• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bir neçə təhsil işçisi barəsində intizam tənbeh tədbiri görülüb

Təhsil nazirinin müvafiq əmrinə əsasən, 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində  araşdırma aparılıb.   Araşdırma zamanı bir sıra ciddi nöqsanlar aşkar edilib, yol verdiyi nöqsanlara görə 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Raqub Məhərrəmov işdən azad edilib. Salyan Rayon Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyevə əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və rayonun ümumi təhsil müəssisələrinin işinə zəif nəzarət etdiyinə görə töhmət verilib.   Həmçinin rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Salyan rayonu Qarabağlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Emin Bayramov, Yeni Uluxanlı kənd tam orta məktəbinin direktor səlahiyyətlərini icra edən Lətif Qəmbərov işdən azad edilib.   Əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqavilələri ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə Salyan rayonu Çuxanlı kənd tam orta məktəbinin direktoru Firdovsi Heybətov, I Varlı kənd tam orta məktəbinin direktor əvəzi Bəylər Nəzərov və Cəbrayıl rayonu Əmirvarlı kənd tam orta məktəbinin direktoru Lətafət Məmmədovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.   Eyni zamanda əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirmiş, əmək müqavilələri ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşmış 13 saylı ƏMHM-nin məsul əməkdaşları barəsində intizam tənbehi tətbiq edilib.   Həmçinin Masallı Rayon Təhsil Şöbəsi tərəfindən aparılmış yoxlamaların nəticəsinə əsasən, Təhsil Nazirliyinin müvafiq əmri ilə işlərində yol verdiyi nöqsanlara görə Masallı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Mirxanım Hüseynova və Masallı şəhər 6 nömrəli tam orta məktəbin direktoru Elman Nəzərov tutduqları vəzifədən azad edilib.   Hazırda aidiyyəti struktur bölmələr tərəfindən araşdırmalar davam etdirilir və müvafiq tədbirlər görülür.

“Qarabağ abidələri” rəsm və əl işləri müsabiqəsi yekunlaşıb

“Qarabağ abidələri” respublika onlayn rəsm və əl işləri müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilib.    Ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin, həmçinin rəsm, tətbiqi sənət və əl işləri sahələri üzrə müəllimlərin iştirakı ilə keçirilən müsabiqəyə 100-ə yaxın təhsil müəssisəsindən 300-dən çox rəsm və əl işi daxil olub.   3 yaş qrupu (8-10, 11-14, 15-17) və 2 nominasiya (“Rəsm” və “Əl işləri)” üzrə keçirilən müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşib. Müsabiqənin nəticələrinə əsasən, 17 nəfər I, 18 nəfər II, 17 nəfər III yerə layiq görülüb, 46 nəfər fəal iştirakına görə diplomla təltif olunub.   Qeyd edək ki, onlayn təşkil olunan müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə vətənə, torpağa məhəbbət hissini artırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Qarabağ abidələrini gənc nəslə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub.   

Müəllimlərin yerdəyişməsi ilə bağlı suallar “Whatsapp” hesabından cavablandırılacaq

Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib. Müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.   Vətəndaşlar Təhsil Nazirliyinin “Whatsapp” hesabı vasitəsilə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə dair suallara cavab tapa biləcəklər. Məqsəd müsabiqənin sənəd qəbulu zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.   Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.     Keçid: https://wa.link/yewiu1 “Whatsapp” nömrə: (+994) 51 206 78 48

Təhsil naziri UFAZ-ın məzunlarına diplomları təqdim edib

Mayın 5-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) ilk məzunlarına diplomların təqdim edilməsi mərasimi keçirilib.   Tədbirdə təhsil naziri Emin Əmrullayev, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin rektoru Mustafa Babanlı iştirak edib. Fransanın Strasburq Universitetinin prezidenti Mişel Deneken isə mərasimə virtual şəkildə qoşulub.   Tədbir zamanı çıxış edən təhsil naziri UFAZ-ın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və məzunları təbrik edib. Daha sonra Emin Əmrullayev UFAZ-ın ilk məzunlarına hər iki universitetin diplomlarını təqdim edib və məzunlara uğurlar arzulayıb.   Qeyd edək ki, məzunların bir hissəsi dünya reytinqli universitetlərdə təhsillərini davam etdirir. Məzunların digər hissəsi isə dövlət müəssisələrində və özəl sektorda əmək fəaliyyətinə başlamışdır.   

“Təhsildə təlim və tərbiyənin vəhdəti" müzakirə edilib

Mayın 5-də Təhsil Nazirliyi yanında İctimai Şura tərəfindən “Təhsildə təlim və tərbiyənin vəhdəti" mövzusunda onlayn müzakirə təşkil edilib.   Müzakirədə çıxış edən Şuranın sədri Şahlar Əsgərov tərbiyənin inkişafında ictimai mənafenin önəmindən söz açıb.   Daha sonra təhsil nazirinin müşaviri Elnur Nəsibov mövzunun əhəmiyyətinə toxunaraq ictimai davranış qaydalarının hazırlanmasının vacibliyinə diqqət çəkib.   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva da öz növbəsində zəfər tarixindəki qələbəmizi təlim və tərbiyənin uğurlu nəticəsi kimi nümunə olaraq qeyd edib.   Müzakirədə iştirak edən Şuranın digər üzvləri millət vəkili Etibar Əliyev, Nadir İsrafilov, Hikmət Əlizadə, Mirzə Cəfərzadə, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərbiyə işləri üzrə prorektoru Fikrət Rzayev və digər iştirakçılar mövzuya dair fikirlərini bölüşüblər, tərbiyənin elmi, pedaqoji və fəlsəfi aspektlərinə toxunublar. Bildirilib ki, tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir. Bu istiqamətdə tədqiqat və marifləndirmə işlərinin davamlı aparılması zəruridir.   Yekunda Şura tərəfindən ictimai davranış qaydalarının hazırlanması ilə bağlı səsləndirilən təklif qəbul edilib.

Direktorların işə qəbulu üzrə müsahibələrin keçirilməsi ilə bağlı təlimat hazırlanıb

May ayının ikinci yarısında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək. İlkin müsahibələrdə balı 36-dan çox olan və şagird sayı 1000 nəfərdən çox olan ümumi təhsil müəssisələrində işləmək istəyən 135 namizəd iştirak edəcək.   Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda “Microsoft Teams” platforması vasitəsilə təşkil ediləcək. Onlayn müsahibələrin keçirilməsi ilə bağlı təlimat hazırlanıb, müsahibədə iştirak etmək hüququ qazanmış namizədlərin şəxsi səhifələrinə göndərilib.   Müsahibə keçirilməmişdən öncə namizədlərin şəxsi səhifələrinə müsahibədə iştirak edəcəkləri tarix və yer barədə məlumat göndəriləcək. Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (təhsil haqqında sənəd və ona əlavənin əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Onlayn müsahibədə iştirak etməyən, qeyd olunan sənədləri təqdim etməyən müsahibə mərhələsində iştirak etməkdən imtina etmiş hesab olunacaq.   Müsahibə keçiriləcək hər günün sonunda Təhsil Nazirliyinin saytında həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan ediləcək. Namizədlər hansı kateqoriya üzrə vakansiyaya uyğun olub olmadıqları barədə məlumatla tanış olmaq imkanı əldə edəcəklər.

“Azərbaycanda rektorlar konfransı” layihəsinin təqdimatı keçirilib

Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Ali Təhsildə Potensialın gücləndirilməsi profili üzrə qrant müsabiqənin qalibi və Bakı Biznes Universitetinin koordinatoru olduğu “Azərbaycanda rektorlar konfransı” layihəsinin onlayn təqdimat mərasimi keçirilib.   Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov dünyada gedən əsaslı dəyişikliklər və rəqəmsallaşma şəraitində təhsilimizin qarşısında dayanan yeni çağırışlar və tələblərdən irəli gələn məsələlərin həlli üçün beynəlxalq səviyyədə universitetlərarası qarşılıqlı əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, fəaliyyət istiqamətlərini müəyyənləşdirən konseptual sənəd olan Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın İnkişaf Konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib. Bununla yanaşı, Azərbaycanda ali təhsilin Avropa ali təhsil məkanına inteqrasiyasının sürətləndirilməsi, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi və universitetlərin beynəlxalq proqramlara daha fəal cəlb olunması əsas məqsədlər, prioritet istiqamətlər kimi qeyd oluna bilər.   Ali təhsilin beynəlmiləlləşməsinin bir neçə əsas istiqamətlərini sadalayan nazir müavini deyib ki, qeyd olunan hədəflərə nail olmaq üçün Avropa Komissiyasının Erasmus+ Proqramının “Ali Təhsildə Potensiyalın Gücləndirilməsi” istiqaməti imkan verir.   Firudin Qurbanov “Azərbaycanda Rektorlar Konfransı” adlı layihəniin Avropanın qabaqcıl və müsbət təcrübəsinin ölkəmizdə tətbiq edilməsi üçün çox önəmli olduğunu vurğulayıb. Firudin Qurbanov əlavə edib ki, 3 il müddətində həyata keçiriləcək bu layihə öz əhatə dairəsinə görə ali təhsil sisteminin inkişafına yeni töhfələrin verilməsi istiqamətində qarşıya qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir. Sözügedən layihə vaxtilə Azərbaycanda fəaliyyət göstərən Rektorlar Şurasının bərpa olunması üçün yaxşı platforma olacaq və bu sahədə hüquqi bazanın yaradılmasına töhfə verəcək. Əminik ki, ali təhsildə bu qəbildən olan layihələrin həyata keçirilməsi bütövlükdə Azərbaycanda ali təhsilin Avropa Ali Təhsil Məkanına inteqrasiyası ilə yanaşı, ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən islahatlarda, eləcə də ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsində, müəllim-tələbə mobilliyində və beynəlxalq standartlara cavab verən kadrların hazırlanmasında müsbət rol oynayacaq və müasir dövrdə belə layihələrin həyata keçirilməsi təhsil sahəsində qlobal çağırışlara effektiv şəkildə cavab vermək baxımdan öz layiqli töhfəsini verəcək.   Tədbirdə çıxış edən Bakı Biznes Universitetinin rektoru İbad Abbasov layihənin əhəmiyyətindən danışıb. Rektor bildirib ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Rektor əlavə edib ki, layihənin uğurla icrası beynəlxalq səviyyədə müvafiq tərəfdaşlarla bilik, bacarıq və təcrübə mübadiləsinin aparılması üçün faydalı əməkdaşlığın əsasını qoyacaq.   Layihənin koordinatoru Gülşən Bayramova isə 3 il müddətində həyata keçiriləcək layihədə görüləcək işlər və layihənin gözlənilən faydaları haqqında ətraflı məlumat verib.   Tədbirdə çıxış edən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas layihənin beynəlxalq əhəmiyyətinə və ali təhsil müəssisələrinin inkişafına verəcəyi töhfələr baxımından önəminə toxunaraq uğurla həyata keçiriləcəyinə inandığını vurğulayıb. Avropa Universitetlər Birliyinin, Polşa, Finlandiya, Litva, Portuqaliya və İspaniya rektorlar konfransının nümayəndələri də layihəyə dair fikirlərini və Avropa təcrübələrini bölüşüblər.   Azərbaycan universitetlərinin rektorları və rəhbər şəxsləri, eyni zamanda, Erasmus+ Azərbaycan ofisinin rəhbəri də çıxış edərək yeni çağırışların müşahidə olunduğu müasir təhsil sistemində universitetlərin daha sıx əməkdaşlığının zəruriliyini və layihənin bu istiqamətdə müsbət nəticələr verəcəyinə əminliklərini vurğulayıblar.

Beynəlxalq ikili diplom proqramına müəllimlər üçün vakansiya

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ABŞ-ın nüfuzlu ali təhsil müəssisəsi olan Corc Vaşinqton Universiteti ilə birgə magistratura səviyyəsində həyata keçirilən "Təhsil və insan kapitalının inkişafı" ixtisası üzrə beynəlxalq ikili diplom proqramına müəllimlər üçün vakansiya elan edir.    Ali təhsilli, minimum magistr dərəcəsi (PhD arzuolunandır), müvafiq sahə üzrə 5 illik iş təcrübəsi, Azərbaycan və ingilis dillərində səlis yazı və danışıq qabiliyyətlərinə malik namizədlər aşağıdakı fənlər üzrə aspu_gwu@adm.dp.edu.az elektron ünvanına 15 may 2021-ci il tarixinədək müraciət ünvanlaya bilərlər:    - Riyaziyyat və statistika (Math & Statistics); - Təhsildə  bərabərlik, müxtəliflik və inklüzivlik (Equity, Diversity and Inclusion in Education); - Təhsil psixologiyası (Educational Psychology); - Məlumat əsaslı qərarvermə (Data Driven Decision-making);   Qeyd edək ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən beynəlxalq ikili diplom proqramı 2020-ci tədris ilindən həyata keçirilir. Proqramda tədris ingilis dilindədir.

Yerdəyişmə müsabiqəsinə elektron sənəd qəbulu başlayır

Mayın 5-də ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu başlayır.   Müsabiqədə iştirak etmək üçün www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Müsabiqənin elektron sənəd qəbulu 16 may tarixinədək davam edəcək.   Qeyd edək ki, cari tədris ilində müddətsiz müqavilə əsasında işə qəbul olunan şəxslər də müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edə bilərlər. Həmçinin, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.   Eyni zamanda, müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurulacaq. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyatdan keçərkən tələb olunan xanalarda müvafiq sənədləri yükləməlidirlər.

Heydər Əliyevin 98-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Vətən müharibəsində qazandığımız tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.    “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev fenomeninin əvəzsiz rolu” mövzusunda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ümummillli lider Heydər Əliyevin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Nazir müavini qeyd edib ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatması və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Bu gün ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaradıb. Heydər Əliyev sosial-iqtisadi və mədəni yüksəlişə gedən yolun məhz ümumi təhsildən keçdiyini dərindən bilərək əsas diqqəti bu sahəyə yönəltmiş, qısa bir zamanda ümumtəhsil məktəblərinin şəbəkəsi genişlənmiş, əsaslı keyfiyyət dəyişiklikləri baş vermişdir. Nazir müavini deyib ki, ölkə Prezidenti cənab İlham Əliyevin  diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb tikintisi geniş vüsət alıb, 2003-2021-ci illər ərzində 3300-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.   Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən danışan Firudin Qurbanov əlavə edib ki, ulu öndərin müəllim peşəsinə sonsuz diqqəti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.   Daha sonra “Vətən müharibəsi Heydər Əliyev siyasətinin tarixi Qələbəsidir” mövzusunda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ümummilli liderin xilaskarlıq missiyasından və tarixi Qələbəyə aparan yolda misilsiz xidmətlərindən söz açıb.   “İlham Əliyev: Ulu Öndərin vəsiyyətini reallaşdıran sərkərdə” mövzusunda çıxış edən millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Şahin Seyidzadə ümummilli liderin tarixi ədalətin bərpa olunması istiqamətində yorulmaz fəaliyyətindən və yüksək əzmkarlığından bəhs edib. Torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycanda yeni dövrün başlandığını vurğulayan Şahin Seyidzadə hazırda Qarabağın dirçəlişi sahəsində həyata keçirilən irimiqyaslı və sistemli tədbirlərdən danışıb.   “Heydər Əliyev: dahi şəxsiyyət və müasir Azərbaycanın qurucusu” mövzusunda çıxış edən MDU-nun rektoru Şahin Bayramov müasir Azərbaycanın memarı olan Heydər Əliyevin öz müdrikliyi və uzaqgörənliyi ilə qlobal siyasətin aparıcı simalarından biri olduğunu vurğulayıb. O, ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda qalibiyyətlərlə dolu yeni dövrün şanlı tarixinin yazıldığını diqqətə çatdırıb. Şahin Bayramov müasir Azərbaycanın qurucusu olan ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin və zəngin irsinin öyrənilməsi, təbliği və gənc nəslə çatdırılmasının ali təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyduğunu diqqətə çatdırıb.   Daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Ümummilli Liderin siyasi portreti” mövzusunda, MDU-nun gənc müəllimi, Vətən müharibəsi iştirakçısı Qaragöz Kərimov “Heydər Əliyev ideyalarına sadiq Azərbaycan gəncliyinin Vətən müharibəsində fəal iştirakı” mövzusunda çıxışlar ediblər. Elmi konfrans öz işini bölmə iclası ilə davam etdirib.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı