SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“SABAHın məzunu” mərasimi keçirilib
İyunun 4-də Heydər Əliyev Mərkəzində “SABAHın məzunu” mərasimi keçirilib. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, müəllim və tələbələr iştirak edib. Əvvəlcə tədbir iştirakçıları “Mən SABAHAM” adlı sərgi ilə tanış olublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra SABAH qrupları ilə bağlı videoçarx nümayiş olunub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “SABAHın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı müraciət oxunub. Müraciətdə qeyd olunub ki, SABAH layihəsi cənab Prezidentin 2013-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası çərçivəsində həyata keçirilən mühüm təşəbbüslərdən biridir. Müraciətdə SABAHın ilk məzunlarına uğurlar arzulayan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizin sürətlə qloballaşan dünyaya inteqrasiyasında təhsilli gənclərin üzərinə böyük missiya düşdüyünü qeyd edib. Müraciətdə SABAH könüllülərinin ölkəmizdə keçirilən iri miqyaslı beynəlxalq tədbirlərdəki roluna da toxunan Birinci vitse-prezident könüllülüyün, yardımsevərliyin vacib vətəndaş keyfiyyətləri olduğunu vurğulayıb. Daha sonra SABAHın məzunları – Bakı Dövlət Universitetinin tələbəsi Günay İmanzadə və Azərbaycan Texniki Universitetinin tələbəsi Şahin Xəlilov SABAH qruplarında peşəkar müəllimlərdən aldıqları təhsildən danışıb, SABAHın yaratdığı imkanlar, qazandıqları bilik və təcrübənin gələcək karyeralarında müstəsna rol oynayacaqlarını bildiriblər. Təhsil naziri Mikayıl Cabbarov tədbirdə çıxış edərək SABAH qruplarının ilk məzun mərasiminin məhz ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan bu mərkəzdə baş tutmasının simvolik məna daşıdığını bildirib. Nazir qeyd edib ki, savadlı, bacarıqlı və hazırlıqlı gənclər ölkəmizin gələcəyini təmsil edir. Məhz bunun üçün də təhsil prosesində daha zəngin və tələbkar akademik proqram tətbiq olunub. Mikayıl Cabbarov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətəqabil, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Təhsil naziri Birinci vitse-prezidentin müraciətinin təhsilə və gənclərə diqqət və qayğısının daha bir təzahürü olduğunu qeyd edib. SABAHın əsas məqsədinin ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi olduğunu deyən nazir bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb. Çıxışının sonunda SABAHın məzunlarını təbrik edən təhsil naziri onlara gələcək həyatlarında uğurlar arzulayıb. Mərasimin sonunda SABAH qruplarının himni səsləndirilib, xatirə fotosu çəkilib. SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir. 2016-2017-ci tədris ili üzrə SABAH qruplarının ilk məzunlarının sayı 722 nəfərdir. SABAH tələbələrinin tədrisdənkənar fəaliyyətinin səmərəliliyinə şərait yaratmaq məqsədilə təşkil olunan fəaliyyətlər çərçivəsində SABAHın Könüllüsü layihəsi həyata keçirilib. SABAH qruplarının müəllim-professor heyəti, ümumilikdə 650 nəfərə yaxın olmaqla, ali təhsil müəssisələrinin seçilmiş müəllimləri, Kanada və İngiltərədən dəvət olunmuş yerli dil daşıyıcıları, həmçinin Azərbaycandakı yerli və xarici şirkətlərdə çalışan peşəkarlardan təşkil edilib.
05/06/2017 09:57
“Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb
İyunun 2-də “Ədəbiyyat biliciləri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, nazirliyinin əməkdaşları, müsabiqənin Təşkilat Komitəsinin və Münsiflər Heyətinin üzvləri, müsabiqə qalibləri iştirak edib. Təhsil nazirinin müavini, müsabiqənin Təşkilat Komitəsinin sədri Ceyhun Bayramov bildirib ki, ölkə üzrə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi artıq ikinci ildir keçirilir. Nazir müavini müsabiqənin şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından mühüm amil olduğunu diqqətə çatdırıb. “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 30 minə yaxın şagird iştirak edib. Onların arasından fərqlənən 4665 nəfər şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi mart ayında yekunlaşıb və 114 şagird ölkə mərhələsinə çıxıb. Bu mərhələdə iştirakçılar 4 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı yazılı cavablandırıblar. Şagirdlərin yazı işləri Təhsil Nazirliyinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanaraq qiymətləndirilib. Müsabiqənin nəticələrinə görə, 5 nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü dərəcəli diploma, 21 nəfər tərifnamayə layiq görülüb. Qaliblərə diplom və tərifnamələrlə yanaşı, qiymətli hədiyyələr və kitablar da təqdim olunub. Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrində nəzərdə tutulan vəzifələrin icrasına xidmət edir.
02/06/2017 18:10
Azərbaycan Dillər Universitetinin yeni rektoru kollektivə təqdim olunub
İyunun 2-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsinə təyin edilmiş Kamal Abdullayev bu ali təhsil müəssisəsinin kollektivinə təqdim olunub. Təhsil naziri Mikayıl Cabbarov Kamal Abdullayevin ADU-nun rektoru təyin olunması barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamını diqqətə çatdırıb. Nazir Kamal Abdullayev və onun elmi fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. ADU-nun şanlı tarixə malik olduğunu söyləyən təhsil naziri qarşıda duran vəzifələrdən danışıb, yeni rektorun bu işlərin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib. Təhsil naziri yeni rektoru təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. ADU-nun rektoru Kamal Abdullayev ona göstərilən etimada görə ölkə Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirmək üçün səylə çalışacağını söyləyib.
02/06/2017 16:49
Azərbaycanlı məktəblilər suriyalı həmyaşıdlarına hədiyyə göndərib
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "Suriya uşaqları üçün ümidlər" adlı sosial kampaniya keçirilib. “Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Təhsil Nazirliyi ilə birgə keçirdiyi kampaniya Suriyadan Türkiyənin müxtəlif ərazilərinə pənah gətirən uşaqlara həsr olunub. Kampaniyanın məqsədi bu gün dünyada baş verən müharibələr və onun nəticələrindən əziyyət çəkən uşaqlara diqqət yönəltməkdir. Kampaniya çərçivəsində uşaqlar üçün lazımi əşyalar (geyim, oyuncaq və.s), məktəblilərin suriyalı həmyaşıdlarına yazdıqları məktublar toplanıb. Toplanmış əşyalar və məktublar “Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Türkiyə təmsilçisi vasitəsilə ehtiyacı olanlara müvafiq şəkildə çatdırılacaq. Sosial kampaniyanın tərəfdaşı qismində Təhsil Nazirliyi və tabeliyində olan qurumlar iştirak edib. Kampaniyaya "Bir” Tələbə-Könüllü Proqramı, fərdi şəxslər və məktəblilər dəstək verib.
02/06/2017 15:52
“Oynayaraq öyrənək” layihəsinin yekunu
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin birgə həyata keçirdiyi “Oynayaraq öyrənək” adlı sosial yönümlü təhsil layihəsinin bağlanış mərasimi keçirilib. Bir aydan artıq müddətdə davam edən, "Oynayaraq öyrənək" devizi altında həyata keçirilən layihənin əsas məqsədi uşaq bağçasına getməyən uşaqları didaktik oyunlar vasitəsilə məktəbə hazırlamağın mümkün olduğunu cəmiyyətə və valideynlərə göstərmək, onları maarifləndirmək, cəmiyyətdə uşaq tərbiyəsi və təhsili ilə bağlı stereotip fikirləri qırmaqdır. Layihə çərçivəsində kollecin bir qrup seçilmiş tələbəsi aprel ayı ərzində TİPİİ-də təşkil olunmuş xüsusi təlimlərdə iştirak ediblər. “Didaktik oyunlar: nəzəriyyə və təcrübə” adlı seminarda tələbələrə uşaqların erkən inkişafı, öyrənmə nəzəriyyələri, didaktik oyunların əhəmiyyəti, məktəbəqədər yaşlı uşaqlarla işin təşkili metodikası və digər nəzəri biliklərlə yanaşı təcrübi bacarıqlar da aşılanıb. Kursu uğurla başa vurmuş tələbələrdən 18 nəfəri may ayı ərzində Bilgəh qəsəbəsindəki 11 saylı İnteqrasiya təlimli internat məktəbində, Binəqədi rayonu Heydər Əliyev parkında, Mir Cəlal parkında, Yasamal rayonu İzmir parkında, Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində, N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində uşaqlar və onların valideynləri, dayələrlə fləş-mob formatında öyrədici oyunlar keçiriblər.
02/06/2017 12:51
Yunan-Roma güləşi üzrə yarış keçirilib
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhəri 136 nömrəli tam orta məktəbdə 14-16 yaşlı idmançılar arasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib. Yarışın keçirilməsində məqsəd məktəblilərin Yunan-Roma güləşi idman növünə olan marağını, onların yarış təcrübəsini artırmaqdan ibarət olub. Birinciliyin açılış mərasimində Respublika Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qruplarının, 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin və Bakı şəhəri 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançılarının nümunəvi çıxışları təşkil olunub. 10 çəki dərəcəsi üzrə 120 nəfər idmançının qatıldığı yarışlarda I yerə “Təhsil” Respublika İdman Mərkəzinin 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə Bakı şəhəri 16 Uşaq-Gənclər İdman Məktəbinin, III yerə “Təhsil” Respublika İdman Mərkəzinin 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandaları layiq görülüb. Qaliblər kubok, medal və diplomlarla təltif edilib.
01/06/2017 14:24
Azərbaycanlı məktəblilər medal qazanıb
Hindistanın Dehli şəhərində 6-cı Amiti Beynəlxalq fənn olimpiadası keçirilib. Olimpiadada Azərbaycan, Türkiyə, Hindistan, Moldova, Rumıniya və digər ölkələr olmaqla ümumilikdə 11 ölkədən 276 şagird iştirak edib. Şagirdlər riyaziyyat, biologiya, fizika, kimya fənləri üzrə biliklərini sınayıblar. Azərbaycanlı məktəblilər olimpiadada ölkəmizi uğurla təmsil ediblər. Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdləri İbrahim Qasımlı gümüş, Ləman Məmmədli bürünc medal qazanıb.
01/06/2017 12:31
Uşaq Gənclər İdman Məktəbində açıq birincilik keçirilib
Sumqayıt şəhər 1 saylı Uşaq Gənclər İdman Məktəbində 28 May-Respublika Gününə həsr olunmuş açıq birincilik keçirilib. Boks, basketbol, futbol, stolüstü tennis və üzgüçülük idman növləri üzrə keçirilən yarışlara 450 nəfərdən artıq idmançı qatılıb. Yarışın keçirilməsində əsas məqsəd müvafiq idman növləri üzrə perspektivli idmançıların üzə çıxarılması, yarış təcrübələrinin artırılması, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə dəstəyin göstərilməsi, onların sağlam həyat tərzinə cəlb edilməsindən ibarət olub. Birinciliyin qalibləri kubok, medal və qiymətli hədiyyələrlə təltif olunub.
01/06/2017 11:49
Zaqatala müəllimləri “Bizim müəllim” layihəsində
Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatı davam edir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Zaqatala rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.
31/05/2017 12:03
İntellektual oyun üzrə regional məktəb çempionatı
Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan İntellektual Klublar Assosiasiyasının dəstəyi ilə “İslam Həmrəyliyi İli”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatı keçirilib. Ümumilikdə 61 ümumtəhsil məktəbinin komandasının qoşulduğu çempionatı giriş sözü ilə açan Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov iştirakçılara uğurlar arzulayıb. Sonra çempionata start verilib. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibi Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin komandası olub. Regionlar üzrə çempionatın qalibləri adına Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyi, Gəncə şəhəri 25 nömrəli tam orta məktəblərin, eləcə də Şəmkir, Lənkəran, Zərdab, Zaqatala, Şirvan, İmişli, Xaçmaz, Bərdə rayonlarının komandaları layiq görülüb. Çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına təkan vermək, eləcə də yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gənclərin aşkara çıxarılması, daha çox məktəblinin intellektual fəaliyyətə cəlb olunması, onların asudə vaxtının səmərəli təşkilini təmin etməkdən ibarətdir. Yarış respublika üzrə 12 zonanı - Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Quba, Zaqatala, Göyçay şəhərlərini əhatə edib. Çempionatın yekun tədbirində Təhsil Nazirliyinin "BİR" Tələbə Könüllüləri də fəal iştirak ediblər. Qaliblər Təhsil Nazirliyinin kubok və medalları, həmçinin Nar Mobile şirkətinin qiymətli hədiyyələri ilə təltif olunub.
31/05/2017 09:38
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı