SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Rusiyanın Sankt Peterburq şəhərində "Təhsildə pedaqoji texnologiyalar və innovasiyalar" mövzusunda VI Beynəlxalq pedaqoji forum keçirilib.
Forumda Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Türkiyə və Bolqarıstandan nümayəndələr iştirak ediblər. Azərbaycanı bu forumda Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının tədris işləri üzrə direktor müavini Sevinc Tahirova və fizika müəllimi Rəna Ağazadə təmsil ediblər. Tədbirdə Rəna Ağazadə "Azərbaycan təhsilində innovativ nailiyyətlər" mövzusunda məruzə ilə çıxış edib. Forumun sonunda Azərbaycan nümayəndələri diplom və sertifikatlarla təltif olunublar.
08/07/2015 16:52
Prezident İlham Əliyev Xətai rayonundakı 56 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlət başçısının tapşırıqlarına əsasən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası uğurla həyata keçirilir. Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, məktəbin binası 1976-cı ildə inşa olunub. 960 şagird yerlik məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Prezidentin tapşırıqlarına uyğun olaraq, yeni dərs ilinə hazırlıq məqsədilə məktəbin binası əsaslı şəkildə yenidən qurulub, lazımi ləvazimatla təchiz edilib. Dövlətimizin başçısına Xətai rayonundakı məktəblərdə görülən təmir və yenidənqurma işləri barədə də məlumat verildi. Prezident İlham Əliyev məktəbin sinif otaqlarına baxdı, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış oldu. İdman zallarında və hərbi hazırlıq kabinetində də yüksək şəraitin yaradıldığı vurğulandı. www.president.az
08/07/2015 16:52
İsmayıllı məktəbliləri ilk dəfə Yaponiyaya səfərə gəliblər.
Yaponiyanın İto şəhəri ilə qardaşlaşmış İsmayıllı rayonundan olan bir qrup şagird ilk dəfə bu ölkəyə gəlib. Səfər ötən ilin noyabrında Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri arasında imzalanmış Dostluq mübadiləsi haqqında sazişə əsasən baş tutub. İsmayıllı rayonunun 1 və 6 nömrəli tam orta məktəblərinin 6 şagirdini Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov müşayiət edir. Səfərin ilk iki günündə azərbaycanlı şagirdlər Tokionun görməli yerləri ilə tanış olub, Azərbaycanın Yaponiyadakı səfirliyinə baş çəkiblər. İsmayıllıdan olan şagirdlər artıq bir neçə ildir ki, İto şəhərinin məktəbliləri ilə məktublaşırlar. Bu şəhərlərin bir-birinə yaxınlaşmasında həmin məktublar xüsusi rol oynayıb. İsmayıllı rayonunun ötən tədris ilində fərqlənmiş şagirdləri İto şəhərinə səfər edərək öz həmyaşıdları ilə görüşəcəklər. Gələn il isə yapon məktəblilərinin İsmayıllı rayonuna səfəri planlaşdırılır. İto şəhərinin “İnternational Homestay Club”ın nümayəndəsi xanım Kazuko İşida deyib: ”Azərbaycanlı məktəbliləri İto şəhərində zəngin səfər proqramı gözləyir. Belə ki, səfər zamanı İsmayıllıdan olan şagirdlər “Homstay” proqramı çərçivəsində həmyaşıdlarının ailələrində yaşayacaq, burada yapon həyat tərzi, ailədaxili münasibətlər və milli mədəniyyətlə yaxından tanış olacaqlar. Səfər proqramına əsasən, azərbaycanlı məktəblilərin İto şəhərinin meri ilə görüşü nəzərdə tutulub”. Kazuko İşida qeyd edib ki, proqrama uyğun olaraq, İto şəhər musiqi məktəbində milli musiqi alətləri haqqında onlara məlumat veriləcək, oğlanlar əlbəyaxa döyüş növlərinin öyrədildiyi məktəbdə olacaqlar. “Həmçinin qonaqlarımız İtonun tarixi və görməli yerlərini də ziyarət edəcəklər. Onlar həm də hər il avqustun 8-10-da İto şəhərində təşkil olunan Angin Maçuriyə - Yay festivalına da qatılacaqlar”, - deyə o bildirib. Azərbaycanlı məktəblilər avqustun 13-də vətənə dönəcəklər. AzərTAc
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialının yetirməsi Nərgiz Mirzəyeva Azərbaycanda ilk dəfə keçirilən taekvondo üzrə Yeniyetmələr arasında I Dünya çempionatının qalibləri sırasına çıxıb.
37 kq çəki dərəcəsində çıxış edən idmançımız ilk görüşdə Avstraliya, Ukrayna və Rusiya təmsilçilərinə qalib gələrək yarımfinal mərhələsinə vəsiqəni təmin edib. Yalnız finala vəsiqə uğrunda mübarizədə Serbiya idmançısına məğlub olaraq bürünc medala layiq görülüb. 4 gün davam edən çempionatda 65-ə yaxın ölkədən 600-dək taekvondoçu mübarizəyə qoşulub. Azərbaycan milli yığma komandası yarışa 18 idmançı ilə qatılıb. Ümumilikdə qızlardan ibarət komanda hesabında medalların sayına görə İran milli komandası birinci, Türkiyə ikinci, Çin üçüncü yeri, oğlanlardan ibarət komanda hesabında medalların sayına görə isə İran birinci, Rusiya ikinci, Cənubi Koreya üçüncü yeri tutub.
08/07/2015 16:52
2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.
Müsabiqəyə 2975 vakant yer çıxarılıb. Müsabiqədə iştirak etmək üçün 1-15 iyul 2014-cü il tarixlərində 17962 nəfər ərizə verib, onlardan 16810 nəfərin ərizəsi təsdiqlənərək müsabiqənin ikinci mərhələsinə, test imtahanlarına buraxılıb. İmtahanlar 2014-cü il iyul ayının 21-dən 27-dək davam edib. İmtahanlarda iştirak etmiş 13544 nəfərdən 1837-si müsabiqənin üçüncü mərhələsinə-müsahibəyə buraxılıb. 30-31 iyul və 1 avqust tarixlərində keçirilmiş müsahibələrin nəticələrinə görə 1304 nəfər vakant müəllim vəzifələrini tutmaq hüququ qazanıb. Ötən ildən fərqli olaraq cari ildə işə qəbul üzrə müsabiqə qısa müddətdə yekunlaşıb, imtahan mərhələsi 1 həftə müddətində, müsahibələr isə 3 gün ərzində keçirilib. Vakant qalan yerlər, həmçinin yeni yaranmış vakansiyalar bir daha təhlil ediləcək və əlavə yerləşdirmə aparılacaqdır. Müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tutmaq hüququ qazanmayanlar 25-29 avqust 2014-cü il tarixlərində “Şəxsi səhifə”sinə daxil olaraq vakant yerlərdən ən çoxu 4-nü seçə bilərlər. 29 avqust 2014-cü il tarixində saat 18:00-da əlavə yerləşdirmə başa çatacaq, dərhal yerləşdirmə aparılacaq və vakant yer tutmaq hüququ qazananlar üçün sentyabrın 1-də müsahibə keçiriləcəkdir. Müsahibənin vaxtı və yeri barədə “Şəxsi səhifə”yə məlumat göndəriləcəkdir. 2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri
08/07/2015 16:52
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasındakı qarşılıqlı razılaşmaya əsasən 24–25 noyabr tarixlərində təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub.
Gürcüstanın Təhsil və Elm Nazirliyində keçirilən görüşdə nazir Nika Qvaramiya nümayəndə heyətini salamlayaraq ölkəsinin təhsil sistemi, aparılan islahatlar barədə ətraflı məlumat verib, Azərbaycan Respublikasının Prezidentinin Gürcüstana daim diqqqətlə yanaşması, Gürcüstandakı təlim Azərbaycan dilində olan məktəblərin dərslik, dərs vəsaiti və digər tədris ləvazimatları ilə təminatına köməyi barədə söhbət açıb. Nazir Azərbaycanda təlim gürcü dilində olan məktəblərə göstərilən qayğının Gürcüstanda böyük hörmət hissi ilə qarşılandığını bildirərək Gürcüstan məktəblərinin, o cümlədən təlim Azərbaycan dilində olan məktəblərin təmiri, maddi-texniki təchizatı və kadrlarla təminatı sahəsində müəyyən çətinliklərin olduğunu vurğulayıb. Azərbaycanın Respublikasının təhsil naziri Misir Mərdanov Azərbaycanda təhsil sahəsində aparılan islahatların nəticələrindən söhbət açıb. Gürcüstanın təhsil sistemində aparılan ciddi dəyişiklikləri müsbət qiymətləndirən nazir buradakı Azərbaycan məktəblərinin problemləri barədə danışıb. Misir Mərdanov Gürcüstanda Azərbaycan məktəblərinin sayının ilbəil azalması, bu məktəblərə Azərbaycan dilini bilməyən digər millətlərin nümayəndələrinin direktor təyin edilməsi, bir sıra məktəblərdə ixtisaslı milli kadrların olmaması, tədris proqramında gürcü dilinin saatlarının azlığı, ali məktəblərdə azərbaycandilli kadr hazırlığının aparılmaması və digər məsələlər haqqında fikirlərini bildirib. Gürcüstanın Təhsil və Elm Nazirliyində azərbaycanlı mütəxəssisin olmaması ilə bağlı azərbaycanlı müəllimlərin üzləşdiyi çətinliklərə toxunan təhsil naziri Gürcüstandakı təlim Azərbaycan dilində olan məktəblərdə Azərbaycan tarixi və Azərbaycan coğrafiyası, Azərbaycanda fəaliyyət göstərən gürcü məktəblərində Gürcü tarixi və Gürcü coğrafiyası fənlərinin tədrisi vəziyyətindən, şagirdlərin dərsliklərlə təminatının yetərincə ödənilməməsindən və digər bu kimi məsələlərdən narahatlığını ifadə edib. Noyabrın 25-də Azərbaycanın təhsil naziri Misir Mərdanov və Gürcüstanın təhsil və elm naziri Nika Qvaramiya ulu öndər Heydər Əliyevin Tbilisi şəhərində ucaldılmış büstü önünə gül dəstələri qoyublar. Sonra Tbilisi şəhərindəki 74 nömrəli Azərbaycan və qonşuluqdakı gürcü məktəblərinin müəllim və şagirdləri ilə görüşərək onların arzu və təkliflərini öyrənən qonaqlar həmin tədris ocaqları ilə yaxından tanış olub, məktəblərin maddi-texniki təchizatı ilə maraqlanıblar. Daha sonra qonaqlar Marneuli rayonundakı 3 nömrəli məktəbin Resurs Mərkəzində görüşdə iştirak edib, ötən il orta və əsas məktəbləri yüksək nailiyyətlərlə bitirən şagirdlərin təltif olunması mərasiminə qatılıblar. Sevindirici haldır ki, həmin məzunlardan qızıl medala layiq görülən iki şagird azərbaycanlıdır. Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri çıxış edib, soydaşlarımızın uğurlarından məmnun olduğunu bildirib. Həmin gün Marneuli şəhərində yerləşən Heydər Əliyev adına Gürcüstan – Azərbaycan Humanitar Universitetində müəllim və tələbələrlə, Dmanisi rayonu Donisi kənd Azərbaycan məktəbində, Dmanisi şəhərində Heydər Əliyev Fondunun köməkliyi ilə ərsəyə gələn kompüter mərkəzində, gürcü dilinin intensiv tədrisi üzrə Resurs Mərkəzində görüşlər davam etdirilib.
08/07/2015 16:52
Noyabrın 29 - da Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəbləri arasında təşkil edilən futbol üzrə I respublika turnirinə yekun vurulub.
12 komandanın iştirakı ilə keçirilən final yarışında I yeri Təhsil Nazirliyinin “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin Bakı filialının komandası, III yeri isə Lənkəran rayon Uşaq-Gənclər İdman Məktəbinin komandası tutub. Qalib komandalar Təhsil Nazirliyinin diplomu, komanda üzvləri isə hədiyyələrlə mükafatlandırılıblar.
08/07/2015 16:52
Avqustun 11-də təhsil naziri Mikayıl Cabbarov “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb.
2013-2014-cü dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub. Qeyd edək ki, məzunların qızıl və gümüş medalla təltif olunması Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası” əsasında həyata keçirilib. Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
08/07/2015 16:52
Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında yaşayan vətəndaşların nəzərinə!
18 avqust 2014-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar 12, 13, 14 və 15 avqust 2014-cü il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
08/07/2015 16:52
Təhsil naziri Mikayıl Cabbarov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş tələbələrin növbəti qrupu ilə görüşüb.
Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib. Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş tələbələrin növbəti qrupu təhsilini Böyük Britaniya, Türkiyə, İsveçrə, Kanada, Macarıstan, ABŞ, İtaliya, İsveçrə və İsveçdə bakalavriat, magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Corc Vaşinqton, Corctaun, Upsala, London İqtisadiyyat Məktəbi, Toronto kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır. Hazırda 2014-2015-ci tədris ili üçün xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində müsahibələr davam edir.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı