SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İmişlidə modul tipli məktəb binası quraşdırılır
İmişlidə Muradxanlı kənd ümumi orta məktəbi üçün 54 şagird yerlik modul tipli bina quraşdırılır. Binanın tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilir. Tikinti-quraşdırma işləri Təhsil Nazirliyinin sifarişi ilə aparılır. Artıq binanın bünövrəsi tökülüb və quraşdırma işləri görülür. Yeddi sinif otaqlı bina dayanaqlı su, istilik və elektrik enerjisi ilə təmin olunacaq. Təhsil ocağının gələn ilin ilk aylarında şagirdlərin istifadəsinə verilməsi planlaşdırılır. AZƏRTAC
17/12/2018 13:58
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 ili – infoqrafik məlumat
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən beş il ərzində təhsilin əhatəliliyi, keyfiyyət dəyişikliyi baxımından çoxsaylı tədbirlər həyata keçirilib. Strategiyada nəzərdə tutulmuş hədəflər çərçivəsində təhsilin ayrı-ayrı pillələri üzrə mühüm nailiyyətlər əldə olunub. İlk olaraq məktəbəqədər təhsillə bağlı görülmüş işlərə dair infoqrafik məlumatlar təqdim edilir:
17/12/2018 12:41
“İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçirilib
Dekabrın 15-də Təhsil İnstitutunun təşkilatçılığı ilə “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi keçirilib. Kimya Biologiya təmayüllü Respublika Liseyi və “Zəngi” Liseyində keçirilən müsabiqədə Bakı şəhəri və ölkəmizin bütün bölgələri əhatə olunmaqla 1500-dən çox müəllim iştirak edib. Müsabiqə beş fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçirilib. Müsabiqənin ümumi mükafat fondu 15 000 manatdır. Hər bir fənn üzrə I yerin qalibinə 1500 manat, II yerin qalibinə 1000 manat, III yerin sahibinə isə 500 manat mükafat veriləcək. Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə daha yaxından cəlb edilməsi, həmin şagirdlərlə işləyəcək pedaqoji kollektivin müəyyənləşdirilməsi, müəllimlərin müxtəlif layihələrdə iştirakı təmin olunmaqla pedaqoji və akademik bacarıqlarının inkişafının təmin edilməsidir. Müsabiqə “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilib.
16/12/2018 14:06
SABAH tələbələri qalib olub
Bakı Dövlət Universitetinin “Kompüter elmləri” ixtisası üzrə IV kurs SABAH tələbələri Aytac Mirzəliyeva, Məmmədəli Şahbazov, Cavid Qasımov, Ramazan Süleymanlı “First Step” komandası adı altında “Hult Prize BSU”-nun qalibi olublar. Bakı Dövlət Universitetində 17 komanda arasında baş tutmuş mübarizənin qalibləri regional finalda birbaşa iştirakla yanaşı, 2019-cu ilin sentyabr ayında ABŞ-ın Nyu-York şəhərinin ev sahibliyi edəcəyi “Global Hult Prize” müsabiqəsinin finalına qatılmaq hüququ qazanıblar. Qalib komanda üçün 1 milyon ABŞ dolları dəyərində mükafat təyin olunub. “Hult Prize” müsabiqəsi sabiq ABŞ prezidenti Bill Klinton və "Times” jurnalı tərəfindən dünyanı daha yaxşıya dəyişən beş ən yaxşı ideyadan biri kimi tanınır. “Hult Prize 2019” müsabiqəsinin əsas hədəfi Birləşmiş Millətlər Təşkilatının 7, 8 və 9-cu Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanaraq gənclərin işsizlik probleminin həll olunmasına yardım etməkdir.
15/12/2018 21:19
“Bir” Tələbə-Könüllü Proqramının 3 illiyi münasibətilə tədbir
Dekabrın 14-də Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının yaranmasının 3 illiyi münasibətilə Azərbaycan Dillər Universitetinin tələbə-könüllüləri tərəfindən tədbir keçirilib. Tədbirdə tələbə-könüllülər üçün yaradılan imkanlardan, qazanılan nailiyyətlərdən danışılıb. Qeyd olunub ki, “Bir” Tələbə-Könüllü proqramı Təhsil Nazirliyi tərəfindən 2015-ci il dekabrın 14-də yaradılan uzunmüddətli layihədir. Proqram milli könüllü platforması kimi 20 mindən çox vahid tələbə-könüllü bazasına malikdir. Könüllülərin təmsil olunduğu bölgələrə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran və Masallı daxildir. Proqramda tələbə-könüllülər üçün özünü inkişaf mühiti formalaşdırılıb. Burada tələbə-könüllülər üçün müntəzəm olaraq təlimlər, kurslar, seminarlar, təcrübə və mübadilə proqramları həyata keçirilir. Proqramın fəal könüllüləri uğurlu fəaliyyətləri nəticəsində karyeralarına başlayıb, bir çoxları isə beynəlxalq forumlarda ölkəmizi layiqincə təmsil ediblər. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən “Elektron könüllü portalı” proqram tərəfindən yaradılıb. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabında yerləşdirilir. Proqrama qoşulmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək fəal tələbə-könüllülərdən ola bilərlər. Tədbirdə proqramın və tələbə-könüllülərin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, istedadlı tələbə-könüllülərin iştirakı ilə mahnılar ifa olunub.
15/12/2018 21:13
Birgə Akademik İncəsənət Proqramı üzrə əməkdaşlığın yeni mərhələsi
Təhsil Nazirliyi, Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Rəssamlıq Akademiyası tərəfindən Birgə Akademik İncəsənət Proqramının tətbiqi sahəsində əməkdaşlığın yeni mərhələsinə start verilib. Layihə zamanı dərslər Rəssamlıq Akademiyasında (standart akademik tədris program çərcivəsində) və İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin maddi-texniki bazasında keçirilir. Bu məqsədlə hər iki qurumda xüsusi hazırlıq işləri aparılıb, SABAH proqramı çərçivəsində təhsil alan tələbələrin təhsil prosesini daha yüksək səviyyədə təşkil etmək üçün şərait yaradılıb. Akademiyada SABAH layihəsinin tədris auditoriyaları istifadəyə verilib. Tədris proqramının hazırlanmasında hər iki qurumun mütəxəssisləri iştirak edib. Seçilmiş fənlər üzrə akademiyanın professor-müəllim heyəti tərəfindən müasir tələblərə cavab verən yeni innovativ proqram tərtib edilib. Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində fəaliyyət göstərən mütəxəssisləri də beynəlxalq standartlara cavab verən proqram təqdim ediblər. Əməkdaşlıq çərçivəsində birgə akademik incəsənət proqramının Azərbaycanda tətbiq olunan incəsənət üzrə kurikuluma inteqrasiya edilməsi, Azərbaycanın milli mədəni irsinin dərindən öyrənilməsi nəzərdə tutulur. Həmçinin Rəssamlıq Akademiyasının hazırda təklif olunan akademik tədris sisteminə inteqrasiya olunması, elmi-pedaqoji heyətin müvafiq proqramla tanışlığının təmin edilməsi, tələbələrin sənət sahələri üzrə yüksək bilik və bacarıq səviyyəsinə çatdırılması, peşə və ali məktəb səviyyəsində təlimçi-müəllimlərin hazırlanmasına köməklik göstərilməsi planlaşdırılır. Hazırda bu tədris proqram çərçivəsində 60-a yaxın SABAH tələbəsi təhsilini davam etdirir.
14/12/2018 17:56
Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb
Dekabrın 13-də Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər. Əvvəlcə Olimpiadadan bəhs edən videoçarx nümayiş olunub. Sonra beynəlxalq tədbirin iştirakçılarına ölkəmizdə həyata keçirilən irimiqyaslı tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda 2015-ci ildə ilk Avropa Oyunları, iki il sonra IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, dünya və Avropa çempionatları yüksək səviyyədə təşkil olunub. Həmçinin ölkəmiz beynəlxalq fənn olimpiadalarına da ev sahibliyi edib. Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Olimpiadanın əhəmiyyətini yüksək qiymətləndirib. Nazir deyib ki, Olimpiadada iştirak böyük şərəf olmaqla yanaşı, ciddi məsuliyyət tələb edir. Çünki hər bir iştirakçı öz ölkəsini, təhsil aldığı məktəbi təmsil edir. Belə tədbirlər yeniyetmələrin inkişafında xüsusi rol oynayır. Olimpiadada onlayn olaraq 5 mindən artıq məktəbli iştirak edib. Onların arasından seçilənlər yarışın final mərhələsinə vəsiqə qazanıblar. “Artıq iki ildir Olimpiada beynəlxalq status alıb. Digər ölkələrdən iştirakçıların Olimpiadaya qatılması rəqabəti daha da artırır. Bu, həmçinin məktəblilər arasında daha geniş fikir mübadiləsinin aparılmasına və yeni dostluqlara imkan yaradır”, - A.Rəhimov əlavə edib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkəmizin müxtəlif fənd olimpiadalarına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. Nazir müavini bildirib ki, Azərbaycanda təkcə elmlə bağlı deyil, idman, mədəniyyət və digər sahələr üzrə də mötəbər tədbirlər təşkil olunur. Yeniyetmələrimiz beynəlxalq olimpiadalarda ölkəmizi layiqincə təmsil edir, mükafatçılar sırasında yer alırlar. Nazirliyin nəzdində olimpiadalara hazırlıq mərkəzinin beş ildir fəaliyyət göstərdiyini vurğulayan M.Vəliyeva gələn ilin avqustunda ölkəmizdə informatika Olimpiadasının təşkil olunacağını diqqətə çatdırıb. Sonra Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva “Milli ideya və beynəlxalq təcrübə” adlı təqdimatla çıxış edib. Daha sonra mükafatlandırma mərasimi təşkil olunub. Komanda yarışlarında Rusiya birinci, Özbəkistan ikinci, Tacikistan komandası üçüncü pillədə qərarlaşıblar. Olimpiadanın fərdi qalibləri də mükafatlandırılıb. Onlara medal, diplom və qiymətli hədiyyələr təqdim olunub. Komanda yarışının qaliblərinə isə kubok verilib. İkinci Beynəlxalq Olimpiadaya Azərbaycan, Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistandan olan məktəblilər qatılıblar. “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiada Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub. 14-16 yaşlı yeniyetmələrin iştirak etdikləri Olimpiada riyaziyyat, fizika və kimya fəndləri üzrə keçirilib. Beynəlxalq Olimpiadada cari ilin noyabrında “İstedadların hazırlığı laboratoriyası” VI Respublika Olimpiadasının onlayn turlarının qalibi olan azərbaycanlı iştirakçılar da yarışıblar. Olimpiadanın keçirilməsində məqsəd məktəblilər arasında elmi-tədqiqat fəaliyyətinə marağın aşkar edilməsi, onların inkişafı üçün lazımı rəqabət mühitinin formalaşdırılması, elmi biliklərin təbliği, alim və tədqiqatçıların yeniyetmə və gənclərlə işə cəlb olunması, istedadlı yeniyetmələr arasında beynəlxalq əlaqələrin formalaşdırılması üçün şəraitin yaradılmasından ibarətdir. 2013-cü ildən başlayaraq, hər il respublika səviyyəsində keçirilən Olimpiadaya 2017-ci ildə beynəlxalq status verilib. Həmin il Bakıda 8 ölkənin iştirakı ilə “İstedadların hazırlığı laboratoriyası” I Beynəlxalq Olimpiada keçirilib. İndiyədək bu elmi müsabiqəyə 13 mindən artıq azərbaycanlı yeniyetmə qatılıb. AZƏRTAC
14/12/2018 17:40
Mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək
Dekabrın 22-də dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçiriləcək. Bu mərhələdə əsasən regionlarda fəaliyyət göstərən və indiyə qədər diaqnostik qiymətləndirilməsi keçirilməyən dövlət peşə təhsili müəssisələrinin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları iştirak edəcək. Qiymətləndirmənin nəticələrindən asılı olaraq, mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsi ilə əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. Qeyd edək ki, müxtəlif səbəblərə görə əvvəlki qiymətləndirmələrdə iştirak edə bilməyənlər də diaqnostik qiymətləndirmənin bu mərhələsinə cəlb olunacaq. Bununla da dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin başa çatdırılması planlaşdırılır. Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən peşə təhsili müəssisələri üzrə mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının yoxlanılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.
14/12/2018 16:27
Təhsil naziri Xırdalan şəhərində vətəndaşları qəbul edib
Dekabrın 14-də təhsil naziri Ceyhun Bayramov Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron, Qubadlı, Kəlbəcər, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, işə bərpa olunma, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.
14/12/2018 15:24
Hər şey beynəlxalq olimpiadalar üçün
Və yaxud istedadlı uşaqlarla məşğul olmağın məsuliyyəti Bu həftə ölkə məktəblilərinin uğur dolu sorağı gəldi: biri Gürcüstandan, digəri uzaq Afrikadan, Botsvanadan. Gürcüstanın paytaxtı Tbilisidə məktəblilərin informatika fənni üzrə Beynəlxalq komanda olimpiadası keçirilib və məktəblilərimiz cənub regionu (Azərbaycan, Gürcüstan, Ermənistan) üzrə yarışda iştirak ediblər. 19 komandanın qatıldığı müsabiqədə cənub regionu üzrə 2-ci yerə layiq görülən komandamız Beynəlxalq komanda olimpiadasının üçüncülük diplomu ilə mükafatlandırılıb. Botsvanada isə yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadası (İJSO) keçirilib. Dekabrın 10-da təşkil olunan yarışda Azərbaycanı 6 şagirdimiz təmsil edib və dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi olimpiadada bilik və bacarıqlarını nümayiş etdirən şagirdlərimiz 5 bürünc medal qazanıblar. Ölkə məktəblilərinin ayın ilk ongünlüyündə iki mötəbər yarışdan uğurla qayıtmasına aparan yol hardan başlanıb? Əlbəttə ki, şagirdlərimizi beynəlxalq yarışlara hazırlayan olimpiadalara hazırlıq mərkəzlərindən. Təhsil nazirinin əmrinə əsasən, artıq 4 ildir ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, Kimya-biologiya təmayüllü respublika liseyində, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü liseydə hazırlıq mərkəzləri fəaliyyət göstərir. Fizika, riyaziyyat və informatika təmayüllü liseydəyik. İlk baxışdan sakitlik olsa da, bütün otaqlarda şagirdlər var. Belə məlum olur ki, sadəcə gündəlik məşğələlər deyil, bu gün həm də sınaq imtahanları keçirilir... Beynəlxalq olimpiadalara seçim Mərkəzdə beynəlxalq olimpiadalara hazırlıq yalnız dəqiq fənlər üzrə aparılır. Olimpiadaçılar il ərzində 15-dən artıq beynəlxalq yarışa qatılırlar. Şagirdlərin olimpiadalara hazırlıq prosesi onların seçimi, dərslərin keçirilməsi və beynəlxalq olimpiada seçmə imtahanının təşkili, müəllimlərin yetişdirilməsi, vəsaitlərin çap olunması da daxil olmaqla 4 mərhələdən ibarətdir. İlk mərhələ - şagirdlərin seçimi ölkə əhəmiyyətli yarışlarda aparılır. Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası, Respublika Fənn Olimpiadası, Məktəblilərarası respublika fənn müsabiqələrinin qalibləri beynəlxalq yarışlara hazırlıq mərkəzinə dəvət edilirlər. Xatırladaq ki, fənn olimpiadalarında 30 min, fənn müsabiqələrində isə 15 mindən artıq şagird iştirak edir və 45 min nəfərlik bu kontingentin içərisindən beynəlxalq müsabiqələrin iştirakçısı olacaq 25 nəfər müəyyənləşdirilir. Şagirdlərin seçilməsi aşağı və yuxarı yaş qrupları üzrə aparılır. Aşağı yaş qrupunda VI-VII sinif şagirdləri əhatə olunub. Riyaziyyat üzrə VI, fizika, kimya, biologiya və informatika fənlərindən isə VII siniflərdən şagirdlər seçilir. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri ilə çalışan şəxs, Azərbaycan Respublikası Təhsil İnstitutu İstedadlı uşaqlarla iş şöbəsinin mütəxəssisi Qorxmaz Mustafayev səbəbi belə izah edir: “Şagirdlər fizika fənninin tədrisinə VI sinifdən başlayırlar. VI sinifdə bir çox mövzu keçilmədiyindən uşaqların fizika ilə bağlı biliklərini VII sinifdə müəyyənləşdirə bilirik. Amma riyaziyyat aşağı siniflərdən keçildiyindən VI sinifdən bu fənn üzrə şagirdlərin biliyini ölçmək mümkün olur”. Hazırlıq mərkəzlərinə aşağı və yuxarı yaş qrupu əsasında bölgü aparılsa da, beynəlxalq olimpiadalarda yaş bir çox hallarda önəm daşımır: “Bir də görürsən, IX sinif şagirdi XI sinif şagirdindən daha yaxşı nəticə göstərir. Yaş sadəcə, seçim prosesi üçün önəmli sayılır”. “Bizim vaxtımızda bu imkanları yaradan yox idi” Həmin yaş qrupunda olimpiadalara hazırlıq mərkəzinə dəvət edilən şagirdlərdən birinin atası Yusif Babayev qızı Selcanın olimpiadalara hazırlıq mərkəzinə dəvət edilməsindən qürurla danışır. Sadəcə, orta məktəb təhsili ilə iki dəfə Respublika fənn olimpiadalarında uğur qazanan Selcan artıq beynəlxalq yarışlara hazırlaşdırılır. Hazırda VIII sinif şagirdi olan qızından bu dərs ilində daha böyük uğurlar gözləyən atası onu həftədə iki dəfə - hər çərşənbə və şənbə günləri - yaşadıqları Sahil qəsəbəsindən Bakıya - Fizika, riyaziyyat və informatika təmayüllü liseyə gətirir. Selcan Sahil qəsəbəsindəki 253 nömrəli tam orta məktəbin şagirdidir. VI sinifdə oxuyanda Respublika fənn olimpiadasında III, VII sinifdə isə II yeri tutub. Yusif Babayev deyir ki, Selcanın təhsil aldığı məktəbdən çox razıdır: “Təkcə qızımın oxuduğu məktəb deyil, bütün məktəblərdə şagirdlərin daha yaxşı təhsil alması üçün şərait yaradılıb. Oğlum Atilla Babazadə Sahil qəsəbəsindəki 294 nömrəli məktəbdə təhsil alır. O da əlaçıdır. Onun da təhsil aldığı məktəbdə keyfiyyətli təhsil verilir. V sinif şagirdidir və artıq uğurları var. Qızım fizika üzrə fərqlənib, oğlum da riyaziyyat üzrə uğur qazanır. Mən də məktəbdə yaxşı riyaziyyatçı olmuşam. Amma bizim vaxtımızda bu imkanları yaradan yox idi. Qızım olimpiadada uğur qazandı, onu hazırlıq mərkəzinə çağırdılar. Pulsuz dünya olimpiadalarına hazırlayırlar. Bəlkə də belə imkan yaradılsaydı, mənim də vaxtında uğurlarım ola bilərdi. İndi uşaqlarım qiymətləndirildiyi kimi, məni qiymətləndirən olmadı”. Sərməs Əhmədov isə nəvəsi Səid Qasımovu gözləyir. 6 nömrəli məktəbin 8-ci sinif şagirdi olan Səid ingilis dilində təhsil alır. Həm VII, həm də VIII siniflərdə kimya üzrə respublika fənn olimpiadalarına qatılıb və hər ikisində qalib olub. “Burada fənləri daha dərindən öyrənirik” Bakıdakı hazırlıq mərkəzlərinə rayonlardan da şagirdlər qəbul olunur. Artıq olimpiadalara hazırlıq mərkəzlərində Bakı və ətraf qəsəbələrlə yanaşı, ölkənin ayrı-ayrı rayonlarından da istedadlı uşaqlar cəlb edilib. Bakı və ətraf rayonların məktəblərindən seçilənlər hazırlıq mərkəzlərinə həftə ərzində bir neçə dəfə gəlir. Rayondan hazırlıq mərkəzlərinə gələnlərə liseylərin yataqxanasında qalmaq üçün şərait yaradılsa da, ancaq məktəbini dəyişmək istəməyənlər, Qubadan, Mingəçevirdən həftəsonu dərslərdə iştirak etmək üçün Bakıya gəlib-qayıdanlar da var. Onlardan biri, Respublika fənn olimpiadalarının gümüş medalçısı Gültac Seyidova 9-cu sinifdə oxuyur. Mingəçevir şəhər Texniki-humanitar liseyin şagirdidir. Ötən ilin sentyabrından olimpiadalara hazırlıq mərkəzində hazırlaşır. Atası tətillərdə və hər həftəsonu onu Mingəçevirdən Bakıya gətirir, Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən olimpiadalara hazırlıq mərkəzinin məşğələlərində iştirakına şərait yaradır. Ata-bala hələlik bu çətinliyin öhdəsindən gəlirlər: “Keçən ilin sentyabrında dərs başlamadan 5 günlük kampda iştirak etdim. Çox maraqlı oldu və kampdan sonra məşğələlərə başladım”. Gültacın təhsil aldığı lisey rayonda ən yaxşı göstəriciləri olan məktəbdir: “Bu il rayon üzrə ən çox medalı liseyimizin şagirdləri qazandı. Ən yüksək nəticə də bizim məktəbdən idi. Ancaq olimpiadalara hazırlıq mərkəzinin üstünlükləri daha çoxdur. Burada fənləri daha dərindən öyrənirik. Çoxlu çalışmalar işləyir, yeni dərslər keçirik”. Universitet və özəl şirkətlərdən olimpiadaçılara dəstək Amma istedadlı uşaqların çox olması onların hər birinin beynəlxalq yarışlara qatıla biləcəyi demək deyil. Qorxmaz Mustafayevin sözlərinə görə, beynəlxalq olimpiadalara gedəcək şagirdləri imtahanla məhz istedadlı uşaqların arasından seçirlər: “Beynəlxalq fənn olimpiadalarının seçmə mərhələsinə respublika fənn müsabiqələrinin və olimpiadalarının qalibləri və olimpiadalara hazırlıq mərkəzinin şagirdləri qatılırlar. İstənilən beynəlxalq olimpiadadan öncə 2 mərhələdə seçmə imtahanı keçirilir”. Bəzi olimpiadalara, o cümlədən məktəblilərimizin bu günlərdə uğur qazandığı Botsvanada keçirilən yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadası üçün laboratoriya hazırlığı tələb olunur. Laboratoriya hazırlığını təşkil etmək üçün isə Bakı Mühəndislik Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı ilə əməkdaşlıq edilir. Bu prosesə hətta özəl şirkətlər də cəlb olunub. Belə ki, qurulan əməkdaşlıq sayəsində “Azərcell” şirkəti Beynəlxalq İnformatika Olimpiadasının hazırlıq prosesinə dəstək verir. Qorxmaz Mustafayev deyir ki, əsas məqsəd beynəlxalq olimpiadalarda Azərbaycan şagirdlərinin nailiyyətlərini yüksəltməkdir. Bu məqsədə nail olmaq üçün isə Təhsil Nazirliyi bütün imkanlarını səfərbər edib. “Cəhdləri davam etdirəndə nəticə mütləq olur” Bəs, hər biri beynəlxalq olimpiada iştirakçısı ola biləcək istedadlı uşaqlara kim dərs deyir? Beynəlxalq olimpiadalara hazırlığın başladığı ilk gündən burada çalışan Əməkdar müəllim Şəmsi Səfərov Fizika, riyaziyyat, informatika təmayüllü liseyin riyaziyyat müəllimidir. Olimpiadalara hazırlıq mərkəzində elə ilk gündən çalışır və hesab edir ki, son 2-3 il ərzində, konkret olaraq, riyaziyyat üzrə hazırlıq sahəsində kifayət qədər yüksək nəticələr var. Şəmsi müəllim deyir ki, olimpiada sinfi ilə məşğul olmaq vaxt tələb edən işdir. Burada müntəzəm işləmək lazımdır, yoxsa yüksək nəticə əldə etmək heç də asan olmur: “Bu nəticə üçün də bir yol tanıyıram: həvəslə, yorulmadan hazırlaşmaq. Həm müəllim, həm də şagirdlər belə etməlidir. Bir dəfə nəticə əldə etməyəndə ruhdan düşmək lazım deyil. Cəhdləri davam etdirəndə nəticə mütləq olur. Biz bunu neçə ildir öz təcrübəmizdə görürük. İstedadlı siniflə məşğul olmağın məsuliyyəti isə xüsusilə böyükdür”. Şəmsi müəllimin sözlərinə görə, hazırlıq mərkəzlərinə rayon məktəblərindən istedadlı şagirdlərin də qatılması ümumi işin xeyrinədir və bu, öz nəticəsini mütləq verəcək: “Rayondan gələn xeyli uşaq var ki, çalışqan olduqlarından şəhər məktəblərinin şagirdlərini üstələyirlər. Ümumiyyətlə, uğur qazanmaq üçün çalışmaq çox önəmlidir. V sinfi bitirən 20 bacarıqlı uşağı seçib hazırlığını bizə tapşırsalar, biz onları VI sinfin sonunda respublika qalibi edə bilərik. Yəni, şagird qabiliyyətlidirsə və düzgün istiqamətləndirilirsə, nəticə əldə etmək üçün elə də çox zaman tələb olunmur. Hazırlıq mərkəzində elə uşaqlar var ki, onları görəndə adam daha çox öyrənmək və öyrətmək istəyir”. Dərsin effektivliyi, müəllimin peşəkarlığı, şagirdin isə səviyyəsi... Şagirdləri düzgün istiqamətləndirəcək müəllimlər isə hər yerdə var. Qorxmaz Mustafayevin sözlərinə görə, bölgələrdəki məktəblərin şagirdləri fərqləndiyi kimi, müəllimlərdən də artıq diqqəti cəlb edənlər var: “Məsələn, Neftçalanın Xilli kənd məktəbinin müəlliminin şagirdləri hər yarışda yer tutur. Neftçala, Gəncə, Xaçmaz rayonlarından olan 5-dən çox belə müəllim var ki, onlar qrant layihəsi çərçivəsində istedadlı uşaqları hazırlaşdırırlar”. Qeyd edək ki, bu qəbildən olan ən yaxşıları müəyyənləşdirmək üçün daha bir addım atılıb. Dekabrın 15-də istedadlı şagird üçün istedadlı müəllim imtahanı keçiriləcək. Həmin imtahanda yüksək nəticə göstərəcək müəllimlərdən müsahibə əsasında seçilənlər olimpiada hazırlıqlarına cəlb ediləcəklər. Uşaq hazırlaşdırdığı üçün Bakıya gələ bilməyən müəllimlər elə yerlərdəcə fənn müsabiqələrində fərqlənən şagirdlərin hazırlığına cəlb olunacaq və ətraf rayonlarda fərqlənən istedadlı uşaqların hazırlığı da həmin müəllimlərə yönləndiriləcək. Nəzərdə tutulub ki, Bakıda və rayonlarda xüsusi siniflər yaradılsın və istedadlı uşaqların yetişdirilməsində belə müəllimlərin gücündən istifadə edilsin. Artıq bu istiqamətdə işlərə başlanılıb və 15-ə yaxın rayonda belə siniflərin təşkili reallaşıb. Q.Mustafayevin sözlərinə görə, istedadlı uşaqlarla işləmək üçün kadr ehtiyacı sadəcə, orta ümumtəhsil məktəbləri hesabına ödənilmir. Ölkədəki universitetlərin professor və müəllim heyətindən də bu prosesə cəlb edilənlər var. Məsələn, BDU-nun professoru Naqif Nəbiyev fizika üzrə, İqrar Nəzərov kimya üzrə, AMEA Botanika İnstitutunda çalışan Rəşad Səlimov, Xəzər Universitetinin professoru Nazim Kərimov riyaziyyat fənnindən hazırlıq prosesində fəal iştirak edirlər. Hazırlıq prosesinə keçmiş olimpiada qalibləri də cəlb ediliblər. Yerli və beynəlxalq olimpiadaların qalibi və iştirakçısı olan gənclərin enerjisindən, biliyindən bu istiqamətdə geniş istifadə olunur: “Keçmiş olimpiada qalibi, hazırda Kanadanın Alberto Universitetinin tələbəsi Cavid Əhmədov burada uşaqlara dərs keçir. Respublika fənn olimpiadası qalibi, dünya fənn olimpiadasının iştirakçısı Abdullah Bazarov şagirdlərin fizika üzrə hazırlıqlarına cəlb edilib. Bakı Ali Neft Məktəbində axırıncı kursda oxuyan İsmət Ağayev də hazırlıq prosesində uşaqların ən böyük dəstəkçisidir”. “Medal almaq üçün hər cür şərait yaradılıb” Cavid Əhmədov 4 il əvvəl orta təhsilini tamamlayıb. Onu uşaqlarla işdən ayırıb söhbətə tuturuq: “Təcrübəmi onlarla bölüşürəm. Hər həftə şagirdlərlə dərslərimiz olur. Əsasən həftəsonu görüşürəm və kimyadan hazırlıq üzrə əlimdən gələn formada kömək edirəm. Xüsusən, laboratoriyalarda bir yerdə işləyirik. Ali təhsil müəssisələrinin laboratoriyalarında bunun üçün hər cür şərait yaradılıb. Olimpiadaya düşə biləcək sualların bənzərləri əsasında laboratoriyada uşaqlarla birlikdə tapşırıqlar həll edirik”. C.Əhmədov deyir ki, uşaqlar indi çox şanslıdırlar: “Mən 2012-ci ildə qalib olmuşam. Bizim vaxtımızda bu qədər böyük şərait yox idi. Nəinki laboratoriya, bizə kömək edəcək bir adam belə tapmırdıq. Ancaq indi onları xüsusi olaraq olimpiadalara hazırlaşdırır, laboratoriyalarda işləmələri üçün şərait yaradılır, hətta kömək etmələri üçün olimpiada təcrübəsi olanlarla mütəmadi görüşdürürlər. Yəni, məktəblilərin beynəlxalq yarışlardan medal almaları üçün hər cür şərait yaradılıb”. Ancaq aşağı yaş qrupunda səfərbər edilən daxili imkanlar yuxarı yaş qrupunda kifayət etmir. Həmin şagirdlərin hazırlığında daha yüksək nəticələrə nail olmaq üçün mütəmadi olaraq ayrı-ayrı ölkələrdə çalışan tanınmış, olimpiadalara hazırlıq sahəsində təcrübəsi olan müəllimlər dəvət edilir. İndiyədək İrandan, Rusiyadan, Türkiyədən dəvət olunanlar olub. Qorxmaz Mustafayevin sözlərinə görə, uşaqlara riyaziyyatdan hazırlıq keçmək üçün seçilən müəllim beynəlxalq riyaziyyat olimpiadasında sual müəlliflərindəndir: “Riyaziyyat olimpiadasının təşkilat komitəsinin üzvü olan, müsabiqəyə sual göndərən, yaxud tutaq ki, Rusiyada müəyyən fənn üzrə olimpiadanı təşkil edən informatika müəllimini dəvət edirik. Dəvət etdiyimiz müəllim gələ bilməyəndə, ya da laboratoriya hazırlığı məqsədi ilə uşaqlarımızı da xaricə göndəririk”. Uzun sözün qısası, ölkə məktəblilərinin beynəlxalq yarışlarda uğur qazanması üçün şagirdlər də, müəllimlər də xüsusi seçilir. Ancaq bu seçimin doğru olub-olmadığı mütəmadi olaraq yoxlanılır. Başqa sözlə, olimpiada mərkəzlərində təhsilin keyfiyyəti, şagirdlərin proqramı mənimsəmə faizi mütəmadi ölçülür. Məsələn, dərslərin effektivliyini yoxlamaq, müəllimlərin hazırlıq mərkəzinin şagirdlərini nə dərəcədə qane etdiyini araşdırmaq üçün mütəmadi sorğular keçirilir. Hər semestrin sonunda aparılan sorğuda müəllimlər qiymətləndirilir. Şagirdlər “Müəllimlər dərsə hazırlıqlı gəlirmi?”, “Şagirdləri öyrənməyə təşviq edirmi?”, “Verilən materiallar keçilən mövzuya, yaxud olimpiada materialına uyğundurmu?”, kimi suallara cavab verirlər. Bunun əsasında da müəllimlərin öyrətmə prosesində nə qədər uğurlu olduğu müəyyənləşdirilir. “Hazırlıqlı deyil, istedadlı uşaqları aşkara çıxarmağa çalışırıq” Dərsin də, müəllimin də keyfiyyəti həm də sınaq imtahanlarında ortaya çıxır. Mərkəzlərdə hər ay sınaq imtahanları keçirilir. Uşaqların səviyyəsini müəyyənləşdirməyə xidmət edən imtahanlarda 4 fənn üzrə yaxşı nəticə göstərənlər məşğələlərə davam edir. Lütfi Zadə adına məktəblilərarası məntiq yarışlarında fərqlənən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin VIII sinif şagirdi Ayan Nəbiyeva da imtahan verir. Bu imtahanın nəticələrindən asılı olaraq olimpiadalara hazırlıq mərkəzində təhsilinə davam edib-etməyəcəyi bəlli olacaq. Ayanın anası Elnarə İsmayılova qızının burada məşğələlərə davam etməsini çox istəyir: “Ötən il qızım burada hazırlaşdı. Ümumiyyətlə, olimpiadalara hazırlıq mərkəzlərində uşaqlarla işin keyfiyyəti məni qane edir. Ancaq Ayan builki imtahanlarda keçə bilmədi. İndi yenidən imtahan verir. Nəticələri yüksək olsa, burada yenidən təhsilini davam etdirmək şansı qazanacaq”. Gülnar Süleymanova da oğlu Sabir Süleymanlının imtahandan çıxmağını gözləyir. Lütfi Zadə adına məktəblilərarası məntiq yarışlarında fərqlənən oğlu artıq iki ildir ki, olimpiadalara hazırlıq mərkəzində hazırlaşır. Vüsalə Mirzəyevanın isə VIII sinifdə oxuyan qızı Tünzalə iki ildir burada riyaziyyat üzrə hazırlıq keçir. Ancaq onların hər birinin bundan sonra yolunu harada davam edəcəyi imtahandan çıxandan sonra bəlli olacaq. Təhsil İnstitutunun mütəxəssisi Qorxmaz Mustafayevin fikrincə, cəmi 2 faiz xüsusi istedadlı olur. Olimpiada hazırlıq mərkəzlərinə gələnlərin də hamısı istedadlı deyil. Burada məşğələlərə cəlb edilənlərin sayı bu səbəbdən tez-tez dəyişir: “Olimpiadaçı olmaq üçün məntiqi düşünməli, analiz qabiliyyəti olmalıdır. Uşaqlarda bu bacarığı üzə çıxartmaq üçün Respublika fənn olimpiadalarında hətta tarix fənni üzrə belə faktoloji biliyə deyil, müqayisəli biliyə əsaslanan suallar qoyulur. Çünki biz hazırlıqlı deyil, istedadlı uşaqları aşkara çıxarmağa çalışırıq. Analiz qabiliyyəti isə hazırlıqla mümkün olmur”. Hazırlıqda ən böyük çətinlik - vəsait çatışmazlığı Məlumdur ki, hər işin öz çətinlikləri olur. Olimpiadalara hazırlıq mərkəzlərində də bəzi çətinliklər müşahidə edilir. Qorxmaz Mustafayevin sözlərinə görə, hazırda ən böyük çətinlikləri vəsait çatışmazlığı ilə bağlıdır: “Azərbaycan dilində vəsait yox dərəcəsindədir. Bu problemi həll etmək üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin verdiyi imkanlardan yararlanmağa çalışırıq. Müəllimlər başqa dillərdə olan dərs vəsaitlərini tərcümə edirlər. Artıq 4 vəsait hazırlanaraq çap olunub. İnformatika, riyaziyyatdan vəsaitlər hazırlanıb. Biologiyadan isə vəsaitin hazırlanması planlaşdırılır”. “Olimpiada elə bir yerdir ki...” Ötən həftə ölkəmizi Tbilisidə keçirilən beynəlxalq komanda yarışında təmsil edən şagirdlərdən biri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Abutalıb Namazov 7-ci sinifdən olimpiadalara hazırlıq mərkəzində məşğələlərə qatılır. Onu fərqləndirən cəhəti isə bilik yarışlarına iki fənn üzrə qatılaraq yüksək nəticələr əldə etməsidir. Belə ki, Abutalıb Respublika fənn olimpiadasında informatika üzrə bir bürünc, iki qızıl, riyaziyyat üzrə isə bir bürünc, bir gümüş medal qazanıb. Beynəlxalq olimpiadaya riyaziyyatdan qatılaraq Junior Balkan Yeniyetmələr Olimpiadasında gümüş medala sahib çıxan Abutalıb riyazi biliklərinin informatikada ona kömək etdiyini deyir: “İnformatikada adama sürət lazım olur. Sürət isə daha çox işlədikcə artır. Sürətlə işləmək riyaziyyatda tez qərarlar verməyə kömək edir. Odur ki, bu iki fənn üzrə bacarıqlarımı inkişaf etdirmək məni nəinki iki yol ayrıcında qoymur, əksinə, hər ikisi üzrə yüksək bacarıqlar formalaşdırmağımda köməyimə gəlir”. Beynəlxalq olimpiadalara qatılmağın isə ayrı üstünlükləri var: “3 ildə özümdə çox böyük fərq hiss edirəm. Təcrübəm artıb, maraqlı ekskursiyalarda iştirak etmişəm, həm istirahət edib, həm də yeniliklərlə tanış olmuşam”. Beynəlxalq olimpiadalarda sualların daha çətin olduğunu da deyən Bakı məktəblisi iddia edir ki, olimpiadada qızıl medal almaq hər çətin sualın öhdəsindən gələ bildiyin anlamını vermir: “Olimpiada elə bir yerdir ki, çətin sualı həll edib yüksək nəticə qazana bilməzsən”. *** Çözdüyün çətin sualların sayı qazandığın medalların sayına mütənasib, zehnin açıq, yolun işıqlı, uğurların bol olsun, Azərbaycan məktəblisi! Dünyanın ən mötəbər yarışlarından gələn xoş sorağını gözləyirik! "Azərbaycan müəllimi" qəzeti
14/12/2018 15:01
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz
Ətraflı#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV
Ətraflı19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb
Ətraflı