SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib
Yanvarın 15-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib. Bakı şəhərində isə 14 müxtəlif mərkəzdə keçirilən olimpiadaya 6000 nəfərdən çox şagird qatılıb. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaqdır. Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 25-dək elan ediləcəkdir. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.
15/01/2017 00:39
Stenfordda təhsil alan tələbəmiz: “Karyeramın izi ilə istənilən yerə gedəcəyəm” – “Uğur formulu”
Təhsil Nazirliyi və 1news.az İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir. “Uğur formulu” layihəsinin budəfəki qonağı Sona Allahverdiyevadır. Sona 1997-ci ildə Bakıda anadan olub. İlk üç il Dünya Xəzər Məktəbində, daha sonra iki il Bakı Oksford Məktəbində, 7 il isə Azərbaycan Beynəlxalq Məktəbində təhsil alıb. Burada Beynəlxalq bakalavr diplomu əldə edib. Sona hazırda dünyanın nüfuzlu Stenford Universitetində kompüter elmləri və sahibkarlıq üzrə təhsilini davam etdirir. - Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Əlbəttə. Stenford Universiteti məni oxuduğum bütün fənlər üzrə güclü nəzəriyyə, həmçinin bütün sahələrdə praktiki biliklə təmin edir. Tədrisin çox hissəsi auditoriyada baş tutsa da, mən bir çox məlumatları yaşıdlarımdan öyrənirəm. Öz şirkətlərini yaradıb-yaratmamaları, səhm bazarında milyonlar qazanıb-qazanmamalarından və ya elmi tədqiqat sahəsinə nailiyyətlər əldə edib-etməmələrindən asılı olmayaraq Stenforddakı hər bir tələbə yoldaşımdan nə isə öyrənirəm. - Niyə məhz bu ixtisası seçdiniz? - Stenforddakı ilk rüb ərzində kompüter elmlərini çox bəyəndim. Kompüter elmləri məni heç bir fənnin edə bilmədiyi qədər təşviq və cəlb edir. Məncə, kompüter elmləri yaradıcılıq və hesablamanın vəhdətidir, kəsişmə nöqtəsində isə texnologiya vasitəsilə nəyisə heyrətamiz etmək durur. Kompüter elmlərini oxuyarkən mənə elə gəlir ki, mən mümkünlüyün sərhədini keçərək qeyri-mümkünlüyə addım atıram. Düzdür, bu çətin, bəzən isə qeyri-mümkün görünə bilər, amma nəticə etibarı ilə hansısa məhsulu – tətbiqi, saytı, alqoritmi və s. göstərib fəxrlə deyə bilərəm: “Bunu mən etmişəm”. Məsələn, sonuncu layihələrimdən biri kompüter yaddaş sistemi yaratmaq idi. Bu yaxınlarda isə Silikon vadisində fəaliyyət göstərən filantropik şirkət üçün mobil tətbiqin dizaynı üzərində işləyəcəyəm. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? Azərbaycan Beynəlxalq Məktəbində və oxuduğum digər müəssisələrdəki təhsildən razı qalsam da, inanıram ki, təhsil sistemini təkmilləşdirmək üçün qarşımızda uzun bir yol var. Düşünürəm ki, bizim təhsil sistemində ən əsas iki dəyişikliyi etmək lazımdır. Birincisi, təlimə nəzəri deyil, praktiki üsulla yanaşmaq vacibdir. Müşahidə etmişəm ki, faktları əzbərləməkdənsə, layihələr, təcrübə proqramları və yarım gün işlər sayəsində daha çox bilik qazanıram. İkinci mühüm dəyişiklik isə tələbələrdə daha güclü sərbəstlik hissi yaratmaqdır. İnanıram ki, sərbəstlik tələbələri işi tapşırıldığı üçün deyil, bu işi görməyə onlarda həvəs olduğu üçün etməyə sövq edəcək. Sərbəstlik mənim uğur qazanmaq üçün şəxsi potensialımı reallaşdırmağımda əsas rol oynadı. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? - Universitetin əksər tələbələri Azərbaycanı yaxından tanısalar da, mən hər zaman həmkarlarımı və qrup yoldaşlarımı ölkəmiz haqqında daha çox məlumatlandırmağa çalışıram. Bir çox dostum muğamın gözəlliyinə heyrandır və mənim onlara bəhs etdiyim möhtəşəm memarlığı öz gözləri ilə görmək üçün Bakıya səfər etməyə can atırlar. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Müəllimlərim mənim məsləhətçilərim və dostlarımdır. Müəllimlərimdən biri ilə onun bir neçə məzunla birgə idarə etdiyi “Siyasi psixologiya araşdırma qrupu” adlı tədqiqat laboratoriyasında çalışmışam. Müəllimlərimlə ən bəyəndiyim qarşılıqlı münasibət dərsdən sonra sevdiyimiz mövzu, istəklərimiz və ümumi maraqlarımızla bağlı müzakirələr aparmaq üçün onlarla yemək yemək və ya qəhvə içməkdir. - Daha çox hansı çətinlikləriniz olub? - Burada qarşılaşdığım ən böyük çətinlik hər işi görməyə çalışmağım və özümü məhdudlaşdıra bilməməyim idi. İlk ilimin sonunda artıq 7 klubun üzvü idim, tamaşa səhnələşdirirdim və gərəyindən daha çox dərs alırdım. Bu il vaxtımı daha yaxşı planlaşdırmağı və vəzifələrimin öhdəsindən gəlməyi öyrənmişəm. - Oxuduğunuz müddətdə qarşılaşdığınız maraqlı hadisə hansı olub? - Yalnız birini seçmək çətin olsa da, ilk kompüter proqramımı yaratmağım maraqlı olmuşdu. İki yuxusuz gündən sonra səhər saat 6-da proqram nəhayət ki, nöqsansız çalışmışdı. Bu yaxınlarda isə mənim şəxsi saytım (www.5ona.com) istifadəyə verildi. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Adətən məni amerikalı zənn etsələr də, əcnəbi tələbə olmağım xoş bir sürpriz kimi qarşılanır. Mənə tez-tez doğulduğum şəhər, mədəniyyətlər arasındakı fərqlər, siyasi düşüncələrim və sair, həmçinin Azərbaycana səfər barədə suallar verirlər. - Asudə vaxtınızda nə ilə məşğul olursunuz? - Braziliya teatrı (Məzlumların Teatrı) üslubunda olan “ACT!” adlı öz tamaşamı səhnələşdirirəm. Həmçinin universitetdəki bütün tələbə qruplarının maliyyə məsələlərini idarə edən Stenford Tələbə Təşkilatının İnkişaf üzrə direktoruyam. Eyni zamanda Stenford UNİCEF və dünyaya sosial rifah gətirmək üçün texnologiyadan istifadəyə həsr olunmuş ‘CS + Social Good’ tələbə birliklərinin də idarə heyətinin üzvüyəm. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir ? - Mən gələcəyim haqqında coğrafi planlar qurmamağa üstünlük verirəm. Karyeramın və şəxsi məqsədlərimin izi ilə və ən yaxşı imkanların arxasınca istənilən yerə gedəcəyəm. - Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz ? - Şəxsi və akademik potensialıma nail olmağa yaxınlaşsam da fundamental dəyərlərimi və keyfiyyətlərimi dəyişməmişəm. - Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz? - Böyük düşünün, daha böyüyünü xəyal edin və hər zaman xəyallarınızın arxasınca gedin. Və heç kəsə sizə nəyisə bacarmayacağınızı deməyə icazə verməyin. 1news.az
13/01/2017 15:37
Fransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində
Yanvarın 11-də Fransa Respublikasının nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində (UFAZ) olub. Təhsil naziri Mikayıl Cabbarov, Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin İnkişaf və Frankofoniya məsələləri üzrə Dövlət katibi Jan-Mari Lö Quen,Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis Fransız-Azərbaycan Universitetində tələbələrlə görüşüb. Görüş çərçivəsində, həmçinin Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis və Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlının iştirakı ilə universitetlərarası əməkdaşlığa dair anlaşma sənədləri imzalanıb. Sonra təhsil naziri Mikayıl Cabbarov, Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin İnkişaf və Frankofoniya məsələləri üzrə Dövlət katibi Jan-Mari Lö Quen media üçün brifinq keçirib. 2016-2017-ci tədris ilində tələbə qəbul edən UFAZ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə yaradılıb. ADNSU ilə Fransanın Strasburq Universiteti arasında imzalanan beynəlxalq tərəfdaşlıq anlaşması əsasında fəaliyyət göstərən UFAZ-da hazırda 141 nəfər tələbə təhsil alır. Universitetdə kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları tədris olunur.
11/01/2017 14:42
Təhsil naziri Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib
Yanvarın 10-da təhsil naziri Mikayıl Cabbarov Çin Xalq Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vey Cinxuanı qəbul edib. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun əməkdaşlıq perspektivləri müzakirə olunub, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
10/01/2017 17:23
Təhsil naziri Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib
Yanvarın 10-da təhsil naziri Mikayıl Cabbarov Rumıniyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan İankunu qəbul edib. Görüşdə Azərbaycan və Rumıniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
10/01/2017 16:59
Respublika fənn olimpiadalarına start verilir
Yanvarın 15-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinə start veriləcək. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir. Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçiriləcək. Bilik yarışının birinci mərhələsinə 29691 şagirdin qatılacağı gözlənilir. Respublika fənn olimpiadasında iştirak edəcək şagirdlərdən 10842 nəfər IX (onların arasında xüsusi istedadı və hazırlığı ilə seçilən VIII sinif şagirdləri də vardır), 9311 nəfər X, 9538 nəfər isə XI sinif şagirdidir. 28014 nəfər şagird Azərbaycan, 1677 nəfər şagird isə rus bölməsində təhsil alır. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaqdır.
10/01/2017 16:30
2300 nəfərədək müəllim üçün diaqnostik qiymətləndirmə
Yanvarın 10-da ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlərin qiymətləndirilməsinə start verilib. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən qiymətləndirmədə 2300 nəfərədək müəllimin iştirakı nəzərdə tutulur. Qiymətləndirmədə Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edir. Eyni zamanda bu qiymətləndirməyə Şuşa rayonunun Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin müəllimləri də qatılıb. Diaqnostik qiymətləndirmə yanvarın 11-də də davam edəcək.
10/01/2017 12:34
Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılıb
2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunacaq. Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub. Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edəcək. 2017-ci ildə diaqnostik qiymətləndirmə keçirilməyən bölgələrdə bu prosesin təşkili və qiymətləndirmədən keçən müəllimlərin 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqqının artırılması nəzərdə tutulur. Bu islahat başa çatandan sonra müəllimlərin peşə nailiyyətlərinə, iş təcrübəsinə və bir sıra digər meyarlara əsaslanan diferensiallaşdırılmış əməkhaqqı sisteminin tətbiq olunması məsələsi müzakirə olunacaqdır.
09/01/2017 11:51
Təhsil naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək
Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 16 yanvar 2017-ci il tarixində saat 11:00-da Şirvan şəhərindəki Olimpiya Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək. Qəbulda Sabirabad, Saatlı, İmişli rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 9, 10, 11, 12, 13 yanvar 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
09/01/2017 11:18
Diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlərin nəzərinə
10-11 yanvar 2017-ci il tarixlərində ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün qiymətləndirmə keçiriləcək. Qiymətləndirmədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq. Diaqnostik qiymətləndirmədə Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edəcək. Eyni zamanda Şuşa rayonunun Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu qiymətləndirməyə qatılacaqlar. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.
07/01/2017 12:14
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı