SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib
Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib. Qurultay iştirakçıları öncə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Qurultay Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlayıb. Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin 14-cü qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz ruhlarını bir dəqiqəlik sükutla yad ediblər. XV qurultayda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, millət vəkilləri, media qurumlarının rəhbərləri, təhsil ekspertləri iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub. Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin XV qurultayının işinə uğurlar arzulayıb. Hesabat məruzəsi ilə çıxış edən Ceyhun Bayramov əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatlarının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunub, bir sıra əsaslı nailiyyətlər əldə edilib. Təhsil naziri vurğulayıb ki, cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb, ölkəmizin mövqeyi 12 indikatordan 9-u üzrə yaxşılaşıb. O cümlədən təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunub, Azərbaycanın göstəriciləri dünyanın bir sıra inkişaf etmiş ölkələrinin göstəricilərindən də yüksək olub. Belə ki, təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçilər tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəlib. Həyata keçirilən islahatlar nəticəsində ölkədə müəllim peşəsinin nüfuzunun daha da artdığını deyən Ceyhun Bayramov ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alındığını diqqətə çatdırıb. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub, kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib. Nazir bildirib ki, qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə 2014-cü il ilə müqayisədə 2,3 dəfə artım deməkdir. Ümumi təhsil sistemində çalışan 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illər ərzində isə 3500-dək məktəb binasının tikildiyini və ya əsaslı təmir edildiyini qeyd edən nazir bunun nəticəsində 1 milyondan çox şagirdin təlim şəraitinin əhəmiyyətli şəkildə yaxşılaşdırıldığını vurğulayıb. Qurultayda çıxış edən Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Azərbaycan Milli Elmlər Akademiyasını prezidenti Akif Əlizadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, Cəbrayıl rayon Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, gənc müəllim Nigar Əliyeva XV qurultayın təhsil sisteminin inkişafına mühüm təsir edəcəyinə əminliklərini bildirib, Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, müəllim nüfuzunun daha da artırılması ilə bağlı təkliflərini irəli sürüblər. Çıxışlarda vurğulanıb ki, ölkədə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, işə qəbulun şəffaf təşkili bu peşəyə marağı ilbəil artırır. Qurultayda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbirlər və islahatlar müzakirə olunub, həmçinin təhsil sisteminin qarşısında duran yeni vəzifələr müəyyənləşdirilib. Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif olunmuş 100-dən artıq təhsil işçisinə dövlət təltifləri təqdim edilib. Təhsil naziri Ceyhun Bayramov təltif edilən müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qurultay öz işini panel müzakirələrlə davam etdirib. Sonda qurultayın qətnaməsi qəbul olunub. Qurultayda ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə iştirak edib. Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 5-ci qurultayıdır.
27/11/2018 18:07
İstedadlı gənc rəssamların mükafatlandırılma mərasimi
Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Fransada nağıllar mövzusuna həsr olunmuş “4-cü Biennale 2018” beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mükafatlandırma mərasimində Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Yohan Şiterer, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin məsləhətçisi Qeyrət Şirəliyev iştirak edib. 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti qonaqları salamlayaraq Mərkəzin fəaliyyəti haqqında məlumat verib. Sonra Yohan Şiterer Mərkəzin fəaliyyəti ilə tanış olub. Mərkəzin bədii kollektivi tədbir iştirakçıları qarşısında çıxış edib. Qeyd edək ki, Fransada nağıllar mövzusunda keçirilmiş “4-cü Biennale 2018” beynəlxalq rəsm müsabiqəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzindən Nərmin Abdullayevanın rəhbərlik etdiyi rəsm dərnəyinin üzvləri 17 işlə iştirak edib. 8 yaşlı gənc rəssam Dəniz Quliyeva qızıl medala, 16 gənc rəssam isə diploma layiq görülüb.
27/11/2018 17:50
Sabah Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək
Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək. Qurultayda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri iştirak edəcək. Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə dəvət edilib. Qurultayda "Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunacaq, ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılacaq. Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi medalı” ilə təltif olunmuş 100-dən artıq təhsil işçisinə dövlət təltifləri təqdim ediləcək. Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib.Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir.
27/11/2018 11:21
Gürcüstanda peşə təhsili üzrə regional təlim
Gürcüstanda “Duala bənzər peşə təhsili və təlimində özəl sektorla əməkdaşlığın qurulması” mövzusunda regional təlim keçirilib. Təlimdə ölkəmizin peşə təhsili müəssisələrinin nümayəndələri iştirak edib. Üç gün davam edən təlimdə peşə təhsilində dövlət-özəl əməkdaşlığı, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin yaradılması, modul strukturlu, səriştə əsaslı kurikulumların hazırlanması, məqsədli peşə inkişafı proqramları, iş yerində öyrənmə barədə iştirakçılara ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb. Təlimdə həmçinin peşə təhsili müəssisələrinin veb-səhifələrinin yaradılmasının, digər ölkələrin peşə təhsili müəssisələri ilə əlaqələrin qurulmasının vacibliyi vurğulanıb, Azərbaycanda peşə təhsili müəssisələrinin bu sahədəki fəaliyyəti yüksək qiymətləndirilib. Təlim iştirakçıları ölkədə peşə təhsili sahəsində görülən işlər, əldə olunan yeniliklər, eləcə də təmsil etdikləri peşə təhsili müəssisələrinin fəaliyyəti barədə təqdimatla çıxış ediblər. Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olunub. Qeyd edək ki, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra olunan “Özəl sektorun inkiaşafı və peşə təhsili və təlimi” proqramı çərçivəsində təşkil olunub.
26/11/2018 15:15
Buxarest Politexnik Universiteti Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlıdır
Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov Rumıniyanın paytaxtı Buxarestdə səfərdə olub. Firudin Qurbanov səfər çərçivəsində Buxarest Politexnik Universiteti ilə tanış olub və bu ali məktəbin rektoru Mihnea Costoiu ilə görüşüb. Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin ikili diplom proqramları, birgə layihələrin və təşəbbüslərin maliyyələşdirilməsi ilə bağlı Avropanın müvafiq strukturlarına müraciət etmək imkanlarının nəzərdən keçirilməsi, qarşılıqlı təqaüdlərin tətbiqi, doktorantura səviyyəsində elmi təcrübələrin keçirilməsinin təşkili, tələbə və müəllimlərin akademik mübadiləsi və əməkdaşlığı ilə bağlı məsələlər üzrə söhbət aparılıb. Buxarest Politexnik Universitetinin rektoru Mihnea Costoiu öz növbəsində ölkəmizin ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Qeyd edək ki, Buxarest Politexnik Universiteti Rumıniyanın ən qədim, böyük və nüfuzlu universitetlərindən biridir. Bu il universitet 200 illiyini qeyd edir. Hazırda təhsil müəssisəsində modelləşdirmə prosesi davam edir. Avropa və beynəlxalq universitetlərlə sıx əməkdaşlıq edən universitet öz missiyasını təhsil, tədqiqat və innovasiyaların birləşdirilməsində görür ki, bu da bilik iqtisadiyyatına əsaslanan cəmiyyətin formalaşmasında əsas şərtlərdən biridir. Universitetin məqsədi Cənubi-Şərqi Avropada aparıcı tədqiqat ali məktəbi olmaqdır. “E-CORDA”nın baza məlumatlarına əsasən, Buxarest Politexnik Universiteti Avropa İttifaqı tərəfindən elmi tədqiqatları maliyyələşdirilən proqramlar üzrə Rumıniyada birinci yerdədir. Universitet elektrotexnika, kompüter və informasiya texnologiyaları, kimya mühəndisliyi, tibbi mühəndislik, robototexnika və digər müasir istiqamətlər üzrə fəaliyyət göstərir. Hazırda universitetdə 30 minə yaxın tələbə təhsil alır. Onlardan 3 mini xarici vətəndaşlardır. Universitetdə tədris ingilis, fransız və alman dillərində aparılır. Ərazisi 50 hektar və 29 yataqxanası olan ali məktəbdə böyük idman kompleksi fəaliyyət göstərir. AZƏRTAC
26/11/2018 12:55
Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək
Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək. Qurultayda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcək. Qurultayda "Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunacaq. Həmçinin ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılacaq. Qeyd edək ki, müəllimlərin qurultayı ənənəvi olaraq 5 ildən bir keçirilir.
24/11/2018 14:07
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başa çatıb
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsi başa çatıb. Bu mərhələdə ümumilikdə 1411 nəfər iştirak edib. İmtahan iştirakçılarına təhsil qanunvericiliyindən 25, əmək qanunvericiliyindən 20, məntiqdən isə 15 test tapşırığı təqdim olunub. Namizədlər arasında Bakı şəhəri 117 nömrəli tam orta məktəbin tarix müəllimi Samir Əzimov 49 bal toplayaraq ən yüksək nəticəni əldə edib. Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.
24/11/2018 13:59
2019-2020-ci tədris ili üzrə Macarıstanda ali təhsil üçün təqaüd proqramı
2019-2020-ci tədris ili üzrə Macarıstanda ali təhsil üçün təqaüd proqramı elan edilir. Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Təqaüd proqramına sənəd qəbulu 15.01.2019-cu il tarixinədək aparılacaq. Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif olunur. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır. Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin ilkin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən aparıldıqdan sonra namizədlərin siyahısı yekun qərar verilməsi məqsədi ilə Macarıstan tərəfinə təqdim edilir. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz. 2019/2020-ci tədris ili üçün Macarıstanda təqaüd proqramı üzrə suallar və cavablar
23/11/2018 17:54
Avropalı ekspertlər Tvinninq layihəsi çərçivəsində Azərbaycana səfər edib
Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib. Tvinninq layihəsinin “Seçilmiş milli təhsil proqramlarının kompetensiyalara əsaslanan yanaşmanı özündə əks etdirməsi məqsədi ilə yenidən hazırlanması” adlı birinci komponenti çərçivəsində ekspertlər qrupu Azərbaycanda səfərdədir. Ekspert qrupuna Fransanın Strasburq Universitetinin kimya fakültəsinin dekanı Jan-Mark Planeks və litvalı ekspert, Avropada Xarici Sərhədlərin Müdafiəsi və Sahil Mühafizəsi üzrə Agentliyin Keyfiyyətin Təminatı üzrə Komitəsinin keyfiyyət məsələləri üzrə mütəxəssisi İnqa Yuknite-Petrekiene daxildir. Səfərin məqsədi layihə çərçivəsində prioritet ixtisaslar üzrə (kimya mühəndisliyi, kimya müəllimliyi, fizika, fizika müəllimliyi) ali təhsil proqramlarının təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələrin verilməsindən ibarətdir. Səfər çərçivəsində layihənin ekspertləri tərəfindən prioritet ixtisaslar üzrə təhsil proqramları nəzərdən keçirilib, orada əks olunan kompetensiyaların yeni təsdiq edilmiş Milli Kvalifikasiyalar Çərçivəsi diskriptorları ilə uyğunluğu yoxlanılıb. Həmçinin Fransa və Litvada müvafiq ixtisaslar üzrə təhsil proqramlarının kompetensiyaları ilə fərqlər müəyyənləşdirilib, proqramların hazırlanmasına məsul işçi qruplarla görüşlər keçirilib. Ekspertlər qeyd olunan ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrinin təhsil proqramlarının birləşdirilməsini təklif ediblər. Təklif Təhsil Nazirliyinin əməkdaşları ilə müzakirə olunaraq qəbul edilib. Bu yanaşmanın digər ixtisasların təhsil proqramlarına tətbiq edilməsi də planlaşdırılır. Missiyanın sonunda ekspertlər qeyd olunan proqramların kompetensiya əsaslı və tələbəyönümlü yanaşmanı özündə əks etdirməsi ilə bağlı tövsiyələrini verib, Təhsil Nazirliyinin əməkdaşları ilə təhsil proqramlarının yeni strukturunu hazırlayıblar. “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsinin əsas məqsədi ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. İki il ərzində həyata keçiriləcək layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Layihənin icrasına Fransa, Latviya və Litvanın müvafiq qurumları və ekspertləri cəlb olunub.
23/11/2018 15:45
İxtisaslı mütəxəssislər Koreyada təlim keçəcəklər
Noyabrın 23-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzində tədris prosesinə cəlb olunan ixtisaslı mütəxəssislərlə görüş keçirilib. Görüşdə iştirak edən təhsil nazirinin müavini İdris İsayev son illər peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə iştirakçılara məlumat verib. Nazir müavini bildirib ki, Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə yeni Peşə Təhsil Mərkəzinin yaradılması layihəsi peşə təhsilinin inkişafında mühüm rol oynayacaq. Qeyd olunub ki, hazırda tikintisi davam etdirilən mərkəzin 2019-2020-ci tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulur. Ən müasir maddi-texniki baza ilə təchiz olunacaq mərkəzdə layihəyə uyğun olaraq, 8 istiqamət (İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat) üzrə kadrlar hazırlanacaq. Nazir müavini layihə çərçivəsində müsahibə yolu ilə seçilmiş 24 mütəxəssisin üç ay ərzində Koreyada təlim keçəcəyini bildirərək onların gələcəkdə ölkəmizdə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması işinə töhfə verəcəklərinə əminliyini ifadə edib. Daha sonra Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsini icra edən Rəşad Xanlarov Peşə Təhsil Mərkəzinin yaradılması layihəsi barədə təqdimatla çıxış edib. Qeyd edək ki, Koreyada təlim keçəcək mütəxəssislər peşə təhsili sahəsində Koreya təcrübəsini, eləcə də mərkəzdə tədris olunacaq 8 istiqamət üzrə beynəlxalq standartlara uyğun tətbiq olunacaq yeni təhsil proqramını öyrənəcəklər.
23/11/2018 14:24
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı