SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Noyabrın 19-da təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşüb.
Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov belə bir görüşdən məmnunluq duyduğunu ifadə edib. Nazir Azərbaycanla Livanın qarşılıqlı münasibətləri zəminində digər istiqamətlərlə yanaşı, təhsil sahəsində də əlaqələrin inkişafına inamını ifadə edib. Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah səmimi qəbula görə təşəkkürünü bildirib və ölkəsinin təhsil sahəsində də Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu nəzərə çatdırıb. Livanın təhsil sistemi, ali məktəbləri barədə məlumat verən qonaq qarşılıqlı tələbə mübadiləsinin məsələsinə toxunub, bu istiqamətdə əməkdaşlığa ehtiyac duyduqlarını nəzərə çatdırıb. Azərbaycanın ali məktəblərində Livan vətəndaşlarının keçmiş sovetlər dövründə də təhsil aldıqlarını xatırladan təhsil naziri Misir Mərdanov bu baxımdan respublikamızda bu gün daha geniş imkanların olduğunu vurğulayıb. Odur ki, öncə hər iki ölkənin hökumətləri arasında müvafiq razılığın əldə olunması məsələsinə diqqət çəkən nazir, eyni zamanda ali məktəblərin qarşılıqlı əlaqələri və tanışlıq xarakterli səfərlərin təşkili haqda fikirlərini bildirib. Ölkəmizin təhsil sistemi haqqında söz açan Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi qayğısı sayəsində son illər ərzində 2000-dən çox orta məktəbin inşa olunduğunu və əsaslı təmir edildiyini vurğulayıb. Təhsil naziri qeyd edib ki, sosial-iqtisadi yüksəlişinə görə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın dinamik inkişaf göstəriciləri BMT-nin və digər beynəlxalq qurumların müvafiq hesabatlarında da əksini tapıb. Nazir BMT-nin 2010-cu il üzrə İnsan İnkişafı Hesabatında Azərbaycanın 34 pillə irəliləyərək 169 ölkə arasında 67-ci pilləyə yüksəlməsini, əhalinin savadlılıq səviyyəsinin 99,5 faiz təşkil etməsini həyata keçirilən islahatların aydın təzahürü kimi dəyərləndirib. Misir Mərdanov bütün bu uğurların işğalçı Ermənistan tərəfindən 20 faizdən çox torpaqlarımızın zəbt edildiyi və həmin ərazilərdəki 800 təhsil müəssisəsinin ermənilər tərəfindən tamamilə dağıdıldığı bir şəraitdə qazanıldığını da nəzərə çatdırıb. Daha sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Noyabrın 22-də “Gülüstan” sarayında Heydər Əliyev Fondunun dəstəyi, Təhsil Nazirliyi, YUNESKO, “Mikrosoft” və “İntel” korporasiyalarının təşkilatçılığı ilə “Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.
Macarıstan, Norveç, Böyük Britaniya və digər ölkələrdən olan nümayəndələrin iştirak etdiyi konfrans çərçivəsində günün birinci yarısında Azərbaycan Dillər Universitetində “Ali təhsildə e-tədris”, 132-134 saylı təhsil kompleksində “Milli İKT və Təhsil Strategiyasının inkişafı”, Elitar Gimnaziyada isə “Müəllim və şagirdlər üçün birin-birə təhsil” mövzusunda seminarlar təşkil olunub. Seminar iştirakçıları həmçinin video-konfranslarda iştirak ediblər. Konfransın açılışında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, Prezident İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində Azərbaycanda təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə geniş tədbirlər həyata keçirilir. Məruzə-təqdimatında “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” çərçivəsində 3693 məktəbdə iş aparıldığını vurğulayan nazir bu müddətdə məktəblərə 30 mindən çox kompüter verildiyini, 1722 təhsil ocağında kompüter siniflərinin yaradıldığını nəzərə çatdırıb. Misir Mərdanov 2005-2007-ci illərdə Bakı, Sumqayıt və Gəncə şəhərlərində 7500-dən çox müəllimin təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə treninqlərə cəlb olunduğunu qeyd edib. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlərdən söz açan nazir təhsil sistemində İKT infrastrukturunun inkişafı, təhsildə elektron idarəetmə məsələsinin həlli, müəllimlərin İKT bacarıqlarının artırılması, normativ hüquqi bazanın daha da təkmilləşdirilməsi istiqamətində görülmüş işlərdən bəhs edib. Misir Mərdanov nazirliyin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin, eləcə də bütün məktəblərin internetlə təmin olunmasını və kontent filtrasiyasının həyata keçirilməsini təmin edəcək Məlumat və Resurs Mərkəzinin yaradılmasının əhəmiyyəti barədə fikirlərini bildirib. Azərbaycanda internet istifadəçilərinin 10 faizinin təhsil sisteminin payına düşdüyünü qeyd edən nazir Dövlət Proqramı çərçivəsində 30 tədris müəssisəsində “elektron məktəb” pilot layihəsinin həyata keçirildiyi, 2010-cu ilə qədər 55 min 680 müəllimin İKT vərdişlərinə yiyələndiyi, Proqramın sonunadək bu rəqəmin 114 min nəfərə çatdırılmasının planlaşdırıldığı barədə məlumat verib. Misir Mərdanov bildirib ki, indiyə qədər təxminən 9 min müəllim Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, eləcə də “Microsoft” və HP korporasiyaları ilə birgə həyata keçirilən və ölkə əhalisinin güzəştli şərtlərlə kompüterlərlə təmin olunması məqsədini daşıyan “Xalq kompüteri” layihəsindən yararlanıb. Təhsil naziri onu da qeyd edib ki, hazırda informatika fənni ibtidai siniflərdə də tədris olunduğu üçün hər bir şagirdin kompüterlə təmin olunması məsələsi daha da aktuallaşıb. “İnformasiya-kommunikasiya texnologiyalarının sosial-iqtisadi və insan resursunun inkişafında xüsusi rolu” mövzusunda məruzə-təqdimatla çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə İKT-nin təhsildə tətbiqini informasiya texnologiyalarının inkişafının ən mühüm istiqamətlərindən biri olduğunu söyləyib. Təhsildə informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsini gələcəyə yönəlmiş mühüm addım kimi dəyərləndirən Elmir Vəlizadə ölkəmizin ali təhsil müəssisələrində ixtisasların təxminən 8 faizinin bilavasitə İKT ilə bağlı olduğunu vurğulayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təhsildə İKT-nin tətbiqi sahəsində bilavasitə fəaliyyətindən söz açan nazir müavini onu da diqqətə çatdırıb ki, hazırda 145 azərbaycanlı tələbə nazirliyin hesabına dünyanın aparıcı universitetlərində təhsil alır. YUNESKO-nun İKT üzrə məsləhətçisi Marius Lukosiunas “Müəllimlərin savadlılığı üzrə YUNESKO proqramı” barədə ətraflı məlumat verib. O, təşkilat tərəfindən bütün dünyada İKT üzrə yaradılan 700-dən çox mərkəzdə 1 milyondan çox adamın təlim keçdiyini bildirib. Daha sonra Macarıstanın sabiq təhsil naziri Balint Magyar, “Microsoft” korporasiyasının rəsmisi Coys Fernandes və Edinburq Universitetinin professoru Çarlz Anderson təqdimatlarla çıxış edib, İKT-nin tətbiqinin bütün sahələrin inkişafı, insan kapitalının formalaşdırılması, məhdudiyyətsiz təhsil almaq baxımından müsbət rolu barədə fikirlərini söyləyiblər.
08/07/2015 16:52
Noyabrın 25-də Təhsil Nazirliyində “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası” mövzusunda müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qeyd olunan sənədin əhəmiyyətli cəhətlərini vurğulayaraq bildirib ki, ilk dəfə olaraq əlavə təhsilin bütün istiqamətləri üzrə tənzimləyici qaydalar bu sənəddə öz əksini tapıb. Nazir həmin sənəddə əlavə təhsilin hər bir istiqaməti üzrə məzmunun çərçivəsi, təhsilə cəlb olunanlar, monitorinq və qiymətləndirmə, verilən təhsil sənədi, maliyyə mənbəyi, eləcə də digər məsələ və qaydalar haqqında məlumat verib, əlavə təhsilin ümumi müddəaları ilə müşavirə iştirakçılarını tanış edib. Eyni zamanda əlavə təhsilin fəaliyyət istiqamətlərindən söz açan Misir Mərdanov iхtisasartırma, yenidənhazırlanma, stajkeçmə, kadrların təkmilləşdirilməsi, təkrar ali və təkrar оrta iхtisas təhsili üzrə mövcud vəziyyət barədə ətraflı danışıb, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsilinin Azərbaycan təhsili üçün yeni olduğunu vurğulayıb. Qeyd olunub ki, dərəcələrin yüksəldilməsi təhsili orta ixtisas təhsili müəssisələrini bitirmiş və subbakalavr dərəcəsi almış kadrların uyğun ixtisaslar üzrə bakalavr səviyyəsinə hazırlığını nəzərdə tutan, yaşlıların təhsili isə vətəndaşların fasiləsiz olaraq cəmiyyətdə və iqtisadiyyatda baş verən dəyişikliklərə uyğunlaşmasını təmin edən təhsil növüdür. Təhsil naziri Misir Mərdanov yeni qaydaların tətbiqi ilə əlaqədar hazırlanmış və hazırlanacaq sənədlər, qarşıda duran vəzifələrdən də bəhs edib. Sonda sənəddə göstərilən hər bir məsələ üzrə iştirakçıların rəy və təklifləri dinlənilib, müvafiq istiqamətdə hər kəsin istəyinə uyğun təhsil ala bilməsi üçün imkanların genişləndirildiyi bildirilib.
08/07/2015 16:52
Noyabrın 27-də Biləsuvar rayonunun İsmətli kəndində 640 yerlik yeni orta məktəbin açılış mərasimi olub.
İlk öncə təhsil naziri Misir Mərdanov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonun mərkəzində yerləşən Heydər Əliyev Parkında şəhidlərin və ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Yeni inşa olunmuş orta məktəbin açılış mərasimində çıxış edən nazir bildirib ki, belə bir tədris ocağının istifadəyə verilməsi İsmətli kəndinin həyatında əlamətdar hadisədir. Son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda ciddi islahatların aparıldığını vurğulayan Misir Mərdanov əldə olunan bütün uğurların müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan strateji kurs sayəsində mümkün olduğunu nəzərə çatdırıb. Dövlət başçısının davamlı diqqət və qayğısı sayəsində yaxın zamanlarda Azərbaycanda təhsil sahəsində mövcud olan bütün problemlərin həllini tapacağını qeyd edən təhsil naziri yeni məktəbin kənd sakinlərinə, müəllimlərə, şagirdlərə müvəffəqiyyətlə xidmət edəcəyinə əminliyini bildirib. Məktəbi tikməklə yanaşı, onu qoruyub saxlamağın da zəruri olduğunu söyləyən nazir tədris ocağında təlim–tərbiyənin ən yüksək səviyyədə aparılması üçün yaradılan şəraitə diqqət çəkib. Təhsil sahəsində keyfiyyət amilinin daim öndə dayandığını bildirən təhsil naziri Misir Mərdanov deyib ki, hazırda ictimaiyyət təhsil işçilərindən daha səmərəli fəaliyyət göstərməyi tələb edir. Yeni məktəbin kəndin elm məbədinə, mədəniyyət mərkəzinə çevriləcəyinə inandığını bildirən Misir Mərdanov İsmətli kəndinin bütün sakinlərini təbrik edib, tədris ocağının pedaqoji kollektivinə, şagirdlərə uğurlar arzulayıb. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və İsmətli kənd sakini, məktəbin valideyn komitəsinin sədri Musaxan Əliyev də çıxış ediblər. Sonda şagirdlər ulu öndərə, Vətənə, məktəbə aid şeirlər söyləyib və onların ifasında ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
08/07/2015 16:52
Avropa Təhsil Fondunun təşkilatçılığı ilə İtaliyanın Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib.
Avropa Təhsil Fondunun təşkilatçılığı ilə 23-24 noyabr tarixlərində İtaliyanın Turin şəhərində Avropa Təlim Fondunun İdarəetmə Şurasının iclası keçirilib. İclasda Avropa Birliyinə üzv olan ölkələrlə yanaşı, Avropa Qonşuluq Siyasəti (AQS) üzrə Müşahidəçi Şuraya üzv seçilmiş 3 ölkə - Azərbaycan, Türkiyə və İordaniya dövlətlərinin nümayəndələri də dəvət edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov Avropa Təlim Fondunun Avropa Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şurasına seçilib. Fondun proseduruna əsasən müşahidəçi ölkə kimi qəbul olan üzvlər insan resurslarının inkişafı üzrə təşəbbüslərlə bağlı AQS ölkəsinin mövqeyini bildirməkdə və iş proqramlarının hazırlanmasında məsləhətçi rolunu oynayacaqlar.
08/07/2015 16:52
Dekabrın 1-də “Park inn” otelinin “Dan ulduzu” konfrans zalında Azərbaycan Dillər Universitetinin professoru, filologiya elmləri doktoru Nigar Vəliyevanın müəllifi olduğu “Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət” kitabının təqdimat mərasimi keçirilib.
Mərasimi giriş sözü ilə açan Nigar Vəliyeva lüğət haqqında məlumat verərək qeyd edib ki, müasir Azərbaycan, ingilis və rus dillərində frazeoloji birləşmələrin müqayisəli araşdırılması bir neçə cəhətdən əhəmiyyətlidir. N.Vəliyeva bildirib ki, bu araşdırma dillərin qanunauyğunluqlarını müəyyənləşdirməyə, eləcə də onun semantik inkişafı haqqında düzgün təsəvvür əldə etməyə kömək edir. Hər biri 988 səhifədən ibarət olan iki cildlik lüğətdə ilk dəfə olaraq, Azərbaycan, ingilis və rus dillərində frazeoloji birləşmələrin toplanıldığını qeyd edən müəllif bu vəsaitdə 90 mindən artıq frazeoloji vahidin işlənildiyini vurğulayıb. Tədbirdə iştirak edən təhsil nazirinin müavini İradə Hüseynova çıxışını ulu öndər Heydər Əliyevin “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” sözləri ilə başlayaraq qeyd edib ki, son dövrlərdə Azərbaycan dilinin çox böyük nüfuza malik təşkilatlarda işlənməsi, bu dilin beynəlxalq münasibətlər müstəvisində yüksək dəyərə malik olması xalqımızın əbədi lideri Heydər Əliyevin gərgin əməyinin nəticəsidir. Nazir müavini diqqətə çatdırıb ki, ölkə Prezidenti cənab İlham Əliyev, onun xanımı Mehriban Əliyeva dilimizin, milli adət-ənənələrimizin, mənəvi dəyərlərimizin inkişafına hər zaman çox böyük diqqət yetirir və bu dəyərlərin qorunması istiqamətində mühüm addımlar atılır. İ.Hüseynova “Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət” kitabının Azərbaycan dilçilik elminə böyük töhfələr verəcəyindən, gələcək nəsillərin bundan maksimum faydalanacağından əmin olduğunu vurğulayıb və lüğətin mühüm əhəmiyyətini qeyd edib. Nazir müavini kitabı tərtib edən müəllifə və bu lüğətin ərsəyə gəlməsində əziyyət çəkən hər bir şəxsə minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov kitabın əhəmiyyətindən söz açaraq belə bir lüğətin məhz ADU-nun professoru tərəfindən hazırlanmasını ikiqat sevinc hissi ilə qarşıladığını və gələcəkdə də bu kimi layihələrin həyata keçirilməsi üçün təhsil ocağının var gücü ilə çalışacağını diqqətə çatdırıb. Təqdimat mərasimində çıxış edən tanınmış alim və ziyalılar ilk dəfə olaraq Azərbaycan, ingilis və rus dillərində frazeoloji birləşmələr toplanmış, geniş tərtibatda çap olunmuş bu kitab haqqında müsbət fikirlərini bildiriblər.
08/07/2015 16:52
Berlində Azərbaycan elm və mədəniyyət həftəsi açılıb
Berlində Azərbaycan elm və mədəniyyət həftəsi başlanmışdır. Həftənin təntənəli açılış mərasimi Almaniya paytaxtının tarixi hissəsində yerləşən "Gendarmenmarkt" meydanındakı məşhur "Konzerthaus Berlin" konsert zalında olmuşdur. Mərasimdə hər iki ölkənin elm və mədəniyyət xadimləri, görkəmli siyasətçilər, hökumət üzvləri, diplomatlar, habelə Avropanın bir sıra ölkələrindəki Azərbaycan diasporunun nümayəndələri iştirak etmişlər. Mərasimdə giriş nitqi söyləmiş Humbold Universitetinin rektoru Yan-Hendrik Olberts Almaniya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində bu cür tədbirlərin böyük əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, bu həftə ikitərəfli münasibətlərin sürətli inkişafına müsbət töhfə verəcəkdir. Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov, Azərbaycanın təhsil naziri, professor Misir Mərdanov, AFR federal təhsil və elmi tədqiqatlar naziri, professor Annete Şavan və Humbold Universitetində yeni açılan "Azərbaycan tarixi" kafedrasına rəhbərlik edəcək professor Eva-Mariya Aux da tədbir iştirakçıları qarşısında çıxış etmişlər. Xüsusi qeyd etməliyik ki, Almaniyada bu il keçirilən Azərbaycan elm və mədəniyyət həftəsi bu əlamətdar hadisə ilə eyni vaxta düşmüşdür və həftənin proqramının ən mühüm bəndi məhz həmin kafedranın təntənəli şəkildə açılmasıdır. Mərasimin təntənəli hissəsindən sonra konsert olmuşdur. Konsertdə Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun və almaniyalı maestro Ulrix Rilinin rəhbərliyi ilə "Berlin Classic Players" kamera orkestrinin ifasında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Aqşin Əlizadənin əsərləri səslənmişdir. Açılış mərasimi başa çatandan sonra təntənəli qəbul olmuşdur. Vüqar SEYİDOV, AzərTAc-ın xüsusi müxbiri Berlin
08/07/2015 16:52
Berlindəki Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Almaniyada Azərbaycan Elm və Mədəniyyət Həftəsi çərçivəsində məşhur Humbold Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda - müasir vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. AFR, Azərbaycan və bir sıra başqa ölkələrin alimlərinin iştirak etdiyi konfransın moderatoru Humbold Universitetinin Tarix İnstitutunun professoru Yorq Baberovski idi. Azərbaycanın təhsil naziri Misir Mərdanov elmi forumun iştirakçılarını salamlamışdır. Nazir öz çıxışında bu cür tədbirlərin aktual əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: "Mənim tələbəlik dövrüm keçən əsrin 60-cı illərinə təsadüf etmişdir. O vaxt ali məktəblərdə Azərbaycan tarixi praktiki olaraq öyrənilmirdi. Yalnız son kurslarda bu barədə epizodik formada məlumat verilirdi. Demək olar ki, bizim öz tariximizi öyrənmək imkanımız yox idi, çünki bu fənnin tədrisinə ciddi əhəmiyyət verilmirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra vəziyyət kökündən dəyişmişdir. Bu gün Azərbaycan tarixi əsas məcburi tədris edilən fəndir və dövlətimiz onun tədrisinə çox böyük diqqət yetirir". Nazir vurğulamışdır ki, müstəqillikdən əvvəlki illərdə Azərbaycan xalqı Humbold Universiteti kimi nüfuzlu ali məktəbdə "Azərbaycan tarixi" kafedrası açılmasını heç xəyalına da gətirə bilməzdi, halbuki ermənilər bütün dünyaya səpələndikləri üçün öz lobbiçilərinin vasitəçiliyi ilə bir sıra ölkələrin dövlət və elmi dairələrinə təsir göstərmək və dünyanın bir sıra elmi mərkəzlərində ermənişünaslıq kafedraları açmaq imkanına malik idi. "Bu gün Azərbaycan xalqı vaxtilə itirilmiş imkanın əvəzini çıxır və bu, ilk növbədə, dövlət müstəqilliyi sayəsində mümkün olmuşdur" - deyən M.Mərdanov professor Eva-Mariya Auxa onun başçılıq etdiyi "Azərbaycan tarixi" kafedrasının işində böyük uğurlar arzulamışdır. Humbold Universitetinin Tarix İnstitutunun direktoru, professor Tomas Mergel çıxışında azərbaycanlı nazirin təbriklərinə qoşulmuşdur. Onun sözlərinə görə, bu gün Azərbaycanın bir sıra məsələlər üzrə qazandığı uğurlar avropalılar üçün nümunə ola bilər. Avropalılar azərbaycanlılardan həqiqətən çox şey öyrənə bilərlər: tolerantlıq, polietniklik, açıqlıq və çox sahələrdə səmimilik. Professor Mergel demişdir: "Azərbaycan tarixi" kafedrasının fəaliyyəti həqiqətən qarşılıqlı faydalı olacaqdır. Azərbaycan öz zəngin tarixini Avropada populyarlaşdıra biləcək, bizim isə qazancımız bu olacaqdır ki, həmin tarixi, necə deyərlər, yaxın məsafədən öyrənmək imkanı yaranacaqdır. Biz sizin üçün şərait yaradırıq ki, siz bizə öz tarixinizi öyrədəsiniz. Qarşılıqlı fayda da bundan ibarətdir". O xatırlatmışdır ki, nasizm illərində Humbold Universitetinə ciddi zərər dəymişdir. Görkəmli professorların çoxu həbs olunmuş və məhv edilmiş, elmi muxtariyyətə son qoyulmuşdu. Universitet əməkdaşlarının çoxu ya könüllü şəkildə, ya da məcburən gestapo ilə əməkdaşlıq edirdi, onlar millətçi-sosialist partiyasının üzvləri idi. Bu gün hər sahədə vəziyyət o müdhiş illərdəkindən tamamilə fərqlidir. Humbuld Universitetinin əsas fərqli cəhəti burada elmin azad olmasıdır. Məhz bu fakt sayəsində Universitet dünyanın ən nüfuzlu ali məktəbləri siyahısına daxil olmuşdur. Professor Mergel təbrik nitqinin sonunda bu universitetdə "Azərbaycan tarixi" kafedrasının yaradılmasında iştirak edənlərə təşəkkürünü bildirmişdir. Sonra tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli "Azərbaycan tarix elminin müasir vəziyyəti" mövzusunda məruzə ilə çıxış etmişdir. Alim yeni yaradılmış kafedranın müdiri Eva-Mariya Auxa nadir arxiv sənədinin - Pişəvərinin "İran Azərbaycanında demokratik hərəkatın tarixi" adlı kitabının 1947-ci ilin iyul ayında güllələnmiş müəllifin mənzilindən Xalq Daxili İşlər Komissarlığı tərəfindən götürülmüş əlyazmasının surətini təqdim etmişdir. Daha sonra Mərkəzi Asiya İnstitutunun direktoru, Stokholm Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun həmtəsisçisi doktor Svante Kornell "Azərbaycan tarixi araşdırmaları Avropa kontekstində", Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, Baltimor ştatındakı (ABŞ) Con Hopkins Universitetinin "İpək yolu" tədqiqat proqramının rəhbəri, professor Frederik Star "ABŞ-da Azərbaycan tarixinin öyrənilməsi", professor Tamara Draqadze "Azərbaycan qlobal kontekstdə", Giresun Universitetinin (Türkiyə) prorektoru, professor Aygün Əttah "Türkiyədə azərbaycanşünaslığın müasir vəziyyəti haqqında", Babeş-Boyai (Rumıniya) Universitetinin professoru Tasil Kamil "Rumıniyada Azərbaycan tarixinin öyrənilməsi", Humbold Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdiri Eva-Mariya Aux "Azərbaycan tarixi Şərqi Avropa məsələlərinin tədqiqatı sahəsində yeni fənn kimi", Berlin Etnologiya Muzeyinin əməkdaşı, doktor İnqrid Şindelberq "Avropada Azərbaycan etnologiyasının öyrənilməsi haqqında", Frayburq Universitetinin (Almaniya) professoru Yorq Ştadelbauer "Azərbaycan dünya coğrafiyasında", Marburq Universitetinin (Almaniya) professoru Udo Ştaybax "Azərbaycan konfliktologiya məsələlərində" mövzularında məruzələrlə, habelə Halle-Vitenberq şəhərindəki Martin-Lüter Universitetinin kafedra müdiri, professor Volker Adam çıxış etmişlər. Məruzələrdən sonra keçirilən müzakirələrdə AMEA-nın müxbir üzvü, Azərbaycanın əməkdar elm xadimi, AMEA Tarix İnstitutunun tarixi coğrafiya şöbəsinin müdiri, Azərbaycan Aviasiya Akademiyasının humanitar elmlər kafedrasının müdiri Fəridə Məmmədova, BDU-nun professoru Cəmil Həsənli, Azərbaycanın AFR-də fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, Bonn Universitetinin professoru Əhəd Rəhmanzadə, Berlin Azad Universitetinin doktorantı Rail Səfiyev, Mayns Universitetinin doktorantı Vüqar Aslanov, Azərbaycan XİN-in şöbə müdiri Rizvan Nəbiyev və konfransın bir sıra digər iştirakçıları çıxış etdilər. Vüqar SEYİDOV, AzərTAc-ın xüsusi müxbiri Berlin
08/07/2015 16:52
Dekabrın 3-də Təhsil Nazirliyində “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi, qarşıya çıxan problemlər, onların həlli yolları və təkliflər” mövzusunda 2010-2011-ci tədris ilində dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş ali məktəblərin baş mühasiblərinin seminar-müşavirəsi keçirilib.
Seminar-müşavirədə Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov, İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev və Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayev iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli fərmanına əsasən cari tədris ilindən ali təhsil müəssisələrində dövlət sifarişi üzrə kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinin əhəmiyyətindən söz açan Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov bu mexanizmin mütərəqqi xarakterindən, yeni mexanizmin icrası ilə bağlı bir sıra normativ sənədlərin hazırlanması istiqamətində Təhsil Nazirliyi və Maliyyə Nazirliyinin birgə əməkdaşlığından bəhs edib. Yeni maliyyələşmə mexanizminin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq ali təhsil müəssisələri arasında sağlam rəqabətə yol açması, tələbələrin azad seçim imkanlarının təmin edilməsindəki rolu barədə fikirlərini bildirən İ.Pirməmmədov cari tədris ili üçün tələbə qəbulunun proqnozunun hazırlanmasında tətbiq olunan yeniliklərdən və bir neçə ali məktəbin timsalında qəbulun nəticələrindən danışıb. Təhsil Nazirliyi Aparatının rəhbəri qeyd edib ki, ali məktəblər tərəfindən mövcud resurslardan daha səmərəli istifadə baxımından bir sıra təxirəsalınmaz tədbirlər görülməlidir ki, bu işdə də baş mühasiblərin üzərinə böyük məsuliyyət düşür. Seminar-müşavirədə çıxış edən Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayev ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqinin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun bir sıra müddəalarının, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli sərəncamı ilə təsdiq olunmuş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin icrasından irəli gəldiyini vurğulayıb. O, həmçinin ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib, artıq dövlətin ali məktəbi deyil, tələbəni maliyyələşdirdiyini nəzərə çatdırıb. Yeni mexanizmin tətbiqinin mövcud resursların saxlanılması baxımından ali məktəblər qarşısında bir sıra problemlər yaratdığını vurğulayan X.Rzayev bu məsələnin həllində baş mühasiblərin üzərinə düşən vəzifələrə diqqət çəkib. Xaqani Rzayev yeni mexanizmin tətbiqinin ali məktəblərin səlahiyyətlərinin artırılmasına yönəldiyini, 22 oktyabr 2010-cu il tarixdə Təhsil Nazirliyində təhsil, maliyyə, iqtisadi inkişaf nazirlərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin, Respublika Nazirlər Kabinetinin şöbə müdirinin, dövlət sifarişinin yerinə yetirilməsində iştirak etmiş ali məktəb rektorlarının və digər aidiyyəti şəxslərin iştirakı ilə “Ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət, təkliflər və qarşıda duran vəzifələr” mövzusunda keçirilmiş kollegiya iclasında səslənən bir sıra təkliflərə Maliyyə Nazirliyinin müsbət yanaşıldığını, lakin bu təkliflərin təmin olunması üçün ali məktəblərdən tələb olunan müvafiq məlumat və hesablamaların vaxtında təqdim edilmədiyini və bu işdə baş mühasiblərin daha çox məsuliyyət daşıdıqlarını bildirib. Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev bu tədbirə qatıldığına görə Maliyyə Nazirliyi Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayevə təşəkkürünü bildirib, seminar-müşavirənin təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi prosesinin əsas iştirakçıları və icraçıları olan baş mühasiblərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ölkə Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli fərmanına əsasən Maliyyə Nazirliyinin bilavasitə dəstəyi ilə görülən konkret işlər barədə məlumat verən Ş.Əliyev “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli, 120 nömrəli Qərarı ilə təsdiq olunmuş bir sıra qaydaların və sənədlərin tələblərinin baş mühasiblər tərəfindən öyrənilməsinin zəruriliyini diqqətə çatdırıb. Şahrza Əliyev Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində I kurs bakalavriat və magistratura səviyyələri üçün dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşmənin dövlət sifarişi əsasında həyata keçirilməsi məqsədilə cari ilin sonunadək əlavə tələb olunan vəsaitin (2010-cu ilin sentyabr-dekabr ayları üçün, illik məbləğin 3-dən biri həcmində) bölgüsü”nə əsasən müvafiq vəsaitlərin Təhsil Nazirliyi tərəfindən ali məktəblərin hesablarına köçürülməsindən və bu vəsaitlərin təyinatı üzrə xərclənilməsi ilə əlaqədar baş mühasiblərin qarşısında duran vəzifələrdən söz açıb, bir sıra tövsiyələrlə çıxış edib. Şöbə müdiri Ölkə Prezidentinin müvafiq sərəncamı əsasında təhsil haqlarından azad olunmuş məcburi köçkün və qaçqın statuslu tələbələrin təhsil xərclərinin kompensasiya olunması ilə bağlı təklifə Maliyyə Nazirliyi tərəfindən müsbət yanaşılması, bu xərclərin büdcədən əlavə olaraq ödənilməsinin qərara alınması barədə fikirlərini bildirib və dövlət ali məktəblərindən müvafiq məlumatları Maliyyə Nazirliyinə təqdim etmədiklərinə görə ali məktəblərin baş mühasiblərinin fəaliyyətlərindən narazı olduğunu nəzərə çatdırıb, onları qısa müddət ərzində bu istiqamətdə dönüş yaratmağa çağırıb. Gələcəkdə büdcədənkənar vəsaitlərin planlaşdırılmasında və xərclənməsində ali məktəblərin səlahiyyətlərinin artırılmasının vacibliyini, hər bir ixtisas üzrə dövlət sifarişi üzrə bir təhsilalan üçün müəyyənləşdirilmiş xərc məbləği ilə ödənişli təhsil haqqı arasında uyğunluğun yaradılmasının zəruriliyini vurğulayan Ş.Əliyev dövlət sifarişi üzrə kadr hazırlığı ilə bağlı cari ilin sentyabr-dekabr ayları üçün köçürülmüş vəsaitlərin təyinatı üzrə səmərəli xərclənilməsi və bununla əlaqədar növbəti ilin əvvəlində maliyyə və mühasibat hesabatlarının təqdim olunmasına dair təkliflərini bildirib. Çıxışlardan sonra seminar-müşavirədə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə edilib, baş mühasibləri maraqlandıran suallar cavablandırılıb, onlara müvafiq tapşırıq və tövsiyyələr verilib.
08/07/2015 16:52
Təhsil Nazirliyinin internet saytı “Milli Net-2010” müsabiqəsinin qalibi oldu
Dekabrın 4-də “Ambassador” otelində Milli Net - Milli İnternet Mükafatlarının təqdimetmə mərasimi keçirilib. Təqdimat mərasimində Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz Mili Net Təşkilat Komitəsinin adından çıxış edərək müsabiqənin keçirilməsi istiqamətində görülmüş işlər haqqında iştirakçılara məlumat verib və müvafiq işin gələcəkdə daha da təkmilləşdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. AİF prezidenti milli internet resursların yaradılmasında mühüm əhəmiyyət kəsb edən bu müsabiqəyə dəstək verən "Azercell Telekom" MMC, Delta Telekom və HP şirkətlərinə təşəkkürünü bildirib. Qeyd olunub ki, Milli Net - Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə yolu ilə təqdim edilir. Milli İnternet Mükafatının əsas məqsədləri Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin, informasiya mübadiləsinin yeni bir sahəsi olan internetin inkişafına və genişləndirilməsinə xidmət etmək, ən yaxşı milli internet resurslarının ölkəmizdə və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq, eləcə də informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir. Müsabiqədə yalnız Azərbaycan dili versiyası olan saytların iştirakına icazə verilib. Müsabiqəyə oktyabrın 1-də start verilib və qeydiyyat prosesi noyabrın sonunda yekunlaşıb. “Korporativ sayt”, “İctimai-sosial saytlar”, “Media və informasiya”, “Mədəniyyət, incəsənət və turizm saytları”, “Ailə, uşaq və sağlamlıq”, “Asudə vaxt, idman və əyləncə”, “Bloqlar”, “İnternet xidmətləri (Servislər)”, “Elm və təhsil”, “Dövlət və bələdiyyə saytları”, “İnternet marketinq”, “Mobil resurs (wap daxil deyil), “Elektron xidmət”, “İstifadəçi kontenti üzərində qurulmuş saytlar” nominasiyaları üzrə keçirilmiş müsabiqəyə 437 sayt təqdim olunub. Onlardan 309 sayt qəbul edilib, 128 sayt isə müsabiqə şərtlərinə uyğun gəlmədiyi üçün qəbul edilməyib. Müsabiqə üzrə qiymətləndirmə prosesi Azərbaycan İnternet Forumu tərəfindən formalaşdırılan tanınmış internet ictimaiyyətinin nümayəndələri, mütəxəssislər, internet jurnalist və redaktorları, veb-masterlər və digər internet peşəkarlarından təşkil olunan Müsabiqə Komissiyası tərəfindən aparılıb. Təqdimat mərasimində 14 nominasiya üzrə qaliblərin adları açıqlanıb və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet saytının (http://www.edu.gov.az) “Milli Net-2010” müsabiqəsinin “Dövlət və bələdiyyə saytları” nominasiyası üzrə qalib gəldiyi məlum olub. Bildirilib ki, bu nominasiya üzrə II yerə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (http://www.customs.gov.az), III yerə isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (http://www.diaspora.gov.az) internet saytları layiq görülüb. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (http://www.sspf.gov.az), Naxçıvan Muxtar Respublikasının (http://www.nakhchivan.az) və Azərbaycan Ağır Atletika Federasi-yasının (http://www.aaaf.az) saytları müsabiqənin nominantları elan edilib. “Azercell Telecom” MMC-nin əməkdaşı Fəxri Abbasov mərasimdə çıxış edərək bu kimi tədbirlərə dəstək verməyə hazır olduqlarını bildirib, Milli Net müsabiqəsinin Azərbaycan dilli resursların və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. Sonra 14 nominasiya üzrə qalib gələnlərə Milli Net müsabiqəsinin tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta və diplom təqdim olunub. Təqdimat mərasimində İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Cahangir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, habelə digər dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər “Milli Net-2010” müsabiqəsinin Azərbaycanda internetin inkişafında mühüm əhəmiyyəti olacağını qeyd edərək bu işin davamlılığını arzulayıblar.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı