SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Fevralın 19-da Təhsil Nazirliyində “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”ın şərhinə həsr olunmuş brifinq keçirilib.
Brifinqdə Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, Elm və ali təhsil şöbəsinin müdiri Gültəkin Hüseynova və həmin şöbənin baş məsləhətçisi Natiq İbrahimov iştirak ediblər. Təhsil Nazirliyinin nümayəndələri qeyd olunan qaydaların təfərrüatlarını açıqlayıb və müvafiq müddəaları şərh ediblər. Bildirilib ki, təhsil naziri Mikayıl Cabbarovun 14 fevral 2014-cü il tarixli əmri ilə təsdiq olunmuş yeni qaydalar "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə"nin müddəaları ilə "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nda olan ziddiyyətin aradan qaldırılması məqsədlərinə xidmət edir. Yeni qaydalar xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla bütün ali təhsil müəssisələrinə şamil olunur. Bundan sonra ali təhsilin bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçiriləcək. İndiyədək isə bu prosesləri ildə bir dəfə həyata keçirmək mümkün idi. Ali təhsilin magistratura səviyyəsində isə tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız təhsilalma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Yeni qaydalara əsasən, bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirə bilərlər. Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına isə yol verilməyəcək. Tələbələrin köçürülməsi məsələsinə gəlincə, ali təhsilin bakalavriat səviyyəsində tələbələrin ixtisasını və təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir. İxtisasın dəyişməsi və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə müvafiq təhsil proqramı (ixtisas) üzrə qəbul planı ilə müəyyən edilmiş tələbələrin say həddi gözlənilməklə aparılır. Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. Xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınır. Tələbənin təhsil aldığı ali məktəbdə eyni ixtisas üzrə təhsilalma formasını dəyişməsi də asanlaşır. Qiyabidən əyaniyə və ya əksinə keçmək üçün tələbənin rektorun adına ərizə yazması kifayətdir. Digər ali təhsil müəssisəsinə və ya ixtisasa köçürülmək istəyən tələbə müvafiq sənədləri təqdim etməklə köçürülmək istədiyi ali təhsil müəssisəsinə ərizə ilə müraciət etməlidirlər. Tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsində onun təqdim etdiyi sənədlər "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması və dünya reytinq cədvəllərindəki yeri yoxlanılır, habelə təhsil aldığı ali təhsil müəssisəsinə müvafiq sorğular göndərilməklə köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. Köçürülmə üçün əsas olmadığı hallarda ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Yeni qaydalara görə, tələbələr sırasından xaric olunmasından nə qədər müddət keçməsindən asılı olmayaraq, hər bir şəxs ali təhsil müəssisəsinə bərpa oluna bilər. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan, eləcə də hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisələrindən tələbələr sırasından xaric edilmiş şəxslərə də ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrində oxumaq imkanı verilir. Müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, ailə vəziyyətinə görə (2 il müddətinədək), səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətdə), sosial məzuniyyətə çıxdıqda (qanunvericiliklə müəyyən olunmuş müddətdə), müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə də tələbəyə akademik məzuniyyət verilir. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılır. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.
08/07/2015 16:52
Məlum olduğu kimi, Azərbaycan Respublikası 2005-ci ildə Bolonya prosesinə qoşulmuşdur.
Bolonya Bəyannaməsinin əsas tələblərindən biri – tədris prosesinin Avropa Kredit Transfer Sisteminə uyğun olaraq təşkil edilməsidir. Bu sistem tədris planlarının şəffaflığını təmin etməklə, təhsil proqramlarının ölkə daxilində və xaricində akademik tanınmasına imkan verir, tələbələrə digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır və beləliklə də tələbələrin əmək bazarında rəqabətədavamlılığını artırır. Bu sistemin tətbiqi 2006/2007-ci tədris ilindən mərhələli şəkildə olaraq ölkəmizin bir neçə ali məktəbində müəyyən ixtisaslar üzrə başlamış, hal-hazırda isə bütün ali təhsil müəssisələrini əhatə edir. Ölkəmizin ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə bağlı Təhsil Nazirliyi tərəfindən bir çox xarici ölkələrin təcrübəsi öyrənilmiş, 2006-cı ildən başlayaraq müvafiq normativ-hüquqi aktlar hazırlanıb təsdiq edilmişdir. Ölkəmizin ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasını surətləndirmək, diplomların qarşılıqlı tanınmasını təmin etmək və tələbə-müəllim mobilliyini inkişaf etdirmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” (bundan sonra-Qaydalar) təsdiq olunmuşdur. Qaydalar əvvəlki sənədlərin əsasında, Azərbaycan Respublikasının Qanunvericiliyinə və Avropa Kredit Transfer Sisteminə uyğun olaraq hazırlanmış və müvafiq dövlət qurumları ilə razılaşdırılmışdır. Tənzimləyici çərçivə sənədi kimi müasir dövrdə Avropa ölkələrinin təhsil sistemlərinə inteqrasiya və ümumavropa ali təhsil məkanına qoşulmaq baxımından bu Qaydalar mühüm əhəmiyyət kəsb edir. Qaydalar akademik uğursuzluğa görə tələbələrin universitetdən xaric olunmasını aradan qaldırır və tələbə universitetin kontingentində qalır. Bu isə tələbələrin xaric və bərpa olunma prosesi zamanı yarana biləcək bütün neqativ halları aradan qaldırır. Köhnə qaydalardan fərqli olaraq yeni qaydalara əsasən tələbə ixtisas proqramı üzrə nəzərdə tutulan müddətdə lazım olan kreditləri toplaya bilmədikdə növbəti illərdə onlar bu kreditlərin toplanması üçün illik təhsil haqqı deyil, yalnız akademik borcu olan fənnin yenidən dinlənilməsi üçün əlavə ödəniş edir. Bu ödəniş illik təhsil haqqı ilə müqayisədə nəzərəçarpacaq dərəcədə kiçikdir. Lakin yeni Qaydaların tələbələrə düzgün izah olunmaması səbəbindən bəzi hallarda bu şərt narazılığa səbəb olmuşdur. Bununla əlaqədar qeyd olunmalıdır ki, bəzi ali təhsil müəssisələri tələbənin biliyinin qiymətləndirilməsi zamanı imtahana görə balların hesablanmasında Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə əməl etmir, daha yüksək keçid balı müəyyənləşdirir bu isə öz növbəsində akademik borcların artımına gətirib çıxarır. Digər hallarda isə ali təhsil müəssisələrində ixtisas üzrə tədris planlarının düzgün tərtib olunmaması, bəzən semestr ərzində lüzum olmadan 30-dan artıq kreditlərin toplanmasını zəruri edir və bu da əlavə vəsaitin ödənilməsi tələbinə səbəb olur. Bununla bağlı Təhsil Nazirliyi bir daha bildirir ki, tələbələrin biliyi qiymətləndirilərkən minimal məqbul göstərici, imtahandan toplanan bal üzrə 17, ümumilikdə fənn üzrə 51 bal müəyyənləşdirilib. Ali təhsil müəssisələri tərəfindən tələbələrin biliyinin qiymətləndirilməsi üzrə göstərilən bu qaydalardan fərqli qaydaların tətbiqi (ixtisasın və ya fənnin xüsusiyyəti nəzərə alınmaqla) yalnız Təhsil Nazirliyi ilə razılaşdırılmaqla edilə bilər. Qeyd olunan halları aradan qaldırmaq üçün Təhsil Nazirliyi tərəfindən bütün ali təhsil müəssisələrinə müvafiq tapşırıq və tövsiyələr verilmişdir. Eyni zamanda, Təhsil Nazirliyi bildirir ki, hər hansı ali təhsil müəssisəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydaların tətbiqində qeyri-dürüstlüyə yol verilməməli, onlar tələbələrə düzgün və aydın şəkildə şərh edilməlidir. Bununla yanaşı, tələb olunan minimal bal toplamayan tələbələr üçün kredit borclarının sayından, onları təkrar yığmaq vaxtından və imkanından asılı olmayaraq istənilən halda ödənişsiz olması tələbləri də əsassızdır və heç bir normativ-hüquqi akta, sadə məntiqə və beynəlxalq təcrübəyə əsaslanmır. Təhsil Nazirliyi vurğulayır ki, ali təhsil sahəsində aparılmış islahatlar nəticəsində bütün ali təhsil müəssisələri maliyyə muxtariyyətı əldə etmişlər. Belə olan təqdirdə, ali təhsil müəssisələri öz maliyyə imkanlarından asılı olaraq müəyyən kateqoriya tələbələrin (aztəminatlı ailələrin üzvləri, əlaçılar və sair) təhsil haqqlarının ödənilməsi məqsədilə öz büdcələrində xüsusi fondların yaradılması məsələsinə baxa bilərlər. Qeyd edək ki, 24-28 fevral 2014-cü il tarixlərində ali təhsillə bağlı, o cümlədən Qaydaların tətbiqi ilə bağlı bütün suallar nazirliyin facebook səhifəsində operativ şəkildə cavablandırılacaqdır.
08/07/2015 16:52
Fevralın 24-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.
Görüş zamanı Azərbaycanla İSESKO arasında təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi, mövcud və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
08/07/2015 16:52
Fevralın 26-da Türkiyə Respublikasının milli təhsil naziri Nəbi Avcı Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarova zəng edərək Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı başsağlığı verib.
Türkiyənin milli təhsil naziri insanlığa qarşı ən böyük cinayətlərdən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsinin qardaş ölkədə də ehtiramla anıldığını bildirib. Söhbət zamanı Xocalı soyqırımının gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb, bu faciə haqqında məlumatların, Türkiyənin ümumtəhsil məktəblərində tədris edilən dərsliklərdə də əksini tapmasının əhəmiyyəti qeyd olunub. Bu mövzunun tədrisi məsələsinin xüsusi yanaşma tələb etdiyini nəzərə alaraq, müvafiq mütəxəssislərin əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglər və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Statistikaya əsasən, 10 dekabr 2013-cü il tarixindən 25 fevral 2014-cü il tarixinədək Telefon Məlumat Mərkəzinə 7889 zəng daxil olub. Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində isə yanvarın 23-dən fevralın 25-dək 5663 vətəndaşa xidmət göstərilib. Qeyd edək ki, müraciətlərin böyük əksəriyyəti sorğu xarakterli olub. Hər iki mərkəzə daxil olan 13552 müraciətdən 6585-i dərhal cavablandırılıb və operativ həll edilib. 6967 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Mərkəzlərə daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin alınması, diplomların tanınması üçün tələb olunan sənədlərin siyahısı, məktəbəqədər və ümumi təhsil, işə qəbul, təhsil müəssisələrinin təmiri və bərpası ilə bağlı məsələlər əksini tapıb. Şikayət xarakterli müraciətlər xüsusi proqram vasitəsilə qeydiyyata alınıb və nazirliyin müvafiq struktur bölmələrinə yönəldilib. Məlumat üçün onu da qeyd edək ki, cari ilin fevralında Telefon Məlumat Mərkəzinə 3090 zəng daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çoxdur. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə vətəndaşlar tərəfindən həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək daha çox müraciət olunub.
08/07/2015 16:52
Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının izahına dair təqdimatlar hazırlanıb.
Təqdimatlarda kredit sistemi ilə tədrisin təşkili qaydaları haqqında ətraflı məlumat verilir və tələbələri maraqlandıran suallar (Prerekvizit olmayan fənn üzrə akademik borc olduqda əlavə ödəniş edilirmi?,Prerekvizit fənn üzrə akademik borc olduğu halda tələbə əlavə ödəniş etməlidirmi?, Müəyyən edilmiş təhsil müddəti bitdikdən sonra akademik borclar qalarsa, bu halda nə baş verir?, Tələbələr üst illərdən fənn ala bilərmi və bu halda tələbə əlavə ödəniş etməlidirmi?) dolğun şəkildə cavablandırılır. Kredit sistemi ilə tədrisin təşkili qaydaları (videotəqdimat)
08/07/2015 16:52
Martın 1-də Şamaxıda Təhsil Nazirliyi və Milli Elmlər Akademiyasının əməkdaşlığı çərçivəsində məktəblilərlə “Əyləncəli elm” mövzusunda görüş keçirmiş, şagirdlər üçün fizika və kimyaya dair maraqlı təcrübələr nümayiş etdirilmişdir.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunmuş tədbirdə qonaqları müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Eyyub Quliyev salamlamışdır. Sonra AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov bildirmişdir ki, Təhsil Nazirliyi və AMEA birlikdə regionlarda məktəblilər arasında təhsil-elm vəhdətinin təbliğinə start verib. Şamaxıdan başlanan bu tədbirlərdən məqsəd ölkədə yetişməkdə olan gənc nəslin elmə marağının artırılmasıdır. Daha sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov təhsil-elm tandeminin populyarlaşdırılması istiqamətində bu cür tədbirlərin yüksək önəm daşıdığını söyləmiş, intellektual cəmiyyətin inkişafında gənclərin rolundan danışmışdır. Gənc alim yeniyetmələr arasında elmə marağı artırmaq üçün səyləri birləşdirməyi vacib hesab etmişdir. Vurğulamışdır ki, gənclərin potensialından səmərəli istifadə, onların elmə cəlb edilməsi prioritet istiqamətlərindəndir. Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev isə rayonda təhsilin inkişafına dövlət qayğısından bəhs etmişdir. Bildirmişdir ki, Şamaxıda 12 minə yaxın şagird təhsil alır. Onlar hər il fənn olimpiadaları, inşa yazı, bədii qiraət və digər növ yarışlarda iştirak edirlər. İntellektual gəncliyin inkişafı rayonun təhsil müəssisələri qarşısında qoyulan hədəflərdən biridir. Çıxışların ardından AMEA-nın Fizika və Kimya Problemləri institutlarının gənc alimləri əyləncəli təcrübələr nümayiş etdirmiş, məktəbliləri təəcübləndirən nümayişlərin elmi izahını vermişlər. Təcrübələrin məişət və istehsalatdakı rolu haqqında verilən məlumatlar şagirdlərin böyük marağına səbəb olmuş, çoxsaylı suallar cavablandırılmışdır.
08/07/2015 16:52
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks 496-37-61; e-mail: qaynar-xett@edu.gov.az) cari ilin sentyabr və oktyabrında 62 müraciət daxil olub.
Müraciətlərdən 3-ü sorğu xarakterli olub. “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti ümumtəhsil məktəbləri və məktəbəqədər tərbiyə müəssisələri ilə əlaqədardır. Bakı şəhər ümumtəhsil məktəblərindən 29, məktəbəqədər tərbiyə müəssisələrindən 7, Gəncə və Mingəçevir şəhər ümumtəhsil məktəblərindən 1, Abşeron rayon ümumtəhsil məktəblərindən 3, Yardımlı, Masallı və Quba rayon ümumtəhsil məktəblərinin hər birindən 2, Biləsuvar, Şamaxı, Daşkəsən, Tovuz, Ağstafa, Qazax, Xaçmaz, Zaqatala rayonlarının hər birindən 1 müraciət daxil olub. Bu müraciətlərdə yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrində yaranan problemlərdən danışılır, müəllimlər arasında dərs yükünün bölgüsü, valideynlərin yaşayış yerinin dəyişməsi ilə bağlı şagirdlərin bir məktəbdən digərinə köçürülməsi, dərsliklərlə təminat, müəllimlərin əmək haqqının hesablanması, məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulu və s. məsələlərindən bəhs olunur. Müraciətlərdən 1-i 3 saylı Bakı peşə liseyinə şagird qəbulu ilə bağlı olub. Şəki Dövlət Texniki Kolleci, Mingəçevir Tibb məktəbi və “Odlar yurdu” özəl kolleci ilə əlaqədar müraciətlərdə tələbələr sırasına bərpa, diplomun verilməsi və təyinat bölgüsü ilə bağlı məsələlərdən söz açılır. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib.
08/07/2015 16:52
Bakı şəhərindəki ümumtəhsil məktəblərində təhsil alan istedadlı şagirdlərin riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə seçim turu keçirilib.
Seçim turunu keçirməkdə əsas məqsəd istedadlı şagirdlərin aşkara çıxarılması və onların yaradıcılıq potensialının inkişaf etdirilməsini təmin etməkdən ibarətdir. Seçim turunda riyaziyyat fənni üzrə 659 nəfər V-X, fizika fənni üzrə 215 nəfər VIII-X, kimya fənni üzrə 199 nəfər VIII-X, biologiya fənni üzrə 210 nəfər VI-X, informatika fənni üzrə 235 nəfər VI-X sinif şagirdi olmaqla, ümumilikdə, 1518 nəfər iştirak edib. Seçim turunun tapşırıqları fənn olimpiadaları üzrə münsiflər heyətinin sədr və məsul katibləri tərəfindən hazırlanıb. Seçim turunda daha yaxşı nəticə göstərən şagirdlər arasında təkrar (ikinci) seçimin aparılması nəzərdə tutulub. Ən yüksək nəticə nümayiş etdirən şagirdlər xüsusi olaraq beynəlxalq fənn olimpiadalarına hazırlaşacaqlar. Həmin şagirdlərin hazırlanması işinə riyaziyyat fənni üzrə BDU-nun müəllimi, fəlsəfə doktoru Rafiq Quliyev, fizika fənni üzrə ADPU-nun fizika fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri doktoru Mirzəli Murğuzov, kimya fənni üzrə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, biologiya fənni üzrə ADPU-nun kafedra müdiri, biologiya elmləri doktoru Ədalət Fərəcov, informatika fənni üzrə BDU-nun müəllimi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Ramin Mahmudzadə rəhbərlik edəcəklər.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı