SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib
Aprelin 26-da İsmayıllı və Göyçay rayonlarına mediatur təşkil edilib. Mediaturun məqsədi bu bölgələrdə quraşdırılan modul tipli məktəblər haqqında media nümayəndələrinə məlumat vermək və onları həmin məktəblərlə tanış etmək olub. Əvvəlcə media nümayəndələri İsmayıllı rayonunun Yenikənd kənd ümumi orta məktəbinə baş çəkiblər. Media nümayəndələrinə məlumat verilib ki, 9 şagirdin təhsil aldığı Yenikənd kənd ümumi orta məktəbi 4 sinif otağı, 1 müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir. Daha sonra media nümayəndələri Göyçay rayonu Yeniarx kənd orta məktəbin Hacağabəyli kənd sinif komplekti ilə tanış olublar. 4 sinif otağından, 1 müəllimlər otağı və sanitar qovşaqdan ibarət olan məktəbin 16 şagirdinin təlim-tərbiyəsi ilə 4 müəllim məşğul olur. Bildirilib ki, Nazirlər Kabinetinin ötən ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ilk pilot layihə çərçivəsində Göyçay, İsmayıllı və Lənkəranda 3 məktəb quraşdırılaraq təhvil verilib. Həmçinin 2017-2018-ci illərdə 232 modul tipli məktəbin quraşdırılması planlaşdırılıb. Cari ilin sonuna qədər 100 məktəb təhvil veriləcək. Hazırda 17 rayonda 23 məktəbin quraşdırılmasına başlanılıb. Mayın sonunadək daha 19 məktəbin quraşdırılması nəzərdə tutulub. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Həmçinin qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblərin quraşdırılması da nəzərdə tutulur. Modul tipli məktəblərlə bağlı ətraflı məlumat
27/04/2017 10:35
SABAH qruplarının tələbələri seminarda
"SABAH Karyera Akademiyası” çərçivəsində rəsmi tərəfdaş olan "ADA" Universiteti SABAH qruplarının tələbələri üçün seminarlar keçirib. “Magistratura pilləsində təhsilə hazırlıq və planlaşdırma”, “Bazar araşdırması”, “İşəgötürənlərin tələbi: ixtisaslar və sahələr”, “Təhsildən karyeraya keçid” mövzuları üzrə "ADA" Universitetinin Karyera Mərkəzi tərəfindən keçirilmiş 4 günlük seminarda gələcək SABAH məzunlarına karyera inkişafı istiqamətində faydalı məlumatlar verilib, müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb. Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən 7 ali təhsil müəssisəsində yaradılmış, hazırda isə 11 ali təhsil müəssisəsində həyata keçirilən və tələbələrə daha üstün təhsil, inkişaf imkanları təklif edən SABAH qrupları layihəsi ali təhsil sistemində ən aparıcı layihələrdəndir. “SABAH Karyera Akademiyası” proqramı ilk SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə hazırlanıb. Proqram “İşə düzəlmə”, “Magistratura təhsili”, “Sahibkarlıq” və “Elmi araşdırmalar” olmaqla 4 istiqaməti əhatə edir.
26/04/2017 17:17
"Vətən" komandası qalib oldu
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkil etdiyi Bakcell U-17 Liqanın qalibi müəyyənləşib.Çempionatın final yarışında "AZAL" komandası ilə qarşılaşan “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin 17 yaşlılardan ibarət yığma komandası 3:1 hesabı ilə qalib gələrək liqanın qalibi olub. Qaliblərə AFFA-nın baş katibi Elxan Məmmədov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert, Bakcell şirkətinin rəsmi nümayəndəsi tərəfindən mükafatlar təqdim olunub.
26/04/2017 14:15
IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan yarışlar davam edir
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılması və məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsindən ibarətdir. Hövsan Olimpiya İdman Kompleksində sərbəst güləş və Yunan-Roma, Şəmkir Olimpiya İdman Kompleksində basketbol, Biləsuvar Olimpiya İdman Kompleksində boks, Xaçmaz Olimpiya İdman Kompleksində stolüstü tennis idman növləri üzrə zona yarışları keçirilib. 600 nəfərdən çox məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Qaradağ, II yerə Xəzər, III yerə Sabunçu, Yunan-Roma güləşi idman növü üzrə I yerə Nizami, II yerə Nərimanov, III yerə Xəzər, basketbol idman növü üzrə I yerə Gəncə, II yerə Göygöl, III yerə Mingəçevir, boks idman növü üzrə I yerə Biləsuvar, II yerə Lənkəran, III yerə Cəlilabad, stolüstü tennis idman növü üzrə I yerə Sumqayıt, II yerə Şabran, III yerə Xaçmaz rayon və şəhərlərin komandaları layiq görülüb. Qaliblər diplom və medallarla təltif edilib. Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir.
26/04/2017 12:10
Azərbaycanlı məktəblilər 23 aprel – Beynəlxalq Uşaq Festivalında
24 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin “Səma” rəqs qrupunun üzvləri Türkiyə Respublikasında keçirilən 23 aprel-Beynəlxalq Uşaq Festivalında iştirak edib. Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. 26 ölkənin qatıldığı festivalda “Səma” rəqs qrupunun üzvləri milli rəqslərimizi nümayiş etdiriblər. Beynəlxalq səviyyədə keçirilən şənlik uşaqlar arasında qardaşlıq, sevgi və dostluq əlaqələrini inkişaf etdirmək məqsədi daşıyır.
25/04/2017 16:55
Respublika fənn olimpiadalarının qalibləri məlum olub
21-23 aprel 2017-ci il tarixlərində Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib. IX-XI və xüsusi istedada malik aşağı sinif şagirdlərinin iştirak etdiyi olimpiadada 8 fənn üzrə 242 qalib müəyyən edilib. Belə ki, 43 nəfər şagird qızıl, 82 nəfər gümüş, 117 nəfər isə bürünc medala layiq görülüb. Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimp.istedad.edu.az saytından əldə etmək mümkündür. Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılma mərasiminin mayın sonunda keçirilməsi nəzərdə tutulur. Respublika fənn olimpiadalarının keçirilməsinə “Kapital Bank” tərəfindən dəstək göstərilir. “Kapital Bank” Təhsil Nazirliyi ilə bir sıra layihələrin birgə həyata keçirilməsində yaxından iştirak edib. Respublika fənn olimpiadaları qaliblərinin siyahısı
25/04/2017 14:23
Növbəti diaqnostik qiymətləndirməyə start verildi
Aprelin 25-də növbəti diaqnostik qiymətləndirməyə start verilib. Diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 12 min nəfərə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də cəlb olunub. Bərdə Olimpiya İdman Kompleksində keçirilən qiymətləndirmə 5 gün davam edəcək. Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.
25/04/2017 10:51
Müəllim olmaq istəyənlər üçün elektron sınaq imtahanları davam edir
Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi müəllim olmaq istəyənlər üçün növbəti elektron sınaq imtahanı keçirib. İmtahanda respublikanın 20 bölgəsindən müəllim olmağa hazırlaşan 560 nəfər iştirak edib. Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq, imtahanları hər həftə keçirməyi planlaşdırır. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulub. Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitən zaman dərhal öz nəticələrini görə bilirlər. Növbəti elektron sınaq imtahanları aprelin 30-da Bakı şəhəri 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində keçiriləcək. Elektron sınaq imtahanında iştirak üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək olar.
24/04/2017 17:15
Məktəblilər arasında idman yarışları davam edir
IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir. Masallı Olimpiya İdman Kompleksində Yunan-Roma güləşi, Xocəvənd İdman Mərkəzində karate, İsmayıllı Olimpiya İdman Kompleksində basketbol, Şağan Olimpiya İdman Kompleksində cüdo, Balakən Olimpiya İdman Kompleksində stolüstü tennis idman növləri üzrə zona yarışları keçirilib. 500 nəfərdən çox məktəbli idmançının qatıldığı yarışlarda Yunan-Roma güləşi idman növü üzrə I yerə Lənkəran, II yerə Masallı, III yerə Cəlilabad, karate idman növü üzrə I yerə Xocəvənd, II yerə Beyləqan, III yerə Zərdab, basketbol idman növü üzrə I yerə İsmayıllı, II yerə Oğuz, III yerə Ağsu, cüdo idman növü üzrə I yerə Nizami, II yerə Nərimanov, III yerə Yasamal, stolüstü tennis idman növü üzrə I yerə Balakən, II yerə Qax, III yerə Oğuz rayon və şəhərlərin komandaları layiq görülüb. Qaliblər diplom və medallarla təltif edilib. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılması və məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsindən ibarətdir. Yarışlar aprelin 26-da başa çatacaq.
24/04/2017 14:34
Fənn olimpiadalarının final mərhələsi
Aprelin 22-də Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib. Final turuna qatılan 534 şagirddən 307-si texniki və təbiət fənləri, 227 şagird isə humanitar fənlər üzrə biliklərini sınayıblar. Şagirdlərdən 282 nəfəri paytaxt, 252 nəfəri isə bölgə məktəblərinin payına düşür. Bu turda şagirdlərə yazı işlərini təhvil verdikləri zaman sualların düzgün cavabları, izahları, həlləri və qiymətləndirmə meyarları təqdim edilib. Yazı işləri təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş fənlər üzrə münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilir. Nəticələr elan olunduqdan sonra qiymətləndirmədən razı qalmayan şagirdlər üçün münsiflər heyəti ilə birgə yazı işlərinin müzakirə edilməsinə şərait yaradılır. Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı olmaqla 8 müxtəlif fənn üzrə keçirilən fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsində 30000 nəfərə yaxın, Respublika mərhələsinin yarımfinal turunda isə 5909 nəfər şagird iştirak edib. İlk iki mərhələdə şagirdlərə tapşırıqlar qapalı test formatında təqdim edilsə də, fənn olimpiadalarının final mərhələsində onlara açıq tipli, isbat, izahat, həll tələb edilən sual və tapşırıqlar təqdim olunub. Son mərhələdə iştirak edən bütün şagirdlərə olimpiadanın “İştirak” sertifikatı veriləcək. Yekunda hər fənndən şagirdlərin nəticələrinə əsasən təxminən 240 nəfər şagird müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunacaq. Artıq ənənə halını almış məqamlardan biri kimi hər fənndən ölkə üzrə ən güclü şagird “Birincilərin birincisi” nominasiyası üzrə təltif ediləcək. İstedadlı şagirdlərin aşkar edilməsi, onların potensiallarının artırılması və nümayiş etdirmə imkanlarının, həmçinin şagirdlər arasında müsbət rəqabət şəraitinin yaradılması məqsədi ilə 2013-cü ildən olimpiadaların keçirilməsi və təşkili üzrə yeni qaydalar hazırlanıb. Respublika fənn olimpiadalarının keçirilməsinə “Kapital Bank” tərəfindən dəstək göstərilir. “Kapital Bank” Təhsil Nazirliyi ilə bir sıra layihələrin birgə həyata keçirilməsində yaxından iştirak edib.
22/04/2017 13:51
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı