SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən ölkəmizin ümumtəhsil müəssisələrində son zəng 30 may 2009-cu il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız tədris ocaqlarının ərazisində keçiriləcək.
Təhsil sahəsində zəngin hadisələrlə əlamətdar olan 2008-2009-cu dərs ili başa çatmaq üzrədir. Bu tədris ilində ümumtəhsil müəssisələrində dərs məşğələləri 30 may 2009-cu il tarixdə sona yetir. Ənənəyə görə dərs məşğələlərinin başa çatması bir qayda olaraq son zəng mərasimi ilə yekunlaşdırılır. Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən ölkəmizin ümumtəhsil müəssisələrində son zəng 30 may 2009-cu il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız tədris ocaqlarının ərazisində keçiriləcək. Qərara alınıb ki, ümumtəhsil müəssisələrində keçirilən son zəng tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirakı təmin edilsin. Təhsil nazirinin müvafiq əmrində qeyd edilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və bütün rayon (şəhər) təhsil şöbələri son zəngin məzmunlu və yaddaqalan keçirilməsi ilə bağlı təşkilati işləri vaxtında başa çatdırmalı, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görməli, son zəngi məzunların həyatında ən əlamətdar hadisələrdən birinə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olmalıdırlar.
08/07/2015 16:52
Sentyabrın 13-də 7 nömrəli Bakı Peşə Liseyində ölkənin ilk peşə-ixtisas təhsili müəssisələri rəhbərlərinin konfransı keçirilib.
Tədbiri Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov açaraq konfransın 2009-2010-cu dərs ilinin yekunları və 2010-2011-ci dərs ilində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunduğunu bildirib. Konfransın işində Təhsil Nazirliyinin şöbə müdirləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə yanaşı, İqtisadi İnkişaf, Mədəniyyət və Turizm nazirliklərinin, Təhsil Nazirliyi ilə birgə layihələr həyata keçirən "Azərsun Holdinq" və KNAUF şirkətlərinin nümayəndələrinin və digər qonaqların da iştirak etdiyini nəzərə çatdıran nazir müzakirə olunan məsələ ilə bağlı hazırlanmış geniş təqdimatla konfrans iştirakçılarını tanış edib. Konfrans iştirakçılarının diqqətini öncə ilk peşə-ixtisas təhsili müəssisələrinin ölkənin iqtisadi rayonları üzrə dislokasiyasına dair statistik məlumata yönəldən təhsil naziri ayrı-ayrı iqtisadi rayonlar üzrə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinə ehtiyacı müəyyənləşdirmək üçün müvafiq araşdırma aparmağa zərurət duyulduğunu vurğulayıb. Misir Mərdanov təqdimat-məruzəsində qeyd edib ki, ötən dərs ilində ölkə üzrə 108 ilk peşə-ixtisas təhsili müəssisəsi fəaliyyət göstərib, 25201 şagirdin peşə hazırlığı ilə 3700 nəfərlik mühəndis-pedaqoji heyət məşğul olub. Nazirin təqdimat-məruzəsində peşə təhsili müəssisələrində son 4 ildə ödənişli qəbuldan əldə olunan büdcədənkənar vəsaitin dinamikasını əks etdirən diaqram diqqətə çatdırılıb, müvafiq təhlillər aparılıb. Təhsil naziri son 6 ildə peşə təhsilinə yönəlmiş maliyyə vəsaitinin həcmi haqda məlumat verib, 2009-cu ildə şagirdbaşına 1108 manat, 2010-cu ildə 1113 manat vəsait ayrıldığını bildirib. İlk peşə ixtisas təhsili sahəsində görülmüş işlərə diqqət çəkən təhsil naziri Misir Mərdanov Nazirlər Kabineti tərəfindən bir sıra sənədlərin qəbul edildiyini nəzərə çatdırıb. Nazir Avropa Komissiyası ilə birlikdə həyata keçirilən "Peşə təhsili və təşkili sahəsində islahat strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsi çərçivəsində həyata keçirilən işlərdən, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, işəgötürən təşkilatların nümayəndələri, habelə beynəlxalq və milli ekspertlərin birgə səyi nəticəsində müxtəlif ixtisaslar üzrə peşə standartlarının hazırlanması məsələlərindən söhbət açıb, 20-yə yaxın təhsil müəssisəsinin rəhbərləri və 100-dən artıq mühəndis-pedaqoji heyət üçün 25 seminar və treninqin təşkil edildiyini vurğulayıb. Dövlət Proqramına uyğun olaraq İsmayıllı rayonunda yeni inşa olunmuş Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin yaxın günlərdə açılacağını söyləyən nazir 2009-2010-cu tədris ilində peşə liseylərində aparılmış mərkəzləşdirilmiş test imtahanlarının nəticələri barədə məlumat verib, ilk peşə-ixtisas təhsili sahəsində mövcud olan problemlər, onların aradan qaldırılması yolları və ilk peşə-ixtisas təhsilinin inkişaf etdirilməsi üçün qarşıda duran mühüm vəzifələrdən söz açıb. Konfransda təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Avropa İttifaqı ilə birlikdə ölkəmizdə həyata keçirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" layihəsinin rəhbəri xanım Ann Castis, Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, İqtisadi İnkişaf Nazirliyinin əlaqələndirmə şöbəsinin müdiri Cəmaləddin Quliyev, Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov çıxış edərək ilk peşə-ixtisas təhsili sistemində görülmüş işlər, mövcud problemlər və onların aradan qaldırılması yollarından bəhs ediblər.
08/07/2015 16:52
Minsk şəhərində mayın 12-dən 16-dək MDB ölkələrinin təhsil nazirlərinin və peşə təhsili rəhbərlərinin XVI konfransı keçirilib.
Belarusiya Respublikası təhsil nazirinin təşəbbüsü və MDB ölkələrinin təhsil nazirlərinin birgə razılığı ilə təşkil edilən konfransda YUNESKO-nun Moskvadakı təşkilatı, Avropa Təhsil Fondu (ATF), Almaniya “İnWent” təşkilatı, Alman Xalq Universitetləri Assosasiyası, Beynəlxalq Texniki-Peşə Təhsili Mərkəzi (YUNESKO-UNEVOK), YUNESKO-nun təhsildə İnformasiya Texnologiyaları İnstitutu, MDB ölkələrinin icra komitələri, Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu, təhsil nazirlikləri və elmi institutların əməkdaşlarının iştirakı ilə “Texniki-Peşə Təhsili sistemində İKT-nin tətbiqi” və “Texniki-peşə təhsili və təhsilin davamlı inkişafı” mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Eləcə də, konfransda texniki-peşə təhsilinə ehtiyacların ödənilməsi, inkişafın effektiv formalarının və yollarının axtarılması, iqtisadi və sosial sferanın kadrlara olan tələbatının ödənilməsi, eyni zamanda MDB məkanında ixtisaslı fəhlə kadrların hazırlanmasında regional əməkdaşlığın möhkəmləndirilməsi məsələləri geniş müzakirə edilib. Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Texniki-Peşə Təhsili şöbəsinin müdiri N. Məmmədov, həmin şöbənin aparıcı məsləhətçisi E. Cəfərov, Təhsil Problemləri İnstitutunun direktoru professor A. Mehrabov, Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru M. Məmmədova Azərbaycanda texniki-peşə təhsilinin vəziyyəti, problemləri və inkişaf yolları haqqında təqdimat ediblər. Konfrans plenar iclasdan sonra altı bölmədə öz işini davam etdirib. Birinci bölmədə Təhsil Nazirliyinin Texniki-Peşə Təhsili şöbəsinin müdiri N. Məmmədov “Yeniləşdirici təcrübə və istiqamətlər”, üçüncü bölmədə Təhsil Problemləri İnstitutunun direktoru A. Mehrabov “Azərbaycanda texniki-peşə təhsilinin inkişafının əsas istiqamətləri”, Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru M. Məmmədova “Peşə təhsili və məşğulluq siyasəti–dayanıqlı iqtisadi inkişaf”, beşinci bölmədə Texniki-Peşə Təhsili şöbəsinin aparıcı məsləhətçisi E. Cəfərov “Texniki-peşə təhsilində İKT-dən istifadə” mövzularında təqdimatlar ediblər. Bölmələrdə müvafiq mövzular ətrafında geniş müzakirələr aparılıb, MDB ölkələrində texniki-peşə təhsili, təhsilin davamlı inkişafı və ixtisaslı fəhlə kadrlarının hazırlanmasının təkmilləşdirilməsi uzrə təkliflər qəbul olunub.
08/07/2015 16:52
Gürcüstanın Qudauri şəhərində mayın 14-dən 17-dək Cənubi Qafqaz İngilis dili müəllimləri birliklərinin 5-ci regional konfransı keçirilib.
AzETA-nın rəhbəri Rəqsanə Məmmədova konfransın açılış mərasimində çıxış edərək Azərbaycanda ingilis dilinin tədrisi sahəsində qazanılmış uğurlardan, qarşıda duran vəzifələrdən danışıb, bu sahədə daha yaxşı nəticələrin əldə olunmasında belə konfransların əhəmiyyətindən söz açıb. O, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ingilis dili müəllimləri üçün yaratdığı əlverişli şəraitdən və bu konfransın təşkilinə göstərdiyi dəstəkdən bəhs edib. 4 gün davam edən konfransda Azərbaycan nümayəndələrindən H. Hüseynova, Q. Rüstəmova, R. Əliyeva, A. Musayeva, F. Səfərova, J. Əliyeva, S. Süleymanova, V. Mustafayeva, S. Əliverdiyeva, V. Abdullayeva və V. Hüseynova ingilis dilinin müasir təlim metodları ilə tədrisinə dair müxtəlif mövzularda maraqlı çıxışlar və təqdimatlar ediblər. Konfransa Cənubi Qafqaz respublikaları İngilis dili müəllimləri birliklərinin üzvləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Belarus, Moldova və Ukraynanın ingilis dili mütəxəssisləri də qatılıblar. Konfransın yekununda iştirakçılara sertifikatlar və müxtəlif mükafatlar təqdim olunub. Regionun ən qabaqcıl və aparıcı təşkilatı olan AzETA rəhbərinə isə kompüter (noutbuk) hədiyyə edilib.
08/07/2015 16:52
Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında imzalanmış 19 sentyabr 2003-cü il tarixli, 3769AZ nömrəli Kredit Sazişi əsasında icra olunan Təhsil Sektorunun İnkişafı Layihəsinin 31 mart 2009-cu il tarixi vəziyyətinə auditi həyata keçirilib.
Audit beynəlxalq audit şirkəti olan “Baker Tilly Azerbaijan” MMC tərəfindən aparılıb. Qeyd edək ki, “Baker Tilly Azerbaijan” MMC ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında müqavilə Dünya Bankının texniki tapşırığı əsasında bağlanıb. Auditorlar Layihənin maliyyə göstəricilərini və xüsusilə də Dünya Bankının Azərbaycan Beynəlxalq Bankında olan xüsusi valyuta hesabındakı vəsaitlərinin hərəkətinin, eləcə də Layihə çərçivəsində imzalanmış müqavilələrin satınalma prosedurlarının auditini həyata keçiriblər. “Baker Tilly Azerbaijan” MMC Təhsil Sektorunun İnkişafı Layihəsinin 31 mart 2009-cu il tarixinə və həmin tarixdə tamamlanan 15 aylıq dövr üzrə Xüsusi Məqsədli Maliyyə Hesabatlarına dair aşağıdakı kimi Auditor rəyi verib: “Bizim rəyimizcə, Layihənin Xüsusi Məqsədli Maliyyə Hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Layihənin 31 mart 2009-cu il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə vəsaitlərin mənbələrini və istifadəsini Dünya Bankının Təlimatlarına uyğun olaraq düzgün əks etdirir”.
08/07/2015 16:52
Mayın 19-da Təhsil Nazirliyində “Xaricdə təhsil-Dövlət Proqramı” İnternet səhifəsinin təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” uğurla həyata keçirilməkdədir. Dövlət Proqramının icrası üzrə tədbirlər planına müvafiq olaraq layihə çərçivəsində təhsil alanlar və xaricə göndəriləcək gənclərin seçim qaydaları haqqında ictimaiyyətə daha operativ məlumatlar vermək məqsədilə Təhsil Nazirliyi tərəfindən “Xaricdə təhsil- Dövlət Proqramı” İnternet səhifəsi yaradılıb. Mərasimi giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq təqdimat üçün sözü səhifəni yaradan ABŞ-ın “Silver Texnoloji” şirkətinin nümayəndəsi Fərid İsmayılzadəyə verib. Geniş təqdimatla çıxış edən F. İsmayılzadə nəzərə çatdırıb ki, İnternet səhifəsində Dövlət Proqramına aid bütün hüquqi-normativ sənədlər toplusu, xarici ölkələrin ali məktəblərinə qəbul haqqında seçim qaydaları, müvafiq elanlar, təhsil alanların oxuduqları ölkə, ali məktəb, ixtisas, təhsil pilləsi, təhsilə başlama tarixi və məzunlar haqqında ətraflı məlumatlar əks olunub və yaxın müddətdə məzun olacaq şəxslər barədə materiallar yerləşdirilib. İnternet səhifəsinin ayrı-ayrı bölmələrini tədbir iştirakçılarına təqdim edən şirkət nümayəndəsi müvafiq Dövlət Proqramı ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edənlərə istənilən məlumatı rahat şəkildə əldə etmək imkanının yaradıldığını bildirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın icrası istiqamətində görülən işlər barədə ətraflı məlumat verən təhsil naziri Misir Mərdanov qeyd edib ki, Dövlət Proqramının icrası Təhsil Nazirliyinə tapşırıldıqdan sonra bununla bağlı xüsusi sektor yaradılıb. Nazir deyib ki, proqramın əsas məqsədi Azərbaycanda rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi üçün ölkənin yüksək səviyyəli kadrlara ehtiyacının ödənilməsi, azərbaycanlı gənclərin ümumbəşəri dəyərlər əsasında ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyinin və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir. Dövlət Proqramından əlavə, azərbaycanlı gənclərin xaricdə öz imkanları, müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri və dövlət xəttilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına təhsil aldıqlarını söyləyən təhsil naziri hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 17 ölkəsinin yüksək reytində malik olan 81 ali məktəbində bakalavr, magistratura, rezidentura, aspirantura və doktorantura pillələrində prioritet ixtisaslar üzrə 186 nəfər azərbaycanlı tələbənin təhsilini müvəffəqiyyətlə davam etdirdiyini vurğulayıb. Bu il dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsil almağa ən qabiliyyətli gənclərin arasından seçilən 200 nəfərin göndərilməsinin nəzərdə tutulduğunu, artıq bir neçə nəfərin Dövlət Proqramı çərçivəsində təhsillərini başa vuraraq Azərbaycana qayıtdığını deyən nazir məzunların işlə təminatı ilə bağlı xüsusu proqramın da hazırlanacağını və gələcəkdə bu işin müəyyən mexanizm əsasında həyata keçiriləcəyini bildirib. Misir Mərdanov xaricdə təhsil alan gənclərdən həmin ölkələrdə qalmaq arzusunda olanların qarşısında heç bir məhdudiyyət qoyulmadığını diqqətə çatdırıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə qəbul olunan bu qaydanın həmin ölkələrdəki diasporumuzun daha da güclənməsində mühüm rol oynayacağını qeyd edib. Nazir deyib ki, xaricdə təhsil alan gənclər ilk növbədə Azərbaycan xalqının təmsilçisi, zəngin və qədim mədəniyyətimizin, adət və ənənələrimizin təbliğatçılarıdır. Xarici ölkələrə göndəriləcək tələbələrin seçilməsində obyektivliyin və şəffaflığın başlıca amil olduğunu nəzərə çatdıran təhsil naziri bildirib ki, ixtisasların müəyyənləşdirilməsi və gənclərin təhsili üçün lazımi şəraitin yaradılması məsələləri də çox böyük əhəmiyyət kəsb edir. Sonda təhsil naziri Misir Mərdanov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın icrası ilə əlaqədar jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.
08/07/2015 16:52
Bu il ölkəmizdə orta ümumtəhsil məktəblərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək.
Azərbaycanın bütün ümumtəhsil məktəblərinin (Naxçıvan MR istisna olmaqla) və peşə liseylərinin şagirdləri, o cümlədən ötən dərs illərində buraxılış imtahanlarında qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən orta təhsil kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət etmiş şəxslər də əhatə olunmaqla, mərkəzləşdirilmiş buraxılış imtahanlarının vaxtı və imtahan götürüləcək fənlər Təhsil Nazirliyi tərəfindən əvvəlcədən müəyyən edilib. Belə ki, respublikamızın orta ümumtəhsil məktəblərinin IX sinif şagirdləri ana dili və riyaziyyat, XI sinif şagirdləri isə ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya, xarici dil fənlərindən buraxılış imtahanları verəcəklər. Təlim gürcü dilində olan məktəblərin XI (XII) sinifləri üçün test imtahan sualları müvafiq rayon təhsil şöbələri tərəfindən Təhsil Nazirliyinin yerlərə göndərdiyi "Test bankı"ndan istifadə edilməklə hazırlanıb təsdiq ediləcək. Orta təhsil kursu üzrə buraxılış imtahanları saat 10.00-da başlamaqla 3 (üç) saat vaxt ərzində bölgələr üzrə aşağıdakı qrafik əsasında keçiriləcək: 3 iyun 2009-cu il Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Şamaxı, Ucar, Zaqatala, Saatlı, Sabirabad və Qobustan rayonları; 8 iyun 2009-cu il Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağdam, Ağstafa, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz və Yevlax rayonları; 12 iyun 2009-cu il Şirvan şəhəri, Abşeron, Ağcabədi, Laçın, Astara, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Salyan, Yardımlı və Zərdab rayonları; 16 iyun 2009-cu il Bakı və Sumqayıt şəhərləri. Əsas təhsil kursu üzrə buraxılış imtahanları 3 (üç) saat vaxt verilməklə 5 iyun, eksternat qaydasında əsas və orta təhsil kursu üzrə buraxılış imtahanları isə 23 iyun 2009-cu il tarixdə saat 10.00-da Bakı şəhərindəki 202 saylı məktəbdə keçiriləcək. Onu da qeyd edək ki, peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları 24 aprel 2009-cu il tarixdə keçirilib.
08/07/2015 16:52
2008-2009-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərinin XI sinfini 112.549 şagird bitirəcək.
Müqayisə üçün qeyd edək ki, bu göstərici 2006-cı ildə 116.389, 2007-ci ildə 116.812, ötən il 117.535 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2006-cı ildə 431, 2007-ci ildə 524, ötən il 311 nəfər olduğu halda, 2009-cu ildə onların sayı 637 nəfərə yüksəlib. 2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119.600 şagird qəbul olunub. Bu göstərici 2006-cı ildə 116.958, 2007-ci ildə isə 117.921 nəfər təşkil edib. 2009-2010-cu dərs ilində isə I sinif şagirdlərinin sayının 125.114 nəfər olacağı proqnozlaşdırılır.
08/07/2015 16:52
Sentyabrın 15-də-Bilik Günündə Bakının Səbail rayonundakı 132-134 nömrəli təhsil kompleksi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı müasir standartlara uyğun əsaslı surətdə yenidən qurulmuş təhsil kompleksi ilə tanış oldu. Məlumat verildi ki, Prezidentin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidən qurulmuş dördmərtəbəli təhsil kompleksində həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm də şagirdlərin biliklərin əsaslarına mükəmməl yiyələnmələri üçün hər cür şərait yaradılmışdır. Şagirdlərin də, müəllimlərin də açılışını səbirsizliklə gözlədikləri bu bilik ocağında keyfiyyət, müasirlik və yüksək zövq vəhdət təşkil edir. İndi bu məktəb maddi-texniki bazasının zənginliyinə görə ölkəmizdə müasir təhsil komplekslərindən birinə çevrilmişdir. Xalqımızın maarifləndirilməsində, Azərbaycan elminin inkişaf etdirilməsində böyük xidmətləri olmuş yüzlərlə alimə ilk savad vermiş bu təhsil ocağında bu gün minədək şagirdin təlim-tərbiyəsi ilə 110 müəllim məşğuldur. Prezident İlham Əliyev təhsil kompleksində yaradılmış Heydər Əliyev Muzeyinə, fənn kabinetlərinə, idman, akt zallarına, tarix muzeyinə, ayrı-ayrı sinif otaqlarına, bufetə baxdı, tədris prosesi, dərs vəsaitləri, təhlükəsizlik sistemi ilə maraqlandı. Dövlətimizin başçısı təhsil kompleksi nəzdində fəaliyyət göstərən uşaq bağçası ilə də tanış oldu. Kompleksdə gözəl şərait yaradıldığını bildirən Prezident İlham Əliyev yeni dərs ilinin başlaması münasibətilə məktəbin müəllimlərini və şagirdlərini təbrik etdi, onlara uğurlar arzuladı. Təhsil kompleksində yaradılmış şərait müəllim-şagird kollektivinin böyük sevincinə səbəb olmuşdur. Məktəbin müəllimi Leyla Təhmasib göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə pedaqoji kollektiv adından təşəkkür etdi. Dövlətimizin başçısına təhsil kompleksinin müəllimi Ülkər Hüseynovanın müəllifi olduğu “Mənim fəxrim-məktəbim!” kitabı təqdim olundu. Sonda xatirə şəkli çəkdirildi. AzərTAc.
08/07/2015 16:52
2008-2009-cu tədris ilində respublikamızın dövlət ali təhsil müəssisələrində 102.787 nəfər bakalavr, 6253 nəfər magistr pilləsində təhsil alır (cəmi-109.040 nəfər).
Bu il Təhsil Nazirliyinin tabeliyində olan ali məktəbləri 20.092 bakalavr, 2.564 magistr başa vuracaq. 2009-cu il Təhsil Nazirliyinin tabeliyindəki dövlət ali məktəblərinin magistratura pilləsinə tələbə qəbulu planına uyğun olaraq 3.785 yer təklif edilib. Bunların 1.822-si dövlət hesabına, 1.963-ü ödənişlidir. Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetinə MBA proqramı üzrə 450, Azərbaycan Dövlət Neft Akademiyasına MBA proqramı çərçivisində 100, Tempus proqramı üzrə isə 16 magistr yeri ayrılıb. Müvafiq ali məktəblərin bakalavr pilləsinə isə 21.290 nəfərin qəbul olunması nəzərdə tutulub. Onların 9.275-i dövlət hesabına, 12.015 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı