SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iclas zalında 147 saylı Texniki-humanitar liseyin 10 illiyi və görkəmli alim, akademik Azad Mirzəcanzadənin anadan olmasının 80-ci ildönümü münasibətilə tədbir keçirilib.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə tanınmış ziyalılar, millət vəkilləri, paytaxtın bir sıra orta məktəblərinin rəhbərləri, habelə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları iştirak ediblər. Tədbiri liseyin fəxri direktoru, Milli Məclisin üzvü, professor Nizami Cəfərov açıb. Liseyin direktoru, respublikanın əməkdar müəllimi Həlimə Mehdiyeva liseyin yaranma tarixi, keçdiyi yol barədə məruzə edib. Qonaqları salamlayan təhsil naziri Misir Mərdanov 10 yaşı qeyd olunan liseyin yubileyi ilə Azərbaycan elminin görkəmli nümayəndəsi Azad Mirzəcanzadənin 80 illiyinin birgə qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib. Akademik Azad Mirzəcanzadənin böyük alim, əsil vətəndaş olduğunu söyləyən nazir onun hər bir alimin öz məktəbini yaratması ideyasının təşəbbüskarı kimi çıxış etdiyini və bu baxımdan bir nümunə olduğunu nəzərə çatdırıb. Daha sonra nazir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatlarının ölkəmizdə böyük uğurla həyata keçməsindən, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə göstərdiyi qayğıdan, Heydər Əliyev Fondunun təhsillə bağlı təşəbbüslərindən danışaraq qeyd edib ki, son 5 ildə ölkəmizdə 283 məktəb, uşaq bağçası və digər tədris ocaqları tikilib istifadəyə verilib. 10 illik yubileyi qeyd olunan liseydə qısa müddət ərzində çox böyük işlərin görüldüyünü vurğulayan Misir Mərdanov möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə tədris ocağının «İlin ən yaxşı məktəbi» seçildiyini, direktor Həlimə Mehdiyevanın əməyinin layiqincə qiymətləndirilərək ona «Əməkdar müəllim» fəxri adının verildiyini bildirib. Çıxışının sonunda məktəbin kollektivinə ünvanlanmış təbrikini direktora çatdıran nazir liseyin bir qrup müəlliminə Təhsil Nazirliyinin Fəxri fərmanını, 3 nəfər müəllimə isə «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» döş nişanını təqdim edib. Daha sonra çıxış edən AMEA-nın müxbir üzvü Vaqif Abbasov, professorlar Eldar Şahbazov, Sudeyif İmamverdiyev, Paşa Qəlbinur, Elmira Ramazanova, T.Salavatov, xalq şairi Zəlimxan Yaqub, liseyin məzunları Validə Qafarova, T.Şükürova, Milli Aerokosmik Agentliyinin direktoru A.Şirinzadə, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev və başqaları Azad Mirzəcanzadə ilə bağlı xatirələrini söyləyib və liseyin kollektivinə yeni-yeni uğurlar arzu ediblər.
08/07/2015 16:52
Mayın 12-də Təhsil Nazirliyində görkəmli alim, əməkdar müəllim, «Şöhrət» ordenli, professor Yəhya Kərimovun anadan olmasının 82 illiyi münasibətilə tədbir keçirilib.
Yığıncaqda təhsil naziri Misir Mərdanov, təhsil nazirinin müavinləri, nazirliyin şöbə və struktur bölmələrinin rəhbərləri, respublikanın tanınmış alim və pedaqoqları, ali məktəblərin prorektorları, paytaxtın bir sıra orta məktəblərinin direktorları iştirak ediblər. Görkəmli professor Yəhya Kərimovun bir alim kimi Azərbaycan təhsilində özünəməxsus rolundan söz açan təhsil naziri Misir Mərdanov qeyd edib ki, ölkəmizdə ibtidai təlimin elmi əsaslar üzrə qurulması və inkişafı onun adı ilə bağlıdır. Nazir 67 ildir ki, müəllimliklə yanaşı, həm də elmi-tədqiqat işləri ilə məşğul olan Yəhya Kərimovun qələmindən çıxan «Əlifba» kitabının 45 il ərzində dərslik kimi istifadə olunduğunu, onun təkcə dərsliklər tərtib etməklə kifayətlənmədiyini, müvafiq metodik göstərişlərə də müəlliflik etdiyini nəzərə çatdırıb. Görkəmli alimin kifayət qədər yüksək ixtisaslı elmi kadrların yetişməsinə bilavasitə rəhbərlik etdiyini, onlarla gəncin alim kimi formalaşmasına istiqamət verdiyini söyləyən Misir Mərdanov onun nəcib insani keyfiyyətlərindən, zəngin elmi yaradıcılıq fəaliyyətindən ətraflı söhbət açıb. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışan təhsil naziri mütamadi olaraq təhsil işçilərinin fəxri ad, medal və fərdi təqaüdlərə layiq görülməsinin buna bariz nümunə olduğunu bildirib. Nazir qeyd edib ki, dövlət rəhbəri cənab İlham Əliyevin 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə tanınmış alim Yəhya Kərimov Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif olunub, Prezidentin 13 aprel 2009-cu il tarixli sərəncamına müvafiq olaraq ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Çıxışıının sonunda tanınmış alimi öz adından, Təhsil Nazirliyinin əməkdaşları, Azərbaycanın təhsil ictimaiyyəti adından təbrik edən təhsil naziri Yəhya Kərimova möhkəm cansağlığı, elmi pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıb, son illər təhsillə bağlı nəşr olunmuş kitabları və xüsusi hədiyyəni ona təqdim edib. Yəhya Kərimovun keçdiyi mənalı ömür yolu, zəngin, çoxşaxəli elmi fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edən Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov onun ibtidai təlim sahəsində respublikamızda ilk axtarışlar aparan və fəaliyyətini elmi-nəzəri əsaslar üzərində quran yenilikçi alim olmasından söz açıb. Abdulla Mehrabov deyib ki, Azərbaycanda savad təliminin nəzəri və praktik məsələləri ilə məşğul olan, onun sistemini işləyən yeganə mütəxəssis kimi Yəhya Kərimov 1958-ci ildən etibarən məktəb islahatlarının hazırlanmasında və həyata keçirilməsində müstəsna rol oynayıb. Təhsil Problemləri İnstitutunun direktor müavini, institutun «Elmi-nəzəri tədqiqatlar» mərkəzinin rəhbəri Yəhya Kərimov haqqında tədbir iştirakçılarına əhatəli məlumat verən professor Abdulla Mehrabov tanınmış alimi Təhsil Problemləri İnstitutunun kollektivi adından təbrik edib. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Hüseyn Əhmədov, akademik Budaq Budaqov, Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Nurəddin Kazımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Əbdül Əlizadə, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev və başqaları çıxış edərək görkəmli alimin zəngin elmi fəaliyyətinin ayrı-ayrı məqamlarından, onun Azərbaycan təhsilinin inkişafına verdiyi əvəzsiz töhfələrdən söz açıblar. 82 yaşlı alim-pedaqoqun gənc nəslə örnək olduğunu vurğulayan natiqlər ona uzun ömür, cansağlığı, yeni-yeni elmi nailiyyətlər arzu ediblər. Tədbirin sonunda Yəhya Kərimov ünvanına deyilən xoş sözlər üçün həmkarlarına, dostlarına təşəkkürünü çatdırıb, sevincli gününü onlarla paylaşmasından məmnunluq hissi keçirdiyini söyləyib. Görkəmli alim anadan olmasının 82 illiyi münasibətilə təşkil olunan belə yüksək səviyyəli tədbirə görə təhsil naziri Misir Mərdanova və Təhsil Nazirliyinin bütün əməkdaşlarına minnətdarlığını bildirib.
08/07/2015 16:52
Mayın 8-də «Gülüstan» sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında təşkil edilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Müsabiqə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə təşkil edilib. Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov respublikamızın hər yerində, bütün idarə və müəssisələrdə, dövlət qurumlarında, həmçinin təhsil ocaqlarında müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini söyləyib. Nazir deyib ki, Təhsil Nazirliyinin «Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında» 26 fevral 2009-cu il tarixli 222 nömrəli əmrinə uyğun olaraq gerçəkləşdirilən kompleks tədbirlər çərçivəsində ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında inşa yazı müsabiqəsi təşkil edilib. Müsabiqə haqqında mərasim iştirakçılarına məlumat verən təhsil naziri bildirib ki, ümumtəhsil məktəblərinin 700 mindən artıq şagirdinin qatıldığı bu möhtəşəm bilik yarışı 3 mərhələdən ibarət olub. Müsabiqənin respublika mərhələsinə vəsiqə qazanmış 88 məktəblinin aprelin 25-də Bakıdakı akademik Zərifə Əliyeva adına orta məktəbdə «Ulu öndər Heydər Əliyevi düşünərkən...» mövzusunda inşa yazdığını vurğulayan Misir Mərdanov onlardan 5 nəfərinin I, 5 nəfərinin II, 10 nəfərinin III yerə layiq görüldüyünü, 56 nəfərin isə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edildiyini bildirib. Təhsil naziri eyni şərtlərlə Naxçıvan Muxtar Respublikasında keçirilmiş müsabiqədə fərqlənən 10 nəfərin işi də daxil olmaqla, qaliblərin inşa yazılarının «Heydər Əliyev məktəblilərin gözü ilə» adlı topluda dərc edildiyini söyləyib. Bu müsabiqənin artıq bir ənənəyə çevrildiyini qeyd edən təhsil naziri Misir Mərdanov məktəblilərin ulu öndər Heydər Əliyevin hamıya örnək olan həyat yolunu, ümummilli lider haqqında fikir və düşüncələrini uşaq təbiətinə xas olan səmimi hisslərlə, dərin hörmət və sonsuz ehtiram duyğuları ilə dolğun şəkildə ifadə etdiklərini bildirib. Ulu öndərin hər zaman uşaqları sevdiyini, onlara qayğı ilə yanaşdığını vurğulayan nazir ölməz şəxsiyyətin təhsillə bağlı söylədiyi dəyərli fikirləri bir daha mərasim iştirakçılarının nəzərinə çatdırıb, onun parlaq ideyalarının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib. Çıxışında Heydər Əliyev Fondunun təhsillə bağlı gördüyü işlərdən də ətraflı söz açan Misir Mərdanov Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizin inkişafındakı əvəzsiz xidmətlərinə dair konkret faktlarla fikirlərini tamamlayıb. Daha sonra Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülən 56 şagirdin, I, II və III yerlərə sahib olan məktəblilərin adları açıqlanıb. Fəxri Fərmanla təltif olunanlara xatirə hədiyyələri, I, II və III yerləri qazanan 20 məktəbliyə isə noutbuklar təqdim olunub. Bütün qalibləri təbrik edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, millət vəkili Əli Əhmədov ötən il olduğu kimi bu il də I, II, III yerləri tutmuş şagirdlərdən gələcəkdə ali məktəblərə qəbul olunanlara YAP tərəfindən aylıq təqaüdlərin verilməsinin qərara alındığını bildirib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov müsabiqə qaliblərinin pulla mükafatlandırılacağını nəzərə çatdırıb, uğur qazanan məktəblilərin hər birinin gələcəyinə böyük ümidlər bəslədiklərini söyləyiblər. Sonda müsabiqənin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirən təhsil naziri Misir Mərdanov qalibləri, şagirdlərin valideynlərini və təhsil aldıqları məktəblərin pedaqoji kollektivlərini təbrik edib, onlara ən xoş istək və arzularını çatdırıb.
08/07/2015 16:52
Mayın 7-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönmünə həsr edilmiş «Azərbaycan - dünyam mənim» yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil etdiyi müsabiqənin yekun konfransı məktəblilərdən ibarət xor kollektivinin ifasında Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlayıb. Mərasimi giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva ölkəmizdə istedadlı uşaqların və gənclərin üzə çıxarılması sahəsində məqsədyönlü tədbirlərin həyata keçirildiyini və onların daim xüsusi qayğı ilə əhatə olunduğunu qeyd edib. Müsabiqə haqqında məlumat verən N.Rzaquliyeva bildirib ki, VIII-XI sinif şagirdlərini əhatə edən 3 layihə üzrə (ədəbi-bədii, elmi-tədqiqat, kompüter layihələri) keçirilən istedad yarışında 45 mindən artıq şagird iştirak edib, onlardan 74 nəfəri qalib adını qazanıb. Sonra hər 3 layihənin ayrı-ayrı nominasiyalar üzrə qalibləri səhnəyə dəvət edilib və onlara mükafatlar təqdim olunub. Səbail rayon icra hakimiyyətinin başçısı Sahib Ələkbərov, Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayev və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev bu müsabiqənin xüsusi qabiliyyətə malik uşaq və gənclərin inkişafındakı əhəmiyyətindən söz açıb, qalibləri, onların müəllimlərini və valideynlərini təbrik ediblər. Mərasim iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov ulu öndərin anadan olmasının 86-cı ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsini təqdirəlayiq hadisə kimi dəyərləndirib və bu ənənənin gələcəkdə də davam etdirilməsinin zəruriliyini vurğulayıb. Nazir qeyd edib ki, istedadlı uşaqları aşkara çıxarmaqla yanaşı, onların yaradıcılıq qabiliyyətinin inkişafına daha əlverişli şərait yaratmaq və xüsusi qabiliyyəti ilə fərqlənən uşaqları daimi qayğı ilə əhatə etmək də mühüm şərtdir. Minlərlə iştirakçı arasından ən layiqlilərinin seçilməsinin çox məsuliyyətli bir iş olduğunu deyən təhsil naziri bu layihənin həyata keçirilməsində əməyi olan hər kəsə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşlarına, müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin üzvlərinə, müəllim və valideynlərə öz təşəkkürünü bildirib. Qaliblər gənclərə öz xüsusi istedad və qabiliyyətlərini nümayiş etdirmələri üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib və tədbirdə iştirak edən qonaqlarla xatirə şəkli çəkdiriblər. Mərasimin sonunda yaradıcılıq müsabiqəsinin qaliblərinin ifasında maraqlı bədii proqram təqdim olunub.
08/07/2015 16:52
Mayın 5-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrin 2008-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsinə həsr edilmiş müşavirə keçirilib.
Müşavirədə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən və Təhsil Nazirliyi tərəfindən maliyyələşən təhsil müəssisələrinin baş mühasibləri iştirak ediblər. Müşavirənin əsas mövzusu Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin 2008-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları barədə 01.01.2009-cu ilə təsdiq olunmuş balans hesabat göstəricilərinin təhlili, büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının təsdiq edilməsi məsələləri və müvafiq standartlara keçidlə bağlı mövcud vəziyyət barədə müzakirələrdən ibarət olub.
08/07/2015 16:52
Mayın 6-da təhsil naziri Misir Mərdanov Zaqatala rayonunda bir sıra tədris ocaqlarının açılış mərasimlərində iştirak edib.
İlk öncə təhsil naziri rayon rəhbərliyi ilə birlikdə Heydər Əliyev adına parka gələrək ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar. Sonra Misir Mərdanov Zaqataladakı akademik Zərifə Əliyeva adına liseyə baş çəkib, tədris ocağının pedaqoji kollektivi ilə görüşüb. Həmin gün nazir Zaqatala şəhərində 320, Mazıx kəndində 220 şagird yerlik yeni inşa edilmiş orta məktəblərin və Mamrux kəndində 40 yerlik uşaq bağçasının açılış mərasimində iştirak edib. Sonda rayonun Suvagil kənd mədəniyyət evində təhsil işçilərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Azərbaycanda təhsil islahatlarının uğurla həyata keçirilməsindən, bu sahəyə göstərilən dövlət qayğısından və təhsil işçiləri qarşısında duran mühüm vəzifələrdən söhbət açılıb.
08/07/2015 16:52
Mayın 5-də təhsil naziri Misir Mərdanov Yevlax rayonundakı Şıxəli Qurbanov adına 8 saylı orta məktəbin açılış mərasimində iştirak edib.
Öncə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Nazir rayon rəhbərliyini, təhsil ocağının pedaqoji və şagird kollektivini təbrik edib, rayonda həyata keçirilən bütün bu işlərin ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda təhsilə gösərdiyi diqqət və qayğı sayəsində mümkün olduğunu nəzərə çatdırıb. Həmin gün təhsil naziri rayonun Mərkəzi Elektron Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş «Heydər Əliyev- müasir Azərbaycan dövlətinin banisidir» mövzusunda elmi-praktik konfransda və Heydər Əliyev adına sarayda təhsil işçilərinin müşavirəsində iştirak edib. Daha sonra təhsil naziri Misir Mərdanov mərasimdə iştirak edən ölkə ziyalıları ilə birlikdə Heydər Əliyev muzeyində olub və xatirə kitabına ürək sözlərini yazıb.
08/07/2015 16:52
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, nazir müavinləri, nazirliyin şöbə və struktur bölmə rəhbərləri, paytaxtda yerləşən ali məktəblərin rektorları ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi ilə əlaqədar mayın 4-də Heydər Əliyev Fondunda olublar.
Fondun zəngin ekspozisiyası, ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir mərhələsi barədə geniş təsəvvür yaradan dəyərli materiallar maraqla qarşılanıb. Ümummilli liderin Bakıda, Naxçıvanda və Moskvada ayrı-ayrı vəzifələrdə işlədiyi illər ərzində ölkə həyatının müxtəlif sahələrində həyata keçirdiyi layihələr, qazanılan uğurlar haqda məlumatlar qonaqlarda böyük maraq doğurub. Təhsil işçiləri ulu öndər Heydər Əliyevin təhsilə, elmə, mədəniyyətə, bu sahələrdə çalışan insanlara diqqət və qayğısı, dünyanın müxtəlif bölgələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən stend və guşələrlə tanış olublar. Fondun fəaliyyətindən bəhs edən videofilm təhsil işçiləri tərəfindən xüsusi maraqla qarşılanıb. Filmdə Heydər Əliyev Fondunun son illərdə Azərbaycanda təhsil, səhiyyə və mədəniyyət sahəsində həyata keçirdiyi mühüm layihələr əksini tapıb. Sonra təhsil naziri Misir Mərdanov Fondun 5 illik yubileyi ilə bağlı təhsil işçilərinin Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ünvanladıqları təbriki, ən xoş istək və arzularını çatdırıb. Nazir qeyd edib ki, ölkəmizin təhsil ictimaiyyəti ulu öndər Heydər Əliyevin nəcib və xeyirxah əməllərini yaşadan Fondun bütün istiqamətlərdə, xüsusilə də təhsil sahəsində həyata keçirdiyi layihələri minnətdarlıqla qarşılayır.
08/07/2015 16:52
Mayın 4-də Təhsil Nazirliyində məktəblilər arasında kompüter layihələri üzrə “Gənc kompüter istedadları” I Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsinin səmərəliliyini artırmaq, yeni informasiya texnologiyalarının təhsil prosesinə tətbiqini aktivləşdirmək, şagird və müəllimləri İKT-nin geniş tətbiq olunması işinə cəlb etmək, eləcə də istedadlı gənclərin yaradıcılıq potensialının inkişafına nail olmaq məqsədilə Təhsil Nazirliyinin məqsədyönlü fəaliyyətindən söz açıb. Nazir qeyd edib ki, respublika səviyyəsində ilk dəfə həyata keçirilən “Gənc kompüter istedadları” müsabiqəsinə 2007-ci ildə yalnız Bakı şəhərinin məktəbliləri qatılıb, 2008-ci ildə isə müsabiqə Sumqayıt şəhərində təşkil olunub. Müsabiqəyə marağı, eləcə də ümumtəhsil məktəblərinin İKT ilə təminatı üzrə 1-ci Dövlət Proqramının icrasının yaratdığı imkanları nəzərə alaraq “Gənc kompüter istedadları” müsabiqəsinin respublika səviyyəsində keçirilməsinin əhəmiyyətindən bəhs edən Misir Mərdanov müsabiqənin əsasnaməsinə uyğun olaraq İKT ilə bağlı dövlət və özəl qurumlardan ibarət Təşkilat Komitəsi və Münsiflər Heyəti yaradıldığını nəzərə çatdırıb. Təhsil naziri Təşkilat Komitəsinə AMEA-nın Kibernetika və İnformasiya Texnologiyaları İnstitutlarının, Bakı Dövlət Universitetinin, “Delta Telekom” şirkətinin, “Bakı” nəşriyyatının, Münsiflər Heyətinin tərkibinə isə “HP”, “Microsoft Azerbaijan”, “İntel”, “Delta Telekom”, “Ultra” kimi şirkətlərin və “Multimedia” mərkəzinin nümayəndələrinin daxil edildiyini söyləyib. Müsabiqədə iştirak etmək üçün məktəblilərin 114 ərizə verdiyini, müxtəlif nominasiyalar üzrə 70 layihənin təqdim edildiyini nəzərə çatdıran nazir deyib ki, dörd nominasiya üzrə 42 layihə yekun turuna buraxılıb və yekun turda Bakı, Sumqayıt, Mingəçevir şəhərlərini, Zaqatala və Şəki rayonlarını təmsil edən məktəblilər fərqləniblər. Təhsil naziri Misir Mərdanov akademik Zərifə Əliyeva adına məktəbin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, “Zəngi” liseyinin, Bakı şəhərindəki 134, 286, 313, 56 saylı, Sumqayıt şəhərindəki 21, 23, 25 saylı, Zaqatala rayonundakı 3 saylı, Şəki şəhərindəki 11 saylı məktəblərin şagirdlərinin də yüksək nəticələr əldə etiyini bildirib. Sonra akademik Zərifə Əliyeva adına məktəbin X sinif şagirdi Rəsul Axundovun “Məktəblinin kalkulyatoru”, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin VIII sinif şagirdi Vüsal Həsənovun və Ceyhun Yusifovun “Qoğal” nağılı, Sumqayıt şəhər 25 saylı orta məktəbin şagirdləri Ömürtay Şükürlünün və Orxan Şükürlünün “İdiomlar” mövzularında hazırladıqları təqdimatlar olub. Daha sonra məktəblilər arasında kompüter layihələri üzrə “Gənc kompüter istedadları” I Respublika müsabiqəsinin qaliblərinin adları açıqlanıb, I, II və III yeri tutan şagirdlərə Təhsil Nazirliyinin diplomları və xüsusi hədiyyələri (kompüter, LCD-Monitor (TV) və ya videokamera, DVD Player) təqdim edilib. Onu da qeyd edək ki, final mərhələsinin bütün iştirakçılarına müvafiq sertifikatlar verilib, “Ən orijinal layihə” və “Ən gənc iştirakçı” müəyyənləşdirilib. Mərasimin sonunda təhsil naziri Misir Mərdanov bütün qalibləri təbrik edib, onlara uğurlar diləyib və ən xoş arzularını bildirib.
08/07/2015 16:52
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov sentyabrın 23-də Gürcüstana səfər etmişdir.
M.Mərdanov əvvəlcə ulu öndər Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət etmiş, abidə önünə əklil qoymuşdur. Sonra Misir Mərdanov Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkinlə görüşmüşdür. Nazirlər Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunmuş Tbilisidəki M.F.Axundov adına 73 nömrəli azərbaycandilli məktəbə gəlmiş, təmir işləri ilə tanış olmuş, kollektivlə görüşmüşlər. Məktəbin direktoru Salman Pirməmmədov təhsil ocağının durumu ilə bağlı qonaqlara ətraflı məlumat vermiş, daimi qayğı və diqqətə görə Azərbaycan rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya müəllim və şagirdlər adından təşəkkür etmişdir. Sonra nazirlər Fondun dəstəyi ilə əsaslı təmir olunmuş Qardabani şəhərindəki 3 nömrəli azərbaycandilli məktəbdə kollektivlə görüşmüşlər. Məktəbin direktoru Firdovsi İskəndərov məktəb binasının əsaslı təmirinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir. Nazirlər həmin gün Fondun dəstəyi ilə Dmanisi rayonunun mərkəzində əsaslı təmir olunmuş 2 nömrəli məktəbə də baş çəkmişlər. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov demişdir: "Bu gün biz Heydər Əliyev Fondunun dəstəyi ilə qonşu Gürcüstanda əsaslı təmir olunmuş üç məktəbə baş çəkdik, müəllim və şagird kollektivləri ilə görüşdük. Onlar belə gözəl şəraitə və daimi qayğıya görə Azərbaycan Respublikası rəhbərliyinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq etdilər. Gürcüstanlı soydaşlarımızın müasir tipli məktəblərdə təhsil almaları üçün Azərbaycan rəhbərliyinin, Heydər Əliyev Fondunun qayğı və diqqəti əvəzsizdir. Əminəm ki, yüksək keyfiyyətlə təmir olunmuş, müasir avadanlıqla təchiz edilmiş məktəblərin kollektivləri bu qayğıya təhsildə yüksək uğurlarla cavab verəcəklər". Gürcüstanın təhsil və elm naziri Dmitri Şaşkin Heydər Əliyev Fondunun xətti ilə Gürcüstanın azərbaycandilli məktəblərində həyata keçirilən "Təhsilə dəstək" layihəsini alqışlamış və belə xeyirxahlığa görə Fondun kollektivinə, onun prezidentinə təşəkkür etmişdir. Fondun icraçı direktoru Anar Ələkbərov məktəblərin kollektivlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, Mehriban xanım Əliyevanın xoş arzularını yetirmişdir. O vurğulamışdır: "Bu gün baş çəkdiyimiz hər üç məktəbin təmiri Fondun "Təhsilə dəstək" layihəsinin həyata keçirildiyi ən böyük tədbirlərdəndir. Soydaşlarımızın yığcam məskunlaşdıqları bölgələrdə reallaşan bu qəbildən olan layihələr Azərbaycana başucalığı gətirir. Biz gələcəkdə də digər tədbirlərlə yanaşı, bu cür layihələri davam etdirəcəyik". Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze bölgədə belə bir xeyirxah layihənin gerçəkləşməsindən məmnunluq duyduğunu söyləmiş, Azərbaycanın birinci xanımına təşəkkürünü bildirmişdir. Səfərdə azərbaycanlı qonaqları Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev, Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze müşayiət etmişlər. AzərTAc
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı