Nazirliyi “Sağlam təhsil” vasitələri üzrə normativ sənədlər hazırlayır. Bu vasitələrə aid olan binalar, mebellər, sinif tərtibatı, avadanlıq, ləvazimatlar və dərsliklər Milli Təhsil Texnologiya Mərkəzinin nəzdində yaradılmış tibbi-gigiyenik, gender və psixoloji-pedoqoji ekspertiza qrupu tərəfindən öyrəniləcək və tədricən tələblərə uyğun təkmilləşdiriləcək. Beləliklə, təhsil texnologiyalarının şagirdlərin sağlamlığına mümkün qədər az zərər vurmasına nail olunacaq. Layihə çərçivəsində artıq ölkəmizin məktəblərində 12 “Sağlam Təhsil” sinifi yaradılıb və onlar yeni dərs ilindən fəaliyyətə başlayacaq. Şagirdlər arasında monitorinq işləri davam etdikcə “Sağlam Təhsil” siniflərinin sayı artırılacaq. Yaxın zamanda “Sağlam Təhsil” məktəblərinin layihələrinin hazırlanması da nəzərdə tutulur. Layihələr hazır olduqdan sonra yeni məktəblər “Sağlam Təhsil”in tələblərinə uyğun tikiləcək.
08/07/2015 16:52
Azərbaycan idmançıları Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanıblar.
200-dən çox komandanın iştirak etdiyi II Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 5-i qızıl olmaqla 12 medal qazanıb. Nəticədə Azərbaycan ümumi hesabda 10-cu, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerdə qərarlaşıb. Bununla, idmançılarımız öz uğurlu çıxışları ilə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına növbəti töhfələrini veriblər. Sevindirici haldır ki, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında qalib gələn idmançılar arasında Təhsil Nazirliyinin tabeliyində olan idman müəssisələrinin 4 yetirməsi var. Bayrağımızı qaldıran bu idmançılarla siz də tanış olun: İqbal Hacızadə Təhsil Nazirliyi Masallı Uşaq Gənclər İdman Mərkəzi İdman növü: sərbəst güləş Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalçısı; Yeniyetmələr arasında Azərbaycan çempionu (2014); yeniyetmələr arasında Avropa çempionu (2014); yeniyetmələr arasında AGF Kubokunun gümüş mükafatçısı(2014); yeniyetmələr arsında Müşviq İsayevin xatirəsinə həsr olunmuş beynaxalq turnirdə II yer (2014) Natiq Qurbanlı Təhsil Nazirliyi Sumqayıt 2 saylı Uşaq Gənclər İdman Mərkəzi İdman növü:cüdo Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalçısı; Yeniyetmələr arasında dünya çempionatı (ABŞ, 2013); Avropa çempionatının burunc mükafatçısı (Estoniya, 2013); Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına Mayami hazırlıq lisenziyası Leyla Əliyeva Təhsil Nazirliyi 13 saylı Uşaq Gənclər İdman Mərkəzi İdman növü: cüdo Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalçısı; Yeniyetmələr arasında dünya çempionatının gümüş mükafatçısı(ABŞ, 2013); Avropa çempionu (Estoniya, 2013); Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına Mayami hazırlıq lisenziyası Nazim Babayev Təhsil Nazirliyi 5 saylı ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər atletika məktəb İdman növü:atletkika(üçkanla tullanma) Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının bürünc medalçısı; Avropa yeniyetmələrini Olimpiya Festivalinda I yer (Hollandiya, 2013); Komandalararası Avropa çempionatında III yer (Gürcüstan, 2014); Qafqaz kuboku yarışlarında III yer (Gürcüstan, 2014); Yeniyetmələrin atletika üzrə Avropa Təsnifat Turnirində I yer Bakı(Azərbaycan); Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziyanı Avropa Təsnifat Turnirində qazanib
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı