• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tələbə-könüllülərdən müəllimlərin XV qurultayına dəstək

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 70-ə yaxın könüllüsü Azərbaycan müəllimlərinin XV qurultayının işinə dəstək verib. Tələbə-könüllülər qonaqların qarşılanması, məlumatlandırılması, yerləşdirilməsi, qeydiyyatın aparılması, təltifetmə mərasimi, həmçinin panel müzakirələri zamanı olan işlərin təşkilinə yardım ediblər. Qurultayda ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən 200-dən artıq nümayəndə iştirak edib. Təhsil naziri Ceyhun Bayramov tədbirin təşkilindəki uğurlu fəaliyyətlərinə görə tələbə-könüllülərə təşəkkür edərək, onların əməyini yüksək qiymətləndirdiyini vurğulayıb.

Çətin peşəyə ASAN yiyələnmə...

Peşə təhsili artıq ən modern metodlarla aparılır   Dövrün ən mühüm sosial problemlərindən biri işsizlikdir. Beynəlxalq Əmək Təşkilatı tərəfindən yayılan son hesabatda qeyd edilmişdi ki, 2017-ci ildə qlobal səviyyədə işsizlərin sayı 2016-cı illə müqayisədə 3,4 milyon artaraq 201 milyona çatıb. Azərbaycanda isə 2003-2017-ci illərdə 1,4 milyonu daimi olmaqla 1,9 milyon yeni iş yerinin açılması məşğulluq imkanlarının artmasına, əmək bazarında sabitliyə, işsizliyin və yoxsulluğun 5,04 faiz səviyyəsinə enməsinə səbəb olub. Ümumiyyətlə, ölkəmizdə əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bunlardan biri də "ASAN peşə” layihəsidir.   Arzuların gerçəkləşməsi artıq çətin deyil   Müasir peşə təhsili mərkəzlərinin yaradılması, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təhsilin məzmununun yenilənməsi və keyfiyyətinin yüksəldilməsi sayəsində vətəndaşların bu sahəyə marağı get-gedə artır. Dövlət peşə təhsili müəssisələrinə qəbulun "ASAN peşə” layihəsi çərçivəsində aparılması isə bir yenilik kimi bu işə öz töhfəsini verib. 2016/2017-ci tədris ilindən reallaşdırılan layihənin əsas məqsədi peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşların rahatlığının, şəffaflığın və obyektivliyin təmin edilməsi, subyektiv amillərin qarşısının alınmasıdır. Məhz buna görə də "ASAN peşə” layihəsi cəmiyyət tərəfindən çox müsbət qarşılanıb. Peşə təhsili müəssisələrinə daxil olmaq istəyən şəxslər elektron vasitələrlə sənədlərini təqdim edib, istədiyi ixtisası seçirlər və beləliklə, vaxt itkisi yaşanmır. Nəticələr göstərir ki, bu layihə peşə təhsili sahəsində atılan mühüm addımlardan biridir. Belə ki, 2016/2017-ci tədris ili ilə müqayisədə cari tədris ilində müraciət edənlərin sayı 3 dəfəyədək artıb. Təhsil Nazirliyinin "ASAN xidmət”lə birgə həyata keçirdiyi "ASAN peşə” layihəsi bu il də uğurla davam etdirilib. Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili mövzu ilə bağlı qəzetimizə açıqlamasında layihənin əhəmiyyətindən və müsbət nəticələrindən bəhs edib.   Layihənin əhatə dairəsi genişləndirilir   Amil Əlili bildirib ki, peşə təhsili əmək bazarı ilə ən sıx münasibətdə olan təhsil növü kimi ölkənin sosial-iqtisadi inkişafına töhfə verən aparıcı sahələrdəndir. Bu gün peşə təhsilinin inkişafı ölkə rəhbərliyinin xüsusi diqqətindədir və bu sahədə mühüm tədbirlər həyata keçirilir. Müvafiq tədbirlər sayəsində peşə təhsili ilə bağlı vəziyyət ildən-ilə yaxşılığa doğru dəyişir. Şöbə müdirinin sözlərinə görə, ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində 300 peşə üzrə 100 mindən artıq şagirdin təhsil aldığı 185 peşə təhsili müəssisəsi fəaliyyət göstərib. İndi də ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində peşə təhsili ölkəmizdə prioritet sahələrdən biridir. Ölkəmizdə aparılan təhsil islahatlarının tərkib hissəsi olan peşə təhsilinin inkişaf etdirilməsi üçün dövlət səviyyəsində ardıcıl və məqsədyönlü işlər aparılır, mühüm qərarlar qəbul edilir. "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası, "Peşə təhsili haqqında” qanunun qəbulu bu sahənin inkişafı istiqamətində həyata keçiriləcək tədbirlərin səmərəliliyinin artırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Amil Əlili deyir ki, cari tədris ilində Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə dövlət peşə təhsili müəssisələrinə qəbul dövlət və ödənişli əsaslarla "ASAN xidmət” mərkəzləri tərəfindən həyata keçirilib. Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə isə yalnız dövlət hesabına qəbul müvafiq "ASAN xidmət” mərkəzlərində aparılıb: "Layihənin əhatə dairəsinin genişlənməsi ilə əlaqədar olaraq Bakıda fəaliyyət göstərən iki "ASAN Kommunal” mərkəzi, Quba və Mingəçevir "ASAN xidmət” mərkəzləri də vətəndaşlara bu xidməti göstərib. Ərizə qəbulu "ASAN xidmət” mərkəzlərində ödənişsiz formada həyata keçirilir. Bunun üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur. Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlara 10 ixtisas seçmələrinə imkan yaradılır. Qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin (ana dili-tədris dili, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya, informatika, fizika və xarici dil) orta balı nəzərə alınmaqla həyata keçirilir”.   33-ü yeni olmaqla, 168 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul keçirilib   2018/2019-cu tədris ili üzrə "ASAN peşə” layihəsi çərçivəsində 33-ü yeni ixtisas olmaqla, 168 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparıldığını qeyd edən Amil Əlili deyir ki, "ASAN peşə” layihəsinin müsbət nəticələrindən biri də peşə təhsili almaq üçün müraciət edənlər arasında orta attestat balı "4”-dən yuxarı olanların sayının kifayət qədər çoxluğudur. Layihənin 1-ci ili ilə müqayisədə, 2018/2019-cu tədris ilində peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrdən orta attestat balı "4”dən yuxarı olanların sayı 3 dəfə artıb. Cari ildə dövlət başçısının iştirakı ilə açılışı olan Mingəçevir "ASAN Həyat” kompleksinə daxil olan "ASAN Peşə” Təhsil Mərkəzi bu tədris ilindən etibarən fəaliyyətə başladı və mərkəzdə elektrik, elektro-mexanik, santexnik, İT üzrə mütəxəssis və tikişçi istiqamətləri üzrə kadr hazırlığına start verildi.   Bir neçə sənəti pis bilməkdənsə bir sənəti yaxşı bilmək yaxşıdır   "ASAN peşə” layihəsi çərçivəsində ən çox sənəd verilən ixtisaslar aşpaz, dərzi, elektrik qaz qaynaqçısı, İT mütəxəssisi və veb-dizayner, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingərdir. Kompüter operatoru, aşpaz, əməliyyatçı mühasib, bərbər ixtisasları üzrə hətta ödənişli əsaslarla da təhsil almaq istəyənlərin sayı kifayət qədərdir. Valideynlərini itirənlər, valideyn himayəsindən məhrum olanlar, I, II və III qrup əlillər, münaqişə zamanı əlil olanlar və şəhid ailələrinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər ödənişli əsaslarla oxuyursa, birmənalı olaraq onların təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək. "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, peşə təhsilinə cəlb edilmiş həssas əhali qruplarından olan uşaqların sayının peşə təhsili üzrə təhsilalanların ümumi sayında payının 5 faizdən çox olması əsas hədəf indikatorlarından biri kimi müəyyənləşdirilib. Bununla əlaqədar olaraq "Peşə təhsili haqqında” qanunda yaşlıların, xüsusi qayğıya ehtiyacı olan gənclərin və digər həssas əhali qruplarının təhsilə cəlb olunmaları üçün müvafiq təhsil mühiti və şəraitinin yaradılması, onların ixtisaslarına uyğun işlə təmin olunmasına kömək göstərilməsi nəzərdə tutulub. Bunun nəticəsidir ki, ölkəmizdə ilk dəfə olaraq 2017-2018-ci tədris ilində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində sağlamlıq imkanları məhdud olan gənclər üçün "Soyuducu qurğuların maşinisti” ixtisası üzrə qrup açılıb və 9 nəfər inklüziv təhsil alıb. Bundan başqa, peşə təhsili müəssisələrinə qəbul qaydası, cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin və xüsusi peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsi, həmin müəssisələrdə tətbiq edilən dövlət peşə təhsili standartları, peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası, peşə təhsili müəssisəsi, təhsilalan və işəgötürən arasında istehsalat təcrübəsinin iş yerində keçirilməsinə dair üçtərəfli müqavilə və peşə təhsilinin inkişafı fondunun nizamnaməsinin layihələri hazırlanır.   Artıq konkret nəticələr əldə olunub   Bu il də sənəd qəbulu prosesində şəffaflıq və vətəndaşlar üçün rahat müraciət etmək imkanının yaradıldığını xüsusi vurğulayan Amil Əlilinin fikrincə, layihənin keçirilməsində əsas məqsəd dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etmək idi ki, artıq buna nail olunub. Peşə təhsili üzrə "Asan xidmət”in təşkili peşə təhsili müəssisələrinə qəbulun şəffaf şəkildə keçirilməsinə tam təminat verir. Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli qəzetimizə bildirib ki, "Peşə təhsili haqqında” qanunun qəbul edilməsi Prezident İlham Əliyevin ölkəmizdə cəmiyyət quruculuğunun daha da sürətləndirilməsi üçün çox vacib sahələrdən biri olan peşə təhsili istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin uğurla həyata keçirilməsinə hüquqi təminat verir. İsa Həbibbəyli qeyd edib ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və səmərəli fəaliyyəti bu sahədə böyük irəliləyişlərə nail olmağa geniş meydan açıb: "Azərbaycanda Cənubi Koreya ilə birgə Müasir Peşə Təhsili Kompleksinin yaradılması, paytaxt Bakıda və regionlarda yeni peşə təhsili müəssisələrinin açılması artıq konkret nəticələrin əldə olunduğunu göstərir. Bu baxımdan peşə təhsili üzrə "Asan xidmət”in təşkili peşə təhsili müəssisələrinə qəbulun şəffaf şəkildə keçirilməsinə tam təminat verir. Artıq üçüncü ildir ki, "ASAN xidmət” yolu ilə peşə təhsili müəssisələrinə keçirilən qəbul imtahanları Azərbaycan ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır. Fikrimcə, peşə təhsili müəssisələrinə axının artmasında və qəbul zamanı bir sıra ixtisaslar üzrə rəqabət mühitinin yaranmasında Təhsil Nazirliyinin həyata keçirdiyi islahatlarla yanaşı, "ASAN xidmət”in formalaşdırdığı şəffaf mühitin böyük rolu var. Ümumiyyətlə, "ASAN xidmət” yeni dövrün mühüm nailiyyətidir”. İnsan adətən bacardığı işə görə dəyərləndirilir. Xoş günlər yaşamaq üçün ən vacib şərtlərdən biri sevdiyin işi görməkdir. Həyat o qədər qısadır ki, onu sevmədiyin bir işi görməklə boşuna yaşamağa dəyməz. Bacardığın və zövq alacağın bir peşənin qulpundan yapış və gerçək xoşbəxtliyini tap. Bunun üçün hər cür imkan yaradılıb. Bu gün ölkəmizdə peşə təhsil sisteminin infrastrukturunun və maddi-texniki bazasının yenidən qurulması yaxın dövrdə real nəticələr verəcək.   "Azərbaycan” qəzeti    

Müəllimlər arasında müsabiqə keçiriləcək

Təhsil İnstitutu tərəfindən “İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçiriləcək. Dekabrın 15-də keçiriləcək müsabiqənin məqsədi istedadlı şagirdlərlə işləyəcək pedaqoji kollektivi müəyyənləşdirmək, onların müxtəlif layihələrə cəlb olunmaqla pedaqoji və akademik bacarıqlarının inkişafını təmin etməkdir. Müsabiqə beş fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçiriləcək.  Müsabiqənin ümumi mükafat fondu 15000 manatdır. Hər bir fənn üzrə I yerin qalibinə 1500 manat, II yerin qalibinə 1000 manat, III yerin sahibinə isə 500 manat mükafat veriləcək. “Kapital Bank”ın baş sponsorluğu ilə keçiriləcək müsabiqədə iştirak könüllüdür.

Azərbaycan müəllimlərinin 15-ci Qurultayının Qətnaməsi

Əlamətdar haldır ki, Azərbaycan müəllimlərinin 15-ci qurultayı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. Bu dövr, həm də, Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, beynəlxalq reytinqlərdə mövqelərini əhəmiyyətli şəkildə yaxşılaşdırması, təhsil sahəsində davamlı islahatların intensiv xarakter alması, yeni əsrin çağırışlarına cavab verən insan kapitalının formalaşması istiqamətində əhəmiyyətli addımların atılması ilə xarakterizə olunur.   Təbrik məktubunda təhsil sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirərək, qurultay qeyd edir ki, bu, dövlət başçısının təhsilə və təhsil işçilərinə göstərdiyi böyük diqqət və qayğının parlaq təzahürü, təhsil sektorunun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınmasının bariz nümunəsidir. Qurultay hesab edir ki, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun hesabat məruzəsində təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan strateji istiqamətlər üzrə həyata keçirilən islahatlar və qazanılan yüksək nailiyyətlər obyektiv mövqedən işıqlandırılmış, təhsil sistemi qarşısında duran vəzifələr dəqiq müəyyənləşdirilmişdir. Qurultay ötən müddətdə təhsilin inkişafı sahəsində mühüm addımların atıldığını, bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, ümumi təhsil müəssisələrinin pedaqoji və rəhbər kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, dərslik və dərs vəsaitlərinin hazırlanması, infrastrukturun müasirləşdirilməsi, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi, şəffaflıq və obyektivliyin təmin edilməsi baxımından sistemli tədbirlərin həyata keçirilməsi və digər sahələrdə əhəmiyyətli nailiyyətlərin qazanıldığını, təhsil siyasətinin vacib göstəriciləri olan əhatəlilik, keyfiyyət, əlçatanlıq, bərabər imkanlar və səmərəlilik sahəsində müsbət dinamikanın əldə olunduğunu xüsusi vurğulayaraq, nazirin hesabat məruzəsini qənaətbəxş hesab edir. Qurultay Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları, Azərbaycan Respublikası təhsil nazirinin hesabat məruzəsində, məruzə ətrafında çıxışlarda və plenar sessiyalarda irəli sürülən təklifləri nəzərə alaraq, aşağıdakı istiqamətləri əhatə edən qətnaməni qəbul edir: uşaqların erkən yaş dövründən inkişaf etdirilməsinin vacibliyi nəzərə alınaraq, 5 yaşlıların məktəbəhazırlığının təmin olunması sahəsində tədbirlərin davam etdirilməsi, əhatəliliyin 2020-ci ildə 90 faizə, sonrakı mərhələdə isə 100 faizə çatdırılması; istedadlı uşaq və gənclərin aşkara çıxarılması və inkişafı üzrə işin səmərəliliyinin artırılması, fənn olimpiadaları və bilik yarışları sahəsində qazanılan uğurların davamlılığının təmin edilməsi, istedadlı uşaq və gənclərin inkişafı üzrə yeni Proqramın  reallaşdırılmasına nail olunması; bütün təhsil pillələri üzrə səriştə əsaslı məzmunun hazırlanması, xüsusilə müəllim hazırlığı üzrə yeni məzmunun tətbiqi, təcrübə komponentinin əhəmiyyətli şəkildə artırılması; yeni kurikulumlara və İKT əsaslı təlim metodologiyasına uyğun olaraq ümumi təhsil pilləsində dərslik hazırlığının təkmilləşdirilməsi, ehtiyat dərsliklərin, eləcə də elektron resursların və təlim materiallarının hazırlanması sahəsində sistemli işlərin davam etdirilməsi; ölkəmizin beynəlxalq qiymətləndirmə tədqiqatlarında və beynəlxalq reytinqlərdə nəticələrinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi; ümumi təhsildə təmayülləşmənin tətbiqi vəziyyətinin təhlili, təmayül sinifləri üçün yeni proqram və dərsliklərin hazırlanması, peşəkar və səriştəli müəllimlərin cəlb edilməsi, təmayülləşmənin daha erkən yaşlardan tətbiqi, xüsusilə riyaziyyat, informatika, təbiət fənləri, mühəndislik, o cümlədən robototexnika, süni intellekt, nano-texnologiyalar və bu kimi innovativ məzmunun tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi; bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilinin təşkili, bununla əlaqədar yeni məzmun və təlim texnologiyalarının hazırlanması və tətbiqi İKT əsaslı infrastrukturun və elektron idarəetmə sisteminin yaradılması, rəqəmsal bacarıqların inkişafı, elektron tədris resurslarından istifadənin genişləndirilməsi, bu sahədə pedaqoji və inzibati heyətin potensialının gücləndirilməsi;  ümumi təhsil müəssisələrində çalışan müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi yolu ilə əməyinin stimullaşdırılması və müəllim nüfuzunun yüksəldilməsi sahəsində son illərdə qazanılmış təcrübənin davam etdirilməsi; təhsil müəssisələrində tərbiyə işinin sistemli təşkili, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi və bu kimi sistemli tədbirləri özündə ehtiva edən “Milli tərbiyə konsepsiyası”nın hazırlanması; “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan hədəflərə nail olunması istiqamətində əmək bazarının tələblərinə uyğun olaraq biznes subyektləri və işəgötürənlərlə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə proqramların həyata keçirilməsi, qeyri-formal və informal yolla əldə edilmiş səriştələrin qiymətləndirilməsi və tanınması mexanizminin hazırlanması və tətbiqi; ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması  üzrə Dövlət Proqramına uyğun olaraq məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması, ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə xaricdə doktorantura səviyyəsində təhsilin təşkili; keyfiyyətin təminatı sistemi kimi akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən beynəlxalq akkreditasiyadan keçmiş ali təhsil proqramlarının sayının artırılması, ali təhsil sahəsində tədqiqatlar, innovasiyalar və inkişaf tədbirlərinin, habelə tələbə-sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi. Qurultay böyük inam və nikbinliklə bəyan edir ki, müstəqil Azərbaycanın  müəllimləri və bütövlükdə təhsil işçiləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil quruculuğu prosesini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, müasir dövrün çağırışlarına, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına və ölkəmizin inkişaf konsepsiyasına uyğun olaraq növbəti illərdə Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabətqabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.

Azərbaycan müəllimlərinin XV qurultayı başa çatıb

Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib. Qurultay iştirakçıları öncə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Qurultay Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin 14-cü qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz ruhlarını bir dəqiqəlik sükutla yad ediblər. XV qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, təhsil ekspertləri iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin XV qurultayının işinə uğurlar arzulayıb. Hesabat məruzəsi ilə çıxış edən Ceyhun Bayramov əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatlarının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Təhsil naziri vurğulayıb ki, cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb, ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. O cümlədən təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunub,  Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib. Həyata keçirilən islahatlar nəticəsində ölkədə müəllim peşəsinin nüfuzunun daha da artdığını deyən Ceyhun Bayramov ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alındığını diqqətə çatdırıb. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib. Nazir bildirib ki, qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə 2014-cü il ilə müqayisədə 2,3 dəfə artım deməkdir. Ümumi təhsil sistemində çalışan 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binasının tikildiyini və ya əsaslı təmir edildiyini qeyd edən nazir bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşdırıldığını vurğulayıb. Qurultayda çıxış edən Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, Cəbrayıl rayon Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, gənc müəllim Nigar Əliyeva XV qurultayın təhsil sisteminin inkişafına mühüm təsir edəcəyinə əminliklərini bildirib, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, müəllim nüfuzunun daha da artırılması istiqamətində görülən işləri müsbət dəyərləndiriblər. Çıxışlarda vurğulanıb ki, ölkədə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, işə qəbulun şəffaf təşkili bu peşəyə marağı ilbəil artırır. Qurultayda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbir və islahatlar müzakirə olunub, həmçinin təhsil sisteminin qarşısında duran yeni vəzifələr müəyyənləşdirilib. Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif olunmuş 127 nəfər təhsil işçisinə dövlət təltifləri təqdim edilib. Təhsil naziri Ceyhun Bayramov təltif edilən müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qurultay öz işini panel müzakirələrlə davam etdirib. Panel müzakirələr "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması", "Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği", "Ali təhsil: mövcud vəziyyət, perspektivlər", "Təhsildə innovasiyalar" mövzularında aparılıb. Daha sonra qurultayın qətnaməsi qəbul olunub. Qurultay bədii hissə ilə davam edib. Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin (bədii rəhbər SSRİ və Azərbaycanın xalq artisti, BMA-nın rektoru Fərhad Bədəlbəyli, dirijor xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Azər Zeynalov, Mehriban Zəki, əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, İsfar Sarabski, Taleh Yəhyayev, beynəlxalq müsabiqələr laureatları Ceyla Seyidova, Aydan Həsənova, Tofiq Şıxıyev çıxış ediblər. Qurultayda ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə iştirak edib. Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 5-ci qurultayıdır.  

Qurultay çərçivəsində dövlət təltifləri təqdim olunub

Azərbaycan müəllimlərinin XV qurultayı davam edir. Qurultay çərçivəsində ölkə Prezidentinin sərəncamlarına əsasən «Əməkdar müəllim» fəxri adı və «Tərəqqi» medalı ilə təltif olunmuş 127 təhsil işçisinə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib. Təhsil naziri Ceyhun Bayramov təltif edilən müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son 5 ildə təhsil sahəsində ən mühüm nailiyyətin müəllim nüfuzunun artırılması olduğunu deyib. Nazir qeyd edib ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi, yeni əməkhaqqı sisteminin tətbiqi, məktəblərin infrastrukturunun yenilənməsi müəllim peşəsinin nüfuzunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bunun nəticəsində qəbul imtahanlarında yüksək bal toplayaraq müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə ötən illə müqayisədə 53,6 faiz, 2013-cü illə müqayisədə 2,3 dəfə artım deməkdir. Ceyhun Bayramov onu da vurğulayıb ki, son 3 ildə müəllim olmaq istəyənlərin sayı 3 dəfə artıb. Son beş ildə 18136 müəllim işə qəbul olunub. Onlardan kənd məktəblərində fəaliyyətə başlamış 11600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib. Bütün bunlar müəllimlər arasında sağlam rəqabəti, motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub. Sonra müəllimlərə dövlət təltifləri təqdim edilib. Qurultay panel müzakirələrlə işini davam etdirir.

Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarına

Hörmətli qurultay iştirakçıları! Əziz müəllimlər və təhsil işçiləri! Sizi – Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarını səmimi salamlayır, ölkəmizin bütün təhsil işçilərinə ən xoş arzularımı yetirir, hər birinizə çətin və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm. Müəllimlərin bu ali məclisinin Azərbaycan Xalq Cümhuriyyətinin əlamətdar 100 illik yubileyi ilə bir vaxta təsadüf etməsinin rəmzi mənası vardır. Ölkəmizdə anadilli təhsil sistemi və təhsil quruculuğunun təməli məhz Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Xalq Cümhuriyyətinin varisi müstəqil Azərbaycan bu gün dinamik inkişaf tempinə malik dövlətlərdəndir. İqtisadiyyatımızın tərəqqisi ölkəmizdə təhsilin inkişafına da öz müsbət təsirini göstərmişdir. Sosial siyasətimizin əsas prioritetlərindən biri ölkəmizdə zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun milli təhsil sisteminin qurulmasıdır. “Bilik iqtisadiyyatı”na keçid və ölkənin modernləşməsi üçün həlledici amil kimi insan kapitalının inkişafını təmin edəcək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından beş il keçir. Bu müddətdə ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atılmış və Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənmişdir. Ümumi təhsildə yeni proqramların tətbiqi başa çatdırılmış, tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənmiş, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə başa çatmış və bu günlərdə yeni “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunmuşdur. Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlmiş, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Qazanılan uğurlar dövlətin təhsil sahəsinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda, Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir. Ali məclisinizin təhsil sahəsində ötən dövr ərzindəki fəaliyyəti lazımınca dəyərləndirərək gələcək strateji hədəfləri düzgün müəyyənləşdirəcəyinə və ölkənin intellektual potensialını təhsilin inkişafı məqsədi ətrafında səfərbər edəcəyinə əminəm. İnanıram ki, müəllimlərimiz bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcək, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ölkədə müasir təhsil sisteminin qurulması və insan kapitalının formalaşmasına töhfələr verəcək, gənc nəsli vətənpərvərlik, milli-mədəni irsə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda yetişdirəcək, yüksək peşəkarlığa və səriştəliliyə malik, rəqabətə davamlı mütəxəssislər hazırlanması üçün əzmlə çalışacaqlar. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 27 noyabr 2018-ci il.   AZƏRTAC

Azərbaycan müəllimlərinin XV qurultayı davam edir

Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir. Qurultayda çıxış edən Baş nazirin müavini Əli Əhmədov son illər təhsil sahəsində ciddi islahatların həyata keçirildiyini və qarşıda mühüm vəzifələrin dayandığını qeyd edib. Əli Əhmədov bildirib ki, insanın formalaşmasında valideynlərlə yanaşı, müəllimlərin böyük rolu var. Azərbaycan müəllimləri bu işi şərəflə görürlər. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə müəllimlərə, məktəblərə yüksək qiymət verilməsi, təhsilin inkişafı dövlətin əsas prioritet məsələlərindən biridir. Daha sonra çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən beş il ərzində təhsil sahəsində böyük işlər görülüb. Bahar Muradova bildirib ki, Azərbaycanda təhsil sahəsinə qoyulan sərmayə insan kapitalının formalaşmasına, gələcəyimizin yüksək inkişafına və yeni kadrların yetişdirilməsinə investisiyadır. Bu investisiya artıq özünü doğrultmaqdadır. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, Azərbaycan elm və təhsil ölkəsi kimi tanınır. Muxtar Respublikada  2018-ci ildə 7 tam orta məktəb binasının istifadəyə verildiyini deyən Rəhman Məmmədov 4 məktəbin tikintisinin davam etdirildiyini bildirib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev vurğulayıb ki, hər bir ölkənin gələcəyi təhsil sisteminin uğuru ilə ölçülür. Azərbaycan təhsilinin inkişaf göstəriciləri bu sahədə geniş islahatlar aparıldığını əyani sübut  edir. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə diqqətə çatdırıb ki, rəqabət qabiliyyətli mütəxəssis hazırlığı dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Məleykə Abbaszadə DİM-in keçirdiyi imtahanlarda müəllimlərin yaxından iştirak etdiyini, 1101 nəfərin əməyinin qiymətləndirildiyini qeyd edib. Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, gənc müəllim Nigar Əliyeva təhsil sahəsində qazanılan uğurlar, müəllim nüfuzunun artırılması, regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə atılan addımlardan danışıblar. Qurultay öz işini panel müzakirələrlə davam etdirir. Panel müzakirəlrə "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması", "Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği", "Ali təhsil: mövcud vəziyyət, perspektivlər", "Təhsildə innovasiyalar" mövzularında aparılacaq. Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 5-ci qurultayıdır.

Azərbaycan müəllimlərinin XV qurultayı başlayıb

Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir. Qurultay iştirakçıları öncə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Qurultay Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin 14-cü qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz ruhlarını bir dəqiqəlik sükutla yad ediblər. XV qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, təhsil ekspertləri iştirak edirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin XV qurultayının işinə uğurlar arzulayıb. Təhsil naziri hesabat məruzəsi ilə çıxış edib. Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə qatılıb. Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 5-ci qurultayıdır.  

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı