• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Maarifçi” Tələbə Kredit Fondu üçüncü elan sessiyasına start verir

Fevralın 1-dən “Maarifçi” Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verir. Bu elan  2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.          Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında http://maarifci.az) qeyd olunub. Bundan əlavə, portalda elektron (onlayn) müraciət pəncərəsi yaradılıb ki, bu da kreditlər üçün müraciət prosesində şəffaflıq və operativliyin təmin olunması məqsədlərinə xidmət edir. Müraciət prosesi, uyğunluq meyarları və tələb olunan sənədlərin siyahısı haqqında məlumatları da portalın müvafiq səhifələrindən rahatlıqla tapmaq mümkündür. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Müraciətlər martın 15-dək davam edəcək.

Təhsil naziri Şabran şəhərində vətəndaşları qəbul edəcək

Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayon sakinlərinin nəzərinə! Təhsil naziri Mikayıl Cabbarov 6 fevral 2017-ci il tarixində saat 10:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayon sakinlərini qəbul edəcək. Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 30, 31 yanvar və 1, 2 fevral 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə Təhsil Nazirliyinin açıqlaması

Vətəndaşların diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 11 noyabr 2014-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsillə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Bundan əlavə, bildiririk ki, iddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd seçim zamanı heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə nazirliyin "Qaynar xətt” xidmətinə (146) məlumat verməyiniz xahiş edilir. Müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə təqaüd proqramı ilə bağlı məlumatların yayılmasını nəzərə alaraq, Macarıstanda ali təhsil almaq niyyətində olan şagird və tələbələrimizə, onların valideynlərinə əsas məlumat mənbəyi kimi Təhsil Nazirliyinin internet səhifəsinə istinad etmələri tövsiyə olunur.

“Qazandığım bilik və təcrübəni tələbələrlə paylaşmaq ən əsas məqsədimdir” – Uğur formulu

Təhsil Nazirliyi və “1news.az” informasiya agentliyinin “Uğur formulu” layihəsi davam edir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Vüqar Qurbanovdur. Vüqar Qurbanov 1986-cı ildə Gəncə şəhərində anadan olub. İlk təhsilini Gəncə şəhəri 26 saylı orta məktəb-lisey kompleksində alan Vüqar 2004-cü ildə Azərbaycan Tibb Universitetinin diş həkimliyi fakültəsinə daxil olub. 2009-cu ildə hərbi xidmətini başa vurduqdan sonra həmin universitetin Ağız, diş, üz-çənə cərrahiyyəsi kafedrasında doktorantura səviyyəsində təhsil alıb. Vüqar hazırda həmin ixtisas üzrə ikinci doktorantura səviyyəsi üzrə təhsilini Türkiyənin Samsun şəhərində 19 Mayıs Universitetində davam etdirir. - Xaricdə  təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu? - Əslində elm adamları həmişə axtarışdadır. Bu pillə artıq mənim üçün kifayət etmir. Düşünürəm ki, elm üçün başqa universitetlərə getmək, yeni əlaqələr yaratmaq lazımdır. Türkiyədə təhsilimi başa vurduqdan sonra Azərbaycanda iki dəfə tibb üzrə fəlsəfə doktoru adını alan ilk doktorant olacağam. - Niyə məhz bu ixtisası seçdiniz? - Valideynlərimin hər ikisi həkimdir. Atam Asif Qurbanov əməkdar həkimdir. Anam isə artıq 20 ildir ki, həkim kimi çalışır. Ailədə 3 qardaşıq. Valideynlərimin davamçısı yalnız mən oldum. - Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız? - Əminliklə deyirəm ki, dəyişməsini istədiyim nə qədər çox şey varsa, dəyişməsini istəmədiyim amillər də bir o qədərdir. Azərbaycan Tibb Universiteti ölkənin ən perspektivli universitetlərindəndir. Burada dəyişilməli olan təhsil sistemi, təhsil proqramları, elmi laboratoriyalar, yazılan dissertasiyalar, praktik məşğələlər və bir çox amillər var. Hesab edirəm ki, bunu dəyişəcək gənc potensial nəsil artıq Azərbaycanda formalaşıb. Dövlət proqramı ilə təhsil alıb, məzun olmuş çox sayda həkimlərimiz ATU-nun kafedralarına dəvət olunmalı, onların potensialından düzgün şəkildə istifadə edilməlidir. - Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız? - Çalışdığımız qədər hər il ölkəmizə aid xüsusi günlərdə, bayramlarda buradakı tələbələrlə bir araya gəlib, tədbirlər keçiririk və bu proseslərdə fəal şəkildə iştirak edirik. Türkiyə elə bir yerdir ki, öz ölkəmizlə oxşar cəhətləri çoxdur, burada hər kəs Azərbaycanı tanıyır. - Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir? - Müəllim-tələbə münasibətləri məni qane edir. Hətta deyərdim ki, burada tələbə və müəllimlər çox sərbəstdirlər. Əslində belə olması çox yaxşı haldır. Amma bunlarla yanaşı nə qədər sərbəstlik də olsa düşünürəm ki, müəllim və tələbə arasında hər zaman bir hörmət, sayğı olmalıdır. - Daha çox hansı çətinlikləriniz olub? - Təbii ki, çətinlik hər zaman var. Amma bu çətinliklər yadda qalmırsa, uğurların fonunda itirsə, deməli ciddi çətinlik deyilmiş. Burada maraqlı hadisələrlə tez-tez rastlaşıram. Ən çox da dillə bağlı olur. Azərbaycan dilində danışmağıma görə xəstələrlə maraqlı dialoqlar alınır. - Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı? - Əcnəbi tələbələrə münasibət hər yerdə eynidir. Yəni, hər zaman əcnəbi tələbə olduğun hiss olunur. Dediyim kimi, bu hər yerdə belədir. Türkiyədə təbii ki, bu o qədər də hiss olunmur. - Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz? - Mən yalnız öz sahəmi şərh etməklə cavab verə bilərəm. Türkiyədən Azərbaycanın tibbi təhsilinə baxanda dəyişdirilməsi çox şeylərin olduğunu görmək mümkündür. Bunların səbəbləri çoxdur. Elmi potensial var, ancaq buna uyğun lazimi şərait qurulmalıdır. Çox bacarıqlı, bilikli həkim kadrlarımız var. Bu insanları doğru zamanda, doğru mövqedə istifadə etmək lazımdır. - Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz? - Boş vaxtım çox olmur. Həqiqəti söyləsəm, olan zamanlarda da səmərəli istifadə etmirəm. Amma çalışdığım qədər elmi məqalələrə baxıram. Müxtəlif ölkələrdə keçiriləcək konfranslarda, toplantılarda nümayiş etdirmək üçün elmi işlər hazırlayıram. - Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir ? - Təhsilimi başa vurduqdan sonra Azərbaycana mütləq dönməyi düşünürəm. Hesab edirəm ki, ATU ilə təkrar bağlarımız birləşməlidir. Həmçinin, xarici ölkələrdə qısa müddətli təlim və kurslarda təcrübə keçməyi düşünürəm.  Xaricdə qazandığım bilik və təcrübəni tələbələrlə paylaşmaq ən əsas məqsədimdir. Xaricdə təhsil almaq, işləmək hər tələbəyə bizim kimi qismət olmaya bilər. Amma mənim kimi xaricdə təcrübə qazanmış yüzlərlə gənc kadr var ki, öz potensialından istifadə etməli, biliklərini paylaşmalıdır. - Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz? - Özümdə çox dəyişiklik hiss etmədim. Amma iş təcrübəmdə böyük dəyişikliklər oldu. Peşəkar insanlarla çalışdıqca həyat tərzin, baxış bucağın istər-istəməz dəyişir. -Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istəyərdiniz? - Əvvəlcə, Vətənimizi və insanlarımızı sevin. Hər kəsin içində bir insan sevgisi olmalıdır. Yardımlaşmağı, paylaşmağı, bölüşməyi mütləq bacarmaq lazımdır. Vacib olan isə elm arxasınca getməlidirlər. Təhsil mütləqdir. Ən azı bir xarici dili bilməlidirlər. Gənclər boş zamanlarını səmərəli dəyərləndirməlidirlər. Əl çatmayan arzu yoxdur, mübarizəsi yarımçıq buraxılan arzu var.   1news.az

II İngilis dili Olimpiadası keçiriləcək

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin X və XI sinif şagirdləri arasında II İngilis dili Olimpiadası keçiriləcək. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, şagirdlərin müvafiq bilik və bacarıqlarını bir daha sınaqdan keçirmək, onların əldə etdikləri xarici dil biliklərini möhkəmləndirməkdən ibarətdir. Olimpiadanın fevralın 19-da keçiriləcək ilk turunda şagirdlərin İngilis dilinin qrammatikası üzrə bilikləri və mətni oxuyub anlama bacarıqları yoxlanılacaq. Yüksək nəticə göstərmiş şagirdlər olimpiadanın martın 12-də keçirilməsi nəzərdə tutulan ikinci turunda iştirak edəcək və onların dinləmə, esse yazma qabiliyyətləri yoxlanılacaq. Olimpiadada iştirak etmək üçün məktəblilər fevralın 14-dək www.olympiad.ada.edu.az saytında qeydiyyatdan keçə bilərlər. Şagirdlərin qeydiyyatı prosesinə köməklik göstərilməsi üçün ümumi təhsil müəssisələrində koordinator-müəllimlər təyin edilib. Qeyd edək ki, II İngilis dili Olimpiadası “ADA” Universitetinin təşkilatçılığı ilə keçirilir.

Macarıstanda ali təhsil üçün sənəd qəbulu

“Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında 2015-2017-ci illər üzrə İş Proqramı” çərçivəsində Macarıstanda bu ölkənin büdcəsi hesabına təhsil üçün sənəd qəbulu elan edilir. Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, tibb elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif edilir. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır. Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi, tələbələrin ali təhsil müəssisələrinə yerləşdirilməsi isə Macarıstan tərəfindən həyata keçirilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.   Macarıstanda ali təhsillə bağlı verilən suallar

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi

24-25 yanvar tarixlərində “Peşəm mənim karyeramdır-gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib. Sərgidə 5, 10, 13 nömrəli Bakı Peşə məktəbləri və 12, 18 nömrəli Bakı Peşə liseylərində təhsil alan qızlar iştirak edib. İki gün davam edən sərgidə aşpaz, ağac üzərində naxış rəssamı, xalçaçı, dərzi, qənnadçı-şirniyyatçı, geyim üzrə dizayner, bərbər-vizajist, interyer və eksteryerin bədii tərtibatçısı, qrimçi-pastijor, kostyum ustası və dərzi ixtisasları üzrə təhsil alan qızların əl işləri nümayiş olunub. “Peşəm mənim karyeramdır-gənc qızlara dəstək” adlı layihə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

Məktəblilərimiz Jautıkov olimpiadasında 4 medal qazanıb

Qazaxıstanın Almatı şəhərində məktəblilərin Jautıkov adına XIII Beynəlxalq fizika, riyaziyyat və informatika fənn olimpiadası keçirilib. 18 ölkəni təmsil edən 400-dən çox şagirdin qatıldığı olimpiadada Azərbaycan məktəbliləri də iştirak ediblər. Fizika fənni üzrə “İstək” liseyinin şagirdləri Fərhad Allahverdiyev gümüş, Səbuhi Mikayılov bürünc, riyaziyyat fənni üzrə həmin liseydə təhsil alan Anar Abbaslı və Mirəli Əhmədli isə bürünc medal qazanıblar.

“Qızıl Bayt 2017” beynəlxalq kompüter çempionatı keçiriləcək

STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə “Qızıl Bayt  2017” (Golden Byte) beynəlxalq kompüter çempionatı keçiriləcək. Çempionatın keçirilməsində məqsəd informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını  təmin etmək və layihələrinə dəstək verməkdir. Bu il Təhsil Nazirliyinin dəstəyi ilə azərbaycanlı gənclər ilk dəfə olaraq  çempionatda iştirak edəcək. Çempionat proqram, innovasiya layihələri, sistem inzibatçıları, mobil proqramlar, oyun və oyun personajlarının yaradılması, web-layihələr, qısa film, məlumat bazaları ilə iş üçün proqram, 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə keçiriləcək.  Yarış üç mərhələdən ibarət olacaq. Layihələrin qəbulu fevralın 15-nə qədər çempionatın rəsmi səhifəsində http://goldenbyte.org/ru/ aparılacaq. 9 ildir ki, keçirilən “Qızıl Bayt” çempionatının tərəfdaşları “Microsoft”, “InterSystems”, “Intel”, “Dell”, “Stearling Studio” şirkətləridir. İndiyədək çempionata Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Estoniya kimi ölkələrdən təxminən 24 min iştirakçının 6000-dən çox işi təqdim olunub.

Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 6044 nəfərə yaxın şagird iştirak edəcək. Şagirdlər öz nəticələri barədə məlumatı yanvarın 24-dən etibarən aidiyyəti təhsil şöbələrindən (idarələrindən) ala bilərlər. Olimpiadanın növbəti mərhələsinin mart ayının ikinci ongünlüyündə keçirilməsi planlaşdırılır. Qeyd edək ki, yanvarın 15-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib.  Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı