• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Media və təhsil dialoqu” mövzusunda növbəti təlim-konfrans keçirilib

Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Media və təhsil dialoqu” mövzusunda növbəti təlim-konfrans keçirilib. Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin humanitar və sosial məsələlər üzrə prorektoru Fikrət Rzayev, tədris işləri üzrə prorektoru Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsil ekspertləri iştirak ediblər. Təlim-konfransdan əvvəl akademik Yusif Məmmədəliyev və akademik Zahid Xəlilov adına auditoriyalarda pedaqoji ixtisaslara yüksək balla qəbul olmuş tələbələrlə görüş keçirilib və dərs prosesi izlənilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin humanitar və sosial məsələlər üzrə prorektoru Fikrət Rzayev konfransı açaraq belə təlimlərin media-ali məktəb əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Fikrət Rzayev qeyd edib ki, 20 min nəfərə yaxın tələbə-müəllim heyətinə malik universitet ölkənin müəllim yetişdirən əsas təhsil ocağıdır. Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov ADPU-da həyata keçirilən yenilikləri diqqətə çatdıraraq deyib ki, bu il universitetə daxil olan tələbələrin 556 nəfəri 500-dən yuxarı bal toplayıb. Bu, müəllimlik peşəsinin nüfuzunun artmasının və ölkədə təhsil sahəsində aparılan islahatların nəticəsidir. Təhsil Nazirliyinin media ilə əlaqələrə xüsusi önəm verdiyini deyən nazirliyin sektor müdiri Cəsarət Valehov isə “Media və təhsil dialoqu” mövzusunda təlim-konfransın artıq altıncı dəfə keçirildiyini diqqətə çatdırıb. Sektor müdiri bildirib ki, tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi,  ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin veb saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır. Daha sonra Qlazqo Universitetinin məzunu və Qərbi Kaspi Universitetinin sosial elmlər kafedrasının müəllimi Samirə Həsənzadənin “Universitet veb saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması”, Təhsil Nazirliyinin sosial media üzrə marketinq meneceri İsfəndiyar Əmrahovun “Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri”, Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətovun “Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik” mövzularında təqdimatları olub. Tədbir təqdimatlar ətrafında müzakirələrlə davam edib. Tədbirdə çıxış edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Yeni müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Ayna.az” saytının rəhbəri Elçin Şıxlı, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz, təhsil eksperti Etibar Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov təhsil-media əlaqələrinin daha da gücləndirilməsi barədə fikirlərini bölüşüblər. Bildiriblər ki, belə təlim-konfranslar Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələrinin açıqlığına daha bir sübutdur. Çıxış edənlər ali məktəblərin piar işinin daha da təkmilləşdirilməsi, növbəti təlim-konfransların kollec və orta məktəblərdə təşkil edilməsinə dair təkliflər irəli sürüblər. Tədbirdə həmçinin yeni məzmun, forma və tərtibatda çap olunan “Azərbaycan məktəbi” jurnalı konfrans iştirakçılarına təqdim edilib.

Cüdo idman növü üzrə açıq birincilik keçirilib

Yeniyetmələr arasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş cüdo üzrə açıq birincilik keçirilib. Birincilik “Təhsil” Respublika İdman Mərkəzinin dəstəyi, 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə baş tutub. Xaçmaz rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin idman zalında keçirilən yarışda Qusar, Xaçmaz, Siyəzən rayon və Sumqayıt şəhər uşaq-gənclər idman-şahmat məktəblərindən, “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli və 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəblərindən 17 çəki dərəcəsi üzrə 158 idmançı mübarizə aparıb. Birincilikdə komanda hesabında I yerə “Təhsil” RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yerə Qusar rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandaları layiq görülüb. Müxtəlif çəki dərəcələri üzrə I,II və III yerləri tutan idmançılar medal və diplomlarla təltif edilib. Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd regionlarda məktəblilər arasında cüdo idman növünün təbliği və inkişaf etdirilməsi, onların sağlam həyat tərzinə cəlb edilməsi, perspektivli cüdoçuların müəyyən edilməsi və idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarətdir.

AMEA-da akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işinə başlayıb

Dekabrın 13-də AMEA-nın Əsas binasının Dairəvi akt zalında görkəmli alim, Dövlət mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan "Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri" mövzusunda beynəlxalq elmi konfrans işinə başlayıb. AMEA, Təhsil NazirliyiAzərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ABŞ, İsveç, Türkiyə, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Çin və digər ölkələrin tanınmış alimləri iştirak edirlər. Əvvəlcə tədbir iştirakçıları I Fəxri Xiyabanda akademik Azad Mirzəcanzadənin məzarını ziyarət edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Beynəlxalq konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq Prezident İlham Əliyevin "Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında" 2018-ci il 6 iyul tarixli Sərəncamının əhəmiyyətindən danışıb, bu sənədi Azərbaycan elmində xüsusi xidməti olan görkəmli alimin əməyinə verilən yüksək qiymət və qayğının təzahürü kimi dəyərləndirib. “Akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir” – deyə bildirən alim neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, həmçinin riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlərin onun tərəfindən əhatəli şəkildə araşdırıldığını qeyd edib. AMEA rəhbəri görkəmli alimin zəngin elmi irsə malik neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çoxsaylı qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırdığını, onun rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft və qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodlarının hazırlanıb tətbiq edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, akademik A.Mirzəcanzadənin rəhbərliyi ilə 250-dən çox fəlsəfə doktoru, 100-dən artıq elmlər doktoru hazırlanıb. Mərhum alimin həm də elmin təşkili və idarə olunması prosesində fəal iştirak etdiyini deyən akademik Akif Əlizadə bildirib ki, o, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün bilik və bacarığını əsirgəməyib. A.Mirzəcanzadə uğurlu elmi fəaliyyətinə görə müxtəlif illərdə bir çox fəxri mükafatlara, medallara, həmçinin Azərbaycan Respublikasının “İstiqlal” və “Şöhrət” ordenlərinə layiq görülüb. Elmi kadrların və yüksək ixtisaslı neftçi mütəxəssislərin hazırlanmasında görkəmli alimin əvəzedilməz rolunun olduğunu deyən A.Əlizadə onun elmi məktəbinin davamçılarının nəinki Azərbaycanda, hətta xaricdə elmi mərkəzlərə və istehsalat müəssisələrinə rəhbərlik etdiyini bildirib. AMEA rəhbəri Azərbaycan elmində əvəzsiz xidmətləri olan Azad Mirzəcanzadənin xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını söyləyib. Sonra Azərbaycan Respublikası Təhsil nazirinin müavini, psixologiya üzrə fəlsəfə doktoru Məhəbbət Vəliyeva çıxış edərək dünya şöhrətli alim A.Mirzəcanzadənin həyat yolu, neft elminin inkişafına verdiyi töhfələrdən söhbət açıb. Bildirib ki, Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakıda anadan olub, 15 yaşında orta məktəbi bitirib. O, 23 yaşında namizədlik, 29 yaşında doktorluq dissertasiyalarını müdafiə edib, 34 yaşında Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 40 yaşında isə həqiqi üzvü seçilib. Nazir müavini çıxışında son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadənin pedaqoji fəaliyyətlə məşğul olduğunu, onun yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etdiyini və ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, neftçi-alim pedaqogika elminin və uşaq psixologiyasının dərin bilicisi olub, neft-qaz elminin inkişafında və gənc alimlər nəslinin formalaşmasında mühüm xidmətlər göstərib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edərək cari ilin sentyabr ayında SOCAR-da akademik A.Mirzəcanzadənin 90 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb. Azad Mirzəcanzadə ilə tanışlığının 1950-ci illərin əvvəllərinə təsadüf etdiyini deyən X.Yusifzadə görkəmli alimin neft mədən mexanikasında yeni istiqamətlərin, neftqazçıxarma və işlənmə proseslərində innovativ fikirlərin yaradıcısı olduğunu, onun fundamental elmi görüşlərinin ölkənin hüdudlarından kənarda da böyük şöhrət qazandığını söyləyib. Bildirib ki, elmlə istehsalatın vəhdətini yaratmağa nail olmuş akademik Azad Mirzəcanzadənin araşdırmalarının nəticələrindən mötəbər elmi mərkəzlər bu gün də geniş istifadə etməkdədir. Alimin Azərbaycanda, keçmiş sovet məkanında və dünyada neft elminin inkişaf etdirilməsində misilsiz xidmətləri var, onun elmi irsi zəngin kəşflər və ixtiralar xəzinəsidir. Daha sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək fəaliyyətinin böyük hissəsini bu universitetlə bağlayan akademik Azad Mirzəcanzadənin hər zaman gənc və perspektivli mütəxəssislərin axtarışında olduğunu qeyd edib. Alimin adının ölkə hüdudlarından kənarda da yaxşı tanındığını deyən rektor əlavə edib ki, onun ideya və kitabları tədris prosesində geniş istifadə olunur. Mustafa Babanlı, həmçinin vurğulayıb ki, öz elmi məktəbində 400-dən çox fəlsəfə və elmlər doktoru yetişdirən Azad Mirzəcanzadə Başqırdıstan, Tatarıstan, Qərbi Sibirdə neft və qaz yataqlarının işlənilmə nəzəriyyəsi və praktikası, qeyri-xətti mexanika və tətbiqi riyaziyyatda yeni istiqamətlərin inkişafına təkan verib. Rektor görkəmli alimin novatorluq fəaliyyətindən də danışıb. Bildirib ki, Azad Mirzəcanzadə Mahmudbəyov adına səkkizillik məktəbin müəllim kollektivi tərəfindən fəxri direktor seçilib və onun təşəbbüsü ilə bu məktəb istedadlı uşaqlar üçün liseyə çevrilib. Siniflərdə mühazirələrlə çıxış edən Azad Mirzəcanzadənin dəvəti ilə liseydə Elmlər Akademiyasının tanınmış alimləri də dərs deyiblər. Görkəmli alimin digər təşəbbüsü ilə tələbələr buraxılış işlərini universitetdən kənarda, neftqazçıxarılma müəssisələrində həyata keçiriblər. Professor M.Babanlı bu günlərdə ADNSU-da keçirilən tələbələrin 67-ci elmi-texniki konfransının akademik Azad Mirzəcanzadəyə həsr edildiyini bildirib. O, universitetdə hər il mərhum alimin adına təqaüdlərin təsis edilərək təhsildə və tələbə elmi cəmiyyətinin işində böyük uğur qazanmış iki bakalavr və bir magistranta təqdim olunduğunu diqqətə çatdırıb. Rektor, həmçinin universitetdə akademikin iş otağının hazırda muzey kimi fəaliyyət göstərdiyini qeyd edib.  Konfransda Rusiya Təbiət Elmlər Akademiyasının vitse-prezidenti, professor Əzizağa Şahverdiyev "Neft yataqlarının işlənmə prosesinin optimallaş­dı­rıl­­ması və neftçıxarmanın artırılmasının innovativ tex­­nologiyaları", Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü Tulparxan Salavatov "Azad Mirzəcanzadə – vətəndaş, pedaqoq, alim, mütəfəkkir" mövzusunda məruzələrlə çıxış ediblər. Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyevə, AMEA-nın müxbir üzvü Bağır Süleymanova və ADNSU-nun Qaz-neft-mədən fakültəsinin dekanı, professor Qafar İsmayılova "Akademik Azad Mirzəcanzadə adına medal" təqdim olunub. Digər çıxış edənlər Azad Mirzəcanzadənin elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, akademiklə bağlı xatirələrini bölüşüblər. Tədbir plenar məruzələrin dinlənilməsi ilə işinə davam edib. Beynəlxalq konfransa dekabrın 14-də yekun vurulacaq.   AMEA

Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzi yaradılır

Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının “Gəncədə Sənaye üzrə Regional Peşə  Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi həyata keçirilir. Layihənin məqsədi Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasının hüquqi-normativ sənədlərinin inkişaf etdirilməsi, Kompetensiya Mərkəzində təchizat, alət və maşınların quraşdırılması, əmək bazarını araşdıraraq 3  yeni təhsil proqramı (kurikulumlar)  və tədris vəsaitlərinin hazırlanması, informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması mexanizminin pilot olaraq icra edilməsidir. Layihə çərçivəsində cari ildə 3 kurikulum (“Mənzil təsərrüfatı xidməti üzrə mütəxəssis”, “Məişət soyuducu  və istilik sistemlərinə xidmət üzrə mütəxəssis” və “Dağ-mədən işləri üzrə mütəxəssis”) və 16 modul dərslik hazırlanıb. Sənaye istiqaməti üzrə əlavə 3 ixtisasa dair kurikulum və dərsliklərin hazırlanması da nəzərdə tutulur. Bununla yanaşı, Gəncədə kurikulum və modulların hazırlanması üzrə təlimlər keçirilib.    Layihənin icrası istiqamətində informal və qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə Qaydaların layihəsi hazırlanıb və Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim edilib.  

Şahmat üzrə respublika birinciliyi başa çatıb

Salyan şəhər 2 nömrəli tam orta məktəbin idman zalında “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinin final mərhələsi keçirilib. Yarışın əsasnaməsinə uyğun olaraq finalda 6 yaş qrupu üzrə (6, 8, 10, 12, 14, 16 yaşlaradək) oğlan və qızlar arasında keçirilən zona yarışlarında 1 və 2-ci yerləri tutan, həmçinin finalda birbaşa oynamaq hüququ qazanan yüksək reytinqli şahmatçılar iştirak edib. Ümumilikdə final mərhələsinə 140 məktəbli qatılıb. Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, rayon rəhbərliyinin, idman ictimaiyyətinin nümayəndələri iştirak edib, məktəblilər konsert proqramları ilə çıxış edib. Birincilikdə yaş qrupları üzrə 1, 2 və 3-cü yerləri tutan oğlan və qız şahmatçılar diplom və medallarla təltif edilib. Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, şahmatçıların oyun təcrübəsini artırmaq, yaş qrupları üzrə yığma komandalara cəlb etmək və idmançılar arasında dostluq əlaqələrini yaratmaqdan ibarət olub.

Məktəblər arasında respublika çempionatının zona yarışları davam edir

Məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq qızlardan ibarət məktəb komandaları arasında voleybol idman növü üzrə növbəti zona yarışı keçirilib. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən oyunlarda Xaçmaz, Quba, Qusar, Şabran, Xızı, Qobustan, Sumqayıt, Abşeron, Qubadlı rayonlarının məktəb komandaları mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Abşeron rayonu Aşağı Güzdək tam orta məktəbin, II yeri Qusar rayonu Urva kənd tam orta məktəbin, III yeri Şabran rayonu 1 nömrəli tam orta məktəbin komandası tutub. Daha bir zona yarışı basketbol idman növü üzrə Tovuz Olimpiya İdman Kompleksində keçirilib. Yarışlarda Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Naftalan, Mingəçevir, Kəlbəcər, Ağdam, Xocalı, Daşkəsən rayonlarının məktəb komandaları mübarizə aparıb. Nəticədə I yeri Gəncə şəhəri 19 nömrəli tam orta məktəbin, II yeri Göygöl rayonu Xəqani kənd tam orta məktəbin, III yeri Mingəçevir şəhəri 10 nömrəli tam orta məktəbin komandaları tutub. Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanıb. Yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib. Qaliblərə diplomlar təqdim olunub. Məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. 2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparacaq. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışların qalib məktəb komandaları məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanır.

Təhsil Nazirliyi qadınlar arasında İT-nin təbliğinə görə mükafatlandırılıb

Təhsil Nazirliyi qadınlar arasında İT sahəsinin populyarlaşdırılmasına və təbliğinə göstərdiyi dəstəyə görə diplom və mükafatla təltif olunub. Mükafat Bakıda keçirilən "Bakutel 2018" XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransı çərçivəsində baş tutan “Azərbaycan qadınları İKT-də - Femmes Digitales (AWIC)” klubunun təşkilatçılığı ilə sayca 2-ci “AWITA 2018” (“The Women in IT Award”) mərasimində verilib. Bu il “AWITA” mükafatı müsabiqəsinə 100-dən artıq ərizə daxil olub. Yekun nəticəyə görə, 11 nominasiya üzrə qaliblər müəyyənləşdirilıb. Müsabiqənin “Rayon və ucqar bölgədə İT sahəsinə verilən töhfə” nominasiyası üzrə İsmayıllı rayonu 1 nömrəli tam orta məktəbin müəllimi Bahar Abdullayeva, “İlin innovativ müəllimi” nominasiyası üzrə Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin fizika-informatika müəllimi Aliyə Əhmədova  qalib elan olunub. “Azərbaycan qadınları İKT-də - Femmes Digitales (AWIC)” klubu dövlət və özəl sektorda çalışan qadınları birləşdirmək, həmçinin onların bu sahədə təhsil almaları və karyera yüksəlişinin təmin edilməsi məqsədi ilə yaradılıb. Bu il klub 4 yaşını qeyd edib.

Fəxri xiyaban ziyarət edilib

Dekabrın 12-də Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra təhsil nazirinin müavini, YAP Nərimanov rayon təşkilatı idarə heyətinin üzvü Firudin Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və nazirliyin əməkdaşları ümummilli liderin Heydər Əliyev Sarayının qarşısındakı abidəsini ziyarət edib, dahi liderə ehtiramlarını bildiriblər. Həmçinin Təhsil Nazirliyinin 6 nəfər əməkdaşı Yeni Azərbaycan Partiyasına üzv qəbul olunub.

Ulu öndərimizi ehtiramla anırıq!

.

Böyük Britaniya məzunlarının mükafatlandırılması mərasimi

Dekabrın 11-də Azərbaycanda ilk dəfə keçirilən “UK Global Alumni Awards” mükafatlarının təqdimetmə mərasimi olub. Mərasimdə Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, təhsil naziri Ceyhun Bayramov, mədəniyyət naziri Əbülfəs Qarayev, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, Britaniya Şurasının Azərbaycan üzrə ölkə direktoru Samer Şah, ali məktəb rektorları iştirak ediblər. Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan dövləti tərəfindən təhsilin və insan kapitalının inkişafına xüsusi önəm verilir. Ölkədə təhsil sahəsində çoxsaylı  layihələrin həyata keçirildiyini deyən nazir beynəlxalq əlaqələrə böyük diqqətin ayrıldığını vurğulayıb.  Britaniya Şurasının Azərbaycandakı fəaliyyətinin 25 ilinin tamam olduğunu nəzərə çatdıran Ceyhun Bayramov bu müddət ərzində ”British Council” ilə ümumi, peşə və ali təhsil sahələri üzrə səmərəli əməkdaşlığın qurulduğunu, bir sıra uğurlu layihələrin həyata keçirildiyini bildirib. Nazir qeyd edib ki, xaricdə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün Böyük Britaniya ən çox arzu edilən ölkələr sırasındadır."2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təqaüdlərin təxminən üçdə biri tələbələrə Böyük Britaniyanın universitetlərində təhsillərini davam etdirmək üçün verilib. Ceyhun Bayramov Böyük Britaniyada təhsil alan məzunların ictimai və özəl sektorda fəal iştirakından məmnun olduğunu bildirib. Nazir Böyük Britaniya məzunlarının Azərbaycanla Birləşmiş Krallıq arasındakı əlaqələri daha da gücləndirəcəklərinə, onların uğur hekayələrinin digər gənclər üçün nümunə olacağına əminliyini qeyd edib. Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində uğurlu əməkdaşlığın olduğunu vurğulayıb. Səfir bildirib ki, Böyük Britaniyada təhsil alan azərbaycanlı məzunların öz ölkələrinə, peşələrinə müsbət töhfələr verməsi olduqca qürurvericidir. Karol Krofts Böyük Britaniyada təhsil alan bütün məzunlara gələcək həyatlarında uğur arzulayıb. Britaniya Şurasının Azərbaycan üzrə ölkə direktoru Samer Şah isə qeyd edib ki, bu nüfuzlu beynəlxalq mükafat Birləşmiş Krallığın ali təhsil imkanlarını və bütün dünyadakı Birləşmiş Krallıq məzunlarının nailiyyətlərini qeyd etmək üçün nəzərdə tutulub. Bu il beynəlxalq mükafatı əldə etmək üçün 123 ölkədən olan və Birləşmiş Krallığın 140-dan artıq ali təhsil müəssisəsini təmsil edən 1700-dən artıq Birləşmiş Krallıq məzununun ərizəsi daxil olub. Samer Şah diqqətə çatdırıb ki, Azərbaycan üzrə seçilən 8 finalçıdan 3-ü bu mükafata layiq görüləcək. Azərbaycan bu il mükafatlandırma mərasiminə ev sahibliyi edəcək ikinci ölkədir və  dünyanın on bir ölkəsində də bu cür mükafatlandırma mərasimləri keçiriləcək. Daha sonra “UK Global Alumni Awards” mükafatlarının “Sosial təsir”, “Sahibkarlıq” və “Peşəkar nailiyyət” nominasiyaları üzə finalçıları və qalibləri elan olunub.

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı