SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəbəhazırlıq qruplarında "Sağlam təhsil"
Layihənin əhatəliliyi genişlənib Qapıdan içəri girən kimi 24 cüt göz, o gözlərin içərisində sakit, məsum baxışlar oturaq və ayaqüstə işləmək imkanı verən partaların arxasından boylanır. Bər- bəzəkli, oyuncaqlarla dolu, panorama effekti verilən işıqlı sinif otağında ən çox onların yumru əlləri, kiçik bədənləri, sərbəst danışıqları diqqət çəkir. Çox təşəbbüskardırlar. Bir yerdə dayanmırlar. Sinifdəki fəallıqları onların hələ 5 yaşında olduqlarına şübhə yaradır. Özlərinə qarşı sevgi oyandıran kiçik məktəblilərə gülümsəmədən baxmaq mümkün deyil. Onlar Bakı şəhəri 26 nömrəli tam orta məktəbdə bu il ilk dəfə təşkil edilən "Sağlam təhsil-sağlam millət" layihəsi üzrə məktəbəhazırlıq qruplarının şagirdləridir. Hələ cəmi 2-3 hərflə tanış olublar. Ancaq o hərflərin iştirakı ilə yaranan çoxlu söz bilirlər. Danışmaqdan isə heç yorulana oxşamırlar. Birindən adını soruşursan, heç gözləmədən söhbətə hamısı qoşulur. Biri hələ soyadını bilmir, o birisi dərsə gəldiyi vaxtı. Məsələn, Yadigar soyadını bilmir. Onur Quluzadə məktəbə gələndə “Səhər idi deyəsən”, - deyir. Əslində, onların dərsi əqrəblər günorta saat 2-ni göstərəndə başlayır. Məktəbəhazırlıq qrupunda dərs Hər yarım saatdan bir 10 dəqiqəlik tənəffüs edirlər. 1, 2, 4 və 5-ci günlər dərsə gəlirlər. Məktəbi də sevirlər, müəllimlərini də, bir-birilərini də. Dediklərinə görə, heç dalaşmırlar. Kiçik, sevimli məktəblilər bir-birləri ilə yarışırlar. Deyəcəkləri sözü - əşyanın, heyvanın adını demədən öncə ətraflarında onu axtarırlar. “Ə” hərfinin iştirakı ilə yaranan bir söz demək üçün ətraflarına baxır, axtardıq-ları əşyanı tapır, sonra adını deyirlər. Əllərinə götürdükləri oyuncaqlar, əşyalar nəinki əllərindən, bəzən boylarından da böyük olur. Yeni standartlar uşaqların fiziki cəhətdən sağlam böyüməsinə şərait yaradacaq “Sağlam təhsil-sağlam millət” layihəsi artıq 5 ildir ibtidai təhsil pilləsində həyata keçirilir. Bu ildən isə ilk dəfə olaraq məktəbəhazırlıq qruplarında da tətbiq edilir. Beş yaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların fiziki inkişafı, təlim və təhsili prosesinin təşkili məqsədi ilə reallaşdırılan bu yeniliyin müsbət nəticə verəcəyi şübhə doğurmur. İbtidai sinif müəllimi Sevinc Həşimovanın sözlərinə görə, məktəbəhazırlıq qruplarında yeni standartla təhsil uşaqların fiziki cəhətdən sağlam böyüməsinə şərait yaradacaq. Sevinc müəllim qrupunda olan 24 nəfər beş yaşlı şagirdinin məktəbə adaptasiyasının da asan keçdiyini vurğulayıb: “Burada, fikir verirsinizsə, dərs prosesi elə qurulub ki, uşaqların hərəkətliliyinə mane olmur, onların tam sərbəstliyinə şərait yaradırıq. Gah oturur, tez-tez qalxır, əylənir və öyrənirlər”. Sevinc Həşimova bu sinifdə dərs deyə bilmək üçün təlimlərə qatılıb və “Sağlam təhsil” siniflərində dərs deməyə hazır hesab ediləndən sonra dərsə başlayıb. 15 məktəbdə 21 qrup Beləliklə, bu il oktyabrın 1-dən etibarən “Sağlam təhsil- sağlam millət” layihəsinin həyata keçirildiyi 15 məktəbdə 21 məktəbəhazırlıq qrupu dərsə başlayıb. Həmin qruplardan 3-ü 26 nömrəli tam orta məktəbdədir. 26 nömrəli tam orta məktəbin direktor əvəzi Yaqut Məmmədova deyib ki, məktəbdə 9 məktəbəhazırlıq qrupu açılıb. Ümumiyyətlə, məktəbdə ibtidai təhsil pilləsində “Sağlam təhsil - sağlam millət” layihəsi üzrə 11 sinifdə 228 şagird təhsil alır. 4 ilin sonunda nəticə tam arzuolunan kimidir “Sağlam təhsil - sağlam millət” layihəsində tibbi gigiyena blokunun eksperti Şəhla Balayeva deyib ki, layihənin təşəbbüskarı olan Təhsil Nazirliyinin əsas məqsədi uşaqların sağlamlığıdır. Dünyada da bu problem yaşanır və məktəbi bitirənlərin cəmi 5-15 faizi tam sağlam olurlar: “Sağlam təhsil şəraiti yaratmaq üçün ilk növbədə hipodinamiya aradan qaldırılmalı idi. Odur ki, ayaq-üstü partalar təklif edildi. Bu, onların hərəkətliliyini təmin edəcək. Partanın maililik dərəcəsi isə şagirdlərdə görmə pozuntusunun qarşısını almağa xidmət edir. Bu və başqa amillər nəzərə alınaraq, belə siniflər yaradıldı. Sinfin divarları, tavanı, işıqlandırması məhz şagirdlərin sağlamlığına hesablandı. 4 ilin sonunda nəticə tam arzuolunan kimidir. Odur ki, bu ildən qərar verildi ki, layihə məktəbəhazırlıq qruplarında da tətbiq edilsin. Ümid edirəm ki, bunun da müsbət nəticəsi olacaq”. “Sağlam təhsil” sinfinin şagirdləri “Sağlam təhsil - sağlam millət” layihəsində sosioloji blokun rəhbəri Nigar Şahhüseynbəyova bildirib ki, keçirilən müxtəlif tədbirlərlə şagirdlərin sosiallaşmasım izləyirlər. Yaradıcılıq potensialının üzə çıxarılması üçün rəsm və əl işləri müsabiqələri keçirilir. Belə tədbirlər nəticəsində uşaqlarda məsuliyyət, məqsədyönlülük formalaşır, kommunikasiya bacarıqları kimi vacib kompetensiyalara yiyələnirlər. İbtidai təhsil pilləsini bitirəndə uşaqlar öz fikirlərini daha yaxşı ifadə edir, daha təşəbbüskar olur, öz imkanlarını daha yaxşı ortaya qoya bilirlər. Təqdimat bacarıqları ənənəvi sinifdə təhsil alan yaşıdlarından daha yüksək səviyyədə olur”. “Siniflərimiz və şagirdlərimizlə bağlı fikirlər çox yüksəkdir” İbtidai təhsil pilləsi üzrə reallaşdırılan “Sağlam təhsil - sağlam millət” layihəsi 26 nömrəli məktəbdə layihənin başladığı ilk gündən, artıq 5-ci ildir ki, həyata keçirilir. Ötən il ilk buraxılışı reallaşan layihənin şagirdləri artıq 5-ci sinifdə oxuyurlar. Layihə üzrə metodist Xalidə Həmidova bildirib ki, ötən 4 il ərzində hər ay bir neçə dəfə məktəblərdə olub, müəllimlərə pedaqoji kömək göstəriblər: “Həm müəllimlərlə, həm də valideynlərlə müzakirələr keçiririk. Siniflərimiz və şagirdlərimizlə bağlı fikirlər çox yüksəkdir. Hər kəs “Sağlam təhsil” siniflərinin təhsilin digər pillələrində və bütün şagirdlərə tətbiqini arzulayır. Ümid edirəm ki, bu arzular reallaşacaq”. 39 məktəbdə 182 “Sağlam təhsil” sinfi Qeyd edək ki, “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində ümumilikdə 39 məktəbdə 182 “Sağlam təhsil” sinfi təşkil edilib. “Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir. “Sağlam təhsil” siniflərində aparılan tibbi monitorinq bu siniflərdə tətbiq edilən texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni zamanda, belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib. Qeyd edək ki, “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinə 2014-2015-ci dərs ilindən başlanılıb. Layihənin əsas məqsədi təhsilalanlarm təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. İndiyədək layihə 3500-ə qədər məktəblini əhatə edib. “Azərbaycan müəllimi” qəzeti
26/10/2018 16:56
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə qaydaları dəyişdi
Namizədin vakansiyaları qeyd edərkən izlədiyi ardıcıllıq nəzərə alınmayacaq Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə 700-ə yaxın vakant yer çıxarılacaq. Bütün regionlar üzrə vakant yerlər var. Ən çox boş qalan direktor yeri isə cənub zonasındakı məktəblər üzrədir. Bu barədə "Azərbaycan müəllimi" qəzetinə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verib: "Təhsil naziri Ceyhun Bayramovun "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə" əmrinə əsasən, "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları" təsdiq edilib". E.Bağırov bildirib ki, yeni qaydalara əsasən, bu il ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə bəzi dəyişikliklər edilib. Dəyişikliklər müsabiqənin əsasən test və yerləşdirmə mərhələ-lərindədir: "Hər il qaydalarda yeniliklər tətbiq edilir. Builki müsabiqədə də yeni qayda müəyyənləşib. Belə ki, təhsil nazirinin oktyabrın 18-də imzaladığı 716 nömrəli əmrinə əsasən, təqvim ilinin sonunadək müsabiqənin yekunlaşdırılması nəzərdə tutulub. Bu məqsədlə artıq müsabiqə, müsahibə və apelyasiya komissiyaları yaradılıb". Kimlər iştirak edə bilər? Təsdiq edilən qaydalara görə, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 illik təcrübə ilə də direktorluğa namizəd olmaq mümkündür. E.Bağırov qeyd edib ki, direktorların işə qəbulu üzrə müsabiqədə ikili format tətbiq olunur. Belə ki, Bakı şəhərində direktor vəzifəsinə keçirilən müsabiqədə iştirak etmək üçün namizədlər ilk növbədə müvafiq ali təhsil müəssisələrində təşkil edilən xüsusi təlimlərdən keçməlidirlər. Maliyyə, statistika, əmək və təhsil qanunvericiliyinə aid mövzuları əhatə edən təlimlərdən keçənlər Bakı şəhərindəki ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə namizədliyini verirlər. Müsabiqənin elektron ərizə qəbulu, test, vakansiya seçimi və müsahibə mərhələsində uğurla iştirak edənlər Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində direktor vəzifəsinə təyin oluna bilərlər. Digər rayon və şəhərlərdə təlimlər təşkil olunmur. Elektron ərizə qəbulu Direktorların işə qəbulu müsabiqəsinin 2018-ci ilin oktyabr-dekabr aylarında keçirilməsi planlaşdırılır. Bu günlərdə müsabiqənin başlanılması ilə bağlı Nazirliyin saytında elan veriləcək. Müsabiqə üçün ayrıca rəsmi internet səhifəsi yaradılacaq. Namizədlər həmin səhifə vasitəsi ilə elektron qaydada qeydiyyatdan keçəcək və elektron ərizəsinin sonunda elan edilən vakant yerlərdən 4 yer qeyd edə biləcəklər. Ancaq yerləşdirmə zamanı namizədin şansı 4-dən çox olacaq. E.Bağırov bunu qaydalarda edilən dəyişikliklə əlaqələndirib: “Namizəd elektron ərizəsində vakant yerləri seçdiyi vaxtdan müsahibəyə gəldiyi vaxtadək kifayət qədər müddət keçir. Həmin müddət ərzində əlavə vakant yerlər yaranır. Yəni, namizədin elektron ərizə ilə müraciət etdikdən sonrakı dövrdə həmin ərazidə yaranan yeni vakant yerlər barədə nazirlikdə məlumat olur və direktorluğa namizədə həmin yerlər də təklif edilə bilər”. Bu şansların heç biri reallaşmadığı təqdirdə isə proses köhnə qaydada davam edir. Belə ki, müsabiqənin bütün mərhələlərini uğurla başa vuran, ancaq yekunda seçdiyi vakant yerlərə yerləşdirilməyənlər ehtiyat kadr siyahısına daxil olur. Test imtahanı mərhələsində əldə etdiyi nəticələri 2 il qüvvədə olan namizədə bu müddət ərzində yeni yaranan vakant yerlər də təklif oluna bilər: “Ehtiyat kadr siyahısında olanlar indiyədək ya yerləşdirilib, ya da onlara təklif olunan yerlərdən imtina ediblər. Odur ki, hazırda ehtiyat kadr siyahısında təyinatını gözləyən namizəd yoxdur. Həmin siyahıda olan və təklif edilən yerlərdən imtina edənlər müsabiqəyə yenidən qatılmalıdırlar”. Vakansiya seçimi - üstünlük yerli sakinlərə verilir Namizəd vakansiya seçərkən özünün işlədiyi təhsil müəssisəsinin yerləşdiyi rayon üzrə vakant yerləri seçə bilər. Bəs, müsabiqə komissiyası qərar verərkən üstünlüyü kimə verir? E.Bağırov bildirib ki, direktor idarəetmə işi ilə məşğul olduğundan onun nüfuzu olmalıdır: “Rayonda və kollektivdə, ictimaiyyət tərəfindən tanınmalıdır. Yerli təhsili idarəetmə orqanının nümayəndəsinin müsahibə komissiyasında iştirakı da bununla əlaqədardır. Kollektiv direktorluğa təyin olunan şəxsi tanımayanda da problemlərə gətirib çıxarır. Ona görə də direktor təyin olunan zaman üstünlük məktəbin yerləşdiyi rayonun və ya kəndin sakinlərinə verilir”. Namizədlərdən rəy tələb edilməyəcək Müsabiqənin test imtahanı mərhələsində dəyişiklik yoxdur. Namizədlərə 60 sual təqdim olunacaq. Test sualları əmək, təhsil qanunvericiliyi, idarəetmə və məntiqdən salınacaq. Ancaq yenilik test mərhələsinə buraxılma şərtindədir: “Əvvəlki illərdə test imtahanına müvafiq yerli təhsil şöbələrindən öz fəaliyyəti ilə bağlı müsbət rəy alan namizədlər buraxılırdı. Bu da bir çox hallarda narazılıqlara səbəb olurdu. Namizədlər həmin rəyləri mübahisələndirirdilər. Yerli təhsili idarəetmə orqanlarına, nazirliyə müraciət edirdilər. Bu cür xoşagəlməz halların qarşısının alınması məqsədi ilə bu ildən ali təhsilli, 5 illik pedaqoji təcrübəsi ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olan istənilən şəxsin müsabiqədə iştirakına məhdudiyyət qoyulmayacaq. Yerli təhsili idarəetmə orqanlarının nümayəndələri müsahibə komissiyasında təmsil olunacaqlar və öz rəylərini məhz həmin mərhələdə verə biləcəklər”. Keçid balı 40 faiz müəyyənləşdirilib Test imtahanı mərhələsində rayonlar üzrə keçid balı 40 faiz müəyyənləşdirilib. E.Bağırov deyib ki, 40 faiz nəticə göstərənlər növbəti mərhələyə buraxılacaqlar. Bakı şəhərində yerləşən orta təhsil müəssisələrinin direktoru vəzifəsi üzrə müsabiqəni davam etdirə bilmək üçün lazım olan keçid balı isə cari vəziyyətdə vakant yerlərin sayma və müsabiqə iştirakçılarının nəticələrinə əsasən müəyyənləşəcək: Minimum 40 faizlik hədd Bakı məktəblərinə direktor vəzifəsi üçün də keçərlidir. Namizədlərin sayı çox, nəticələri yüksək ola bilər. Odur ki, Bakı üçün keçid balı müsabiqə şəraitində formalaşacaq və Nazirlik tərəfindən tənzimlənəcək”. Yekun - müsahibə mərhələsində namizədlərin bilik və bacarıqları 5 ballıq şkala ilə qiymətləndiriləcək: “Namizəd müsahibəyə dəvət olunanda təhsil sənədi, ixtisas uyğunluğu, pedaqoji fəaliyyəti, təcrübəsi yoxlanılacaq və sonra müsahibəyə buraxılacaq. Müsahibə mərhələsində idarəetmə bacarığı, ümumi dünyagörüşü, peşəkar kompetensiyaları və digər zəruri meyarlar qiymətləndiriləcək və yerləşdirməni komissiya aparacaq. Yəni, bu il tətbiq edilən yeniliyə əsasən, namizədin hansı vakant yerə yerləşdirilməsi müsabiqə komissiyası tərəfindən tənzimlənəcək: “Namizədin vakansiyaları qeyd edərkən izlədiyi ardıcıllıq nəzərə alınmayacaq. Nümayiş etdirdiyi peşəkarlıq səviyyəsi, bilik və bacarığına əsasən onun hansı məktəbdə işləyə biləcəyinə komissiya qərar verəcək. Çünki məktəblər şəraiti, mühiti, şagird sayı, kollektivi baxımından müxtəlif olduğundan namizədin hansı məktəbdə işləyə biləcəyinə komissiyanın qərar verməsi daha ədalətli hesab edilib”. 800-ə yaxın məktəb direktoru müsabiqə yolu ilə seçilib E.Bağırov qeyd edib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas strateji hədəflərdən biri də təhsildə nəticələrə görə şəffaf və səmərəli tənzimləmə mexanizminə malik yeni idarəetmə sisteminin formalaşdırılmasıdır. Bu istiqamətin icrası üzrə 2014-cü ildən başlayaraq ölkə üzrə ümumtəhsil müəssisələrinin vakant olan direktor vəzifələrinə işə qəbul mərkəzləşdirilmiş qaydada həyata keçirilir: “İndiyədək 800-ə yaxın məktəb direktoru müsabiqə yolu ilə seçilib. Onlardan 700-dək namizəd regionlarda yerləşən ümumtəhsil məktəblərinə, 130 nəfərə yaxın namizəd isə Bakı şəhəri üzrə məktəblərə yerləşdirilib”. “Azərbaycan müəllimi” qəzeti
26/10/2018 14:16
Təhsil nazirinin müavini Firudin Qurbanov tacikistanlı həmkarı ilə görüşüb
Oktyabrın 25-də təhsil nazirinin müavini Firudin Qurbanov VI Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmək məqsədi ilə Bakıda səfərdə olan Tacikistanın təhsil nazirinin müavini Fathiddin Usmonzadə ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Tacikistan arasında təhsil sahəsindəki mövcud əlaqələr, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, həmçinin hər iki ölkədə aparılan təhsil islahatları haqqında məlumat mübadiləsi edilib.
26/10/2018 12:02
"Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” mövzusunda “dəyirmi masa” iştirakçılarına
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” mövzusunda “dəyirmi masa iştirakçılarına təbrik məktubu ünvanlayıb: "Hörmətli tədbir iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və "Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası”nın yaradılması münasibətilə təbrik edirəm. Sürətlə qloballaşan dünyada hər bir fəaliyyət sahəsi yeni ideya və baxışlar tələb etməklə gənclərin elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə yiyələnməsini labüd edir. Buna görə də cəmiyyətin inkişafında elm və təhsil mühüm rol oynayır. Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Gənclər siyasəti çərçivəsində həyata keçirdiyimiz bir çox proqramlar mövcud potensialın üzə çıxarılması və ölkəmizin siyasi, iqtisadi və sosial inkişafına yönəldilməsi məqsədlərini daşıyır. Təsadüfi deyildir ki, Azərbaycan “Ekspo 2025” üçün Bakının namizədliyini irəli sürərkən “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunu seçmişdir. Eyni zamanda, Azərbaycanda əcnəbi gənclərin təhsili sahəsində də xoş ənənələr mövcuddur. Ali məktəblərimizin qapıları xarici ölkə vətəndaşlarının üzünə həmişə açıq olmuşdur. Belə ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində on minlərlə əcnəbi gənc Azərbaycanda ali təhsil almış, ən müxtəlif ixtisaslara yiyələnmişdir. Sevindirici haldır ki, bu gün həmin gənclər öz ölkələrinin ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fəal iştirak edərək, multikulturalizm məkanı olan Azərbaycanla mənəvi körpü rolunu oynayırlar. Bu gün biz xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsili üçün yeni-yeni təşəbbüslər irəli sürür və gerçəkləşdiririk. Təkcə onu demək kifayətdir ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına, eləcə də gələn ildən sədrlik edəcəyi Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarının ali məktəblərimizdə təhsili məqsədilə qrant proqramları təsis etmişdir və bu proqramlar müvəffəqiyyətlə həyata keçirilir. Ümidvaram ki, Azərbaycanda təhsil almış əcnəbi məzunların ilk görüşünün iştirakçısı kimi siz yenidən Bakıya gəlməkdən məmnun qalacaq, tələbəlik çağlarınız ilə bağlı olan paytaxtımızdan vətəninizə ən xoş təəssüratlarla dönəcək, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfələr verəcəksiniz. Sizə cansağlığı, işlərinizdə uğurlar diləyirəm." İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 26 oktyabr 2018-ci il. AZƏRTAC
26/10/2018 11:17
VI Bakı Beynəlxalq Humanitar Forumu: Azərbaycanda təhsil almış məzunların ilk görüşü başlayıb
VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 26-da ADA Universitetində Azərbaycanda təhsil almış məzunların ilk görüşü və "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru" mövzusunda "dəyirmi masa" keçirilir. Tədbirə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev moderatoluq edir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub. Tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər. "Dəyirmi masa" çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının təqdimatı keçirilib. Azərbaycanda təhsil almış əcnəbi məzunlar tərəfindən daxil olmuş çoxsaylı müraciət əsasında yaradılan təşkilatın təsisçiləri ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetidir. Assosiasiyanın yaradılmasında əsas məqsəd Azərbaycanda təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, əcnəbi tələbələr və onların təhsil aldıqları universitetlər arasında qarşılıqlı əlaqənin yaradılması, maraqlı şəxslər və təşkilatların əcnəbi məzunlarla əməkdaşlığa cəlb olunmasıdır. Assosiasiyanın tərəfdaşları qismində Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi çıxış edir. Tədbir "Mədəni müxtəlifliyin dayanıqlı inkişafda rolu", "Enerji dayanıqlı və inklüziv inkişafın mərkəzində", "İnsan potensialının formalaşması dayanıqlı inkişafın əsas amili kimi" mövzularında panellərlə davam edir. AZƏRTAC
26/10/2018 10:43
VI Bakı Beynəlxalq Humanitar Forumu işini plenar sessiyalarla davam etdirib
Birinci plenar sessiya “Təhsil və elm insan kapitalının inkişafı kontekstində” mövzusuna həsr olunub Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda VI Bakı Beynəlxalq Humanitar Forumu açılış mərasimindən sonra işini plenar sessiyalarla davam etdirib. “Təhsil və elm insan kapitalının inkişafı kontekstində” mövzusunda birinci plenar sessiyaya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov və Rusiya Elmlər Akademiyasının akademiki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov moderatorluq ediblər. Sessiyanın mövzusunun aktuallığından danışan moderatorlar qeyd ediblər ki, müasir dünyada insan fəaliyyətinin bütün istiqamətlərdə çox sürətlə inkişaf etməsi bir çox peşələrə gələcəkdə nə dərəcədə ehtiyac olub-olmaması məsələsini aktuallaşdırır. Bu çağırış müasir təhsil sisteminin insanlara fayda verməsini, onun işlə təmin olunma istiqamətində qurulmasını tələb edir. Odur ki, panel sessiyanın mövzusu müvafiq problemlərin həllinə dair fikir mübadiləsi aparmağa kömək edir və gələcək əməkdaşlıq əlaqələrinin qurulması üçün önəm daşıyır. Plenar sessiyada ən yaxşı təhsil sistemlərinin müxtəlif zamanlar üçün hazırlandığı nəzərə alınmaqla pedaqogikada müasir dövr üçün zəruri olan dəyişiklikləri sürətləndirmək, əmək bazarında iş tapmaq məqsədilə daha hazırlıqlı olmağa kömək edə biləcək işləri necə proqnozlaşdırmaq, təhsili sülh naminə necə səfərbər etmək, müstəqil öyrənmənin və ömürboyu öyrənmənin nə üçün hələ də az müraciət olunan fəaliyyət hesab olunması və digər məsələlər müzakirə edilib. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə Bakı Beynəlxalq Humanitar forumlarının qlobal xarakterli elmi-humanitar məsələlərin geniş müzakirə edildiyi, mühüm qərarların qəbul olunduğu mötəbər tədbirə çevrildiyini deyib. Vurğulayıb ki, hələ 15 il əvvəl Prezident İlham Əliyev ölkənin əsas siyasi kursunun ifadəsi kimi "Neft kapitalını insan kapitalına çevirməliyik" strategiyasını irəli sürüb. Müasir şəraitdə intellektual insan potensialının inkişafı Azərbaycan üçün təkcə elmi aspektdən deyil, bütövlükdə ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Təhsil və elm qarşısında duran vəzifələrdən danışan akademik vurğulayıb ki, elm hər zaman bəşəriyyətin qarşısında yeni tədqiqat istiqamətləri açır. Əgər XX əsri fizika əsri adlandırılırdısa, alimlər yekdilliklə güman edirlər ki, XXI əsr biologiya əsri olacaq. Belə ki, dünyada biologiya istiqamətində elmi kəşflərin nəticələri möhtəşəmdir. Bununla yanaşı, energetika, kimya istiqamətləri də inkişaf edir. Eyni zamanda, cəmiyyətin humanitar tədqiqatlardan gözləntisi çoxdur. Hər yerdə, xüsusən, inkişaf etmiş ölkələrdə, humanitar elmlərə az diqqət ayrıldığını təəssüflə qeyd edən akademik müasir dünyanı anlamaq üçün mədəniyyət istiqamətinə xüsusi fikir verilməsinin vacibliyini bildirib. Bu baxımdan çox yüksək inkişaf etmiş dərin və hərtərəfli biliklərə əsaslanan mədəniyyətin önəmini vurğulayıb. BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) sədri xanım İnqa Ronda Kinq hazırda dünyanın böhranla, təbii fəlakətlərlə üzləşdiyini, bir çox ölkələrdə insanların humanitar yardıma ehtiyacı olduğunu deyib. Vurğulayıb ki, Bakıda keçirilən Forumun mövzusu 2030-cu ilə qədər Dayanıqlı İnkişafın Məqsədləri ilə səsləşir. Təhsil insanın əsas hüququdur və inkişafa səsləyir. Dünyada 260 milyon uşaq, təəssüf ki, hələ də ibtidai məktəbə getmir. Bunun qarşısı alınmasa 2030-cu ilədək bu göstərici 800 milyona çata bilər. Ayrı-ayrı ölkələrdə uşaqların təhsil almamasının səbəbləri, o cümlədən münaqişələr, yoxsulluq və digər xoşagəlməz hallar aradan qaldırılmalıdır. Habelə təhsildə keyfiyyət təmin edilməli və keyfiyyətli təhsil hamını, o cümlədən cəmiyyətin həssas təbəqələrini əhatə etməlidir. Bu, gələcəkdə yoxsulluğun azaldılmasına da kömək edəcək. Təhsil naziri Ceyhun Bayramov ölkə rəhbərliyinin təhsilin və elmin inkişafına xüsusi diqqət yetirməsindən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsindən danışıb. Təhsil sahəsində aparılan islahatlardan söz açan nazir beynəlxalq araşdırmalarda 2011-ci illə müqayisədə savadlılıq səviyyəsinin yüksəldiyini bildirib. O, islahatlar zamanı ali təhsilə, peşə təhsilinə, təhsil infrastrukturu ilə bazar infrastrukturunun əlaqələndirilməsinə diqqət yetirildiyini, istedadlı uşaqların dəstəkləndiyini, ölkədə hər kəs üçün eyni dərəcədə təhsil imkanları yaradıldığını vurğulayıb. Böyük Britaniyanın Oksford Universitetinin nəzdində fəaliyyət göstərən İslam Araşdırmaları Mərkəzinin direktoru Fərhan Nizami çıxışında təhsilə sərf edilən xərclərin düzgün istiqamətlərdə olmasının önəmini vurğulayıb, bunun ümumi inkişafa kömək edəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, təhsil siyasəti yerli iqtisadiyyatı əhatə etməlidir, eləcə də yerli səviyyədə savadı olan insanlar diqqətdən kənarda qalmamalıdır. İstedadların inkişafına diqqət yetirilməsə, insanlarda özünüqiymətləndirmə azalar və bu, tədric olunmuş cəmiyyətin formalaşmasına səbəb ola bilər. Hər hansı inkişafdan söz düşərkən, onun əsasında təhsil meyarının dayandığı aşkar olur. Odur ki, təhsil sistemində ölkənin, cəmiyyətin inkişafı mütləq nəzərə alınmalıdır. Küveyt Əmirinin Divanında müşavir, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri və BMT baş katibinin xüsusi müşaviri Abdullah Alma’tuk rəhbəri olduğu qurumun çoxşaxəli fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Vurğulayıb ki, təhsil sahəsində xeyriyyəçiliyin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Həmçinin elm və təhsil istiqamətlərində gənclərin könüllü proqramlarda iştirakını genişləndirməyə şərait yaratmaq lazımdır. Könüllü fəaliyyət sayəsində cəmiyyət inkişaf edir. Abdullah Alma’tuk, həmçinin Küveytdə keçirilən xeyriyyəçilik tədbirləri barədə danışıb. Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov dünyada inkişafın əsas müəllifinin insan olduğunu qeyd edərək, bu baxımdan təhsilə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib. Diqqətə çatdırıb ki, müasir texnologiyalar şəraitində bu təhsili daha səmərəli etmək olar. Təhsil siyasəti əvvəlcədən ölçülüb-biçilmiş məqamları əhatə etməlidir. Bu gün qlobal problemlər bütün ölkələrə bu və ya digər dərəcədə təsir göstərir. Dövlətin müasir həyatla ayaqlaşa bilən təhsil sistemi yaratmasının vacibliyini deyən Sergey Neverov bununla bağlı Rusiyanın müsbət təcrübəsini bölüşüb. MDB İcraiyyə Komitəsinin sədr müavini Aqybay Smaqulov insan kapitalının istənilən ölkə üçün mühüm sərvət olduğunu deyib. Yaradıldığı vaxtdan bəri MDB-nin təhsilə xüsusi fikir verdiyini deyən Aqybay Smaqulov bu sahədə tələbə mübadiləsini, imzalanmış sənədləri, qarşılıqlı diplomun tanınmasını diqqətə çatdırıb, inklüziv tədris sistemi təcrübəsini qeyd edib. Çıxışlarda VI Bakı Beynəlxalq Humanitar Forumunun müasir cəmiyyətin aktual mövzularını müzakirə etmək baxımından çox gözəl məkan olduğu, tədbirin yüksək səviyyədə təşkil edildiyi vurğulanıb və bununla bağlı Azərbaycan hökumətinə dərin təşəkkür ifadə edilib. AZƏRTAC
26/10/2018 10:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VI Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimindəki nitqi
Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər. “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışında dövlətimizin başçısı nitq söylədi. Prezident İlham Əliyevin nitqi - Hörmətli xanımlar və cənablar. Hörmətli qonaqlar. Bu gün VI Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Forumun bütün iştirakçılarını səmimiyyətlə salamlayıram, xaricdən gələn qonaqlara “Xoş gəlmisiniz!” deyirəm. Builki forumda 90-dan artıq ölkədən 400-dən çox xarici qonaq iştirak edir. Bu, özlüyündə bir göstəricidir, onu göstərir ki, dünyada Foruma çox böyük maraq var. Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilmişdir. Əminəm ki, Forumda müzakirə ediləcək məsələlər gələcək humanitar əməkdaşlıq üçün çox önəmli olacaq, xaricdən gələn qonaqlar Forumun işinə çox böyük töhfə verəcəklər. Humanitar məsələlərin müzakirəsi çox önəmlidir. Çünki biz müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görürük. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilmişdir. Bu il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd edirik. “Bakı Prosesi” beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, o cümlədən BMT bu prosesə çox yüksək qiymət verir. Bizim təşəbbüsümüzlə 10 il bundan əvvəl Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini də dəvət etdik. Beləliklə, ilk dəfə olaraq 100-dən çox ölkənin nümayəndələri - müsəlman aləmini və Avropanı təmsil edən vəzifəli şəxslər bir araya gələrək humanitar məsələləri, mədəniyyət əlaqələrini, dinlərarası münasibətləri müzakirə etmişlər. Ondan bir il sonra bu format təkrarlandı, Bakıda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş tədbirə biz Avropa nümayəndələrini dəvət etdik. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatına, həm Avropa Şurasına üzv dövlətdir. Əlbəttə ki, biz bu imkanlardan istifadə edib çalışırdıq və çalışırıq ki, sivilizasiyalararası dialoqa öz töhfəmizi verək. Qeyd etdiyim kimi, “Bakı Prosesi” artıq beynəlxalq müstəvidə çox önəmli bir təşəbbüs kimi qiymətləndirilir. Bu təşəbbüs nəticəsində müxtəlif görüşlər, tədbirlər keçirilmişdir ki, bütün bunların bir məqsədi var - sivilizasiyalararası, dinlərarası dialoq dərinləşsin, güclənsin, dünyada risklər azalsın, ayrı-seçkilik, ksenofobiya hallarına düzgün qiymət verilsin və bu təhlükəli meyillərin qarşısı alınsın. Eyni zamanda, Azərbaycanda keçirilmiş mötəbər idman yarışları da idman yarışları olsalar da, eyni zamanda, humanitar əməkdaşlığın dərinləşməsinə xidmət göstərir. Mən xüsusilə birinci Avropa Oyunlarını və İslam Həmrəylik Oyunlarını qeyd etmək istərdim. Hesab edirəm, o da çox rəmzi məna daşıyır ki, ilk Avropa Oyunları bizim təşəbbüsümüzlə Azərbaycanda keçirilmişdir. Hesab edirəm, bu, çox əlamətdar hadisə, əlamətdar qərardır ki, ilk Avropanın Oyunları müsəlman ölkəsində keçirilmişdir. Ondan iki il sonra - 2017-ci ildə Bakıda dördüncü İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Yenə də qeyd etmək istəyirəm, bunlar idman yarışlarıdır və bu iki oyunda on minə yaxın idmançı iştirak edib. Amma, eyni zamanda, biz bu oyunlara humanitar əməkdaşlıq prizmasından yanaşırıq, baxırıq və doğrudan da oyunlar zamanı Bakıda və digər bölgələrdə yaşanan gözəl ab-hava, gözəl həmrəylik iqlimi hesab edirəm ki, ümumi işimizə növbəti töhfə olmuşdur. Biz bu sahədə öz fəaliyyətimizi davam etdirəcəyik. Xüsusilə indiki şəraitdə ki, yenə də qeyd etmək istəyirəm, həm müsəlman aləmində, həm Avropada multikulturalizmlə, İslam həmrəyliyi ilə bağlı gedən proseslər müəyyən mənada narahatlıq doğurur. Ona görə Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsi və bu Foruma dünya birliyi tərəfindən yüksək qiymət verilməsi və diqqət yetirilməsi göstərir ki, belə tədbirlərə dünyada çox böyük ehtiyac var. Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşamışlar və bu siyasət bu gün də davam etdirilir. Azərbaycanda bu istiqamətdə dövlət siyasəti çox səmərəlidir və gözəl nəticələrə gətirib çıxarır. Bizim tarixi keçmişimiz, mədəniyyətimiz onu göstərir ki, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda həmişə çox rahat yaşayıblar, bir ailə kimi yaşayıblar. Bizim tarixi, dini abidələrimiz həm qədim tariximizi göstərir, eyni zamanda, göstərir ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkan olmuşdur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş və bizim Şamaxı şəhərində yerləşən məscid milli sərvətimizdir. Eyni zamanda, digər qədim şəhərimizin - Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi yerləşir. Hər iki məbəd əsaslı şəkildə təmir və bərpa edilib, dövlət tərəfindən qorunur. Bakıda qədim atəşpərəstlik məbədi Atəşgah yerləşir. Bu da onu göstərir ki, Azərbaycanda Zərdüştlük dininin ənənələri vardır. Ənənəvi dinlərin məbədlərinin - katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradır. Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Biz öz milli, dini ənənələrimizə çox bağlıyıq, sadiqik və milli dəyərlər gələcək inkişafımız üçün xüsusi rol oynayır. Deyə bilərəm ki, müasir Azərbaycan dövləti çox dərin milli dəyərlər, milli-mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, biz dünyaya açığıq. Qeyd etdiyim kimi, Azərbaycan dünyada multikulturalizmin ünvanlarından birinə çevrilibdir və bu şərəfli status artıq dünya birliyi tərəfindən tanınır. Təsadüfi deyil ki, biz mənim Sərəncamımla 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli” elan etdik. Hesab edirəm ki, dünyada ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülmüşdür. Bu, bizim niyyətimizi göstərmişdir, 2016-cı ilə multikulturalizm adını verməklə, ilk növbədə, biz dünyada Azərbaycanı olduğu kimi təqdim etmək istədik. Göstərmək istədik ki, multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm həyat tərzidir, eyni zamanda, biz dünya birliyinin diqqətini bu məsələyə cəlb etməyə çalışdıq. Çünki siz də yaxşı bilirsiniz ki, bu gün həm siyasətçilər, ictimai xadimlər, həm də media tərəfindən multikulturalizmlə bağlı çox ziddiyyətli fikirlər səsləndirilir. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı vahid yanaşma olmalıdır və burada heç bir ziddiyyətli fikrə yer ola bilməz. Hesab edirəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi həm təqdirəlayiqdir, həm də gözəl nümunə ola bilər. Biz multikulturalizmin bəhrəsini gündəlik həyatda görürük. Bu gün Azərbaycanda yaşanan sabitlik, vətəndaş həmrəyliyi, milli həmrəylik, o cümlədən bu dəyərlərə əsaslanır. Biz çalışdıq ki, 2016-cı ildə diqqəti bu önəmli məsələyə cəlb edək. Xüsusilə nəzərə alsaq ki, bu gün, bir daha qeyd etmək istəyirəm, multikulturalizmlə bağlı müxtəlif fikirlər səsləndirilir. Hesab edirəm ki, Forumda bu məsələ çox geniş müzakirə olunacaqdır. 2017-ci ili isə biz “İslam Həmrəyliyi İli” elan etdik. Yenə də ona görə ki, Azərbaycanda İslam həmrəyliyi tam bərqərar olub. Onu da bildirməliyəm ki, Azərbaycan müsəlmanları vəhdət namazı qılırlar. Hesab edirəm ki, Azərbaycan bu sahədə müsəlman aləmində çox önəmli rol oynayır. Eyni zamanda, biz müsəlman aləminin diqqətini də bu sahəyə cəlb etməyə çalışdıq. Çünki əfsuslar olsun ki, biz müsəlman aləmində həmrəyliklə bağlı istədiyimizə nail ola bilməmişik. Qarşıdurmalar, müharibələr, anlaşılmazlıq, toqquşmalar və digər təhlükəli meyillər ölkələr üçün böyük problemə, faciəyə çevrilir, milyonlarla insan həlak olur, evsiz-eşiksiz qalır, qaçqın, köçkün vəziyyətinə düşür. Əlbəttə, biz çalışmalıyıq ki, bu sahədə də öz təkliflərimizi verək, öz nümunəmizi göstərək ki, əgər İslam həmrəyliyi və multikulturalizm anlayışları vəhdət təşkil edərsə və dövlət siyasəti düzgün aparılarsa, bu, xalq tərəfindən də qəbul edilərsə, onda ölkələrdə problem olmayacaq. Müasir Azərbaycan bunun əyani, bariz sübutudur. Təsadüfi deyil ki, biz humanitar əməkdaşlıqla, multikulturalizmlə bağlı bir çox tədbirlərə ev sahibliyi edirik. Qeyd etdiyim kimi, biz humanitar əməkdaşlığa çox böyük əhəmiyyət veririk. Bu məsələlər dost ölkələrlə həm ikitərəfli formatda, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində daim gündəlikdədir. Ancaq biz özümüz böyük humanitar fəlakətlə üzləşmişik. Bir həftə bundan əvvəl – oktyabrın 18-də biz Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd etmişik. Cəmi 27 ildir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır və müstəqilliyimizin ilk günləri, ilk illəri çox ağır və faciəvi idi. Həm siyasi böhran, daxili çəkişmələr, vətəndaş müharibəsi, iqtisadi tənəzzül, kütləvi itaətsizlik, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti böyük fəlakətə, bəlalara gətirib çıxardı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır, xalqımıza qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılmışdır, 1 milyondan çox azərbaycanlı öz doğma torpağında köçkün vəziyyətinə düşmüşdür. Bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı qərar və qətnamələr qəbul etmişlər, o cümlədən BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələrin qəbul olunmasından 25 il keçir. Ermənistan bu qətnamələri icra etmir və əfsuslar olsun, hələ də beynəlxalq mexanizm işlənilməyib ki, təcavüzkarı beynəlxalq aparıcı qurum tərəfindən qəbul edilmiş qətnamələrin icrasına məcbur etsin. BMT-nin Baş Assambleyası oxşar qətnamə qəbul edib, digər beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi tələb olunur. Münaqişənin həlli üçün yeganə yol məhz budur, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmalıdır, - necə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilir, - və Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpaqlarına qayıtmalıdırlar. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, Azərbaycanın ayrılmaz hissəsidir. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Bizim tarixi abidələrimiz, şəhərlərin, kəndlərin toponimləri bu torpaqların Azərbaycan xalqına məxsus olduğunu sübut edir. Əfsuslar olsun ki, təcavüzkar dövlət işğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimizi də dağıdıb, məhv edib. İşğal edilmiş torpaqlarımıza iki dəfə ezam olunmuş ATƏT-in faktaraşdırıcı və müşahidə missiyası öz məruzələrində bu barədə məlumat verib. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib və işğal olunmuş torpaqlarda mədəni soyqırımı törədilib. 1992-ci ildə isə ermənilər Xocalı soyqırımını törədiblər. Bu dəhşətli hərbi cinayət nəticəsində 600-dən çox günahsız dinc insan, onların arasında 60-dan çox uşaq vəhşicəsinə qətlə yetirilib. Xocalı faciəsi dünyanın 10-dan çox ölkəsi tərəfindən rəsmi olaraq soyqırımı kimi tanınıb. Bu soyqırımı zamanı mindən çox insan itkin düşüb və onların taleyi haqqında heç bir məlumat yoxdur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir. Bu humanitar fəlakətə baxmayaraq, hesab edirəm ki, müstəqillik dövründə Azərbaycan çox uğurlu inkişafa nail ola bilibdir. Ölkəmizdə sabitlik, təhlükəsizlik hökm sürür. Sabitliyin mənbəyi Azərbaycan xalqının iradəsidir. Bu gün Azərbaycanda yaşanan vətəndaş həmrəyliyi ölkəmizin uğurlu inkişafı üçün əsas şərtdir. Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmət qazanıb və bizimlə əməkdaşlıq edən ölkələrin sayı gündən-günə artır. Düz 7 il bundan əvvəl - 2011-ci il oktyabrın sonlarında Azərbaycan ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur, qələbəmizdir. Ən önəmlisi odur ki, 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir. Yəni, bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanı dəstəkləyir, Azərbaycanda görülən işlərə yüksək qiymət verir, Azərbaycanı etibarlı tərəfdaş və dost ölkə kimi tanıyır. Hesab edirəm ki, xarici siyasətlə bağlı apardığımız işlər gözəl nəticələrə gətirib çıxarır. İlk növbədə, biz qonşu ölkələrlə çox səmimi, mehriban qonşuluq, dostluq münasibətləri qura bilmişik. Hər bir ölkə üçün onun qonşuları ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, qonşu dövlətlərlə, - təbii ki, Ermənistan istisna olmaqla, - bizim münasibətlərimiz çox yüksək səviyyədədir, həm siyasi, iqtisadi, bütün başqa sahələrdə, o cümlədən humanitar əməkdaşlıq sahəsində. Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir, o cümlədən söz azadlığı, sərbəst toplaşma azadlığı, mətbuat azadlığı, vicdan azadlığı. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir və ölkəmizdə azad internet fəaliyyət göstərir. Beləliklə, siyasi islahatların dərinləşməsi ölkəmizdə iqtisadi islahatlara daha da böyük təkan verir. Çünki sabitliyin mövcud olması ölkəmizə böyük həcmdə xarici sərmayənin gətirilməsinə də gözəl şərait yaradıb. Adambaşına düşən sərmayələrin həcminə görə Azərbaycan dünya miqyasında aparıcı yerlərdədir. Qeyd etməliyəm ki, ölkə iqtisadiyyatına 250 milyard dollardan çox sərmayə qoyulubdur ki, bu sərmayənin yarısı xaricdən gələn vəsaitdir. Azərbaycan son 15 il ərzində iqtisadi sahədə ən sürətli inkişaf templərini nümayiş etdirib. Mən hesab edirəm ki, bu, rekord göstəricidir. Çünki son 15 il ərzində ümumi daxili məhsul 3,2 dəfə artıb və beləliklə, Azərbaycan çox böyük inkişaf yolunu keçib. Biz iqtisadi sahədə tam müstəqillik əldə etmişik. İqtisadi müstəqillik, əlbəttə ki, siyasi müstəqilliyimizi möhkəmləndirir. Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır, xarici kreditlərdən asılı iqtisadiyyat deyil. Biz nəinki kreditlərin alınmasını demək olar ki, dayandırmışıq, özümüz bəzi ölkələrə kreditlərin verilməsinə başlamışıq. Makroiqtisadi sabitlik Azərbaycanda çox yüksək səviyyədədir. Deməliyəm ki, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Bununla belə, bizim maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni, istədiyimiz halda biz xarici borcumuzu bir neçə ay ərzində sıfır səviyyəsinə endirə bilərik. Ona görə iqtisadi sahədə aparılan köklü islahatlar, əlbəttə ki, sosial sahəyə də müsbət təsir göstərib. Əgər biz sosial sahənin önəmli istiqamətlərinə nəzər yetirsək görərik ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayan insanların sayı son 15 il ərzində 49 faizdən 5,4 faizə düşübdür. İşsizlik bir sosial problem kimi demək olar ki, aradan götürülür, işsizlik 5 faiz səviyyəsindədir. Nəzərə almalıyıq ki, bu illər ərzində ölkə əhalisi də artır və əhali hər il ən azı 100 min nəfər artır. Ona görə bizim iqtisadi inkişafımız və o cümlədən sosial infrastrukturun yaradılması daimi proses olmalıdır. Biz bu sahədə də çox böyük işlər görmüşük. Forumda müzakirə olunacaq məsələlərdən biri də təhsillə bağlıdır. Deyə bilərəm ki, təhsilin inkişafı və təhsildə müasir metodların tətbiq edilməsi prioritet məsələlərdən biridir. Təhsil sisteminin maddi-texniki bazası möhkəmlənir. Son 15 il ərzində 3000-dən çox məktəb tikilib və təmir edilib. Deməliyəm ki, Azərbaycanda cəmi 4500-dən bir qədər çox məktəb var, onların əksər hissəsi ən yüksək standartlar səviyyəsində qurulub. Eyni zamanda, müəllim peşəsinə maraq da çox böyük dərəcədə artır. Aparılan islahatlar, o cümlədən maaşların əhəmiyyətli dərəcədə artırılması, məktəblərin təmiri və digər stimullaşdırıcı addımlar nəticəsində müəllim olmaq istəyənlərin sayı dəfələrlə artıb və bu il biz bunu əyani şəkildə görmüşük. Test imtahanlarında yüksək ballar toplayan abituriyentlər arasında müəllim olmaq istəyənlərin sayı bir neçə dəfə artıbdır. Yəni, bu, onu göstərir ki, humanitar sahənin əsas hissələrindən biri olan təhsil sahəsinə çox böyük diqqət göstərilir və gözəl nəticələr vardır. Ölkəmizin hər bir yerində müasir tibb mərkəzləri yaradılıbdır. Son 15 il ərzində 650-dən çox tibb müəssisəsi yenidən qurulub, əsaslı təmir edilib və tikilib. Hər il 5 milyondan çox insan dövlət hesabına pulsuz tibbi müayinədən keçir. Yəni, bunlar humanitar sahənin çox önəmli hissələridir və bundan sonra da bu istiqamətlər üzrə ardıcıl siyasət aparılacaq. Mən idman yarışlarını qeyd etdim. Amma onu da bildirməliyəm ki, idman sahəsində də böyük uğurlar əldə edilib. İdmanın maddi-texniki bazası qurulub. Təkcə Bakıda deyil, Azərbaycanın digər şəhərlərində 45 müasir Olimpiya İdman Mərkəzi yaradılıb. Son Olimpiya Oyunlarında - Rio-de-Janeyroda keçirilmiş Olimpiadada medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerə layiq görülüb. Biz ardıcıl siyasət aparmaqla həm iqtisadi islahatları dərinləşdiririk, həm də sosial sahədə lazım olan addımları atırıq. Ölkəmizdə yüksək texnologiyalara çox böyük diqqət göstərilir, bu yaxınlarda üçüncü peykimiz orbitə buraxıldı. Azərbaycan artıq neçə ildir ki, dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür və 3 peykimiz var. Əlbəttə ki, bu, həm texnoloji inkişafdır, həm təhsildir, həm də biznes imkanlarını yaradır. Biz bu gün peyk xidmətlərini ixrac etməklə ölkəmizdə ixracı da şaxələndiririk. “ASAN xidmət” mərkəzlərinin yaradılması sosial və humanitar sahədə çox önəmli təşəbbüsdür. Əgər qonaqlarda imkan olarsa, onlar Bakı şəhərində fəaliyyət göstərən beş mərkəzdən birinə baş çəkə bilərlər. Görə bilərlər ki, doğrudan da Azərbaycan texnologiyaları əsasında, sırf Azərbaycanın intellektual məhsulu olan “ASAN xidmət” necə fəaliyyət göstərir. Bu il bu mərkəzlərin sayı 15-ə çatdırılacaq, 5-i Bakıda, 10-u bölgələrdə. Bu mərkəzlərdə bir binada 300-dən çox xidmət göstərilir və vətəndaşların “ASAN xidmət”i bəyənmə əmsalı 100 faizə yaxındır. Bu, ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. İctimai xidmətlər sahəsinə xas olan bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq hallarına tamamilə son qoyulubdur. Bir neçə il ərzində “ASAN xidmət” mərkəzlərinə 24 milyondan çox müraciət olmuşdur və onların mütləq əksəriyyəti təmin edilmişdir. Mən Azərbaycan haqqında çox danışa bilərəm, - çünki qonaqların bir hissəsi ilk dəfədir ki, ölkəmizə gəlib, - sadəcə olaraq, çıxışımın yekununda bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Bu məsələ həm humanitar əməkdaşlığı dərinləşdirir, həm də qarşılıqlı maraqları təmin edir. Hesab edirəm ki, humanitar əməkdaşlıq deyəndə biz mütləq bunun gözəl nəticələrini görməliyik və bilməliyik ki, bu, nəyə gətirib çıxaracaqdır. Sonuncu mövzu nəqliyyat siyasətimizlə bağlıdır. Azərbaycanın coğrafi vəziyyəti əlverişlidir, ancaq müasir infrastruktur olmadan bu coğrafi vəziyyətin heç bir əhəmiyyəti yoxdur. Digər tərəfdən, Azərbaycanın açıq dənizlərə, okeanlara çıxışı yoxdur. Ona görə bizim bütün nəqliyyat, enerji, kommunikasiya xətlərimiz başqa ölkələrin ərazisindən keçməlidir. Əlbəttə, qeyd etdiyim kimi, buna nail olmaq üçün mütləq, ilk növbədə, qonşu dövlətlərlə və daha böyük coğrafiyanı əhatə edən ölkələrlə çox sıx dostluq münasibətləri olmalıdır və bunlar da var. Biz bir neçə il bundan əvvəl nəqliyyat sahəsində qarşıya vəzifə qoymuşduq ki, Azərbaycan nəinki bu bölgədə, dünya miqyasında güclü nəqliyyat mərkəzinə çevrilsin. Bu məqsədə doğru ardıcıl olaraq getməyə başlanmışdır və bu gün tam əminliklə deyə bilərəm ki, biz buna nail ola bilmişik. Ölkəmizdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb, 6 beynəlxalq hava limanı, Azərbaycanı bütün qonşu ölkələrlə bağlayan və ölkəmizin əsas hissəsini əhatə edən dəmir yolları, son 15 ildə salınmış 15 min kilometrdən çox avtomobil yolları, Xəzər hövzəsində 200–dən çox gəmisi olan ən böyük ticarət donanması. Yəni, bütün bunlar böyük vəsait tələb edən layihələrdir və onlar həll olunub. Nəhayət, Xəzər dənizinin önəmli, yeni ticarət limanının bu il istifadəyə verilməsi bu işləri tamamlayıb. Bu gün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyəti daha da genişlənib. Keçən illə müqayisədə bu il bu dəhliz vasitəsilə 100 dəfədən çox həcmdə yük daşınıbdır. Bu, hələ başlanğıcdır. Bu gün bu önəmli iki istiqamətə digər istiqamətlərdən qoşulma halları müşahidə olunur. Biz bu gün artıq Cənub-Qərb nəqliyyat dəhlizini təmin edirik və Şərq-Qərb nəqliyyat dəhlizi də Azərbaycan ərazisindən keçir. Bütün bu nəqliyyat, infrastruktur layihələrində iştirak edən yeganə ölkə Azərbaycandır. Bu nəqliyyat bağlılığı, eyni zamanda, mehriban qonşuluğa da gözəl şərait yaradır. Heç bir ölkə, əgər qonşularla yaxşı münasibətləri yoxdursa, heç vaxt etibarlı tranzit məntəqəsinə çevrilə bilməz. Ona görə, bizim enerji, nəqliyyat, infrastruktur layihələrimiz ölkələr arasındakı əməkdaşlığı stimullaşdırır. Ölkələr arasındakı əməkdaşlığı dərinləşdirmək üçün xüsusilə qonşu ölkələrlə, ənənəvi dost ölkələrlə münasibətlərdə mütləq humanitar sahəyə böyük önəm verilməlidir. Bu olmasa, bütün başqa sahələrdə də problemlər yaşana bilər. Ona görə, mən bir daha qeyd etmək istəyirəm ki, biz humanitar əməkdaşlığa çox böyük diqqət göstəririk, bir çox təşəbbüslər irəli sürmüşük. Onlardan biri Bakı Beynəlxalq Humanitar Forumudur ki, bu gün öz işinə başlayır. Əminəm ki, aparılacaq diskussiyalar, müzakirələr bizim ümumi işimizə gözəl töhfə verəcəkdir. Forumun iştirakçılarını bir daha salamlayır və Foruma uğurlar arzulayıram. Sağ olun. AZƏRTAC
26/10/2018 09:23
Təhsil naziri Ceyhun Bayramov Monteneqronun təhsil naziri Damir Sehoviç ilə görüşüb
Oktyabrın 25-də təhsil naziri Ceyhun Bayramov VI Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmək məqsədi ilə Bakıda səfərdə olan Monteneqronun təhsil naziri Damir Sehoviç ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Monteneqro arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, hər iki ölkədə aparılan təhsil islahatları haqqında məlumat mübadiləsi edilib.
25/10/2018 17:48
“Sağlam təhsil” məktəbəhazırlıq qruplarına mediatur
Oktyabrın 25-də Bakı şəhəri 26 nömrəli tam orta məktəbdə bu il ilk dəfə təşkil edilən “Sağlam təhsil” məktəbəhazırlıq qruplarına mediatur keçirilib. Media nümayəndələrinə məlumat verilib ki, cari tədris ilində 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu yaradılıb. Bildirilib ki, layihənin məktəbəhazırlıq qruplarında tətbiqində əsas məqsəd beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların fiziki inkişafı, təlim və təhsili prosesinin təşkilidir. Sağlam təhsil elementlərinin məktəbəhazırlıq dövründən başlayaraq tətbiqi uşaqlarda məktəbə müsbət emosional münasibətin möhkəmləndirilməsi və inkişafına kömək göstərəcək, məktəb təliminə hazırlıqla bağlı psixoloji dayanıqlığı artıracaq. Daha sonra media nümayəndələri tədris prosesi ilə tanış olublar. Qeyd olunub ki, “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində ümumilikdə 39 məktəbdə 182 “Sağlam təhsil” sinfi təşkil edilib. “Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir. “Sağlam təhsil” siniflərində aparılan tibbi monitorinq bu siniflərdə tətbiq edilən texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni zamanda belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib. Qeyd edək ki, “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinə 2014-2015-ci dərs ilindən başlanılıb. Layihənin əsas məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. İndiyədək layihə 3500-ə qədər məktəblini əhatə edib.
25/10/2018 17:07
Prezident İlham Əliyev Bakıda VI Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində iştirak edib
Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən çox nümayəndə qatılıb. Dövlətimizin başçısı Forumun açılışında nitq söylədi. Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxudu. O, çıxışında Forumun ildən-ilə inkişaf etdiyini, Bakının humanitar dialoq mərkəzinə çevrildiyini bildirdi. Daha sonra BMT baş katibinin müavini Rəşid Xalikov, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO-nun baş direktorunun müavini Qu Ksinq və Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron çıxış etdilər. 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. VI Bakı Beynəlxalq Humanitar Forumu gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılmasını diqqətdə saxlayacaq. Dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verəcək və bəşəriyyətin inkişafına ənənəvi yanaşmalarda dəyişikliklərin yaranmasına vəsilə olacaq. Açılış çıxışlarından sonra Forum işini plenar və işçi sessiyalarla davam etdirəcək. www.president.az
25/10/2018 16:21
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı