• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

20 Yanvara həsr olunmuş xüsusi dərslər

Yanvarın 18-də ümumi təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçiriləcək. Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən tədris olunacaq dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir. Dərslərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Dərsləri tədris edən müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açacaqlar. Eləcə də 20 Yanvar hadisələrinin tarixindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunacaq. Ənənəvi olaraq, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində məktəblərin pedaqoji kollektivləri və şagirdlər Şəhidlər xiyabanını daha intensiv ziyarət edirlər.

Yeni İngilis dili Resurs Mərkəzinin açılışı

Yanvarın 11-də Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilmiş yeni yaşayış massivində yerləşən Füzuli rayon 50 nömrəli tam orta məktəbdə İngilis dili Resurs Mərkəzinin açılışı olub. Resurs Mərkəzinin açılışı Təhsil Nazirliyi, Böyük Britaniya hökuməti və “British Council” təşkilatının dəstəyi ilə baş tutub. Açılış mərasimində təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru Samr Şah iştirak ediblər.   Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva qeyd edib ki, Azərbaycanla Böyük Britaniya arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də uğurlu əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq çərçivəsində “British Council” təşkilatı 25 il ərzində bir sıra uğurlu layihələr həyata keçirib. Həmin layihələrdən biri də Azərbaycanda İngilis dili Resurs mərkəzlərinin yaradılmasıdır. Layihənin əsas məqsədi müəllim və şagirdlərin ingilis dili bacarıqlarının, xüsusilə danışıq qabiliyyətlərinin inkişaf etdirilməsidir. Nazir müavini qeyd edib ki, 2016-cı ildən indiyədək ümumi təhsil müəssisələrində 11 İngilis dili Resurs Mərkəzi yaradılıb. Mərkəzlər ingilis dilinin öyrənilməsi üçün zəngin kitab resursları, audio və video materiallar, jurnallar, elektron resurslar və bütün lazımi texniki avadanlıqlarla təmin olunub. Füzuli rayon 50 nömrəli tam orta məktəbdə açılan İngilis dili Resurs Mərkəzi təşkilatın sayca 12-ci ingilis dili mərkəzidir. Yanvar ayı ərzində Laçın rayon Quşçular kənd tam orta məktəbində daha bir İngilis dili Resurs Mərkəzinin açılışı nəzərdə tutulur. Məhəbbət Vəliyeva İngilis dili Resurs mərkəzlərində çalışan müəllimlərin 4 ay müddətində təlimlərdə iştirak etdiyini və xüsusi metodlara yiyələndiklərini də diqqətə çatdırıb. Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts resurs mərkəzinin açılışını əlamətdar hadisə kimi qiymətləndirib və şagirdlərin ingilis dili üzrə biliklərinin zənginləşməsinin iki ölkə arasında əlaqələrə töhfə verəcəyinə əminliyini bildirib. “British Council” təşkilatının Azərbaycandakı nümayəndəliyinin direktoru Samr Şah isə qeyd edib ki, yeni mərkəz azərbaycanlı şagirdlərin ingilis dili üzrə biliklərə yiyələnməsi ilə yanaşı, gələcəkdə karyera qurmalarına da yardım edəcək. Samr Şah mərkəzdə şagirdlərə komanda şəklində işləmək, liderlik qabiliyyəti kimi bacarıqların da öyrədildiyini deyib. Mərkəzdə olan kitabxanadan, elektron resurslardan 50 nömrəli məktəbin şagird və müəllimləri ilə yanaşı, yaşayış massivində yerləşən Cəbrayıl rayon akademik Mehdi Mehdizadə adına şəhər, Xocavənd rayonu Nərimanlı kənd və Ağdam rayonu 33 nömrəli köçkün tam orta məktəblərin şagird və müəllimləri də istifadə edə biləcəklər. Qeyd edək ki, Füzuli rayon 50 nömrəli tam orta məktəb 1994-cü ildən fəaliyyət göstərir. Məktəbdə 193 şagird təhsil alır. Məktəb 2017-ci ildə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibi olub.

İstedadlı şagirdlərin istedadlı müəllimləri

Olimpiada hərəkatına pedaqoqlar da böyük maraqla qoşulur   Dekabrın 15-də Təhsil İnstitutunun təşkilatçılığı ilə “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi keçirilib. Müsabiqədə Bakı şəhəri və ölkəmizin bütün bölgələri əhatə olunmaqla 1500-dən çox müəllim iştirak edib. Xatırladaq ki, müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə daha yaxından cəlb edilməsidir. Bu yolla həmin şagirdlərlə işləyəcək pedaqoji kollektiv müəyyənləşdiriləcək. Müəllimlərin müxtəlif layihələrdə iştirakı təmin olunmaqla  pedaqoji və akademik bacarıqlarının inkişafı təmin ediləcək.   Müəllimliyə ucqar kənddən başladı   Bu imtahanlarda fizika müəllimləri xüsusi fəallıq nümayiş etdirib. Belə ki, imtahanlarda ən yüksək balı məhz onlar toplayıb. Sevda Əsgərli hazırda Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin müəllimidir. Müəllimlik fəaliyyətinə doğulduğu Neftçala rayonunun ən ucqar kəndindən başlayıb. Məktəbi də, Bakı Dövlət Universitetinin fizika fakültəsini də əla qiymətlərlə başa vurub. Müəllim olmaq istəyib. Onu bu istəyindən nə cəlbedici təyinat yeri, nə də təklif edilən vəzifələr yayındırıb: “Universiteti bitirən kimi, müəllim olmaq üçün kəndimizə qayıtdım. Ancaq kənd məktəbində boş yer olmadığından bizdən kilometrlərlə uzaq Xıllı qəsəbəsində işə başladım”. Sevda Əsgərli elə ilk gündən yüksək enerji, böyük maraq, tükənməz həvəs və sonsuz müəllimlik eşqiylə hələ kim olacağına qərar verməmiş şagirdlərinə sarılıb. Fizikanı sadəcə tədris etməyib, sevdirib. Müəllimliyi sevən və sevdirən nə çox müəllim var ölkədə, elə deyilmi? Sevda Əsgərli müəllimliyi sevdiyi qədər olimpiadalara da maraq göstərib. Onu fərqləndirən də məhz bu keyfiyyəti olub. Şagirdləri olimpiadadan olimpiadaya, qələbədən qələbəyə gedib: “Olimpiadaya marağım hər zaman olub. 1983-cü ildən, düz 35 ildən artıqdır ki, müəllim işləyirəm. Vəzifələrə getmək imkanım olduğu halda, bunu etməmişəm. Hər zaman müəllim olaraq qalmaq istədim və qaldım. İnanın ki, yenidən doğulsam, yenə müəllim olaram”.   Harada istedadlı uşaq görsəm...   Sevda müəllimin olimpiadaya həvəsi özü orta məktəb təhsili aldığı illərdən başlayıb: “X sinifdə olimpiadaya qatılsam da, yer tuta bilməmişdim. Bu da ürəyimdə qalmışdı. Odur ki, mən də işə başladığım ilk gündən istedadlı uşaqları yarızor-yarıxoş başıma yığmağa başladım. Olimpiada elə bir yerdir ki, uşağın istedadı olmasa, onu hazırlaşdırmaq mümkün olmur. Ona görə də harada istedadlı uşaq görsəm, cəlb edirəm. Hər uşaqla da oturmaq olmur. Gərək müəllimin güclü həvəsi, marağı ola. Ötən il bir uşaq diqqətimi cəlb etdi. Onunla məşğul olmağı təklif elədim, razılaşmadı. Razı salmaq üçün nə qədər yalvardım. Təsəvvür edirsiniz, mən ona yalvardım. Axır birtəhər hazırlaşmağa razı sala bildim. Məşğul olmağa başladıq. IX siniflər üzrə respublika fənn olimpiadasında gümüş medal qazandı. Hər gün 3 saat həmin uşaqla təmənnasız məşğul oldum və təəssüflənmədim”. Sevda Əsgərli müəllim olaraq çoxşaxəli fəaliyyət həyata keçirməkdədir. Həm məktəbdə dərs deyir, həm repetitorluq edir, həm də olimpiadalara hazırlaşdırır: “Amma bu hazırlıqlar mənim üçün fərqlidir. Olimpiadalara hazırlıqdan zövq alıram. Abituriyent hazırlığında da yaxşı nəticələrim var. Müəllim olaraq uşaqları bir-birindən seçməmişəm, zəifi hazırlaşdırmaqdan imtina etməmişəm. Hesab edirəm ki, yaxşı müəllim məhz uşaqları seçməyən, ən aşağı səviyyədən başlayıb yuxarı səviyyəyə qədər gətirən müəllimdir”.   Şagirdim məndən daha yüksək nəticə göstərsəydi...   Daha bir maraqlı məqam. Sevda Əsgərli “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinə şagirdi ilə birgə qatılıb. Kiçik fərqlə ondan geri qalan şagirdi Sevda Əsgərlinin müəllimliyə başladığı ilk illərdə fizikaya istiqamətləndirdiyi uşaqlardan biridir: “Həmin şagirdim Neftçalanın Xıllı qəsəbə məktəbinin müəllimi Seyran Səfərovdur. İndi o da “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsində yüksək nəticə göstərən müəllimlərdəndir. O vaxt Seyran həkim olmaq istəyirdi, mən qoymadım. Fizika müəllimi oldu. Onu olimpiadalara cəlb etdim. Seyran olimpiadaya qatılanda VIII sinifdə oxuyurdu. Ancaq IX sinifdə oxuyan uşaqlar arasında yer tutdu. Mənim fikrimcə, şagirdim bu imtahanda məndən yüksək bal toplamalıydı. Hər halda həmin gün xəstə olduğu üçün belə bir nəticə göstərdi. Yetirməm məndən daha yüksək nəticə göstərsəydi, müəllim olaraq özümlə daha çox qürur duyardım”.   Olimpiadaya hazırlıq ürzə vəsait yoxdur   Olimpiadaya hazırlıq sahəsində uzun illər təcrübəsi olan bir müəllimin ən böyük çətinliyi nə ola bilər? 35 ildir müəllim işləyən Sevda Əsgərli hesab edir ki, bu sahədə ən böyük problem vəsait çatışmazlığıdır: “Uşaqları olimpiadaya hazırlamaq üçün dilimizdə ədəbiyyat tapmıram. Mövcud olanlar da müasir tələblərə cavab vermir. Odur ki, ordan-burdan, rus, türk və başqa dillərdə olan materiallardan istifadə edirəm”. Maraqlıdır, bəs, müxtəlif dillərdə olan həmin mənbələrdən istifadə etmək müəllim üçün çətinlik yaratmırmı? İndiyədək tərcüməçi xidmətindən istifadə edən Sevda müəllim özü fransızca öyrənməyə qərar verib: “Dərs vəsaiti, istifadə ediləcək ədəbiyyat ehtiyacını ödəmək üçün kitab hazırladım.  İkinci layihəm də qrant müsabiqəsində qalib oldu. Həmin vəsaitlə olimpiadaya aid kitab hazırladım. Fizikanın mexanika bölməsi üzrə olimpiadaya hazırlığa aid bu kitabdan sonra  fizikanın digər bölmələri ilə bağlı da vəsait hazırlamağı planlaşdırıram”.   Vəsait çatışmazlığında çıxış yolu: “Fransız dilini öyrənəcəyəm”   Amma vəsait hazırlamaq elə asan məsələ deyil. Bunun üçün 35 illik təcrübə kifayət etmir. Müasir tələbləri öyrənmək, yeni şərtləri ödəmək, dəyişikliklərdən vaxtında xəbərdar olmaq üçün internetdən istifadə etmək, beynəlxalq mənbələri araşdırmaq lazımdır: “Hazırladığım vəsaitin üzərində işləyərkən ingiliscə, fransızca olan materiallarla da tanış oldum. Başqa dillərdə çoxlu kitablar var. Hazırlamağı düşündüyüm vəsaitlər üzərində işləyərkən həmin kitablardan istifadə etməyi düşünürəm. Bunun üçün də qərar vermişəm ki, fransız dilini öyrənim. Orta məktəbdə fransız dili keçmişəm. İllər keçib, artıq dili unutmuşam. Bu yaşda bu həvəsə düşdüyümə görə mənə gülürlər. Ancaq başqa çarəm yoxdur. Heç olmasa, bir xarici dili səlist öyrənməliyəm. Artıq bu istiqamətdə ilk addımı da atdım. Fransız dili imtahanından çıxmışam. Yəqin bu imtahanın nəticələrinə görə axırdan birinci olacağam”.   Olimpiada hazırlığında elə bir iş görmək istəyirəm ki...   İndiyədək öz üzərində çalışıb ki, olimpiadalarda ən yaxşılar məhz onun şagirdləri olsun. Amma bundan sonra Sevda müəllimin amalı dəyişəcək. O, sadəcə, öz şagirdinin deyil, Azərbaycan məktəblisinin qələbəsinə xidmət edəcək fəaliyyətə də qoşulacaq: “Olimpiada elə bir yerdir ki, orada əsas şərt yüksək hazırlıqdır. Bu məqsədlə həyata keçirmək istədiyim bəzi planlarım var. İstəyirəm, olimpiada hazırlığının təşkilində elə bir iş görüm ki, məndən sonrakılar da yararlansın. VI sinifdən başlayaraq hazırlığı təşkil etməyin incəliklərini yazmaq istəyirəm. Hardan başlayıb harda qurtarmaq, hazırlığa hansı uşaqları cəlb etmək, hansı uşağı hara yönləndirmək, materiallardan necə istifadə etmək, bir sözlə, bir şagirdi olimpiadaya necə hazırlaşdırmağın qaydasını hazırlamaq, bununla bağlı elmi iş yazmaq istəyirəm. Bunun üçün aspirantura təhsili almağı planlaşdırıram. Ancaq bu istiqamətdə də ixtisas yoxdur. Odur ki, planımı həyata keçirməyin yolunu axtarıram”.   Müsabiqədə bu qədər müəllimin iştirakı özü bir qələbədir   Müsabiqə yekunlaşdı. Ancaq imtahanların nəticələrinin əks-sədası hələ davam edir. Sevda müəllim deyir ki, hər bir müəllim həmin imtahanlarda uğur qazana bilərdi: “Müəllimlər üçün təşkil edilən imtahanın sualları respublika fənn olimpiadalarının final mərhələsində istifadə edilən suallara bənzəyirdi. Əslində, bu imtahanda 100 faiz nəticə göstərə bilərdim. Sualın birində köçürmə vaxtı səhvə yol verdiyim üçün mümkün olan ən yüksək nəticəni əldə edə bilmədim. Nəticələrinə baxmayaraq, hesab edirəm ki, o müsabiqədə bu qədər müəllimin iştirakı özü bir qələbədir. Deməli, müəllimlərin bu prosesə qoşulmaq üçün ürəyində təpər var. İmtahan nəticələri zəif olan müəllimlərə kömək etməyə hazıram. Təki müəllimlərin həvəsi olsun. Müəllim aldığı maaşa uyğun işləməyi düşünəcəksə, ondan müəllim olmaz. Heç kim özündə səhv axtarmır. Heç kim demir ki, oturub hazırlaşmağa özündə güc tapmır. Ancaq sevindirici haldır ki, bütün ölkədə olimpiadaya maraq yaranıb. Artıq müəllimlər də ətalətdən çıxaraq fəallaşmağa başlayıb. “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi bütün müəllimlərdə həvəs yaradıb. Getdikcə bu prosesə qoşulanların sayı artacaq”. Sevda Əsgərli hesab edir ki, imtahanların təşkilində təkmilləşdirməyə ehtiyac var: “Məncə, müsabiqə bir deyil, bir neçə mərhələdə təşkil olunsa, daha məqsədəuyğun olar”.   Müəllimi ilə imtahan verdi...   Sevda müəllimin şagirdi Seyran Səfərov imtahanda 87 bal toplayaraq ən yüksək nəticə göstərənlərin siyahısına düşüb. Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbin müəllimi elə Xıllı qəsəbəsindəndir. 1993-cü ildən fəaliyyətə başlayıb. Orta məktəb illərində fizika üzrə olimpiadalarda iştirak edib və qalib olub: “1984, 1985 və 1986-cı illərdə respublika fənn olimpiadalarında iştirak etdim. 1985-ci ildə isə qaliblərdən biri oldum”. Olimpiada qalibi olan Seyran Səfərov 1987-ci ildə məktəbi bitirən kimi Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. Müəllimliyə Abasallı kəndində başlasa da, 1995-ci ildən yaşadığı Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbində işləyir. Elə o vaxtdan da olimpiadalara şagird yetişdirməyə başlayıb: “1998-99-cu illərdə bir şagirdim vardı, Ataş Ələkbərov. Onunla olimpiadada iştirak etdik və respublika olimpiadasının qalibi olduq. İndi həmin şagirdim Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimidir. 20 ildir olimpiadalara uşaq hazırlayıram. Şagirdlərim birinci, ikinci, üçüncü yerin sahibi olur. Hətta ali məktəblərə qəbul olunduqdan sonra da olimpiadalara qatılır, beynəlxalq bilik yarışlarında iştirak edir və yer tuturlar. Onlar ali təhsil aldıqları dövrdə də daim əlaqə saxlayır, qatıldıqları olimpiadalara hazırlıqda mənimlə məsləhətləşirlər. Yəni, yetirmələrimlə işimi bakalavr pilləsində də davam etdirirəm. Respublika fənn olimpiadasında həm I, həm də II yeri məhz şagirdlərimin tutduğu illər olub. Həmin uşaqlarım indi Bakı Mühəndislik Universitetində təhsil alırlar. Demək istəyirəm ki, orta məktəbdə bünövrəsi sağlam qoyulan uşaqların uğurları təhsilin növbəti pillələrində də davam edir. Xüsusən, olimpiadalara hazırlaşan uşaqlar uğur qazanmağın yolunu öyrənir və hətta bunu alışqanlığa çevirir. Elə özümdən götürürəm. Orta məktəbdə olimpiada qalibi olmaq mənim həyatımda nə qədər böyük rol oynadı. Bu təcrübə sonradan uşaqlarla hazırlıqda da mənim köməyimə gəldi”.   “Qəzalı, şəraitsiz məktəbdə bu cür yüksək nəticələrə nail oluruq”   İndi Seyran müəllim hər müəllimi özünə rəqib saymır. Hesab edir ki, çalışdığı məktəbin də rayon məktəbləri arasında rəqibi yoxdur: “Xıllı qəsəbəsində məktəbin 1898-ci ildən təməli qoyulub. Bu qədər böyük tarixə malik belə məktəb ölkədə azdır. Bu da bir həqiqətdir ki, ən savadlı, ağıllı adamların olduğu yerdə məktəb açılır. Xıllı da köklü, oxuyanların, ağıllı insanların çox olduğu yer kimi şöhrət qazanıb. Təsəvvür edin ki, qəzalı, şəraitsiz məktəbdə bu cür yüksək nəticələrə nail oluruq”. Elə bu şəraitlə əldə etdikləri nəticələrə əsaslanaraq deyir: “Rayon məktəblərini özümüzə rəqib saymıram. Olimpiadalarda, bilik yarışlarında qaliblərdən biri həmişə bizim məktəb olub. Elə bunun nəticəsidir ki, hər zaman olimpiadaya iddialı getmişik. Hesab edirəm ki, müqayisə edəndə, hətta liseylərdən də üstünlüyümüz var. Bir kənd məktəbindən, bir kəndin uşaqlarından neçə istedadlı uşaq tapa və hazırlaşdıra bilərsən ki? Birinin özü oxumaq istəmir, birinin valideyni qoymur. Liseylərdə isə hər yerdən gələnlər olur. Üstəlik, onları oxumağa həvəsləndirmək üçün xüsusi səyə də ehtiyac yoxdur. Biz isə uşaqlarımızı hazırlaşdırmaq üçün az qala dəridən-qabıqdan çıxırıq”.   “Bir də onda ayıldım ki, fizika üzrə olimpiadalara qatılıram”   Olimpiada qalibləri yetişdirən müəllim öz uğurlarından danışarkən müəllimini xatırlayır. Nə qədər qəribə də olsa, müəlliminin onun həyatını dəyişdirdiyini deyir:  “Müəllim insanın həyatını, taleyini dəyişmək iqtidarındadır. Uşaqlara fənni məhz müəllim sevdirir. Bunun əksini də məhz müəllim edir. Xatırlayıram ki, anam həkim olduğu üçün mən də həkim olacaqdım. Başqa ixtisas barədə düşünmürdüm də. Sevda müəllim məktəbimizə gələndən sonra mənim nəinki fikrimi, bütövlükdə həyatımı dəyişdi. O, fizikanın tədrisinə başlayandan sonra fizikaya vuruldum. O vurulan-bu vurulan, bir də onda ayıldım ki, fizika üzrə olimpiadalara qatılıram. Halbuki 84-85-ci illərdə çox adam heç bilmirdi olimpiada nədir. Bir sözlə, orta məktəb illərində müəllimim məndə fizika ilə bağlı elə bir təsir buraxdı ki, hələ də onun təsirindən çıxa bilmirəm”.   Müsabiqə çox şeyi dəyişəcək   Seyran Səfərov hesab edir ki, “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi bir çox şeyi dəyişəcək. Ancaq müsabiqə qaydalarında da dəyişiklik olmalıdır: “Bu müsabiqənin adı xüsusilə uğurludur. İstedadlı şagird üçün istedadlı müəllim mütləq lazımdır. Birmənalıdır ki, istedadlı şagirdlə hər müəllim bacara bilmir. Uşaq olanda elə düşünürdüm ki, müəllim hər şeyi bilir. Əslində isə, belə deyilmiş. Özüm də sonradan anladım ki, müəllim də öyrətmə prosesində öyrənir. Bir çox məsələlər var ki, onu şagirdlərimizlə həll edirik. Təbii ki, bunu hər şagirdlə də etmək mümkün deyil. Əsas odur ki, müəllimin öyrətməyə və öyrənməyə həvəsi olsun”.   “Azərbaycan müəllimi” qəzeti

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə cari tədris ili ərzində keçiriləcək Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlərə start verilib. Bakı şəhəri 20 nömrəli məktəb-liseydə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən keçirilən təlimlərə ilk olaraq Bakı-Abşeron zonasını əhatə edən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 300 nəfərdən artıq  müəllim cəlb olunub. Təlimdə bildirilib ki, festivalın əsas məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə təmin etməkdən ibarətdir. Həmçinin festivala daxil olan “Ekoloji yönümlü və enerji effektli məktəb” və “Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri” haqqında iştirakçılara ətraflı məlumat verilib.   Ümumilikdə 9 zona üzrə keçirilməsi nəzərdə tutulan təlimlərin əsas məqsədi festivalda iştirak edən ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin iştirakçılarını bu tədbir haqqında maarifləndirməkdir. Növbəti təlimlərin yanvar ayının ortalarında Quba-Xaçmaz zonasını əhatə edən ümumtəhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin müəllimləri üçün keçirilməsi planlaşdırılır. Festivalda respublikanın bütün ümumi təhsil müəssisələri şagirdlərinin iştirakı nəzərdə tutulur.

Mühəndislik və robototexnika yarışı keçiriləcək

Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında 2018-2019-cu tədris ili üzrə “First Lego League (FLL) Azerbaijan” mühəndislik və robototexnika yarışı keçiriləcək.   Yarışın keçirilməsində məqsəd ümumtəhsil məktəblərinin şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq və hazırkı qlobal problemlərin elmi-texniki həllinə töhfə verməkdir. Yarışda iştirak etmək üçün ölkə üzrə 31 məktəbin komandası qeydiyyatdan keçib. Qeydiyyatdan keçən bütün komandalar yarışda iştirak qaydaları ilə bağlı təlimatlandırılıb. Komandalara yarışda iştirak üçün FLL dəstləri paylanılıb. Yarışın yerli turnir və mükafatlandırma mərasiminin cari ilin aprelin 6-da baş tutacağı planlaşdırılır. FLL 10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı robot texnologiyaları yarışıdır. Yarışda 6 nəfərdən ibarət komandalar iştirak edirlər. FLL şagirdləri real elm və texnologiya problemləri ilə qarşılaşdırır və onların həlli yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirir. Hər il dünyanın 88 ölkəsindən yarım milyon məktəblinin qatıldığı FLL yarışına Azərbaycan ilk dəfə 2017-2018-ci tədris ilində qoşulub. Yarışın yerli turnirində qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən beynəlxalq  yarışda uğurla təmsil edib. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsi nəticəsində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir.  Belə ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Məktəblərin informatika otaqlarına "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilib, məktəb müəllimləri təhsil robotlarının tədrisdə istifadəsi  üzrə xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərə cəlb olunub. Təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır. Qeyd edək ki, “First Lego League (FLL) Azerbaijan” mühəndislik və robototexnika yarışında iştirak etmək üçün qeydiyyat 2018-ci ilin oktyabrın 22-dən başlayıb və noyabrın 15-dək davam edib.

Mingəçevir və Salyanda məktəbdaxili qiymətləndirmə qaydaları ilə bağlı görüş

Mingəçevir şəhəri və Salyan rayonunda yerli təhsili idarəetmə orqanlarının və metodik kabinetlərin rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüş iştirakçılarına “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası”nın tətbiqi ilə bağlı ətraflı məlumat verilib. Təhsil Nazirliyinin əməkdaşları tərəfindən məktəbdaxili  qiymətləndirmə qaydalarında dəyişiklikləri  zəruri edən səbəblər izah edilib. Görüşdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Azərbaycanın qızıl beyinləri

Beynəlxalq olimpiadalara peşəkar və məsuliyyətli hazırlıq gedir   Əjdər Fərzullazadə hazırda X sinifdə təhsil alır. Ötən il dekabrın 10-da Botsvanada təşkil olunan yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadasında (İJSO) Azərbaycanı təmsil edən 6 şagirddən biridir. O və dostları dünyanın 48 ölkəsindən məktəblilərin iştirak etdiyi bu olimpiadada bilik və bacarıqlarını nümayiş etdirərək 5 bürünc medal qazanıblar. Dediyinə görə, hazırlıq mərkəzində məşğələlərə elə bu yarışa hazırlaşmaq məqsədi ilə qatılıb. 2018-2019-cu tədris ilindən, oktyabr ayının əvvəllərindən Beynəlxalq Elm Olimpiadasının hazırlıq prosesinə cəlb olunub. Bu məqsədlə öncə seçim turuna qatılıb və seçilən 35 şagirddən biri olub. Əjdər bir ay kimya, fizika və bilologiya üzrə əlavə hazırlıq keçib. Bir aylıq hazırlıqdan sonra daha bir seçimə qatılıb. Bu dəfə olimpiadaya gedəcək 6 şagirddən biri olub. Daha bir aylıq intensiv məşğələdən sonra olimpiadaya gediblər və 6 nəfərdən 5-i bu yarışdan bürünc medalla qayıdıb.   "Məşğələlərə qatılmadan hər hansı beynəlxalq yarışda fərqlənmək çətin olardı”   Beynəlxalq yarışda iştirak və oradan nəticə ilə qayıtmaq o qədər də asan məsələ deyil. Bir neçə gün çəkən olimpiadada 6 şagirdlə iştirak həftələrlə, aylarla çəkən uzun, çətin və intensiv hazırlıq prosesi tələb edir. Şagirdlər dərinləşdirilmiş proqram əsasında intensiv məşqlərə cəlb edilir və çox ciddi hazırlıq mərhələsindən keçirlər. Keçdiyi bu prosesi xatırladan Əjdərin fikrincə, beynəlxalq yarışdakı uğurunda hazırlıq mərkəzində keçdiyi məşğələlərin rolu çox böyükdür: "2018-ci ildə keçirilən Respublika Fənn Olimpiadasından və beynəlxalq yarışlara seçim imtahanlarından uğurla çıxdım. Amma Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təşkil edilən beynəlxalq olimpiadalara hazırlıq mərkəzində məşğələlərə qatılmadan hər hansı beynəlxalq yarışda fərqlənmək çətin olardı. Buradakı məşğələlərin fərqi həm də ondadır ki, şagirdlər də istedadlı və ayrı-ayrı fənlər üzrə xüsusi məşğul olan uşaqlardır. Belə ki, hər hansı məsələni uşaqlar öz aralarında da müzakirə edib müəyyən nəticəyə gələ bilirlər. Müəllimlərimiz isə həm olimpiada təcrübəsi olan, həm də bilikli insanlardır. Bizimlə işləmək onlar üçün çətin olmur”. Kimya fənni üzrə 1 həftədir intensiv məşqlərə başladıqlarını deyən Əjdər artıq növbəti beynəlxalq olimpiadanın - aprel ayında keçirilməsi nəzərdə tutulan Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının seçim mərhələsinə hazırlaşır. Yanvarın 26-da Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında iştirak edəcək şagirdləri müəyyənləşdirmək məqsədilə imtahan keçiriləcək. Əjdər deyir ki, bu seçmələrdən keçərsə, həmin yarışa göndəriləcək 4 və ya 6 nəfərdən biri olacaq.   "Bu hazırlıq mənə proqramlı işləməyi öyrətdi”   Yanvarın 26-sı Xanım Yaqublu üçün də həyəcanlı gün olacaq. Əjdər kimi yeniyetmələrin 15-ci Beynəlxalq Elm Olimpiadasından medalla ayrılan Xanım uğura gedən bu yolu necə keçdiyindən danışır: "Olimpiada öncəsi ciddi hazırlaşdıq. Bakı Mühəndislik Universitetində kimya-biologiyadan, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin laboratoriyasında isə fizika üzrə təcrübə keçdik. 4 gün ərzində olimpiadada verilə biləcək məsələlər üzərində çalışdıq. Bu, bizə müəyyən qədər olimpiada məsələsi həll etmə təcrübəsi qazandırdı”. Xanım deyir ki, olimpiadalara hazırlıq hər bir məktəblinin həyatında xüsusi rola malikdir. Bu, sadəcə, uğur qazanmaq və həmin uğur sayəsində ali məktəblərin qapılarının üzünə açılması deyil, həm də insanın özünün bəzi keyfiyyətlərinin inkişafı deməkdir: "İnsanın dünyagörüşü dəyişir. Hadisələrə fərqli yanaşır. Beynəlxalq olimpiadaya hazırlıq prosesində insan sürətli işləməyi və gündəlik işini proqramlaşdırmağı öyrənir. Bu hazırlıq mənə ən çox proqramlı işləməyi öyrətdi. Məsələn, elm yarışına hazırlıq məqsədilə bir aya 3 kitabı oxuyub bitirməli idik. Müəllim ən yaxşı kitabları seçib vermişdi. Adi vaxtlarda bir kitabı bir ilə ancaq oxuyuram. Ancaq verilən 3 kitabı bir ayda bitirdim. Üstəlik, heç bir işimi təxirə salmadan”.   Onları olimpiadalara kimlər hazırlaşdırır?   İstedadlı uşaqlarla işləmək o qədər də asan deyil. Üstəlik, həmin istedadlı şagird beynəlxalq yarışlara qatılacaqsa... Dünyanın ayrı-ayrı ölkələrindən ən istedadlı və hazırlıqlı şagirdlərlə birgə girdikləri bilik yarışından qalib çıxmaları üçün Azərbaycan məktəbliləri də düzgün istiqamətləndirilməli, müvafiq şərtləri ödəməlidirlər. Bunun üçün tələb olunan kadr ehtiyacı isə müxtəlif yollarla təmin edilir. İstər orta ümumtəhsil məktəblərində çalışan müəllimlər, istərsə də universitetlərin professor və müəllimlərindən bu prosesə cəlb edilənlər var. Təhsil İnstitutunun şöbə müdiri Fuad Qarayevin sözlərinə görə, bölgələrdəki məktəblərin şagirdləri fərqləndiyi kimi, müəllimlərdən də diqqəti çəkənlər var: "Məsələn, Neftçalanın Xilli kənd məktəbinin müəlliminin şagirdləri hər yarışda yer tutur. Neftçala, Gəncə, Xaçmaz rayonlarından olan 5-dən çox belə müəllim var ki, onlar qrant layihəsi çərçivəsində istedadlı uşaqları hazırlaşdırırlar”. Fuad Qarayev bildirir ki, uşaq hazırlaşdırdığı üçün Bakıya gələ bilməyən müəllimlər elə yerlərdəcə fənn müsabiqələrində fərqlənən şagirdlərin hazırlığına cəlb olunacaq. Ətraf rayonlardakı istedadlı uşaqların hazırlığı da həmin müəllimlərə yönləndiriləcək. Nəzərdə tutulub ki, Bakıda və rayonlarda xüsusi siniflər yaradılsın və istedadlı uşaqların yetişdirilməsində belə müəllimlərdən istifadə edilsin. Artıq bu istiqamətdə işlərə başlanılıb və 15-ə yaxın rayonda belə siniflərin təşkili reallaşıb.   Ali məktəb müəllimləri hazırlıq prosesinə həvəslə qatılırlar   Olimpiadalara hazırlıq prosesinə ali təhsil müəssisələrinin müəllimləri daha çox cəlb edilir. Məsələn, BDU-nun professoru Naqif Nəbiyev fizika, İqrar Nəzərov kimya, AMEA Botanika İnstitutunda çalışan Rəşad Səlimov, Xəzər Universitetinin professoru Nazim Kərimov riyaziyyat fənnindən hazırlıq prosesində fəal iştirak edirlər. Bu işdə keçmiş olimpiada qalibləri olan tələbələr də fəaldırlar. Yerli və beynəlxalq olimpiadaların qalibi və iştirakçısı olan gənclərin biliyindən bu istiqamətdə geniş istifadə olunur. Məsələn, Beynəlxalq Kimya Olimpiadasının qalibi, Moskva Dövlət Universitetinin aspirantı Milana Ağayeva, Beynəlxalq Riyaziyyat Olimpiadasının qalibi İsmət Ağayev, Beynəlxalq Riyaziyyat Olimpiadasının qalibi, ABŞ-ın Stenford Universitetinin PHD məzunu Cəfər Cəfərov, Beynəlxalq Fizika Olimpiadasının qalibi Şəmistan Lətifov, Latın Amerikasının ən böyük universiteti, Meksikada yerləşən UNOM Universitetinin professoru Mübariz Qarayev azərbaycanlı şagirdləri beynəlxalq olimpiadalara hazırlaşdıranlar arasındadır. Təcrübə göstərir ki, şagirdlərin olimpiadalara hazırlığında olimpiada yolu keçmiş şəxslərin iştirakı daha yaxşı nəticələr verir. Bu səbəbdən keçmiş olimpiada qaliblərini Bakıdakı hazırlıq mərkəzlərində görmək mümkündür. Elə bu gün də onlardan biri buradadır. Özü hələ tələbə olan bu şəxs - Koreya Qabaqcıl Elm və Texnologiya Universitetinin II kurs tələbəsi Mirəli Əhmədli olimpiadalarla VII sinifdən maraqlanmağa başlayıb: "VIII sinifdən beynəlxalq olimpiadalara hazırlaşmağa başladım. Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasına qatılaraq bürünc medal qazandım”. Mirəli qatılması mümkün olan bütün olimpiadalarda iştirak edib. Dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil almasında da əldə etdiyi bu nailiyyətlərin böyük rolu olub. Universitetdə qış semestri olduğundan 2 ay Bakıda qalacaq. Bu fürsətdən istifadə edərək burada uşaqlarla məşq keçəcək: "Ötən il də qış tətilimi burada keçirdim. Həm təcrübəmi, biliyimi uşaqlarla paylaşıram, həm də müəllim kimi məşğul olduğum müddətdə özüm də öyrənir, biliyimi yeniləyirəm. Hesab edirəm ki, bir neçə il əvvələ nisbətən indi bu sahə bir az da inkişaf edib. Olimpiadaya hazırlıq keçən müəllimlərin sayı artıb. İndi bir həftədə bir neçə müəllimlə sürətli hazırlıq keçmək və qısa müddətdə istəyinə nail olmaq mümkündür”.   Olimpiada tez və effektiv həllər öyrədir   İsmət Ağayev də tələbədir. O da olimpiadalara hazırlıq prosesində fəal iştirak edir. 695 balla Bakı Ali Neft Məktəbinə daxil olan İsmət artıq IV kurs tələbəsidir. Orta məktəb şagirdi olarkən respublika fənn olimpiadasında gümüş medal qazanıb. Sonra beynəlxalq yarışa qatılıb. Seçmə mərhələsində birinci yer tutan İsmət IX sinifdə oxuyarkən Türkiyədə keçirilən yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasına qatılmaq şansı qazanan 4 məktəblidən biri olub və gümüş medal qazanıb. Beynəlxalq yarışlarda gümüş və bürünc medallar, respublika fənn olimpiadalarında gümüş, qızıl medallar qazanaraq hətta "Birincilərin birincisi” nominasiyası üzrə də mükafatlandırılıb. O da beynəlxalq olimpiada təcrübəsinin həyatındakı rolunu çox yüksək qiymətləndirir: "Olimpiada bilikləri insana hər hansı problemi tez və effektiv şəkildə həll etməyi öyrədir. Olimpiada iştirakçısı və qalibi olanlar çıxış yolunu digərləri ilə müqayisədə daha tez tapırlar. Bu da olimpiadanın insana qazandırdığı ən qiymətli xüsusiyyətdir”. İsmət hazırlıq keçdiyi uşaqlarla bağlı daha yüksək fikirdədir: "Hələ yaşları az olduğundan elə də çox şey bilmirlər. İnanın ki, bu uşaqlar X-XI sinifdə artıq məndən çox biləcəklər. Bu uşaqların arasında istedadlı və çalışqan olanları çoxdur. Bizim X-XI sinifdə mənimsədiklərimizi onlar artıq VII sinifdən öyrənməyə başlayıblar. Dərs dediyim qrupda 7-ci sinif şagirdi olan Fidan Qarayevanın xüsusi istedadı var. Hamıdan balaca olsa da, imtahanda ən yaxşı nəticə göstərən 4-5 nəfərdən biri olub. İnanıram ki, növbəti imtahanda birinci olacaq”.   Olimpiadaçıların ən balacası   İsmət Ağayevin barəsində qürurla danışdığı kiçik qızla biz də tanış olduq. Meksikada anadan olan, VI sinfədək həmin ölkədə təhsil alan və olimpiadalara qatılaraq uğurlar qazanan Fidan Qarayeva ailəsinin Bakıya gəlişi ilə sadəcə yaşayış yerini yox, mühitini, dostlarını, hətta tədris dilini də dəyişib. Fidan Qarayeva Bakıda azərbaycanca təhsil alır. Fikrini bir az çətin ifadə etsə də, artıq Azərbaycan dilində imtahan verərək uğur qazanıb. Xətai rayonundakı 257 nömrəli tam orta məktəbdə təhsil alır. Fidan Bakıda seçim mərhələsində iştirak edib və olimpiadalara hazırlıq mərkəzində məşq keçmək hüququ qazanıb. Hazırda yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasına hazırlaşır. Mütəxəssislər hesab edirlər ki, beynəlxalq olimpiadalarda yaş bir çox hallarda önəm daşımır. Bir də görürsən, IX sinif şagirdi XI sinif şagirdindən daha yaxşı nəticə göstərir. Bu təcrübəyə əsaslanan müəllimləri VII sinif şagirdi Fidanın da tezliklə özündən böyüklərlə yarışdan qalib çıxacağına əmindirlər.   Xaricdən müəllimlər dəvət edilir   Yuxarı yaş qrupunda olan şagirdlərin hazırlığında daha yüksək nəticələrə nail olmaq üçün mütəmadi olaraq ayrı-ayrı ölkələrdə çalışan, olimpiadalara hazırlıq sahəsində təcrübəsi olan müəllimlər dəvət edilir. Hazırda Moskva Dövlət Universitetinin 2 müəllimi Bakıdadır. Milana Ağayeva Moskva Dövlət Universitetinin Bakı filialında həm bakalavr, həm də magistr təhsili alıb. Hazırda həmin universitetdə aspirantdır. Sumqayıtda 34 saylı orta məktəbi bitirən Milana Ağayeva X-XI siniflərdə oxuyarkən olimpiadalarda iştirak edib. 2012-ci ildə Qazaxıstanda keçirilən Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında bürünc medal qazanıb və bu, onun ən uğurlu beynəlxalq yarış təcrübəsi olub. 2013-cü ildən beynəlxalq olimpiadalarda elmi müşahidəçi kimi iştirak edir: "Hazırda fiziki kimyadan dərs deyirəm. Olimpiadada fiziki, üzvi, qeyri-üzvi kimyadan, analitik kimyadan və biokimyadan suallar salınır. Orta məktəb proqramında fiziki kimya, demək olar ki, yoxdur. Kimyanın bu bölməsi daha çox universitet proqramında tədris edilir. Ona görə də uşaqlarla əlavə hazırlıq keçmək mütləqdir”. Milana Ağayeva deyir ki, nəzəriyyəni uşaqlar özləri də öyrənə bilərlər, onlara məsələ işləmək, nəzəriyyədə öyrəndiklərini tətbiq etmək öyrədilməlidir. Çünki olimpiadada, demək olar ki, nəzəri suallar olmur. Milana Ağayeva yarışlara qatılan məktəblilərimizin hazırlıq prosesində ən yaxşı köməkçilərindəndir: "Olimpiadaya hazırlıq tam fərqlidir. Tutaq ki, Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında suallarla bağlı əvvəlcədən ehtimal yürütmək mümkün olmur. Bu yarışda istənilən mövzudan sual düşə bilər. Sualların hansı ağırlıq dərəcəsində olacağını təxmin edir və uşaqları da bu istiqamətdə hazırlayırıq”.   Olimpiadaçının öyrənmə yolu   Rəşad Məmmədov Bakı Mühəndislik Universitetində Kompüter mühəndisliyi ixtisası üzrə təhsil alıb. Ali məktəbdə təhsil alarkən beynəlxalq olimpiadalara qatılıb. Rəşad hazırlıq mərkəzində uşaqları Beynəlxalq İnformatika Olimpiadasına hazırlaşdırır: "Məncə, uşaqları olimpiadaya hazırlayan şəxs özü olimpiada yolu keçən biri olmalıdır. Olimpiada məsələləri normal məsələlərdən qat-qat çətinləşdirilmiş olur. Vaxt tələb edən, günlərlə fikirləşmək, analiz etmək lazım gələn məsələlərdir. Düşünürəm ki, olimpiadada adi bir müəllimin öhdəsindən gələ bilməyəcəyi məsələlər verilir. Beynəlxalq olimpiadaya hazırlaşan şagirdlər çətin məsələləri həll etməkdə məktəblərdə dərs keçən müəllimlərdən daha üstündürlər. Nəzəri biliklərdə geri qalsalar da, məsələ həllində şagirdlərin daha sürətli və effektli nəticə qazanacaqlarına əmin ola bilərsiniz. Çünki bu şagirdlərin təcrübəsi daha çoxdur. Olimpiadaya hazırlıqda istedad rol oynayır, amma çəkilən zəhmət və təcrübə daha önəmlidir”. Rəşadın dediklərini valideynlər də təsdiq edir. Məsələn, Ülviyyə Allahverdiyevanın qızı Fizika, riyaziyyat və informatika təmayüllü liseydə oxuyur. Bu tədris ilindən sınaq imtahanlarına qatılaraq hazırlıq mərkəzində məşqlərə başlayıb. Qızının məşğələdən çıxmasını gözləyən ana onun olimpiadalara hazırlıq mərkəzinə həvəslə gəldiyindən, verilən tapşırıqlar üzərində yorulmadan çalışdığından danışır. Xatirə Cəfərova da uşaqlarını gözləyən valideynlər arasındadır: "Qızım Mədinə Qənbərli riyaziyyatı da, riyaziyyat müəllimini də çox sevir. Uşaqlarımız Şəmsi müəllimə "Eynşteyn” deyirlər. Bilirsiniz ki, hazırlıq mərkəzində dərs proqramından fərqli proqram tətbiq edilir. Çətindir, amma uşaqlar üçün çox maraqlıdır. Uşaqlarımız çox həvəslə hazırlığa gəlirlər. Daim axtarışdadırlar”. Valideynlər olimpiadalara hazırlığın uşaqlarının gələcəyində mühüm rol oynayacağına şübhə etmirlər. Afət Babayeva VIII sinif şagirdi Nərgiz Əhmədovanın valideynidir. Deyir ki, bu vaxta qədər yaxşı təhsil axtarışında olub, bu məqsədlə daim məktəb dəyişiblər: "Bundan əvvəlki məktəb də keyfiyyətli təhsil verirdi. Ancaq Fizika, riyaziyyat və informatika təmayüllü lisey və burada hazırlıq mərkəzinin fəaliyyəti tam ürəyimizcədir. Qızım da təhsilindən, müəllimlərindən çox razıdır. Uşağımın potensialına inanıram və ona dəstək verirəm. Hazırda respublika fənn olimpiadasına hazırlaşır, bundan sonrakı uğurlarının daha böyük olacağını gözləyirəm”.   Son söz əvəzi... və ya sinerji effekti   Hazırlıq mərkəzlərində beynəlxalq olimpiadalara hazırlıq yalnız dəqiq fənlər üzrə aparılır. Olimpiadaçılar il ərzində 15-dən artıq beynəlxalq yarışa qatılırlar. Həmin olimpiadalara biletlərin alınmasını, şagirdlərin hazırlıq xərclərini Təhsil Nazirliyi qarşılayır. Şagirdlər beynəlxalq yarışlara qatılmaq üçün hər hansı ödəniş həyata keçirmirlər. Burada əsas fəlsəfə həm də olimpiadaya hazırlıq üçün sinerji effekti yaratmaqdır. Təhsil Nazirliyinin bilavasitə təşkilatçılığı ilə Fizika, Riyaziyyat, İnformatika təmayüllü liseydə olimpiada dərsləri keçmək üçün həm ölkəmizin müxtəlif bölgələrindən müəllimlər, həm də dünyanın müxtəlif yerlərində təhsil alan, dərs deyən istedadlı həmyerlilərimizin gücü səfərbər olunur.   “Azərbaycan” qəzeti

Təhsil naziri Neftçala şəhərində vətəndaşları qəbul edəcək

Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərinin nəzərinə!   Təhsil naziri Ceyhun Bayramov 18 yanvar 2019-cu il tarixində saat 11:00-da Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək. Qəbulda Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 9-15 yanvar 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Azərbaycanlı şagirdlər Beynəlxalq Jautıkov Olimpiadasında

Yanvarın 9-da Qazaxıstanın Almatı şəhərində 15-ci Beynəlxalq Jautıkov Olimpiadası (IZhO) öz işinə başlayacaq. Olimpiadada Azərbaycanı informatika fənni üzrə 4, riyaziyyat fənni üzrə 6, fizika fənni üzrə 4 iştirakçı və 2 rəhbər olmaqla 16 nəfərlik heyət təmsil edir. 15-ci Beynəlxalq Jautıkov Olimpiadası yanvarın 15-dək davam edəcək.

2019-2020-ci tədris ili üzrə Macarıstanda təqaüd proqramına ərizə qəbulu başa çatır

2019-2020-ci tədris ili üzrə Macarıstanda ali təhsil üçün təqaüd proqramı elan edilib. Təqaüd proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında imzalanmış “2018-2020-ci illər üzrə İş Proqramı”na əsasən həyata keçirilir. Təqaüd proqramına müraciət edəcək iddiaçılar yanvarın 15-dək Macarıstan tərəfinin, yanvarın 20-dək isə Azərbaycan tərəfinin müvafiq elektron ərizə sistemlərinə müraciətlərini tamamlamalı və təsdiq etməlidir: Macarıstan tərəfinin elektron ərizə sistemi: https://apply.stipendiumhungaricum.hu/ Azərbaycan tərəfinin elektron ərizə sistemi: https://www.app.htp.edu.az/ Müvafiq xarici dil sertifikatını sari ilin fevralın 5-dək əldə edəcək şəxslər də müraciətlərini eyni qaydada tamamlamalı və təsdiq etməlidirlər. Proqrama əsasən, tam bakalavriat və magistratura üzrə kənd təsərrüfatı, su idarəetməsi, təbiət elmləri, davamlı inkişaf, turizm, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, iqtisadiyyat, biznes və idarəetmə elmləri, doktorantura təhsili üzrə istənilən maraq dairəsi çərçivəsində təqaüdlər təklif olunur. Ayrılan kvota çərçivəsində təhsil ödənişsizdir. Universitet yataqxanasında yaşayış, tibbi sığorta, aylıq təqaüd Macarıstan tərəfindən qarşılanır. Macarıstan ali təhsil müəssisələrində kvota çərçivəsində təhsil alacaq tələbələrin ilkin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyi  tərəfindən aparıldıqdan sonra namizədlərin siyahısı yekun qərar verilməsi məqsədi ilə Macarıstan tərəfinə təqdim edilir. Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub. Hər iki elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın və müraciət etdikləri ali təhsil müəssisələrinin ümumi tələblərinə cavab verən namizədlər onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar. Təqaüd proqramına olan müraciət sayı və Təhsil Nazirliyinə edilən müraciətlər nəzərə alınaraq, müsahibə mərhələsinə buraxılmaq üçün tətbiq edilən seçim meyarlarında (texniki və digər sahələr üzrə ölkənin ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında toplanılmış bal tələbləri və xarici dil sertifikatı üzrə) bəzi dəyişikliklər edilib.   Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.   2019/2020-ci tədris ili üçün Macarıstanda təqaüd proqramı üzrə suallar və cavablar

21/02/2022

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şərait. #PeşəTəhsili #EduAz

Ətraflı
21/02/2022

#MİQ imtahanında 54 bal toplayaraq Sabunçu rayonu 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərən Vüsalə Hacalıyeva. #TəhsilNazirliyi #EduAz #TəhsilTV

Ətraflı
21/02/2022

19-20 fevral 2022-ci il tarixlərində İspaniyanın Fuenqirola şəhərində cüdo idman növü üzrə yeniyetmələr arasında açıq Avropa turniri keçirilib. 15 ölkə, 229 idmançının mübarizə apardığı beynəlxalq turnirdə Azərbaycan yığma komandası 5 qızıl, 3 gümüş, 7 bürünc medal qazanaraq komanda hesabında birinci yerə çıxıb. #TəhsilNazirliyi #EduAz #Məktəbdənkənar Ətraflı: https://bit.ly/3s60tFb

Ətraflı