SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil işçiləri Şəhidlər xiyabanını ziyarət edib
Yanvarın 20-də Təhsil Nazirliyinin kollektivi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Təhsil Nazirliyinin rəhbərliyi, mərkəzi aparatın əməkdaşları və təhsil ictimayyətinin nümayəndələri ölkəmizin istiqlalı uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad edib, məzarları üzərinə qərənfillər düzüblər.
20/01/2017 15:41
İlk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib
Yanvarın 19-da Təhsil Nazirliyində Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin, “Peşəkar icmaların və gənc peşəkarlar-işçi kadrların inkişafı Agentliyi”nin, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib. İlk peşə və orta ixtisas təhsilinin inkişafı və “WorldSkills hərəkatı” mövzusunda keçirilən görüşdə Azərbaycanın və Rusiyanın ilk peşə və orta ixtisas təhsili sistemi, onun perspektiv inkişaf istiqamətləri müzakirə edilib. Həmçinin, “WorldSkills hərəkatı”, “WorldSkills Rusiya” standartlarına uyğun işçi kadrların hazırlıq keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi haqqında təqdimatlar edilib, bu sahədə hər iki ölkənin mütəxəssislərinin qarşılıqlı təcrübə və bilik mübadiləsi müzakirə olunub. Görüşdə Azərbaycanda peşə təhsili alan bir qrup nümayəndə 17-19 may tarixlərində Rusiyada keçiriləcək “Gənc peşəkarlar” (WorldSkills Rusiya) Milli çempionatında iştirak etmək üçün dəvət alıb. Bununla yanaşı, “WorldSkills hərəkatı”na qoşulmaq üçün Rusiya təcrübəsindən faydalanmaq və “WorldSkills” çempionatında iştirak etmək üçün ilkin razılıq əldə olunub.
19/01/2017 18:30
“Vətən şəhidləri ilə ucalar” adlı anım tədbiri
Təhsil Nazirliyinin Respublika Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə Azərbaycan İstiqlal Muzeyində anım tədbiri keçirililib. Tədbirin keçirilməsində məqsəd uşaqlarda vətənə məhəbbət, doğma torpağa bağlılıq, qan yaddaşımızın unudulmamasını aşılamaq olub. Anım tədbirində Respublika Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvləri kompozisiya nümayiş etdirib, şeir və bayatılar söyləyiblər. Həmçinin “Təbəssüm” rəqs qrupunun ifasında “Bayraq” kompozisiyası nümayiş olunub.
19/01/2017 17:08
İlk dərslər 20 Yanvara həsr edilib
Yanvarın 19-da paytaxtın ümumi təhsil müəssisələrində ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr olunub. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi və həqiqi vətənpərvərlik məzmununun onlara düzgün anladılması məqsədlərinə xidmət edir. Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dərsləri tədris edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən və bu hadisələrin insanlığa qarşı yönəlmiş ən ağır cinayət olmasından söz açıblar. Eləcə də 20 Yanvar hadisələrinin acı nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən söhbət açılıb, məktəblilər xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa səslənib. Xalqımızın qəhrəmanlıq tarixi və mübarizə ruhu barədə şagirdlərin fikirləri dinlənilib, “Hər kəs Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün nə etməlidir?” mövzusunda fikir mübadiləsi aparılıb. Onu da qeyd edək ki, 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ərəfəsində paytaxt məktəblərinin şagird və müəllim kollektivlərinin Şəhidlər xiyabanına ziyarəti davam edir.
19/01/2017 16:43
İspaniyada təhsil alan tələbə: İspanlardan fərqli olaraq bizdə insanlar daha çalışqan və məsuliyyətlidir – “Uğur formulu”
Təhsil Nazirliyi və “1news.az” informasiya agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Ülviyyə Orucovadır. Ülviyyə Orucova 1989-cu ildə Tovuz rayonunda anadan olub. 9-cu sinfə qədər Moskva şəhərində təhsil alan Ülviyyə 2005-ci ildə ailəsi ilə birlikdə Azərbaycana geri dönüb. Daha sonra Tovuz rayonu N. Tusi adına tam orta məktəbdə oxuyub. 2008-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının İspan filologiyası fakültəsinə daxil olub. Magistratura səviyyəsindəki təhsilini də bu universitetdə alıb. Hazırda İspaniya Barselona Avtonom Universitetinin ispan filologiyası üzrə doktorantura səviyyəsində təhsil alır. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Mənim ixtisasım filoloq olduğuna görə xaricdə təhsil dil biliyimin mükəmməl olması üçün çox kömək edir. Baxmayaraq ki, Bakıda universiteti ispan filologiyası üzrə bitirmişəm, buraya gəldikdə çox çətinliklər çəkdim. Çünki universitetdə əsasən qrammatikaya üstünlük verilir, danışıq üçün isə praktika lazımdır və onu, əsasən həmin dilin daşıyıcısı ilə öyrənmək olar. Buraya gəldikdən sonra dil biliyim qat-qat artıb, artıq ispan mədəniyyətinə uyğunlaşmışam. Barselonaya gəldikdən sonra ispanlarla əlaqələr qururdum və onların dili, mədəniyyəti haqqında söhbət edirdim. Onlar mənə ispanlarla bağlı kitablarda olmayan və universitetdə dərs zamanı keçirilməyən xüsusiyyətlər haqqında danışırdılar. Doktorant olduğum üçün arxivlərə və bütün kitabxanalara giriş mənim üçün açıq idi. Beləliklə, dil, mədəniyyət üzrə biliklərimi artırdım, yeni dostlar və tanışlar tapdım. İspaniyanın müasir həyatı, mədəniyyəti və danışıq dili ilə tanış oldum. Bir sözlə, istədiyimə nail oldum. - Niyə məhz bu ixtisası seçdiniz? - Çoxları soruşur nəyə görə bu ixtisası seçdim? Cavab çox sadədir, mən ispan dilini və onun mədəniyyətini çox sevirəm. Burada sadəliklə coşqunluq bir-biri ilə bağlıdır. İspan dilinin və mədəniyyətinin zənginliyi məni məktəbli vaxtlarımdan çox təəccübləndirib. Burada Avropa ilə Asiyanın arasında olan fərqləri, Şərq və Qərb problemlərini avropalıların gözləriylə görmək imkanı yarandı. Elmi işim bunları görmək və aydınlatmaq üçün mənə çox kömək edir. İspan dili tək İspaniya krallığında deyil, həmçinin Cənubi Amerikada və digər ölkələrdə də danışılır, bu dil ingilis dilindən sonra ən çox danışılan dildir. Azərbaycanda ispan mədəniyyəti çox inkişaf etməyib, ölkəmizdə bu xalqların mədəniyyətini və dilini tanıtmaq üçün peşəkar bir dil mütəxəssisi olmaq məqsədilə bu ixtisası seçdim. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - İspaniyadaki təhsili gördükdən sonra, Bakıda bitirdiyim M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil almağın daha çətin olduğunu gördüm. Çox istərdim ki, bu belə də davam etsin. Çünki təhsil yüksək səviyyədədir və tələbələrin hər hansı biliyi əldə etmələri üçün müəllimlər çox çalışırlar. İspaniyada isə, düzünü deyim, təhsilə çox önəm vermirlər. Azərbaycanda təhsil almaq, demək olar ki, məcburiyyətdir, amma ispanlar üçün əlavə bir təcrübədir. Təhsilalanlar sırf bir istiqamətə yönəldilir, bizdə isə hərtərəfli öyrədilirlər. Mən bitirdiyim M.V.Lomonosov adına Moskva Dövlət Universitetində yalnız təhsilə deyil, həm də tələbələrin ölkədə və xaricdə tanıdılmasına üstünlük verilir. Buna görə tələbələri xaricə konfranslara və təcrübə proqramlarına göndərirlər. Universitetdə ədəbiyyat gecələri keçirilir, tanınmış yazıçılar, alimlər dəvət olunur və tələbələrlə söhbət edirlər. Tələbələrin əl işlərinin sərgisi keçirilir və sair. Bütün bunlara əsasən, deyə bilərəm ki, mən Bakıda da ən gözəl təhsili almışam. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? - Mən Azərbaycan diasporasının üzvü idim və hər bir tədbirdə universitetə xəbər verirdim, maraqlı olanlar iştirak edirdilər. Burada 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı tədbirlər təşkil olunub. Eləcə də Novruz bayramında mədəniyyətimizi, milli adət-ənənələrimizi tanıtmaq üçün tədbirlər keçirilir, milli mətbəximizi və geyimlərimizi sərgiləyirik. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Doktorant olduğum üçün mənimlə iş yoldaşı və dost kimi rəftar edirlər, amma ümumi götürsək, tələbələrlə müəllimin əlaqəsi açıqdır. Bütün bunlar da təhsilin keyfiyyətinə təsir edən amillərdəndir. - Daha çox hansı çətinlikləriniz olub? - İlk çətinliyi Barselonaya yeni gələn zaman gördüm. Daha doğrusu, ilk dəfə kitabxanaya daxil olub, oradan kitab götürəndə başa düşdüm ki, hər hansı bir dili öz ölkəsində öyrənmək daha yaxşıdır. Zamanla hər şey düzəldi. Onu da əlavə edim ki, Azərbaycanla İspaniyanın oxşarlığı çoxdur. Buna görə də burada çox darıxmıram. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Təhsil aldığım universitetdə əcnəbi tələbə çoxdur, ona görə mən ispanlardan heç seçilmirəm. Elə bilirlər ki, İspaniyadan, ya da Latın Amerikası ölkələrindənəm. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - İspaniya ilə müqayisə etsək, bəzi məqamlarda hətta deyərdim ki, Azərbaycanın təhsili daha güclüdür. Çünki bizdə insanlar çalışqandır, təhsilə önəm verir, məsuliyyətlidir və hərtərəfli hazırlanırlar. İspaniyada isə insanlar təhsili o qədər də vacib hesab etmirlər. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Vaxtım az olduğuna görə əlavə bir məşğuliyyətim yoxdur. Amma vaxt tapan zaman kitab oxuyuram, musiqi dinləyərək gəzirəm. Çalışdığım qədər konfranslarda çox oluram. Belə olduqda başqa şəhərləri görüb, onların mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanıram. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir ? - Təhsilimi bitirdikdən sonra, Bakıya dönüb öz doğma universitetimdə işləməyi planlaşdırıram. Artıq elmi dərəcəm olacağına görə rahatlıqla istədiyim işlə məşğul ola bilərəm. - Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz? - Xaricdə təhsil özümə olan güvəni artırdı, daha məsuliyyətli etdi. Hədəflərim genişləndi, qarşımdakı maneələr azaldı. - Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Dostlarıma və həmyaşlılarıma həyatda uğurlar arzu edirəm və demək istərdim ki, özlərinə, öz güclərinə inansınlar və hər zaman irəli getsinlər. 1news.az
19/01/2017 11:19
Təhsil naziri Ərəb Gözdən Əlillər Federasiyasının sədrini qəbul edib
Yanvarın 18-də təhsil naziri Mikayıl Cabbarov Ərəb Gözdən Əlillər Federasiyasının sədri, Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti Xalid bin Əli Əl-Nueymini qəbul edib. Görüş zamanı Azərbaycanda gözdən əlillər üçün həyata keçirilən təhsil siyasətinə dair fikir mübadiləsi aparılıb, həmçinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub.
18/01/2017 17:51
Təhsil Nazirliyinin Mətbuat xidmətinin məlumatı
“Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırmış, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul etmişdir. İşçi qrupuna universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılmışdır. Tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaqdır. Universitetin hazırkı tələbə kontingentinin malik olduğu bilik və akademik nailiyyətlərinin bundan sonra yüksələn istiqamətdə olması üçün bütün imkanlardan istifadə olunacaqdır. Tədris prosesinin bütövlüyünün qorunması məqsədi ilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciət imkanlar çərçivəsində nəzərə alınacaqdır. Tələbələrdən universitetdə fəaliyyət göstərən İşçi qrupla əlaqə saxlanılması xahiş olunur.
18/01/2017 12:32
“Olimpiya Hərəkatı” proqramı çərçivəsində yarışlara start verilib
Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində respublika birinciliyinin məktəbdaxili yarışlarına start verilib. İlkin olaraq Bakı şəhəri üzrə yarışlarda iştirak etmək üçün idman zalı olmayan məktəblər seçilib. Bu məqsədlə 8 ümumtəhsil məktəbinin komandası 96 və 234 nömrəli tam orta məktəblərdə məktəbdaxili yarış keçirib. Sumqayıt, Gəncə şəhərləri və Göygöl rayonu üzrə idman zalı olmayan məktəblərin seçilməsi və yarışların keçirilməsi planlaşdırılır. Birinciliyin keçirilməsində əsas məqsəd məktəblilər arasında ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı daha da artırmaq, idman federasiyaları və idman məktəbləri arasındakı əməkdaşlığı genişləndirmək, olimpiya idman komplekslərindən səmərəli istifadəni təmin etməkdən ibarətdir.
17/01/2017 10:47
Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib
Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib. Göstərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb. Tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaqdır. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcəkdir. Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunur.
16/01/2017 15:28
Təhsil naziri Şirvanda vətəndaşları qəbul edib
Yanvarın 16-da təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhərindəki Olimpiya İdman Kompleksində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, gənc müəllimlər üçün həvəsləndirmə tədbirlərinin tətbiqi, təhsil haqqı, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda vətəndaşların müraciəti dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
16/01/2017 12:45
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı