SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bir və ya bir neçə fəndən qeyri-kafi qiymət almış, imtahan fənləri üzrə illik qeyri-kafi qiymət aldığı üçün buraxılış imtahanına buraxılmamış, həmçinin müəyyən səbəblərdən imtahanlarda iştirak etməmiş şagirdlərin payız buraxılış imtahanı verməsi nəzərdə tutulub.
Payız buraxılış imtahanları üç bölgə üzrə sentyabrın 2-də, 6-da və 8-də keçiriləcəkdir. Sentyabrın 2-də Şirvan şəhəri, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Salyan, Ucar, Sabirabad, Saatlı, Zərdab, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının, sentyabrın 6-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağstafa, Bərdə, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Ağdaş, Ağsu, Göyçay, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Şəki, Balakən, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Şamaxı, Zaqatala və Qobustan rayonlarının, sentyabrın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun şagirdləri payız imtahanı verəcəklər.
08/07/2015 16:52
Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzində “Azərbaycanı sev və öyrən” turist-diyarşünaslıq ekspedisiyasının respublika baxış-müsabiqəsi keçirilib.
Qeyd edək ki, respublika baxış müsabiqəsi 7 bölmə üzrə təşkil edilib. Bizim irs, doğma diyara yürüş, səyahət və ekskursiya bölmələrində iştirak edən uşaq və yeniyetmələr xalqımızın zəngin mədəni irsini dərindən öyrənməyə cəlb olunub, qədim adət-ənənələrimiz və bayramlarımız haqqında əhatəli məlumatlar toplayıblar. Müsabiqənin mayın 22-də Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzində təşkil olunan final mərhələsində Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri A. İbrahimov, həmin şöbənin baş məsləhətçisi A. Qarayev, böyük məsləhətçi E. Əlizadə iştirak ediblər. Tədbirə paytaxtın ümumtəhsil məktəbləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Babək, Culfa, Şahbuz rayonlarının, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərinin tədris ocaqları da qatılıb. Final mərhələsində qalib gəlmiş işlər Təhsil Nazirliyinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
08/07/2015 16:52
Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalareyasında mayın 20-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqəsinin respublika mərhələsi keçirilib.
Müsabiqə uşaq və yeniyetmələrin elmi-texniki potensialının üzə çıxarılması, onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunub. Texniki yaradıcılığın 5 növü-aviamodel, kosmik raket, gəmi modelçiliyi, avtomodel və radiotexnika üzrə 15 nominasiyada keçirilən müsabiqənin rayon və zona mərhələsində respublikanın 70 rayonundan 8-18 yaşlarında 300-ə yaxın uşaq və yeniyetmə iştirak edib. Müsabiqənin respublika mərhələsində isə 62 şəhər və rayondan 240 məktəbli iştirak edib. Bu mərhələdə hər nominasiya üzrə I, II və III yerlərə sahib olan məktəblilər Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
08/07/2015 16:52
2010-2011-ci tədris ilində ölkəmizin 4546 ümumtəhsil məktəbində 1359900 şagird təhsil alacaq.
Onların təlim-tərbiyəsi ilə 169498 müəllim məşğul olacaq. Yeni dərs ilində I sinif şagirdlərinin sayının 120844 nəfər olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2009-2010-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 118581 şagird qəbul olunub. Növbəti tədris ilində 36 dövlət ali təhsil müəssisində 116930, 15 özəl ali məktəbdə isə 19430 tələbə təhsil alacaq. Onu da qeyd edək ki, dövlət ali təhsil ocaqlarında 12800, qeyri-dövlət ali məktəblərində isə 2090 müəllim çalışır.
08/07/2015 16:52
Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərlə pulsuz təminatı üçün ayrılmış 8 milyon manat vəsait hesabına 2010-2011-ci tədris ilinə 127 adda 4641700 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib.
Bu sıraya yeni kurikulum tətbiq edilən III siniflər üçün 40 adda 1088250 nüsxə dərslik və müəllim üçün metodik vəsait, I, VI və VIII-XI siniflər üçün isə 70 adda 3417800 nüsxə dərslik və 1 adda 600 nüsxə müəllim üçün metodik vəsait, xüsusi məktəblər üçün 12 adda 1070 nüsxə xüsusi şriftlərlə və brayl əlifbası ilə hazırlanmış dərsliklər daxildir. Onu da qeyd edək ki, 2010-cu ildə I siniflər üçün “Azərbaycan dili” dərslik komplekti (təlim rus dilində olan ümumtəhsil məktəbləri üçün), II siniflər üçün “Ərəb dili”, “Alman dili” və “Fransız dili”, III siniflər üçün bütün dərslik komplektləri, VIII siniflər üçün “Rəsmxət”, IX siniflər üçün “Coğrafiya” və “Azərbaycan Respublikasının Konstitusiyası”, XI siniflər üçün “İnformatika”, II sinif üçün “Udi dili” dərslikləri yeni hazırlanıb və çap olunub.
08/07/2015 16:52
2010-cu ildə respublika üzrə 17434 şagird yerlik 49 yeni məktəb binasının, 10 mövcud məktəbə 1418 şagird yerlik əlavə tədris korpuslarının və 3 məktəbəqədər təhsil müəssisəsinin inşası başa çatdırılıb.
Eləcə də, 7 ümumtəhsil məktəbi, 2 peşə liseyi, 6 körpələr evi-uşaq bağçası əsaslı, 356 ümumtəhsil məktəbi, 9 peşə liseyi, 32 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi cari təmir olunub. Onu da qeyd edək ki, cari ildə 6980 şagird yerlik 25 yeni məktəb binasının tikintisinə başlanılıb.
08/07/2015 16:52
Mayın 23-də Xaçmaz rayonunda Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin ( AzETA) 6-cı regional konfransı keçirilib.
Konfransa Azərbaycan İngilis Dili Müəllimləri Birliyinin (AzETA) üzvləri ilə birgə ingilis dili üzrə mütəxəssislər və digər müəllimlər də qatılıblar. İngilis dili üzrə mütəxəssislər tərəfindən ingilis dilinin müasir təlim metodları ilə tədrisinə dair müxtəlif mövzularda çıxışlar və maraqlı təqdimatlar dinlənilib. Konfransda Təhsil Nazirliyinin nümayəndələri, ABŞ səfirliyinin və British Council təşkilatının əməkdaşları da iştirak edib.
08/07/2015 16:52
Amerika Hüquqşünaşlar Assosiasiyası Mərkəzi Avropa və Avrasiyada Hüquq Təşəbbüsü (ABA-CEELİ) təşkilatı Təhsil Nazirliyi ilə birgə ümumtəhsil məktəblərində həyata keçirdiyi “Canlı hüquq” proqramının 5 illik fəaliyyətini qeyd edib.
Məlumat üçün qeyd edək ki, Təhsil Nazirliyi ABA-CEELİ təşkilatı ilə birgə 2004-cü ildən “Canlı hüquq” proqramını həyata keçirir. Bu proqram çərçivəsində 2004-2009-cu illərdə 250 çox tələbəyə 2500-dən çox şagirdə hüquq dərsləri keçirilib. Təntənəli yubiley mərasimində layihəni həyata keçirən proqram rəhbəri və tələbələr 5 illik fəaliyyət barədə maraqlı təqdimat ediblər. Proqramda iştirakçısı olan tələbələr, proqramı həyata keçirən məktəb rəhbərləri mərasimdə iştirak ediblər. Həmçinin, ABA-CEELİ təşkilatının ölkə üzrə direktoru, şöbə müdiri, ”Hüquqi təhsil” proqramının hüquqşünası, proqramın koordinatoru, Təhsil Nazirliyinin və bir sıra səfirliklərin nümayəndələri də yubiley tədbirinə qatılıblar. Mərasimin sonunda proqramda uğur qazanan məkəblərə, tələbələrə və digər iştirakçılara sertifikatlar təqdim olunub.
08/07/2015 16:52
YUNİCEF-in regional ofisinin dəstəyi ilə Qırğızıstan hökuməti tərəfindən mayın 12-dən 14-dək Bişkek şəhərində Uşaq Qayğı Sisteminin İslahatı üzrə beynəlxalq forum təşkil edilib.
Tədbirdə uşaqların sosial müdafiə sisteminin təkmilləşdirilməsi, bu sahədə əldə olunan təcrübənin iştirakçı ölkələr və təşkilatlar arasında bölüşdürülməsi məsələləri müzakirə olunub. Forumda Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan), eləcə də Azərbaycan və Türkiyənin nümayəndə heyətləri, YUNİCEF-in regional ofisinin və ölkələr üzrə ofislərinin nümayəndələri, o cümlədən İngiltərə, Rusiya, Xorvatiya, Bolqarıstan, Hollandiya və Moldovadan olan beynəlxalq ekspertlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Nazirlər Kabinetinin elm, xalq təhsili, mədəniyyət və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov “Uşaq Müdafiəsi Sisteminin İslahatı–Dövlət Uşaq Müəssisələrinin Transformasiyası üzrə Baş Plan” adlı təqdimatla çıxış edib. Bir sıra ölkələrin və YUNİCEF-in nümayəndələrinin, beynəlxalq ekspertlərin çıxışlarında Azərbaycanın bu sahədə fəaliyyəti xüsusi vurğulanıb, transformasiya planının bir model olaraq digər ölkələrdə də tətbiq edilməsi, müvafiq planın işlənilməsi üzrə ölkəmizin təcrübəsinin öyrənilməsi tövsiyə olunub. “Dövlət uşaq müəssisələri nəzdində günərzi mərkəzlərin yaradılması, alternativ qayğı xidmətlərinin təşkili üzrə Azərbaycan təcrübəsi” adlı təqdimatla çıxış edən Dövlət Proqramının İdarəolunması üzrə İşçi Qrupun rəhbəri Məlahət Hacıyeva QHT-lər və dövlət tərəfindən təşkil edilən sosial xidmət mərkəzləri və əldə olunan müsbət nəticələr barədə fikirlərini bildirib. Daha sonra “Region üzrə islahat çərçivəsində uşaq qayğı sisteminin maliyyələşdirilmə prinsipləri üzrə təcrübə” mövzusunda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məruzə edib.
08/07/2015 16:52
Niderland Kralliği Senatinin sədri Rene Van der Linden Təhsil Nazirliyində olmuşdur.
Ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden sentyabrın 8-də Təhsil Nazirliyində olmuşdur. Görüşdə təhsil naziri Misir Mərdanov Azərbaycan-Niderland əlaqələrinin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışmışdır. O, Prezident İlham Əliyevin ölkələrimiz arasında təhsil əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini xatırlatmışdır. Prezident Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin xaricdə təhsil alacağı universitetlərin sırasına Niderlandın 14 universitetinin daxil edildiyini vurğulayan nazir, bu sayı artırmaq barədə niyyəti olduğunu da diqqətə çatdırmışdır. M.Mərdanov dövlətimizin hesabına Niderlandın ali məktəblərində 27 azərbaycanlı gəncin oxuduğunu bildirmişdir. Görüşdən məmnun qaldığını qeyd edən Rene Van der Linden öz ölkəsinin təhsil sistemi, Niderlandın ayrı-ayrı universitetlərinin fəaliyyəti, müvafiq sahədə beynəlxalq əlaqələr barədə ətraflı məlumat vermişdir. Niderlandda təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışan Rena Van der Linden azərbaycanlı gənclərin bu ölkədə təhsili üçün imkanlar olduğunu bildirmiş, ölkələrimiz arasında müvafiq sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini vurğulamışdır. Görüşdə iki ölkə arasında təhsil əlaqələrinin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılmışdır. AzərTAc
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı