SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi tərəfindən 2 fevral – Gənclər Günü münasibətilə ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət rayon komandaları arasında mini futbol, voleybol, basketbol, şahmat, dama və stolüstü tennis üzrə yarışlar keçirilib.
Belə ki, respublikanın əksər rayon və şəhərlərini təmsil edən komandalar “Vətən” Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində mini futbol, Bakıdakı 88 nömrəli orta məktəbdə voleybol, 164 saylı orta məktəbdə basketbol, 1 saylı Uşaq-Gənclər İdman Məktəbində şahmat və dama, “Təhsil” Respublika İdman Mərkəzində stolüstü tennis üzrə güclərini sınayıblar. Mini futbol üzrə yarışlarda paytaxtın Xətai rayonunun komandası I, Nizami rayonunun komandası II, Nərimanov rayonunun komandası isə III yerə layiq gorülüb. Qızlar arasında basketbol yarışlarında Xətai rayonunun komandası I, Səbail rayonunun komandası II, Nəsimi rayonunun komandası III yeri tutub. Basketbol üzrə oğlanlar arasındakı qarşılaşmada Nəsimi rayonunun komandası I, Qaradağ rayonunun komandası II, Xətai rayonunun komandası III yerə layiq görülüb. Məktəblilərin voleybol yarışları daha gərgin mübarizə şəraitində keçib. Belə ki, qızlar arasında Xətai rayonunun komandası I, Şəki şəhərinin komandası II, Qax rayonunun komandası isə III yerə layiq oyun nümayiş etdirib. Oğlanlar arasındakı voleybol oyunlarında Salyan rayonunun komandası I, Şəki şəhərinin komandası II, Kürdəmir rayonunun komandası III yeri tutub. Şahmat üzrə məktəblilərin qarşılaşmasında Mingəçevir şəhərinin komandası I, paytaxtın Nizami rayonunun komandası II, Quba rayonunun komandası isə III yerə layiq görülüb. Dama yarışlarında Suraxanı rayonunun komandası I, Xətai rayonunun komandası II, Oğuz rayonunun komandası isə III yeri tutub. Stolüstü tennis üzrə qarşılaşmalarda Şabran rayonunun komandası I, paytaxtın Nizami rayonunun komandası II, Nərimanov rayonunun komandası isə III yerə layiq görülüb.
08/07/2015 16:52
Təhsil Nazirliyi tərəfindən ali təhsil sahəsində həyata keçiriləcək islahatların əsas prioritetləri
Azərbaycan Respublikasının Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə təhsilin bütün pillələri üzrə hər növbəti il üçün prioritetlərini əvvəlcədən elan etmək siyasətini həyata keçirir. Keçən ilin sonunda Nazirlik ümumi təhsil pilləsində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planını açıqlamışdır. Bu istiqamətdə növbəti addım olaraq, ali təhsildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı hazırlanmışdır. Sözügedən tədbirlərin keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrində şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və ali məktəblərin idarə olunmasının müasir tələblər səviyyəsində qurulmasıdır. Bu məqsədlə Təhsil Nazirliyi növbəti tədris ilində aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: 1. Ali təhsil sistemində yeni tədris mühitinin yaradılması və yüksək keyfiyyətli kadr hazırlığının təmin edilməsi məqsədi ilə dövlət ali təhsil müəssisələrində "SABAH" (savadlı, bacarıqlı, hazırlıqlı) qruplarının təşkili; 2. Ali təhsil müəssisələrinin fəaliyyətlərinin effektivliyini müəyyənləşdirən göstəricilər sisteminin işlənib hazırlanması; 3. Ölkənin sosial-iqtisadi inkişafı üçün ixtisasların prioritetliyi nəzərə alınmaqla, tələbə qəbulu planının formalaşdırılmasına dair yanaşmaların təkmilləşdirilməsi; 4. Dövlət sifarişi ilə kadr hazırlığı standartlarının yüksəldilməsi üçün dövlət sifarişində iştirak edəcək universitetlərin seçim meyarlarının hazırlanması; 5. Ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə və əmək bazarının mövcud tələblərinə cavab verən müasir kadr hazırlığının təmin edilməsi, habelə ali təhsil proqramlarının (standartlarının) Avropa məkanında tətbiq olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədi ilə bakalavr və magistr ixtisasları üzrə təhsil proqramlarına (standartlarına) yenidən baxılması; 6. Ali təhsil müəssisələrinin Avropa təhsil məkanına inteqrasiyasının təmin edilməsi üçün Bolonya prosesinin tətbiqi üzrə univesitetlərarası komitənin yaradılması; 7. Abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması və təhsilin müxtəlif səviyyələri arasında varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsi məqsədi ilə orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin ixtisas hazırlığı profili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrinə təhkim edilməsi; 8. Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün pilot qaydasında təhsil kreditlərinin tətbiqinə başlanılması; 9. Müasir və şəffaf idarəetmə modelinin qurulması ideyasını rəhbər tutaraq, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ bazanın təkmilləşdirilməsi və korporativ idarəetmə prinsiplərinin tətbiqi; 10. Maliyyə resurslarının istifadəsində səmərəliliyin və şəffaflığın artırılması məqsədi ilə dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqinin genişləndirilməsi; 11.Təhsilalanların hüquqlarının qorunması və aparılan tədrisin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması.
08/07/2015 16:52
Bu günlərdə “Hyatt-Regency” otelində “Dünyaya Baxış” təşkilatının Azərbaycandakı fəaliyyətinin 15 illiyi münasibəti ilə tədbir keçirilib.
Təhsil nazirinin müavini Elmar Qasımov mərasimdə çıxış edərək “Dünyaya baxış” təşkilatının ölkəmizdə gördüyü işlərdən danışıb və bu qurumu yubiley münasibətilə təbrik edib. Tədbirdə “Dünyaya Baxış” təşkilatının rəhbərliyi, Təhsil Nazirliyinin və digər dövlət qurumlarının əməkdaşları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Sonda iştirakçılara təşkilatın 15 illik fəaliyyətini əks etdirən qısa film təqdim olunub. Qeyd edək ki, “Dünyaya Baxış” təşkilatı 1994-cü ildən qaçqın və köçkünlərə ərzaq yardımı etməklə fəaliyyətə başlayıb. Bu təşkilat sığınacaqların tikilməsi və bərpası, icmaların təşkil olunması, mikro-maliyyə, təhsil müəssisələrinin təmir və tikintisi, inklüziv təhsil, eləcə də digər inkişafyönümlü layihələrlə işini davam etdirməkdədir. “Dünyaya Baxış” təşkilatı müxtəlif istiqamətlər üzrə 7 layihə həyata keçirir. Həmin layihələrdən ikisi təhsil sahəsində Dövlət Proqramlarının icrasına yardım etmək məqsədini daşıyır və Təhsil Nazirliyi ilə birgə həyata keçirilir.
08/07/2015 16:52
Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyevlə müsahibə
Sual: Məlumdur ki, Təhsil Nazirliyi ötən il ümumi təhsil sahəsi üzrə əsas prioritetləri açıqlamışdı. Bu il isə ali təhsil sahəsində həyata keçiriləcək islahatların elan edilməsi müvafiq istiqamətdə mühüm dəyişikliklərin aparılacağından xəbər verir. Elə bir müddət öncə mətbuatda dövlət ali məktəblərində təhsil alan savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət “SABAH” qruplarının yaradılması barədə məlumatlara rast gəlmişdik. Bu qrupların təşkili necə aparılacaqdır? Cavab: Ai təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində "SABAH" qruplarının təşkil edilməsi zəruri məsələdir. "SABAH" qrupları 5 ixtisas qrupuna daxil olan ixtisaslar üzrə əyani formada I kursuən yüksək nəticələrlə bitirmiş tələbələrdən seçmə yolu ilə formalaşdırılacaq. Bu proses Təhsil Nazirliyinin tabeliyindəki 20 ali təhsil müəssisəsindən 15-ni, 150-yə yaxın ixtisasdan 53-nü əhatə edəcək. Tələbələrin əhatəlilik dərəcəsi isə təhsil ixtisas qrupunda – 79,5%, humanitar və sosial ixtisas qrupunda–67,5%, iqtisadiyyat və idarəetmə ixtisas qrupunda – 57,3%, təbiət ixtisas qrupunda – 87,8%, texniki və texnoloji ixtisas qrupunda – 49,5% təşkil edir. Bütövlükdə 15 ali təhsil müəssisəsində əyani formada təhsil alan 21540 tələbədən 14959 nəfərinin bu proseslə əhatə olunması nəzərdə tutulur. Müxtəlif ali təhsil müəssisələrində formalaşan "SABAH" qruplarının aid olduğu ixtisaslar üzrə kadr hazırlığı, elmi-pedaqoji potensialı, tədris laboratoriya və maddi-texniki bazası yüksək olan ali məktəblərdə II kursdan təhsilini davam etdiriləcəkdir. "SABAH" qruplarına tələbələrin seçilməsi müxtəlif aspektləri nəzərə alan xüsusi metodikaya uygun aparılacaq. Sual: Bəs ali təhsil müəssisələrinin fəaliyyətlərinin effektivliyini müəyyənləşdirən göstəricilər sisteminin işlənib hazırlanması dedikdə, nə nəzərdə tutulur? Cavab: Ali təhsil müəssisələrinin fəaliyyətinin effektivliyinin ölçülməsi bir çox səbəblərə görə aktualdır. Onlardan ən başlıcası cəmiyyətdə ali təhsilə olan böyük tələbatdır. Həmin göstəricilər ilk növbədə abituriyentləri, onların valideyinlərini, həmçinin, bu və ya digər ali təhsil müəssisəsində təhsilini davam etdirmək istəyənləri maraqlandırır. Bununla yanaşı, bu məlumatlar işəgötürənlər, təhsil idarəetmə orqanları və ali təhsil müəssisələrinin özləri üçün də istiqamətverici rolu oynayır. Ali təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyini, eləcə də reytinqini müəyyənləşdirən indikatorlar: təhsil verənlərin intellektual potensialı, maddi-texniki baza, təhsilin keyfiyyəti, kadr hazırlığının peşəkarlığı, elmi tədqiqatların aparılması, beynəlxalq aləmdə tanınmaqdan ibarətdir. Bununla yanaşı, ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin səmərəliliyi məzunların seçdikləri ixtisas üzrə işlə təmin olunmasını təmin edə biləcək keyfiyyətli təhsil alması, nəticədə müvafiq bilik, bacarıq və vərdişlər qazanmaqla məzunlarının ixtisas üzrə işlə təmin olunmalarıdır. Sual: Tələbə qəbulu planının formalaşdırılmasına dair yanaşmaların təkmilləşdirilməsini necə başa düşmək olar? Cavab: Ali təhsilin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulu planı hazırlanarkən ölkənin sosial-iqtisadi inkişafı, kadr tələbatı və ixtisasların prioritetliyi təhlil olunmalıdır. Burada yanaşma ondan ibarətdir ki, keyfiyyətli təhsil vermək imkanlarına, maddi-texniki şəraitlərinə, elmi-pedaqoji heyətin potensialına görə bütün ali təhsil ocaqları, istər dövlət, istər özəl olmaqla, iki qrupa bölünməlidir - milli statuslu universitetlər və adi universitetlər. Dövlət sifarişi yalnız milli statuslu universitetlər arasında bölüşdürülməli, eyni zamanda bura qəbul olunmaq istəyən abituriyentlər üçün yüksək keçid balı müəyyənləşdirilməlidir. Adi universitetlərin keçid balı minimal səviyyədə saxlanılmalı, eyni zamanda ödənişli təhsil üzrə qəbul planı tədricən ləğv edilməlidir. Bu, yüksək reytinqə və daha yaxşı təhsil vermək imkanlarına malik ali məktəblərin hazırlıqlı kontingent ilə təmin edilməsinə zəmin yaradacaqdır. Digər tərəfdən, ali təhsil almaq istəyən və minimal tələblərə cavab verən hər bir şəxs təhsilini adi universitetlərdə davam etdirmək imkanı qazanacaqdır. Fəaliyyət göstəricilərindən asılı olaraq ali təhsil müəssisələri bir kateqoriyadan digərinə keçə biləcəklər. Sual: Burada bir məsələyə aydınlıq gətirməyinizi xahiş edəcəyik. Dövlət sifarişi ilə kadr hazırlığı standartlarının yüksəldilməsi üçün bu prosesdəiştirak edəcək universitetlərin seçim meyarlarının hazırlanması hansı məqsədi güdür? Cavab: Məlum olduğu kimi, 2010-2011-ci tədris ilindən başlayaraq ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçirilir. Dövlət sifarişinin formalaşdırılmasında mövcud əmək bazarının xüsusiyyətləri və ölkənin perspektiv inkişafı amilləri nəzərə alınmalıdır. Bununla əlaqədar ali təhsilin bakalavriat və magistratura səviyyələrində dövlət sifarişinin həddi müəyyənləşdirilərkən ali təhsil müəssisələrinin elmi-pedaqoji potensialı, maddi-texniki və tədris-laboratoriya bazalarının mövcud vəziyyəti ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişafı üçün bu və ya digər ixtisasların prioritetliyi, habelə müvafiq dövlət qurumları tərəfindən ayrı-ayrı ixtisaslar üzrə verilmiş real tələbat əsas götürülməlidir. Təhsil Nazirliyi həmin real tələbatı təmin etmək iqtidarında olan universitetlər arasında seçim aparılması üçün obyektiv meyarların işlənib hazırlanmasını, bu prosesə rəqabəti stimullaşdıran elementlərin daxil edilməsini məqsədəmüvafiq hesab edir. Sual: Ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə və əmək bazarının mövcud tələblərinə cavab verən müasir kadr hazırlığının təmin edilməsi ən önəmli məsələlərdəndir. Bunun üçün ali təhsil proqramlarının (standartlarının) Avropa məkanında tətbiq olunan müvafiq sənədlərə uyğunlaşdırılması məqsədilə bakalavr və magistr ixtisasları üzrə təhsil proqramlarına (standartlarına) yenidən baxılması haqqında nə deyə bilərsiniz? Cavab: Ali təhsilin Avropa məkanına inteqrasiyası ilə bağlı təhsil proqramları özündə məzunların bilik, bacarıq və vərdişlərini əks etdirməlidir. Bununla yanaşı təhsil proqramları peşə kompetensiyalarını müəyyən etməlidir. Bu sənəddə təhsilalanın ixtisas xarakteristikası və kompetensiyası, eləcə də təhsilin məzmununa qoyulan minimum tələblər, peşə fəaliyyətinin xarakteristikası və əsas istiqamətlər, peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər müəyyənləşdiriləcəkdir. Bu da fərqlilikləri idarə edə, çoxlu ehtimalları araşdıra bilən, sürəkli öyrənən insan resurslarının yetişdirilməsini ehtiva edir. Beləliklə, təhsil proqramları daha dinamik bir yanaşma ilə həyatboyu öyrənməyə, inkişafa açıq olmaq məqsədlərini əks etdirməlidir. Bu məqsədlə də təhsil proqramları (kurikulimlar) bacarıqlar əsasında formalaşmalıdır. Sual: Ali təhsil müəssisələrinin Avropa təhsil məkanına inteqrasiyasının təmin edilməsi üçün Bolonya prosesinin tətbiqi üzrə univesitetlərarası komitənin işi nədən ibarət olacaq? Cavab: Avropa təhsil məkanına ali təhsil müəssisələrinin inteqrasiyasını təmin etmək üçün Bolonya prosesinin ölkəmizdə tətbiqini koordinasiya edən, tələbələrin və müəllimlərin mobilliyinə şərait yaradılmasına imkan verən və bununla bağlı hesabatları hazırlamaq, eləcə də normativ hüquqi sənədləri təkmilləşdirmək məqsədilə Təhsil Nazirliyində universitetlərarası komitənin yaradılması nəzərdə tutulur. İşçi qrupu Bolonya prosesinin müddəalarının ölkəmizdə tətbiqi ilə bağlı Təhsil Nazirliyinə mütəmadi təkliflər verəcək və cəmiyyəti bu sahədə maarifləndirəcəkdir. Sual: İslahatlarda abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması, təhsilin müxtəlif səviyyələri arasında varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsi, bu məqsədilə orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin ixtisas hazırlığı profili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrinə təhkim edilməsi qeyd olunur. Bu məsələyə münasibət bildirməyinizi xahiş edirik. Cavab: Peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması təhsilin istehsalata inteqrasiyasını gücləndirir, peşə seçimi sistemində rəqabət mühiti yaradır. Təhsilalanların daha üstün təhsil pilləsinə keçidini təmin etmək üçün motivasiya yaratmaq, ixtisas hazırlığı profilini məqsədəuyğun planlaşdırmaq və ali təhsil müəssisələrinin akademik gücündən orta məktəb, ilk peşə və orta ixtisas təhsili müəssisələri arasında varislik ruhunda yararlanmaq üçün təhsilin müxtəlif pillələri arasında üzvü əlaqə vacibdir. İnkişaf etmiş təhsil sistemlərində vahid təhsil şəbəkəsi dedikdə, həm də təhsilin müxtəlif pillələrinin eyni strateji həlqədə birləşməsi nəzərdə tutulur. Sınaqdan keçmiş bu təcrübə təhsilalanların uğurlu karyera inkişafına və ixtisaslaşmasına zəmin yaradır. Bu təcrübədən çıxış edərək ali təhsil müəssisələrinin təhsilin digər pillərinə ixtisas hazırlığı profili nəzərə alınmaqla varislik və şəbəkələşmə prinsipi əsasında fəaliyyətinin təşkili effektiv nəticələr verilməsinə böyük ümid yaradır. Sual: Bu gün təhsil kreditlərinin verilməsi gündəmdə olan məsələlərdəndir. Təhsil Nazirliyində bu istiqamətdə görüləcək işlərin mahiyyəti nədən ibarət olacaqdır? Cavab: Aztəminatlı ailələrdən olan gənclərin ali təhsil almaq imkanlarının artırılması üçün yalnız maliyyələşdirmə məsələsinin həlli kifayət deyil, bu mürəkkəb problemə kompleks yanaşma tələb olunur. AKTS (Avropa Kredit Transfer Sistemi) vasitəsi ilə ali məktəblərdə maliyyə, idarəçilik və tədris mexanizminin çevikliyinin təmin edilməsi ilə tələbənin həm fərdi öyrənmə tempini, həmdə ödəmə imkanları sinxronlaşacaq. Bundan əlavə, tələbənin kreditlər üzrə ödəmələri yeni mexanizmlərinin yaradılması və tətbiqinə imkanlar yaradacaq. Nəticədə, ödənişli təhsil alan tələbələrin təhsil müddətini artırmaq imkanı yaranacaqdır. Bu tədris prosesinin yenidən qurulmasını, maliyyələşdirmə mexanizminin yaradılmasını və insan resursları imkanlarını artırılmasına ehtiyac yaradacaqdır. Belə bir mexanizm yeni şəffaf məsuliyyət sisteminin mövcudluğunu tələb edəcəkdir. Bu mexanizm ömürboyu təhsil və tədrisin iş bazarıilə əlaqəsini daha da möhkəmləndirəcəkdir. Sual: Müasir və şəffaf idarəetmə modelinin qurulması ideyasını rəhbər tutaraq, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ bazanın təkmilləşdirilməsi və korporativ idarəetmə prinsiplərinin tətbiqi barədə nə deyə bilərsiniz? Cavab: Ali təhsildə müasir və şəffaf idarəetmə modelinin qurulması və korporativ idarəetmə prinsiplərinin tətbiqi təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini tələb edir. Bu baxımdan ali təhsil müəssisələrində təhsil prosesinin iştirakçıları arasında münasibətlərin yenilənməsi, tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması, fəaliyyətin monitorinqi və qiymətləndirilməsinə yenidən baxılması zəruridir. Burada ali təhsilin idarəolunmasında elmi şuraların roluna yenidən baxılmalı, idarəetmənin ictimailəşməsi prosesi sürətlənməlidir. Maraqlı tərəflərin cəlb olunması ilə həyata keçiriləcək səmərəli idarəetmə, ilk növbədə, tələbə və təhsil prosesinin digər iştirakçılarını (işəgötürənlər, valideynlər, QHT nümayəndələri və sair) geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir. Sual: Maliyyə resurslarının istifadəsində səmərəliliyin və şəffaflığın artırılması məqsədi ilə dövlət ali təhsil müəssisələrində maliyyə hesabatlılığı sisteminin tətbiqinin genişləndirilməsi üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verməyinizi xahiş edirik. Cavab: Bu məqsədlə dövlət ali təhsil müəssisələrində maliyyə resurslarının istifadə olunmasında səmərəliliyin və şəffaflığın artırılması məqsədilə müxtəlif analitik və təhlil xarakterli məlumatları özündə tam əks etdirən əlavə sistemdaxili maliyyə hesabatı formalarının tətbiqi, dövlət ali təhsil müəssisələrinin əmlak və maliyyə vəziyyətini özündə əks etdirən göstəricilər hazırlanması və həmin göstəricilər sistemi əsasında əlavə maliyyə hesabatı formalarının müəyyənləşdirilməsi, eləcə də hesabat formalarının tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Sual: Təhsilalanların hüquqlarının qorunması və tədrisin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması necə dərk olunur? Cavab: Təhsil müəssisələrinin akkreditasiya sisteminin yaradılması dedikdə, təhsil sistemi inkişaf etmiş dövlətlərin akkreditasiya mexanizmlərinin ölkəmizdə tətbiqi, təhsil müəssisələrinin özlərinin akkreditasiyadan keçməsində maraqlı olmalarının stimullaşdırılması, özünütəhlil işinin daha da yaxşılaşdırılması nəzərdə tutulur. Eyni zamanda akkreditasiyadan keçmiş ali təhsil müəssisələrində təhsilalmanın üstünlüyünün təşviqi, akkreditasiyanın institusional (təhsil müəssisəsinin ümumi akkreditasiyası) və proqram (ayrı-ayrı ixtisasların akkreditasiyası) üzrə aparılması, ölkəmizdə tətbiq olunan təhsil proqramlarının digər dövlətlərin təhsil proqramları və keyfiyyət meyarları ilə müqayisə edilməsi də bu sistemə daxildir.
08/07/2015 16:52
Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayon sakinlərinin nəzərinə!
10 fevral 2014-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Cəlilabad şəhərindəki Olimpiya İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna müraciət edərək və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts vasitəsilə qeydiyyatdan keçə bilərlər.
08/07/2015 16:52
27-28 oktyabr 2009-cu il tarixlərdə “Oriqamı” uşaq və yeniyetmələr ictimai birliyi “Uşaqlara şən, sağlam həyat bəxş edək!” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri üçün 2 günlük seminar keçirib.
140 saylı orta məktəbdə keçirilən təlimdə 156, 183, 237, 282 və 290 saylı orta məktəblərin, eləcə də Uşaq-gənclər idman məktəbinin fiziki tərbiyə müəllimləri iştirak edib. Təlimin keçirilməsində məqsəd Suraxanı və Əzizbəyov rayonlarında xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin idmana cəlb edilməsi ilə onların hərəkət fəaliyyətini artırmaq və inkişaf etdirməkdən ibarət olmuşdur. Məlumat üçün qeyd edək ki, 2009-cu dərs ilindən Təhsil Nazirliyi Böyük Britaniyanın İdman Şurası, YUNİSEF, “Ümidli Gələcək” Gənclər Təşkilatı ilə birgə “Uşaqlara şən, sağlam həyat bəxş edək!” layihəsini həyata keçirir. “Oriqami” təşkilatı da bu layihə çərçivəsində qeyd olunan qurumlarla yaxından əməkdaşlıq edir.
08/07/2015 16:52
Fevralın 6-da Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin (“Qaynar xətt” xidməti) və Vətəndaşların Qəbulu Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirilib.
Mərkəzlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” fərmanından və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edir. Müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemləri ilə təchiz edilmiş hər iki mərkəz Təhsil Nazirliyinin struktur bölmələri və müvafiq təhsil qurumları ilə elektron qaydada əlaqələndirilib. Mərkəzlər təhlil imkanına malik informasiya sistemləri ilə təmin olunub. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edən vətəndaşlara metodiki və maarifləndirici məlumatlar verilir, onlara müxtəlif növ hüquqi yardımlar göstərilir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən mərkəzlər həftənin 5 günü saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq vətəndaşlara xidmət edir. Mərkəzlərə daxil olan müraciət, şikayət və təkliflər xüsusi məlumat bazasına daxil edilir, elektron formada Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə yönəldilir. Müraciət, şikayət və təkliflər araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir. Məlumat bazasında qeydlər aparılır və müraciətlər bazanın arxivinə yönləndirilir. Bundan əlavə, məlumat bazasında axtarış sistemi yaradılıb. Burada hər bir vətəndaşın müraciətini və onun Təhsil Nazirliyinə müraciətlərinin sayını axtarış meyarları əsasında tapmaq mümkündür. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olan müraciətlərin gündəlik statistikası aparılaraq təhlil edilir. Hər iki mərkəzin fəaliyyəti üzrə toplanan statistik məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır. Mərkəzlərə xüsusi təlim keçmiş əməkdaşlar cəlb olunub. Xidmət səviyyəsinin və keyfiyyətin yüksəldilməsi üçün müasir avadanlıqlar vasitəsilə video-audio nəzarət aparılır və hər bir əməkdaşın fəaliyyəti xüsusi meyarlar əsasında qiymətləndirilir.
08/07/2015 16:52
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə "İçərişəhər" intellektual oyunlar klubunda "Nə? Harada? Nə zaman?" məktəb liqasına start verilib.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "İçərişəhər" intellektual oyunlar klubu bu layihə çərçivəsində ölkə üzrə ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdlərinin əyləncəli intellektual hərəkata cəlb olunmasını nəzərdə tutur. Məktəb liqasının ilk oyununda 11 komanda iştirak edib. Bakı şəhərindəki Zərifə Əliyeva adına liseyi təmsil edən «Birlik» komandası 24 sualdan 17-nə düzgün cavab verərək qalib adına layiq görülüb. Məktəb liqasının ikinci oyununda iştirakçı komandaların sayının ikiqat artacağı gözlənilir. Yarışda iştrak etmək istəyənlər au@gametv.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.
08/07/2015 16:52
Oktyabrın 31-də “Hyatt-Regency” otelində Malayziya universitetlərinin növbəti təhsil sərgisinin açılış mərasimi keçirilib.
İkigünlük sərgidə Təhsil Nazirliyinin və Malayziya universitetlərinin nümayəndələri, ali məktəb müəllimləri, elm adamları və tələbələr iştirak edib. Sərginin açılışında çıxış edən təhsil naziri Misir Mərdanov öncə tədbir iştirakçılarını salamlayıb. Nazir bu sərginin Malayziya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin daha da inkişafı, müəllim, tələbə və şagirdlərimizin Malayziya universitetləri və ali təhsil sistemi ilə daha yaxından tanış ola bilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Azərbaycan-Malayziya arasındakı əməkdaşlığın sürətlə inkişafından danışan Misir Mərdanov bundan sonra da təhsil sahəsində olan əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, sərginin işinə uğurlar arzulayıb. Sonra Malayziya nümayəndə heyətinin rəhbəri, Malayziya Ali Təhsil Nazirliyinin Ali təhsil departamentinin müdir müavini Siti Hamisah Tapsir çıxış edərək göstərilən dəstəyə və bu əməkdaşlığa görə minnətdarlıqlarını bildirib. Tədbirdə Malayziya universitetlərinin təmsilçiləri tədbir iştirakçılarını maraqlandıran suallara cavab veriblər.
08/07/2015 16:52
Fevralın 10-da təhsil naziri Mikayıl Cabbarov Cəlilabad şəhərindəki Olimpiya İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Cəlilabad, Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, məktəb binalarının inşası, ümumi təhsil müəssisələrinin internetlə təminatı, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, xaricdə təhsil, xüsusi təyinatlı ali məktəblərdən səhhətinə görə xaric olunmuş şəxslərin təhsilini davam etdirməsi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil, ümumi təhsil məktəblərinin və ali təhsil müəssisələrinin rəhbərlərindən şikayət, dövlət təltifləri, dərslik və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 80 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı