SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2010-cu ilin iyun ayında 4200 müraciət daxil olub.
Müraciətlərin 3911-i telefonla, 289-u elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər qeydə alınıb, araşdırılıb və cavablandırılıb. Bu iş Təhsil Nazirliyinin müvafiq strukturları tərəfindən həyata keçirilib. İyun ayında “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti sorğu xarakterlidir. Sorğuların 4000-ə qədəri ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş və eksternat qaydada keçirilən imtahanlar, onların nəticələrinin öyrənilməsi, apelyasiya şikayətlərinin qəbulu və onun yekunu barədə məlumatın əldə edilməsi, imtahanların keçirildiyi zaman şagirdlərin üzləşdikləri problemlər, eyni zamanda, ümumi orta və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi ilə əlaqədardır. Digər sorğularda müəllimlərin işə qəbulu, istedadlı uşaqlar arasında keçirilmiş olimpiadanın nəticələri və Beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, xarici ölkə təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəmizin təhsil müəssisələrinə köçürülməsi qaydaları ilə bağlı olub. Eyni zamanda şagirdlərin məktəbli geyimi ilə təmin olunması, müəllimlərin əmək haqqının hesablanması qaydaları və digər məsələlərə dair sorğularla da müraciət olunub. Şikayət xarakterli müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki-peşə, orta-ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs olunur. Bu müraciətlər əsasında araşdırmalar aparılıb, problemlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı müraciətlərin böyük əksəriyyəti Bakı, Gəncə, Sumqayıt şəhərlərindən, Abşeron, Şabran, Tərtər, Qazax, Quba, Lənkəran və digər rayonlardan olub. Müraciətlərdə ümumtəhsil məktəblərində şagirdlərin illik qiymətlərinin çıxarılması, təhsil sənədlərinin doldurulması, onların məzunlara verilməsi sahəsindəki çatışmazlıqlar, məktəb rəhbərlərinin yol verdikləri nöqsanlar və başqa məsələlər öz əksini tapıb. Bakıdakı 2, 3, 5, 11, 12, 18 saylı peşə liseylərindən və Saatlı Peşə liseyindən daxil olan müraciətlərdə bu təhsil müəssisələrində aidiyyəti olmayan kitab satışının təşkili, şagird qəbulu qaydalarının pozulması, təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi kimi məsələlərdən bəhs olunur. Məlumat üçün qeyd edək ki, təhsil nazirinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” 21.05.2010-cu il tarixli, 632 saylı əmrinin icrası ilə bağlı “Qaynar xətt” xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan müraciətlərin operativ şəkildə araşdırılması təmin edilib. Bu da öz növbəsində ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edib. 2009-2010-cu dərs ilinin yay imtahan sessiyası dövründə “Qaynar xətt” xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən 41 müraciət daxil olub, onlardan 23-ü dövlət, 11-i özəl ali təhsil, 7-si orta ixtisas təhsil müəssisələrindən qəbul edilib. Ali təhsil müəssisələrindən daxil olan müraciətlər semestr imtahanlarının test üsulu ilə keçirilməsi, Boloniya prosesinin tətbiqi, pedaqoji və istehsalat təcrübələrinin təşkili, magistratura təhsili, tələbələrin imtahanlara buraxılması, təhsil haqqının ödənilməsi qaydaları və s. ilə bağlı olub. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirərək, qiymətlərinin yüksəldilməsinə apelyasiya qaydasında köməklik göstərilməsini xahiş ediblər. Təhsil Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin nümayəndələri ilə birgə araşdırmalar aparıb və buna əsasən tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə uyğun obyektiv qiymətləndirilməsi təmin olunub. Özəl ali təhsil müəssisələrindən daxil olan 11 müraciətdən 8-i Azərbaycan Beynəlxalq Universiteti ilə bağlıdır. Bu müraciətlərdə tələbələrin imtahanlara buraxılmaması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi ilə bağlı məsələlər öz əksini tapıb. Eyni zamanda Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Biznes Universitetindən də imtahan sessiyası dövründə şikayət xarakterli müraciətlər daxil olub. Bununla əlaqədar bütün müraciətlər yerində araşdırılıb və müəlliflərə cavab verilib. Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı Rabitə və Nəqliyyat Kolleci, Gəncə Humanitar Kolleci və Odlar Yurdu Universiteti nəzdində Orta İxtisas Kolleci, Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu və Bakı Sənaye Pedaqoji Texnikumundan müraciətlər daxil olub. Həmin müraciətlərdə tələbələrin təqaüdlərinin vaxtında ödənilməməsi, imtahanda verilmiş qiymətlərdən narazılıq, təhsil sənədlərinin gecikdirilməsi barədə şikayətlər əks olunub. “Qaynar xətt” xidmətinə daxil olmuş müraciətlərə əsasən aparılmış araşdırmalarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün Təhsil Nazirliyinin struktur bölmələrinə məlumat verilib. Eyni zamanda adı çəkilən təhsil müəssisələrinə gələcək fəaliyyətlərində yol verilmiş nöqsanların aradan qaldırılması tövsiyə olunub.
08/07/2015 16:52
Mayın 21-dən 22-dək Quba, Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı rayonlarında, 26-dan 27-dək isə Lənkəran şəhərində, Astara, Cəlilabad, Masallı, Yardımlı, Lerik rayonlarında yerləşən təhsil müəssisələri rəhbərlərinin və baş mühasiblərinin iştirakı ilə zona müşavirələri keçirilib.
Müşavirə təhsil müəssisələrinin milli mühasibat uçotu standartlarına keçidlə əlaqədar real vəziyyət və qarışda duran vəzifələrə həsr olunub. Müşavirələrdə 2008-ci ildə Təhsil Nazirliyinin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları ilə yanaşı, həmin zonalarda yerləşən təhsil müəssisələrinin ötən ilin hesabatları təhlil edilib, mövcud problemlər və onların aradan qaldırılması istiqamətində müzakirələr aparılıb. Tədbirdə “Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanun”una uyğun olaraq, təhsil müəssisələrinin milli mühasibat uçotu standartlarına keçidi ilə əlaqədar yaranmış real vəziyyət və qarşıda duran vəzifələr barədə çıxışlar edilib, müəssisə rəhbərlərinə, eləcə də baş mühasiblərə müvafiq tapşırıqlar verilib.
08/07/2015 16:52
İyunun 1-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 2009-cu il- “Uşaq ili” çərçivəsində 1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin birgə tədbiri keçirilib.
Tədbirdə təhsil naziri Misir Mərdanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin uşaqları çox sevdiyini, onların problemlərini hər zaman önə çəkdiyini qeyd ediblər. Çıxış edənlər ölkə Prezidenti cənab İlham Əliyevin uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib, 2009-cu ilin ümumilikdə “Uşaq ili” elan edilməsini onlara göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndiriblər. Sonra “Uşaq ili” çərçivəsində yuxarıda adları qeyd olunan dövlət qurumları tərəfindən müxtəlif nominasiyalar üzrə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb. Qeyd edək ki, tədbirdə mükafat alanlar arasında Təhsil Nazirliyi tərəfindən keçirilmiş rəsm və foto müsabiqələrinin qalibləri də olub. Mərasim incəsənət ustalarının və uşaq bədii kollektivlərinin maraqlı konsert proqramı ilə başa çatıb. Məlumat üçün bildiririk ki, ölkə Prezidentinin 2009- cu ili “Uşaq ili” elan etməsi haqqında Sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış tədbirlər planına əsasən ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm və foto müsabiqələri keçirilib. Müsabiqənin respublika mərhələsində 400-ə yaxın rəsm və foto şəkillər təqdim edilib. 4 yaş qrupu üzrə keçirilən müsabiqələrdə 24 nəfər I-II-III yerlərə layiq görülüb.
08/07/2015 16:52
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə
“Təhsil haqqında” Qanunun 14.18-ci bəndinə uyğun olaraq ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri Prezidentin 23 fevral 2010-cu il tarixli, 225 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əsasnaməyə görə «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmalıdırlar. Bununla əlagədar ali və orta ixtisas təhsili müəssisələri tələbə və magistrlər, akademik müvəffəqiyyət, ixtisas dəyişmələri, başqa təhsil müəssisəsindən köçürmələr, (o cümlədən xarici ölkələrdən), tələbələr sırasından xaric edilmələr, bərpalar və Əsasnamədə göstərilən digər məlumatları həmin sistemə daxil etməlidirlər. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 348-4-cü maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələri «Tələbə-məzun» dövlət elektron məlumat sisteminə qoşulmadıqları və ya məlumatları həmin sistemə vaxtında, tam və ya düzgün daxil etmədikləri halda cərimə (vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək miqdarında, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək miqdarda) ediləcəklər. Ali (orta ixtisas) təhsil müəssisələrində təhsil alan tələbələrin köçürmələrinin mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə nəzarəti daha da gücləndirmək və məlumatların elektron məlumat sisteminə vaxtında mərkəzləşdirilmiş şəkildə daxil olunmasını təmin etmək məqsədilə bildiririk ki, qeyri-dövlət və Təhsil Nazirliyinin tabeliyində olan dövlət ali (orta ixtisas) təhsil müəssisələrinə başqa müəssisələrdən və ya müəssisə daxilində bir ixtisasdan digərinə tələbələrin köçürülmələri və xarici ölkə təhsil müəssisələrindən xaric olunanların bərpası Təhsil Nazirliyinin, başqa nazirlik, komitə, idarə və təşkilatların tabeliyində olan ali (orta ixtisas) təhsili müəssisələrində isə həmin qurumların razılığı əsasında həyata keçiriləcəkdir. Qeyd olunanları nəzərə alıb, mövcud qanunvericilikdə müəyyən olunmuş müddətdə köçürmələr başa çatdıqdan sonra elektron məlumat sisteminə daxil etmək üçün rəhbərlik etdiyiniz təhsil müəssisəsində köçürülmələr barədə məlumatı əlavə edilmiş formaya uyğun bir həftə müddətində Təhsil Nazirliyinə təqdim etmək Sizə tapşırılır. Hörmətlə, Nazir Misir Mərdanov №46-03-4808/17 10.08.2010 Köçürülən və bərpa olunan (o cümlədən xarici ölkə təhsil müəssisəsindən) tələbələr haqqında MƏLUMAT № Tələbənin soyadı və adı Əvvəl təhsil aldığı təhsil müəssisəsinin adı Əvvəl təhsil aldığı ixtisasın adı Köçürüldüyü və ya bərpa olduğu ixtisas Köçürülmə əmrinin tarixi və nömrəsi Təhsil müəssisəsinin tabe olduğu qurumun razılıq məktubu (tarixi və nömrəsi)
08/07/2015 16:52
Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında bir və ya bir neçə fəndən qeyri-kafi qiymət almış şagirdlər növbəti dərs ilində qeyri-kafi qiymət aldıqları fəndən (fənlərdən) təkrar buraxılış imtahanı verirlər.
Şagird təkrar buraxılış imtahanında üzürsüz səbəbdən iştirak etmədikdə və ya yenə də qeyri-kafi qiymət aldıqda, növbəti dərs ilindən başlayaraq ekstern qaydasında bütün fənlərdən buraxılış imtahanı verir. Ekstern qaydasında buraxılış imtahanı vermək istəyənlər hər il aprelin 1-dən 20-dək müvafiq rayon (şəhər) təhsil şöbəsinə (idarəsinə) ərizə ilə müraciət edir və mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilməyən fənlər üzrə ilkin mərhələ imtahanlarını verirlər. Həmin şagirdlərin imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər (ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə) rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşaiyətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir. Əvvəlki dərs ilində buraxılış imtahanı keçirilməyən bir və ya bir neçə fəndən qeyri-kafi qiymət aldığı üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxılmayan şagirdlər də hər il aprelin 1-dən 20-dək bitirdikləri məktəblərə ərizə ilə müraciət edir və rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən müəyyən olunmuş məktəbdə qeyri-kafi qiymət aldıqları fəndən (fənlərdən) mərkəzləşdirilmiş qaydada ilkin mərhələ imtahanları verirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşaiyətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir. Əvvəlki dərs ilində biliyi qiymətləndirilmədiyi üçün orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxılmayan, habelə müxtəlif səbəblərdən ümumi və ya tam orta təhsil səviyyəsini vaxtında başa vura bilməyən və buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq istəyən şəxslər də ekstern yolu ilə imtahanlara buraxılırlar. Ekstern qaydasında buraxılış imtahanı vermək istəyənlər hər il aprelin 1-dən 20-dək müvafiq rayon (şəhər) təhsil şöbəsinə (idarəsinə) ərizə ilə müraciət edir və mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları verilməyən fənlər üzrə ilkin mərhələ imtahanlarını verirlər. Onların imtahana buraxılması barədə qərar qəbul edildikdən sonra müvafiq sənədlər ilkin mərhələ imtahanlarının qiymətləri əlavə edilməklə rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) müşaiyətedici məktubu ilə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir.
08/07/2015 16:52
Avqustun 19-da təhsil naziri Misir Mərdanov İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi əl-Barrak ilə görüşüb.
Azərbaycanla İraq arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Misir Mərdanov təhsil sahəsində də qarşılıqlı əməkdaşlığın inkişafının əhəmiyyətindən bəhs edib. Hələ keçmiş İttifaq zamanında müvafiq əlaqələrin olduğunu xatırladan nazir bu istiqamətdə münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb. İraqın Azərbaycanla qarşılıqlı münasibətləri daha da yaxınlaşdırmaqda maraqlı olduğunu söyləyən səfir ölkəsinin xarici siyasətdə əsas götürdüyü sabit kursun dəyişmədiyini diqqətə çatdırıb. Heydər Şiyə Qubeyşi əl-Barrak yaxın zamanlarda İraqla Azərbaycan arasında elm, təhsil və bir sıra digər sahələrdə əlaqələrin inkişafına xidmət edən sazişin imzalanmasının nəzərdə tutulduğunu qeyd edib. Görüşdə iki ölkə arasında tələbə mübadiləsinin aparılması perspektivləri müzakirə edilib və iraqlı tələbələrin respublikamızın ali məktəblərində təhsili ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
08/07/2015 16:52
Avqustun 20-də Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələrlə görüş keçirilib.
Tədbir iştirakçılarını və qonaqları salamlayan təhsil naziri Misir Mərdanov xaricdə təhsilin hər zaman prioritet məsələ olduğunu, hələ 1918-ci ilə qədər və Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycanlıların dünyanın bir sıra ali məktəblərində təhsil aldıqlarını nəzərə çatdırıb. Nazir qeyd edib ki, ötən əsrin 70-80-ci illərində azərbaycanlı gənclərin SSRİ-nin müxtəlif şəhərlərinə oxumağa göndərilməsi daha intensiv xarakter alıb, hər il 1000-1500 tələbə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə yola salınıb. Ulu öndərin ölkəmizin müstəqillik illərində də xaricdə ali təhsil alan gənclərə xüsusi diqqət göstərilməsini və onların dövlət qayğısı ilə əhatə olunmasını təmin etdiyini bildirən Misir Mərdanov hazırda ümumilikdə 10000-dən çox azərbaycanlının dünyanın ən nüfuzlu universitetlərində oxuduğunu vurğulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın 2007-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirildiyini söyləyən nazir bildirib ki, Dövlət Proqramının əsas məqsədi rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkəmizin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsindən ibarətdir. Dövlət Proqramının şərtlərinə əsasən həmin tələbələrin bütün xərclərinin dövlət tərəfindən ödənildiyini nəzərə çatdıran təhsil naziri proqramın icrasına başlandığı vaxtdan 512 nəfər gəncin təhsil almaq üçün müxtəlif xarici ölkələrə göndərildiyi barədə məlumat verib. Misir Mərdanov 2007-ci ildə 66, 2008-ci ildə 137, 2009-cu ildə 309 nəfərin Dövlət Proqramından bəhrələndiyini, 2010-cu ildə isə təxminən 200 nəfər tələbənin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün göndərilməsinin nəzərdə tutulduğunu bildirib. Nazir Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrdən 32 nəfərin artıq məzun olduğunu, onların müxtəlif dövlət və özəl qurumlarda işlə təmin edildiyini söyləyib. Təhsil naziri hazırda Dövlət Proqramı çərçivəsində dünyanın 22 ölkəsinin yüksək reytinqə malik olan 154 ali məktəbində təhsilin müxtəlif pillələrində təhsil alan gənclərin doktorantura səviyyəsi üzrə sosial elmlər, mühəndislik, tibb və informasiya telekommunikasiya texnologiyaları, magistratura səviyyəsi üzrə iqtisadiyyat və idarəetmə, sosial elmlər, hüquqşünaslıq, informasiya telekommunikasiya texnologiyaları, mühəndislik, tibb və digər ixtisaslara üstünlük verdiklərini xüsusi olaraq qeyd edib. Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş tələbələri təbrik edən Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri, Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov gənclərə göstərilən etimadın özünü doğruldacağına, onların Azərbaycanın gələcək inkişafına layiqli töhfələr verəcəklərinə inandıqlarını bildiriblər. Təhsil naziri respublikamızın kadrlara olan tələbatı nəzərə alınaraq növbəti tədris ilindən etibarən tələbələr xarici ölkələrə göndərilərkən informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya və kimya ixtisaslarına üstünlük veriləcəyini bildirib. Azərbaycanlı gənclərin yaxşı təhsil almaqla bərabər, oxuduqları ölkələrdə fəal olmalarının üstün cəhətlərinə toxunan nazir dünyada Azərbaycan həqiqətlərinin yayılmasında onların da üzərinə məsuliyyət düşdüyünü qeyd edib. Sonda çıxış edən tələbələr göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirib, onları maraqlandıran bir sıra məsələlərlə bağlı təkliflərini səsləndiriblər.
08/07/2015 16:52
Avqustun 25-də təhsil naziri Misir Mərdanov Almaniya-Azərbaycan Forumunun sədri, Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer və Almaniya Bundestaqının deputatı Tomas Barays ilə görüşüb.
Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov belə bir görüşdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycan ilə Almaniya arasında müxtəlif istiqamətlərdə mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini bildirən nazir təhsil sahəsi üzrə səmərəli əlaqələrin qurulmasında Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzerin gördüyü işlərin böyük önəm daşıdığını nəzərə çatdırıb. Ölkələrimiz arasındakı səmərəli təhsil əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu vurğulayan Misir Mərdanov ötən il oktyabrın 25-dən 29-dək Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfəri çərçivəsində müzakirə olunan məsələlərin diqqət mərkəzində saxlanıldığını, Ştutqart Dual Ali Məktəbində, Baden-Vürttenberq Torpağı Elm və Təhsil Nazirliyində və İxtisasartırma Təhsili Akademiyasındakı görüşlərdə irəli sürülmüş təkliflərlə bağlı müəyyən işlərin görüldüyünü bildirib. Respublikamızın ümumtəhsil məktəblərində Alman dilinin tədrisi, bu istiqamətdə həyata keçirilməli olan zəruri tədbirlərdən bəhs edən nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricə göndərilən tələbələrin sayına görə Almaniyanın ilk üçlükdə qərarlaşdığını söyləyib. Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer səmimi qəbula görə təşəkkürünü bildirib və Almaniyanın bütün sahələrdə, eləcə də təhsil sektorunda Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu nəzərə çatdırıb. Müasir tələblər baxımından ən çox ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması işini təkmilləşdirmək üçün Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin təşkilinə yardımçı olmaq təşəbbüsü ilə çıxış edən Otto Hauzer bunun ölkəmizə sərmayə qoymaq istəyən Alman iş adamlarının axınının güclənməsinə əlavə təkan verəcəyini qeyd edib. Almaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşlərinə toxunan fəxri konsul onlara yaxşı təhsil almaqda hər cür kömək etməyə hazır olduqları, həmin gənclərin gələcəkdə ölkələrimiz arasındakı əməkdaşlığın daha da dərinləşməsinə layiqli töhfələr verə biləcəyi haqda fikirlərini açıqlayıb. Qonaq Alman mütəxəssislərin Azərbaycan Dövlət Neft Akademiyası ilə əlaqələr yaratmaqda və birgə əməkdaşlıqda maraqlı olduqlarını da qeyd edib. Almaniyada peşə təhsili sisteminin yüksək səviyyədə inkişaf etdiyini və ölkənin sosial-iqtisadi tərəqqisində bu amilin mühüm rol oynadığını nəzərə çatdıran Misir Mərdanov Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin yaradılması təşəbbüsünü dəstəklədiyini bildirib. Nazir qeyd edib ki, irəli sürülən təşəbbüs gerçəkləşərsə, bu, Azərbaycan-Almaniya təhsil əlaqələrinin inkişafı yolunda ən əlamətdar hadisələrdən biri olacaqdır. Azərbaycan Dövlət Neft Akademiyasının hələ ötən əsrin 80-ci illərindən Almaniya ali təhsil müəssisələri ilə əlaqələrinin olduğunu söyləyən nazir qarşılıqlı əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğunu vurğulayıb. Daha sonra bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda nümunəvi texniki peşə təhsili müəssisəsinin yaradılması üçün birgə işçi qrupunun təşkil edilməsi, ümumtəhsil məktəblərində Alman dilinin tədrisi səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlərin görülməsi, ixtisasartırma təhsili ilə bağlı əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
08/07/2015 16:52
2008-2009-cu tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərinin XI sinfini 112.549 şagird bitirəcək.
Müqayisə üçün qeyd edək ki, bu göstərici 2006-cı ildə 116.389, 2007-ci ildə 116.812, ötən il 117.535 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2006-cı ildə 431, 2007-ci ildə 524, ötən il 311 nəfər olduğu halda, 2009-cu ildə onların sayı 637 nəfərə yüksəlib. 2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119.600 şagird qəbul olunub. Bu göstərici 2006-cı ildə 116.958, 2007-ci ildə isə 117.921 nəfər təşkil edib. 2009-2010-cu dərs ilində isə I sinif şagirdlərinin sayının 125.114 nəfər olacağı proqnozlaşdırılır.
08/07/2015 16:52
TƏHSİL NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Sentyabrın 1-də təhsil naziri Misir Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olma müddətinin uzadılmaması barədə əmr imzalayıb. Əmrdə qeyd olunur ki, Azərbaycan Beynəlxalq Universiteti 1997-ci il oktyabrın 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48-11-4058/16 nömrəli qərarı ilə ilk dəfə lisenziya verilib. Universitet 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb. Cari ilin iyul ayının 8-də Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddəti bitdiyi üçün bu məsələyə yenidən baxilması, eləcə də, bu ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədi ilə Ekspert qrupu yaradılıb. Ekspert qrupu ali məktəbin maddi-texniki bazası ilə tanış olmaqla, universitet rəhbərliyinin və Təhsil Nazirliyinin müvafiq şöbələrinin təqdim etdiyi sənədləri təhlil etməklə araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, 2005-ci illə müqayisədə Azərbaycan Beynəlxalq Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülsə də, tədris prosesinin təşkilində normativ sənədlərin tələblərinə riayət olunmayıb, hətta daha ciddi pozuntulara yol verilib. Ekspert qrupunun hazırladığı arayış Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında müzakirə olunub. İclasda universitetin ali kollegial idarəetmə orqanı olan Elmi Şurasının imkanlarından istifadə edilmədiyi, ali məktəbin strukturuna daxil olan fakültələrin bir çoxunun mövcud qaydaların tələblərinə zidd fəaliyyət göstərdiyi, əksər kafedralar, xüsusən texniki ixtisaslar üzrə mütəxəssis hazırlayan kafedralarda zəruri avadanlıqla təchiz edilmiş tədris laboratoriyalarının olmadığı, kafedraların işinin düzgün təşkil edilmədiyi, müəllimlərin dərs bölgüsündə müvafiq qaydaların kütləvi şəkildə pozulduğu, universitetdə yüksək ixtisas dərəcəsinə malik olmayan və alimlik dərəcəsi (elmi adı) olmayan müəllimlərə mühazirə dərslərinin verildiyi, mütəxəssis hazırlığı həyata keçirilən ixtisasların tədris planlarının tərtibində qüvvədə olan normativ sənədlərin tələblərinə tam riayət olunmadığı, tədris planlarında bir sıra fənlərin tədrisinə ayrılan saatların normativlərdən az olduğu və ya ümumiyyətlə tədris olunmadığı, nizam-intizam qaydalarına riayət edilmədiyi və tələbələrin dərslərə davamiyyətində ciddi nöqsanların olduğu, qrupların tədris jurnallarının formal olaraq doldurulduğu, bəzən dəyişdirildiyi və müəllimlərin imzalarının saxtalaşdırıldığı, tələbələrin biliyinin formal qiymətləndirildiyi, fənlərin tədrisinin pərakəndə şəkildə (müəllimin istədiyi kimi) aparıldığı, universitetdə tələbə kontingentinin formalaşması, tələbələrin kursdan kursa keçirilməsi, qrup və birləşmələrin təşkilində ciddi pozuntulara yol verildiyi, universitetin daxilində bir ixtisasdan digərinə və ya digər ali məktəblərdən tələbələrin köçürülməsi, tələbələr sırasına bərpası və xaric olunması zamanı mövcud qanunvericiliyin tələblərinin ciddi şəkildə pozulduğu, hətta saxtakarlığa yol verildiyi, köçürülmə sənədlərinin saxtalaşdırıldığı, diplom vermə zamanı sənədləşmə və sənədlərin icrası mexanizminin kobud şəkildə pozulduğu, universitetin Moskva filialının fəaliyyətinin mövcud normativ sənədlərə uyğun təşkil olunmadığı qeyd edilib. Lisenziya Komissiyasının yekdil qərarı ilə qeyd olunan nöqsanlar nəzərə alınaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş 30.06.2005-ci il tarixli 003283 №-li xüsusi razılığın (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul olunub. Eləcə də, universitet rəhbərliyinə 01.09.2010-cu il tarixə qədər ali məktəbdə təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatı 10 gün müddətində hazırlayıb Təhsil Nazirliyinə təqdim etmək tapşırılıb. Həmçinin, Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərlərinə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə bu ali məktəbə qəbul olunub hal-hazırda təhsil alan və ya təhsili müəyyən səbəblərdən yarımçıq qalmış tələbələrin gələcək təhsilləri ilə bağlı təkliflər hazırlamaq barədə tapşırıq verilib.
08/07/2015 16:52
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı