SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi
İyunun 7-də “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, dövlət və özəl qurumların əməkdaşları, Avropa İttifaqının, Avropa Komissiyasının rəsmiləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, son illər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində yüksək inkişafa nail olunub, yoxsulluğun səviyyəsi minimuma enib və ölkəmiz orta gəlirli ölkələr sırasında yer tutub. Nazir peşə təhsilinin əmək bazarına ən yaxın təhsil sahəsi olmaqla ixtisaslı kadrların hazırlanmasında xüsusi əhəmiyyətindən danışaraq qeyd edib ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiq edilməsi dövlət-biznes əməkdaşlığına əsaslanan, ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatını ödəyə bilən və müasir iqtisadi çağırışlara çevik cavab verən peşə təhsili sisteminin yaradılmasına təkan verib. Layihənin əsas hədəflərinin peşə təhsili üzrə qanun layihəsinin hazırlanmasına hüquqi dəstəyin göstərilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi olduğunu deyən Mikayıl Cabbarov bu layihənin peşə təhsilinin inkişafına öz layiqli töhfəsini verəcəyinə ümid etdiyini vurğulayıb. Peşə təhsilinin inkişafının təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlərdən danışan təhsil naziri bildirib ki, Bakı və Gəncə şəhərlərində yerləşən 32 ilk peşə-ixtisas təhsili müəssisəsi rasionallaşdırılıb və sahələr üzrə ixtisaslaşdırılaraq 13 Dövlət Peşə Təhsili mərkəzlərində birləşdirilib. Qəbələ şəhərində fəaliyyət göstərən 2 peşə təhsili müəssisəsinin bazasında turizm və kənd təsərrüfatı profilləri üzrə ixtisaslaşan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mikayıl Cabbarov şəffaflığın təmin edilməsi məqsədilə ötən tədris ilindən etibarən “ASAN Peşə” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə ixtisas təhsili müəssisələrinə şagird qəbulunun “ASAN Xidmət” mərkəzləri tərəfindən aparıldığını və 2017-ci tədris ilindən başlayaraq bu prosesin “ASAN Xidmət” mərkəzlərinin fəaliyyət göstərdiyi digər şəhər və rayonlarda da həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. Tədbirdə Avropa Komissiyasının Şərq Tərəfdaşlığı Regionu məsələləri üzrə direktoru Laurens Meredit əsas diqqəti gənclərin inkişafına ayırmaqla Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üzrə perspektivlərindən, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard Avropa İttifaqı və Azərbaycan arasında təlim və təhsil sahəsində əməkdaşlıqdan, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Azərbaycanda peşə təhsili sahəsində qanunvericilik islahatlarından və son illərdə peşə təhsilinə göstərilən diqqətdən danışıb. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev layihənin əhəmiyyətini və Strateji Yol Xəritəsində qarşıya qoyulan hədəflərin icrasında böyük rol oynayacağını vurğulayıb. Layihənin rəhbəri Herman Sonneveld layihənin məqsədi və planlaşdırma barədə danışıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsinin əsas məqsədi ölkəmizdə peşə təhsili və təliminin ictimai statusunun cəlbediciliyini artırmaq və əmək bazarının tələblərinə uyğunlaşmasına nail olmaqdır.
07/06/2017 13:07
Təhsil İnstitutu yay olimpiada düşərgəsi təşkil edəcək
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən şagirdlərin yay tətilində riyaziyyat, informatika, kimya, fizika və biologiya fənləri üzrə intensiv dərslərdən ibarət yay olimpiada düşərgəsi təşkil ediləcək. Düşərgə iyunun 16-dan iyulun 16-dək Fizika, riyaziyyat və informatika təmayüllü liseydə reallaşdırılacaq. Yay olimpiada düşərgəsi həftənin 3 günü, hər gün 3 saat olmaqla həyata keçiriləcək. Düşərgədə məşğələlər ilkin olimpiada hazırlıq işini bilən mütəxəssislər tərəfindən aparılacaq. Yay olimpiada düşərgəsində V-VI və VII-VIII siniflər bir yerdə olmaqla məşğələlər aparılacaq. Sonda şagirdlərlə kiçik müsabiqə keçiriləcək və yay düşərgəsinin qalibləri müəyyənləşdiriləcək. Həmçinin məktəblilərə öncədən müəllimlər tərəfindən hazırlanan yay tapşırığı toplusu təqdim ediləcək. Yay olimpiada düşərgəsində iştirak edən bütün şagirdlərə sonda sertifikatlar veriləcək.
07/06/2017 11:34
Azərbaycan məktəbliləri beynəlxalq turnirdə uğur əldə edib
Paytaxt məktəbliləri Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər. Kikboksinq idman növü üzrə təşkil olunan Gürcüstan Beynəlxalq Açıq Dünya Çempionatında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 10-u I, 6-sı II, 3-ü III yerə layiq görülüb. Yarışda I yerə sahib çıxan azərbaycanlı məktəblilərdən 3-ü Ermənistandan, 7-si Gürcüstandan olan həmyaşıdları üzərində qələbə qazanıb. Turnirdə həmçinin, "Ankara məktəbi" məktəb-liseyinin 1 şagirdi II, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasının 1 yetirməsi III yerə layiq görülüb. Qaliblər müvafiq kəmər və diplomla təltif olunublar. Turnirdə Azərbaycandan 36 məktəbli iştirak edib. Yarışda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan və Ermənistandan olan idmançılar mübarizə aparıblar.
07/06/2017 10:30
“Olimpiya Hərəkatı-2017” layihəsi çərçivəsində respublika birinciliyinin bağlanış mərasimi
Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə 2016-2017-ci tədris ilində həyata keçirilən “Olimpiya hərəkatı” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyinin final oyunları və mükafatlandırma mərasimi keçirilib. Təşkilatçı qurumların rəhbər şəxsləri, millət vəkilləri, olimpiya çempionları, idman növləri üzrə federasiyaların rəhbərləri və digər rəsmi qonaqların iştirak etdiyi mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, "Azərbaycan Coca-Cola" şirkətinin baş direktoru Erdinc Güzel çıxış edərək qalib məktəbliləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, layihəyə növbəti tədris ilindən daha çox məktəblinin qatılacağına ümid etdiklərini bildiriblər. Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bu layihənin şagirdlərin sağlam həyat tərzi seçmələrinə, idmana olan maraqlarının daha da artmasına müsbət təsirindən, məktəblilər arasında dostluq, birlik, əzmkarlıq kimi keyfiyyətlərin aşılanmasındakı əhəmiyyətindən danışıb və qalibləri təbrik edib. Daha sonra qalib komandaların mükafatlandırma mərasimi keçirilib. Qaliblərə kubok, diplom, medal, həvəsləndirici mükafatlar təqdim olunub. Final yarışlarının nəticəsinə görə velosiped idmanı növü üzrə Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin komandası I, Xətai rayonu 29 nömrəli tam orta məktəbin komandası II, Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin komandası III, atletika idman növü üzrə Səbail rayonu 160 nömrəli Klassik Gimnaziyanın komandası I, "Ankara məktəbi" məktəb-liseyinin komandası II, Nizami rayonu 145 nömrəli tam orta məktəbin komandası III, badminton idman növü Suraxanı rayonu 104 nömrəli tam orta məktəbin komandası I, Yasamal rayonu 186 nömrəli tam orta məktəbin komandası II, Xətai rayonu 260 nömrəli tam orta məktəbin komandası III, voleybol (2x2) idman növü üzrə Xətai rayonu 269 nömrəli tam orta məktəbin komandası I, Binəqədi rayonu 248 nömrəli tam orta məktəbin komandası II, Səbail rayonu 236 nömrəli tam orta məktəbin komandası III, basketbol (3x3) idman növü üzrə Nizami rayonu 220 nömrəli tam orta məktəbin komandası I, Xətai rayonu 17 nömrəli tam orta məktəbin komandası II, "Ankara məktəbi" məktəb-liseyinin komandası III yeri tutub. Mərasimdə Təhsil Nazirliyin Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivləri bədii proqramlarla çıxış ediblər. Qeyd edək ki, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə əmri, Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin dəstəyi ilə həyata keçirilən “Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyi voleybol, basketbol, badminton, atletika və velosiped idman növləri üzrə keçirilib. Yarışlara Bakı, Gəncə, Sumqayıt şəhərləri və Göygöl rayonu əhatə olunmaqla 406 məktəbdən 90 minə yaxın məktəbli qatılıb. “Olimpiya Hərəkatı - 2017” layihəsinin məqsədi məktəblilər arasında fiziki tərbiyə fənninə marağı daha da artırmaq, məktəblərdə sağlam və aktiv həyat tərzini təşviq etmək, olimpiya idman irsinin davam etdirilməsindən ibarətdir.
06/06/2017 17:39
“Muzey ayı” proqramı həyata keçirilib
“Muzeylər və İslam həmrəyliyi” adı altında “Muzey ayı” proqramı həyata keçirib. Proqram Mədəniyyət və Turizm Nazirliyi, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası, Nazirlər Kabineti Yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Proqramın məqsədi məktəbliləri muzeylərin kolleksiya fondu ilə tanış etmək, Azərbaycanın, eyni zamanda İslam sivilizasiyasına mənsub olan xalqların milli və mədəni irsi, onların müxtəlif dövrlərə aid qarşılıqlı münasibətləri haqqında məlumat verməkdir. Muzey ayı proqramında Bakı şəhərindəki ümumtəhsil məktəblərinin şagirdləri paytaxtda fəaliyyət göstərən 16 aparıcı və 11 xatirə, ev, memorial ev muzeylərinə ekskursiyada olublar. Bu ekskursiyada 4269 məktəbli muzeylərin kolleksiya fondu ilə tanış olub. “Muzey ayı” proqramına Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Qız Qalası, "Şirvanşahlar Saray Kompleksi" Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyi, Azərbaycan Xalça Muzeyi, Miniatür Kitab Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, H.Zərdabi adına Təbiət Tarixi Muzeyi, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi, Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu, Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğu, eləcə də daha 15 muzey və ev-muzeyi qoşulub.
06/06/2017 17:06
Ağstafa müəllimləri “Bizim müəllim” layihəsində
Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatı davam edir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Ağstafa rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.
06/06/2017 12:45
Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim
IT STEP akademiyasında məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti üçün təlim keçirilib. Təlimin əsas məqsədi məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, pedaqoji heyətin işinin təkmilləşdirilməsi, texniki yaradıcılıq sahəsində fəaliyyət göstərən dərnəklərin müasir tələblərə uyğunlaşdırılmasıdır. Təlimdə texniki yönümlü dərnəklərlə yanaşı, uşaqların erkən yaş qrupları üzrə intellektual klublarının dərnək rəhbərləri də iştirak edib. Təlimin mövzusu “CodeClub” proqramı (codeclub.org) üzrə “Scratch” proqramlaşdırma dilinin öyrədilməsi olub. Massaçusets Texnologiya Universiteti tərəfindən tərtib olunmuş “Scratch” proqramlaşdırma dili 8-16 yaşlı uşaqlarda yaradıcı, sistematik düşüncəni və komanda işi bacarıqlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub, eyni zamanda proqram dərnək rəhbərlərinə tədris zamanı əlavə resurslardan istifadə imkanlarının genişləndirilməsinə xidmət göstərir.
05/06/2017 16:38
Təhsil naziri Göyçay şəhərində vətəndaşları qəbul edib
İyunun 5-də təhsil naziri Mikayıl Cabbarov Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Göyçay və Ağcabədi rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ucar, Zərdab, Göyçay və Ağcabədi rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib. Qəbulda vətəndaşlar müəllimlərin yerdəyişməsi və işə qəbulu, orta ixtisas təhsili müəssisəsinə bərpa olunma, direktorların işə qəbulu və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.
05/06/2017 14:09
Məktəblilər üçün audio kitab və yeni jurnal
“Səsli kitablar” layihəsi və “Birlikdə” jurnalının təqdimat mərasimi keçirilib. Tədbir Təhsil Nazirliyi və Community.az portalının dəstəyi, “Pasha Holding”, “Access Bank”, “AXA MBASK” sığorta şirkəti, Referans Klinik Laboratoriya Mərkəzi və LOR Hospitalının təşəbbüsü ilə təşkil olunub. Mərasimdə “Məktəb icmaları” layihəsi çərçivəsində reallaşdırılan “Səsli kitablar” və “Birlikdə” jurnalı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, “Səsli kitablar” layihəsi çərçivəsində görmə qüsuru olan insanlar üçün Azərbaycan və dünya yazıçılarının əsərlərindən ibarət xüsusi audio kitablar hazırlanıb. Layihənin həyata keçirilməsində əsas məqsəd görmə qüsurlu, eləcə də vaxt məhdudiyyəti səbəbindən kitab oxuya bilməyən şəxslərin “Səsli kitablar”dan yararlanmalarına kömək etməkdir. Layihə çərçivəsində yeni kitabların səsləndirilməsi də planlaşdırılır. Proses bitəndən sonra audio kitablara www.community.az portalında qulaq asmaq mümkün olacaq. Bildirilib ki, “Birlikdə” jurnalı “Azərbaycan müəllimi” qəzeti və Community.az portalının əməkdaşlığı ilə çap olunub. “Birlikdə” jurnalının nəşr edilməsində əsas məqsəd məktəbliləri, valideynləri, müəllimləri maarifləndirmək, dünyagörüşlərini artırmaq və asudə vaxtlarının daha səmərəli keçməsinə kömək etməkdən ibarətdir. Nəşrdə “Mən”, “Sağlam ol”, “Tədbirlərimiz”, “Top 10 kitablar”, “İşıqlı gələcək”, “Süjet”, “Maraqlıdır bilmək”, “Gənc səyahətçi”, “Danışır peşəkar” bölmələri mövcuddur. Jurnaldakı bölmələr üzrə istedadlı məktəblilər, xəstəliklərə qarşı mübarizə yolları, idman növləri, keçirilən tədbirlər, kitablar, teatrlar, geyim tərzi, Azərbaycanın bölgələri, keyfiyyətli təhsil, I sinfə şagird qəbulu, uşaqlarla davranış qaydaları və digər məsələlər barədə ətraflı məlumat almaq mümkündür. “Birlikdə” jurnalı mövzuların fərqliliyi, orijinallığı cəhətdən məktəblilərə aid jurnallar arasında özünəməxsusluğu ilə seçilir. Məktəblilərin maarıflənməsi üçün zəngin vasitə olan “Birlikdə” jurnalı tərtibat baxımından da seçilir. Jurnalda hər bir mövzuya uyğun şəkillərin rəngarəngliyi diqqəti cəlb edir. Qeyd edək ki, “Məktəb icmaları” layihəsinə BŞTİ-nin tabeliyində olan 150 ümumi təhsil müəssisəsi cəlb edilib.
05/06/2017 14:06
May ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 21 088 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2017-ci ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 21 088 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 17 685 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 403 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 315 sənəd (547 məktub, 377 ərizə, 391 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox müəllimlərin yerdəyişməsi və işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin çərşənbə axşamı (4 044 zəng) və çərşənbə (3 944 zəng) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin çərşənbə axşamı (801 müraciət) və çərşənbə (723 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 15:00-dək müraciət edilib.
05/06/2017 10:32
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı