SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 11-də Bakıdakı 49 nömrəli məktəb-liseydə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən təşkil edilmiş tədbirdə FHN-nin Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə, Dövlət Sularda Xilasetmə və Tibb Xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər. Nəzəri və praktik olmaqla, iki hissədən ibarət bu tədbirdə məktəblilərə fövqəladə halların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, məişət qaz cihazlarından istifadə edərkən təhlükəsizliyin təmin edilməsi, sel, daşqınlar, yol qəzaları, partlayışlar və digər müvafiq məsələlərlə bağlı ətraflı məlumat verilib. Məktəblilərə fövqəladə hallarda istifadə olunan spesifik alətlər, yanğınsöndürmə avadanlıqları, akvalanq, xilasetmə, üzmə və fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı, iş prinsipləri, xüsusi kinologiya avtomobili, sınıqlar və qanaxmalar zamanı ilkin tibbi yardımın həyata keçirilmə üsulları əyani şəkildə nümayiş etdirilib. Bundan əlavə, məktəbin həyətində şərti partlayıcı qurğu xüsusi təlim keçmiş it tərəfindən tapılıb və pirotexnik tərəfindən zərərsizləşdirilmək üçün ərazidən uzaqlaşdırılıb. Şagirdlərin zəlzələ mövzusunda hazırladıqları səhnəcik tədbir iştirakçılarına təqdim olunub. Səhnəcikdə düzgün mövqe tutma, şagirdlərin təxliyyəsi və ilkin tibbi yardımın göstərilməsi məsələləri nümayiş etdirilib.
08/07/2015 16:52
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu” mövzusunda aşağıdakı istiqamətlər üzrə jurnalist yazıları müsabiqəsini elan edir.
Müsabiqənin məqsədi: Müsabiqənin məqsədi ölkəmizdə qarşıdakı illərdə müasir təhsil sisteminin qurulması sahəsində aparılacaq islahatların əsas strateji istiqamət və hədəflərinin məzmun və mahiyyətinin KİV vasitəsilə Azərbaycan cəmiyyətinə vaxtında və düzgün çatdırılmasına nail olmaqdan, media qurumlarının ictimaiyyətin maarifləndirilməsi işinə təşviqini stimullaşdırmaqdan ibarətdir. Müsabiqənin istiqamət və mövzuları: № İstiqamətlər Mövzular 1. Səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması 1. Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumlarının hazırlanması; 2. Uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün “Səriştəli valideynlər” proqramının hazırlanması; 3. 12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumlarının yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə bölünməsi; 4. İstedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması; 5. Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi. 2. Təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, səriştəli təhsilverənlərin formalaşdırılması 1. Təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının stimullaşdırılması; 2. Müəllim peşəsinin nüfuzunun artırılması üzrə dövlət siyasətinin inkişafı; 3. Səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sisteminin yaradılması; 4. Müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi; 5. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi. 3. Təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması 1. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması; 2. Təhsil sahəsində dövlət-biznes partnyorluğu sisteminin yaradılması; 3. Təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması: 4. Maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn–Müəllim Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin edilməsi; 5. Təhsil müəssisələrinin reytinq sisteminin yaradılması. 4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması 1. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş kompüter-planşetlə təmin olunması; 2. Təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması; 3. Müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması; 4. Kampusların yaradılmasının təşviqi; 5. Təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi. 5. Təhsil sisteminin iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirmə mexanizminin qurulması 1. Büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması; 2. Aztəminatlı ailələrdən olan uşaq və gənclər üçün bərabər təhsil imkanlarının yaradılması məqsədi ilə maddi dəstək sisteminin yaradılması; 3. Müasir, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan təhsil infrastrukturunun, o cümlədən elektron təhsilin yaradılmasına əlavə vəsaitlərin ayrılması; 4. Təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid; 5. Müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması. Müsabiqədə iştirak: Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan yazılara aid tələblər: 1.Yazı elan edilmiş mövzulardan birini əhatə etməlidir (elan olunmuş mövzuların sərlövhələrinin dəyişdirilməsinə yol verilmir); 2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər; 3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir; 4. Yazıda "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilən müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir; 5. İnformasiya agentliklərində və xəbər portallarında işləyən jurnalistlər öz yazılarını işlədikləri KİV-in rəsmi internet saytında yerləşdirməlidirlər; 6. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə), informasiya agentliklərində və xəbər portallarında işləyən jurnalistlərin yazıları A4 formatda çap olunaraq (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir) və elektron (12 ölçülü Times New Roman şrifti ilə, diskdə) variantları təqdim olunmalıdır; 7. Yazılar A3 formatda 1 səhifədən (9-11 min işarə) çox olmamalıdır; 8. Yazılar Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır. Sənədlərin qəbulu 11 fevral 2014-cü il tarixindən başlayır, 11 mart 2014-cü il tarixində başa çatır. Sənədlər rəsmi iş günləri saat 10:00-dan 16:00-dək qəbul olunur. Tələb olunan sənədlər 1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti. 2. Şəxsiyyət vəsiqəsinin surəti (əsli təqdim olunmaqla). Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır. Qiymətləndirmə meyarları: - mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma; - materialın oxucu üçün informasiyalılıq səviyyəsi; - yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi; - jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti; - ictimai maraqların müdafiəsi. Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması: Hər istiqamət üzrə, I yer - (5 nəfər) 1000 manat; II yer - (5 nəfər) 700 manat; III yer - (5 nəfər) 500 manat; Həvəsləndirici mükafat - (ümumilikdə 10 nəfər) 200 manat. Qaliblər, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xüsusi diplomu ilə təltif olunacaqlar. Əlavə: İştirakçı haqqında məlumat cədvəli
08/07/2015 16:52
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan gənclərinin 2014-2015-ci tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətlərinin siyahıları təsdiq olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 10 fevral 2014-cü il tarixli, 11 nömrəli sərəncamı ilə təsdiq olunmuş siyahılara əsasən, 2014-2015-ci tədris ilində azərbaycanlı gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət edə bilərlər. Əvvəlki illərlə müqayisədə, siyahıların daha tez təsdiq olunması əksər xarici ali təhsil müəssisələrinə tələbələrin qəbulu prosesinin təqvim ilinin əvvəlində aparılması və bu səbəbdən Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq niyyətində olan gənclərə ali təhsil müəssisələrinin seçimində yardımçı olmaq məqsədi daşıyır. Daha bir yenilik ondan ibarətdir ki, müvafiq siyahı qüvvəyə minənədək, yəni 10 fevral 2014-cü il tarixinə qədər xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər üçün 2013-2014-cü tədris ili üzrə təsdiq edilmiş siyahı etibarlı hesab ediləcəkdir. Təhsil Nazirliyi 2014-2015-ci tədris ili üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu prosesinin başlanması və başa çatması tarixləri haqqında ictimaiyyətə əlavə məlumat verəcəkdir. Hazırda Təhsil Nazirliyi sənəd qəbulu prosesinin daha səmərəli təşkili məqsədilə öncəki illərin təcrübəsi əsasında hazırlıq işləri həyata keçirməkdədir. Vətəndaşlardan sənəd qəbulu prosesi başlayana qədər sənədlərini Təhsil Nazirliyinə şəxsən və ya poçt vasitəsilə təqdim etməmələri xahiş olunur. Rəsmi şəkildə elan olunmuş sənəd qəbulu prosesindən kənar təqdim olunmuş heç bir sənəd nəzərə alınmayacaqdır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində ölkəmizin ali təhsil sisteminin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması hədəfləri əsasında 2014-2015-ci tədris ili üçün Dövlət Proqramına namizədlərin seçimi prosesində xarici ali təhsil müəssisələrinə magistratura və doktorantura təhsil səviyyələri üzrə qəbul olunmuş gənclərə üstünlük veriləcəkdir. Belə ki, seçim prosesi çərçivəsində bərabər göstəricilərə malik olan namizədlər arasında magistratura və doktorantura səviyyələri üzrə müraciət edən şəxslər bakalavr səviyyəsi üzrə müraciət edənlərlə müqayisədə daha böyük çəkiyə malik olacaqlar. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan gənclərinin 2014-2015-ci tədris ilində xaricdə təhsil almaları məqsədilə müəyyən edilmiş xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətləri "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan gənclərinin 2014-2015-ci tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı
08/07/2015 16:52
Fevralın 13-də “Hyatt Regency” otelinin “Quba” zalında Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yaradılacaq "SABAH" qruplarının təqdimat mərasimi keçirilib.
Mərasim iştirakçılarını salamlayan Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov "SABAH" qruplarının yaradılması zərurəti haqqında fikirlərini bildirib. "SABAH" qrupları savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunacaqdır. Təhsil naziri bildirib ki, qloballaşan dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi garşısında tamamilə yeni tələblər qoyur. Bu tələblər ali təhsil sahəsində keyfiyyətin təmin olunması üçün istedadlı, öyrənməyə güclü marağı olan tələbə və müasir tədris üsullarını mənimsəmiş müəllim amilini aktuallaşdırır. Biz Azərbaycan ali təhsil sistemində yüksək keyfiyyətli təhsil verilməsinə nail olmalıyıq. Müasir və qloballaşan dünya çevik, xarici dillərin öyrənilməsinə yer verən və innovativ təhsil sisteminin formalaşdırılmasını tələb edir. "SABAH" qruplarının fəaliyyətində əsasən, bu məsələlər nəzərə alınacaqdır. “SABAH” qruplarında müvafiq universitetlərdə çalışan müəllimlərlə yanaşı, "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış gənc kadrların potensialından da istifadə olunması nəzərdə tutulub. Təhsil naziri qeyd edib ki, “SABAH” qruplarının səmərəli fəaliyyətinin təmin olunması ilə yanaşı, bütün tələbələrin yüksək səviyyəli təhsil almasının təmin olunması qarşıda duran prioritet vəzifələrdəndir. Müasir dünyada ali təhsilə indiki qədər maraq olmayıb. Bu, qloballaşan dünyada bilik iqtisadiyyatının daha geniş təşəkkül tapması ilə bağlıdır. Bütün bunları nəzərə alaraq, işəgötürənlərlə əlaqələrin inkişafına xüsusi diqqət yetirir, bu istiqamətdə işgüzar görüşlər və müzakirələri davam etdiririk. Ali təhsil müəssisələri ilə işəgötürənlərin qarşılıqlı əməkdaşlığının genişləndirilməsi, məzunların praktik hazırlıq prosesinə cəlb olunması və onların hərtərəfli hazırlığının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Tələbələrin seçimi məsələsinə aydınlıq gətirən nazir "SABAH" qruplarının ali təhsil müəssisələri üzrə əyani şöbənin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən formalaşdırılacağını bildirib. Elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan ali məktəblərdə "SABAH" qruplarına seçilmiş tələbələrin II kursdan təhsilini davam etdirməsi nəzərdə tutulur. Sonra Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin baş məsləhətçisi Sülhəddin Gözəlov “SABAH” qruplarının yaradılması və bu baxımdan qarşıda duran vəzifələrlə bağlı təqdimat-məruzə ilə çıxış edib. Daha sonra “SABAH” qruplarının formalaşdırılması ilə bağlı media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
08/07/2015 16:52
Təhsil Nazirliyinin Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə Liseyində “Bərbər” ixtisası üzrə təhsil alan şagirdlərin tədris-istehsalat təcrübəsində müasir texnologiyalardan istifadə olunur.
Təhsil Nazirliyi və “Eldar studio” şirkətinin dəstəyi ilə cari tədris ilinin əvvəlində istifadəyə verilmiş tədris emalatxanasında şagirdlərə peşəkar mütəxəssislər tərəfindən praktiki bilik və bacarıqlar öyrədilir. Müasir avadanlıqlarla təchiz edilmiş tədris emalatxanasının dizaynında da şagirdlərin seçdikləri peşəyə daha tez uyğunlaşması üçün lazım olan zəruri amillər nəzərə alınıb. “Bərbər” ixtisası üzrə təhsil alan şagirdlərin əldə etdikləri bilik və bacarıqların yekun imtahan zamanı yeni üsulla qiymətləndirilməsi nəzərdə tutulur. Belə ki, yekun imtahanda şagirdlərin nəzəri bilikləri ilə yanaşı, həm də praktiki bacarıqları yoxlanılacaqdır. Təhsil Nazirliyinin Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə Liseyində “Bərbər” ixtisası üzrə təhsil alan şagirdlərin tədris-istehsalat təcrübəsi
08/07/2015 16:52
Fevralın 13-də “Kempinski Badamdar” otelində “Sabahın alimləri” III Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.
Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən İntel İSEF müsabiqəsində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Faktiki olaraq, bu müsabiqə dünyada şagirdlər arasında keçirilən ən nüfüzlü beynəlxalq müsabiqəyə seçim turudur. Müsabiqənin açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, İntel İSEF-in MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva, "Mədəd" təşkilatının icraçı direktoru Vüsal Xanlarov, ali təhsil müəssisələrinin rəhbərləri, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və şagirdlər iştirak ediblər. “Sabahın alimləri” III Respublika Müsabiqəsində Bakı, Sumqayıt və Naxçıvanda yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edir. Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “Mədəd” Təşkilatıdır. Müsabiqəyə elmi dəstək verən Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Qafqaz Universiteti və Naxçıvan Dövlət Universitetlərinin professor-müəllim heyəti tərəfindən gələcəyin alimləri üçün elmi ünsiyyət mühitinin formalaşmasına xüsusi diqqət yetirilir. Şagirdlərə qeyd olunan təhsil ocaqlarının laboratoriyalarındakı müasir avadanlıqlardan istifadə etmək və elmi rəhbərləri ilə birgə tədqiqat aparmaq imkanı yaradılıb. Müsabiqə 8 kateqoriya üzrə (riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri) keçirilir. Müsabiqədə 108 şagird 65 elmi layihə ilə iştirak edir. Həmin layihələrdən 36-ı kollektiv, 29-u isə fərdidir. Layihələrin qiymətləndirilməsi üçün hər kateqoriya üzrə respublikamızın aparıcı alimlərindən ibarət Münsiflər Heyəti yaradılıb. Müsabiqəyə yalnız yeni elmi ideyası, eksperimentin, mühəndis layihəsinin texniki təsviri, innovativ kompüter proqramının təsviri olan layihələr qəbul edilir. Müsabiqənin final mərhələsinə Elmi Ekspertiza Komitəsi tərəfindən baxış keçirilən və annotasiyaları təsdiq edilən layihələr buraxılır. Üç gün davam edəcək müsabiqədə layihələrin qiymətləndirilməsi və ölkəmizin görkəmli alimləri ilə şagirglərin görüşü keçiriləcək. Bakı və Sumqayıt şəhərlərindəki məktəblərin şagirdləri və müəllimləri, eləcə də media nümayəndələri layihələrlə tanış ola biləcəklər. Sonra müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək. Müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı, diplom və medal təqdim olunacaqdır. Münsiflər heyəti tərəfindən seçilmiş 5 şagird cari ilin may ayında ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində iştirak etmək imkanı qazanacaqdır.
08/07/2015 16:52
IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi, “ASAN xidmət” və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" müştərək layihəsi davam edir.
Layihənin həyata keçirilməsində əsas məqsəd ekoloji problemlərlə mübarizədə cəmiyyətin bütün təbəqələrinin iştirakını təmin etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işinin səmərəliliyini artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkil etməkdən ibarətdir. Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə çərçivəsində 13 fevral 2014-cü il tarixindən etibarən hər gün saat 15:00-dan 18:00-a qədər Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hər birində kütləvi aksiya keçirilir. Keçirilən aksiyada ictimaiyyət nümayəndələrinin, dövlət orqanlarının, qeyri-hökumət təşkilalarının və özəl müəssisələrin iştirakı ilə kağız tullantılarının “ASAN xidmət” mərkəzlərində toplanılması nəzərdə tutulur. Aksiyada iştirak etmək istəyənlər “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə istifadə olunmuş kağız və kağız məhsullarını təhvil verə bilərlər. Təhvil verilmiş hər 50 kiloqram kağız tullantısı qarşılığında isə 1 ağacın əkilməsi planlaşdırılır. Təhsil Nazirliyi də "Hər kağızı bir yarpağa dəyişək" aksiyasına fəal şəkildə qoşulub. Belə ki, aksiyanın ilk günündə - fevralın 13-də 16 ümumtəhsil, 6 ilk peşə-ixtisas və 16 orta ixtisas təhsili müəssisəsi tərəfindən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə, 2500 kiloqrama yaxın tullantı kağız təhvil verilib. Təhsil müəssisələri tərəfindən aksiyada iştirakın davam etdirilməsi nəzərdə tutulub.
08/07/2015 16:52
Təhsil Nazirliyi tərəfindən pedaqoji kadr hazırlığı aparan bir sıra kolleclərin fəaliyyəti yoxlanılıb.
Belə ki, orta ixtisas təhsili müəssisələrində pedaqoji kadr hazırlığı ilə bağlı vəziyyəti yerində araşdırmaq məqsədi ilə cari ilin yanvar ayının sonlarında Lənkəran Dövlət Humanitar, Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərində yoxlamalar keçirilib. Yoxlamalar zamanı kolleclərin fəaliyyətində akademik və maliyyə pozuntu hallarına yol verildiyi, normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı müəyyən edilib. Tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verdiyinə və imtahan sessiyasının müvəffəqiyyətlə başa çatdırılması üçün tələbələrə qarşı hüquqazidd tələblərin irəli sürülməsinə şərait yaratdığına görə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev tutduğu vəzifədən azad edilib. Tədris və imtahan proseslərinin normal gedişini təmin edə bilmədikləri üçün Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərinin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub.
08/07/2015 16:52
Təhsil Nazirliyi tərəfindən rayon və şəhərlərdəki ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində “Müstəqil Azərbaycan tarixi” mövzusunda əlavə dərslərin tədris olunmasına başlanılıb.
2014-cü ilin fevral-may aylarında tədris olunacaq dərslərin əsas məqsədi şagirdlərə müasir Azərbaycan tarixi haqqında daha dolğun və əhatəli məlumatların verilməsindən ibarətdir. Müvafiq istiqamətdə təlimin keyfiyyətinin yüksəldilməsi və məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən dərslər, eyni zamanda, şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir. Heydər Əliyev mərkəzlərində keçirilən dərsləri tədris edəcək müəllimlər, dərslərin mövzuları və qrafiki əvvəlcədən müəyyənləşdirilib. Həmçinin, müəllimlərə kömək məqsədilə müvafiq tezislər və tövsiyələr hazırlanıb.
08/07/2015 16:52
Fevralın 17-də Təhsil Nazirliyinin Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə Liseyində “Bərbər” ixtisası üzrə tədris qrupunda təhsil alan şagirdlərin istehsalat təlimindən ixtisas sınaq işlərinin nümayişi təşkil edilib.
Tədbirdə müvafiq mütəxəssislər gələcək bərbərlərin peşə bacarıqlarına yiyələnmə səviyyəsini qiymətləndiriblər. Bu prosesdən sonra təhsilalanlar 4 ay müddətində istehsalat təcrübəsi keçəcəklər. Cari ilin iyununda dövlət buraxılış imtahanından uğurla keçən şagirdlər vahid formalı dövlət sənədi – diplom ala biləcəklər. Qeyd edək ki, “Bərbər” ixtisası üzrə kadr hazırlığı 18 nömrəli Bakı Peşə Liseyi ilə “Eldar-studio” şirkəti arasında imzalanmış birgə əməkdaşlıq müqaviləsinə əsasən, həmin şirkətin peşəkar mütəxəssislərinin iştirakı ilə aparılır. Təhsilalanlar ən müasir avadanlıqlarla təchiz olunmuş tədris emalatxanasında təcrübi bilik və bacarıqlara yiyələnirlər.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı